Read the book: «Məktəb hekayələri»

Font::

MƏHƏMMƏD TAĞI SİDQİNİN HƏYATI VƏ ƏDƏBİ-PEDAQOJİ FƏALİYYƏTİ

Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Lakin Məhəmməd Tağı Sidqi kimi böyük mütəfəkkirin həyatı və ədəbi-pedaqoji irsi layiq olduğu səviyyədə araşdırılıb geniş ictimaiyyətə çatdırılmamışdır. Belə ki, sovet hakimiyyəti illərində M.T. Sidqi haqqında meydana çıxmış tədqiqatlar ideoloji cəhətdən köhnəlmişdir. Müstəqillik dövründə isə onun barəsində barmaq ilə sayılacaq qədər azsaylı məqalələr yazılmışdır. Ədibin elmi və bədii əsərləri, geniş mənada külliyyatı toplanıb indiyədək ayrıca kitab halında çap olunmamışdır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun «Görkəmli pedaqoq, maarifçi və şair M.T. Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqındakı 11 mart 2004-cü il tarixli sərəncamı bu qüdrətli mütəfəkkirin həyatının və çoxcəhətli ədəbi, elmi və pedaqoji əsərlərinin, əlyazmalarının yenidən araşdırılmasına, əsaslı şəkildə öyrənilməsinə, əsərləri külliyyatının çap olunmasına, adının yeni həyat qazanmasına geniş imkan yaradır.

Hələ XIX əsrin əvvəllərindən etibarən başlanan maarifçi ideyalar ictimai-ədəbi mühitdə tez bir zamanda vətəndaşlıq hüququ qazanmışdır. Əsrin ortalarında maarifçilik aparıcı ideologiyaya çevrilmişdi. Keçən yüzilliyin 70-90-cı illərində isə maarifçilik Azərbaycanda hərəkat səviyyəsinə yüksəimişdir. Artıq yalnız Tiflis, Bakı kimi inzibati mərkəzlərdə deyil, ayrı-ayrı əyalətlərdə də milli maarifçi tədbirlər geniş şəkildə həyata keçirilmiş, məktəb, teatr və mətbuat uğrundakı səylərin əhatə dairəsi genişlənmişdir. Milli-maarifçi ziyalılığın böyük bir nəsli əyalətlərdə yetişib formalaşmışdır. Bu mənada Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və Mahmudbəy Mahmudbəyovun Şamaxıda, Ömər Faiq Nemanzadənin Şəkidə, Mirzə Sadıq Fani və Abdulla Surun Gəncədə, Nəriman Nərimanovun Borçalıda, Teymurbəy Bayraməlibəyovun Lənkəranda, Hacı Kərim Şamlının Zəngəzurda, İsmayılbəy Şəfibəyov və Bədəlibəy Bədəlbəyovun Qarabağda, Rəşidbəy Əfəndiyevin Qutqaşen və Xaçmazda, Firudinbəy Köçərlinin İrəvanda, İsabəy Abakarov və Ələsgər Şeyxhəsənovun Vedidə pedaqoji fəaliyyətlə məşğul olmaları Azərbaycan əyalətində maarifçilik hərəkatının yeni yüksəlişinə səbəb olmuşdur. Həmin maarifçi-yaradıcı qüvvələrin fədakarlıq nümunəsi olan çoxcəhətli xidmətləri sayəsində bütövlükdə Azərbaycanda qısa müddətdə milli şüur, ədəbi-mədəni gedişat, ictimai tərəqqi nəzərəçarpacaq səviyyədə irəli getmişdir.

