Read the book: «Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/»
“Bilik biliyə ehtiyac yaradır”
fikri görkəmli Azərbaycan alimi
Xudu Məmmədova məxsusdur.
MƏHƏMMƏD PEYĞƏMBƏRDƏN ÇOX QİYMƏTLİ QAYDALAR
Peyğəmbərimiz özünə aid 3 şeydən çəkinirdi:
1. Mübahisə və çəkişmələrə girməkdən
2. Lazım olduğundan artıq söz söyləməkdən
3. Özünə aid olmayan işlərlə məşğul olmaqdan.
Başqaları ilə bağlı da 3 şeydən çəkinirdi:
1. Kimisə tənqid etməkdən.
2. Kimisə təhqir etməkdən
3. Başqalarının sirrini öyrənməkdən.
YOHANN VOLFQANQ GÖTE
Alman şair-dramaturqu, mütəfəkkiri və təbiətşünası Yohann Volfqanq Göte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Götenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Göte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Onun yaratdığı iki hissədən ibarət “Faust” dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri hesab olunur. Götenin yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir. Göte 22 mart 1832-ci ildə 82 yaşında dünyasını dəyişib. Həm də maarifçi olan Yohann Volfqanq Götenin təhsil və təhsilin önəmi haqqında çox qiymətli fikirləri var. Götenin təhsil haqda söylədiyi 20 fikri təqdim edirik:
1. İstedad şərtidir. Onun bacarığa çevrilməsi lazımdır. Əslində, bu, istənilən təhsilin əsas məqsədidir.
2. İnsanın təhsili üçün nəsə etmək istəyirsinizsə, onun təhsil və istəklərinin hansı yöndə olduğuna baxmaq lazımdır. Sonra onun seçimlərini qane edəcək, istəklərinə uyğunlaşacaq vəziyyətə gətirmək lazımdır. Beləcə, insanın səhv etmə ehtimalı varsa, vaxtında səhvinin fərqinə varsın. Və ya istəklərinə uyğun ixtisasa yiyələnibsə, ona daha da həvəslə bağlansın və daha əzmlə çalışsın.
3. Alicənab insan yetişməyini dar bir çevrəyə borclu ola bilməz. Həm yaşadığı ölkə, həm dünya onu təsirləndirməlidir. Həm şöhrətə, həm də tənqidə dözə bilməlidir. Həm özünü, həm də başqalarını tanımaq məcburiyyətində olmalıdır. Tənhalığın şirin sərxoşluğuna aldanmamalıdır.
4. Qarşılaşdığımız hər şey bizdə müəyyən izlər qoyur. Hər şey biz fərqinə varmasaq belə, dünyagörüşümüzə təsir edir. Ancaq bunlarla hesablaşmaq yenə də təhlükəlidir.
5. Tək tərəfli təhsil, təhsil deyil. Bir nöqtədən çıxmaq olar, amma müxtəlif yönlərə doğru getmək lazımdır.
6. Lazım olanda məktəblərimiz var, liseylərimiz, hətta dünyaca məşhur universitetlərimiz var. Ancaq insanın və xarakterinin yetişdirilməsi üçün heç nəyimiz yoxdur. Ona görə çoxumuz bu qədər xaraktersizik.
7. Yüz müxtəlif şeyi yarımçıq bilməkdənsə, bir şeyi tam bilib, həyata keçirmək insanı daha yaxşı yetişdirir.
8. İnsanın özü-özünə verə biləcəyi ən böyük mədəniyyət başqalarının onu axtarmadığından əmin olmaqdır.
9. Tək tərəfli olmamaq üçün insan öz sahəsinə uyğun olmayan şeylərlə də maraqlanmağı bacarmalıdır.
10. İnsan məcbur olduğu üçün (ciddi olaraq) ən yüksək şeyə çatmağa cəhd göstərirsə və istəyəndə də (zarafat olsun deyə) ən aşağıya enirsə, ancaq o vaxt çoxyönlüdür.
11. Özünün əfəndisi olmaq istəyən şəxs, özünə hakim olmağı bacarmalıdır.
