Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Onu kim unudar», page 2

Font:

Cəfərin yazdığı pyeslərin mühüm bir uğuru da, yeni doğulan uşaqlara onun obrazlarının adının qoyulması idi. Oqtay, Elxan, Almaz, Yaşar, Qorxmaz, Gündüz kimi adlar…

Cəfərin gələcəyinə inandığı adamlardan biri də, Mikayıl Müşfiq idi. Sona xanım Cəfərin onun haqqında dediyi sözləri yazır: “Mikayılın coşğun təbi var; o, nadir bir istedaddır. Müşfiq böyük şair olacaq…”

H.Ərəblinskinin ölümünə kədərlənən Cəfər yaşasaydı, sonralar Müşfiqin necə haqsız yerə güllələnəcəyinə heç dözə bilməyəcəkdi.

Xatirələrdəki mühüm hissələrdən biri də, Cəfərin yazdığı məktublardır. Səfərləri boyunca Cəfər ailəsini teleqramsız, məktubsuz buraxmır, ehtiyacları olan pulu göndərir, öz gördüyü işlər haqqında məlumat verir, Sona xanımdan ətraflı cavab yazmasını tələb edirdi.

Xatirələrdəki digər mühüm məqam Cəfərin deputat fəaliyyəti ilə bağlıdır.

“Həmin ildə Bakı əməkçiləri onu Bakı sovetinə deputat seçmişdi. İlk iclasdan nahara gec gəldi. Mən öz adətimcə, yenə gileyləndim: – Az işin var idi, birisi də bu yandan əlavə olundu. Cəfər yarıhənək, yarıgerçək dedi: – Bu daha hökumət işidir, Sonası, deputatlıqla zarafat etmək olmaz.

Və son…

M.Ə. Rəsulzadə keçmiş silahdaşı haqqında yazırdı: “O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də, onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçıya yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”. Sona xanım xatirələr boyunca Cəfərin tez-tez ürəyinin xəstə olduğunu yazır, bir dəfə həkimin tələbindən sonra, siqaret çəkməyi tərgitməsindən, lakin Cəfərin qısa müddətdə buna əməl etməsini yazır. Məktublardan da aydın olur ki, Cəfər ağır iş rejimində çalışırdı. Bir tərəfdən özünün yazdığı əsərlərin, həmçinin digər əsərlərin tamaşalarının hazırlanması, kinonun inkişafına çalışması, bütün bunlar yetməzmiş kimi, teatrda onun əleyhinə monopolist yazar iddiası ilə kampaniyanın başlanması onu çox yorurdu.

Və nəhayət, bir gün dostları onu evə ağır halda gətirirlər…

Ardını isə, lap əvvəldən Sona Cabbarlıdan dinləyək.

Dilqəm Əhməd


Cəfər haqqında danışmaq – mənim üçün həm şirindir, həm acı… Ona görə şirindir ki, bu zaman ömrümün Cəfərlə keçən xoş günlərinə qayıdıram, sanki yenidən onunla üzbəüz oturub danışıram. Ona görə acıdır ki, bu xatirələrimin çətin bir döngəsində elə bil birdən şirin yuxudan ayılıram, Cəfəri qarşımda görməyib sıxılıram. Hər iki halda şiddətli həyəcan keçirirəm. Axı uşaqlıqdan bir yerdə böyüdüyün, birgə həyat qurduğun və tez, çox tez itirdiyin bir insandan, həm də Cəfər kimi həqiqətən gözəl bir insandan ürək ağrısız necə danışasan! Cəfərin surəti ürək ağrısı ilə birləşdikdə isə… artıq danışmaq mümkün olmur.

Bu səbəbdən də mən Cəfər haqqında xatirə yazmaq fikrində deyildim. Lakin dostların, tanışların, sadəcə olaraq Cəfəri sevənlərin, onun həyatı, yaradıcılığı ilə maraqlananların dönə-dönə etdikləri müraciətlər, hər dəfə mənimlə görüşdükdə verdikləri saysız sorğu-suallar zamanı dediklərim-danışdıqlarım unudulmaz xatirələr zəncir şəklində xəyalımda toplanırdı.