Göstərilən dövrdə maarifçilik hərəkatı baxımından inkişaf etmiş mərkəzlərdən biri də Naxçıvan idi. Milli ziyalılığın böyük bir nəsli XIX-XX əsrlər Naxçıvan ictimai-ədəbi mühitində ərsəyə gəlmişdir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəlibəy Sultanov, Hacıağa Fəqir Ordubadi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əbülqasım Sultanov, Əliməmməd, Sadıq və Məhəmmədhüseyn Xəlilovlar, Mirzə Cəlil Şürbi, Qüdsi Vənəndi və onlarla başqaları məhz həmin mühitin içərisindən çıxmışlar. XIX əsrin 80-90-cı illərində Naxçıvan ədəbi mühitinin ağsaqqalı və müəllimi olmuş Məhəmməd Tağı Sidqinin çoxcəhətli fəaliyyəti klassik maarifçilərlə yeni maarifçi nəsil arasında varislik körpüsü funksiyasını yerinə yetirmişdir. Əslində Abasquluağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayılbəy Qutqaşınlı kimi ilk maarifçilərlə başlanan XIX əsrin milli maarifçi ideyaları Mirzə Fətəli Axundov və Seyid Əzim Şirvani tərəfindən bacarıqla davam etdirilmiş, Məhəmməd Tağı Sidqi ilə başa çatdırılmışdır. M.T. Sidqinin maarifçilik fəaliyyəti və görüşləri milli maarifçiliyin inkişafının XX əsrdəki qanunauyğun, məntiqi yekunudur. Eyni zamanda, M.T. Sidqinin pedaqoji irsi həm də yeni tipli maarifçiliyin nəzəri-ideoloji təməlini təşkil edir. Əsrin 70-80-ci illərində yetişib formalaşan yeni maarifçi nəsil 90-cı illərdən etibarən müəyyən mənada M. T. Sidqinin əməl və ideyalarını müstəqil surətdə davam etdirməklə maarifçilik hərəkatı meydanına atılmışdır. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı qüvvələrin isə ustad sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T. Sidqinin adı ilə bağlıdır.

Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. Ordubadda ailə həyatı qurmuş, 10 ilə yaxın bu şəhərdə yaşamış, maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. O, ailəsini dolandırmaq üçün çayxana açmışdır. Lakin bu adi çayxana deyildi. Oğlu, tanınmış publisist və tərcüməçi Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı «Tərcüməyi-halım» adlı avtobioqrafik xarakterli xatirəsində atasının çayxanasını aşağıdaki kimi səciyyələndirmişdir: «O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda, atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetlər də alıb oxuyarmış… Bu qəzetlər çox zaman atamın həmməsləkləri arasında gizlində oxunarmış. Çünki avam camaat qəzet oxumağı böyük günah və qəzet oxuyanları kafir… hesab edirdi.

1892-ci ildə açıqfikirli, rus və Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı «Əxtər» adlı yeni üsullu məktəblə M.T. Sidqi pedaqoji fəaliyyətə başlamışdır. Şəriət fənnindən başqa, ana dili, hesab, coğrafiya dərslərinin ana dilində keçirildiyi bu məktəbdəki səmərəli məktəbdarlıq işləri onu daha da məşhurlaşdırmışdır. «Əxtər» məktəbinin şagirdi M.S.Ordubadi həmin tədris müəssisəsini «gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan» ciddi təhsil ocağı adlandırmışdır.

Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə bura dəvət olunub «Tərbiyə» məktəbinin əsasını qoymuşdur. «Məktəbi-Tərbiyə»də dünyəvi elmlərin tədrisinə ciddi fikir verilmiş, rus dili və ədəbiyyatı da öyrədilmiş, tərcümə dərsləri təşkil olunmuşdur. «Tərbiyə» məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Belə ki, o vaxta qədər mövcud olan qəza, şəhər, zemstvo və normal məktəblər ana dilinin bir fənn kimi tədris olunduğu rus məktəbləri idilər. Və həmin məktəblərdə rus çarizmi özünə sadiq təbəələr formalaşdırmaq vəzifəsini həyata keçirirdi. XIX əsrin 80-ci illərinin sonlarında meydana çıxmış rus-tatar məktəbləri də adından göründüyü kimi anadilli fənlərin bir qədər də genişləndirildiyi rus məktəbləri kimi fəaliyyət göstərirdi. M.T. Sidqinin «Məktəbi-Tərbiyə»si isə rus dilinin xarici dil kimi ayrıca tədris olunduğu, digər fənlərin ana dilində keçirildiyi milli məktəb idi. Məsələnin bu cəhəti vaxtilə Cəlil Məmmədquluzadənin də diqqətini cəlb etmiş və o, «Tərbiyə» məktəbindən bəhs edərkən «Naxçıvan şəhərində haman məktəbi Həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi» qənaətinə gəlmişdir. M.T. Sidqinin səyi nəticəsində az vaxtda «Tərbiyə» məktəbi ədəbi-mədəni fikrin əsas mərkəzlərindən birinə çevrilmişdir. Cəlil Məmmədquluzadə, Qurbanəlibəy Şərifzadə, Cümşüd-Paşa Sultanov, Mirzə Nəsrulla Əmirov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, şeirlərini dinləyib müzakirə etmiş, Rusiya, Qafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı qazanmışlar. Məktəbdə qabaqcıl ziyalıların iştirakı və təşəbbüsü ilə teatr tamaşaları göstərilmiş, ədəbi müsabiqələr, müzakirə və yubiley gecələri təşkil olunmuşdur. Buna görədir ki, Cəlil Məmmədquluzadə «Tərbiyə» məktəbini «yeniyetmə müəllim və ədiblər üçün darülürfan» kimi qiymətləndirmişdir. Hüseyn Cavid məktublarında bu məşhur məktəbin yaradıcısı M.T. Sidqiyə «böyük ustad və cəlallı atamız» deyə müraciət etmişdir. N. Nərimanov, S.M.Qənizadə, F. Köçərli, R.Əfəndiyev, Ə.Axundzadə, Ə.Cəfərzadə kimi görkəmli maarifçi ziyalılar M.T.Sidqi və onun « Tərbiyə » məktəbinin fəaliyyəti ilə maraqlan-mış, ədəbi-pedaqoji ideyalarına rəğbət bəsləmişlər. Yeniyetmə maarifçi gəncliyin böyük bir dəstəsi «Tərbiyə» məktəbindən çıxmışdır. Sonralar görkəmli yazıçı, şair, alim, publisist, sənətşünas, aktyor kimi tanınmış Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, Ələkbər Abbasov, Məmmədəli Səfərov və onlarla başqaları vaxtılə Məhəmməd Tağı Sidqi müəllimin şagirdləri olmuşlar.

Pedaqoji fəaliyyətlə yanaşı, publisistika ilə də məşğul olan M.T.Sidqi Bağçasarayda çıxan «Tərcüman», Kəlküttədə nəşr edilən «Həblül-mətin», Tehranda çap olunan «Əxtər», Tiflisdə yayılan «Şərqi-rus», Bakıda fəaliyyət göstərən «Kaspi» qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında məqalələrlə çıxış etmiş, «əsl mənada qəzetçi» kimi tanınmışdır. Onun «Qəzet, yainki qəzetə nədir?», «Təəssüf, yenə təəssüf» kimi məqalələri yeni dövr Azərbaycan publisistikasının dəyərli nümunələrindəndir.

M.T.Sidqi hələ Ordubadda yaşadığı illərdə buradakı «Əncümənü-şüəra» ədəbi məclisinin ən fəal iştirakçılarından və rəhbərlərindən biri olmuş, klassik üslubda yazdığı lirik şeirləri ilə tanınmışdır. XIX əsrin axırlarından etibarən cəmiyyət həyatında müşahidə olunan canlanma, dirçəliş, məktəbdarlıqla əlaqədar yiyələndiyi maarifçi ideyalar onun qəzəllərinə ictimai məzmun gətirmişdir. O, təkcə aşiqanə məzmunu deyil, ictimai mətləbləri də klassik üslubda yazdığı şeirlərində mənalandırmağı bacarmışdır. «Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şeir» adlanan qəzəl formasında qələmə alınmış bir şeirində deyilir:

 
Gəzər baği-maarifdən xəbərsizlər ulaqlar tək,
Odur kim, nəxli-daniş payimal olmuş alaxlar tək.
… Məcali şerguluq qalmayıb biçarə millətdə,
Qalıbdır vacib işlər bir-bir üstündə qalaqlar tək.
…Olub əbnayi millət fəhləvü, hammalu, həmmuzdur,
Bazarda, çarsuda dil-dil dolanırlar yalaxlar tək.
Açanda ruznamə, söyləirlər «beynimi qazma»,
Qəzet guya qazuxdur, qışqırırlar qazalaxlar tək.
 

