Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Həbsxana»

Font:

ÖN SÖZ

Kitaba yazıçı, jurnalist, həmçinin ömrünün sonlarında partiya rəhbəri olmuş Qənimət Əlisaoğlunun üç məşhur əsəri – «Lənət qapısı» (1993), «Bayıldan başlayan yol» (1998) və «Qırmızı türmə» (1999) əsərləri salınıb. Əsərlərin yalnız biri – «Lənət qapısı» «Şəms» nəşriyyatı tərəfindən 2003-cü ildə latın qrafikası ilə nəşr olunub, digər iki kitab ilk dəfədir ki, latın əlifbası ilə nəşr olunur.

Hər üç əsər müəllifin şəxsi bioqrafiyasının məhsuludur. Əsərləri oxuyan hər bir kəsi ilk növbədə Qənimət Əlisaoğlunun şəxsi həyat faciəsi şoka salır, oxucunu acı təəssüf hisləri keçirməyə məcbur edir, lakin acı bir reallıq da ondan ibarətdir ki, Qənimət Əlisaoğlunun bu şəxsi faciəsi olmasaydı, Azərbaycanın ən yeni tarixindəki bu qədər ləkəni, bu qədər rəzillikləri kim qələmə alardı… Odur ki, artıq həyatdan köçmüş Qənimət Əlisaoğlu öz şəxsi faciəsi ilə əslində 3 kitab qədər tarixi həqiqətlər qoyub getmişdir…

Kitabların heç biri başqa kriminal türmə həyatından olan kitablara bənzəmir, bunlar başdan-ayağa sarsıdıcı, tükürpədici səhnələrdən ibarətdir. Müəllif üç kitabda Azərbaycan və İttifaq (daha doğrusu, Sovet Rusiyası) türmələrini tam realistliklə müqayisə edib bunları yazır:

– Burada iztirab, ümidsizlik və məyusluq var.

– Burada insana həşərat kimi baxırlar.

– Burada ibtidai vəhşət atmosferi var…

Hər 3 kitabın qırmızı xətt kimi bir həqiqəti var:

AZƏRBAYCAN TÜRMƏSİ

– bütün atributları ilə,

– rüşvətin hədsiz miqyası ilə,

– qanun-qaydaların açıq-aşkar tapdanmasına görə,

– haqsızlıq, ədalətsizlik, mənəm-mənəmliyə görə

bütün İttifaq türmələrindən fərqlidir…

Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!

Qənimət Əlisaoğlu İsayev
(1950-2001)
* * *

Tanıyanlar müəllif haqqında bunları deyib:

– O çox riskli işlərə baş vuran bir «avtoritet» olub. Həbsxana həyatından nə yazıbsa da həqiqətdir…

Rövşən Yerfi

– O çox ciddi və mənalı adam idi. Oğru aləmində «avtoritet» sayılırdı. Həddən artıq mütaliəli adam idi. Ölümü isə çox müəmmalı oldu. Türmə həyatının «mətbəx»ini verə bilən nadir yazıçılardandır…

Murad Köhnəqala

– Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı…

Əlisəmid Kür

Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktyabrında – müstəqillik günündə özünü güllələyib (rəsmi məlumatlara görə).

Türmə qarşısında konstitusiya öz gücünü itirir.

Sol RUBİN


Lənət qapısı
(birinci kitab)

I hissə
Bayıl-85

TƏCRİDXANADA

Dünya ya cənnətdir, ya zindan…

Balzak

Otuz nəfərə yaxın başıbəlalının təpilib doldurulduğu «voronok» acıq verirmiş kimi dartınıb dayandı. Əyləc qəflətən basıldığından ləngərlənib bir az da sıxıldıq, taleyin hökmündən əyilmiş qəddimizi qismən də olsa, düzəltməyə macal tapmamış bizi bizdən «qoruyan» silahlı «ment» yerə atıldı, əlləri bellərində boy-boya düzülmüş hərbçi geyimli «ment»lərlə görüşdü:

– Malları gətirmişəm, ütün, – dedi. «Ment» – milis, yaxud türmə işçilərinin çoxsaylı adlarından biridir. Onlara həmçinin «pirat», «padlo»1. «milton»2. «podlipalo»3, «kryuçok»4, «qad»5, «qad leqavıy»6, «suka»7, «tixar»8, «milok»9 və s. deyilir.

Qıfıllar şaqqıldadı, «voronok» bir də dartındı, dəmir darvaza arxamızca həmişəlik bağlandı.

Ölümlə olumu, işıqla qaranlığı bir-birindən təcrid edən bu qapı kimlərəsə var-dövlət bəxş etməkdən ötrü yüz ildən çoxdur ki, açılıb örtülür.

Həyatımıza qoşa qara xətt çəkən, pula açılıb, pula örtülən qapı.

İlk açılışı «voronok»dan qəbul edib alnımıza «zek»10 damğası vuran, son açılışı «voronok»a doldurub «stolıpin»11, yaxud koloniyaya yola salan qapı.

Əli qoynunda balalarımızın göz yaşlarının şahidi qapı.

Güclülərin əliylə zəiflərin boynuna dəyirman daşı kimi asılan qapı. Həsrət qapısı! Nifrət qapısı!

Özü ağırlığında lənət qapısı! Burdan ölüb çıxanların, ölü kimi çıxanların şahidi qapı.

Səkkiz gün qabaq tutmuşdular məni – tutmuşdular deyəndə Mirzoyev (nə səbəbdənsə Mirzəyev yox) familiyalı bir müstəntiq Nəsimi rayon prokurorluğuna dəvət etmişdi. Aramızdakı qısa söhbətdən sonra altı nəfər qoluzorlu milis otağa daxil olmuş, iki il öncə dövlət əmlakını külli miqdarda mənimsədiyim, dəfələrlə rüşvət aldığımı, vəzifə mövqeyimdən sui-istifadə etdiyim üçün məni həbs etmişdilər. Beş gün Nəsimi Rayon Daxili İşlər Şöbəsində saxlamışdılar ki, bəlkə dalımca gələn oldu. Özümə dəfələrlə xidmətlərini təklif etmişdilər:

– Hara istəyirsən, kimin yanına istəyirsən «zapiska»12 yaz, aparaq çatdıraq, – demişdilər.

