Read the book: «Duel»

Font::

I

Səhər saat səkkiz idi. Zabitlər, məmurlar, bura gəzməyə gəlmiş əcnəbilər bürkülü, boğanaq gecənin ardınca, adətən, bu vaxt dənizə girir, sonra da çay, qəhvə içmək üçün kazinolara dağılışırdılar.

Başında Maliyyə Nazirliyinin furajkası, ayaqları çəkələkli, iyirmi səkkiz yaşlarında zəif, sarışın bir gənc olan İvan Andreyeviç Layevski sahildə rastına çıxan tanışlarının arasında dostu hərbi həkim Samoylenko ilə də qarşılaşdı.

Qırxılmış yekə başı, qısa boynu, qırmızı sifəti, qara qaşları olan, iri burunlu, bozumtul bakenbardlı, şişman, yekəqarın Samoylenkonun hərbçilərə xas zil, ötkəm səsi vardı. Bu tərəflərə yeni gələnlərə ilk başda qaba, hay-küyçü adam təsiri bağışlasa da, getdikcə hamının gözündə mülayim, sevimli, hətta gözəl surətli adama çevrilirdi. Kobudluğuna, səs tonundakı sərtliyə baxmayaraq, üzüyola, ürəyitəmiz, inanılmaz dərəcədə yaxşı insan idi. Hamının yardımına tələsərdi, qəsəbədə demək olar ki, sənli-mənli münasibətdə olmadığı kimsə yox idi. Dostlarına borc verər, xəstələnəndə müalicə edər, evləndirər, barışdırar, şəhərətrafı gəzintilər təşkil edər, kabab çəkər, əla kefal şorbası1 bişirər, hər kəsin istəyini yerinə yetirməyə çalışardı; özü bacarmayanda başqalarına ağız açardı. Dostları üçün əsl sevinc qaynağı və ümumi rəyə görə də, qüsursuz bir adam idi. Ancaq qəhrəmanımızın iki zəif cəhəti vardı: birincisi, mülayim adam olmağından utanaraq sərt baxışları, süni qabalığı ilə bunu ört-basdır etməyə çalışması; ikincisi, sadəcə, beşinci dərəcəli dövlət məmuru olduğu halda, tabeçiliyindəki tibb işçilərindən, hərbi qulluqçulardan ona “əlahəzrət” deyə müraciət etmələrini tələb etməsi idi.

Su gəlib ikisinin də boğazına çatanda Layevski sözə başladı:

– Aleksandr Davidiç, mənim bir sualıma cavab ver; tutalım, bir qadını sevdin, bir yerdə yaşamağa başladınız. Deyək ki, iki ildən də çox. Sonra olar da, yavaş-yavaş soyuyursuz, bir-birinizə yad gəlməyə başlayırsız. Belə vəziyyətdə nə edərdin?

– Heç nə, sadə məsələdir ki…ürəyin hara istəyir, çıxıb gedirsən, vəssalam.

– Demək asandır, amma heç bir sığınacağı yoxdursa, yalnız, kimsəsiz bir qadındırsa? Qara qəpiyi də yoxdursa, heç harda işləyə bilmirsə?

– Elə şey olar?! Beş yüz rubl verərəm özünə, ya da hər ay iyirmi beş rubl yollayaram, qurtarar gedər.

– Belə deyək, lap beş yüz, ya da aylıq iyirmi beş rubl yardım etməyə də imkanın çatır, amma bu dediyim qadın da dünyagörmüş, qürurlu bir xanımdırsa? Ona pul təklif etməyə cəsarətin çatarmı? Üstəlik də, bunu necə edəcəksən ki?

Samoylenko cavab vermək istəyirdi ki, nəhəng bir dalğa ikisinin də başı üstündən aşıb sahilə çırpıldı, xırda daşların üzərindən şırıltı ilə süzülərək axıb getdi. Dostlar sahilə çıxıb geyinməyə başladı.

Samoylenko çəkməsinin içərisindəki qumları çırparaq:

– Əlbəttə, sevmədiyin qadınla yaşamaq ürəkaçan iş deyil, – dedi, – amma, ilk növbədə, insanlıqdır, Vanya. Sənin yerində mən olsaydım, soyuduğumu heç vəchlə büruzə verməzdim, ölənəcən yaşayardım o qadınla.

Birdən dediyindən utandı, həmin dəqiqə özünü yığışdırıb dedi:

– Mənim nə vecimə, istəyir qadınlar yerli-dibli yoxa çıxsın. Hamısının canı cəhənnəmə!

Geyinib kazinoya getdilər. Samoylenko kazinoda özünü evindəki kimi hiss edirdi, onun üçün burada, hətta xüsusi yemək dəsgahı da tərtib etmişdilər. Hər səhər ona məcməyidə bir fincan qəhvə, uzun, büllur bardaqda buzlu su və bir qədəh də konyak gətirirdilər. Əvvəlcə konyakı, sonra qaynar qəhvəni, axırda da buzlu suyu içərdi. Görünür, bu dəsgah əhvalına çox xoş təsir bağışlayırdı ki, içəndən sonra Samoylenkonun gözləri parlayar, hər iki əlilə bakenbardının haça uclarını oynadardı. Dənizə baxaraq:

– Gör nə füsunkar mənzərədir! – deyərdi.

Uzun, cansıxıcı gecədən, yuxusunu ərşə çəkən boğucu bürküdən və gecənin qaranlığını bir az da qatılaşdıran düşüncələrdən sonra Layevski özünü bitkin, gücsüz hiss edirdi. Dənizə girmək, qəhvə içmək də əhvalını yaxşılaşdırmamışdı.

– Gəl söhbətimizə qayıdaq, Aleksandr Davidıç, – dedi,– səndən gizlətməyəcəyəm, dost kimi açıq danışacağam hər şeyi. Nadejda Fyodorovna ilə aramız pisdir…çox pisdir! Başağrısı verirəmsə, üzrlü hesab et, amma danışıb ürəyimi boşaltmalıyam.

Söhbətin gəlib nəyə varacağını sezən Samoylenko göz süzdürdü, barmağı ilə masanı taqqıldatmağa başladı.

– İki il yaşadım onunla, indi daha sevmirəm… – Layevski davam etdi, – daha doğrusu, aramızda sevgi-zad olmadığını başa düşdüm. Bu iki il özünü aldatmaq idi.

Danışanda qırmızımtıl ovuclarını ovuşdurmaq, dırnaq gəmirmək, köynəyinin qollarını burmalamaq Layevskinin vərdişi idi. İndi də eyni şeyi edirdi.

– Özüm də yaxşı bilirəm ki, mənə bir köməyin dəyə bilməz, – dedi, – yenə də danışacağam hər şeyi, çünki bizim kimi bəxtsiz, lazımsız adamlar üçün danışmaqdan başqa nə təsəlli var ki?! Gərək axı hər hərəkətimə bir bəraət qazandıram, ədəbi mətnlərdə yazıldığı kimi: “Biz – rus əsilzadələri korlanmağa başlamışıq…”, yaxud bir başqa oxşar bəhanə uydurub başqalarının gözündə özümü təmizə çıxaram. Məsələn, keçən gecə uzun-uzadı düşünüb öz-özümə belə dedim: “Ah, Tolstoy nə qədər haqlıdır, hər kəlməsində haqlıdır!” Bu cür toxtadım bir az. Yeri gəlmişkən, dostumuz da böyük yazıçıdır ha! Kim nə deyir-desin!

Samoylenko Tolstoyu oxumamışdı, hər gün oxumağa niyyətlənirdi, utanıb-sıxılaraq:

– Bəli, – dedi, – yazıçılar, əslində, özündən uydurub yazır, amma o, hər şeyi həyatın özündən götürür.