Böyük müəllim, görkəmli pedaqoq kimi şöhrət qazanan M.T.Sidqi həm də tanınmış uşaq yazıçısıdır. Onun qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində mütərəqqi maarifçi ideyalar öz əksini tapmışdır. Məktəbə və elmə rəğbət, müəllimə hörmət, yeni nəslin tərbiyəsi, insanı və cəmiyyəti dərk etməyə çağırış maarifçi yazıçının əsərlərində qabarıq şəkildə ifadə olunur. Müəllim-yazıçının uşaqlar üçün müxtəlif janrlarda yazılmış bədii əsərləri onun maarifçi-pedaqoji ideyaları ilə vəhdət təşkil edir, bir-birini tamamlayır.

M.T.Sidqi uşaq ədəbiyyatının müxtəlif janrlarında maraqlı bədii əsərlər yazmışdır. Maarifçi şeir, poetik öyüdnamə, mənzum hekayət və didaktik hekayələr onun uşaq əsərlərinin əsasını təşkil edir. Sənətkarın uşaqlar üçün yazdığı şeirlər əsasən tərbiyəvi məzmunda olan öyüdnamələrdən ibarətdir. Bu öyüdnamə və nəsihətlərdə S.Ə.Şirvaninin maarifçi şeirlərinin poetik ənənələri davam etdirilmişdir. Seyid Əzimin öyüdnamələri oğlu Cəfərə, M.T.Sidqinin nəsihətləri isə oğlu Məhəmmədəliyə müraciətlə yazılmışdır, Lakin bu şeirlər bütövlükdə böyüməkdə olan yeni nəslə poetik xitab təsiri bağışlayır. M.T.Sidqinin «Oğlum Məhəmmədəliyə nəsihət» şeirindəki maarifçi-poetik düşüncələr geniş mənada gənc nəsillər üçün faydalı öyüdnamələrdən yoğrulmuşdur:

 
Nə qədər ki, var əlində fürsət,
Dərsinə eylə hər zaman diqqət.
Yetişibdir zəmani-elmü ədəb.
Mənzilin eylə guşeyi-məktəb,
…Dini-dünyanı elm edər abad,
Özünü eylə cəhldən azad.
Ruzigarın keçirmə qəflətlə,
Elm təhsil elə diqqətlə.
 

Ədibin «Məktəbdə», «Dərsə diqqət», «Elmin şərafəti» «Oğlan», «Yüz il yatandan sonra» adlı şeirlərində dövrün ən aktual maarifçi ideyaları öz əksini tapmışdır. Xüsusən, M.T.Sidqinin qızların maariflənməsi məsələlərinə həsr etdiyi şeirlər öz dövrünə görə mühüm mütərəqqi əhəmiyyətə malikdir. Onun «Elmin şərafəti» şeiri Azərbaycan ədəbiyyatında məktəbli qızlara həsr olunmuş birinci maarifçi poetik öyüdnamədir:

 
....Hər qız ki, ülümə etsə rəğbət,
Axırda yəqin tapar səadət,
Yox elmdən özgə bir şərafət,
Elm ilədir ixtiyar, qızlar.
 

Şairin «zəmani-elmü ədəbin » yetişdiyindən müjdə gətirən maarifçi şeirləri uşaq poeziyamızın S.Ə.Şirvani dövrünün davamı, A.Səhhət, M.Ə.Sabir, A.Şaiq mərhələsinin ərəfəsidir, bu mərhələlər arasında etibarlı körpüdür. M.T.Sidqinin maarifçi şeirləri indiki ibtidai məktəb dərsliklərində də özünəməxsus yer tuta bilər.

