Read the book: «Çarli Çaplin»
Həyatı iri planda görəndə o, faciəyə çevrilir, uzaq planda görəndə – komediyaya.
Çarli Çaplin
Çaplinin dünyaya gəlişi
XIX əsrin son onilliyi. Londonun cənubu. Şəhəri ikiyə ayıran Temza çayının o tayındakı qələbəlikdən, möhtəşəmlikdən burada əsər-əlamət yoxdur. Bura balaca, çirkli mağazaları olan miskin bir yerdir…
Müasirlərin dediyinə görə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Londonun cənubunda yaşayan insanların üzündəki süstlük, yorğunluq kənardan gələnlərdə ağır təəssürat yaradırdı. Şlyapa və dəri emalatxanaları havanı zəhərləyir, çoxsaylı sexlərdə peçenye, cem bişirilir, cürbəcür turşular hazırlanır; sirkə, tüstü, ucuz pivə qoxusu kasıblıqdan xəbər verir.
Bütün bunlara baxmayaraq, şəhərin cənub rayonları həm də əyləncə yerləri ilə zəngin idi. İlk müzik-hollardan biri 1840-cı ildə məhz Londonun cənubunda açılıb.
Qadınlar, uşaqlar vaxtlarının çoxunu küçələrdə keçirirdi. Onların əsl evi küçələr idi; arvadlar dayanmadan qeybət eləyir, uşaqlar doyunca oynayırdılar. Həmin uşaqlardan biri də Çarli Çaplin idi. «Bu küçə uşaqları mənə doğma idi, – o, 1933-cü ildə jurnalların birində çap olunmuş məqaləsində yazırdı. – Çünki mən də onlardan biri idim».
Ümumiyyətlə, Londonun cənubu Çarli Çaplinin həyatı boyunca ilham aldığı yer olacaqdı.
Çaplinin mənşəyi bu günədək müəmma olaraq qalır. Nə doğum haqqında şəhadətnaməsi, nə xaç suyuna salındığı barədə qeyd tapılıb. Hətta harada doğulduğu da məlum deyil. Çaplinin özü İst-leyndə dünyaya gəldiyini deyir. Bu dar küçənin rəsmi adı İst-stritdir, ancaq yerli sakinlər onu İst-leyn adlandırırlar.
Daha vacib bir məqam da var: Çarli özü də etiraf edir ki, bioloji atasının kim olduğunu bilmir. O doğulanda anası Hanna Çarlz Spenser Çaplinlə evli idi.
Hanna Çarlini 1889-cu il aprelin 16-da axşam saat səkkizdə dünyaya gətirib. Hətta ovaxtkı qəzetlərin birində bu haqda elan da çap olunub: «Ayın 15-də cənab Çarlz Çaplinin arvadı qəşəng bir oğlan uşağı doğub. Ana və uşaq özlərini yaxşı hiss edirlər».
Hərçənd qəzet elanda səhvə yol verirdi: əvvəl də dediyimiz kimi, Çarli aprelin 16-da dünyaya gəlib. Onun anası Hanna İst-strit ətrafında yaşayan ailədə böyümüşdü. Bu ailənin bəzi üzvləri qeyri-sağlam həyat tərzi sürürdü. Üstəlik, onların bir çoxu psixi problemlərdən əziyyət çəkirdilər.
Hanna 1884-cü ildə səhnəyə müğənni kimi çıxıb. Onun səhnə adı Lili Harley idi. Əvvəl sənətdə müəyyən qədər uğur qazanıb. Lakin sonradan karyera baxımından işləri bir o qədər də yaxşı getməyib. Özünün dediyinə görə, 19 yaşında varlı bukmeyker Sidni Houksla Cənubi Afrikaya qaçıb. Ancaq çox keçmədən qayıtmağa məcbur olub. Həmin qaçış nəticəsində doğulan uşağa isə Sidni adı qoyulub. Hanna 1885-ci ildə Çarlz Çaplinlə evlənib və Sidniyə ögey atanın soyadını verib. İllər keçəcək, qadının kimdən dünyaya gətirdiyi dəqiq bəlli olmayan ikinci oğlan uşağına da həmin soyad veriləcək, üstəlik, ona elə ögey atanın adı qoyulacaqdı: Çarlz Spenser Çaplin.
