Mart xoruzu

Text
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Font:Smaller АаLarger Aa

4

Birinci həkim getdi. Həkim qapının ağzında dayanıb onun xəz yaxalıqlı paltosunu əlində tutan nənənin yanına çatanda dalını ona çevirdi ki, paltonu geyinsin.

Həkim ayağa duran kimi xəstənin yanında kim vardısa, hamısı rahat nəfəs aldı. Çünki əgər həkim getməyə hazırlaşırsa, deməli təhlükə sovuşub, əgər xəstənin vəziyyəti yüngülləşməsəydi, onda həkim onu tək qoymazdı. Nikonun özünə gəldikdə isə, həkim gedən kimi bütün ağrısını unutdu, çünki həkim onun yanında oturduğu vaxt o çox gərgin idi, elə bil həkim oturduğu stulu cırıldatmaqla onun yuxusunu qorxudub qaçırtmışdı. Həkim elə bil qəsdən stulun ən köhnəsini, ən zəifini seçmişdi, oturmamışdan qabaq əliylə yellədib cırıldayıb-cırıldamadığını yoxlamışdı, istədiyini tapdığına əmin olandan sonra isə uşaq sevinci ilə oturub yırğalanmağa başlamışdı ki, budur, bu da mənim atım. Sonra isə heç kim ona stulunu dəyişməyi təklif etməyə cəsarət etməmişdi. O isə oturub həmişə belə vaxtlarda etdiyi söhbəti danışmağa başlamışdı, bu isə yuxu haqqında olan söhbətdir: “Hə, hə, yuxu hər şeyin dərmanıdır, – barmağını tavana tuşlamışdı, – həm qorxunun, həm dəliliyin. Yuxu – böyük ölümə qalib gələn balaca ölümdür.” Amma nə özündən, nə də başqalarından soruşmamışdı ki, görəsən stulu cırıldatmaqla xəstənin yuxusunu qaçırtmır?

Həkim paltonu geyinmədi, daha doğrusu nənənin geyinməyi üçün açıb hazır tutduğu paltonu sadəcə çiyninə saldı və şairlər plaşa bürünən kimi, o da paltoya bürünüb getdi. “Nə qədər olar? Paltonu geyin, sonra çıxart. Bezmişəm daha.” Nənəsi əllərini qarnına sıxıb başını tərpətdi və həkimi ötürməyə çıxdı.

Stolun üstündə, lampanın yanında dərman şüşələri düzülmüşdü, ağzıaçıq şüşələrin içində çöplər vardı. Həkimin işlətdiyi, spirt iyi verən tənzif də stolun üstündəydi.

Otağa bir anlıq sükut çökdü; amma nənə qapını bağlayan kimi otaqdakılar hamısı bir ağızdan, həkimin yuxu və sakitlik haqqında dediklərini unudaraq, bir-birinin sözünü kəsə-kəsə danışmağa başladılar, hamısının da bir məqsədi vardı ki, başqalarının fikrini baş verən hadisədən yayındırsın, başqa səmtə yönləndirsin, otaqdakı ağır sükutu pozsun. “Sizə deyirdim axı, qorxulu heç nə yoxdu, uşaq sadəcə qorxub,” – Marqarita dedi. “Qorxudan qolumu elə sıxmışdım ki, indi də ağrıyır,” – xalası bu yandan dedi. “Məni, deyirəm, nə istəyirsiniz edin, amma meyidi qazalağa qoymayacağam!” – İoseba da sözə başladı. “Ola bilsin elə bu atamı o biri dünyada axtarıb tapa bildi,”– yarımağıl Kola zarafat etmək istədi. Korlar hamısı bir nəfər kimi gülümsədilər. “İstəyirlər lap atları da, qazalağı da əlimdən alsınlar, məni dəyişdirə bilməzlər. Nə edirlər etsinlər!” – İoseba dayanmaq istəmirdi. Marqarita ona atmaca atdı, o bir az da özündən çıxdı. Sandro əmi hələ də gülümsəyərək başını tavana qaldırıb asta səslə dedi: “Bəsdirin. Axı uşaq sizi eşidir.” “Hansı uşaq? – İoseba Sandro əminin kimi nəzərdə tutduğunu bilmirmiş kimi soruşdu. – Mən burda uşaq görmürəm.”