12. İnsanı, özünün düşünmə və hiss etmə tərzi yaranmadan, xarici şərtlərin təsiri ilə, vəziyyətində baş verən böyük dəyişiklik qədər təhlükə qarşısında qoya biləcək başqa bir şey ola bilməz.
13. Nəcib bir nümunə ağır işləri də asanlaşdırır.
14. Həqiqi şagird bilinənin içindəki bilinməyəni inkişaf etdirməyi öyrənir və ustasına yaxınlaşır.
15. Dərsin xeyri çoxdur, amma həvəsləndirmənin də etdirməyəcəyi şey yoxdur.
16. Özünü bəyənməyən gənc özünü necə yetişdirə bilər? Bomboş təbiət, heç olmasa, özünə xarici görünüş verməyi bacaracaq. Çalışqan insan da, az sonra, xaricdən daxilə doğru özünü yetişdirməyi bacaracaq.
17. Şərtlər bütün insanları tərbiyə edir, nə edilir-edilsin, onlar dəyişdirilə bilməz.
18. Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdir. Yarı dəlilərlə yarı ağıllılar isə çox təhlükəlidirlər.
19. Qartal havada havaya, zirvədə zirvəyə öyrəşir.
20. Müdriklik yalnız həqiqətdədir.
NİKOLAY BERDYAYEV
Rus filosofu Nikolay Berdyayevin “Azad xalq” əsəri 1917-ci ilin yayında yazılıb və əsərdə bir xalqın köləlikdən azadlığa doğru yolu təhlil olunur. Məqalə rus xalqı haqda yazılıb, amma filosofun mülahizələri ümumbəşəri xarakter daşıyır. Bu yazını oxuyanda təmsil etdiyimiz xalqın da tarixi inkişaf yollarını düşünüb fikri paralellər aparmamaq mümkün deyil.
Azad xalq
Rus xalqı uzun sürən tarixi köləlikdən çıxıb yeni, azad həyata qədəm qoyur. Rus xalqının dözümü çox olduğundan, əcnəbilərdə belə təsəvvür yaranmışdı ki, bu xalq qəlbən kölə bir xalqdır. İndi isə rus xalqı həqiqətən azad xalq olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Hər bir rus özünü idarə etməlidir və artıq hökm mənbəyi onun daxilindədir, xaricində yox. Azad insan kölədən onunla fərqlənir ki, o, özünü idarə etməyi bacarır, qəlbən kölə olan insan isə yalnız tabe olmağı və qiyam qaldırmağı bacarır. Qiyam köləliyin astar üzüdür. Azad insan inqilab edə bilər, amma qiyam qaldırmaz, çünki azad şəxs dövlətinin və vətəninin taleyi haqda düşünür. Yalnız kölə olaraq qalanlar öz dövlətinə və vətəninə yabançı münasibət bəsləyirlər. Xalq o zaman yetkinlik səviyyəsinə çatır ki, özünü idarə etməyi bacarır. Azadlıq ilk növbədə özünüidarə deməkdir. Başqalarını, bütün bir ölkəni yalnız o adamlar idarə edə bilər ki, özlərini, öz fikir və hislərini idarə etməyi bacarırlar. Ölkədə qayda-qanunu o kəslər yarada bilər ki, öz daxillərində qayda-qanun yaradıblar, öz iradələrini ülvi məqsədlərə yönəldiblər.
Azadlıq özbaşınalıq deyil, azadlıq o demək deyil ki, kimin ağlına nə gəlirsə onu da etsin. Azadlıq, ilk növbədə, insan şəxsiyyətinə hörmət deməkdir, insan hüquqlarını sözsüz tanımaq deməkdir. Qəlblərində anarxiya olan insanlar öz millətinə, vətəninə anarxiyadan başqa heç bir şey verə bilməyəcəklər.