Kitabımızın qəhrəmanı doğulandan bir il sonra mister Çaplin Hannadan ayrılıb. Buna səbəb, yəqin ki, Hannanın ona xəyanət etməsi idi. Çaplin uşağın ondan olmasına şübhə ilə yanaşırdı. Elə Çarli Çaplin də sonralar anasının çox sevgilisi olduğunu etiraf eləyib. Belə hesab edilir ki, kasıblıq Hannanı pis yola salmışdı.
Ailə bağlarının qırılmasının başqa bir səbəbi isə mister Çaplinin əyyaşlığa qurşanması idi.
Çarli Çaplin ilk dəfə 1894-cü ildə, London teatrlarından birində çıxıb. Ədabaz, avara küçə uşağı obrazını canlandıran Çarlinin məlahətli baritonu1 çoxlarını heyran qoymuşdu.
Çaplinin damarlarında yəhudi qanı axdığını deyənlər az deyil. Düzdür, özü bunu çox vaxt inkar eləyirdi, lakin arabir yəhudi mənşəli olduğuna eyham vururdu. Çaplinin nəslində qaraçı olduğunu isə əminliklə demək olar. O, ana nənəsinin yarı qaraçı olduğunu dəfələrlə söyləyib. Çarlinin ölümündən sonra ortaya çıxan məktubda hətta onun Birminhem ətrafındakı qaraçı köçündə doğulduğu yazılıb.
Çarlinin dostları da onun anasını qaraçı hesab eləyirlər və deyirlər ki, qəhrəmanımızın özü də qaraçı dilinin ingilis variantını bilirdi. Elə böyük oğlu Çarlz da memuarlarında yazır ki, atam həmişə öz qaynar qaraçı qanı ilə fəxr edirdi.
Yaxşı və pis günlər
Hanna ilə iki balaca uşağı İst-stritdə çox yaşamırlar. Sidninin getdiyi məktəblərdən aydın olur ki, eyni rayonun ərazisində olsa da, ailə tez-tez ünvanını dəyişib. Çaplinin iki-üç yaşı olanda anasının yeni sevgilisi peyda olur. Bu, məşhur varyete2 aktyoru Leo Drayden idi. O, kraliçanı və ölkəni mədh eləyən vətənpərvər mahnılar bəstələyir, beləcə, yaxşı pul qazanırdı. Yəqin, bunun sayəsində Hanna uşaqlarla daha zəngin rayona – Uest-stritə köçdü. Həmin rayonu İst-leyndən vur-tut yarım mil ayırsa da, sanki başqa ölkəyə köçmüşdülər, özlərini qəriblikdə hiss edirdilər. Halbuki daşındıqları evdə qulluqçular belə var idi.