Nənə soyuqdan donmuş halda evə girdi. “Sonra da deyirsiniz ki, əlamətlərə inanma. Səhərdən işim düz gətirmirdi.” “Nə üçün başıaçıq çıxmısan?” – xalası soruşdu. Amma nənə ona fikir vermədi, bəlkə heç onu eşitmədi də. Əllərini hələ də qarnına sıxmışdı, elə bil qarnı ağrıyırdı. Amma doğrudan da qarnı ağrıyırdı, bərk həyəcanlananda həmişə qarnı ağrıyır. O hələ sakitləşməyə macal tapmamışdı, amma onsuz da narahat olan qonşuları bir az da narahat etməmək üçün qorxusunu və həyəcanını gizlətməyə çalışırdı, əslində deməli olduğunu demirdi, etməli olduğunu etmirdi, nəyi desə, necə etsə daha yaxşı maskalana biləcəyini fikirləşirdi. Məsəlçün, əvvəllər öldürsəydin də, əllərini qarnına sıxdığı halda qonşuların qabağına çıxmazdı. Və ya İosebaya təklikdə dediklərini adam arasında deməzdi, çünki onun İosebaya dediklərini başqalarının eşitməyi vacib deyildi. Amma indi İosebanın qabağında dayanıb dedi: “Heç olmasa bircə gün içmə! Nə xəbərdi, bəlkə dünyadakı bütün çaxırı sən içmək istəyirsən?” Qonşusunu təhqir etdi, özü də məhz qonşusunun ondan minnətdarlıq gözlədiyi vaxtda, çünki ən çətin vaxtda qonşunun yanında olmuşdu, o isə gəlib dayanır qabağında və deyir ki, nə üçün içirsən; axı kimin nəyinə lazımdır mən hər gün içirəm, ya birgündənbir. Öz puluma içirəm, başqasının hesabına içmirəm ki. Bir də içib nə edirəm, kimisə söymürəm, heç kimin evinə hücum çəkmirəm. Bir də ki, İoseba öz cəzasını tənhalığıyla çəkmişdi! Nənə isə onu qonşuların qabağında biabır etdi, başqa cür demək istəsə də, bu cür alındı. Amma xoşbəxtlikdən, İoseba deyilənlərin onun xeyri üçün olduğunu başa düşüb əlini qaldırdı: “Düzdür! Daha içməyəcəyəm, qurtardı, anamın qəbrinə and olsun!” Nənə sonradan nə etdiyinin fərqinə vardı, özünü daha da itirdi, İosebanın qabağında günahını yumaq üçün ona araq təklif etdi, amma İoseba araqdan imtina etdi, düzünü demək lazımdırsa, qətiyyətlə imtina etdiyi halda nənədən qaçırtdığı gözləri şkafın rəfində araq içmək üçün stəkan axtarırdı, nənə isə araq şüşəsini əlində tutub İosebaya deyirdi: “Nə danışırsan! Axı hamımız balamın salamat qalmağı şərəfinə içməliyik!” “Əh, mən indi gözləyirəm ki, məni haçan milis idarəsinə çağıracaqlar. Yaxşısı gedim atlarıma baş çəkim, onlar məni görməsələr yatmazlar.” Nənə götürdüyü şüşənin boş olduğunu görüb şkafda dolusunu axtarırdı. “Yəni İosebanın anası da olub?” – Marqarita güldü. Xalası da arada özünü saxlaya bilməyib gülümsəyirdi. Korlarsa dayanıb danışılanlara qulaq asırdılar, hamısı gülümsəyirdi və hamısının üzündə eyni ifadə vardı. Və tez-tez gözlərini qırpırdılar, elə bil xəstəni güldürmək istəyirdilər.