Yazmağa sözüm, çatdırmağa adamım yox idi…

Bu dörd gündə çox düşünüb – daşınmışdım. Yəqin bilirdim ki, məni üç gündən artıq saxlamağa ixtiyarları yoxdur. Bir halda ki, saxlayırlar, deməli, burada qarışıq müəmma var. Açılacağına isə şübhə yox; bir az tez, bir az gec.

Bu dörd günü quru taxta üzərində bir plaşla keçirmişdim. Yemək dərdi çəkməsəm də, milis növbətçiləri öz pulumla həm mənə, həm də özlərinə nahar və şam yeməyi alırdılar. Nəhayət, dördüncü günün sonunda insaflının biri tapıldı:

– Səni sabah səhər buraxmalıdırlar, – dedi.

– Axı, üç gündən artıq saxlamağa ixtiyarları yoxdur, mən isə gör neçə gündür buradayam.

– Ay sənin kinovun olsun, sən nə qoyub nə axtarırsan? İki gün səni heç «oformit»13 eləmədilər. Tak-şto, yadda saxla ki, «otdeleniyedə»14 cəmisi iki gündür qalırsan. Özün də dara-bara salma, mən ölüm! Sonra bilərlər ki, mən satmışam, atama od vurarlar. Rəisimiz yaman qansız adamdır. «Paqon»umu sökdürər.

– Deməli sabah buraxacaqlar?

– Nə deyim vallah? Ya buraxmalıdırlar», ya da…

Başını qaşıdı, gözlərini məchul bir nöqtəyə zilləyib, bir xeyli düşündü.

– Bilirsən nə var, əmioğlu, – deyə bir az ciddiləşdi – demişəm, qoy axıracan deyim. Cəhənnəmə ki… Mən «smen»ə15 gələndə bizim nəçənnik bir nəfər müstəntiqlə danışırdı. Deyirdi ki, bu bədbəxt oğlunun – yəni sənin –arxasınca nə gələn var, nə də maraqlanan. Sabah basacağam boynundan, getsin, – dedi rəis. Müstəntiq də buyurdu ki, görüm «kişi» nə deyəcək, sonra. Ancaq, yenə deyirəm ha. kim bilir onların işlərini? Bir də gördün elə doğurdan da basdılar boynundan, getdin gedər-gəlməzə. Qorxutmaq üçün demirəm, ancaq vallah bu qapıdan o qədər nər kimi oğlanların boynunu büküb göndəriblər ki, adam mat-məəttəl qalır…

Aydın olmayan heç nə yox idi. Doğrudan da, səhər açılar-açılmaz məni DİŞ-in şəhər şöbəsinin zirzəmisinə apardılar. Nə bir soruşan oldu, nə bir dindirən. Üç gün də bu zirzəmidə yaşayandan sonra pişik balasını dişində daşıyan kimi sürüyüb saldılar «voronok»a16. «Voronok»un da yolu bu lənətə gəlmiş qapının ağzında qurtarar.

Ölçüyə gələrmi bu divarlar arasında, yeddi dəmir qapı arxasında tökülən göz yaşlan?

«Kişi ağlamaz!» deyənlər bu kəlamı hansı əsasla fikirləşib, görəsən? Qalın, dəmir qapılar arxasında yaramaz bir praporşikin17, qanacaqsız serjantın, rüşvətxor starşinanın, cibsoyan müstəntiqin, ədalətsiz hakimin futbol oyunundan cana doyan məhbus kəndir axtarırsa, yerindəmi bu kəlam?..

Şəxsiyyəti təhqir olunan, kişilik qüruru bir nakişinin nacins hərəkəti nəticəsində sınan məhbus səbəbkarın başına endirmək istədiyi yumruğunu dəmir qapıya döyəsi olacaqsa, yerindəmi bu ifadə? Beton döşəmə, beton tavan, daş divarlar, dəmir barmaqlıqlar arasında ümidi hər yerdən üzülmüş, əli heç kəsin ətəyinə çatmayan kimsəsiz, pulsuz-parasız biçarə ağlamayıb gülsünmü? Bu kəlamı bu şəraitə uyğunlaşdırmaq istəyənin bircə adı var – əbləh!

«Voronok»un birinci qapısını açdılar, «quşxana»dan birisini dartıb çıxartdılar, yumşaq yerinə bir təpik də ilişdirib:

– Vızqırd, haramzada! – dedilər.

Sonra ikinci, dəmir çərçivəli qapının asma qıfılını açdılar.

– Tökülüşün! – deyə əmr verdilər.

Qoyun sürüsü kimi qabaqlarına qatıb, döşəməsi, tavanı, divarları beton, balaca, dar bir otağa itələdilər. Arxamızca üçüncü dəmir qapını da bağladılar. Nəfəs-nəfəsə, burun-buruna dayandıq. Qısa bir vaxtda siqaret tüstüsündən göz-gözü görməz oldu…

21 yanvar 1985-ci il. Bu tarixdən başlamış neçə-neçə ayları, illəri dəmir qapılar arxasında keçirəcək, günləri, saatları sayacağam. Ömrümü dəmirlərə bağlayacaqlar: dəmir qapı, dəmir «nara», dəmir stol, dəmir parç, dəmir qaşıq, dəmir çərçivəli, şüşəsiz pəncərə, …bir də tədricən formalaşan dəmir əsəblər.