Azadlıq özünüməhdudlaşdırma olmadan, nizam-intizam olmadan mümkün deyil. İnsan həqiqəti dərk etməsə azad ola bilməz. İncildə deyilir: “Həqiqəti dərk edərsiniz, o, sizi azad edər.” Bütöv bir xalq o zaman azad olur ki, həqiqəti dərk edir və ona qulluq edir. Əgər bir xalqda nizam-intizam, özünü ali məqsədlərə yönəltmə qabiliyyəti məhv olursa, o xalq vəhşi heyvan sürüsünə çevrilir.
Azad insan zor işlətmir, heç kimə qarşı çıxış etmir, hamıya azadlıq verir və hamının insan hüquqlarını təmin edir. Kim zorakılığa əl atırsa, deməli, hələ kölədir. Hər bir xalq öz ali məqsədinə yalnız öz dövləti çərçivəsində nail ola bilər. Millət öz dövlət qurumunu itirəndə başqa xalqların tabeliyinə düşür. Hər bir xalq öz dövlət qurumuna nail olmaq üçün uzun bir yol keçir və bu yolda ondan möhkəm iradə tələb olunur. Demokratiya hər bir xalqdan özünüidarə və yüksək keyfiyyətlər tələb edir. Xalq zorakılığa əl atırsa, deməli, o xalq hələ demokratiyaya hazır deyil.
Monteskye deyir ki, demokratiya mətanət və ümumi işə məhəbbət tələb edir. Bu mətanət yoxdursa və ümumi işə məhəbbət yoxdursa, deməli, demokratiya öz əksinə, yəni despotizmə çevriləcək.
Rus xalqı nədir və ümumiyyətlə xalq nədir? Xalq bir sinif sosial qrup, fəhlə sinfi və yaxud kəndlilər deyil. Xalqa bütün insanlar, bütün siniflər və qruplar daxildir. Xalq tarixdə minilliklər boyunca mövcud olan ulu bir tamdır və onu bugünkü sinfi mübarizə ilə və ya sosial qrupların münasibəti ilə təyin etmək olmaz. Xalqda uzaq tarixi keçmişlə uzaq tarixi gələcək birləşir. Xalq bu gün baş verən bütün hadisələrdən, əks mənafeli bütün siniflərdən daha dərindir. Xalqın tarixi taleyini bilmək üçün, tanımaq üçün kəndlini və mülkədarı, fəhləni və sahibkarı, taciri və ziyalını yox, onların daxilini, bütün zahiri sosial köynəklərindən dərin olan qəlbini öyrənmək lazımdır. Rus xalqı bütöv bir xalqdır və rus xalqı dünyada mövcud olan heç bir xalqa bənzəmir.
Vətən hissi hər bir xalqda sosial, sinfi fərqlərdən üstündür. Hər bir sağlam, azad yaşamağa qadir insanda bu hiss sinfi mənafe hissindən və sinfi çəkişmələrdən güclüdür. Birlik, milli mənsubiyyət hissi fransızlarda da, ingilislərdə də, almanlarda da var. Əgər bu hiss yoxdursa, xalq məhv olar.
Rus xalqı öz mənafeyini güdən ayrıca hissələrin mexaniki birliyi deyil, bütöv bir xalqdır. Rus xalqının dünyada öz siması var, o heç bir başqa xalqa bənzəməz. Bu xalqın öz tarixi, böyük keçmişi, böyük gələcəyi qarşısında dayanan vəzifələri var və bu xalq dünyada öz yerini, öz işini müdafiə etməlidir.
Hal-hazırda bizdə böyük bir keçid prosesi başlayır. Bu keçidin mahiyyəti yeni şüur və yeni, əsl vətənpərvərlikdir. Köhnə məhv olub, yeni isə hələ yaranmayıb.
Demokratiyaya keçid ilk növbədə özünüidarəyə keçiddir və burada sinfi fərqlərdən söhbət gedə bilməz. Demokratiya xalqın vətəndaş səviyyəsini büruzə verir. Demokratiyanı burjua sinfinə qarşı qoymaq olmaz, bu, ən azı nadanlıqdır. Demokratiya bütöv xalqın ali hakimiyyətidir. Demokratiya fəhlə və kəndli sinfinin hökmranlığı kimi başa düşülməməlidir. Proletariat diktaturası azlığın çoxluq üzərində hakimiyyətidir və bu diktatura məzmun etibarilə demokratiyaya ziddir, antidemokratikdir. Azad xalq heç bir sinfin diktaturasına dözməz.