Qısası, Nikonun bəlası sovuşmuşdu. Hər halda ona belə gəlirdi. Heç vaxt özünü belə yaxşı hiss etməmişdi. Təkcə gözlərini aça bilmirdi. Ya da ola bilsin gözlərini bilərəkdən açmırdı, gözüyumulu uzanmaq xoşuna gəlirdi. O kor idi. Ya da kor kimi idi. O dünyanı görmürdü, səsləri eşitmirdi: “Kömək edin! Kömək edin! Kömək edin!” Ah, onlar necə qorxmuşdular, yazıqlar! Nənəsi cadugərə oxşayırdı. Xalası stəkana dərman tökdükcə bərkdən, hamının eşidə biləcəyi səslə damcıları sayırdı. Düzdür, dərmanın yarısını Nikonun sinəsinə dağıtdı, ancaq dərman kömək etdi – içdiyi yox, üstünə dağılan – və Niko özünə gəldi. Amma əslində özünə gəlməli bir şey də yox idi axı. O yaxşı idi, özünü hamıdan yaxşı hiss edirdi. O bədənində xoş yüngüllük hiss edirdi. Yox, o heç bədənini hiss etmirdi. Qısası, o özünü uzanan vəziyyətdə görürdü (bəlkə də eşidirdi). O ikiləşmişdi, həm görən idi, həm də görünən. Sevincdən boğazı qəhərlənirdi. Bir dəfə dərindən nəfəs alsa, ümumiyyətlə yox ola bilərdi, şamın tüstüsü və ya kəpənək qanadının tozu kimi havada əriyə bilərdi. İş də burasındadır ki, o dərindən nəfəs ala bilmirdi. Yüngülləşmişdi, hətta şəffaflaşmışdı. Eyni zamanda harasa tələsirdi, hardasa olmağa tələsirdi və tələsdiyi yerdə olmağa səbirsizlənirdi. Elə bil yenə Leonun velosipediylə dağın ətəyindəki dəri zavoduna gedirdi, amma bu dəfə başına nə gələcəyini bilirdi, bilirdi ki, Qogiyayla dostu-rəfiqəsi Leo onun üçün tələ qurublar. Leo bu gün qızdır, sabah oğlan. Uşaqlıqla anası ona gah ətək geyindirirdi, gah şalvar. Beləliklə o həm oğlandır, həm də qız. Daha doğrusu nə oğlandır, nə də qız. Onda həm ondan var, həm də bundan. Bir dəfə dəri zavoduna çatmağa az qalmış, Qogiyanın öyrətdiyi kimi, Niko gələndə yolun ortasından ip çəkmişdi. Amma ipi vaxtında buraxmadığı üçün özü də bəla çəkmişdi, ip çiynini siyirmişdi. Niko bunu bir dəfə yaşamışdı, amma indi daha qorxmurdu. Velosipedi daha sürətlə sürərək haçan ipə ilişib quş kimi uçacağını gözləyir. Elə bil doğrudan da uçur. Yox, uçmur, suyun altında üzür və təsvirəgəlməz yüngüllük hiss edir. Daha doğrusu heç üzmür də, sadəcə yavaş-yavaş suyun altına çökür. Su çalxalanır, özündə göyqurşağının rənglərini əks etdirir. Milad ağacının oyuncaqlarına oxşayan rəngbərəng balıqlar onun qabağından üzür. Birdən uzaqda nəsə böyük, qara bir şey görünür. Niko qorxmur və fikirləşir ki, yəqin balıqdır. Əvvəl ona elə gəlir ki, bu akuladır, amma Qara dənizdə akula olmur. Bu olsa-olsa naqqa balığı olar. O bir dəfə naqqa balığı görüb, hələ Batumidə olanda əmisi birini gətirib demişdi ki, hansısa balıqçı dostu verib, əmisi balığı özü tutubmuş kimi sevinirdi. Balıq Niko boydaydı. Evdə hamı sevinirdi. Çünki onda Batumidə aclıq idi, camaat dükanların qabağında növbəyə dayanırdılar və çox vaxt evə əliboş qayıdırdılar. Niko əmiqızlarıyla bir yerdə hərbi hospitalın qabağından qopartdıqları vəhşi sarımsaqları yeyirdilər, hamısının dişləri yaşılımtıl rəngə çalırdı. Balıq mətbəx stolunun üstünə yerləşmirdi və ondan pis iy gəlirdi. Onun iyi evdəki hər şeyə hopmuşdu. Bir həftə bütün qabları torpaqla sürtsələr də, iyi çəkilmirdi. Ondan sonra uzun müddət balıq adı eşidən kimi hamısının ürəyi bulandı. Bununla bərabər qonşuluqda Yelenitsanın anası hər gün balıq qızardırdı. Balıq yeməli deyildi, amma yeyirdilər. Yeməli deyildi deyəndə ki, yeməliydi, sadəcə dadı yox idi. Həmin qara kütlə isə yaxınlaşmağında idi. Niko onun nə olduğunu anlamayaraq ona tərəf üzürdü. Gah elə bilirdi bu alman minasıdır, gah da onu torpedaya oxşadırdı. Amma qara kütlə tabut imiş. Üstündə böyük, əyri həriflərlə yazılmışdı: “Bizi zaman ayırıb, zaman da birləşdirəcək.” “Bu ki yarımağıl Kolanın atasının tabutudur,” – Niko tabutu o saat tanıdı. Hətta Kolaya bunu deyəndə onun necə sevinəcəyini də təsəvvürünə gətirdi.

