Amerika faciəsi

Text
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Amerika faciəsi
Font:Smaller АаLarger Aa

TEODOR DRAYZER

AMERİKA FACİƏSİ

Roman

3-cü kitab

I FƏSİL

Kataraki mahalı, üçüncü mil buxtası adlanan kəndin civarından əlli mil şimala doğru, Kanada sərhəddinə qədər və şərqdəki Senaşeta ilə Hind göllərindən otuz mil eninə, Qayalıq və Skarf çaylarınadək uzanır. Bu sahənin böyük hissəsini qeyri-məskun meşələr və göllər təşkil edir, lakin müxtəlif səmtlərdə, Kunts, Qerass-Leyk, Şimali Uolles, Braun-Leyk kimi kəndlərə və qəsəbələrə də rast gəlmək mümkündür; mahalın bütün əhalisinin ən azı iki min nəfəri mərkəz şəhər olan Bricburqda yaşayır. Şəhərin mərkəzi meydançasında məhkəmə binası var. Bu, köhnə, lakin heç də yöndəmsiz görünməyən, bürcündə böyük saatı olan bir binadır, üzərində həmişə bir neçə göyərçin gözə çarpır; kiçik şəhərin dörd baş küçəsi bu meydana çıxır.

İyulun doqquzunda, cümə günü, Fred Xeyt adlı bir müstəntiq məhkəmə binasında öz kabinetində oturmuşdu, – bu, irigövdəli, genişçiyinli bir adam idi ki, artıq dən düşən saqqalına mormonların ağsaqqalı belə qibtə edə bilərdi – onun enli üzü, böyük əlləri və ayaqları vardı, bədəninin digər üzvləri də buna müvafiq ölçüdə idi.

Bizim hekayəmiz başladığı zaman, – yəni gündüz saat üçün yarısında, – Xeyt arvadının xahişi ilə yazıb gətirdiyi mallar siyahısını, poçta ilə şey göndərən maqazinin kataloqunu təmbəl bir halda vərəqləməklə məşğul idi. O, beş nəfərdən ibarət yeyib-içmək, geyinib-kecinmək tələb edən uşaqları üçün ayaqqabı, pencək, şapka, papaq və digər şeylərin qiymətini yoxlayarkən, gözləri, özünə bab gələn genişyaxalıqlı, enlikəmərli, iridüyməli, böyük bir qış paltosuna sataşdı, – və müstəntiq kədərli bir halda fikrə getdi; çünki ildə üç min dollar təşkil edən büdcəsini nəzərə aldıqda, o bu qış özünə belə bir palto almağı heç cür rəva görə bilməzdi, üstəlik, arvadı Ella da artıq üç il idi ki, xəz bir şuba almaq arzusu ilə yaşayırdı.

Lakin bu zaman telefon zəng vuraraq, müstəntiqi bu düşüncələrdən ayıltdı.

– Bəli, mister Xeyt qulaq asır… Kimdir? Biq Bitern gölü yanında yaşayan Uolles Ayxem? Yaxşı, mən sizi dinləyirəm, Uolles… necə? Gənc bir qızla, bir oğlan suda batıb boğulmuşdur? Yaxşı, bir dəqiqə gözləyin…

Bunu deyərək, o, dövlət fəaliyyətinə təzəcə başlayan və “müstəntiqin katibi” sifəti ilə maaş alan, diribaş bir gəncə tərəf döndü.

Məlumatları qeyd eləyin, Erl – sonra Xeyt yenə də telefonla danışmağa başladı: çox yaxşı, Uolles, indi faktları xəbər verin, – bəli, bütün təfsilatı ilə. Qadının meyidi tapılmışdır, ərinin meyidi isə hələ tapılmamışdır… Yaxşı… Qayıq, gölün cənub sahilində çevrilmişdir… yaxşı. Su üzərində astarsız həsir bir şlyapa qalmışdır?.. Yaxşı. Qızın cəhənglərində və gözlərinin yanında zərbə izləri vardır… Qızın paltosu və şlyapası mehmanxanada qalmışdır… yaxşı… paltonun cibində məktub vardır… adres kimə yazılmışdır? Maymiko mahalı, Vilts şəhəri, missis Oldenə? Yaxşı… ərinin meyidini hələ axtarırlar? – Yaxşı… hələlik axtarış heç bir nəticə verməmişdir?… Başa düşürəm… Çox yaxşı. İndi qulaq asın, görün, sizə nə deyirəm Uolles: paltoya və şlyapaya toxunmayın, qoyun əvvəlki yerində qalsın. Dayanın bir az fikirləşək… indi saat üçün yarısıdır. Mən saat dörd qatarı ilə oraya gəlirəm. Deyəsən, həmin qatarın qabağına mehmanxanadan avtobus göndərirlər? Çox yaxşı, mən elə həmin avtobusla gələrəm… Uolles, meyit tapılarkən, orada olan adamların hamısının adını yazarsınız. Necə? Suyun dərinliyi azı on səkkiz fut olar? – yaxşı… Qayığın avar yerində qızın vualı ilişib qalmışdır… yaxşı… Qəhvəyi rəngli vualdır… daha bir sözün yoxdur ki?… yaxşı… Göstəriş verin ki, hər şey nə cür tapılmışdırsa, elə o cür də öz yerində qalsın. Mən bu saat yola düşürəm. Bəli. Təşəkkür edirəm. Uolles… hələlik, xudahafiz.