– Aman Allah, – Layevski köks ötürdü, – bir gör, sivilizasiya bizi nə hala saldı! Evli bir qadını sevdim, o da mənə könül verdi. Əvvəl-əvvəl öpüşlərimiz, səssiz gecələrimiz, inanclarımız, Spenserlərimiz2, arzu-qayəmiz, ortaq məqsədlərimiz vardı. Sən bir yalana bax da! Əslində, onun ərindən qaçırdıq, ancaq özümüzü aldadırdıq ki, guya oxumuş adamın mənəvi boşluğundan qaçırıq. Gözümüzün önündə gələcək belə canlanırdı: Qafqaza gedəcəyik, oralara, o bölgənin adamlarına öyrəşənəcən mən əynimə mundir geyinib məmurluq edəcəyəm, sonra kənddə özümüzə torpaq alacağıq, bağ-bağat salaraq, tarla əkib-becərərək alın tərimizlə dolanacağıq. Mənim yerimdə sən, ya da sənin bu zooloqun fon Koren olsaydı, Nadejda Fyodorovna ilə cınqırı çıxmadan otuz il birlikdə yaşayar, varislərinizə də min hektarlıq taxıl zəmisi miras qoyardınız. Amma mən elə ilk gündən bataqlığa batdığımı anladım. Kəndin dözülməz istisi, can sıxıntısı, kimsəsizlik… Çöldə hər daşın altından bör-böcək, ilan-əqrəb çıxır. O üz yalın dağlar, bozqır…Yad insanlar, yabançı təbiət, cılız mədəniyyət… Bütün bunlar çiyninə kürk atıb Nadejda Fyodorovna ilə Nevski xiyabanında qol-boyun olub gəzməyə, isti diyarları xəyal etməyə bənzəməz. Burada gərək hər əngəllə ölüm-dirim savaşına çıxasan. Amma mən kim, döyüşçü olmaq kim?! Elə ilk gündən başa düşdüm ki, əməkçi həyat və bağ-bağça salmaq xəyallarını bir qırağa qoymalıyam. Məhəbbət məsələsinə gəldikdə isə sənə deyim ki, Spenser oxumuş, sevgisi uğrunda dünyanın o başınacan getməyi gözə alan bir qadınla yaşamaq sadə kəndli qızları Anfisa, ya da Akulina ilə yaşamaq kimi maraqsız bir şeydir. Eyni toz, ütü qoxusu, dərman iyi, hər səhər saç biqudisi3, özünüaldatma…

Layevskinin məhrəm bir qadın barəsində belə açıq-saçıq söz salmağından qızaran Samoylenko:

– Ütüsüz ev olmaz ki! – dedi, – Vanya, belə baxıram, bu gün sənin kefin yerində deyil. Mənim tanıdığım Nadejda Fyodorovna bilgili, mükəmməl bir qadındır, sən özün də böyük ağıl sahibisən, – qonşu masalara göz gəzdirib davam etdi, – düzdü, evli deyilsiniz, amma bunda bir qəbahət yoxdur. Evlilik məsələsində tələsmək yaramaz, müasir düşünmək lazımdır. Yenə də mən rəsmi nikah tərəfdarıyam, madam ki, birlikdə yaşayırsınız, ölənəcən də belə davam edin.

– Sevmədənmi?

– Bu dəqiqə izah edəcəyəm, nə deyirəm. Səkkiz il əvvəl buralarda bir xəfiyyə vardı, çox kəlləli adam idi. O deyirdi ki, ailə həyatında əsas şey qatlaşmaqdır. Eşidirsən, Vanya? Sevgi yox, qatlaşma! Sevgi sonsuzacan sürmür ki! İki il sevərək yaşamısınız, indi isə ailə həyatınız elə bir mərhələyə gəlib çatıb ki, ipi əlində bərk-bərk tutmaq üçün bacardıqca səbirli və dözümlü olmalısan.

– Sən yaşlı xəfiyyənin dediklərinə inanmağında ol, mənə görə, onun öyüd-nəsihəti cəfəngiyyatdır. Sənin bu xəfiyyəciyəzin ikiüzlülük edib səbir idmanı edə bilər, sevmədiyi bir adamı bu məşqlər üçün təcrübə dovşanı kimi istifadə edə bilər, mənsə hələ özümü o qədər yerə vurmamışam. Əgər səbir məşqi etmək istəsəydim, gimnastika alətləri alardım, ya da əhliləşdirilməmiş bir at. Əl çəksin bu filosofzadələr camaatın yaxasından!

Samoylenko buzlu ağ şərab sifariş etdi. Bir qədəh içdikdən sonra Layevski qəfildən soruşdu:

– Beyin iltihabı necə olur?

– Bu…necə başa salım?! Bu elə bir xəstəlikdir ki, beyin yumşalıb sulanır.

– Müalicəsi varmı?

– Xəstəlik şiddətlənməyə başlamayıbsa, var. Soyuq duş, köpəşik4 məlhəmlər, müxtəlif həblər qəbul etmək lazımdır.

– Bax, görürsən, mənim vəziyyətim də elədir. O qadınla bundan artıq yaşaya bilmərəm. Gücüm çatmaz. Haçan səninlə bir yerdə oluram, üzüm gülür, filosofluq edirəm, amma evdə az qalır, ürəyim partlasın. Canım boğaza yığılıb, biri desə ki, onunla bir ay da artıq yaşa, düz alnımın ortasından güllə ilə vuraram özümü. Bir tərəfdən də onu tək buraxmaq olmaz. Kimi-kimsəsi yox, əlindən bir iş gəlmir, nə məndə pul var, nə onda. Kimə sığınsın? Hara getsin? Düşünüb bir çarə tapa bilmirəm. Hə, de görüm, neyləyim?

Samoylenko söz üçün avara qalıb:

– Şey… O səni sevirmi? – deyə mızıldandı.

– O yaşda, o təbiətdə bir qadının kişini sevdiyi qədər. Məndən ayrılmaq ondan ötrü pudralarından, biqudilərindən ayrılmaq qədər zor bir şeydir, hər halda. Onun buduarının ayrılmaz parçası kimi bir şeyəm yəqin ki.

Samoylenko utandı.

– Bu gün çox kefsizsən, Vanya, görünür, gecəni yatmamısan…

– Hə, pis yatmışam. Dostum, axır vaxtlar, ümumiyyətlə, özümü yaxşı hiss etmirəm. Başımın içi arı pətəyi kimidir, ürəyim sıxılır… Baş götürüb qaçmaq lazımdır.

– Hara?

– Üzü şimala. Şam ağaclarına, göbələklərə tərəf. Yeni insanların, yeni düşüncələrin olduğu yerlərə. İnanırsanmı, bu dəqiqə Moskvada, ya da Tula əyalətində bir yerdə buz kimi bir çayda yuyunmaqdan ötrü ömrümün yarısını verərdim?! Ardınca da bayağı bir tələbə ilə üç saat laqqırtı vurasan. Hələ saman qoxusu! Xatırlayırsanmı? Gecələr bağçada gəzəndə evdən çölə piano səsi yayılır, uzaqdan qatarın gəlişi eşidilir…

Təsirləndiyi üçün gözündən yaş gəldi, bir yandan da gülümsəyirdi. Göz yaşlarını gizlətmək üçün yerindən qalxmadan qonşu masaya dönüb kibrit istədi.

Samoylenko:

– On səkkiz ildir ki, Rusiyaya getmirəm. Oranın necə bir yer olduğunu belə unutmuşam. Məncə, Qafqazdan gözəl məmləkət yoxdur.

– Vereşşaqinin5 bir tablosu var: dərin bir quyunun dibində ölümə məhkum edilmiş dustaqların iztirablarını təsvir edib. Sənin bu gözəl Qafqazın da, məncə, dibsiz quyu kimi bir şeydir. Mənə Peterburqda baca təmizləyən, yoxsa burada şahzadə olmaqdan birini seçməyi təklif etsəydilər, düşünmədən baca təmizləyən olmağı seçərdim.

Layevski bunu deyib düşüncələrə daldı. Samoylenko onun əyilmiş vücuduna, bir nöqtəyə zillənmiş gözlərinə, solğun, tərli yanaqlarına, batıq gicgahlarına, gəmirilmiş dırnaqlarına, yamaqlı corablarına, ayaq uclarından sallanmış çəkələklərinə baxaraq ürəyində dostuna acıyırdı. Layevski gözünə çarəsiz uşaq kimi görünürdü.

– Anan sağdırmı? – deyə soruşdu.

– Sağdır, amma aramız sərindir. Nadejda Fyodorovna ilə yaşamağımı bağışlamadı.

Samoylenko dostunu sevirdi. Layevskini birlikdə içki içiləcək, zarafatlaşacaq, içini paylaşacaq aydın, təhsilli bir gənc, təmiz insan gözündə görürdü. Bir yandan da Layevskidə Samoylenkonun anlayışla qarşıladığı bəzi xoşagəlməz cəhətlər də vardı. Əvvəla, yeri gəldi-gəlmədi çox içirdi. Bundan başqa, məsuliyyət hiss etməz, pul xərcləyəndə ayağını yorğanına görə uzatmaz, danışanda sıx-sıx nalayiq ifadələr işlədər, küçədə-bacada çəkələkdə gəzər, özgələrin yanında Nadejda Fyodorovna ilə mübahisə edərdi. Samoylenkonun bu şeylərdən qəti xoşu gəlməzdi. Bir tərəfdən də Layevskinin əvvəllər ədəbiyyat fakültəsində oxumağı, indinin özündə də iki qalın dərgiyə abunə olması, çox vaxt az adamın başa düşə bildiyi mövzulardan danışması, dünyagörüşlü bir qadınla yaşamağı çox da ağlı kəsməyən məsələlər olsa da, bu şeyləri bəyənirdi. Bunlara görə Layevskini özündən üstün görür, ona hörmət edirdi.

Layevski başını bulayaraq:

– Bir məsələ də var, – dedi, – ancaq aramızda qalsın. Hələlik Nadejda Fyodorovnadan gizlədirəm. Onun yanında ağzından qaçırıb eləmə ha! Üç gün qabaq bir məktub aldım, ərinin beyin iltihabından öldüyü yazılmışdı.