Çarli burada – Kenninqton-roydda bazar günü gəzintilərini ömrü boyu unutmur. Əynində məxmərdən tikilmiş göy pencək, əlində isə eyni rəngdə əlcək olardı. Yol kənarlarında dayanmış konkaların üstünə çıxıb, ərküdə3 ağacının çiçəkləmiş budağına toxunmaq üçün əllərini yuxarı qaldırır və bu anlarda özünü çox xoşbəxt hesab edirdi. Həm bu anları, həm də gülsatan qızın indicə su səpdiyi qızılgüllərin qoxusu Çarlinin heç vaxt yadından çıxmayacaqdı. Onun filmlərində güllər çox vaxt daşa dəyən sevginin rəmzinə çevriləcəkdi…
Yeni köçdüyü rayonda yaşadıqları həyat Londonun cənubunda keçirdiyi ağır həyata əsla oxşamırdı. Çaplinin o dövrlə bağlı yazdıqlarından aydın olur ki, Uest-stritdə ailə bir müddət heç bir korluq çəkməyib. Bu çox vacib məqamdır, çünki qəhrəmanımızın ekranda canlandırdığı Avara da əvvəllər yaxşı dolanan adam təəssüratı yaradır…
Həmin xoşbəxt dövrdə Hanna bu dəfə Leodan oğlan uşağı dünyaya gətirir. Uiler adlı bu uşaq 1892-ci il avqustun sonlarında anadan olur. Növbəti ilin yazında isə Hanna ilə Leonun münasibətləri pozulur. Drayden oğlunu özü ilə aparır. O, Hannanı pis ana hesab eləyirdi. Bu hadisədən bir neçə həftə əvvəl isə Hannanın anası Meri Enn Hilli ruhi xəstəxanaya yerləşdirilir. Öhdəsində iki uşaq olan Hanna köməksiz qalır. Onun necə dolandığı məlum deyil. Ola bilsin, özünə yeni sevgili tapır…
Sonralar Çaplin «Mənim bioqrafiyam» kitabında anasının müğənni kimi 1894-cü ildə Alderşotdakı «Canteen» teatrından təklif aldığını yazır. Həmin teatrın auditoriyası əsasən hay-küy salmağı çox sevən, xaraktercə nəzakətsiz və kobud əsgərlərdən ibarət idi. Çıxışlarının birində Hannanın səsi batır və onu fitə basıb səhnədən getməyə məcbur edirlər. Belədə teatrın rəhbərliyi səhnəyə balaca Çaplini çıxarır. Uşaq hansısa populyar mahnını oxuyur. Tamaşaçılar səhnəyə qəpik pullar atırlar və Çarli pulları yığmaq üçün mahnını yarıda kəsir. Bu da tamaşaçıları güldürür. Uşaq pulları yığandan sonra yenidən oxumağa başlayır, hətta bir ara anasının batmış səsini yamsılayır. Uşağı aparmaq üçün səhnəyə çıxan Hanna alqışlarla qarşılanır. Çaplin həmin gündən sonra anasının səsinin bir daha bərpa olunmadığını, lakin rəqqasə kimi arabir başqa teatra çağırıldığını yazır.
Bu maraqlı əhvalatın başqa variantı da var. Onu da elə Çaplin özü danışıbmış. Dediyinə görə, ilk dəfə səhnəyə atası tərəfindən çıxarılıb, səbəb isə anasının boğazında çox içməkdən əmələ gələn laringit4 olub. Beləcə, o, anasını əvəz etməyə başlayıb.
Yeri gəlmişkən, Çarli sonralar öz uşaqlığı barədə tez-tez yalan danışardı, buna görə isə onu çox da mühakimə etməyə dəyməz. Qəhrəmanımız şəraitdən və ovqatından asılı olaraq müxtəlif əhvalatlar uydurmağı xoşlayırdı.
Hannanın müğənnilik karyerası sona çatdıqdan sonra o, əsasən, paltar tikməklə, cırıq-sökük yamamaqla güc-bəla çörəkpulu qazanırdı. 1895-ci ildə kilsə icmasının üzvü olur. Əlavə qazanc üçün icma üzvlərinə paltar tikir. Ancaq tezliklə fiziki gərginlik onu əldən salır.
1895-ci il iyunun 29-da psixoloji problemləri güclənən Hannanı xəstəxanaya qoyurlar. Böyük oğlu Sidnini isə yerli internata düzəldirlər, ancaq bir müddət sonra uşaq kasıblar üçün olan məktəbə keçirilir. O ki qaldı Çarliyə, onu həmin rayonda yaşayan ata nənəsi – Çarlz Spenserin anası öz yanına aparır.