İkinci, üçüncü «xodka»18 ya gələnlər bizi təlimatlandırdılar:

– Bu balaca otağa «boks» deyirlər. «Boks»un o biri tərəfindəki hərbi paltar geyinmiş qanun keşikçisi, yəni «nazor»19, yaxud qəbul olunmuş dildə «ment» bir-bir bizi çağıracaq, dik duran və çökək yerlərimizi diqqətlə yoxlayacaq. Buna «şmon» deyirlər. Kimin pulu varsa, udsun, çıxarmaq qaydasını kamerada öyrədəcəklər. Cavab qaytarmayın – çırparlar! Haqq, ədalət sözlərini dilinizə almayın – gülərlər və s. və i.a.

«Şmon»20 çox qəribə prosesdir, daha doğrusu, çox qəribə surətdə aparılır. Maraqlıdır ki, hər respublikada, hətta, hər koloniyada «şmon» özünə məxsus qaydalarla aparılır. Azərbaycanda isə «şmon» Allah tərəfindən göndərilmiş bəla, yaxud bəndə tərəfindən düşünülmüş qırxım prosesidir.

«Şmonşik» qeyri-rəsmi vəzifədir və bu vəzifəni almaq üçün bir qucaq pul vermək lazımdır. Verilənlərin geri qaytarılacağına şübhə etmək gərək deyil. Cəmi bir aya qoyduğunu götürəcəksən. Sonra «böyük»lərlə şərik işləyəcəksən.

Bu Dardanel boğazından, yəni «şmon» otağından «zek»lərin hamısı ən azı iki dəfə keçir. Hamısı da gətirir, verir, bağışlayır. Gətirir – çünki, tələbat var, verir – çünki, verməsə zorla alacaqlar. Bağışlayır – çünki, bəxşeyiş şirin olur.

1985-ci ilin 21 yanvarında Bayıl türməsində baş «şmonşik» Tahir adında gözəl-göyçək bir oğlan idi. Qapının arxasından qışqırığını eşidirdik. Vurduğu yumruğun boğuq səsi, çəkdiyi şillələrin şappıltısı qulaqlarımızda həkk olunurdu.

«Şmon»a 18 yaşı hələ tamam olmamış bir yeniyetməni çağırmışdılar. Bu bədbəxt başqalarının toruna düşüb mağazanın nəfəsliyindən anbara enmiş «Vesna» maqnitofonlarını çöldəki dostlarına ötürürmüş, özü nəfəslikdən çıxa bilməyib tutulmuşdu.

– Bıçaq, lezva, pul – stolun üstünə!… Özüm tapsam… Soyun, küçük! Dombal görüm… Götür zibillərini rədd ol! – Tahirin əmri və komandaları eşidilirdi. Və heç şübhəsiz ki, olduğu kimi də yerinə yetirilirdi. «Etiraz» və «türmə» sözləri arasında dibi görünməyən bir uçurum var – bunu «zek» də bilir, «ment» də. Burada hər kəsin öz yeri yoxdur, hər maddənin öz yeri var. Tutulan oğru tutulmayan oğrudan, bircə dəfə rüşvət alıb ilişən, illərlə rüşvət toplayan «nazor»dan yalnız «vətəndaş» kəlməsi ilə fərqlənir.

Burada cinayət məcəlləsinin maddələri qrup şəklində qiymətləndirilir.

Həsən ev oğrusudur, ya maşın oğrusu, dəxli yoxdur, yəni «slesar»dır21, deməli, alçaq, xəbis və milli düşməndir. Axı, bir gün gəlib «nazor»un da «zəhmətlə» topladığını apara bilər!

Hüseyn dövlətdən oğurlayıb, bank yarıb, rüşvət alıb, deməli kişidir, abırlı adamdır.

«Barıqa» [yəni, alverçi] hörmətli şəxsdir, yeri yuxarı başdadır.

Yaxşı balıqçı tilova düşən balığın dadını və təqribi çəkisini görməmiş təyin edən kimi «ment» də «türemşik»in sosial vəziyyətini özünü görməmiş sənədlərindən, türmə kartoçkasında qeyd edilmiş maddəsindən bilir.

Əsil ov da elə bundan sonra başlayır. «Oper»lər22, «spets»lər23, «DPNK»lar24, «starşinalar» və nəhayət, «nazor»lar «şmon»dan sonra öz tilovlarını atırlar 35, 36 və 37 nömrəli müvəqqəti saxlama kameralarına. Əsas iş kimin tilovu tez atmasında deyil, tilovdakı yemin dadındadır.

Mənə tilovu elə «şmon» otağında atdılar. Tahir sənədləri gözdən keçirən kimi yaxın gəlib hal-əhval tutdu, ürək-dirək verdi:

– Fikir eləmə, müəllim, Sizi yaxşı kameraya göndərirəm. Görürəm yaxşı adama oxşayırsan, özün də kişi maddəsi ilə gəlmisən. 88-1, 170-2, 167 sayılan maddələrdir. Baxma ki, bura köhnə türmədir, lap YEKATERİNADAN qalma, ancaq yaxşı yerlərimiz var. «Burjuy» kamerasına göndərəcəyəm səni, 39-a! Xərci beş yüzdür. Orda telefon da var. Danışmaq olar. Ancaq, ehtiyatlı ol, heç kəsə sirr vermə. Kamerada «setka»25 var. Bir şey lazım olsa, məni çağırtdırarsan. Pulu necə gətirmək lazım olduğunu sənə kamerada başa salacaqlar. «Qonets»26lə «ksiva»27 göndərə bilərsən. Sizi yoxlamasaq da olar. Biz adama baxanda qiymətini veririk. Keç o biri «boks»a.

BURJUY KAMERASI

Ağıl Yer kürəsini qaldıra biləcək ling, onun dayaq nöqtəsi isə puldur.

Balzak

Boksun dəmir qapılarmı açdılar. Daha bir dəmir qapıdan keçib, birinci korpusun dəmir pilləkənləri ilə ikinci mərtəbəyə qalxdıq. Sayca altıncı dəmir qapı da bağlı idi. Nəzarətçi qapı zənginin düyməsini basdı.