Amma bu qəribə hadisənin ən şirin məqamı müəllim Vanonun qızını da görməyi oldu. Baxmayaraq ki, Niko qızı heç vaxt görməmişdi, onu müəllim Vanonun söhbətlərindən tanıyırdı, amma çox vaxt xəyalında qızı canlandırmışdı, indi də görən kimi tanıdı. Qızın əynində anasıyla bir yerdə izsiz-soqarsız itməmişdən qabaq, axırıncı dəfə xəstəxanada olanda geyindiyi paltar vardı.

Qəribədir ki, qız da Nikonu tanıdı və uzaqdan qışqırdı: “Limon necədir, mənim əvəzim?” Əlbəttə ki, limon ağacını nəzərdə tuturdu. Niko bunu o saat başa düşdü, çünki özü də bu sualı qızın atasına, özünün ən yaxın dostu və müəllimi olan Vanoya vermişdi. Nikonun anası üç günlüyə Batumidən gəlmişdi və Nikodan narazı qalmışdı, buna görə də Nikoyla sağollaşmamış getmişdi, Niko səhər durmuşdu və görmüşdü ki, anası yoxdur. Elə həmin gün də müəllimdən soruşmuşdu: “Limon ağacı necədir, qızınızın əvəzi?” Yəqin ki, nənəsiylə xalası Niko haqqında anasına yazmışdılar, ona çatdırmışdılar ki, Niko Valo Badalaşvili ilə dostlaşıb, onun təsirinə düşüb, əvvəl dərslərini oxumurdu, indi isə ümumiyyətlə dərsə getmir, quldurlara qoşulub. Amma şeir dəftəri haqqında bir kəlmə də yazmamışdılar, yazmamışdılar ki, Yevgeni Duqladze o dəftəri bütün sinifin qabağında cırıb. Anası bu əhvaları bilmirdi. Ona görə də üç günlüyə Batumidən gələndə, Nikonu görən kimi salamlaşmaq yerinə əlini ağzının üstünə vurmuşdu. Əgər bütün olanları bilsəydi, onda yəqin ki, oğlunu bu cür cəzalandırmazdı. Amma deyəsən ana ürəyi nəyisə düz eləmədiyini, hansısa islaholunmaz günah işlədiyini hiss elədi, çünki tez əlini öz ağzına yaxınlaşdırdı, elə bil Nikonun ağzına vuranda öz əlini əzmişdi. Niko istədi hər şeyi olduğu kimi danışsın, amma böyük güc sərf edib özünü saxladı, çünki gərək hər adam – bu adam ana da olsa – həqiqəti özü öyrənsin, heç kim ona kömək etməsin. Niko heç nə istəmirdi, nə həqiqətin açılmağını, nə də anasıyla barışmağı. Amma birdən-birə anası ağladı, özü də elə içdən, elə gözəl ağladı ki, Niko hər şeyi unutdu. Batumi gözünün qabağında canlandı. Ağlayan anası yağış altında islanan uzaq şəhərinə oxşayırdı – analı, atalı, əmili, bibili, Yelenitsalı, paroxodlu, elə bil tanrının öz əliylə salınmış hamar küçəli (Siqnaxi kimi əyri, qozbel şəhərdə yaşayanlar o cür səliqəli şəhərin olduğuna inanmazlar), gölməçədən su içməyə qonan quşlu – elə anası da bir anlıq uzaqlardan uçub gələn və onun tənhalığına qonan quş deyildimi – adsız, izaholunmaz, doğma şəhərinə… Anası hamıdan seçilirdi, nə nənəsinə oxşayırdı, nə xalasına, nə də Marqaritaya. Niko nəyə görə bu yad qadından üzr istəməliydi? Anası başqalarının dediyinə inanmışdı – bu başqaları onun öz anası və bacısı olsalar da, yenə də başqaları idi, – amma o öz ana hissiyyatı ilə, hələ Nikonun bilmədiyi, amma özünə məlum olan yollarla hər şeyin əslində necə olduğunu hiss