Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Qorxu vadisi»

Font:

1

– Mənə elə gəlir…

– Fikirləşin, fikirləşin, – Şerlok Holms mənə baxmadan dedi.

Nə qədər səbirli adam olsam da, onun etinasızlığı mənə toxundu.

– Qulaq asın, Holms, mənim də səbrimin bir həddi var.

Ancaq o məni eşidəsi halda deyildi, başı poçtla gələn məktuba qarışmışdı. Əvvəl zərfdən çıxardığı vərəqi, sonra zərfin özünü diqqətlə gözdən keçirdi.

– Porlokun xəttidir, – fikirli-fikirli dedi. – Ancaq məktubu Porlok yazıbsa, burda nəsə mühüm xəbər olmalıdır. Gərək yubanmadan oxuyaq.

– Porlok kimdir?

– “Porlok” onun ləqəbidir, Uotson, bu adamın arxasında isə çox hiyləgər, zirək bir şəxs dayanır. Əvvəlki məktubunda Porlok adının uydurma olduğunu bildirmişdi, xahiş etmişdi ki, onu axtarmayım. Mənə onun arxasındakı adam lazımdır. Moriartinin peşəsi haqqında sizə dəfələrlə danışmışam.

– Elədir. Həm alim, həm də cinayətkar və məkrli planlar qurmağın ustası…

– Ona məğlub olmağımı hələ də unuda bilmirəm… Ancaq Moriartini cinayətkar adlandırmaqla siz də qanunu pozursunuz. Buna iftira atmaq deyirlər. Əslində, bu adam ən qorxulu canilərdən biri, az qala bütün cinayətlərin təşkilatçısıdır. Əsassız ittihama görə sizi hətta məhkəməyə verə bilər. Bu adam dahidir, Uotson! Ancaq gec-tez biz də qələbəni bayram edəcəyik!

– Həmin günü görməyi çox istəyərdim! – dedim. – Ancaq siz Porlokdan danışırdınız…

– Ah, hə… Porlok bu qeyri-adi insanın yaratdığı uzun zəncirin yalnız bir halqasıdır. Həm də ikincidərəcəli halqadır. Pul qarşılığında o mənə iki dəfə mühüm məlumat ötürüb. Bunun sayəsində də cinayətin qarşısı alınıb. Əgər şifrin açarını tapa bilsək, bu məktubun da elə məlumatlardan biri olacağına inanıram.

Holms məktubu açıb stolun üstünə qoydu. Kağızda aşağıdakılar yazılmışdı:

534 S2 13 127 36 31 4 17 21 45

Duqlas 109 293 5 37 Birlstoun.

26 Birlstoun 9 18 171

– Bu haqda nə fikirləşirsiniz, Holms?

– Yəqin, hansısa məxfi məlumatı xəbər vermək istəyir.

– Amma açar yoxdursa, şifrli məktubun nə faydası?

– Aydın məsələdir ki, şifri hansısa kitabın səhifələrində çözmək mümkün olacaq. Ancaq kitabın adını bilməyincə mən gücsüzəm.

– Bəs “Duqlas” və “Birlstoun” sözlərinin mənası nədir?

– Görünür, həmin sözlərin mənası bu kağızda yoxdur, əziz Uotson. Çünki şifrli məktubla açarı heç vaxt eyni zərfdə göndərməzlər. Tezliklə ikinci məktubu almasaq, çox təəccüblənərəm.

Doğrudan da, bir neçə dəqiqədən sonra Billi ikinci məktubu gətirdi. Ancaq Holms məktubu oxuyub başını buladı:

– Bizim ehtimalımız özünü doğrultmadı. Qulaq asın, Uotson!

“Hörmətli mister Holms, artıq sizə kömək eləyə bilməyəcəyəm. O məndən şübhələnib. Zərfin üstünə ünvanı yazanda qəfil otağıma girdi. Zərfi gizlətməyə çalışsam da, şübhələndiyini hiss etdim. Şifrli məktubu yandırın, indi onun sizə heç bir faydası yoxdur.

Fred Porlok”.