Yanvar ayı olsa da, havalar xoş keçirdi. Pilləkənin başından gözümə gün düşdü. Sən demə, Günəşlə bu balaca meydançada uzun müddətə ayrılırammış. Düz on bir ay Günəş üzünə həsrət qalacaq, dörd divar arasında tarakan həyatı keçirəcək, Günəşi görmədiyimdən rəngim də dəyişib meyit rənginə dönəcəkmişəm.

Bilsəydim, təəccübdən buza dönmüş dodaqlarımla od üzündən öpərdim, Günəş! Bilsəydim, bu məhrumiyyətlərə dözməmək üçün, aclıq körpüsündən keçməmək üçün, alnıma ömürlük «rane sudimıy»28 damğası vurulmamış qucaqlayardım səni, Günəş!

Qucaqlayardım ki, yandırasan məni, külümü küllərə qarışdırasan, Günəş!

Haradan biləydim ki, dəmir qapılarla ədalət və ədalətsizliyi, qanun və qanunsuzluğu, insaf və insafsızlığı bir-birindən ayırmaq olarmış?

Haradan biləydim ki, yüksək tribunadan «xalq, xalq!» deyən «ideallar» lənət qapısı arxasında «pul», «pul» deyən qəssablara dönəcəklər…

Qapını içəridən açdılar. Nəzarətçi bizi növbətçi «nazor»a təhvil verib tapşırdı:

– Bu biriləri 37-yə, bu, bizim adamdır – 39-a!

Burada da «bratan»ların29, yəni məhbus qardaşların arasında kasıblar və pullular təbəqələrə ayrılır. Özü də elə ilk addımdan. Bu bölgü hələ «nazor» bölgüsüdür, sonra «zek» bölgüsü, «zon» bölgüsü olacaq. Burada da, çöldə də, hətta, qəbirstanda da bölgü…

Uzun, hündür dəhlizin sağ və sol tərəfində şahmat damaları kimi çəp sıralı qara rəngli kamera qapıları düzülmüşdü: 35, 36, 37, 38, 39… Sayı yox. «Nazor» təqribən 20 sm uzunluğunda bir açarla qıfılı şaqqıldatdı, qapını azacıq aralayıb «keç», – dedi.

Kamera. Bu adı kim, nə vaxt fikirləşib, görəsən? 4 metr uzunluğu, üç metr eni olan bir hücrədir kamera. Döşəməsi, tavanı beton, divarları daş bir hücrə; bir tərəfdə «yurs»30, yəni «nara» – dəmir borulardan bir-birinə qaynaq edilmiş iki mərtəbəli yataq yerləri, digər tərəfdə döşəməyə və «nara»lara qaynaq edilmiş dəmir stol var. Stolun hər iki tərəfində oturmaq üçün taxt [skamya] da qaynaq edilmişdi. Bir sözlə burda inventarların sayı və nömrəsi yoxdur, hamısı bir tam şəklindədir.

Deyilənlərə görə, vaxtilə burada, 39-cu kamerada Stalin yatıb. Mənim bura düşdüyüm tarixdə, yəni 21 yanvar 1985-ci ildə kamerada ümumi sayımız on iki idi, yataq yerinin sayı isə on.

Qapının üstündə, tavana yaxın yerdə balaca bir deşik qoyulub. Deşiyin kameraya açılan üzündəki dəmir çərçivə də «nara»lara qaynaqlanıb. Çərçivənin arxasında yalnız dəhlizdən dəyişdirilə bilən 40 vatlıq elektrik lampası bağlanıb. Məhbusun günəşi, işıqlı dünyası, bir də elektrik enerjisi mənbəyidir bu lampa. İnsan hər əzaba qatlaşıb, ən çətin vəziyyətdən belə çox vaxt çıxış yolu tapa bilir. «Burjuy» kameralara ödənilən aylıq qeyri-rəsmi vergi fonduna bu enerji mənbəyindən istifadə edərək elektrik qızdırıcısının, əldədüzəltmə plitənin işlədilməsi və bunu korpus starşinasının «görməməsi» üçün 30 manat pul əlavə olunur.

Yağlı dilə aldanaraq, 500 vəd edib, ora düşəndən sonra gördüm ki, «telefon» Bayıl türməsinin birinci korpusunun və sanitar hissəsinin ikinci mərtəbələrindəki yola baxan pəncərələrə deyirlər. Əslində buna pəncərə demək özü də cinayətdir. Təqribən 70/100 santimetr ölçüdə, döşəmədən iki metr hündürlükdə qalın dəmir barmaqlıq taxılmış boş pəncərə yeri, çöl tərəf görünməsin deyə hələ bir qabırğa ilə də örtülür.

Çox maraqlı və gəlirli sahə olan «telefon»la danışmaq üsulu haqda sonra…

İndi isə… Öyrəndim ki, «setka» heç də tor deyil, bu, adicə dustaq yoldaşlardan biridir. Poqonlulara kameradakılar haqda səhih məlumat vermək üçün öyrədilən insan övladıdır. Ona «işverən» də deyirlər, kamerada «setka», koloniyada «suka» adlandırırlar.

«Burjuy» kamerası da elə adi kameradır; ayaqyolusu da içində. Fərq bundadır ki, içəridəkilər imkanlı yoldaşlardır, süni seçmə metodu ilə «500-lük xəlbir» dən keçiblər.

Burda həmişə yemək-içmək var. İstəsən, 30 manata araq da gətirirlər, ancaq gərək içəndən sonra butulkanı sındırıb əzəsən ki, bilən olmasın. Arağı və spirti hərdən «qrelka»da31 gətirirlər, ancaq onda zəhrimarın dadı dəyişir və rezin iyi verir. «Ksiva» – eləcə dustaq məktubudur. «Qonets» də həmin məktubla həmin ünvana qaçan «nazor». «Burjuy» kamerasına düşmək üçün «taksa» «şmon» otağında 500, 1-ci korpusun 2-ci mərtəbəsində – müvəqqəti saxlama kamerasında 300-dür.