Azərbaycan uşaq ədəbiyyatının əsas janrlarından olan mənzum hekayə janrı da M.T.Sidqinin «Kəblə Nəsir» əsərinin timsalında yeni ənənələrlə zənginləşdirilmişdir. Q.Zakir və S.Ə.Şirvaninin mənzum hekayələrində təsvir olunan ibrətamiz əhvalat finalda yığcam əxlaqi-tərbiyəvi mühakimələrlə yekunlaşmışdır. «Kəblə Nəsir» əsərinin timsalında yeni ənənələrlə zənginləşdirilmişdir. Q.Zakir və S.Ə.Şirvaninin mənzum hekayələrində təsvir olunan ibrətamiz əhvalat finalda yığcam əxlaq-tərbiyəvi mühakimələrlə yekunlaşmışdır. «Kəblə Nəsir» isə iki müstəqil hissədən ibarətdir: isfahanlı dəlləyin başına gələn əhvalatın təqdimi və şərhi. Əhvalatın təqdimində klassik mənzum hekayələrin xüsusiyyətləri özünü göstərir. Burada qədim zamanlarda baş vermiş ibrətamiz bir hadisə nağıl edilir. Məlum olur ki, usta Əmir kişinin oğlu dəllək Kəblə Nəsir səfərə çıxan zaman öz avamlığının ucbatından ulağını və keçisini oğruların güdazına verir. Hələ bu azmış kimi, yolda oğrulardan biri onu aldadıb, guya itirmiş qiymətli daş-qaşlar aşkar etmək məqsədilə quyuya saldırır, paltarlarını götürüb aradan çıxır.

«Kəblə Nəsir» mənzum hekayəsinin şərhlər hissəsində isə şair təqdim etdiyi hadisəni həm həyati mövqedən, həm də maarifçi baxımdan aydınlaşdırmağa və yekunlaşdırmağa çalışmışdır. Burada «Kəblə Nəsir»in həyati qayəsinin əsasında dayanan «bir gözəl ad qalır cahanda nişan» misrasının aşıladığı ideya-məzmun hekayətin maarifçi istiqaməti vasitəsilə daha da dərinləşdirilmişdir. Burası da qiymətlidir ki, müəllif «Kəblə Nəsir» mənzum hekayətində milli istiqlalı da ictimai mənəvi tərəqqinin əsası kimi dəyərləndirir:

 
Ta ki, millətdə olsun istiqlal,
Etməsin cəhl bizləri pamal.
Olmasın ömrümüz cahanda tələf,
Elm təhsilinə edək məsrəf.
Aç bu əbnayi-millətə məktəb,
Orda təhsil olunsun elmü-ədəb.
Zikri-xeyr ilə bəlkə yad olasan,
Dinü dünyada qəlbi şad olasan.
 

«Kəblə Nəsir» mənzum hekayəti təkcə ideya məzmununa görə deyil, forması, quruluşu etibarilə də orijinal xüsusiyyətlərə malikdir. Belə ki, həmin poetik mənzumə bədii forma etibarilə məktəbdə təşkil olunmuş mənalı bir dərsin imkanlarını və xüsusiyyətlərini özündə cəmləşdirir. Bu «dərsdə» şair müəllim sifətində iştirak edir. Təkcə müəllif M.T.Sidqi deyil, onun canlandırdığı bədii obraz da XIX əsrin son rübü üçün səciyyəvi olan müəllim-yazıçı tipinin qabarıq nümayəndəsi kimi diqqəti cəlb edir. Təlimlə tərbiyəni, biliklə əxlaqı vəhdətdə aşılamağı qarşısına məqsəd qoyan şair-müəllim öz şagirdlərini «zəmanədə bir ad», nişanə qoymaq nümunəsində tərbiyə etməyə səy göstərir. Kəblə Nəsirin başına gələn əhvalat qəflətdən ayılmağa, «haqqa əda etməyə» xidmət edir. Şair şagirdləri ibrətamiz mətləbləri eşitməyə, öyrənməyə və dərk etməyə hazırlamaq üçün sinifdə olduğu kimi şagirdlərə üz tutaraq sanki onları bir az sonra öyrədəcəyi mövzuya hazırlayır:

 
Ey uşaqlar, tutun yerinizdə məqam,
Oturun bircə sakitü aram.
Götürün bir qələm, açın dəftər,
Mən deyim, siz yazın, edək əzbər.
 