Mister Xeyt telefonun dəstəyini ağır-ağir yerindən asdı, eyni ağır hərəkətlə qoz ağacından yonulmuş geniş kreslosundan ayağa qalxdı, sıx saqqalını tumarladı və katibi Erl Nyukoma baxdı. (Erl həm maşında yazan katib vəzifəsini görür, həm klerk vəzifəsini ifa edir, həm də bütün başqa işlərdə kara gəlirdi).

– Siz hamısını yazdınızmı, Erl?

– Bəli, ser.

– Elə isə paltonuzu və şlyapanızı götürün gedək. Biz saat dördə on dəqiqə işləyəndə hərəkət edən qatara çatmalıyıq. Qatarda, şahidləri çağırmaq üçün bir neçə vərəqlər doldura bilərsiniz. Hər ehtimala qarşı özünüzlə on beş – iyirmi dənə blank götürün: orada tapa biləcəyimiz bütün şahidlərin adını yazmaq lazım gələcəkdir. Sonra, xahiş edirəm, missis Xeytə zəng edib deyərsiniz ki, mən bu gün nahar etməyə macal tapmayacağam və çox güman ki, hətta axırıncı qatarla da qayıda bilməyəcəyəm. Ola bilər ki, biz sabaha qədər orada qalaq. Belə hallarda işin nə şəkil alacağını əvvəlcədən təyin etmək çətindir, – hər şeyə hazır olmaq lazımdır.

Xeyt, rütubətli, köhnə otağın küncündəki paltar şkafına yaxınlaşıb, oradan həsir şlyapasını götürdü. Şlyapanın aşağı əyilmiş enli qıraqları, müstəntiqin qəzəbli görünən, lakin əslində mehriban olan dəmbərə gözlü, sıxsaqqallı simasına nə isə nəcib bir ifadə verdi. Müstəntiq bu cür geyinib-kecindikdən sonra katibinə dedi:

– Mən bir dəqiqəliyə polis rəisinin yanına gedirəm, Erl. Siz isə “Respublikaçı” və “Demokrat” qəzetlərinə zəng edib, bu hadisə barəsində onlara xəbər verin: qoy qəzetlər elə güman etməsinlər ki, biz onlardan nə isə gizlədirik. Vağzalda görüşərik.

Bunu deyərək Xeyt ağır addımlarla otaqdan çıxdı.

Arıq və ucaboylu, on doqquz yaşlı, saçları pırtlaşıq, çox ciddi xasiyyətli, lakin bəzən huşsuz, fikri dağınıq bir gənc olan Erl Nyukom, dərhal məhkəmə çağırışı üçün bir dəstə blank götürüb, cibinə doldurmağa başladı və eyni zamanda telefon ilə missis Xeytə zəng etdi. Sonra qəzet redaksiyalarına zəng edərək Biq Bitern gölündə baş vermiş bədbəxt hadisəni xəbər verdi və göy lentli həsir şlyapanı götürüb (şlyapası başına iki dəfə böyük gəlirdi), aşağı yüyürdü, bu yerlərdə çox məşhur olan, qızğın təbiətli prokuror Orvil Meysonun kabinetinin qapısı ağzında, prokurorun yeganə stenoqrafçısı olan Zilla Saunderslə üz-üzə gəldi. Zilla, prokuror köməkçisinin dəftərxanasına getməyə hazırlaşırdı, lakin adətən çox ləng tərpənən mister Nyukomun hara isə tələsdiyini və çox qayğılı olduğunu görərək onu səslədi:

– Hello, Erl. Nə olmuşdur? Hara belə tələsirsiniz?

– Bədbəxt hadisə baş vermişdir. Biq Bitern gölündə iki nəfər batıb boğulmuşdur. Kim bilir, bəlkə məsələ daha ciddidir. Mister Xeyt ora gedir, mən də onunla bərabər gedirəm. Saat üç qatarına çatmalıyıq.

–Haradan bildiniz? Göldə batanlar bizim yerlilərdəndir?

– Hələ bilmirəm, ancaq, məncə yerli deyillər. Qızın cibində Maymiko mahalının Bilst şəhərinə, missis Oldenin adına yazılmış bir məktub tapılmışdır. Qayıtdıqdan sonra mən hamısını sizə danışaram, yaxud oradan sizə zəng edərəm.

– Ah, ilahi, əgər burada bir cinayət məsələsi varsa, mister Meysonu mütləq maraqlandıracaqdır.

– Əlbəttə, maraqlandıracaqdır. Mən telefon ilə ona zəng edəcəyəm və yaxud mister Xeyt özü zəng edəcəkdir. Əgər siz Bad Parkeri və ya Kerel Bedneli görsəniz. Onlara deyin ki, mən şəhərdən çıxıb getmişəm. Sonra Zilla, xahiş edirəm, anama zəng edib, onu da xəbərdar edərsiniz. Qorxuram, özüm zəng etməyə macal tapmayam.

– Narahat olmayın, zəng edərəm.

– Sağ olun!