Ev bizim, sirr bizim. Buranı heç kəs qəflətən gəlib yoxlaya bilməz. Bura yalnız prokuror həzrətləri girə bilər. o da öz kabinetindən çıxmamış xəbər eləyir ki, bəs gəlirəm, hazır olun. Rəis də çağırıb öz göstərişlərini verir. Onca dəqiqəyə bütün kameralara xəbərdarlıq edilir, yorğan-döşək qaydaya salınır, «sever»in32 pərdələri açılır, artıq şeylər yığışdırılır, prokuror həzrətləri gəlib, işdir-şayəd kameraya girsə, görsün ki, hər şey qaydasındadır [hərçənd 11 ay ərzində prokurorun bircə dəfə də olsun kameraları gəzdiyini görmədim].

«Sever» sözü təkcə Bayıl türməsində qəbul olunub və kameranın içərisindəki ayaqyolunun şərti adıdır. Qapısı olmadığından, içəridə oturan utanmasın deyə, məhbuslar mələfədən qapı düzəldir, həm də hündürlüyünü adam boyda qaldırırlar.

Ara xəlvət, tülkü bəy! Soy, kəs, çap özünçün. «Şmonşik» dustağın üstündən nə tapsa, müsadirə edir. Əgər, dustaq özü könüllü vermiş olsa,.. pul üç yerə bölünür – bir payı, dustağa qaytarılır, iki payı qalır «nazor»un ixtiyarında.

Səriştəsi olanlar «şmonşik»ləri aldatmaq [buna «atmaq» deyirlər] yolu ilə içəri çox şey gətirirlər. Bunun üçün müxtəlif üsullar fikirləşilib: məsələn, məhbus nəşə, tiryək və digər müxtəlif narkotik maddələri sellofan torbacığa doldurub, arxa keçiddən özünə yerləşdirir. «Nazor» anası ölmüş də bunu bildiyi üçün gözü su içməyən dustağa «dombal» komandası verir. Və əgər arxa keçiddə sellofan torbacığın ucuna bağlanmış sap görsənsə, vay o «zek»in halına. Qapaz, yumruq, söyüş:

– «Qad»33, «qnida»34, bizə nömrə gəlirsən?

Eyni sözü də «zek» «ment»in haqqında deyir – ya üzünə, ya arxasıycan.

Bu da bir cür mübarizədir – «qadların», «qnidaların» mübarizəsi.

Usta «zek» pulu [adətən 50 və 100 manatlıqları] udub, bir neçə gün sonra öz ifrazatının içərisindən eşib çıxarır, yuyub qurudur və yenə, məhz, narkotik maddə almaq üçün «nazor»a verir. Bir sözlə, bilən üçün bu əziyyəti çəkməyə heç lüzum yoxdur – «nazor»un canı, sağ olsun. «Nazor»dan əlavə 1-ci korpusun 2-ci mərtəbəsində fotoqraf Vahid və əl izi götürən Rahib də bu məqsədə qulluq edirlər. Üzdə bir-birinə dost deyən bu iki «qardaş» əslində rəqibdirlər, axı, «iki qoçun başı bir qazanda qaynamaz». Mənən qoçdan çox qoyuna oxşayan bu iki yoldaş tez-tez kəllələşməli olurlar.

Onların qətlinə çoxları fərman verib. Bura düşən günahsız, yaxud günahkar qadınları onlar qadın korpusundan əl izi götürmək və şəkillərini çəkmək üçün 1-ci korpusa, öz otaqlarına gətirirlər. Bütün kameraların gözlük və nəfəsliklərində neçə dustaq kişi göz yaşları yanağından tökülən bu qadınları seyr edir. Vahid onların başlarından, boyunlarından tutub poza üçün saxlayır. Rahib qol və biləklərindən tutub barmaq izlərini götürür.

Dostlar bu prosesi bır az da iyrəncləşdirir, müxtəlif alçaqlıqlardan çıxırlar. Bunu görən məhbus dəmir qapı arxasında heç nə bacarmasa da, çıxandan sonra bu qardaşlarla hesab çəkəcəyinə söz verir. Di gəl ki, dustağın yolu uzun, sabahı bu gündən daha acı, daha ağır. Sabah görəcəyi vahidlər və rahiblər bugünkündən daha alçaq…

Və beləcə yaşayır, Vahid də, Rahib də.

Həm də digərləri kimi Bakı şəhərinin istənilən guşəsinə istənilən ünvana söz və «ksiva» aparır, cavab və pul gətirirlər.

O ki qaldı rayonlara getməyə, bunun da öz müştərisi, öz «taqsa»sı35 var; Şamaxı – 100 manat, Gəncə – 150 manat, Qazax – 300 manat…

Kameranın qapısında adam boyu hündürlüyündə çöldən kameradakıları müşahidə etmək üçün bir gözlük qoyublar – adına «volçok»36 deyilir. Onun aşağısında balaca bir nəfəslik düzəldilib – «kormuşka»37. «Kormuşka» dəhliz tərəfə açılır, qıfılın açarı da «nazor» bəyin cibində olur.