1896-cı il yazın əvvəllərindən uşaqlar yenə anaları ilə yaşamağa başlayırlar. Ancaq onların həmin vaxtkı ünvanı dəqiq məlum deyil. Ana və uşaqları üç ay ərzində nə az, nə çox, düz altı müxtəlif çardaq və zirzəmi dəyişirlər. Həmin dövr Çaplinin yaddaşında kədərli xatirələrlə qalıb. Uşaqlar geyinməyə paltar tapmırdılar. Yeməyi isə xırda dükanlardan oğurlayırdılar. Pulsuz yemək üçün kilsə yeməkxanasına gedirdilər. Uşaqlıqda kərə yağının və qaymağın dadına həsrət qalan Çarli böyüyüb yaxşı pul qazandıqdan sonra onları acgözlüklə yeyirdi…
Londonun məşhur Leyçester meydanında kitabımızın qəhrəmanına qoyulan abidənin müəllifi Con Dabldey deyir ki, uşaqlıqda pis qidalandığı üçün Çaplinin döş qəfəsi yaxşı inkişaf etməmişdi. Yeri gəlmişkən, Çarlini məşhurlaşdıran Avara obrazının şərəfinə oxşar abidələrdən biri də İsveçrədə, Cenevrə gölünün kənarında ucaldılıb.
Şübhəsiz ki, Çarlinin həyatında xoşbəxt məqamlar da var idi: bu balaca oğlan pabların5 qapısı ağzında akkordeon sədaları altında oynayaraq bir neçə pens qazanır və çox sevinirdi. Bir dəfə isə qəzet satmaqla məşğul olan Sidni avtobusda pul kisəsi tapdı. Kim bilir, bəlkə də, oğurlamışdı – dəqiq məlum deyil. Nəticədə bütün ailə Saytendə getmək imkanı əldə etdi və Çaplin ilk dəfə dəniz gördü…
Çaplin yetimxanada
Hanna ağrımayanda, ovqatı yaxşı olanda küçədən keçən adamların üz ifadəsini və yerişini yamsılayırdı. Onun bu istedadını biz sonralar Çaplində görəcəkdik. Bir sözlə, anadan oğula qeyri-adi miras!
1915-ci ildə Çaplin oçerklərinin birində yazırdı: «Anam tanıdığım bütün qadınların ən gözəli idi. Onun necə füsunkar, ədəbli olduğu yadımdadır. O, dörd dildə babat danışırdı və yaxşı təhsil almışdı… Anam kimi kövrək qəlbli qadına heç vaxt rast gəlmədim». Əlbəttə, Çaplin anasının istedadını və məziyyətlərini şişirdirdi. Elə aktyorun qonşularından biri də bunu belə xatırlayırdı: «Çarli fikirləşirdi ki, dünyada anasına tay olan adam yoxdur. Anası dünyanın ən yaxşı aktrisası, ən yaxşı qadınıdır və onu öz idealı hesab eləyirdi». Anası isə Çaplini «kral» adlandırırdı.
Tezliklə ana-bala ayrılmaq məcburiyyətində qalır. 1896-cı ilin yazında Hanna icarə haqqını verə bilmədiyinə görə tikiş maşınını qaytarmalı olur və gəlir imkanını tamam itirir. Ardınca isə naxoşlayıb yenidən xəstəxanaya düşür. Uşaqları internata verməli olurlar. Qeydiyyat kitabçasında onların internata düşməsinə səbəb kimi bunlar göstərilib: «…ataları olmadığına, həmçinin kasıblıqlarına və anasının xəstəliyinə görə».
Çaplin müsahibələrinin birində deyir: «İngilislər internatdan qorxurlar, mənsə bunda elə bir dəhşətli şey görmürəm». Onun internatla bağlı ən çox yadında qalan, binadan gizlincə çıxıb gəzməyi, özünü varlı, tanınmış adam kimi təsəvvür etməsi olub… «Mən xəyalpərəstdim. Özümü həmişə başqa adamların yerində təsəvvür eləyirdim…»
Uşaqlar internatda üç həftəyə yaxın qalırlar. Sonra qəyyumlar şurası onların atası Çarlz Çaplini axtarıb tapa bilir. Atası Çarlini götürməyə razı olur. Lakin Sidninin qeyri-qanuni evlilikdən doğulduğunu əsas göstərib ondan imtina edir. Di gəl qəyyumlar şurası uşaqların bir yerdə qalmalarını daha münasib sayır. Çarlz uşaqların yetimxanada qalmaq pulunu boynuna götürür. Ancaq orada uşaqları bir-birindən ayırırlar. On bir yaşlı Sidni böyüklər üçün, yeddi yaşlı Çarli isə balacalar üçün olan bölməyə göndərilir. Sonralar Çaplin jurnalistlərdən birinə müsahibə zamanı belə demişdi: «Mən uşaqlıqla yeddi yaşında vidalaşmışam».