Erl, rəisinin yeksənəq həyatını xələldar edən bu hadisə ilə son dərəcə maraqlanmış bir halda, pillələri iki-iki tullanaraq, şən və gümrah bir halda, mahal məhkəməsinin pilləkəni ilə üzü aşağı yüyürdü. Miss Saunders isə öz rəisinin, respublika partiyasının bu yaxınlarda çağıralacaq mahal konfransı ilə əlaqədar olan bir işdən ötəri hara isə çıxıb getdiyini və indi bu yeni xəbəri söyləmək üçün onun kabinetində heç kəsin olmadığını bildiyi üçün prokuror köməkçisinin dəftərxanasına yönəldi: o, göldə baş vermiş faciə haqqında öyrəndiklərini bu otaqda olanların hamısına nağıl edə bilərdi.

II F Ə S İ L

Müstəntiq Xeyt ilə köməkçisinin yığdıqları məlumat çox qəribə və təşviş doğuran bir xarakter daşıyırdı. Zahirən bu qədər xoşbəxt və sevimli görünən naməlum bir qızla oğlanın mindikləri qayıq yox olan günün səhərisi mehmanxana sahibinin təşəbbüsü ilə axtarış başlanmış və göldəki ada arxasında, yəni Ay buxtasında çevrilmiş qayıq, şlyapa və vual tapılmışdı. Dərhal mehmanxananın bütün xidmətçiləri, bələdçilər və bu iş üçün muzdla tutulan başqa adamlar göldə suya baş vuraraq, uclarında qarmaqlar olan uzun çəngəllərlə suyun dibini axtarmağa və batanların meyitlərini tapıb çıxartmağa çalışmışdılar. Bələdçi Sim Şup, mehmanxananın sahibi və qayıq stansiyasının icarəçisi, məhv olan qadının çox gənc və qəşəng olduğunu, onunla bərabər olan oğlanın isə – göründüyünə görə çox varlı bir gənc olduğunu danışırdılar, buna görə bu hadisə, buradakı beş-on nəfərdən ibarət sakinləri – odunçuları və mehmanxana xidmətçilərini – nəinki maraqlandırmış, eyni zamanda xeyli mütəəssir etmişdi. Üstəlik, hamı təəccüb edirdi ki, nə cür olmuşdur ki, bu cür küləksiz, gözəl bir gündə belə qəribə, bədbəxt bir hadisə baş vermişdir.

Lakin günorta vaxtı, az sürən bir axtarışdan sonra çəngəllə işləyənlərdən – Con Pol adlı bir odunçu, – qarmağını qızın paltarına ilişdirərək, Robertanın cəsədini sudan çıxartdıqda, ümumi həyəcan daha da ardı – qızın ağzının və burnunun yanında, sağ gözünün üstündə və altında açıq-aydın bir şəkildə zədəli yerlər görünürdü və bu hal, buraya yığılanların hamısında dərhal bir şübhə doğurdu. Qayıqda oturmuş Co Rayner ilə bərabər cəsədi sudan dartıb çıxardan Con Pol, qızın üzünə baxıb səsləndi:

Ax, yazıq qız! Qu kimi yüngüldür. Heç başa düşə bilmirəm ki, nə cür olub ki, o batıb boğulmuşdur.

O, qayığın kənarından aşağı əyildi və qüvvətli əlləri ilə Robertanın belindən tutaraq, qızın yaş və hərəkətsiz meyidini qayığa çəkdi, bu zaman onun yoldaşları başqa qayıqlara işarə verdilər və onlar hamısı sürətlə, meyit tapılan yerə hərəkət etdilər.

Con, qızın suda dolaşıq düşüb, üzünü örtmüş şabalıdı rəngli gur saçlarını kənara ataraq, əlavə etdi:

 

Oho, deyəsən, məsələ başqa cürdür! Bir bax, Co! Elə bil yazıq qızı nə iləsə vurublar. Bir yaxşı bax!

Bir az sonra qayıqlarda üzüb gələn bütün odunçular və mehmanxana sakinləri Robertanın üzündəki qançırları diqqətlə gözdən keçirməyə başladılar. Sonra qızın meyidi şimala tərəf, qayıq stansiyasına aparıldıqda və qızla bərabər olan adamın meyidini tapmaq üçün göldə təzədən axtarış başlandıqda, hər kəs öz rəyini deməyə başladı: “Burada nə isə bir iş var… Qızın üzündəki o qançır yerlər… ümumiyyətlə… nə cür olmuşdur ki, belə sakit bir havada qayıq çevrilmişdir?”, “Bu saat yoxlayarıq görək, gölün dibində başqa bir meyit də varmı…” Lakin saatlarla davam edən axtarış bir nəticə vermədikdə, hamı qəti olaraq bu qərara gəldi ki, çox güman ki, gölün dibində kişinin meyidi yoxdur və heç olmamışdır – bu, dəhşətli və həyəcanoyadan bir fikir idi…

Bundan sonra, Klayd ilə Robertanı stansiyadan gətirən bələdçi ilə, Biq Bitern və Qrass gölləri sahilindəki mehmanxana sahiblərinin arasında baş verən danışıqda aşağıdakı şeylər müəyyən edildi: 1) suda boğulan qız öz çamadanını Qan-Lodj stansıyasında saxlanmağa vermişdir, halbuki onunla bərabər olan Kliford Qolden adlı gənc çamadanını özü ilə bərabər götürmüşdür; 2) əvvəlcə Qrass gölü sahilindəki mehmanxanada, sonra isə Biq Biterndəki mehmanxanada dəftərlərlə qeyd edilmiş familiyalar arasında şübhə oyadan bir ziddiyyət vardı: mehmanxanaların birində qeyd dəftərində – Karl Qrexem yazılmış, o birisində isə Kliford Qolden qeyd edilmişdi, halbuki zahiri görkəmi nəzərə alındıqda (hər iki mehmanxana sahibi ətraflı müzakirədən sonra bunu lap yəqin etmişdilər), şübhə yeri qalmırdı ki, bu eyni biradam olmuşdur; 3) özünü Kliford Qolden, yaxud Karl Qrexem adlandıran o adam həmin gün onu Biq Bitern gölü sahilinə aparan bələdçidən, göldə çox adam olub-olmadığını soruşmuşdur. Bundan sonra indiyədək tutqun olan şübhələr, qəti bir inam hissi ilə əvəz olundu: burada nə isə bir cinayət baş vermişdi. Artıq buna heç bir şübhə yox idi.