Uzun illər boyu köləlikdə yaşayan bir xalqın demokratiyaya keçməsi ilk növbədə xalqın tərbiyəsi, şüurunun yüksəldilməsi kimi məsələləri ön plana çəkir. Əgər xalqda insan azadlığına hörmət yoxdursa və insan hüquqlarına hörmət edilmirsə, deməli, o xalq demokratiyadan hələ çox uzaqdır. Əgər inqilab edənlər zorakılığa əl atırsa, gələcəkdə onlara qarşı da zor işlədiləcək. Zor edənin bir zaman özünə də zor edəcəklər, bu, təbiətin qanunudur. Demokratiya insanın xüsusi bir mədəniyyətidir, yalnız azad insanlar azad, demokratik dövlət yarada bilərlər. Xalq o zaman azad və yetkin xalq adına layiq olur ki, o milli birliyini, vahidliyini dərk edir, həm öz dövləti daxilində, həm xaricində başqa dövlətlər və millətlər qarşısında. Xalq daxili hissələrə və bölümlərə parçalanırsa, öz bütövlüyünü, ləyaqətini qorumaq istəmirsə, o hələ azadlığa hazır deyil və kölə vəziyyətinə qayıdır.
Hər bir xalq ruhunun gücü və bütövlüyü ilə tarixdə yaşayır və böyük işlər görür. Xalqın ruhu pozulursa və zəifləyirsə, xalq geriyə çəkilir, tarix səhnəsindən çıxır və solur.
EYNŞTEYN: MƏN DÜNYANI NECƏ BAŞA DÜŞÜRƏM?
Həyatın mənası
İnsan həyatının və ya ümumilikdə üzvi həyatın mənası nədir? Bu suala cavab dinə işarə edir. Onda soruşa bilərsiniz ki, bu sualı verməyin bir mənası varmı? Cavab verirəm: öz həyatını və digər insanların həyatını mənasız hesab edən şəxs, sadəcə bədbəxt deyil, həm də həyat üçün yararsızdır.
Mən dünyanı necə başa düşürəm?
Biz fanilər çox qəribə biz vəziyyətdəyik. Hər birimiz burada müvəqqəti qonağıq, dünyaya nə üçün gəldiyimizi bilmirik, bəzən isə başa düşdüyümüzü zənn edirik. Çox dərinə getmədən gündəlik həyatımızda başqaları üçün, birinci növbədə, xoşbəxtliyimizin üzlərindəki təbəssüm və gümrahlıqdan asılı olduğu insanlar üçün, daha sonra isə, şəxsən tanımadığımız, amma talelərimizin sevgi ilə bağlandığı insanlar üçün mövcud olduğumuzu bilirik. Daxili dünyamın və xarici həyatımın ölü, yaxud diri, bütün digər insanların əməyindən asılı olduğunu, aldığım və hələ də almaqda olduğum hər şeyi eyni ölçüdə geri qaytarmalı olduğumu gündə yüz dəfə öz-özümə xatırladıram. Mən olduqca sadə həyat tərzi sürürəm, lakin tez-tez həmfanilərimin əməyini lüzumsuz istifadə etməyim fikri məni üzür. Cəmiyyətdə sinfi fərqin ədalətsizlik olduğunu və bunun əksər hallarda gücə əsaslandığını düşünürəm. Həm də əminəm ki, təvazökar həyat tərzi fiziki və əqli baxımdan, hamı üçün daha yaxşıdır.