«Kormuşka»nın çox qəribə və təzadlı «vəzifələri» var. Əvvəla o, eynən zooparkdakı kimi yemləmə yeridir. Elə ki, «nazor» açarla «kormuşka»nı açır, o üfüqi vəziyyət alır. «Balandyor» «balanda» qazanını «taçka»dan38 «kormuşka»nın yanına gətirir. «Balanda» – türmədə verilən yeməyə deyirlər. Ağıllı və qədirbilən sahibkar heç öz itinə də bu «balanda»nı yedirməz. Necə hazırlanması cəhənnəm, anbardan «kormuşka»ya gələnə kimi hər mərtəbədə bu xörəyin komponentlərinə əl gəzdirilir – yağı, əti, düyüsü, kartofu ixtisara düşür. «Nazor»ların evinə daşınır. Yaxud «burjuy» kamerasına satılır və nəhayət, yeməkxanada komponentlərdən məhrum olmuş «xörək» hazırlanır. «Balandyor», yəni bu yeməyi məhbuslara paylayan digər dustaq yoldaş özü [1985-ci ilin yay aylarında Mürşüd kişi] qazanı dəhlizdəki «sever»in yanına çəkib saf-çürük edir, özünə və yoldaşlarına seçib ət payı götürür və bu sonuncu əməliyyatdan sonra qalan qəribə kütlə «perlovıy»39, yaxud «pşeniçnıy»40 adı ilə dustağın alümin miskinə41 boşaldılıb, qoyulur həmin «kormuşka»nın üstünə. Kameradakı növbətçi də bu qabları bir-bir sayıb qəbul edir. Ye, «zek», yeyə bilsən.

«Burjuy» kameralarında yaxşı yemək olmadıqda belə, adlarına ləkə gəlməsin deyə (ada bax ha) «balanda» götürülmür. Digər kameraların «kormuşka»sından, yaxud gözlüyündən «balanda»nın, məhz, hansı kameraya verildiyinə ciddi nəzarət edilir.

İkincisi, «kormuşka» qonşu kameralarla, yaxud qarşı kameralarla üz-üzə, göz-gözə sərbəst söhbət etmək üçün yeganə yerdir.

Normal ölçülü baş «kormuşka»dan çölə çıxmır. Ancaq yəqin ki, Allah insanı xəlq edəndə onun «kormuşka»dan istifadə etməli olacağını da düşünüb və baş hissəsini yumru deyil, nisbətən yastı və uzunsov yaradıb. Əgər, məhbus başını «kormuşka»ya diaqonal istiqamətində çevirsə, çənə bu dördbucaqlının tininə düşər və bəlalı baş «kormuşka»dan çölə çıxar. Ondan sonra isə istəsən «nazor»la, istəsən «bratan»la doyunca danış.

«Kormuşka»nın üçüncü vəzifəsi ondan ibarətdir ki, «bratan»lardan biri dəhliz boyu nəzarət altında gedərsə, qabaqcadan hazırlanmış «ksiva»nı oradan kameraya gizlincə tullaya bilsin, yaxud «ksiva» daşımağı özünə sığışdırmayan «nazor» (belələri də var idi) qəflətən «ksiva»nı «kormuşka»dan atıb tez çəkilsin, sən başını əyib deşikdən çölə çıxarana kimi o, gözdən itsin.

Və nəhayət, «kormuşka» «nazor»lar üçün gəlir mənbəyi rolunu oynayır. Yay aylarında 12 kvadratmetrlik kamerada hərarət 50 dərəcəyə qalxır («inanmayanın başına gəlsin» deyərdim, ancaq yazığım gəlir) üstəlik içəridəki 12-13 nəfər məhbusun nəfəsi, hərarəti bura əlavə olunur. «Sever»in «ətri» də bir yandan. Əsl cəhənnəm, həm də kitablarda yazılan kimi xəyali yox, məhz həyat həqiqəti olan bir cəhənnəm yaranır.

Qocalı-cavanlı hamı soyunub bircə alt paltarında oturası olur. «Nazor»un qazanclı günləri də onda başlayır; «kormuşka» bağlanır, bir neçə dəqiqədən sonra nəfəs almaq mümkün olmur.

Belə vaxtlarda sifətlərinə meyit rəngi çökmüş həmdərdlərimin üzünə baxıb, qeyri-ixtiyari öz körpəliyimi xatırlayırdım. Anamız Kür sahilində yaşayanlara bir çox xoşbəxtliklə yanaşı balıqçı sənətini də bəxş edib. Uşaqdan tutmuş 90 yaşlı qocaya kimi hər kəs qarmaq, tor və digər vasitələrlə balıq tutur. Tutulmuş balıq əvvəlcə çapalayıb çırpınır, tədricən taqətdən düşür və ölümü yaxınlaşdıqca hərəkətləri süstləşir, yalnız qəlsəmələri, bir də dodaqları tərpənir. Dodaqlar irəli uzanıb bir udum hava, bir anlıq həyat istəyir. Və beləcə həyat həsrətilə ölür.

İnsan isə öldürməkdən ləzzət alır.

Həm də maraqlıdır ki, bütün canlılar üçün tədrici ölümü qəbul edən insan özü üçün yalnız qəfil ölüm arzulayır. İslam qəflətən öldürülən heyvanın ətini bizə haram buyurur. Gərək onu kəsəsən, qanı axanacan gözləyəsən, iliyini vurasan, bir sözlə, tədricən öldürəsən və bu ölüm səhnəsini müşahidə edəsən.

Bəlkə də tutduğum balıqların qarğışına düşmüşdüm – bir udum hava, bir anlıq həyat həsrətilə çırpınan balıq kimi buradakı balıqçının – «nazor»un gözü qarşısında ölürdüm.

Balıq ölümlə olum arasında can çəkişdirdiyi dəmdə balıqçı onun neçə kilo gələcəyini, neçə «re»yə42 satılacağını düşündüyü kimi, «nazor» da bircə udum hava axtaran məhbusun yalvaracağı anı gözləyir.

Bu vaxt onun qulaqları kar, gözləri kor olur, ürəyi daş parçasına dönür. Sanki onu qadın doğmayıb, kişi əkməyib. İnsan mərhəməti görməyib, körpə həsrəti çəkməyib, yoldaş, dost qayğısından uzaq olub bu «nazor». Çiyninə poqon yapışdırmış hissiz-duyğusuz bir heykəldir o.

Yumruğunu var gücünlə dəmir qapıya döy, qışqır, bağır, nə qədər yalvarırsan yalvar, üzünü, arvad-uşağını söy – vecinə də deyil. «İçəridə ürəyi xəstə olan» var desən qulağına girməyəcək, istidən, havasızlıqdan ürəyin getsə, «görməyəcək».