Buraya gəlib çıxan müstəntiq Xeytə dərhal xəbər vermişdilər ki, şimal meşələrinin sakinləri çox həyəcana gəlmişlər və şübhələrində haqlı olduqlarına əmindirlər. Onlar belə güman edirlər ki, Klifordun və yaxud Qrexemin meyidi heç vaxt gölün dibində olmamışdır. Xeyt özü də qayıq stansiyasının yanındakı kiçik bir evdə ehtiyatla taxtın üstünə qoyulmuş naməlum qızın meyidini diqqətlə gözdən keçirərək, onun gənc və gözəl olduğunu gördükdə, nəinki bu qızın zahiri görkəmindən, eyni zamanda şübhə ilə dolu olan bütün bu mühitdən qəribə bir həyəcana gəldi. Hələ bu azdır. Mehmanxana kontoruna yığılaraq Robertanın paltosunun cibində tapımış məktubu oxuduqda, o, qəti olaraq ən qara şübhələrə meyl etməyə başladı, çünki məktubda yazılmışdı:

“Qrass gölü, Nyu-York ştatı, 8iyul.

Anacan, əzizim!

Biz indi buradayıq və nikahlanmağa hazırlaşırıq, lakin mən bunu təkcə sənə yazıram. Xahiş edirəm bu məktubu atama və ümumiyyətlə heç kəsə göstərməyəsən, çünki bu məsələ hələlik gizlin qalmalıdır. Milad bayramında mən sənə bu barədə danışmışdım, ona görə indi nigaran qalma, heç bir şey soruşma və mənim barəmdə heç kimə heç bir söz demə. Yalnız bunu deyə bilərsən ki, məndən məktub almışsan və mənim harada olduğumu bilirsən. Qorxma, hər şey yaxşı olacaqdır. Anacan, səni qucaqlayıb hər iki yanağından bərk-bərk öpürəm. Nigaran qalma və atamı inandırmağa çalış ki, hər şey öz qaydasındadır, ancaq nə ona, nə Toma, nə də Qiforda bu barədə heç bir şey demə, yaxşımı? Səni dönə-dönə öpürəm.

Səni sevən Berta.

P.S. Bunlar hamısı hələlik, məxfidir və bu məsələ bizim aramızda gizli qalmalıdır, bir az sonra isə mən sənə məktub yazıb xəbər verəcəyəm ki, artıq bu məsələ gizli deyildir”.

Kağızın yuxarı küncündə, konvertin üstündə olduğu kimi möhür vardı: “Qrass gölü” mehmanxanası, Nyu-York ştatı, mehmanxana sahibi – Cek, Evans”. Görünür, bu məktub, onlar mister və missis Qrexem adı ilə qeyd olunub, gecəni bu mehmanxanada keçirdikdən sonra, səhər yazılmışdı.

Ah, bu gənc qızların yelbeyinliyi!

Məktubdan aydın görünürdü ki, onlar bu mehmanxanaya ər-arvad kimi gəlmişdilər, lakin evli deyilmişlər. Bu məktubu oxuyarkən mister Xeytin tükləri ürpəşdi, çünki onun özünün də qızları var idi və o, qızlarını coşqun bir məhəbbətlə sevirdi. Lakin bu zaman onun ağlına başqa bir fikir gəldi. Onların mahalında seçkilərin vaxtına az qalmışdır; noyabr ayında, üç il müddətinə müstəntiq də daxil olmaq üzrə, bütün yerli hakimiyyət orqanları təzədən seçilməli idi, bundan başqa, mahal məhkəməsi sədri də bu il seçiləcəkdi. (mahal məhkəməsi sədrinin vəkalət müddəti altı ildir). Avqust ayında, yəni təxminən ay yarım sonra respublika və demokratiya partiyalarının dərhal konfransları çağırılmalıdır, bu konfranslarda müvafiq namizədlər irəli sürüləcəkdir. Hazırki prokuror isə iki seçki müddətindən bəri eyni vəzifəni daşıdığı üçün, indi mahal hakimi mövqeyindən başqa, özgə bir vəzifəyə seciləcəyinə bel bağlaya bilməzdi. O, bu vəzifədə bu qədər qalmasına, yalnız özünün bir əyalət siyasi natiqi istedadına malik olması sayəsində deyil, eyni zamanda, yüksək məhkəmə məmuru kimi öz dostlarına müxtəlif xidmətlər göstərdiyinə görə nail olmuşdu. Lakin indi onun bəxti gətirməsə, namizədliyi irəli sürülməsə və beləliklə də, mahal məhkəməsinin hakimi vəzifəsinə seçilməsə, onun siyasi karyerasına artıq son qoyulacaqdır. Bəla burasında idi ki, onun prokuror olduğu müddət ərzində, bir dəfə də olsun böyük, maraqlı bir məhkəmə işinə baxılmamışdı ki, bu onun şöhrət qazanmasına kömək etmiş olaydı və bununla da, gələcəkdə də seçicilərinin hörmətinə və etimadına bel bağlamağa ona haqq verə idi. Lakin indi…

