Atanız Atatürk

Text
From the series: Xatirə ədəbiyyatı #15
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Font:Smaller АаLarger Aa

Azadlıq volunda

Şam şəhəri lap keçmiş dövrlərdən bəri əxlaqsızlıq və fitnə-fəsad yuvası kimi tanınırdı. Bazarı hiylə ilə işləyirdi. Alqı-satqıda içində yalan olmayan bircə söz belə eşidilməzdi. Müsəlmanlığın nə qədər haram buyurduğu şey vardısa, hamısı bu şəhərdə edilərdi. Hər addımda günahkarlarla qarşılaşardın. Günah işləməyən bir adam belə tapmazdın. Ancaq bir şey də vardı ki, ikiüzlü softalar[12] xalqı xurafatın təsiri altında tutmağı bacarırdılar. Şəriət məhkəmələrində rüşvətlə iş aparan, haqlını haqsız, haqsızı haqlı çıxaran softaların xarici görünüşündəki sofuluqlarından[13] da heç olmazdı.

Burada həyatın bütün ləzzətləri yasaq idi. Qadınlar qapqara örtük və çarşabları ilə qapanmış olsalar belə, yenə də küçə və bazarlara çıxa bilməzdilər. Musiqi qadağan edilmişdi. İçki içilməsi yasaq idi. Amma bununla belə, gizli-gizli təşkil olunan hər cürə eyş-işrət və əyləncə məclisləri evlərdən əskik olmazdı.

Makedoniyada da yaxşı yaşayan, dünya nemətlərini dadmağı bacaran xristianları görən Mustafa Kamal millətin ikiüzlü softalar əlində belə vicdan köləliyi altında əzildiyini anlayaraq yanıb-tökülürdü. Türkiyə müsəlman olmayanlar üçün cənnətin zövqü, müsəlman olanlar üçün isə cəhənnəmin əzabları ilə dolu idi.

Axşama qədər vəzifəsinin başında olduqdan, əsgərlərinin təlimi ilə əlləşdikdən sonra Mustafa Kamalın kədər dolu evinə dönməkdən başqa yolu qalmazdı. Bu həyat ona əylənmək və dincəlmək üçün heç bir şey vermirdi. Amma günlərin bir günü küçələrin birindən keçərkən onun qulağına musiqi və mahnı sədaları gəldi. Diqqətlə dinlədi. Sonra səslərin gəldiyi yerə tərəf üz tutdu. Bura pəncərəsi kağızlarla tutulmuş, içərisi isə görünməyən bir qəhvəxana idi.

Mustafa Kamal yavaşca qapını aralayaraq içəri boylandı. Hicaz dəmiryolunda çalışan italyan işçiləri öz qadınları ilə birlikdə bura toplaşmışdılar. Yeyir, içir, çalğı çalır və birlikdə rəqs edirdilər. Qürurlu osmanlı zabiti bir müddət yadelli işçilərin bu xoşbəxtliyinə qibtə ilə tamaşa etdi. Amma içəri keçmədi. Çünki zabit şərəfi onun üçün hər şeydən uca idi. Ona görə də hərbi geyimlə içəri keçməyi düzgün saymadı. Ancaq səhəri gün bir işçi paltarı satın aldı və işdən geri qayıdarkən kafeyə girib italyan işçilərinin arasına qatıldı.

Dindən istifadə edərək milləti öz pəncəsi altında saxlayan və əzən ikiüzlü softaların canfəşanlığı onu ən az zülm və rüşvət üzərində qurulmuş dövlət idarəsi qədər kədərləndirirdi. Onun fikrincə, millət bu iki istibdaddan da qurtulmalı idi. Onun dəqiq bildiyi şey yalnızca bu idi. Bunun yolu isə rejimdən qurtulmaqda, azadlığa qovuşmaqda idi. Öz məqsədinə çatmaq üçün Mustafa Kamal bir tərəfdən zabit vəzifəsini icra etsə də, digər tərəfdən siyasi təlqinlərə və mücadiləyə başlamaq qərarına gəldi.

Bir gün üç zabit birlikdə Şamın Hamdiyyə bazarına çıxmışdılar. Onlardan biri Mustafa Kamal idi. Biri də Havran hadisələrinə rəhbərlik edən komandir. Mustafa Kamal yoldaşının əynində uzunboğaz çəkmə ilə geyinməli olduğu şalvar, amma ayağında adi ayaqqabılar olduğunu gördü. O, paltar səliqəsi məsələsində və təmizliyində adətən çox diqqətli idi. Buna görə də səbəbini yoldaşından soruşdu.