Samoylenko köks ötürdü.

– Yeri behişt olsun… Bəs ondan niyə gizlədirsən?

– Bu məktubu ona göstərmək öz ayağınla nikah üçün kilsənin yolunu tutmaqdır. Əvvəl gərək münasibətlərimizə bir aydınlıq gətirək. Bir yerdə yaşamağımızın daha mümkün olmadığını ikimiz də qəbullananda məktubu verərəm özünə. Onda daha təhlükə qalmaz.

– Hələ sən bir mənə qulaq as, – şirindilliklə edəcəyi xahişin yerə salınmasından ehtiyatlanırmış kimi Samoylenkonun üzündə birdən hüznlü, yalvarış dolu bir ifadə əmələ gəldi, – Vanya, əzizim, evlən onunla.

– Niyə?

– Bu nəcib qadına qarşı borcunu yerinə yetir. Əri öldü, tale özü sənə yol göstərir.

– Sən nə qəribə adamsan?! Ağlına batmır ki, buna heç cür imkan yoxdur?! Sevmədən evlənmək inanmadan dua etmək kimidir. Belə alçaqlıq insan olan kəsə yaraşmaz!

– Amma evlənməyə məcbursan.

Layevski hirslə soruşdu:

– Niyə məcburam ki?

– Çünki ərinin əlindən almısan qadını. Bütün məsuliyyət artıq sənin üzərindədir.

– Sənə rusca deyirəm ki, onu sevmirəm!

– Sevmirsənsə belə, hörmət elə, könlünü al.

– Hörmət elə, könlünü al! Elə bil, qabağımda baş rahibə var. Sənin psxiologiyadan anlayışın yoxdur, fizioloq kimi də işəyaramazsan. Bir qadına hörmət etməklə, könlünü almaqla işlərin yoluna düşəcəyini fikirləşirsənsə, səhvin var. Qadın hər şeydən əvvəl yataq istəyir.

Samoylenko utancından yerin dibinə girdi.

– Vanya, Vanya!

– Sən yaşlı uşaqsan, danışdıqların da nəzəriyyədir. Mənim gənc ruhum isə qaynardır, mən əməl adamıyam. Biz çətin ki, bir-birimizi başa düşək. Yaxşısı, saxlayaq söhbəti burda. Mustafa, borcumuz nə qədərdir?

Həkim diksinib Layevskinin əlini tutdu.

– Xeyr, xeyr, mən ödəyəcəyəm… çünki mən qonaq eləmişəm.

Bağıraraq qarsona səsləndi:

– Mustafa, mənim hesabıma yazarsan!

Qalxdılar. Ensiz sahil boyu gəzişməyə başladılar. Bulvara çathaçatda ayaq saxlayıb təbəssümlə əl sıxışdılar. Samoylenko köks ötürdü.

– Bunun adı şıltaqlıqdır, cənab! Tale sənə gənc, gözəl, bilgili bir qadın göndərdi, amma sən onu rədd edirsən. Kaş Tanrı mənim qabağıma belə sevimli, ürəyitəmiz bir qadın çıxaraydı. İstəyir, qozbel qarı olsun lap. Beləsinə dünəndən razıyam. Üzüm bağımızda qəşəngcə dolanardıq, – Samoylenko dərhal özünü yığışdırdı, – arvad samovarı qaynatsın, bəsimdir.

Layevskidən ayrılıb bulvarda gəzişməyə başladı. Heybətli tövrlə, ağır-ağır, üzündə sərt ifadə, əynində qar kimi bəyaz jaket, ayağında boyalı çəkmə, sinəsində lentli Vladimir ordeni ilə köksünü qabardaraq yeridikcə Samoylenkoya elə gəlirdi ki, bütün dünya heyranlıqla ona tamaşa edir. Başını çöndərmədən sağa-sola baxdı, bulvarın düzəngahını bəyəndi. İki tərəfdə sıra ilə evkalipt və cavan sərv ağacları, cılız olsa da, gözünə gözəl görünən palmalar əkilmişdi. Vaxt gələcək, bu ağacların geniş kölgəsi olacaqdı. Çərkəzlər qürurlu, qonaqsevər xalq idi.

“Qəribədir, Layevskinin Qafqazdan niyə xoşu gəlmir?!”– deyə düşündü.

Qarşıdan beş silahlı hərbçi gəlirdi. Ona hərbi salam verdilər. Bulvarın sağındakı piyada səkisindən bir məmur arvadı oğlu ilə keçirdi. Samoylenko nəzakətlə gülümsəyib səsləndi:

– Marya Konstantinovna, sabahınız xeyir! Üzməkdən gəlirsiniz? Ha-ha-ha! Nikodim Aleksandroviçə çoxlu salam söyləyin.

Üzündə həmin təbəssüm yoluna davam etdi, ancaq irəlidən gələn bir səhiyyə məmurunu görüb birdən qaşlarını çatdı, adamı saxlayıb soruşdu:

– Lazaretdə kim var, kim yox?

– Heç kim yoxdur, əlahəzrət.

– Necə? Nə?

– Heç kim yoxdur, əlahəzrət.

– Yaxşı, get.

Məğrur-məğrur yanını basaraq, limonad köşkünə doğru addımladı. Samoylenko alaya komanda verirmiş kimi yüksək səslə piştaxta arxasındakı gürcü bəzək-düzəyi taxmış yəhudi qadına səsləndi:

– Zəhmət olmasa, bir bardaq soda!

II

Layevskinin Nadejda Fyodorovnanı sevməməyi ən çox da özünü bu yerdə büruzə verirdi: bu gənc qadının bütün sözləri, bütün davranışları ona saxta, süni təsir bağışlayır, Layevski məhəbbət və qadınlar haqqında bütün oxuduqlarına özündən, Nadejda Fyodorovna və onun ərindən daha yaxşı nümunə olmadığını fikirləşirdi.

Evə girəndə Nadejda Fyodorovna artıq geyinib-kecinmiş, saçları daranmış halda pəncərənin qabağında oturmuşdu. Qalın bir jurnalı vərəqləyərək qayğılı-qayğılı qəhvə içirdi. Layevski düşünüb qəhvə içməklə qayğılı sima arasında bir əlaqə tapa bilmədi. Bundan əlavə, otaqda Layevskidən savayı, kimsə olmadığı üçün saçını son dəblə daramağı da izafi əziyyət idi. Jurnal vərəqləməyi də süni təsir bağışlayırdı. Geyinib-daranmağını gözəl, jurnal vərəqləməyini isə bilgili görünmək üçün elədiyi açıq-aşkar bilinirdi.

Qadın:

– Bu gün üzməyə getsəm, qəbahət olmaz ki, yox?! – deyə soruşdu.

– Qəbahət niyə olsun axı?! Sən üzməyə getsən, dünya dağılmayacaq ki…

– Fikirləşdim ki, həkim hirslənib-eləyər, ona görə soruşdum.

– Elədirsə, get həkimin özündən soruş, mən həkim-zad deyiləm.

Layevskinin həmin gün Nadejda Fyorovnada ən çox xoşuna gəlməyən şey ağ, çılpaq boynu ilə ənsəsindəki hörüklər idi. Anna Kareninanın ərindən soyuyandan sonra ən çox ərinin qulaqlarından xoşu gəlmədiyini xatırlayıb düşündü: “Necə də doğru imiş!”

Bədəni əzgin idi, beyninin içində yorğunluq hiss edirdi. İş otağına keçib divana uzandı. Ağcaqanadlardan qorunmaq üçün üzünü dəsmalla örtdü. Yağışlı bir payız axşamında hey yol alıb gedən qatar kimi tənbəl, cansıxıcı düşüncələr uzanıb gedirdi.

Nadejda Fyodorovnaya və onun ərinə qarşı özünü günahkar hiss edirdi, ona elə gəlirdi ki, kişi onun ucbatından ölüb. Özəl həyatını, ali ideyalarını və iş mühitini də öz əllərilə dağıtmışdı. Qiymətini gec bildiyi bu şeylərin vəhşi türklərin və dayaz abazinlərin6 məskunlaşdığı bu sahillərdə deyil, operanın, teatrın, qəzetlərin, hər cür yaradıcı təfəkkürün mövcud olduğu şimalda var olduğuna, bu şeylərə yenidən ancaq quzeydə qovuşa biləcəyinə inanırdı. İnsan buralarda yox, ancaq orada özünü nəcib, bilgili, uca və təmiz saxlaya bilərdi. Özünü məqsədsiz adam olmaqda, yaşamına istiqamət verən düşüncələrinin olmamağında da günahkar hiss edirdi. Bunun nə demək olduğunu indi-indi anlayırdı. İki il əvvəl Nadejda Fyodorovnaya vurulmuş, həyatın boşluğundan, yeknəsəqliyindən qurtulmağın yeganə yolunu bu qadınla birləşməkdə, onunla bir yerdə Qafqaza getməkdə görmüşdü. İndi də inanırdı ki, özünə gərəkli olanı yalnız və yalnız Nadejda Fyodorovnanı tərk edib Peterburqa dönməklə əldə edə bilər.