Uzağı görən fərasətli müstəntiq belə düşünürdü ki, Biq Bitern gölündəki hadisə bütün əhalinin diqqətini və simpatiyasını indiki prokurora, yəni Xeytin ən yaxın və xeyirli dostu olan bu adama cəlb etmək üçün son dərəcədə əlverişli bir iş ola bilər. Bu hadisə, prokurorun nüfuzunun və hörmətinin artmasına kömək edərək, bununla da, onun mənsub olduğu partiyanın irəli sürdüyü namizədlər siyahısı üçün yaxşı şərait yarada bilərdi və beləliklə də, gələcək seçkilərdə onlar hamısı təzədən seçilə bilərdilər. Hazırki prokuror nəinki öz namizədliyinin irəli sürülməsinə, hətta noyabr ayında altı il müddətinə məhkəmə hakimi vəzifəsinə seçilməsinə nail ola bilərdi. Siyasi həyatda bundan daha qəribə şeylər az olmamışdır…

Buna görə Xeyt tapılan məktub haqqında heç bir suala cavab verməməyi qərara aldı, çünki bu məktub, əgər doğrudan da bir cinayət işlənmişdirsə, bu cinayətin müqəssirini tez tapmağa kömək edəcəkdi və hazırki siyasi vəziyyətdə, bu sirrin açılması ilə əlaqədar olan hər bir adama şöhrət və hörmət qazandıra bilərdi.

Müstəntiq, eyni zamanda, Erl Nyukoma və Roberta ilə Klaydı stansiyadan Biq Bitern gölünə gətirmiş bələdçiyə əmr etdi ki, onlar Qan-Lodj stansiyasına gedib desinlər ki, oradakı çamadan, Xeytdən və yaxud prokurorun nümayəndəsindən başqa heç kəsə verilməməlidir. Sonra o, artıq telefon vasitəsi ilə Bilts şəhərinə zəng edib, doğrudan da orada qızı Berta və yaxud Alberta ilə yaşayan Oldenlər ailəsinin olub-olmadığını yoxlamaq istəyirdi ki, bu zaman (ona elə gəldi ki, sanki qəza və qədərin hökmü ilə) ona mane oldular: yerli ovçulardan iki kişi ilə bir oğlan uşağı, – artıq göldə baş vermiş faciədən xəbər tutmuş bir dəstə adamla bərabər, demək olar ki, bir-birini itələyərək, onun otağına doluşdular. Onlar çox böyük əhəmiyyətə malik olan bir məlumatla gəldiklərini dedilər və tez-tez bir-birilərinin sözünü kəsərək, bir-birini islah edərək nağıl etməyə başladılar ki, Roberta suda batıb boğulan günü axşam saat beşdə, onlar gölün yaxınlığında ov eləmək və göldə balıq tutmaq məqsədi ilə üçüncü mil Buxtasından (Biq Biterndən on iki mil cənuba doğru) yola çıxmışdılar. İndi ovçular hamısı bir səslə deyirdilər ki, həmin axşam təxminən saat doqquzda, Biq Bitern gölünün cənub sahilinə yaxınlaşdıqda – bəlkə də gölün cənub sahilinə üç milə qədər qaldıqda, onlar Biq Bitern mehmanxanasından üçüncü mil Buxtasına gedən cavan bir oğlana rast gəlmiş və onu turist zənn etmişdilər. O gənc çox yaxşı və şıq geyinmişdi. Buna görə heç yerli sakinlərə oxşamırdı. Onun başında həsir şlyapa, əlində isə çamadan var idi. Bu gəncin piyada getməsi, üstəlik, belə gec yola çıxması, hələ o vaxt ovçuları heyrətə salmışdı, çunki o, səhər qatara minib bir saat sonra üçüncü mil Buxtasına çata bilərdi. Bir də, axı, nə üçün o gənc, ovçulara rast gəldikdə o cür qorxmuşdu, onların dediyinə görə, həmin gənc meşədə onlara rast gələrkən, qorxub kənara sıçramış və hətta bir dəhşət içərisində qaçmaq istəmişdi. Doğrudur, aylı bir gecə olduğu üçün, onlardan biri əlindəki fənərin fitilini aşağı çəkmişdi və özləri də, hər cür meşə heyvanlarını pusmağa adət etmiş adamlar kimi çox yavaş və ehtiyatlı addımlarla gedirdilər. Lakin axı, bu yerlər tamamilə təhlükəsiz yerlərdir və buradakı adamların hamısı onlar kimi namuslu vətəndaşdırlar, buna görə də, həmin gəncin kolluqda gizlənmək istəyirmiş kimi, kənara sıçraması üçün heç bir səbəb yox idi, amma sonra, Bad Bryuninq adlı oğlan əlindəki fənərin işığını artırdıqda, yol ötən gənc, deyəsən, özünə gəlmiş, onların salamına cavab vermiş və üçüncü mil Buxtasına hələ çox qalıb-qalmadığını soruşmuşdu. Ovçular oraya yeddi mil qaldığını demişdilər, bundan sonra gənc ötüb getmişdi, onlar isə öz aralarında bu təsadüfdən danışaraq, yollarına davam etmişdilər.