Əlbəttə, məişət baxımından yetimxana küçədə qalmaqdan daha yaxşı idı. Orada, heç olmasa, isti paltar, çəkmə verirdilər, qarınları doyurdu.
İnternat tezliklə balaca Çaplin üçün əzab çəkdiyi, tez-tez alçaldığı bir yerə çevrilir. Bu səbəbdən də yetimxanada keçən günlərini sonralar məhbus həyatı adlandıracaqdı. Bir müddət sonra onu anasından və qardaşından tamamilə ayırırlar. Sidnini hərbi dəniz donanmasının təlim gəmisinə göndərirlər. Hanna isə, demək olar, bir il ona baş çəkmir. Bu balaca oğlana elə gəlir ki, dünyada daha heç kimi yoxdur…
Nəhayət, 1897-ci ilin yayında anası uzun müddətdən sonra ona baş çəkir. Hannanın divanə görkəmi balaca Çaplini utandırır. Anasını kiminsə görməsini istəmir. Sonralar Çaplin bunları dostu Harri Krokerə danışıb. Ancaq «Mənim bioqrafiyam» kitabında Çaplin həmin görüşü tamam başqa cür nəql edir – gümrah, gözəl-göyçək qadın öz oğlunu yoluxmağa gəlib. Görəsən, deyilənlərin hansı həqiqətdir?!
Çaplinin anasına qarşı ziddiyyətli münasibəti onun yaradıcılığından da yan keçməyib. Onun ilk filmlərindən birində belə bir səhnə var: yaşlı qadın əlində su dolu vedrə pilləkənlə qalxır. Dördüncü, ya beşinci mərtəbədə qapı qəfil açılır və bir kişi onun sifətinə şillə vurur. «Ay! – kişi qonşu qadını görüb qışqırır. – Elə bildim, anamsınız!»
«Sizin ananız var?» – qadın soruşur. «Hə, – kişi ağlaya-ağlaya deyir. – Mənim anam var».
Bu səhnənin çəkildiyi film komediya janrındadır. Ancaq məhz həmin səhnədə gülməli heç nə yoxdu…
Çaplin heç vaxt qadınlara inanmayıb. İtkidən, tənhalıqdan, biganəlikdən qorxub, kiçik bir hərəkət onda qısqanclıq yaradıb. O hətta birlikdə yaşadığı qadınlara da həmişə şübhə ilə yanaşıb, onlarla yola getməyib.
Yetimxanada yaşaya bilmək üçün Çaplin özünü dözümlü olmağa öyrədir. «Hətta mən yetimxanada olanda belə, – Çaplin sonralar böyük oğluna danışırdı, – özümü dünyanın ən böyük aktyoru hesab edirdim. Bil ki, içində özünə əminlik olmasa, məğlubiyyətə məhkumsan».
Bu dözümlülük onun ekran personajının xarakterik xüsusiyyətinə çevriləcəkdi. Avara həmişə təmkinli və məğlubedilməz olacaqdı. Uğursuzluq onu sındırmayacaq, ləyaqətini alçaltmayacaqdı. Və nadir hallarda başqalarına yazıq təsiri bağışlayacaqdı.
Beləcə, balaca Çaplinin həyatında gələcək ekran personajı Avaranın cizgilərini görə bilirik. Onun ilk filmlərində Avara çox vaxt kinli və qəddardır, xüsusilə də varlılardan, hər nə yolla olur olsun, əvəz çıxmaq istəyir. Ona yemək lazımdır. Həmişə sevgi axtarır, ancaq onu heç yerdə tapmır. Onun nə evi, nə ailəsi var. Bu bəxtsizlikdən yeganə çıxış yolu özünü laqeyd göstərməkdir…
Çaplin və qardaşı atasının yanında
1898-ci il yanvarın 18-də səkkizyaşlı Çaplin yetimxananı tərk edib anasının yanına qayıdır. İki gün sonra Sidni də təlim gəmisindən evə dönür. Ailə yenə bir yerdədir. Onların həmin vaxt necə yaşadığı məlum deyil. Sonralar Çaplin sevgilisi Mey Rivzə kirayə pulunu verə bilmədikləri üçün tez-tez evdən qovulduqlarından danışırdı. Az qala, ayda bir dəfə yorğan-döşəklərini götürüb yeni mənzilə köçməyə məcbur olurdular.