Holms əlində məktub bir müddət dinməzcə oturdu.

– Onun qorxduğu şəxs, yəqin ki, professor Moriartidir?

– Buna şübhə yoxdur. Dəstənin başında “O” durur.

– Bəs Porlok qorxduğu halda niyə məktub göndərib?

– Ondan izahat tələb edib pis vəziyyətdə qoyacağımdan qorxub.

– Doğrudur, – deyib şifrli məktubu əlimə götürdüm. – Fikirləşəndə ki bu bir parça kağızda mühüm sirr var, sən də onu oxuya bilmirsən, az qalır adam havalana.

Şerlok Holms dərin düşüncələrinin yol yoldaşı olan qəlyanını yandırdı.

– Həmin adam hansısa kitaba işarə edir, çıxış nöqtəsi budur. Şifrləmə böyük rəqəmlə – beş yüz otuz dördlə başlayır. Güman edək ki, söhbət şifrin açarı olan səhifədən gedir. Deməli, kitab qalındır. Növbəti işarə – S2-dir. Bu barədə nə deyə bilərsiniz?

– “İkinci fəsil”.

– İnandırıcı deyil, Uotson. Əgər beş yüz otuz dördüncü səhifə ikinci fəslə aiddirsə, onda birinci fəsil xeyli böyük olmalıdır.

– Sütun! – tələsik dedim.

– Əhsən, Uotson! Deməli, söhbət iki sütunda çap olunan qalın kitabdan gedir, üstəlik də sözlərdən biri 293 rəqəmi ilə göstərilib. İndi belə fərziyyə irəli sürək. Əgər nadir tapılan kitab olsaydı, Porlok onu mənə dərhal göndərərdi. Bu isə o deməkdir ki, həmin kitabı asanlıqla öz evimdə də tapa bilərəm. Uotson, söhbət geniş yayılan kitabdan gedir.

– Bibliya! – sevincək dedim.

– Yaxşı fikir olsa da, bu fərziyyə aradan qalxır. Moriartinin tərəfdarlarından birini əlində Bibliya təsəvvür etmək çətindir. Bundan başqa, Bibliyanın həddindən çox nəşrləri var, səhifələri eyni cür nömrələnmiş nüsxə məndə olmaya da bilərdi. O, adətən, hamıda olan kitaba işarə edir.

– İllik məcmuə.


– Əhsən, Uotson! Götürək “Uaytekerin illik məcmuəsi”ni. O çox yayılmış məcmuədir. Onda lazımi qədər səhifə var, həm də iki sütunla çap olunur. – Holms kitab rəfindən məcmuəni götürdü. – İndi görək beş yüz otuz dördüncü səhifədə nə yazılıb. On üçüncü söz – “məlumat”, yüz iyirmi yedinci söz – “var”. Bu çox şeydən xəbər verir. – Holmsun gözləri həyəcanla parıldadı. – “Çox tezliklə”. Əla! Uotson, yazın: “məlumat var – çox tezliklə – hansısa – varlı mülkədar”. Sonra “Duqlas” adı gəlir. İndi də “Birlstoun qəsri” – “təhlükə gözləyir”.

Mən Holmsun diktəsi ilə yazdığım kağızdan gözümü çəkə bilmirdim: “Məlumat var, çox tezliklə Duqlas adlı mülkədarı Birlstoun qəsrində təhlükə gözləyir”.

Şerlok Holms öz şedevrinə heyranlıqla baxan sənətkara oxşayırdı. Bu vaxt Bill Skotland-Yarddan inspektor Makdonaldın gəldiyini xəbər verdi.

Alek Makdonald o vaxt hələ indiki kimi məşhur deyildi. Polisdə işlədiyi zaman Holms artıq iki dəfə onun dadına çatmışdı. Şotlandiyalı Holmsa hörmətlə yanaşır, çətinliyə düşəndə onunla məsləhətləşirdi.

Holms onu görüb gülümsədi:

– Çox erkən gəlmisiniz, mister Mak. Görünür, qeyri-adi hadisə baş verib.