İndi bu gəncin üzünün cizgiləri, Klaydı həmin gün Qan Lodj stansiyasından gətirən bələdçinin söylədiklərinə, həmçinin, Biq Bitern gölü ilə Qrass gölü sahilindəki mehmanxana sahiblərinin dediklərinə və təsvir etdiklərinə tamamilə düz gəldiyi üçün, onun, suda boğulan naməlum qızla bərabər qayığa minib gəzməyə çıxan həmin adam olduğu tamamilə aydınlaşdı.

Erl Nyukom dərhal, telefon vastəsilə üçüncü mil Buxtasındakı yeganə mehmanxana sahibindən, təsadüfən həmin sirli adamın orada qalıb-qalmadığını soruşmaq üçün öz rəisindən icazə istədi. Məlum oldu ki, orada belə bir adam qalmamışdır. Deyəsən, bu üç nəfər ovçudan başqa o adamı heç kəs heç bir yerdə görməmişdi. Elə bil o, yox olub, göyə çəkilmişdi, amma digər tərəfdən həmin gün axşam müəyyən edildi ki, haman gəncə oxşayan, əlində çamadan olan, lakin başına həsir şlyapa yox, kepka qoymuş cavan bir oğlanı meşədəki təsadüfün səhərisi günü, Şeyronda görən olub; o, üçüncü mil buxtası ilə Şeyron arasında işləyən – “Qu Quşu” adlı kiçik bir göl paroxoduna minmişdir. Bundan sonra onun izi yenə də yoxa çıxmışdı. Hələlik, Şeyronda heç kəs belə adamın ora gəldiyini və yaxud çıxıb getdiyini xatırlaya bilmirdi. Hətta kapitan belə, sonralar şəhadət verdiyi kimi, bu adamın paroxoddan nə vaxt düşdüyünü görə bilməmişdi: həmin gün paroxodda on beşə qədər sərnişin var imiş və kapitan onlardan heç birinin adını yaxşı yadında saxlaya bilməmişdi.

Bununla belə, Biq Bitern sakinlərinin hamısı yavaş-yavaş qəti bir əqidəyə gəldilər ki, o yaramaz kim olursa-olsun, ən qəddar və soyuqqanlı bir canidir! Buna görə hamı onun ələ keçməsini və həbs edilməsini səbirsizliklə arzu edirdi. Alçaq! Qatil! Dərhal həm ağızdan-ağıza, həm telefonla, həm teleqraflarla və hətta Olbenidə çıxan “Arqus” ilə “Tayms Yunion”, həmçinin Likurqda çıxan “Star” kimi yerli qəzetlərə qədər, göldə baş vermiş həyəcanlı faciənin xəbəri hər yerə yayıldı. Bu xəbəri yayanlar deyirdilər ki, çox mümkündür ki, bu faciə dəhşətli bir cinayətlə əlaqədardır.

III F Ə S İ L

Müstəntiq Xeyt öz vəzifəsini yerinə yetirdikdən sonra geri qayıdarkən, bundan sonra nə cür hərəkət edəcəyini düşünürdü. Bu ağır işdə onun atacağı yeni addım, görəcəyi yeni tədbir nədən ibarət olmalı idi? Yola düşməmişdən əvvəl o bir daha Robertaya baxdı və həqiqətən dərin bir həyəcan duyub, mütəəssir oldu: bu qiz nə qədər gənc, məsum və gözəl görünürdü. Sadə, göy rəngli paltarının ağır və yaş qırçınları onun bədəninə yapışmışdı, balaca əlləri sinəsində çaprazlaşmışdı, iyirmi dörd saatdan artıq suda qaldıqdan sonra hələ də qurumamış qızılı-şabalıd rəngli saçları, onun vaxtilə canlı və ehtiraslı bir məxluq olduğunu təlqin etməkdə idi və bütün bunlar sanki cinayətdən çox uzaq olan yumşaq bir məlahətdən xəbər verirdi.

Lakin şübhəsiz ki, çox kədərli olan bu işdə şəxsən müstəntiqə aid başqa bir cəhət də var idi. O, Bilts şəhərinə gedərək, missis Oldenə yazılmış məktubu və qızının ölümü haqqında dəhşətli xəbəri o qadına bildirməli idimi və eyni zamanda, ondan qızı ilə gəzən adamın kim olduğunu, harada yaşadığını soruşmalı idimi, yaxud əvvəlcə Bricburqa, prokuror Meysonun yanına getməli və baş verən hadisəni bütün təfsilatı ilə danışmalı idi ki, bu centlmen, yəqin ki, hörmətli olan o ailəyə bu sarsıdıcı zərbəni endirmək kimi kədərli bir vəzifəni öz üzərinə götürəydi? Hər halda bu işdə siyasi vəziyyəti nəzərə almaq lazım idi. Doğrudur, o özü müstəqil hərəkət edərək, bu işdə şöhrət qazana bilərdi, lakin partiyanın ümumi vəziyyətini nəzərə almaq lazım idi: şübhəsiz, partiya sahibinin başında qüvvətli bir adam durmalı və payızda keçiriləcək seçkilərdə bu siyahını möhkəmlətməli idi, göldə baş verən faciə isə bu məqsəd üçün parlaq imkan yaratmışdı. Deməli, ikinci variant daha aqil bir hərəkət idi: Xeytin dostu prokuror üçün – bu məsələ çox əlverişli bir fürsət idi! Xeyt bu fikirlərlə Bricburq şəhərinə gəldi və üzündə təntənəli bir ifadə ilə, prokuror Orvil Meysonun kabinetinə daxil oldu, prokuror isə müstəntiqin bu cür gəlişindən nə isə mühüm bir hadisə baş verdiyini duyaraq, dərhal özünü yığışdırıb, diqqətlə qulaq asmağa hazırlaşdı.