Bu böyük dünyada birgə yaşamaq ailə üçün problemə çevrilir. Həmin il iyulun 22-də uşaqları bu dəfə Sidninin əvvəllər bir müddət qaldığı Vest-Norvud yetimxanasına verirlər. Ardınca qəribə hadisə yaşanır: avqustun 12-də Hanna yetimxanaya gəlib müdiriyyəti inandırır ki, o, sağlamdır, uşaqları ona etibar etmək olar. Qadına inanırlar. Bundan sonra ana öz uşaqları ilə bütün gününü Kenninqton parkında keçirir. Orada gilənar yeyirlər, qəzetdən top düzəldib oynayırlar. Bu, firavanlıq illüziyası, gerçəklikdən qısa müddətliyə qaçışdan başqa bir şey deyildi. Günün sonunda Hanna şən tərzdə deyir ki, indi çay içmək vaxtıdır. Hanna «çay içmək» deyəndə yetimxananı nəzərdə tutur. Uşaqlar yenidən Vest-Norvuda qayıtmalı olurlar… Sonralar, 1932-ci ildə Çaplin məqalələrinin birində Kenninqton parkının onda necə ağır təəssürat oyatdığını yazmışdı.
Sentyabr ayının əvvəlində Hannanı növbəti dəfə psixiatriya müalicəxanasına yerləşdirirlər. İki tibb bacısı uşaqlara analarının vəziyyətini xəbər vermək üçün yetimxanaya gəlir. Sidni məsələdən hali olunca ağlamağa başlayır. Çarli isə anasını onlardan üz döndərməkdə günahlandırır.
Bundan sonra hər iki uşağın məsuliyyəti atalarının üzərinə düşür. Oğlanları yetimxananın furqonuna qoyub ata Çarlzın qaldığı evə gətirirlər. O burada Luiza adlı qadınla birgə yaşayırdı. Qadın uşaqların gəlişinə sevinmir. Karyerası süquta yaxınlaşan ata isə artıq tamamilə içkiyə qurşanmışdı. O bütün günü bir pabdan o birinə gedir, öz uğursuzluğunu, ümidsizliyini içki ilə unutmağa çalışırdı. Kiçik oğlu atasının bu vəziyyətini dəqiqliklə müşahidə edir. Bu ona gələcəkdə kefli adamı məharətlə canlandırmağa imkan verəcək və böyük şöhrət qazandıracaqdı…
Bir dəfə Çaplin dərsdən qayıdıb evdə heç kimi tapmır. Yeməyə də bir şey yox imiş. Uşaq axşama qədər ətrafdakı bazarlarda dolaşır. Pulu da olmur. Hava qaralanda Kenniqton parkına qayıdır. Baxır ki, hələ də evlərinin işığı yanmır. Bir az aralıda, səkidə oturub gözləməyə başlayır. Yolun o üzündəki pabın qarşısında iki nəfər – biri akkordeonda, digəri isə klarnetdə «Doqquzdon və arı» adlı mahnını çalırlarmış. Mahnı uşağın o qədər xoşuna gəlir ki, yolu keçib onlara yaxın oturur. Həmin mahnını da Çaplin ömürboyu unutmayacaqdı.
Bir qədər sonra Çarli, nəhayət ki, Luizanın evə getdiyini görür. Qadın kefli olduğundan səndələyirmiş. Uşaq onun qapını örtməsini gözləyib pilləkənlərlə yuxarı qalxır. Luiza qapını açıb deyir ki, rədd olsun, bura onun evi deyil.