Kəblə Nəsirin başına gələn əhvalatlar söylənib başa çatdıqdan sonra mənzum hekayətin ikinci hissəsində yenidən şair-müəllimlə görüşürük. Bu məqamda isə o, tamam olmuş, başa çatmış hekayətin mənasını izah edən tərbiyəçi sifətində çıxış edir. Şərh prosesi ona özünün maarifçi-didaktik görüşlərini müəyyən sistem halında izah etməyə imkan verir. Həmin əxlaqi-maarifçi qənaətlər isə təkcə «Tərbiyə» məktəbinin şagirdləri, yaxud həmin dövrün oxucuları üçün deyil, hətta hazırki müasirlərimiz üçün də faydalı və düşündürücüdür:

 
Keçəcəkdir tamam yaxşı-yaman,
Bir gözəl ad qalar cahanda nişan.
Ömür bihudə keçməmiş bada,
Biz də bir ad qoyaq bu dünyada,
… Millətin haqqını əda eylə,
Məscidi mədrəsə bina eylə.
 

«Kəblə Nəsir» mənzum hekayəsi Azərbaycanda «dərs-hekayət» formasında yazılmış ilk uşaq ədəbiyyatı nümunəsidir.

M. T. Sidqi milli uşaq nəsrinin də ilk nümunələri sayıla biləcək kiçik hekayələr yazmışdır. Lakin indiyədək onun hekayələrindən söz açılmamışdır. Halbuki həmin uşaq nəsri nümunələri M.T.Sidqinin tərtib etdiyi dərsliklərə salınmış, «oxu, qiraət materialları kimi düşünülmüşdür».

Onun uşaqlar üçün hekayələri əsasən «Əxlaq nümunələri» və «Qızlara hədiyyə» dərsliklərində toplanmışdır. «Əxlaq nümunələri» dərsliyi müəyyən ixtisarla M.T.Sidqinin 1967-ci ildə nəşr olunmuş «Seçilmiş pedaqoji əsərlərinə daxil edilsə də, kitabın adından «pedaqoji» ifadəsi diqqəti buradakı bədii materialların ayrıca seçilib öyrənilməsindən yayındırmışdır. «Qızlara hədiyyə» dərsliyi isə bütünlüklə elmi-ədəbi təhlildən kənarda qalmışdır.

«Əxlaq nümunələri» dərsliyindəki əksər uşaq hekayələri müəllim-yazıçının pedaqoji düşüncələrinin tərkibində verilmişdir. Həmin hekayələr müəllifin maarifçi baxışlarını əyani şəkildə əsaslandİran bədii yazılardır. Lakin imla mətni kimi verilmiş nümunələrdən pedaqoji fikir-mülahizə qatını ayırıb, hekayə hissəsini ayrıca oxuduqda, bunlar bitkin uşaq hekayələri kimi səslənir. «Məktəbə davam», «Gözü tox olan uşağın hekayəti», «Yalançı uşaq» və s. hekayələr bu qəbildən olan maraqlı ədəbi nümunələrdir. Dərsliyin tələblərinə uyğun olaraq həmin hekayələrdə əxlaqi məsələlər ön mövqeyə çəkilmişdir. Hekayələrdə uşaq və məktəbli obrazları da bacarıqla canlandırılmışdır.