Qanrılıb oturdu, dırnaqlarını gəmirərək:

– Qoyub qaçmaq lazımdır! Elə bu saat qaçmaq lazımdır! – deyə mızıldandı.

Xəyalında canlandırdığı tabloda səhər tezdən buxarlı gəmiyə minir, gəmidə qəlyanaltı edir, soyuq pivədən içir, göyərtədəki qadınlarla söhbətləşirdi. Sevastopola çatan kimi özünü ilk qatara atıb yola düşürdü. Və budur, azadlıq! Ard-arda sıralanan stansiyalar, get-gedə soyuyub-sərtləşən havalar, qayın və şam ağacları, nəhayət, Kursk, Moskva! Stansiya bufetlərində kələm borşu, qoyun ətindən şorba, nərə balığı, pivə… Qısası, bura artıq Asiya deyil, Rusiyadır, ana vətən Rusiya! Qatarda sərnişinlər ticarətdən, yeni müğənnilərdən, Fransa-Rusiya münasibətlərindən danışır; hər yerdə canlılıq, sivil, aydın, təptəzə bir həyat qaynayır… Bir az da, daha da sürətli! Sonda Nevski xiyabanı, Bolşaya Morskaya prospekti, bir vaxtlar tələbə yoldaşları ilə qaldığı Koven küçəsi, gümüşü, doğma göy üzü, çiskin yağmur, islanmış faytonçular…

Qonşu otaqdan kimsə səsləndi:

– İvan Andreyeviç, evdəsiniz?

Layevski cavab verdi:

– Evdəyəm, nə lazım idi?

– Sənədlər…

Başı gicəllənə-gicəllənə, tənbəl-tənbəl yerindən qalxdı, əsnədi, çəkələklərini sürütləyərək yan otağa keçdi. Küçədə, açıq pəncərənin qənşərində dayanan cavan iş yoldaşı sənədləri pəncərə taxtabəndinin üzərinə yayırdı.

Layevski yumşaq səslə:

– Bircə dəqiqə, əzizim, – deyib mürəkkəbqabını gətirməyə getdi.

Yenidən pəncərənin önünə qayıdanda kağızları oxumadan imzalayaraq:

– Çox istidir! – dedi.

– Elədir, İvan Andreyeviç. İşə gələcəksiniz?

– Çətin… Bir az kefim yerində deyil…Əzizim, Şeşkovskiyə çatdırarsınız ki, günortadan sonra ona baş çəkəcəyəm.

Məmur getdi. Layevski təzədən divana uzanıb düşüncələrə daldı.

“Hə, yüz ölçüb, bir biçib qərara gəlməliyəm. Əvvəla, çıxıb getməmişdən qabaq gərək bütün borclarımı bağlayam. İki min rubla yaxın borcum var, amma cibimdə qara qəpik də yoxdur. Əslində, bu çox da vacib deyil. Yarısını bir yolla tapıb, ödəyərəm, yarısını da Peterburqa qayıdandan sonra yollayaram. Əsas məsələ Nadejda Fyodorovnadır. Əvvəlcə gərək münasibətlərimizə bir aydınlıq gətirək, vacib olan budur!”

Bir az duruxduqdan sonra gedib Samoylenko ilə məsləhətləşməyin məqsədəuyğun olduğu qənaətinə gəldi.

“Yaxşısı, gedim yanına, ancaq bundan nə çıxacaq ki? Boş yerə yenə ona buduardan, qadınlardan, şərəfdən, ləyaqətdən dəm vuracağam. Başına çarə qılmaq, lənətlənmiş kimi bu cür əli-qolu bağlı yaşamaqdan xilas olmaq, özünü göz görə-görə məhv olmaqdan xilas etmək əvəzinə, şərəf-ləyaqətdən söz açarlarmı heç?! Başa düşmək lazımdır ki, belə yaşamaq alçaqlıqdır, özünə zülmdür, bu boyda məsələnin qabağında hər şey əhəmiyyətini itirir”.

Qanrılıb oturaraq mızıldandı:

– Yox, qaçmaq lazımdır, bu saat qaçmaq lazımdır!

Uğursuz sahil, yaxıcı isti, daim lal, daim tənha, başı dumanlı bənövşəyi dağların yeknəsəqliyi onu əhatəyə alıb ətalətə sürükləyirdi. Bəlkə də, istedadlı, zəkalı və xariqüladə adam idi, əgər burada – bu dəniz və dağların arasında qapanıb qalmasa, ondan bacarıqlı dövlət məmuru, yaxşı jurnalist, natiq, yaxud mömin, çalışqan bir adam çıxardı. Kim bilə bilər! Belə olan halda, şərəfdən, ləyaqətdən söz açmaq cəfəngiyyat deyildimi?! İlahi vergili, yaradıcı bir adam, məsələn, bir bəstəkar və ya bir rəssam, əsirlikdən xilas olmaq üçün divarları söküb, zindanbaşının əlindən qaçsa, buna ləyaqətsizlik demək olarmı?! O cür adamlar üçün belə vəziyyətdə hər şey könüllüdür.

Günorta saat ikidə Layevski və Nadejda Fyodorovna yemək süfrəsinə əyləşdi. Layevski aşpaz qadının pomidorlu düyü supu gətirdiyini görcək soruşdu:

– Elə hər gün eyni şey. Kələm borşu niyə bişirmirsiniz ki?

– Kələm yoxdur.

– Necə yəni yoxdur?! Samoylenkonun evində hər gün borş bişir, Marya Konstantinovnanın evində də həmişə kələm borşu tapmaq olur, amma niyəsə bircə elə mən hər dəfə bu yeməkfason bulaşıq suyunu içmək məcburiyyətində qalıram?! Olmaz ki belə, əzizim!

Çox ailədə olduğu kimi, əvvəllər Layevski ilə Nadejda Fyodorovnanın da heç bir yeməyi dava-şavasız, səs-küysüz ötüşməzdi, ancaq Layevski yanındakı qadını sevmədiyini anlayandan bəri hər şeyə dözməyə, onunla şirindilliklə, nəzakətlə, gülərək danışmağa çalışır, “əzizim, canım-gözüm” kimi sözlərlə ab-havanı yumşaldırdı.

Yenə gülümsəyərək:

– Şorba elə bil biyan kökünün suyu kimi dadır, – dedi.

Gülərüz görünməyə çalışsa da, çox davam gətirmədi:

– Çünki ev işlərilə maraqlanan yoxdur. Madam ki, xəstəsən, özünü büsbütün oxumağa həsr edirsən, onda qoy, mətbəx işlərini mən öhdəmə götürüm! – dedi.

Əvvəlki olsaydı, Nadejda Fyodorovna: “Yaxşı, elə olsun,” ya da: “Belə baxıram, məni aşpaz eləmək fikrin var?!” – kimi bir cavab verərdi. Amma indi Layevskiyə ürkək-ürkək baxaraq, üzü qızara-qızara qaldı.

Layevski yenə şəfqətlə soruşdu:

– Yaxşı, bu gün necə hiss edirsən özünü?

– Pis deyiləm, bir az əzginliyim var.

– Özünü qoru, əzizim, sənə görə əməlli-başlı narahatam.

Nadejda Fyodorovnanın bir xətəliyi olması dəqiq idi. Samoylenko bunun isitmə olduğunu söyləyərək, müalicə üçün kinin7 verirdi. Başqa bir həkim Ustimoviç isə onda qadın xəstəliyi aşkarlayıb isti sarğı tövsiyə etmişdi. Ustinoviç hündürboy, quru, zəif, adamayovuşmaz, gündüzlər çöl-bayıra çıxmayan, gecələr qamış çəliyini kürəyinə atıb buxtada təkbaşına öskürə-öskürə var-gəl edən bir adam idi.

Əvvəllər – Nadejda Fyodorovnanı sevdiyi vaxtlarda qadının xəstəliyinə acıyır, qayğılanırdı. Amma indi bu şeylər ona süni gəlirdi. Qadıncığazda isitmə əlamətləri peyda olandan sonra üzünün saralmış rəngi, bayğın baxışları, əsnəməyi, xəstəlik güc gələndə odeyalın altına girib yatmağı, belə vaxtlarda yetkin bir qadından çox uşağa bənzəməsi, otağın hərarəti, kəsif havası və bu kimi başqa şeylər evliliklə bağlı xəyallarını zədələyir, onu evlilikdən soyudurdu.

Aşpaz qadın Olqa ikinci yemək kimi Layevskiyə yumurtalı ispanaq, Nadejda Fyodorovnaya isə xəstə olduğu üçün südlü sıyıq gətirdi. Qadıncığaz bikef-bikef, əvvəlcə, sıyığı qaşıqladı, sonra ağzını hörtüldətdi. Layevskinin hirsindən başı qaşındı. Bu, adamı it yerinə qoymaq idi, amma özünə hirslənmək əvəzinə, onda bu hissi oyadan Nadejda Fyodorovnaya acığı tutdu. Aşiqlərin bəzən öz sevgililərini niyə öldürdüyünü indi daha yaxşı başa düşürdü. Düzdür, özü kimsəni öldürməzdi, amma hakimin yerində olsa, belə cinayət törətmiş adamı təmizə çıxarardı.