Amma… «Kormuşka»nı yavaşca döy və mülayimcə çağır:

– Şahin…

– Nədi, qağa? – deyib tezcə yüyürəcək «kormuşka»ya.

– Boğulduq, axı!

– Rəis «obxoda»43 gələcək, qorxuram.

– Al bunu.., – deyib, göy beşliyi uzatdı ona; rəis də, «obxod» da, hələ çiynindəki poqon da yadından çıxacaq o saat. Və… «kormuşka» açılacaq.

Lənət qapısı arxasında mürəkkəb dilli açarların qiyməti beş manat.

Daş ürəkli rəislərin, Allahın havasını belə pulla satan «nazor»ların gözlərinə pərdə, qulaqlarına tıxac, vicdanlarına örtük beş manat. 12 insanın həyatı bircə sən qədər də deyilmiş bu «nazor»un gözündə.

Əslində də elədir; Bayılda yatanların hamısı bilir ki, burada ölən, yaxud öldürülən məhbus üçün cəmi 72 qəpik xərc çəkilir. Burada insanı insan saymırlar, hər kamerada neçə baş məhbusun yatdığını sayırlar. Növbə dəyişəndə də «nazor» içəri girib baş hesabı sayır, baş hesabı da təhvil verir.

Bütün bu dəhşətli üzüntülər, bu göz-görəsi alçaqlıqlar, tükənməyən qəddarlıqlar, göz qabağındaca ölümlə çarpışan məhbusun fiziki əzabları səndə tədricən heyvani hiss aşılayır. Aylar ötdükcə bu heyvani hiss sənin qəlbində insanlara qarşı mərhəmət duyğusunu sıxışdırıb çıxarır, özgəsinin də, özünün də əzablarına qarşı səni biganələşdirir. Göz önündə ölənlər, artıq, sənə insan ölümü təsiri bağışlamır; dünənki kamera yoldaşın bu gün adi daşdan, inventardan fərqlənmir. Və zaman, ətraf mühit, zindan atmosferi get-gedə səni elə vəhşiləşdirir ki, üçcə aydan sonra ev də, körpələr də qismən yaddan çıxır. Xarici aləmlə məhbus dünyası arasında qatı bir duman yaranır, bu dumandan əks tərəfi görmək üçün yaddaşmı tarıma çəkməli, gözlərini bir nöqtəyə zilləyərək xəyalən görməli, xəyalən danışmalısan. Qoz qabığına girmiş qurddan fərqli olmadığını başa düşdüyün üçün bütün dünyaya, varlığa və yoxluğa, ümumən bəşəriyyətə nifrət yaranır səndə. Hər gün «buraxacaqlar səni» kəlməsini eşidə-eşidə, «aminist olacaq» deyə-deyə boş vədlərdən qurduğun illüziyanı, yavaş-yavaş öz əllərinlə dağıdırsan; daxili aləmini indiyə kimi öz içində gizlənən naməlum bir vəhşiyə təhvil verirsən.

Heç şübhəsiz ki, hər fərdin daxilində nəhəng bir div yatır. O divin oyanması, oyanıb bizi özünə tabe etməsi üçün əlverişli mühit gərəkdir. Türmə həmin vəhşinin, həmin divin oyanması üçün bəlkə də yeganə münasib yer sayılmalıdır.

Qadın ilk dəfə ərini dəyişəndə necə mənəvi əzab çəkirsə çəksin, bircə yol baş verən dəyişkənlik ona bu yolda geniş qapı açır.

İkinci, üçüncü dəyişkənliklə yüzüncü dəyişkənliyin daha heç bir fərqi olmur; sonrakı xəyanətlər daha ona heç bir mənəvi əzab vermir.

Daxili inamı qırılmış məhbusun da öz varlığını vəhşiyə bağışlaması özlüyündə mənəvi yoxsulluq gətirmir. Bu sosial bəla məhbusu diri-diri ovunun gözünü didən qartala, «hannibalizm» tərəfdarına, əsl sadistə çevirir. Əlində iynə öz qoluna, yaxud «bratan»ın qoluna, sinəsinə, kürəyimə, ayağına və yumşaq yerinə «nakolka»44 vuran məhbus başqasına verdiyi bu əzabdan zövq alır. Əzab çəkən özü də, heç olmasa, iynələndiyi müddət ərzində xarici aləmdən ayrıldığına görə bu fiziki əzabdan iynələnərək ləzzət alır. Çoxları çöldə törətdiyi cinayət və qəbahətin əvəzini bu yolla özündən, öz bədənindən çıxarır (cismani cəza mənəvi cəzadan öncə yaranıb). İynələrin yerindən çıxan qan onlarda və digər kamera yoldaşlarında ikrah hissi doğurmur, əksinə, onları insan qanına hərisliyə çağırır. Bu iblis çağırışı, bu iblis səsi çoxlarının beyninə əbədi həkk olunur. Dünən xırda bir səhvə görə bura düşən məsum bir gənc bu gün qan axıtmaqdan ləzzət alır, dili ilə bu qanı yalayır, onun qoxusundan, dadından nəşələnir. Kamerada nə qədər kəsif qoxu olursa olsun, bu bir iynə deşiyindən çıxan qanın iyi hökmən hiss olunur, məhbusa qəribə bir həlimlik gətirir. Və onda heç təəccüblənmirsən ki, nə səbəbə köpək balığı qan iyini neçə kilometr uzaqdan hiss edə bilir!

Prokuror, müstəntiq, hətta, büt kimi təmiz olsa belə, sən ona da qan hərisi, qana susamış iblis kimi baxırsan.

Bunları duyduqca da köpəkləşdiyini, yırtıcılaşdığını hiss edirsən. Bu qan iyi səni daha çox qana, qan təşnəsinə, qan ümmanına səsləyir…

Kimin sifətinə baxırsan, qan izi görürsən.