 

Meyson qısaboylu, enlikürəkli və cismən çox qüvvətli bir adam idi; lakin cavanlığında, bədbəxtlikdən burnunu bərk əzmişdi və bu, onun xoş ifadəli və hətta qəşəng üzünü xarab etmiş, simasına tutqun, demək olar ki, uğursuz bir ifadə vermişdi. Lakin Meyson heç də qaraqabaq, tutqun bir şəxsiyyət deyildi, bəlkə bundan daha artıq həssas və romantik bir adam idi. Uşaqlıqda o, ehtiyac və zəlalətin nə olduğunu hiss etmişdi, buna görə sonralar, xoşbəxt yaşadığı illərdə, həyatı yaxşı keçən adamları taleyin ərköyün övladları hesab edirdi. Kasıb bir fermerin dul qalmış arvadı olan anası, böyük çətinliklə dolanırdı. Ona görə Meyson hələ on iki yaşa çatmamış anasına kömək etmək üçün, demək olar ki, bütün uşaq oyunlarından və sevinclərindən imtina etməli olmuşdu. On dörd yaşında ikən ayaq xizəyi ilə sürüşərkən, o, yerə yıxılmış və burnunu əzmişdi ki, bu həmişəlik olaraq onun üzünü eybəcər bir hala salmışdı. Buna görə gənclik illərində qızlar üstündə gedən rəqabətlərdə o həmişə məğlub olurdu: qızların diqqətini cəlb etmək üçün çırpındığına baxmayaraq, qızlar həmişə ona yox, başqalarına meyil göstərirdilər, – bunun nəticəsində o, yavaş-yavaş öz eybəcərliyinə qarşı son dərəcə həssas olmuşdu. Bu, nəhayət, freydistlərin adətən psixoloji seksual sarsıntı adlandırdıqları bir hal ilə nəticələndi.

Lakin o, on yeddi yaşında ikən, ”Respublikaçı” adlı Bricburq qəzeti naşirinin simpatiyasını qazana bildi və bu qəzetin daimi müxbiri oldu. Sonralar onun Kataraki mahalı həyatından yazdığı məqalələr, Olbenidə çıxan “Tayms-Yunion” və Utikada çıxan “Star” kimi qəzetlərdə dərc olunurdu və on doqquz yaşında ikən, o artıq Bricburqun keçmiş məhkəmə sədri Devis Riçoferin kontorunda hüquqşünaslıq elmini öyrənməyə imkan əldə etmişdi. Bir neçə il sonra isə o, vəkil olmaq hüququ əldə etdi, beləliklə o, yerli siyasətçilərdən və kommersantlardan bəzilərinin hörmətini qazandı və bu adamlar onu ştatın qanunverici məclisinin aşağı palatasına keçirməyə müvəffəq oldular; burada o tam altı il iclaslarda iştirak etmiş və yuxarıdakıların əmr etdiyi kimi hərəkət etməyə həmişə hazır olması ilə, öz təvazökarlığı, uzaqgörənliyi və şöhrətpərəstliyi sayəsində paytaxt ağalarının rəğbətini qazanmışdı və eyni zamanda doğma şəhərindəki hamilərinin də hörmətini də qazanıb hifz edib saxlaya bilmişdi. O, bir qədər natiqlik istedadına malik idi, buna görə Bricburq şəhərinə qayıtdıqdan sonra, əvvəlcə prokuror köməkçisi vəzifəsinə təyin edilmiş, dörd il keçdikdən sonra isə auditor seçilmiş və nəhayət, dalbadal, iki dəfə, dörd il müddətinə prokuror vəzifəsinə seçilmişdi. Cəmiyyətdə belə yüksək bir mövqe tutduqdan sonra, o, varlı bir adam olan yerli aptekçinin qızı ilə evlənə bilmişdi və iki uşağın atası olmuşdu.

Miss Saundres Biq Bitern gölündə baş verən hadisə haqqında nə eşitmişdisə, hamısını artıq Meysona danışmışdı və Meyson da müstəntiq Xeyt kimi dərhal başa düşmüşdü ki, bu cinayətlə əlaqədar olaraq qalxacaq səs-küy onun üçün çox əlverişlidir. Bu hadisə onun sarsılmış siyasi nüfuzunu möhkəmlətməyə imkan yaradacaq və hətta, yəqin ki, bütün gələcəyinin məsələsini həll edəcəkdir. Hər halda, prokuror bu məsələ ilə son dərəcə maraqlanmışdı. İndi Xeyti görərkən, bu məsələ ilə çox maraqlandığını gizlətmədi.

Hə, işlər necədir, polkovnik Xeyt?

Mən elə bu saat Biq Bitern gölündən gəlirəm, Orvil. Mənə elə gəlir ki, sizin üçün elə bir iş tapmışam ki, vaxtınızı bir az bu işə sərf etməli olacaqsızınız.