Gənc inspektorun gözü birdən stolun üstündəki kağız parçasına sataşdı.

– “Duqlas…” – mızıldadı. – “Birlstoun”! Bu nə deməkdir, bu adları hardan götürmüsünüz?

– Doktor Uotsonla indicə şifrini çözdüyümüz məktubdan. Nə olub ki?

İnspektor hələ də heyrətlə bizə baxırdı:

– Birlstoun malikanəsində yaşayan mister Duqlas bu gecə vəhşicəsinə öldürülüb.

2

– Əla! – Holms bir as susandan sonra dedi. – Çox gözəl!

– Sizi, deyəsən, bu xəbər heyrətləndirmədi?

– Mənə maraqlı gəldi, cənab Mak. Bir şəxsi təhlükə gözlədiyi barədə xəbər almışdım. İndi isə onun qətlə yetirildiyini eşidirəm.

Holms inspektora şifrli məktub haqqında danışdı. Makdonald ona diqqətlə qulaq asırdı.

– Mən Birlstouna yola düşməyə hazırlaşıram. İstəyirəm mənə yoldaşlıq eləyəsiniz. Ancaq belə çıxır ki, işi Londonda daha asanlıqla çözə bilərik. Məlumatı sizə ötürən şəxsi tutmaq kifayətdir.

– Özünü Porlok adlandıran bu adamı axı necə tutmaq istəyirsiniz?

Makdonald Holmsdan aldığı zərfi gözdən keçirdi.

– Deyirsiniz ki, ona iki dəfə pul göndərmisiniz. Bankdan pulu kimin aldığı ilə maraqlanmamısınız?

– Yox. Mən verdiyim sözü tuturam. Elə ilk məktubdan sonra söz verdim ki, onu axtarmayacağam.

– Sizə elə gəlir, o, əhəmiyyətsiz bir adamdır, arxasında daha mühüm bir şəxs durur?

– Mənə elə gəlmir, mən bunu bilirəm.

– Haqqında sizdən eşitdiyim professoru nəzərdə tutursunuz?

– Məhz onu.

– Sizdən nə gizlədim, mister Holms, Skotland-Yardda belə hesab edirlər ki, professora nahaq yerə kin bəsləyirsiniz. Onun haqqında bəzi məlumatlar toplamışam: istedadlı alim, hörmətli insan kimi tanınıb.

– Onun istedadlı olduğunu etiraf etdiyiniz üçün çox şadam.

– Ona olan münasibətinizi öyrənəndən sonra bu şəxslə görüşmək qərarına gəldim. Alicənab adam təsiri bağışladı, əsl nazirə oxşayırdı. Xudahafizləşəndə əlini çiynimə qoydu, elə bil ata həyata atılmağa hazırlaşan oğluna xeyir-dua verirdi.

Holms istehza ilə gülümsədi.

– Çox gözəl! – o dedi. – Əziz Makdonald, bu xoş söhbət professorun kabinetində olurdu?

– Bəli.

– Gözəl otaqdır, elədir?

– Elədir.

– Professorun başının üstündən asılmış tabloya fikir verdiniz?

– Əlbəttə, bir qızın portreti idi.

– Bu şəkli on səkkizinci əsrdə yaşamış məşhur fransız rəssamı Jan Batist Qrez çəkib.

Makdonald xəfifcə gülümsədi:

– Çoxdan vəfat etmiş rəssamla Birlstounda baş verən hadisə arasında nə əlaqə ola bilər?

– Bu yaxınlarda Qrezin məşhur bir əsəri hərracda bir milyon iki yüz min franka1 satılıb. Xatırlatmaq istəyirəm ki, professor Moriarti ildə yeddi yüz min frank alır.

– Belə isə onu necə ala bilib… Davam edin, mister Holms. Bu məni çox maraqlandırdı.

– Bəs Birlstoun necə olsun? – Holms gülümsəyərək soruşdu.