etməliydi, bilməliydi. Bax elə buna görə Niko eşşək kimi tərslik edirdi. Amma tərslik etməyinə baxmayaraq bir dəqiqə də anasının yanından ayrılmadı, elə hey anasının ətrafında fırlanmaq, ondan gələn ətri içinə istəyirdi. Arada dərslərini oxudu, bir dəfə surub sobanı qaladı, qalan vaxtı da boş oturdu, amma bütün bu vaxt ərzində fikri anasındaydı. Bu yaxınlıq ona həm əzab, həm də izaholunmaz sevinc verirdi. Bu vəziyyət anası üçün də əlverişli deyildi, arada baxışları istəmədən də olsa toqquşanda anası aşiq qız kimi utanırdı və tez nəzərini yayındırırdı. Məsəlçün, anası oturub nənəsinə və xalasına nədənsə danışır, sakit danışır, həyəcanlı deyil, birdən-birə, qeybdən səs eşidirmiş kimi dayanır, gözlərini boşluğa dikib susur. Və ya sobanın yanında oturub saçlarını qarışdırır, əlini boynuna aparanda yenə donub qalır, elə bil yenə həmin səsi eşidir. Nikonun isə qısqanclıqdan, tərəddüddən və sevgidən ürəyi parçalanır… Və əgər kimsə ona desəydi ki, bu elə xoşbəxtliyin özüdür, onda o yaman təəccüblənərdi. Qısası, hələ yuxudan oyanmamış hiss eləmişdi ki, duranda anasını görməyəcək. Ürəyi sıxıldı, özünü itirdi və heç əl-üzünü yumamış müəlliminin yanına qaçdı ki, limon ağacının necə olduğunu soruşsun (ola bilsin bu limon ağacı ona Batumini xatırladırdı). “Nə üçün soruşursan?” Müəllim təəccübləndi, amma deyəsən nə isə hiss edib onu otağa çağırdı. Limon ağacı elə uşaq kimi küncdə gizlənmişdi, Nikonu görən kimi gülümsədi. “Yuxuda limon ağacını gördüm, ona görə gəldim görüm o necədir.” Niko yalan dedi, düzdür, bir dəfə yuxuda müəlliminin limon ağacını görmüşdü, amma bu çoxdan olmuşdu, anasının gəlməyindən çox qabaq. Daha doğrusu, bu o vaxt olmuşdu ki, onda Siqnaxidə kiminsə uşağı ölmüşdü. Axı müəllim Vanonun da qızı ölüb, əslində öldüsü qaldısı da bilinmir, çünki müəllim Vano müharibədə olanda arvadı qızıyla bir yerdə yoxa çıxmışdı, arvadı qızını xəstəxanadan çıxartıb aparmışdı, sonra ikisi də yox olmuşdular, Vano hələ də onların başına nə gəldiyini bilmir, onların nə meyidi var, nə qəbri, ola bilsin arvadı bunu bilə-bilə eləmişdi, bu hərəkətiylə Vanoya kiçicik də olsa təsəlli saxlamışdı, Vano hələ də onların sağ olduğuna inanırdı. O vaxtdan Siqnaxidə və ətraf kəndlərdə bircə yas məclisi də Vanosuz keçmirdi, fərqi yox idi ölən cavandır, ya qoca, qadındır, yoxsa kişi, müəllim Vano özünü tez ora çatdırırdı, bütün mərasim boyu mərhumun qohumlarıyla bir yerdə olurdu, uşaqlar öləndə isə heç də uşağın ata-anasından az kədərlənmirdi. Siqnaxinin qeybətçiləri bir neçə dəfə onu ələ salmağa, başqasının dərdinə nə üçün şərik olduğuna yalandan don geyindirməyə çalışmışdılar, şayiə yaymışdılar ki, guya Vano yasa yemək üçün gedir, amma hər şayiənin əsası olmalıdır, bu şayiə isə alınmamışdı, çünki heç vaxt müəllim Vanonun yasda nə yediyini görmüşdülər, nə də içdiyini.