Növbəti günlərin birində isə polis Sidni ilə onun kiçik qardaşını gecə saat üçdə qarovulçunun ocağının böyründə yatan görür.
Balaca Çaplin bax belə bir həyat sürməli olub!
Noyabrın 12-də isə Hanna ata Çaplinin qaldığı evin qapısını döyür. Deyir ki, uşaqlarını aparmağa gəlib. Ana və uşaqları Metli-stritdə kiçik bir mənzilə yığışırlar. Hanna yenidən paltar tikməklə pul qazanır.
Evin arxasındakı konserv fabrikinin iyi yaxınlıqdakı sallaqxanadan gələn üfunət qoxusuna qarışırdı. Londonun cənubunda yaşayan əhali belə qoxulara öyrəncəli idi. Odur ki Hanna və övladları bunu özlərinə bir o qədər də dərd eləmirdilər.
Metli-stritdəki evin sahibəsi sonralar xatırlayacaqdı: «Çarli arıq uşaq idi. Qara saçları, solğun sifəti, parlaq mavi gözləri var idi. O bütün günü küçədə olurdu. Şarmanka6 çalan kimisə tapıb onun ifa etdiyi musiqiyə oynayırdı. Şarmanka ifaçısına pul qazanmaqda kömək eləyir, özü də qəpik-quruş alırdı. Çarlini məktəbə də qoymuşdular. Lakin o, dərslərə çox az-az gedirdi».
Jurnal qeydiyyatına görə, Çaplin məktəbə son dəfə 1898-ci il noyabrın 25-də gedib. Artıq onu sinifdə yox, müzik-hollun səhnəsində tapmaq olardı.
Çaplin səhnəyə çıxır
1898-ci ilin sonlarında Çaplin «Lankaşirli səkkiz oğlan» adlı rəqs truppasına qoşulur. Ola bilsin, bu işə atasının sayəsində girir, çünki truppanı yaradan Uilyam Cekson da yaxınlıqda yaşayırdı.
Qastrola gedərkən ona yemək və qalmağa yer verilir. Hanna həftəyə vur-tut yarım kron alırdı. Odur ki kiçik oğlunun işini onun üçün münasib saymasa da, etiraz edəcək vəziyyətdə deyildi: heç olmasa, ailənin büdcəsinə vaxtlı-vaxtında əlavə pul gəlirdi.
«Lankaşirli oğlanların» çıxışı şən nömrələrdən ibarət idi. Oğlanların hamısı krujeva yaxalıqlı ağ kətan köynək, dar, gödək şalvar və taxta dabanlı qırmızı başmaq geyinirdilər. Belə başmaqlar İngiltərənin şimalındakı şaxta və fabriklərdəki ağır işlər üçün nəzərdə tutulmuşdu. Onlarla oynanılan şən rəqslər isə sanki bədbəxtlik və qul əməyi üzərində qələbənin rəmzi idi. Ola bilsin, bu rəqslər balaca Çaplinin üsyankar ruhunu əks etdirirdi.
Çaplin altı həftə Mançesterdə məşq edir. Onu tamaşaçı önünə isə ilk dəfə Portsmutda çıxarırlar. Çarli səhnəyə çıxarkən həyəcanlanır. Yalnız bir neçə həftə keçəndən sonra ilk solo nömrəsini ifa eləyə bilir.
«Lankaşirli oğlanlar» Potsmutdan Londona qayıdırlar. Ardınca Midlsbro, Kardiff, Suonsi və Blekpul kimi şəhərlərə qastrol səfərlərinə yola düşürlər. Truppa faytonla teatrdan teatra tələsirdi. Bu çox yorucu iş idi. Üstəlik, teatr zalları pivə, tər və tütün qoxuyurdu. Bəzən tamaşaçılar ortaya atılıb rəqs eləyir, ya da dalaşırdılar. Ancaq onların xoşuna gəlmək asan idi – bildikləri mahnıya züy tutur, sevimli komiklərinin populyar kəlmələrini qışqırırdılar.