– Hələ vaxtımız var, – inspektor saatına baxdı. – Qapınızın ağzında məni keb2 gözləyir, iyirmi dəqiqəyə bizi vağzala çatdırar. Bu tabloya gəlincə isə… Mister Holms, axı bir dəfə demişdiniz ki, professor Moriartinin yanında heç vaxt olmamısınız?

– Doğrudur.

– Bəs onun kabinetindəki şəraitlə hardan tanışsınız?

– Bu başqa məsələdir. Dəvət almadan üç dəfə onun mənzilində olmuşam. Müxtəlif bəhanələrlə gözləyib o gələnə qədər getmişəm. Güman edirəm ki, çox varlı adamdır. Bəs bu sərvəti necə toplayıb?

– Fikirləşirsiniz ki, sərvətini qeyri-qanuni yollarla qazanıb?

– Əlbəttə. Onlarla nazik tel zəhərli məxluqun olduğu hörümçək torunun mərkəzinə uzanır. Həmin zəhərli məxluq professor Moriartidir. Onun altı müxtəlif bankda hesabı var. Öz sərvəti haqqında söz-sohbət olmasını istəmir. Gərək onun nə qədər pulu olduğunu heç kim bilməsin. Güman edirəm ki, pullarının çox hissəsini xarici banklarda saxlayır.

Makdonald diqqətlə qulaq assa da, dostunun sözünü kəsməyə məcbur oldu:

– Mister Holms, siz bir qədər mövzudan yayındınız. Hazırda yalnız onu bilirik ki, professorla Birlstoundakı qətl arasında nəsə bir əlaqə var. Porlokdan aldığınız məlumata əsasən bu nəticəyə gəlmək olar. Bu barədə başqa nə fikir yürüdə bilərik?

– Cinayətin səbəbləri barədə bir neçə fərziyyə irəli sürmək olar. Ancaq bütün suallara cavabı Birlstounda axtarmalıyıq.

– Elədirsə, Birlstouna gedirik! – Makdonald tələsik ayağa durdu.

3

Hadisənin baş verdiyi Birlstoun Londonun şimalında yerləşir. Şəhər mərkəzindən yarım mil uzaqlıqda isə qədim malikanə ucalır. Malikanəni əhatə eləyən iki xəndəkdən biri su ilə doldurulub. Ona görə malikanənin yeganə girişi gecələr qaldırılan, səhər endirilən asma körpüdəndi. Gecələr malikanə, bir növ, adaya çevrilir. Bu faktın tez bir zamanda bütün İngiltərənin diqqətini cəlb edən sirli hadisə ilə birbaşa əlaqəsi var.

Malikanədə yaşayan ailə iki nəfərdən – Con Duqlas və onun arvadından ibarətdi. Deyilənlərə görə, Duqlas əlli yaşlarında, boy-buxunlu, qətiyyət yağan sifəti, sərt baxışı, ağ saqqalı olan bir adamdı. Hamıyla mehriban münasibət saxlayırdı, ancaq hərəkətləri belə bir təəssürat yaradırdı ki, sanki keçmişdə nisbətən aşağı təbəqənin insanları ilə oturub-durmağa məcbur olub. Onun kifayət qədər qızılı vardı; deyilənə görə, Kaliforniyadakı yataqlardan əldə etmişdi.

Missis Duqlas qapalı həyat tərzi sürürdü. Məlumdu ki, Duqlasla Londonda, o, dul qalandan sonra tanış olmuşdular. Gözəl, qamətli, əsmər, ərindən iyirmi yaş kiçik bir qadındı. Bu yaş fərqi onların xoşbəxtliyinə kölgə salmırdı. Ər-arvad arasında qarşılıqlı etibar olmadığını yalnız ən yaxın adamlar bilirdilər. Buna da səbəb ərinin keçmişi barədə nələrdənsə missis Duqlasın xəbər tutması olmuşdu. Bundan başqa, əri evə gec qayıdanda missis Duqlas açıq-aşkar həyəcanlanırmış.