Yemək bitəndə:

– Merci8, canım-gözüm, – deyərək qadının alnından öpdü.

İş otağına keçib bir-iki dəqiqə o baş-bu başa var gəl etdi, çəkmələrinə çəpəki nəzər saldı, sonra divana oturub mızıldandı:

– Qaçmaq lazımdır! Münasibətlərimizə bir aydınlıq gətirib qaçmaq lazımdır!

Divana uzandı, yenidən Nadejda Fyodorovnanın ərinin ölümündə günahkar olduğunu fikirləşdi. Çəkmələrini geyinmək üçün arxası üstə yatıb, ayağını şaquli vəziyyətdə havada saxlayanda düşünürdü: “Bir insanı kimisə sevdiyinə, ya da birindən soyuduğuna görə günahlandırmaq ağılsızlıqdır. Çünki sevmək də, nifrət etmək də bizim əlimizdə deyil. Nadejda Fyodorovnanın ərinə gəldikdə isə, ola bilsin, onun ölümündə təqsirim var. Amma arvadına vurulmağımda, arvadının da məni sevməyində kim məni qınaya bilər ki?!”

Sonra ayağa qalxıb, furajkasını axtarıb-tapdı. Məmurların hər gün yığışıb vint9 oynadığı, soyuq pivə içdiyi yerə – iş yoldaşı Şeşkovskinin evinə yollandı. Yolda gedə-gedə düşünürdü: “Bu tərəddüdlə lap Hamletə oxşayıram. Ax…Şekspir hər şeyi necə də aydın görürmüş!”

III

Qəsəbədə subay adamların, əcnəbilərin nahar etməsi üçün uyğun bir yer olmadığından, Samoylenko evində stol açdırırdı. Bu söhbətin baş tutduğu əsnada evində təkcə iki nəfərə yemək verirdi. Bunlardan biri dəniz ilbizlərinin embriologiyasını tədqiq etmək məqsədi ilə Qara dəniz sahillərinə səfər etmiş gənc zooloq fon Koren, o biri isə müalicədə olan yaşlı dyakonun10 yerinə təyin olunmuş dyakon Pobedov idi. Pobedov ruhani seminariyasını bitirən kimi bura göndərilmişdi. Hər ikisi nahar və şam yeməyi üçün Samoylenkoya aylıq on iki rubl ödəyirdi. Samoylenko günorta saat iki radələrində onlara nahar vermək üçün vədələşmişdi.

Birinci fon Koren gəlmişdi. Qonaq otağında səssiz-səmirsiz oturub, yazı stolunun üstündən götürdüyü albomu açıb enli şalvarlı, silindr şlyapalı əcnəbi kişilərin, içinə halqa bərkidildiyi üçün tumanlarının ətəyi kilsə zəngi kimi açılan, başıyaylıqlı qadınların solğun fotoşəkillərini gözdən keçirirdi. Samoylenko fotoşəkillərdəki adamlardan çox azını xatırlayır, adını unutduğunu söylədikdən sonra:

– Ah, təsəvvür edə bilməzsiniz, necə zəkalı adam idi! – deyə əlavə edirdi.

Fon Koren alboma baxmağı yekunlaşdırdı, rəfdəki tapançanı götürdü, sol gözünü qıyaraq uzun müddət şahzadə Vorontsovun portretini nişan alıb durdu; aynanın qarşısına keçib əsmər üzünə, geniş alnına, zəncilərinki kimi qara-qıvırcıq saçlarına, İran xalısına bənzəyən, üstü iri-iri güllü, solğun qumaş köynəyinə, belini korsaj kimi dövrələyən kəmərinə uzun-uzadı tamaşa etdi. Görünür, aynada özünə baxmaq ona fotoşəkilləri nəzərdən keçirməkdən, qundağı işləməli tapança ilə oynamaqdan daha böyük zövq verirdi. Yaraşıqlı üzündən, səliqə ilə qırxılmış saqqalından, vücudunun sağlamlığını, bədən quruluşunun mütənasibliyini qabarıq gözə çarpdıran geniş çiyinlərindən məmnun görünürdü. Təkcə bunlardan yox, əyninə kip oturan kostyumundan, köynəyinin rənginə uyğun düşən qalstukundan, sarı ayaqqabılarından – hər şeyindən xoşhal idi.

Zooloqun başı albom vərəqləməyə, aynada özünə baxmağa qarışdığı vaxt Samoylenko yaxası-başı açıq, gödəkçəsiz-jiletsiz mətbəxdə – divanda oturaraq təlaşla, tər tökə-tökə salat, ədəva hazırlayır, səbzə üçün ət, xiyar, soğan doğrayır, ikidəbir masaların ətrafına dolanır, xidmətçiyə göz bərəldir, hədələyici him-cimlərini ona gah bıçaq, gah qaşıqla göstərirdi.

– Sirkəni ver! – Samoylenko səsləndi, – sirkə yox, başın batmasın, şey, zeytunyağını da, zeytunyağı… Harda qaldın, heyvan?

Səndələyən xidmətçi də qırıq səslə ona belə cavab verirdi:

– Yağ gətirirəm, əlahəzrət.

– Tez elə, gözünün qabağında şkafda yağı görmürsən? Daryaya denən, xiyar bardağına şüyüd doğrasın! Başa düşdün, şüyüd! Qaymağın ağzını ört, qanmaz, milçəklər daraşacaq!

Bağırtılarından bütün ev titrəyirdi. Saat ikiyə on-on beş dəqiqə qalmış dyakon gəlib çıxdı. Dyakon iyirmi iki yaşında, sısqa, uzunsaç, saqqalsız, bığ yeri təzəcə tərləmiş cavan oğlan idi. Həmin gün qonaq otağına girən kimi ikonanı görüb xaç çəkdi, gülümsəyərək əlini fon Korenə uzatdı. Zooloq soyuq tərzdə salamlaşıb soruşdu:

– Harda qalmısınız bayaqdan?

– Buxtada balıq tuturdum.

– Həə, belə de. Dyakon, belə baxıram, siz heç vaxt öz peşənizlə doğru-dürüst məşğul olmayacaqsınız.

Pobedov güldü, əlini ağ cübbəsinin dərin cibinə soxdu.

– İş qaçmır ki! Əvvəl-axır işlə də məşğul olacağıq da.

Zooloq köks ötürdü:

– Sizi çubuqla əməllicə əzişdirmək lazımdır.

Aradan on beş-iyirmi dəqiqə keçsə də, yeməyə çağıran yox idi. Xidmətçi mətbəxdən-zala, zaldan-mətbəxə qaçıb-qayıdır, Samoylenkonun bağırtıları ara vermirdi:

– Ora yox, masanın üstünə qoy! Əvvəl get yu, sonra gətir bunu! Al görüm!

Əməlli-başlı acmış dyakonla fon Koren hövsələsizliklə dabanlarını yerə vurmağa başladılar. Lap teatr lojalarındakı tamaşaçılara oxşayırdılar.

Nəhayət, yemək otağının qapısı açıldı, taqətsiz xidmətçi yeməyin hazır olduğunu xəbər verdi.

Yemək otağında onları qarşılayan Samoylenko mətbəxin boğucu havasından qızarmış, qan-tər içində idi. Əvvəlcə sərt baxışlarla ikisinə də baxdı, sonra şorba qazanının qapağını qaldırıb şorba çəkdi. Ancaq onların iştaha ilə yediyini, şorbanın dadından məmnun qaldığını gördükdən sonra xəfifcə köks ötürüb dərin kreslosuna yayxandı. Ağır-ağır özünə bir qədəh araq süzərək sağlıq dedi:

– Gənc nəslin şərəfinə!

Layevski ilə aralarındakı söhbətdən sonra kefi pozulmamışdı, amma sabahdan bəri ruhunun dərinliklərində bir ağırlıq hiss edirdi. Layevskiyə yazığı gəlirdi, ona kömək etmək istəyirdi, amma necə?!

Şorbaya girişməmişdən əvvəl qədəhi başına çəkdi, dərindən köks ötürüb dedi:

– Bu gün Vanya Layevskini gördüm. Maddi durumu bərbaddır, mənəvi cəhətdən də tamam çöküb. Acınacaqlı vəziyyətdədi.

Fon Koren:

– Rəhmin gəlməyə adam tapdın sən də! – deyə qarşılıq verdi, – bu sevimli cavan oğlanı dənizdə boğulan görsəm, çəliyimlə vurub bir az da dibə itələyərdim. Boğulsun, gəbərsin, cəhənnəmin dibinə batsın!

– Yox əşşi, sənin əlindən gəlməz.