Yoldaşı:

– Başqa şalvarım qalmamışdı, ona görə bunu geyinməli oldum, – dedi.

Mustafa Kamal hər şeyi anladı. Bu zabit oğurluq etməyən, insanları soymayan zabitlərdən idi.

Onlar söhbət edə-edə içinə ancaq iki-üç adamın güclə sığışa biləcəyi bir dükanın qarşısına gəlib çatdılar. Dükandan başmaqlı bir nəfər çıxaraq ədəb-ərkanla salamlaşdı və onlara qarşıdakı skamyalarda oturub gözləməyi təklif etdi.

İçəridəkilər türkcə danışırdılar. Bir qədər gözlədikdən sonra Mustafa Kamal maraqlanaraq dükanın içinə girdi. O, burada nə baş verdiyini bilmək istəyirdi. Ətrafa göz gəzdirdikdə gördü ki, rəflərdə bir az həfif əşyalar düzülüb, ortadakı stolun üstündə isə fransızca fəlsəfə, sosiologiya və tibblə bağlı kitablar var!

Mustafa Kamal bu kitabları bir az vərəqlədikdən sonra maraq içində dükan sahibindən soruşdu:

– Siz tacirsiniz, filosofsunuz, yoxsa həkim?

– Əslində, tacirəm. Bu kitablar isə köhnədən qalmadır. Bura düzmüşəm ki, unutmamaq üçün aradabir oxuyum.

Söhbət əsnasında Mustafa Kamal öyrəndi ki, bu tacir məktəbdə təhsil aldığı zaman azadlıqla bağlı siyasi ədəbiyyat oxuduğu və təşviqat apardığı üçün qovulub və Şama sürgün edilib.

Tacir onun çox diqqətini çəkmişdi. Ona görə də bir gecə Mustafa Kamal üç dostu ilə birlikdə onun evinə yollandı. Ev Şamın qaranlıq bir dalanında yerləşirdi. Ev sahibi əlində neft lampası onları qapının ağzında qarşıladı. "Buyurun", – deyib içəri keçirdi.

İçəridə danışmağa başladılar. Tacir söhbət əsnasında tez-tez belə deyirdi:

– İnqilab etmək lazımdır! İnqilab etmək lazımdır! Mütləq inqilab etmək lazımdır!

Bir qədər söhbət etdikdən sonra ev sahibi daha da açılışaraq bunları danışdı:

– Mən tibb fakültəsinin sonuncu kursunda oxuyarkən bu işin ardınca düşdüyüm üçün həbs edildim, sonra da bura sürgünə göndərildim. Amma burada da, orada da çox dəyərli yoldaşlarımız var. Yəni inqilab edə bilərik. Daha doğrusu, inqilab etməliyik!

Ora gələnlərdən Mustafa Kamal da, o biri də təklifi dərhal, həm də bu barədə çox düşünmədən qəbul etdilər. Ancaq aralarından biri:

– Mən arvad-uşaq sahibiyəm, sizinlə bərabər olaram, ancaq məndən çox şey gözləməyin, – deyə yaxasını kənara çəkdi.

Mustafa Kamal bunu eşidən kimi həmin zabitə dedi:

– Əgər elədirsə, o zaman siz qalxın, gedin.

Bundan sonra orada qalanlar dayanmadan inqilabdan və inqilab yolunda ölməkdən danışdılar. Mustafa Kamal isə "ölmək" sözünü eşidərkən onlara bu cür cavab verdi:

– Məsələ ölməkdə deyil, ölmədən ideyalarımızı yaratmaqda, qurmaqda və yerləşdirməkdədir.

Beləcə, min doqquz yüz yeddinci ilin bir gecəsi Şamda, həkimin evində gizli cəmiyyət quruldu. Bu cəmiyyətə "Vətən və hürriyyət" adı qoyulmuşdu.

Artıq Mustafa Kamal təkcə hərbçi deyildi. Bir tərəfdən əsgər, bir tərəfdən də "Vətən və hürriyyət" cəmiyyətinin lideri idi. Bundan sonra hara gedirdisə getsin, özlərinə yeni həmfikirlər, yeni yaranan cəmiyyətə isə tərəfdaşlar toplamağa çalışırdı.