 

Axırıncı yasda isə Vano müəllim axıracan oturmamışdı, çünki Qogiyanı içəridən çıxartmışdı. Hamının başı qarışıq idi, heç kim Qogiyaya fikir vermirdi, amma Vano buna dözə bilmədi, Qogiyanın qulağından tutub bayıra çıxartdı, çünki ora Qogiyanın yeri deyildi. Bəs nə üçün qeybətçilər fürsəti fövtə verməyib təzə söz-söhbət yaymışdılar ki, “Müəllim Vano ənənələrə hörmət etmir, yasdan yarımçıq çıxır, el adətinə tüpürür”? Nə isə, bunlar keçmiş şeylərdir, xatırlamağa dəyməz. Biz ancaq bir şeyi aydınlaşdırmaq istəyirik – nə üçün müəllimin limon ağacı Nikonun yuxusuna girmişdi? Çünki müəllim Vano Qogiyanı yasdan çıxartandan sonra, Qogiya ona təşəkkür etmək yerinə hirslənmişdi, əl-qol atmağa başlamışdı, müəllim güclü əlləriylə onu tutub saxlasa da Qogiyanın hirsi soyumamışdı, nəticədə özü döyülmüşdü. Bütün gecəni isə Qogiya həyətin ortasında dayanıb müəllimin dalınca danışmışdı. Əlbəttə, qonşular hamısı bunu eşidirdi, amma heç kim bayıra çıxmamışdı, çox maraqlansalar da, heç pərdəni də aralayıb baxmamışdılar. Təkcə Qogiyanın anası qapının kandarında dayanıb qışqırmışdı: “Rədd ol içəri, yaramaz! Doğulmasaydın bundan yaxşıydı.” Amma Qogiya dayanmamışdı. Qışqırmışdı ki, o əslində müəllim deyil, alman casusudur, Nyunberqdən qaçıb burda gizlənir (müəllim Vano doğrudan da Nyunberq hadisələrinin iştirakçısı olmuşdu, amma onu heç nədə günahlandırmamışdılar, əksinə, o özü şikayətçi idi; iki dəfə əsir düşərgəsindən qaçmışdı, bir dəfə isə güllələnmə vaxtı möcüzə nəticəsində güllədən yayınıb ümumi qəbirdən çıxa bilmişdi). Anası gülməyini güclə saxlayıb yenə qışqırmışdı. Qogiya isə daha da qızışmışdı: qoy elə günü sabah burdan rədd olub getsin! Həmin günlər heç kim müəllim Vanonun üzünə dik baxa bilmirdi, hamı özünü nədəsə günahkar sayırdı, amma heç kim əlini ürəyinin üstünə qoyub bu utanmağın səbəbini deyə bilməzdi.