Zooloq çiyin çəkdi:

– Niyə ki? Sənin kimi mənim də əlimdən xeyir əməllər gəlir.

Dyakon gülə-gülə soruşdu:

– Qəsdən dənizdə adam boğmaq xeyir əməldirmi?

– Layevski kimilərini, əlbəttə.

Samoylenko mövzunu dəyişmək istədi:

– Dovğada elə bil nəsə çatışmır.

Fon Koren danışığına davam etdi:

– Şübhəsiz ki, Layevski cəmiyyət üçün vəba toxumudur. Onu yox etmək bütün insanlığa xidmətdir.

– Yaxın tanışın haqqında bu cür sözlər danışmaq sənə başucalığı gətirməz. Nə vermisən ona, ala bilmirsən?

– Sən də bəsdir, doktor! Bu mikrobla nə alış-verişim ola bilər ki?! Hər qabağına çıxanı dost bilmək, yaxşıya, pisə fərq qoymamaq, icazə ver deyim ki, malı-mala qatmaqdır. Layevski adlı bu adam mənim gözümdə alçağın yekəsidir. Bunu onun özünə hiss etdirməkdən vicdanım zərrəcə narahat olmur! Amma belə bilməzdim, demək, sən onu öz yaxının hesab edirsən, istəyirsən, öpüşüb-qoxlaş onunla, bundan mənə nə?! Bir tərəfdən də, əgər onu özünə yaxın bilib Pobedovla, mənimlə bir tərəziyə qoyursansa, deməli biz səndən ötrü heç nəyik. Sənin insana qoyduğun xətir-hörmət elə bu qədərdir!

Samoylenko ikrahla üzünü turşudub mızıldandı:

– Kiməsə alçaq demək! Bu o qədər pis bir şeydir ki, söz tapa bilmirəm!

Fon Koren nitqinə davam etdi:

– İnsana işinə görə, əməlinə görə qiymət qoyular. Dyakon, mənə yaxşı-yaxşı qulaq asın və hökm çıxarın! Mən bu saat cənab Layevskinin Çin tapmacası kimi uzun əməllərinin hamısını sizin üçün aydınlaşdıracağam. Burada yaşadığı iki il deyil, amma o daha nələr eləmədi ki?! Barmaq qatlayaq: birincisi, kəndin camaatına vint oynamağı öyrətdi, iki il əvvəl buralarda heç kimin bu oyundan xəbəri yox idi, halbuki indi səhərin gözü açılandan gecənin bir aləminəcən hər kəs, hətta qadınlar da vint oynayır. İkincisi, camaatı pivə içməyə öyrəşdirdi. Kəndin camaatı cürbəcür araqlar haqqında bildiklərini ona borcludur. Nə necə?! Eləcə ki, Koşelov arağını 21 nömrəli Smirnovdan gözüyumulu ayırd edirlər. Üçüncüsü, əvvəllər burada başqalarının arvadları ilə oğrun-oğrun, gizlincə yatıb-dururdular, amma Layevski bu işdə də birinciliyi öhdəsinə götürüb, açıq-açığına başqasının arvadı ilə yaşayır. Dördüncüsü…

Fon Koren dovğa kasasının dibini siyirib, xidmətçiyə verdi, üzünü təzədən Pobedova çevirdi:

– Tanışlığımızın elə birinci ayında mən Layevskinin nə yuvanın quşu olduğunu başa düşmüşdüm. İkimiz də bura eyni vaxtda gəlmişik. Onun kimilər dostluğu, yoldaşlığı, əlbir bir iş görməyi çox xoşlayır, çünki vint oynamaqdan, yeyib-içməkdən ötrü adamın yan-yörəsində həmişə dost-tanışa ehtiyacı var. Bu boşboğazların gözü həmişə onları dinləyən adam axtarır. Əvvəl-əvvəl yoldaşlığımız oldu: hər gün qapımda bitir, çalışmağıma mane olur, hamının yanında yaşadığı qadından danışırdı. Hələ ilk gündən onun müdhiş yalançılığı məni heyrətə salmışdı. Bir dost kimi çox içməyinə, ifrat bədxərcliyi ucbatından boğazacan borca girməyinə, tənbəlliyinə, mütaliəsinin azlığına və əxlaqazidd davranışlarına görə ona təpinirdım. Suallarımın cavabında acı-acı gülümsəyərək: “Mən bədbəxt, fərasətsiz bir adamam”, ya da: “Bizim kimi kölələrdən nə istəyirsiniz, əzizim?!”, yaxud da: “Get-gedə zayımız çıxır…” kimi başqa bəhanə tapmayanda Oneginlə11, Peçorinlə12, Bayronun Qabililə, Bazarovla13 əlaqəli anlaşılmaz, rabitəsiz fikirlər sadalayaraq: “Bunlar bizim canı-qanı bir mənəvi atalarımızdır,” – deyərdi. Yəni belə çıxırdı ki, rəsmi dövlət zərflərinin həftələrlə bağlı saxlanılmasında, hər gün başqalarını içirməyində özü yox, bu bəxtsiz-talesiz adamlar: Onegin, Peçorin, Turgenev imiş günahkar. İçki düşkünlüyünün, tüfeyliliyinin məsuliyyəti sanki öz boynunda qalmırmış, hansısa naməlum boşluqlar imiş səbəbkar. Üstəlik: “Biz 1880-lərin adamları…”, “Biz quldarlıq dövrünün yarıyuxulu, sinirləri taqətdən düşmüş nəsli…”, “Sivilizasiya bizi korladı…” kimi sözlərlə hamımızı rəzil, yalançı, səfeh yerinə qoyub, bizi də öz günahlarına şərik edirdi. Xülasə, cənablar, belə başa düşürəm ki, Layevski kimi “böyük” şəxsiyyətin çöküşü də böyükdür, onun çöküşü, cəmiyyətə yadlaşması, əxlaqsızlığı, təbii, həm də tarixi hadisədir, bunun baş verməyinin qarşısını heç kim ala bilməzdi.” Müqəddəs” bir adam kimi Layevskinin ətəyindən öpmək lazımdır, çünki zəmanənin, ictimai şüurdakı təlatümlərin, atalar nəslinin qurbanıdır. Məmurlar, qadınlar onu dinləyəndə vəcdə gəlirdi. Uzun müddət kimə ürcah olduğumu kəsdirə bilmədim: bir həyasızamı, ya hiyləgərin, fırıldaqçının birinəmi?! Onun kimi dünyagörmüş, əlinə iki-üç kitab almış, durmadan əsil-kökdən dəm vuran həriflər özünü fövqəladə, ruhi qarışıqlığı olan bir adam kimi təqdim etməyin yolunu çox yaxşı bilirlər.

Samoylenko dözə bilmədi:

– Daha bəsdi! Onun kimi nəcib bir adam haqqında belə danışılmağına icazə verə bilmərəm!

Fon Koren soyuq-soyuq:

– Sözümü kəsmə, Aleksandr Davidıç, – dedi, – bunu da deyim, bitirirəm. Layevski çox bəsit varlıqdır. Deyimmi, necəsini? Səhər sübhdən çəkələk, dəniz vannası, çay, günortayacan yenə çəkələk, gəzinti, laqqırtı; saat ikidə çəkələk, nahar yeməyi və şərab, saat beşdə dəniz, çay və şərab, ardınca vint və boğazdan yuxarı boşboğazlıqlar, saat onda şam yeməyi, şərab; gecəyarısından sonra da la femme14 və yuxu… Onun həyatı qabıq altındakı yumurta sarısı kimi bunların arasına qısıtlanıb. Yerişi, oturuşu-duruşu, əsəbi, oxuyub-yazmağı, sevinci – onun bütün hərəkətləri ya qumarla, ya şərabla, ya da qadınla bağlıdır. Həyatında qadınlar əzici bir rol oynayıb. Hələ on üç yaşında aşiq olduğunu özü demişdi ki! Tələbə vaxtı – birinci kursda oxuyanda şəxsiyyətində xoş izlər buraxan bir qadınla yatıb-qalxırmış, musiqi bilgisini o qadına borcludur. İkinci kursda tanış olduğu bir fahişəni əxlaqsız həyatdan qurtarıb, özünə məşuqə edib. Altı ay birlikdə yaşadıqdan sonra qadın təzədən baş götürüb öz yuvasına qaçıb. Bu az iztirab çəkdirməyib Layevskiyə: yazıq bundan elə üzülüb ki, universiteti atıb, iki il əlini ağdan-qaraya vurmayıb. Amma bir tərəfdən də yaxşı olub. İşsiz-gücsüz evdə oturarkən dul bir qadınla tanış olur, qadın ona hüquq fakültəsini buraxıb, ədəbiyyat fakültəsinə girməyi tövsiyə edir. Elə bu cür də eləyir. Təhsilini bitirən kimi də indiki sevgilisi… nə idi adı… tanıyırsınız da, bu evli qadına vurulur, bir xam xəyalın dalınca durub Qafqaza gəlirlər. Sabah-birigün ondan da bezəcək, yeni bir xam xəyaldan ötrü qayıdıb Peterburqda lövbər salacaq.