İlk şöbələrdən birini yenə də təcrübə üçün üz tutduğu Yafada yaratdı. Artıq bu atəş onun bütün qəlbini bürümüşdü. Arzularını, fikirlərini reallaşdırmaq üçün fürsət axtarırdı. Doğulduğu, böyüdüyü yer Selanik idi. Tanıdığı, ürək qızdırdığı adamların da əksəriyyəti orada yaşayırdı. Fikirləşirdi ki, gizlicə ora getmək lazımdır. Buna artıq özlüyündə qərar vermişdi. Yafadakı yoldaşları ilə belə razılaşmışdılar ki, onun yoxluğunu hiss etdirməyəcək, bacardıqları kimi onu qoruyacaqdılar.

Qərar verdiyi kimi, əvvəlcə Misirə getdi. Oradan paraxod ilə Pireyə keçdi və Selanikdəki dostlarından birinə onu qarşılaması üçün teleqram vurdu. Sonra da bir yunan paraxodu ilə Selanikə gəldi. Teleqramını alan dostlarının və tanışlarının köməyi ilə yoxlama məntəqələrini adlayaraq nəhayət ki, quruya çıxa bildi.

Əvvəlcə birbaşa evlərinə yollandı. Ana-oğul həsrət içində qucaqlaşdılar. Bir-birilərinə elə bərk-bərk sarıldılar ki, neçə vaxtdır duymadıqları qoxularını doya-doya ciyərlərinə çəkə bilsinlər. Hər zaman ancaq yaxşı şeylər haqqında düşünən ana bu vəziyyətdən şübhələnmişdi. Ona görə də maraq və nigaranlıqla soruşdu:

– Bura gəlməyə necə cəsarət etdin, oğlum? Həm də necə gəldin? Belə edəndə padşahımızın əmrindən çıxmış olmazsan ki?

– Narahat olma, ana, mən bura gəlməliydim. Başqa yolum yox idi. Ona görə də gəldim. Padşahımızın kim olduğunu isə indi olmasa da, mütləq bu yaxınlarda görəcəksən.

O zamanlar ordu içində istibdad idarəsinə qarşı narazılığın yetərincə genişləndiyi vaxtlar idi. Mustafa Kamal bunu bilirdi. Elə bundan da istifadə etmək fikrində idi. Amma hələlik bir müddət evindən çıxmamaq qərarına gəldi. Belə lazım idi. Onun üçün də Selanikə gəlişini heç kim hiss etməmişdi.

Mustafa Kamal hələ Şamda olarkən Selanikdəki paşalardan biri ilə gizlicə məktublaşırdı. Onun timsalında özünə inqilabçı dost tapacağına ümid edirdi. Hər halda, onun belə bir insan olduğunu söyləmişdilər. Ona görə də bir gecə Mustafa Kamal gizlicə evdən çıxaraq onun evinə yollandı.

Amma paşanın yanına çıxa bilmək üçün bir az əziyyət çəkməli oldu. Çünki gecə vaxtı gələn qonağı içəri buraxmaq istəmirdilər. Bir az çək-çevirdən sonra, nəhayət, ki içəri keçə bildi. Söhbətə başlar-başlamaz özü haqqında məlumat verdi, özünü xatırlatmağa çalışdı.

– Paşam. Mən sizə Suriyadan tez-tez məktub yazırdım. Xatirinizdədirsə, o məktublarda inqilaba təşəbbüs etdiyimizdən söz açmışdım. Sizin bu sahədə böyük xidmətlərinizin ola biləcəyini düşünürdüm. Halbuki indi məndən çəkindiyinizi görürəm. Hər halda, bir dəfə də yanınıza gəlmək istədim. Siz nə təklif edirsiniz? İndi mən neyləməliyəm?

Paşa narahatlıq içərisində dilləndi:

– Mən heç nə edə bilmərəm. Ancaq bil ki, sənin etdiyin bu işə müsbət yanaşıram. Yeganə xahişim budur ki, çalış məni bu məsələyə qatma. Məni oda salma!

Mustafa Kamal paşanın adını hallandırmayacağına, bu məsələlərə qatmayacağına söz verdi, amma bir az incimiş halda evinə qayıtdı. Həmin gecə sabaha qədər gözünə yuxu getmədi. Nə edəcəyini, necə davranacağını bilmirdi. Ən əsası da odur ki, işə hardan və necə başlayacağı haqda təsəvvürü belə yox idi. Dayanmadan elə bu haqda düşünürdü.