Məhz elə bu günlərdə Niko limon ağacını yuxuda görmüşdü. Görmüşdü ki, Qogiya ağacın üstünə kerosin töküb yandırır. Sonra da tüfəngini götürüb yanan ağacın ətrafında fırlanır…

“Yaşayır, yaxşıdır limon ağacı, sənin əvəzin.” Niko dənizin dibində artıq mələk olan qıza yaxınlaşaraq həyəcanla dedi. Mələk ondan soruşdu ki: “Sən xaç çəkə bilirsən?” Niko bu yad yerdə ona verilən sualın asanlığına sevindi, təbəssümünü saxlayaraq üç barmağını – böyük, şəhadət və uzun barmaqlarını birləşdirdi və yavaş-yavaş alnına, sonra sinəsinə, daha sonra isə sağ və sol çiyinlərinə yaxınlaşdırdı… Birdən hər tərəf aydınlandı. Hardasa zənglər səsləndi və zəng səsi suyun altında yayıldı. Üzünə tökülən dərman onu yuxudan oyatdı və o gözlərini açan kimi Marqaritanı gördü. Sandro əmi də sobanın yanında dayanmışdı.

Nəhayət otaqdakılar bir-birinin dalınca qapıya tərəf getdilər, otaq boşaldıqca saatın çıqqıltısını və hardasa hürən itin səsini daha aydın eşidirdi. “Əllərini belə qoyma, ölüyə oxşayırsan.” Xalası da bunu deyib öz otağına çəkildi. Niko təəccübləndi ki, xalası onun əllərini necə gördü, axı Nikonun üstünə ədyal çəkilib, xalası isə artıq öz otağındaydı və çox güman ki, uzanıb Qalaktion Tabidzenin şeir kitabını vərəqləyirdi, özü də mövzusu bu günkü hadisələrə uyğun gələn şeirləri axtarırdı: “Küçəylə qara tabutu aparırdılar…” və ya “Payızın bu günü öldürüləni basdırırlar…” Nənəsi isə ikonayla danışırdı. Daha doğrusu, ikonaya baxırdı, amma dodaqları tərpənmirdi. Ürəyində danışırdı ki, heç kim nə dediyini eşitməsin. Əgər eşidən olsaydı da, heç nə başa düşməzdi, çünki hər kəsin tanrı ilə danışmaq üçün öz dili var – həyat kimi sadə, çörək kimi vacib, ölüm kimi hər şeyi unutduran və sevgi kimi saf dili. Nənəsi qısaqol gecə köynəyi geyinmişdi, qısa saçlarını boynunun dalında dəstələyib bağlamışdı, uzaqdan qıza oxşayırdı və onun bu vəziyyətinə baxanda ağlamaq istəyirdin. Otaq lampanın ölgün şüasıyla işıqlanırdı, amma tezliklə hər şey itməyə başladı – ya Nikonun huşu getdi, ya da nənəsinin duasını eşitdi və yatdı… Saat əvvəlki kimi çıqqıldayırdı, it hürürdü, amma bu sslər daha Nikoya çatmırdı, elə bil qumun altında qalıb boğulurdu. Otaqdakı lampa da sönmüşdü, soba da. Nikonun ayaqları elə bil buz bağladı – eynən Valo Badalaşvilinin babası kimi. Valo Badlaşvilinin babası öləndə kimsə kisədə buz gətirib yerə səpmişdi. Amma Niko bunun səbəbini bilmir. İndi isə başının üstündə yarasa dəstəsi uçuşur. Niko ölsə də, yalandan ölüb, doğrudan yox. Niko indi heç yalançı ölümü də dada