Faciə baş verdiyi gün malikanədə bir şəxs də olmuşdu. Sesil Berker evin istəkli qonaqlarındandı. Danışırdılar ki, mister Duqlasın sirli keçmişindən yalnız onun xəbəri var. Berkerin dediyinə görə, onlar Amerikada tanış olublar və birlikdə çətin günlərdən keçiblər. Berker varlı adam təsiri bağışlayırdı. O, yaşca Duqlasdan kiçik idi, qırx beş yaşı olardı, təmiz qırxılmış sifəti, qalın, qara qaşları vardı. Vaxtını Duqlas, ya onun arvadı ilə gəzintilərdə keçirirmiş. Duqlasdan savayı, Berker onun arvadı ilə də çox yaxın münasibət saxlayırmış, bu da Duqlasın xoşuna gəlmirmiş. Xidmətçilərdən isə eşikağası Emsin və missis Duqlasa ev işlərində kömək eləyən gülərüz qulluqçu missis Allenin adlarını çəkmək olar.

Serjant Uilsonun rəhbərlik etdiyi yerli polis məntəqəsi baş vermiş cinayət haqqında məlumat alanda yanvarın altısıydı, gecə saat on ikiyə az qalmışdı. Beker son dərəcə həyəcanlanmış halda mister Duqlasın qətl edildiyini xəbər verib dərhal da malikanəyə qayıtmışdı. Tezliklə cinayət yerinə polis serjantı getmişdi. Serjant asma körpünün endirildiyini, pəncərədən gur işıq gəldiyini görüb. Qorxmuş eşikağası qapının ağzında dayanıbmış. Sesil Berker ona arxasınca gəlməyi xahiş edib.

Sonra doktor Vud özünü yetirib. Hər üç kişi hadisə baş verən otağa daxil olub. Duqlas arxası üstə uzanıbmış. Doktorun gəlişinə ehtiyac olmadığı elə ilk baxışdan aydın olub.

Qətlə yetirilən eybəcər hala salınmışdı. Sinəsində lülələri bir fut kəsilmiş qoşalülə ov tüfəngi var idi. Atəş yaxın məsafədən açıldığından güllə qafa tasını parça-parça etmişdi. Eyni vaxtda atəş açmaq üçün tətiklər məftillə bir-birinə bağlanmışdı.



– Burda heç nəyə toxunulmayıb, – Sesil Berker dedi. – Mən güllə səsini eşidəndə saat on ikinin yarısını vurmuşdu. Hələ paltarımı soyunmamışdım, öz yataq otağımda buxarının qarşısında oturmuşdum. Səs boğuq çıxdı. Dərhal aşağı cumdum. Heç otuz saniyə keçməmiş artıq Duqlasın otağındaydım.

– Qapı açıq idi?

– Bəli. Stolun üstündə şam yanırdı.

– Heç kimi görmədiniz?

– Yox. Missis Duqlasın pilləkəndən endiyini eşidib qarşısını kəsməyə tələsdim. Qulluqçu Allen gəlib onu apardı. Sonra Emslə yenə bura qayıtdım.

– Məgər körpü bütün gecə ərzində qaldırılmış olmur?

– Bu gecə də qaldırılmışdı, onu sonra mən endirtdim.

– Onda qatil necə qaçıb gizlənə bilərdi? Yəqin, mister Duqlas intihar eləyib.

– Mən də əvvəl belə fikirləşdim. Ancaq baxın, – Berker pərdəni çəkdi: pəncərə taybatay açıq idi. – Hələ buna da baxın! – Pəncərə altlığındakı çəkmə izinə oxşayan qanlı ləkəni göstərdi: – Kimsə qaçanda ayağını bura qoyub.

– Fikirləşirsiniz ki, xəndəkdən adlayıb?

– Başqa cür mümkün deyil.

– Əgər siz qətldən yarım dəqiqə sonra otağa gəlmisinizsə, qatil həmin vaxt suda olmalıydı.

– Mən buna əminəm. Təəssüf ki, pəncərəyə tərəf qaçıb pərdələri çəkmək ağlıma gəlmədi. Sonra missis Duqlasın addım səslərini eşitdim; onun içəri girib bu dəhşəti görməsinə imkan verə bilməzdim.