 

Bütün gecəni yatmadı. Səhər açılar-açılmaz isə qərarını verdi. Zabit paltarını geyinərək Ordu Dairəsinin qarşısına yollandı və orada yaxından tanıdığı bir polkovnikin gəlməsini gözlədi. Çox gözləməli olmadı. Polkovnik uzaqdan göründü. Gəldiyini görən kimi, Mustafa Kamal onun qarşısını kəsib soruşdu:

– Məni tanıdınızmı?

Polkovnik zəndlə onu süzüb:

– Tanıya bilmədim, oğlum, – dedi.

Mustafa Kamal özünü təqdim etdi:

– Mən Selanikdə əsgər məktəbində oxuyarkən bir neçə dəfə yoxlamaya gəlmişdiniz. Yadınızdadır, hərbi məktəbi bitirdikdən sonra İstanbulda Kuleli İdadisinə girmək istəyirdim, amma siz buna razılıq vermədiniz. "Manastırda daha yaxşı yetişə bilərsən", – dediniz. Sonra da məni Manastır İdadisinə göndərdiniz. İndi xatırladınızmı?

Polkovnik hafizəsini bir az qurdaladıqdan sonra nəhayət ki, onu tanıdı. Mustafa Kamal bundan sonra sözünə belə davam etdi:

– Sizin dediyiniz kimi də oldu. Mən həqiqətən də orada daha yaxşı yetişə bildim. Ancaq indi bir fəlakətlə burun-burunayam. Sizi namuslu adam kimi tanıdığım üçün hər şeyi olduğu kimi danışacaq, dərdimi necə varsa, eləcə də deyəcəyəm.

Mustafa Kamal polkovnik ilə içəri keçdi. Onun otağına gəldikdən sonra Yafadan necə qaçdığını, məqsədinin nə olduğunu danışdı. Özü də heç bir şeyi, hətta inqilab etmək istəyini belə gizlətmədən…

Polkovnik onun danışdıqlarını dinlədikdən sonra dedi:

– Sən buraya hər şeyi yıxıb, darmadağın edib gəlmisən ki?!.

Sonra da əlavə etdi:

– İndi mən sənin üçün neyləyə bilərəm, oğlum, söylə.

– Mənim məmləkət üçün fayda verəcək hala gəldiyimi yəqin ki, özünüz də görürsünüz. Amma indi, bu an mənə kömək etməsəniz, məsləyim də, həyatım da təhlükə altında qalacaq.

Polkovnik ölkədəki gedişatın yaxşı olmadığını anlayan və inqilabın baş verməsini arzulayan vətənsevər insanlardan biri idi. Ona görə də Mustafa Kamala dedi:

– Marşallığa bir ərizə yazın. Xəstə olduğunuzu bildirərək hava dəyişimi ilə əlaqədar yerinizin dəyişdirilməsini istədiyinizi söyləyin. Ancaq altından yalnız "Yüzbaşı Mustafa Kamal" imzasını qoyun. Ərizəniz əvvəlcə Səhiyyə İdarəsinə göndəriləcək, mən də o zamana kimi səhiyyənin rəisini görəcəyəm. Danışaram onunla… Görək də… neyləyə bilirik.

Beləcə Mustafa Kamal Selanikdə qaldığı müddətcə dörd aylıq xəstəlik kağızı almağa müəssər oldu.

Artıq gizlənməyə ehtiyac yox idi. O, sərbəst şəkildə hər yerə gedib-gələ bilir, müxtəlif insanlarla görüşürdü. Bu fürsətdən də istifadə edərək cidd-cəhdlə məqsədinə çatmaq üçün çalışırdı.

O zamanlar mərkəzi Parisdə yerləşən "İttihad və tərəqqi" cəmiyyəti "Məşrutiyət" adlı qəzet çıxarır, gizli yollarla müxtəlif bölgələrə adamlar göndərərək ölkə içində təşkilatlanma aparırdı.

İttihadçıların ən çox çalışdıqları və öz ətraflarına xeyli adam topladıqları bölgə Makedoniya, xüsusilə də Selanik idi.