bilmir, yata bilmir. Bəlkə heç daha yatmaq lazım da deyil, sağalmaq da, axı başının üstündən yarasalar uçur – ruhlar diyarından gələn yarasalar. Bizim yazıq Niko öldü, bizim Nikuşa, bizim Nikolay. Yaxınları isə onu adi xəstə kimi yatağa uzatdılar, dərman içirtdilər, kürəyinə banka qoydular, bədənini spirtlə sildilər və sakitcə, öz borclarını yerinə yetirmiş kimi hərə öz evinə dağılışdı; yatıb sağalacaq – son qərar belə oldu, ona görə də indi hamı öz yerində uzanıb yuxuya gedib. O isə ölüb. O ölüdür. Əllərini sinəsində çarpazlayıb uzanıb, üstünə yarasalar tökülür, elə bil meşədə ağac altındadır, üstü yarpaqlarla örtülüb. Ölü yarpaqlar altındakı ölü uşaq. Amma bu da həqiqətən olmuşdu, deyəsən üç il qabaq idi, onda Batumidən təzə gəlmişdi və uşaqlarla bir yerdə meşəyə odun dalınca getmişdi, baltayla ayağını yaralamışdı, uşaqlar onu ağacın altında uzadıb birtəhər qanaxmasını dayandırmışdılar, özləri isə yenə işə başlamışdılar. Nə edəsən, evə odun lazımdır, heç kim gətirib sənə verməyəcək, gərək özün yarasan. Amma odunları əlindən ala bilərlər, ya meşəbəyi, ya da yoldan keçən kimsə, buna görə də tələsmək lazımdır. Uşaqlar işləyəndə həm də diqqətli olmağa çalışırdılar, hər səsə qulaq verirdilər. O isə ağacın altında, yarpaqların arasında uzanıb, heç nəyə yaramır, layiqli atanın layiqsiz oğludur. O çox qan itirib. Qan yerdə gölməçələnib, artıq meşənin milçəkləri qana yığılıb. Niko milçəkləri görür. Amma milçəyəfikir verməmək üçün hansısa şeiri yadına salmağa çalışır. Əgər o üç il qabaq ölsəydi, necə olacaqdı? Əgər onda ölsəydi, indi bu əzabı çəkməzdi. Ola bilsin, indi də qurtulacaq, necə ki onda qurtulmuşdu! Onda onu nənəsi xilas etmişdi. İndi də nənəsi xilas edəcək! Amma haçanacan? Axı nə üçün həmişə kimsə səni xilas etməlidir. Bir gün gələcək ki, yanında heç kim olmayacaq və sən öləcəksən. Üç il qabaq həkim ona hər gün çiy yumurta və bir stəkan çaxır içməyi tapşırmışd, nənəsinə demişdi ki, üç həftə içsin və gülmüşdü, stulunu cırıldada-cırıldada, bədəni yırğalana-yırğalana gülmüşdü və gülə-gülə nənəsinə demişdi ki: “Bilmirəm o qədər yumurtanı hardan tapacaqsan, bəlkə özün yumurtlayasan?” Amma nənəsi hər gün həyətdən qayıdanda fartukunun cibində isti yumurta gətirirdi. Amma heyif ki, onun bütün əziyyəti boşa getmişdi, budur, üç il keçib və Niko yenə də ölür. Ona deyiblər ki, yatmaq lazımdır, amma yuxuya getməyin yollarını başa salmayıblar. Yəqin ki, uşaqlara yuxu da çörək kimi böyüklərə lazım olandan az lazımdır. Niko uşaq deyil axı. O artıq uşaq deyil!