Bir gün yaxın rəfiqələrimdən biri məndən soruşdu:

– Sona, sən Cəfəri çoxdan tanıyırdın?

– Necə məgər? – deyə soruşdum.

– Elə-belə bilmək istəyirdim.

– Bəli, lap çoxdan, uşaqlıq illərindən.

– Onda Cəfər haqqında çox xatirə bilərsən.

– Əlbəttə…

– Bəs nə üçün xatirələrini yazıb bir kitabça halında nəşr etdirmirsən?

– Eh, sağ olmuş, – dedim, – məndə ürək hanı?

Rəfiqəm əl çəkmədi:

– Ürəyini ələ al, Sona, mütləq yaz. İnan ki, bu, Cəfərin özünə də xoş gələr!

Xəyala daldım…

Bəli, onun haqqında çox söz-söhbətim var. Əslinə qalsa, elə 60 illik bütün həyatım Cəfər haqqında xatirələrdən ibarət deyilmi? Nəinki onunla bir ailədə yaşadığımız 12 ildə, hətta evlənənəqədərki həyatımda da, xüsusən onun ölümündən sonra keçirdiyim 35 ildə mən bircə gün də, bircə an da Cəfərsiz olmamışam, onun əziz xəyalından uzaqda, xoş xatirələrindən kənarda qalmamışam. Ömrümboyu Cəfər mənimlə yanaşı durmuş, həmişə-hər zaman evimdə, otağımda, fikrimdə, qəlbimdə yaşamışdır. Axı… onu kim unudar!..

Bir də başqa cür ola bilərmi heç? Həyat yoldaşımın qısa həyatının hər günü, hər saatı mənim üçün unudulmaz hadisələrlə zəngindir. Mübaliğəsiz deyə bilərəm ki, Cəfərin qaynar həyatının, xüsusən ömrünün son dövrünün bircə günü – səhər sübhdən gecə keçənə qədər – qələmə alsan, maraqlı bir kitabça çıxar. Bütün otuz beş illik həyatını isə, təəssüf ki, mən yuxarıda bildirdiyim səbəb üzündən ardıcıl və ətraflı təsvir edə bilməyəcəyəm. Buna görə də tam olmayan bu xatirələrimdə nəzərə çarpacaq qırıqlıq üçün hörmətli oxucular məni bağışlasınlar.

Həmin xatirələri yazmaqda yeganə məqsədim – Cəfərin həyat və yaradıcılığını öyrənənlərə, əsərlərini tədqiq edənlərə, pyeslərini tamaşaya qoyanlara və onu sevə-sevə oxuyanlara azacıq da olsa, kömək etməkdir. Mən xatirələrimdə özümün görüb bildiklərimdən əlavə yaşca məndən böyük olan qohum və tanışlarımızdan Cəfər haqqında eşitdiklərimi də nəzərə almışam.

Bu kitabça Cəfərin həyat və yaradıcılığını öyrənənlərə az-çox yardım göstərərsə, məncə, bu, ölməz ədibimizə qiymətli bir xatirə olar.

I

Ata-baba yurdumuz Xızı kəndi uca dağların, yaşıl meşələrin qoynunda yerləşir. Sərin suyu, təmiz havası, qaynar bulaqları, səfalı yaylaqları ilə məşhur olan bu gözəl kənd Bakının 110 kilometrliyindədir. İnqilabdan əvvəl ətrafdakı yerlər kimi Xızı da mədəniyyətdən uzaq tənha guşə idi. Kənddə bir nəfər də olsun savadlı adam tapılmazdı. Camaatın əsas məşğuliyyəti əkinçilik, maldarlıq və kömürçülük idi. Xızının hər tərəfi meşəlik olduğundan yerli əhali bir parça çörək pulu qazanmaq üçün başqa təsərrüfat işləri ilə bərabər, kürə basdırar, hasil olunan kömürü öküz arabaları ilə Bakıya, Şamaxıya aparıb satardı.