Mən, ümumiyyətlə, insanın fəlsəfi mənada azadlığına inanmıram. Hər kəs yalnız xarici təzyiqlərin deyil, həm də daxili zərurətin təsiri altında hərəkət edir. Şopenhauerin “insan istədiyi hər şeyi edə bilər, lakin o, hər şeyi istəyə bilməz” sözü gəncliyimdən bəri mənə ilham vermişdir; həm öz həyatımdakı, həm də digərlərinin həyatındakı çətinliklər qarşısında daima bir ovuntu və tükənməz səbir mənbəyi olmuşdur. Bu düşüncə insanı asanlıqla iflic edə bilən məsuliyyət hissini mərhəmətli şəkildə yüngülləşdirir, özümüzü və digərlərini çox ciddi qəbul etməyimizin qarşısını alır və həyata yumorla baxmağımıza imkan yaradır.
İnsanın öz mövcudluğunun və ya hər hansı digər yaradılışın mənasını və ya məqsədini sorğulaması ümumilikdə, obyektiv baxımdan həmişə absurd görünüb mənə. Bununla yanaşı, hər kəsin səylərini və mühakimələrini yönləndirən müəyyən idealları var. Bu mənada mən heç vaxt rahatlıq və xoşbəxtliyə nəticə olaraq yanaşmamışam, belə bir əxlaqi zəmin daha çox donuz sürüsünə yaraşır. Yolumu işıqlandıran və mənə zaman-zaman həyatı sevinclə qarşılamaq cəsarəti verən ideallar Həqiqət, Mərhəmət və Gözəllik olmuşdur. Eyni düşüncəni paylaşdığım insanlarla həmrəy olduğumu hiss etməsəm, incəsənətdə və elmi araşdırmalarda əlçatmaz olan məqsədə doğru getməsəm, həyat mənə bomboş görünərdi. İnsani səylərin bəsit məqsədləri mal-mülk əldə etmə, yalançı uğur qazanma, dəbdəbəli yaşama həmişə məni diksindirib.
Mənim güclü sosial ədalət və sosial məsuliyyət hissim həmişə digər insanlar və cəmiyyətlərlə birbaşa təmasa olan ehtiyacım ilə qəribə şəkildə ziddiyyət təşkil edib. Mən yalnız insanam heç vaxt sözün əsl mənasında ölkəmə, evimə, dostlarıma və hətta ən yaxın ailə üzvlərimə ürəkdən bağlı olmamışam; həmişə bütün bu bağlara qarşı soyuqluq və illər keçdikcə artan yalnız qalmaq ehtiyacı hiss etmişəm. İnsan digər insanlarla qarşılıqlı anlaşma və rəğbət hissinin limitlərinin olduğunu təəssüflənmədən dərk edir. Şübhəsiz ki, bu zaman o, öz sadəlövhlüyü və laqeydliyindən nələrisə itirir; digər tərəfdən isə başqalarının fikirlərindən, mühakimələrindən və vərdişlərindən asılı olmur və öz daxili balansını belə etibarsız təmələ əsaslanmaqdan çəkindirir. Mənim siyasi idealım demokratiyadır. Hər kəs bir fərd olaraq hörmətlə qarşılanmalı, lakin heç kim bütləşdirilməməlidir.
Taleyin ironiyasıdır ki, mənim özüm insanlar tərəfindən hədsiz heyranlıq və hörmətlə qarşılanıram. Bu nə mənim günahımdır, nə də buna layiqəm. Bunun səbəbi yəqin ki, insanların cılız gücüm və sonsuz mübarizəm nəticəsində əldə etdiyim bir neçə ideyanı başa düşmək arzusudur.