Lakin Xeytin iri, dəmbərə gözləri, heç bir şey ifadə etməyən bu müqəddimədən daha mühüm şeylər söyləməkdə idi.

– Siz göldə baş verən bədbəxt hadisənimi nəzərdə tutursunuz?

– Bəli, Ser, elədir ki, var.

– Burada nə isə bir cinayət işləndiyini düşünmək üçün, sizin əlinizdə əsas vardırmı?

– Bilirsinizmi, Orvil, mən bunun qətl olduğuna heç şübhə etmirəm. – Xeytin tutqun gözləri işıldadı –Əlbəttə, hər şeydən əvvəl ehtiyatlı olmaq lazımdır və hələlik bu fikir öz aramızda qalmalıdır. Doğrudur, mən hələ oğlanın meyidinin gölün dibindən tapılıb çıxarılmayacağına tamamilə əmin deyiləm. Lakin bunlar hamısı, məncə, çox şübhəlidir, Orvil, dünən və bu gün azı on beş adam, uzun qarmaqlarla gölün cənub hissəsini axtarmışlar. Mən bir neçə nəfərə müxtəlif yerlərdə suyun dərinliyini ölçməyini tapşırmışdım, – gölün dərinliyi heç bir yerdə iyirmi beş futdan artıq deyildir. Amma bu vaxta qədər o adamdan heç bir əsər tapılmamışdır. Qızı isə dünən saat birdə tapıb çıxarıblar, onun meyidini o qədər də çox axtarmaq lazım gəlməyib. Özü də, o çox gözəl qızdır. Orvil, lap gəncdir, ona on səkkiz, iyirmi yaşdan artıq vermək olmaz. Lakin işdə şübhə doğuran bir neçə məsələ vardır ki, mən bunlara əsaslanaraq güman edirəm ki, göldə, qızla gəzən gəncin meyidi yoxdur. Doğrusunu desəm, mən yırtıcı bir cinayətə bu qədər oxşarı olan heç bir başqa hadisəyə rast gəlməmişəm.

Xeyt bunu deyərək, çox köhnə və əzik pencəyinin sağ cibini axtarmağa başladı və nəhayət, oradan Robertanın məktubunu çıxartdı; o, məktubu dostuna uzadaraq, stullardan birini çəkib oturdu, prokuror isə məktubu oxumağa başladı.

–Elədir, – deyə Meyson, məktubu oxuyub qurtardıqdan sonra təsdiq etdi. – Çox şübhəli işdir. Demək, o adam hələ də tapılmamışdır… Bəs bu qadını necə, görmüsünüzmü? O qadın, bu məsələ barəsində nə bilir?

–Yox, Orvil, o qadını mən hələ görməmişəm, – deyə Xeyt ağır-ağır və fikirli bir halda cavab verdi, özü də nə üçün görmədiyimi bu saat sizə deyərəm. Mən hələ dünən bu qərara gəldim ki, yaxşısı budur, əvvəlcə bu barədə sizinlə məsləhətləşim və yalnız bundan sonra bu işlə məşğul olmağa, bir tədbir tökməyə başlayım. Siz özünüz indi siyasi vəziyyətin nə halda olduğunu bilirsiniz. Əgər belə bir işi məharətlə başa çatdırmaq mümkün olsa, bu payız əfkari-ümumiyyəyə xeyli təsir göstərmək olar. Mən, əlbəttə, siyasəti belə bir cinayətlə qarışdırmaq fikrində deyiləm, amma yenə də nə üçün biz bu işi elə aparmayaq, elə başa çatdırmayaq ki, sonra o, bizim göstərdiyimiz bir xidmət kimi qeyd olunmasın? Buna görə də mən əvvəlcə sizinlə danışmağı qərara aldım. Əlbəttə əgər istəsəniz mən o qadının yanına gedə bilərəm. Ancaq məncə, siz özünüz ora getsəniz və o gəncin kim və nəçi olduğunu aydınlaşdırsanız, daha yaxşı olar. Əgər belə bir işi başa çatdıra bilsək, bu məsələnin siyasi nöqteyi nəzərdən nə demək oluğunu siz özünüz məndən yaxşı bilirsiniz. Mən isə bilirəm ki, siz belə bir işin öhdəsindən gələ bilərsiniz, Orvil.

– Təşəkkür edirəm, Fred, təşəkkür edirəm, – deyə Meyson çəpəki bir nəzərlə dostuna baxaraq və əlindəki məktubla stolu döyəcləyərək, təntənəli bir surətdə cavab verdi.-Mənim haqqımda belə bir rəydə olduğunuz üçün sizə ürəkdən minnətdaram. Məncə, siz ən doğru bir yol seçibsiniz. Sizdən başqa bu məktubu görən olmadığına əminsinizmi?

– Yalnız konverti görən olmuşdur. Həm də onu bircə nəfər, mehmanxananın sahibi mister Xabbard görmüşdür. O mənə dedi ki, məktubu qızın paltosunun cibindən tapmışdır və mən gələnə qədər, məktubun yoxa çıxmasından və yaxud açılıb oxunmasından qorxaraq, götürüb gizlətmişdir. Onun dediyinə görə bədbəxt hadisə haqqında xəbər tutan kimi, dərhal burada bir iş olduğunu duymuşdur. Onun dediyinə gprə, cavan oğlan çox əsəbiləşirmiş və özünü çox qəribə aparırmış.