Bakıda “dağlı” adlanan xızılılar başqa kəndlilər kimi öz ruzilərini min bir əzab-əziyyətlə əldə edirdilər. Onların çoxu yaz, yay aylarını doğma kənddə öz təsərrüfatları ilə məşğul olur, az-maz azuqə toplayandan sonra, qışda müvəqqəti olaraq Bakıya köçürdülər. Bütün qışı mədənlərdə işləyir, qırçılıq edir, odun doğrayırdılar.

Belə ağır ehtiyac içində yaşayanlardan biri də bizim ailə idi. Babamız Cabbarın üç oğlu, dörd qızı olmuşdur. Cəfərin atası Qafar Cabbarın ortancıl oğlu idi.

Qafar da başqa dağlılar kimi əsas təsərrüfat işindən əlavə kömürçülüklə məşğul olurdu. Bir dəfə ağac kəsəndə odun parçası dəyib gözünü zədələmişdi. Bir qədər keçəndən sonra kişinin bir gözü tamam şikəst olmuşdu. Mən şəxsən onu görməmişəm, ancaq qohumlarımızdan eşitmişəm ki, Qafar bəstəboylu, üzügülər, rəhmdil bir kişi imiş. Onun arvadı Şahbikəni isə yaxşı xatırlayıram. Cəfərin anası ortaboylu, möhkəmbədənli, ciddisimalı, zəhmətkeş və qayğıkeş, qeyrətli bir qadın idi.

O zaman bizim qohum-əqrəbanın bütün üzvləri bir yerdə yaşayırdı. Ailəmizdə işləyən çox olsa da, güzəranımız yaxşı keçmirdi. Ona görə də Xızıdan Bakıya köçməli olduq.

Əmim Qafar 1903-cü ildə vəfat etdi. Bu ölüm, onsuz da güzəranı pis keçən ailənin vəziyyətini daha da çətinləşdirdi. Nə qədər ki Qafar kişi sağ idi, arasıra Xızıya gedir, kənddən kömür gətirib Bakıda satırdı. Doğrudur, bu həm ağır, həm də az qazanclı məşğuliyyət idi. Lakin yenə ailənin dolanacağı üçün az-çox kömək idi. İndi isə o da yox idi. Buna görə də Şahbikə İçərişəhərdə dövlətlilərdən birinin evində xidmət etməyə məcbur oldu. Onun bacarıqlı, işə can yandıran, təmizkar və səliqəli olduğunu görən sahibkar tezliklə Şahbikəni aşpazlığa keçirdi. Şahbikə sahibkardan aldığı zəhmət haqqı və gündəlik xörək payı ilə ailəyə kömək edirdi.

Şahbikə qulluq etdiyi evdə böyük hörmət qazanmışdı. O zaman həmin dövlətlinin arvadı (gərək ki, adı Xırda xanım idi) Məkkəyə gedirdi. O, Şahbikəni də özü ilə aparmaq istədiyini ona bildirmişdi. Əlbəttə, İslam dininin elə bir qatı dövründə bu səfərdən imtina etmək olmazdı. Şahbikə ailəni artıq, necə deyərlər, əli bir parça çörəyə çatmış böyük oğlu Hüseynquluya tapşırıb Məkkəyə yola düşdü.

Yoxsul ailəmiz Məkkədən qayıdan öz başçısını böyük sevinclə qarşıladı. Şahbikə indi hacı olmuşdu. Bu isə o zaman hər adama müəssər olmayan böyük bir şərəf sayılırdı. Bütün məhəllə əhli onu Hacı Şahbikə çağırırdı. Şahbikə təkcə bizim ailənin deyil, bütün məhəllənin ağbirçəyi, məsləhətçisi idi.

Başqa xızılılar kimi bizim ailəmizdə də savadlı adam yox idi. Nəslimizdə şair, aşıq, xanəndə və başqa sənətkar olmamışdır. Təkcə bibim Zərnişan arabir, gördüyü hadisələrə dair və ya ailə üzvlərinə şeirlər qoşardı. Qohumlardan eşidib yadımda qalanları bunlardır:

 
Tutuquşu havalarda dövr elər,
Həkim yoxdur yaralarım qövr elər.
Bir yanımı sən əymisən, zalım yar,
Bir yandan da qohum-qardaş cövr elər.
 