Mən tamamilə əminəm ki, hər hansı təşkilatın məqsədlərinə çatması üçün tək bir nəfərin düşünməsi, idarə etməsi və ümumilikdə öhdəlik götürməsi lazımdır. Amma idarə edilənlər təzyiq altında olmamalıdır. İnsanlar öz liderlərini seçmək imkanına malik olmalıdırlar. Mənim fikrimcə zor tətbiqinə əsaslanan avtokratik sistem qısa müddətdə tənəzzülə uğrayır. Çünki güc, əxlaqı aşağı olan insanları özünə cəlb edir. Mən əminəm ki, dahi tiranları əclafların əvəz etməsi dəyişməz bir qaydadır. Bu səbəbdən də, hazırda İtaliya və Rusiyada gördüyümüz sistemlərə qarşı həmişə müxalif olmuşam. Bugün Avropada demokratik idarəetmə formasının gözdən düşməsinin səbəbi demokratiyanın ana ideyasında deyil, hökumət başçılarının qeyri-stabilliyi və seçki sisteminin şəxsləri ayrı-ayrı nəzərə almayan xarakterində axtarmaq lazımdır. Məncə, bu baxımdan Amerika Birləşmiş Ştatları doğru yolu tapıb. Onlar uzun müddət üçün seçilmiş məsuliyyətli prezidentə sahibdirlər və prezidentin öz məsuliyyətlərini yerinə yetirmək üçün kifayət qədər səlahiyyətləri var. Digər tərəfdən, bizim siyasi sistemimizdə xəstəlik və ya ehtiyac anında fərdə qarşı nümayiş etdirilən qayğını yüksək qiymətləndirirəm. İnsanlığın ehtişamında mənə görə doğrudan da dəyərli olan siyasi dövlət deyil, yaradıcı və düşüncəli şəxs şəxsiyyətdir; alicənab və əzəmətli olan odur, düşüncədə və hisslərdə küt olaraq qalan isə sürüdür.
Bu mövzu məni sürü həyatını yaşayan insanların ən pis təzahüründən, heç sevmədiyim hərbi sistemdən bəhs etməyə vadar edir. Əgər insan orkestrin sədaları altında cərgə ilə marş etməkdən zövq alırsa, bu, ondan zəhləm getməsi üçün kifayətdir. Ona baş beyin səhvən verilib; ona lazım olan ancaq onurğa beynidir. İnsan sivilizasiyasının bu “taun ləkəsini” qısa zamanda aradan qaldırmaq lazımdır. Əmrə əsaslanan qəhrəmanlıq, mənasız zorakılıq və vətənpərvərlik adlanan bu iyrənc cəfəngiyat bütün bunlara necə də nifrət edirəm! Müharibə mənim üçün rəzil və çirkin bir işdir. Belə bir çirkinlikdə iştirak etməkdənsə, parça-parça olmağı üstün tutaram. Bütün bunlara baxmayaraq, insan soyu haqqında yüksək fikrə sahibəm və inanıram ki, millətlərin sağlam düşüncəsi sənaye və siyasi dairələrin maraqları tərəfindən məktəblər və mətbuat vasitəsilə sistemli olaraq korlanmasaydı, bu kabus çoxdan yox olmuşdu.
Hiss edə biləcəyimiz ən gözəl təcrübə həyatın sirli tərəfidir. Bu fundamental emosiyalar əsl incəsənətin və əsl elmin beşiyidir. Bunu bilməyənlər heyran olmaq və valeh olmaq bacarığını itirmişlər ölü kimidirlər və onların gözləri görmür. Həyatın sirləri ilə qarşılaşma, qorxu hissi ilə qarışaraq dinləri yaratmışdır. Nüfuz edə bilmədiyimiz nəyinsə mövcud olduğunu bilmək, dərində olan səbəbləri və parlaq gözəlliyi ən ibtidai şəkildə də olsa qavrama cəhdlərimiz, məhz bu biliklər və bu emosiyalar əsl dini yaradır. Bu mənada və yalnız bu mənada mən dindaram. Mən öz yaratdıqlarını mükafatlandıran və cəzalandıran və ya bizim malik olduğumuz iradə ilə eyni iradəyə malik bir Tanrını təsəvvür edə bilmirəm. Fiziki ölümdən sonra həyatı da başa düşmürəm və başa düşmək istəmirəm; bu anlayışlar yalnız qorxmuş və zəif insanların absurd eqoizminə xasdır. Mən həyatın sonsuzluğundakı sirr və kainatın möcüzəli strukturunun dərk edilməsi, təbiətdə özünü büruzə verən Səbəbin cüzi bir hissəsinin başa düşülməsinə edilən cəhd ilə kifayətlənirəm.