Kimin gözlərinə baxırsan, qan axtarırsan.

İnsanı ətsiz, sümüksüz bir test qan kimi görürsən…

Və üzmək istəyirsən bu nəhayətsiz qan leşkərində…

Budur istintaq izolyatorunun məhbusa bəxş etdiyi mənəviyyat.

Budur «nazor» biganəliyinin, rəis karlığının, «oper» korluğunun nəticəsi.

Budur «cəmiyyətdən müvəqqəti təcrid etmə»nin nailiyyətləri.

Sabah baş kəsib, qəssab kimi insan şaqqalayacaq sadisti bu gün özümüz formalaşdırırıq.

Əhsən belə cəmiyyətə!

Əhsən belə qanuna, belə hakimiyyətə!…

Kameraya verilən çörəyə çörək deməyə adamın dili gəlmir, «burjuy»lar adi «zek»lərdən fərqlənərək ağ çörək alıb yeyə bilirlər ki, bu da digər məhbuslarda onlara qarşı nifrət hissi doğurur. Burası da var ki, qəbul olunmuş qaydaya görə, hər «daçka»45 alanda (yəni evdən yemək gələndə) «burjuy» ас kameralara «qrev» göndərməlidir. «Qrev» maddi yardımdır və bu termin, Rusiya türmələrində «podoqrev»46 kimi qəbul olunub. Onun az-çoxluğunun elə bir təfavütü yoxdur. Təki olsun. Özlüyündə bu iş xeyirxahlığa oxşasa da, əslində rüşvətdir. Çünki «qrev» almayan «stroqaç» başını «kormuşka»dan çıxarıb qışqıracaq:

– «Burjuy»i, müsulmani, acgöz haramzadalar, «krısa»lar!

«Burjuy» da bu təhqiri eşitməmək üçün rüşvət verməyi üstün tutur.

Hər «nazor» növbəyə gələndə qoynunda-qoltuğunda bir, ya iki çörək, bir neçə qutu çay gətirir. Fotoqraf və əl izi götürən də beləcə gətirdiklərini birə beş qiymətə «burjuy»lara xidmət eləyirlər.

1985-ci ildə 1-ci korpusun ikinci mərtəbəsində 38, 39, 45 «burjuy», 41 və 44 isə «yarım burjuy» kameraları idi, 1985-ci ilin sonuna yaxın 45 və 41 №-li kameralar rəqabətə dözə bilməyib markalarını əldən verdilər.

1.Alçaq, namərd (rusca).
2.Milisioner sözünün lağla deyilən qısaldılmış forması.
3.Donosçu (çuğulçu) milis (polis) xəfiyyəsi (rusca).
4.Qarmaq (rusca).
5.1) Alçaq 2) Həşərat (rusca).
6.1) Alçaq 2) Tula (rusca).
7.1) Qancıq 2) Donosçu, çuğulçu (rusca).
8.Pis adam, eqoist adam (rusca).
9.Milisin lağla əzizlənməsi mənasında (rusca) .
10.Dustaq (zaklyuçennıy sözündən – rusca).
11.Dustaq daşıyan vaqonlara deyilir (Rusiya İmperiyasının baş naziri olmuş Stolıpinin şərəfinə belə adlandırılıb).
12.Qısa məktub (rusca).
13.Sənədləşdirmə (rusca).
14.Bölmə (rusca).
15.Növbə (rusca).
16.Konvoylu qapalı milis (polis) maşını. Həbsxanada konvoyları «qara quzğun» adlandırdıqlarına görə dustaq daşıyan maşınlara belə ad qoyulub (rusca).
17.Birinci zabit rütbəsi.
18.Məhkumluq. Xojdeniye (gəzmək, dolaşmaq) sözündən götürülüb (rusca).
19.Nəzarətçi (nadziratel sözündən götürülüb) (rusca).
20.Üstün axtarışı (rusca).
21.Ev yaran oğru (slesar – çilingər sözündən – rusca).
22.Əməliyyatçı – təcridxanada cürbəcür istintaq işləri ilə məşğul olan və xəbərçilər dəstəsi ilə işləyən milis işçisi – operativnik (rusca) sözündən.
23.Sənədləşmə işinə baxan xüsusi əməkdaşlar – spesialnıy (xüsusi – rusca) sözündən.
24.Dejurnıy Pomoşnik Naçalnika Karaula – sözlərindən, qarovul başçısının növbətçi yardımçısı (rusca).
25.Tor – kameraya bayırdan xəbər çatdırılmasının mümkün olması mənasında (başqa mənaları da var) (rusca).
26.Çapar, qasid (rusca).
27.Ən çox işlənən türmə terminlərindəndir – məktub, ismarış mənasındadır.
28.Əvvəl məhkumluğu olmuş (rusca).
29.Keçmiş SSRİ ərazisindəki bütün təcridxanalarda dustaqlar bir-birini hörmətlə belə adlandırırlar – «qardaşım» mənasında (bu söz qardaş, yaxın dost mənasında hətta azadlıqda da işlədilir) – rusca.
30.«Nara»nın başqa mənası (rusca).
31.İçinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq.
32.Hərfi mənası şimal, amma ayaqyolu mənasında (rusca).
33.Alçaq, həşərat (rusca).
34.Sirkə (bit yumurtası).
35.Məzənnə, nırx (rusca).
36.Fırfıra (rusca).
37.Yem qutusu, axur (rusca).
38.Burada əl arabası (rusca).
39.Arpa yarması (rusca).
40.Buğdalı (rusca).
41.Kasa (rusca).
42.Sovet rublu, yəni manat.
43.Burada başçəkmə (rusca).
44.1) Döymə, tatu 2) Yerini xəbər vermə (rusca).
45.«Peredaça» sözündən – sovqat mənasında (rusca).
46.Hərfi mənası qızışdırma (rusca).