Və yaxud başqa qoşmalarından bir neçə bənd:

 
Yudum saçlarımı, atdım dalıma,
Ağlamasın anam, bacım halıma,
Nə gəlmişdi alagözlü yarıma?
Əsdi badi-xəzan aldı əlimdən!
 
 
Güzgüyə baxanda hamıdan düzəm,
Şıx-Sayad1 içində bir alagözəm.
İstəyirəm qaçım, təkəm, yalqızam,
Xəbər verin yara mənim dilimdən.
 
 
Səhər-səhər xeymərəsdə göründüm,
Güllə dəydi, qarnım üstə süründüm,
Axşam çağı çarşafıma büründüm,
Mən ölürəm, Zərnişanım ağlasın.
 

Deyildiyinə görə, Cəfərin bibisi çox hazırcavab bir qadın imiş və bədahətən qoşmalar deyərmiş. Hətta bir dəfə Zərnişan haradansa kəndimizə gələn bir aşıqla deyişib və onu bu sözlərlə bağlayıb:

 
Ağacdan at eylərəm,
Xana barat eylərəm.
Sənin kimi aşığı
Mahnıda mat eylərəm.
 

Əmim Qafarın beş oğlu, iki qızı olub. Qızları və bir oğlu körpə ikən ölüb. Sağ qalmış dörd oğuldan böyüyünün adı Hüseynqulu, ortancılın adı Heydər, ondan kiçiyininki Əjdərdir. Cəfər ailənin sonbeşiyidir. Buna görə də hamı onu çox sevirdi, xüsusən Şahbikə bütün uşaqlarından çox Cəfəri istəyirdi.

Cəfər 1899-cu ildə mart ayının 20-də, Novruz bayramı axşamı Xızıda anadan olub. 1901-ci ildə ailəmizlə birlikdə iki yaşlı Cəfər də Bakıya gətirilib.

Cəfər uşaqlıqda çox arıq, cılız idi. O, bir müddət mollaxanada, indiki yuxarı Dağlıq küçəsindəki məsciddə Molla Ümnisənin yanında oxudu. Elə ki, Quranı başa vurdu, mollaxanadan çıxdı. Bir qədərdən sonra isə Bədəlbəyin məktəbinə girdi. Burada Cəfərin müəllimi o vaxtın görkəmli ziyalılarından biri sayılan həmyerlimiz Mirzə Qədir İsmayılzadə – məşhur şairimiz Mikayıl Müşfiqin atası olub.

Cəfər şuluqluq üstündə həmin məktəbdən qovuldu. Sonra o, rus-tatar məktəbinə daxil oldu. Burada Süleyman Sani Axundov, Abdulla Şaiq və başqa müəllimlər ona dərs deyirdilər. Rus-tatar məktəbində Cəfər yaxşı oxuyurdu. Amma yenə də nadinclik edirdi, xüsusilə tez-tez müəllimlərlə mübahisəyə girişirdi. Bir dəfə məktəb direktoru Cəfərin böyük qardaşı Hüseynquluya demişdi: “Biz onun əlindən zara gəlmişik. Ancaq yaxşı oxuduğu üçün məktəbdən qovmuruq. Evdə ona bir az qulaqburması verginən”. Əlbəttə Hüseynqulu Cəfəri danlayırdı; ancaq o, öz bildiyindən əl çəkmirdi.

Məncə Cəfər ilk şeir təcrübələrinə də elə bu vaxtdan başlamışdır.

1911-ci ilin son günləri idi. Cəfər rus-tatar məktəbinin üçüncü sinfində oxuyurdu. Biz o zaman 4-cü Təzəpir küçəsində yaşayırdıq. Cəfərin Məşədi İbrahim adlı bir əmisi var idi. Bizimlə bir həyətdə olur və mişarçılıq edirdi. Bir gün o, evə gələrkən nədənsə arvadı Şərabanı ilə savaşır və süfrəyə qoyulmuş dolmanı kasası ilə birlikdə çardağa atır. Bu hadisəni görən Cəfər oradaca bir şeir qoşur:

1.Şıxlar və Səyyadlar Xızı kəndinin iki qonşu qışlağıdır.