Bütün bunlar Çaplin üçün yaxşı məktəb idi. O həmin konsertlərdə iştirak edən klounlardan, komiklərdən çox şey öyrənirdi. 1917-ci ildə Çarli jurnalistlərdən birinə demişdi: «Hər bir hərəkət beynimə şəkil kimi həkk olunurdu. Evə qayıdanda onları adətən təkrar eləyirdim… Klounları və London pantomimalarını7 müşahidə etməyim mənim üçün çox faydalı oldu». Həmin dövrdə avaralarla bağlı səhnə obrazları populyar idi. Müxtəlif janrların nümayəndələri arasında avara obrazına tez-tez rast gəlinirdi; jonqlyorlar, klounlar velosiped sürənlər bu obrazı həvəslə yaradırdılar.
Müzik-holl artistlərinin işi olduqca ağır idi: hər çıxış coşqulu, bəzən də kefli tamaşaçıların qarşısında 5–15 dəqiqə çəkirdi; hipnozçular, sehrbazlar, akrobatlar və komiklər alqış üçün bir-biri ilə yarışırdılar. Bu zaman tamaşaçıların laqeyd qalması – ifaçıdan ötrü ölümdən betər idi.
Lətifə, gülməli hekayə, əhvalat əsasında quraşdırılan komik tamaşalar – məzhəkələr çox vaxt lombardlarda, restoranlarda oynanılırdı. Personajlar arasında ofisiantlar, avaralar, həmçinin öz kasıbçılıqlarını gizlətməyə çalışan uğursuz adamlar xüsusi yer tuturdu. Bəziləri yöndəmsiz geyinir, gülməli tərzdə yeriyir, ya da çətirə, əl ağacına söykənirdilər. Çaplin ilk filminin personajlarını yaradarkən məhz onlardan ilham almışdı. Bəzi artistlər bir nömrəni bir neçə il ərzində ifa edirdilər. Bəziləri isə müxtəlifliyə, variasiyalara üstünlük verirdilər. Ovaxtkı qəzetlər yazırdı: «Artistin uğur qazanması üçün orijinallıq böyük əhəmiyyət daşıyır. Bəs orijinallıq nədən ibarətdir? Əsasən şəxsiyyətdən!» Çaplin məhz belə sənətkarlardan idi.
Həmin dövrün orijinal artistlərindən biri də Den Lino8 idi. Çaplin 15 həftə onunla birlikdə çıxış edir. Komediya sənətinin sirlərini öyrənmək üçün bu müddət Çarliyə kifayət idi. İngiltərə yazıçısı və karikaturisti Maks Birbom (1872–1956) Linonu belə təsvir edirdi: «…zavallı, üzgün, ürkək, zəif, eyni zamanda cəsarətli, ancaq inadkar adam personajının mahir ifaçısı!» Lino üzünü ağ qrimlə örtür, çox vaxt enli şalvar, son dərəcə uzunburun ayaqqabı geyinirdi. Onun iri gözləri, qövsvari qaşları var idi. Bircə anın içində üzünə kədərli ifadə verə bilirdi. Çaplinin çıxış etdiyi müzik-hollun daha bir tanınmış artisti Meri Lloyd bir dəfə Çarliyə deyir: «Onun (Linonun – red.) gözlərinə diqqətlə baxmısan? Dünyada belə kədərli gözlər yoxdur. Əgər biz gülməsəydik, taqətdən düşənə qədər ağlayardıq. Bilirsən, mənə elə gəlir, əsl komediya – elə ağlamaqdır».
Linonun enerjisi aşıb-daşırdı. O, çox arxaya tullanıb ayaq barmaqlarının ucunda yerə düşə bilirdi. Bu aktyorun ürəyində əsl küçə uşağı yaşayırdı. Çaplin tezliklə həmin küçə uşağını özündə təcəssüm etdirəcəkdi. 1915-ci ildə isə «Bioscope» jurnalı kino artisti karyerasına başlayan Çaplini artıq «ekranın Den Linosu» adlandıracaqdı. Bundan başqa, Çaplin keçmiş dövrlərin müzik-holl ulduzları haqqında tez-tez və böyük şövqlə danışacaqdı.