Samoylenko zooloqa sərt-sərt baxaraq:

– Nə bilirsən? Bəlkə, yeməyinlə məşğul olasan? – dedi.

Masaya polyak sousunda bişirilmiş kefal gəldi. Samoylenko müştərilərinin boşqabına bütöv kefallar qoydu, öz əlilə üzərinə sous sıxdı. İki dəqiqə sükut oldu. Dyakon dilləndi:

– Qadın hər kəsin həyatında mühüm rol oynayır, bu qaçılmazdır.

– Amma hər şeyin də bir həddi var. Biz kişilər üçün qadın bir ana, bir qız övladı, bir bacı, bir ömür-gün yoldaşıdır, amma Layevskidən ötrü qadın ancaq məşuqədir. Qadınla bir yerdə yaşamaq onun yeganə xoşbəxtliyi, həyatının yeganə məqsədidir; onun bütün nəşəsinin, hüznünün, sıxıntısının, ümidsizliyinin səbəbi qadındır. Həyatı mənasızlaşıbsa, səbəb qadındır, üfüqdə yeni bir işıq, yeni bir ilğım işardısa, arxasında yenə bir qadın axtarmaq lazımdır. O yalnız qadın şəkillərindən, qadınlar haqqında yazılmış kitablardan zövq alır. Onun fikrinə qalsa, yaşadığımız çağ özümüzü unudub məhəbbətlə sərxoş ola bilmədiyimiz üçün qırxıncı, altmışıncı illərdən daha betərdir. Mənə elə gəlir ki, bu şəhvət düşkünlərinin kəllə sümüyünün altında beyinlərinin pozulmağına səbəb olan sarkoma15 növündən nəsə bir ur var. Adam içində oturanda Layevskiyə fikir verin, özünüz görəcəksiniz. Onun yanında ümumi mövzulardan, məsələn, hüceyrə quruluşundan, instinktlərdən söhbət düşəndə, bir küncə çəkilib mumlanır, heç kimə qulaq asmır, elə lal-dinməz oturur ki, görsən, inanmazsan. Fikrini soruşsanız, bunlar onun üçün əhəmiyyətsiz mövzulardır, önəmsizdir. Amma dişilərdən, erkəklərdən, məsələn, hörümçəklərin cütləşdikdən sonra dişisinin erkəyini yeməyindən söz düşəndə hərifin gözləri ay kimi parlayacaq, üzü qızaracaq, bir sözlə, elə bil cana gələcək. Ali, ya adi, fərq eləməz, onun düşüncələrinin ortaq nöqtəsi hər zaman eynidir. Yolda qabağına ulaq çıxsa: “Görəsən, eşşəklə dəvəni cütləşdirsən, nə əmələ gələr?” – deyə soruşacaq. Bunlar da bir yana, hələ yuxularını demirəm. Heç yuxularından danışıb sizə? Ah, heç soruşmayın da, hamısı qeyri-adi şeylərdir. Kişinin oğlu yuxuda gah ayla evləndirildiyini, gah dustaqxanada gitara ilə birgə yaşamağa məcbur edildiyini görür.

Dyakon ucadan qəhqəhə çəkdi. Samoylenko qaşlarını çatdı, gülməmək üçün zorla üz-gözünü turşutdu, ancaq özünü saxlaya bilməyib o da qəhqəhə ilə güldü.

Gözünün yaşını silə-silə:

– Yalan deyir, vallah, yalan danışır! – deyirdi.

IV

Dyakon hər şeyə gülərdi: gülməkdən partlayacaqmış kimi qarnını qucaqlayıb qəşş edərdi. Elə bil hər kəsdə gülünc bir şey tapıb ayama qoşmaq üçün adam içinə çıxırdı. Samoylenkoya tarantul16, xidmətçiyə də ördək adını taxmışdı. Bir dəfə Layevski ilə Nadejda Fyodorovna haqqında makaka17 demişdi, fon Koren bunu eşidəndə gülməkdən uğunub getmişdi. Gözləri ilə adamı yeyirdi, kimisə dinləyəndə kirpik çalmadan qulaq asırdı; gülmək üçün an güdür, şaqqanaq çəkməmişdən qabaq üzü gərginləşirdi.

Zooloq danışığını yekunlaşdırmamışdı, Dyakon gözlərini onun üzünə zilləyib səbrsizliklə gülünc nəsə deməyini gözləyirdi:

– Belə əxlaqsız, nəcabətsiz adamı gündüz vaxtı çıraqla gəzsəniz, tapa bilməzsiniz. Miskin, əfəl, lırt adamdır; ağlı da bütün günü yeyib-içib pərqu döşəkdə yatan, faytonçusu ilə oynaşan tacir arvadlarının ağlı ilə birdir.

Dyakon təzədən şaqqanaq çəkdi. Fon Koren:

– Dyakon, qurtarın da gülməyi, bu qədəri lap ağ oldu axı, – deyib tənbehlədi.

Dyakon gülməyini kəsdikdən sonra davam etdi:

– Hərif bu dərəcədə yolunu azmış, pozğun adam olmasaydı, özümü korluğa vurub, elədiklərinə göz yumardım. Qorxduğum odur ki, qadın məsələsində bu hərifdə şeytan tükü var, özü kimi miskin, pozğun adamlar da onu qaldırıb dağın təpəsinə qoymaqla Layevskini camaatın başına dərd edəcəklər. Azarları da son dərəcə yoluxucudur. Bayaq demişdim, görərsiniz, iki il keçməz, vint və pivə azarı bütün Qafqaz sahillərinin canına hopacaq. Camaatın, ələlxüsus, orta təbəqənin, oxumuş adamlara, ali təhsilə, kübar davranışa, bəlağətli danışığa necə hörmət qoyduğunu özünüz məndən yaxşı bilirsiniz. Layevski nə bayağılıq eləyir-eləsin, hamı onun düz elədiyinə, başqalarının da nümunə götürməli olduğuna inanacaq. Axı, canım, kişinin oğlu savad alıb, azad düşüncəlidir, universitet bitirib! Axı onun əsəb zəifliyi var, bəxtsiz-şanssız, zəmanənin qurbanı olan bir adamdı! Ona hər şey olar! Beləcə, heç kim onu heç nədə təqsirkar saymayacaq. Elə sevimli, istiqanlıdır ki, söz ola bilməz! Hər kəsə qarşı açıqfikirli, üzüyola, ünsiyyətcil, sadədil və təvazökardır. Kimin ürəyi istəyir, buyurub onunla içə bilər, aydan-çaydan söz salıb qeybət qıra bilər. Din və əxlaq məsələlərində camaat antropomorfizmə18 meyillidir. Hansı tanrıda öz zəif cəhətləri varsa, həmin tanrını daha çox sevirlər. İndi siz bir də Layevskini təsəvvür edin, görün ki, heyranların üzərində nə qədər güclü təsirə malikdir! Üstəlik də, mahir aktyor və fırıldaqçının yekəsidir! Camaatı barmağına necə dolamağı çox yaxşı bilir! Elə götürək sivilizasiya haqqında dediklərini. Sivilizasiyanın baş hərfindən xəbəri yoxdur, amma dediklərinə bir baxın: “Sivilizasiya bizi pozdu. Sivilizasiyanın nə olduğunu bilməyən ibtidai insanlara, təbiətin sadə övladlarına elə həsəd aparıram ki!” Bu sözlər gör heç ağzından əskik olurmu? Görən də elə bilər ki, bu cənab bir vaxtlar özünü bütün varlığı ilə sivilizasiyaya həsr edib, inkişafa, tərəqqiyə böyük töhfələr verib, sivilizasiyanı doğma övladı kimi bağrına basıb, sivilizasiya da ona “çox sağ ol” əvəzinə, xəyanət edib, müqəddəsi canından bezdirib. Elə bil Faustdur, ya ikinci Tolstoy. Şopenhauerə, Spenserə dünənki uşaq gözü ilə baxır, elə əda ilə danışır ki, elə bil Spenser bunun tay-tuşudur, uzaqdan əl eləyib: “Spenser, nə var, nə yox, qardaş?” – deməyə haqqı çatır. Spenserdən xəbəri yoxdur, amma di gəl, evindəki xanımı haqqında: “Spenseri oxuyub,” – deyə istehza ilə dodaq büzür. İndi işə bax ki, bu əclafa can-dildən qulaq asırlar. Heç kimin ağlına da gəlmir ki, bu şarlatan nəinki Spenser haqqında bu cür səs tonu ilə danışmağa layiq deyil, heç Spenserin ayağının tozu da ola bilməz. Yeganə məqsədi öz dayazlığını, əxlaq düşkünlüyünü ört-basdır etmək olan bu tiplər həmişə sivilizasiyaya, kultlara, özünü təsdiqləmiş adamlara palçıq atıb onları gözdən salmağa cəhd göstərir.