Mustafa Kamal da "Vətən və hürriyyət" cəmiyyətində özlərinə xeyli tərəfdaş toplaya bilmişdi. Adətən cəmiyyətin üzvləri Mustafa Kamalın dostlarından birinin evində yığışırdılar. İlk andiçmə mərasimi də elə bu evdə baş tutmuşdu. Mustafa Kamal silah üzərində and içilməsini təklif etmiş, stolun üstünə bir tapança qoyaraq demişdir:

– Yoldaşlar, biz bu silaha and içirik, burada bir-birimizə verdiyimiz söz inqilab sözüdür. İnqilabın olması üçün isə lazım gəldiyində silahdan da istifadə etməkdən çəkinməyəcəyik.

Ancaq bir məsələ vardı ki, Mustafa Kamalın Yafadan qaçdığını İstanbulda eşitmişdilər. Həm haraya getdiyinin araşdırılması üçün Suriyaya, həm də əgər gəlibsə, həbs olunması üçün Selanikə əmr göndərilmişdi.

O Selanikə gəldiyi zaman hiss olunmadan paraxoddan düşməsinə kömək edən mərkəz komandiri bu barədə eşidən kimi Mustafa Kamala xəbər göndərdi. Mustafa Kamal yenə də gizli şəkildə Selanikdən çıxaraq Yafaya qayıda bildi. O zaman Yafa komandiri Mustafa Kamalın harada olması ilə bağlı ona verilən suala əvvəlcədən razılaşdırıldığı kimi belə cavab vermişdi:

– Mustafa Kamal Misir sərhəddində Birus-Sebi tərəflərə göndərilib. Orada camaat arasında baş qaldıranlar vardı. Yəni vəziyyəti sakitləşdirmək üçün gedib.

Həqiqətən də həmin ərəfələrdə orada bir Akabe problemi çıxmışdı. Sərhəddə vəziyyət pis idi. Mustafa Kamal geri qayıdan kimi tələm-tələsik Yafada arası kəsilmədən haqqında söhbət gedən həmin yerə yollandı və tez bir zamanda unuduldu. Sonra topçuluq təcrübəsi keçmək üçün yenidən Şama qayıtdı. Təcrübə bitən kimi isə kolağası rütbəsi alaraq Beşinci Ordu Qərargah Dairəsinə təyin olundu.

Mustafa Kamal Suriyada təxminən iki il yarım, ya da iki ilə qədər qaldı. Nəhayət, Makedoniyaya göndərilməsi ilə bağlı ərizə yazdı. Min doqquz yüz yeddinci ilin sentyabr ayında onu Üçüncü Orduya təyin etdilər.

Hələ Selanikə gəlib çıxmamışdı, amma Üçüncü Ordu marşallığı artıq ona Manastırda vəzifə ayırmışdı.

Bir dəfə – bu, Mustafa Kamalın Selanikə gəldiyi zaman idi – bir təsadüf nəticəsində o, ordu marşalı ilə eyni zamanda hansısa alayın təftişində iştirak edirdi. Burada marşalın diqqətini çəkdi və mərkəzdə onun daha faydalı ola biləcəyini anlayaraq Selanikə çağırılması qərarını verdilər.

Mustafa Kamal Selanikdə "Vətən və hürriyyət" cəmiyyətinin "İttihad və tərəqqi" yə birləşdirildiyini gördü.

O, bir tərəfdən Ordu Qərargah Dairəsində çalışır, bir tərəfdən də "İttihad və tərəqqi" cəmiyyətinin mərkəzində işləri yoluna qoymaq üçün əlləşirdi.

Bir müddət sonra ordunun bəzi zabitlərinin dağa qalxaraq silahlı dəstələrə qoşulması, Üçüncü Ordunun daxilində baş verən qarışıqlıq, bir tərəfdən də "İttihad və tərəqqi" cəmiyyətinin təhriki və təklifi ilə saraya təhdidlə dolu teleqramların göndərilməsi hadisələrin axarını dəyişdi. Sultan Hamid min doqquz yüz səkkizinci il iyul ayının iyirmi üçündə məşrutə[14] elan etmək məcburiyyətində qaldı.

12Bir görüşə, bir inanışa kor-koranə bağlanan insan.
13Dini qaydalara bütünlüklə əməl etmək.
14Bir hökmdarın rəhbərliyi altında millət məclisi ilə idarə edilən dövlət sistemi.
You have finished the free preview. Would you like to read more?