– Bəs körpü qaldırılmışdısa, qatil evə necə girib?

– Bu suala cavab verməkdə acizəm, – Berker dedi.

– Körpü saat neçədə qaldırılıb?

– Təxminən saat altıda, – Ems cavab verdi. – Mister Duqlasın qonaqları vardı. Onlar gedənə qədər körpünü qaldıra bilməzdim.

– Demək, qatil kənardan gəlib körpünü saat altıya qədər keçməliydi, mister Duqlas saat on birdən sonra öz otağına gələnə qədər isə pusquda gözləməliydi… – Birdən serjant meyitin yanındakı kağızı gördü. Kağızda “V.V.”, onun altında isə “341” yazılmışdı. – Bu nə olan şeydir?

– Mən də indi görürəm, – Berker maraqla kağıza baxdı. – Yəqin, qatil əlindən salıb.

– “V.V. 341”? Heç nə başa düşmürəm. – Serjant kağızı əlində fırladı. – Özgə nə tapılıb?

Berker xalçanın üstünə atılmış ağır çəkici göstərdi.

– Mister Duqlas dünən tabloların yerini dəyişirdi.

– Heç nəyə toxunmayın, – serjant əmr etdi. Sonra pərdəni çəkib həyəcanla dedi. – Pərdələr saat neçədə salınıb?

– İşıqlar yandırılanda, – eşikağası dedi, – saat dörddən sonra.

– Kimsə burda gözləyib, – serjant küncdəki çirkli çəkmə izini göstərdi. – Mister Berker, belə çıxır ki, qatil evə pərdələr salınanda, ancaq hələ körpü qaldırılmamış, saat dördlə altı arasında girib. Otaqda gizlənməyə yer olmadığından pərdənin arxasında daldalanıb.

– Biz vaxt itirmirik? – Berker soruşdu. – Qatil gizlənməyə macal tapmamış ətrafı axtarsaq, yaxşı olmazmı?

Serjant bir az fikrə getdi:

– Burdan altıdan tez gedən qatar yoxdur, deməli, qatarla gedə bilməz. Əgər yolla getsə, çirkli çəkməsi diqqət çəkərdi.

Doktor diqqətlə cəsədi gözdən keçirirdi.

– Bu işarə nə deməkdir? – soruşdu. – Bunun cinayətlə bir əlaqəsi ola bilərmi? – Öldürülən adamın xalatdan çıxan sağ qolunda qəribə işarə vardı: dairənin içində üçbucaq. – Bu, döymə deyil. Heyvanlara vurulan damğa kimi bir şeydir.

– Bu işarədən Duqlasın da qolunda var idi, – Berker dilləndi.

– Mən də görmüşəm, – eşikağası onun sözünü təsdiqlədi. – Ağa hər dəfə qolunu çırmalayanda bu qəribə damğa gözümə sataşırdı.

– Deməli, bu işarənin qətllə heç bir əlaqəsi yoxdur, – serjant Uilson dedi. – Daha nə var?

– Qatil onun nişan üzüyünü çıxarıb, – eşikağası öldürülən adamın əlini göstərdi. – Mister Duqlas nişan üzüyünü sol əlinin çeçələ barmağında gəzdirirdi. Bax bu qızıl üzüyü isə onun üstündən taxırdı.

– Onda qatil əvvəl qızıl üzüyü, sonra nişan üzüyünü çıxarıb, sonra da qızıl üzüyü təzədən onun barmağına taxıb?

– Elə görünür, – Berker dedi.

Uilson başını buladı:

– Bu işi Londona nə qədər tez ötürsək, bizim üçün bir o qədər yaxşı olar. Bu qəliz iş bizim qüvvəmiz xaricindədir.

1.Frank – Fransada pul vahidi
2.Keb – taksi xidməti göstərən avtomobil

The free excerpt has ended.

Age restriction:
6+
Release date on Litres:
07 October 2022
Volume:
6 p. 11 illustrations
ISBN:
9789952244052
Copyright holder:
Altun Kitab / Алтын Китаб

Other books by the author