Zooloqa artıq hirslə deyil, təsdiqedərcəsinə baxan Samoylenko:

– Kolya, başa düşmürəm ki, nə istəyirsən o yazıqdan? O da hamı kimi adamdır, nə qədər desən, zəif cəhəti var. Amma zəmanənin düşüncəsi ilə ayaqlaşa bilir, vəzifəsini yerinə yetirir, vətəninə, ölkəsinə bir xeyri dəyir. Bundan on il qabaq, buralarda bir xəfiyyə vardı, çox kəlləli adam idi, o deyirdi ki…

Zooloq onun sözünü kəsdi:

– Yetər, bəsdir sən də! Vəzifəsini yerinə yetirir… Vəzifəsini yerinə yetirib neynəyir ki guya? O gəlib, nə dəyişib ki? Məmurlar daha insaflı, daha dürüst, daha xoşrəftar olublar məgər? Əksinə, ali təhsilli, ziyalı adam imici ilə onların əxlaqsızlığına bəraət qazandırmış oldu. Ancaq ayın iyirmisi – maaşlar verilən gün, işin qulpundan yapışır, başqa vaxt ayaqları çəkələkdə dolaşıb özünü elə minnətlə dartır ki, guya Qafqazda xidməti qulluqda olmaqla Rus hökumətinə böyük yaxşılıq eləyir. Aleksandr Davidıç, bax, qəti onu müdafiə etməyə çalışma! Səni də heç səmimi adam saymıram. Sən əgər onu, doğrudan, dost bilsəydin, onun bu şeylərinə birinci sən özün göz yummazdın, elə öz xeyrinə görə onu zərərsizləşdirməyə çalışardın.

– Necə ki?

– Zərərsizləşdirmək də. Madam ki, adamın düzəlməyinə ümid yoxdur, tək çarə onu zərərsizləşdirməyə qalır, – fon Koren bunu deyib barmağını boğazının çevrəsinə dolandırdı, – boğmaq da olar. Bu cür həm ümumun xeyrinə olar, həm özünün. Belələrini gərək mütləq öldürəsən!

Samoylenko ayağa qalxdı, zooloqun durğun, soyuq çöhrəsinə heyrətlə baxdı.

– Sən nə danışırsan?! Dyakon, bu nə deyir?! Ağlını itirib, ya nədi?!

– Yox, əşşi, mən demirəm ki, illah da edam edilsin. Təhlükə sübut olunsa, başqa yollar da fikirləşmək olar. Madam ki, yox edilməsi arzuolunan deyil, onda cəmiyyətdən kənarlaşdırılsın, imtiyazları əlindən alınıb icbari əməyə cəlb edilsin.

Samoylenko ürkmüş kimi oldu:

– Bir de görüm, ağzından çıxanı qulağın eşidir?

Dyakonun balqabaq dolmasını istiotsuz yediyini görüncə:

– İstiot səpin, istiot səpin! – deyə xəbərdarlıq etdi.

Zooloqa çevrildi:

– Sözüm nədə idi?! Hə… Sənin kimi ağıllı-başlı adama yaraşırmı bu sözlər? Dostumuzu – ləyaqətli, ziyalı bir adamı icbari əməyə cəlb etmək, eləmi?

– Ləyaqətlidir? Müqavimət göstərəcək? Onda qandal vurulsun!

Samoylenko artıq heç nə demirdi, barmaqlarını tərpətməklə kifayətlənirdi. Dyakon onun çaşqın üzünə baxaraq gülməyə başladı.

Zooloq:

– Artıq bu söhbəti yekunlaşdıraq, – dedi, – amma yaddan çıxartma, Aleksandr Davidıç, ibtidai insanlar yaşamaq uğrunda mübarizə apararkən, təbii seçmə19 yolu ilə Layevski kimilərdən qorunurdu. İndi yaşadığımız sivilizasiya həyat uğrunda mübarizə və təbii seçmə məsələsini yadırğayıb, biz fərdi şəkildə dayaz, mənfur adamları yox etmək qayğısına qalmalıyıq. Yoxsa Layevski kimilər çoxalsa, sivilizasiya ortadan qalxacaq, bəşəriyyət əsil-nəcabətini itirəcək, bunun məsuliyyəti də bizim üstümüzdə qalacaq.

– Əgər bundan ötrü kimlərisə asmaq, boğmaq lazımdırsa, yerin dibinə girsin sivilizasiya! Gəl mən də sənə bir şey deyim, sən çox bilgili, çox ağıllı adamsan, ölkəmiz səninlə fəxr edir, amma almanlar səni pozub. Bəli, bəli almanlar! Almanlar!

Samoylenko, Derptdə tibb fakültəsini bitirdikdən sonra tək-tük alman görmüş, almanca bircə kitab oxumamışdı. Bu illər ərzində belə qənaətə gəlmişdi ki, siyasətdə və elmdə bütün çirkinliklər almanlardan çıxır. Bu düşüncənin haradan əmələ gəldiyini özü də bilmirdi, amma bu qənaətinə möhkəm etiqad bəsləyirdi.

– Bəli, almanlar! – deyib xahiş etdi, – gəlin, gedib bir çay içək!

Üçü də birdən qalxdı, şlyapalarını geyinib bağçaya çıxdılar, saralmış ağcaqayın, armud və şabalıd ağaclarının kölgəliyində oturdular. Zooloqla Dyakon kiçik masanın yanındakı skamyada əyləşdilər, Samoylenko isə geniş arxalığı geriyə doğru əyilmiş həsir kresloya yayxandı. Xidmətçi çay, cem, bir şüşə də sirop gətirdi.

Hava çox isti idi, kölgədə ən azı otuz dərəcə hərarət vardı. Yaxıcı istidən, bürküdən nəinki tək bir yarpaq, hətta şabalıd ağacından sallanmış hörümçək də yerindən tərpənmirdi.

Dyakon masanın altından gitaranı götürdü, simlərini dınqıldadaraq incə səslə pəsdən bir avaz tutdu: “Ruhani məktəbinin müridləri durub meyxana qabağında…”

Amma istidən dərhal səsini kəsdi, alnının tərini sildi, mavi, qızğın göy üzünə baxdı.

Samoylenko yuxulamağa başladı. Bir anda bütün əzalarını saran günorta yuxusu, istilik, səssizlik onu elə bil sərxoş etmişdi, əməlli-başlı süst düşmüşdü. Yavaş-yavaş gözləri yumuldu, qolları boşaldı, başı sinəsinə düşdü. Yuxuya getməmişdən qabaq, həzin, ağlamsınan bir səslə:

1.Kefal şorbası – balıq supu.
2.Spenser Herbert (1820-1903) – ingilis filosof və sosioloq. Təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi.
3.Biqudi – fenin kəşfinə qədər saçları burmaq üçün istifadə olunan, boru formasında alət.
4.Köpəşik – allergik mənşəli dəri xəstəliyi. Məxmərəyin müxtəlif növlərində, infeksion və parazitar xəstəliklərdə rast gəlinir. Xəstəlik zamanı dəridə ət xalları əmələ gəlir.
5.Vasili Vereşşaqin (1842-1904) – XIX əsrin tanınmış rus batalist rəssamı.
6.Abazinlər (abazalar) – əsasən, Qaraçay-Çərkəz, Adıgey və Abxaziyada məskunlaşmış Şimali Qafqaz xalqı. Hal-hazırda əksəriyyəti Türkiyə, Misir və bəzi ərəb ölkələrində yaşayır.
7.Kinin – malyariyanın müalicəsində istifadə olunan alkoloid.
8.Merci – təşəkkür edirəm. (fr.)
9.Vint – bricə oxşayan, 52 kartla oynanılan rus kart oyunu.
10.Dyakon – katolik, anqlikan və pravoslav kilsələrində ən aşağı ruhani rütbə.
11.Onegin – A.S.Puşkinin “Yevgeni Onegin” poemasında prataqonist obraz.
12.Peçorin – M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının baş qəhrəmanı.
13.Yevgeni Bazarov – İ.S.Turgenevin “Atalar və oğullar” romanının nihilist baş qəhrəmanı.
14.La femme – qadın. (fr.)
15.Sarkoma – onkoloji şiş növü.
16.Tarantul – zəhərli hörümçək növü.
17.Makaka – cəngəllik meymunu. Povestin ingiliscəyə tərcüməsində “yapon meymunu” ifadəsindən istifadə edilib.
18.Antropomorfizm – insana xas olan xüsusiyyətlərin təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi.
19.Təbii seçmə – müəyyən bir canlı növünün digər canlı növləri ilə müqayisədə ətraf mühitə daha yaxşı adaptasiyanı təmin edən orqanları sayəsində həyatda qalmasını, növün davamını təmin edən təkamül mexanizmi.

The free sample has ended.

$1.29
$2.57
−50%
Age restriction:
0+
Release date on Litres:
26 October 2022
Volume:
130 p. 1 illustration
ISBN:
9789952844313
Translator:
Copyright Holder::
Köhlən Nəşriyyatı
Download format:

Similar books