«Qızlara hədiyyə» dərsliyindəki hekayələrin böyük əksəriyyətində isə hekayəyə məxsus xüsusiyyətlər maarifçi-pedaqoji mülahizələri üstələmişdir. Bunların çoxu indiki ibtidai məktəb dərsliklərinə salınmış kiçik hekayələr kimi sadə dildə yazılmış, yığcam, maraqlı hadisələri əks etdirən, əxlaqi-tərbiyəvi qənaətlər aşılayan yaddaqalan müstəqil bədii əsərlərdir. Dərslikdəki «Rübabə», «Sitarə ilə xalası», «Ruqiyənin söhbəti», «Övlad məhəbbəti» və s. hekayələr milli uşaq nəsrinin ilk bitkin nümunələridir. İdeya-məzmununa görə bunları «məktəb hekayələri» kimi də dəyərləndirmək olar. Forma baxımından isə həmin nümunələr miniatür hekayə adlandırıla bilər. Təxminən bir əsrə yaxın bundan əvvəl hazırlanmış «Qızlara hədiyyə» dərsliyindəki kiçik hekayələr hazırkı mərhələdə də şagirdlər üçün faydalı xüsusiyyətlərə malikdir. Məktəb uşaqları M.T,Sidqinin miniatür hekayələrindəki əxlaqi öyüdnamələrdən çox şey öyrənə bilərlər. Maarifçi-didaktik nəsihət xətti qorunub saxla-nılmışdır. «İki bacının söhbəti» hekayəsində əks etdirilmiş aşağıdakı nəsihətlər bu gün üçün də müasir səslənir: «Balaca bacım, sən hələ kiçiksən. Elmin məziyyətini və faydasını bilmirsən. Elə bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz… insanın hər işində və əməlində elmə ehtiyac vardır. İnsanın şərafəti və heyvan ilə insanın təfavütü elm ilən bilinir. Sən elm təhsil elə, təki dünya və axirətdə səadətmənd olasan».

M.T.Sidqi uşaq hekayələrini rəhbərlik etdiyi «Tərbiyə» məktəbinin şagirdlərinə oxudub öyrətmiş, əzbərlətmişdir. O, özünün müəllim və yazıçı kimi məqsədini aşağıdakı kimi izah etmişdir: «Ey mənim xoşbəxt şagirdlərim! Gərəkdir ki, gözəl xasiyyətlərə rəğbət göstərib və pis sifətlərə nifrət edəsiniz. Çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər».

M.T.Sidqinin kiçik hekayələrində maarifçi didaktik ideya məzmunla yanaşı hadisələri müəyyən süjet əsasında təqdim etmək prinsipinə də əməl edilmişdir. Yığcam süjet kiçik hekayənin ana xəttini, daxili məntiqini çatdırmaqda mühüm rol oynayır. Sidqi əksər hallarda süjeti dialoqların əsasında qurmuşdur. Bu da hekayənin məktəb uşaqlarının yaş səviyyəsinə uyğunlaşdırılmasına münasib şərait yaradır.

Hekayələrdəki bədii obrazlar da maarifçi yazıçının ifadə etmək istədiyi mətləblərin əsas daşıyıcıları kimi çıxış edirlər. Buna görə də Sidqi çox vaxt hekayələri kiçik qəhrəmanlarının adları ilə adlandırır.

Maarifçi ədibin «Hekayətlər» adlandırdığı bədii nəsr nümunələri kiçik miniatürlərdən ibarətdir. Bu miniatürlərdə bədii təhkiyə ilə yığcam süjet, yaxud kiçik mükalimə bir-birini tamamlayır. «Hekayətlər» adlandırılan lətifəsayağı miniatürlər də Sidqinin digər kiçik hekayələri kimi vahid maarifçi amala xidmət edir.

Maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Bununla belə, onun elmi fəaliyyətində ədəbi-fəlsəfi məsələlər də öz əksini tapmışdır. Sidqinin «Heykəli-insana bir nəzər» əsəri nəsrlə yazılmış kiçik ədəbi-fəlsəfi traktatdır. Burada müəllifin həyat və cəmiyyət, ictimai-mədəni tərəqqi haqqındaki fikir və düşüncələri əks etdirilmişdir. Sidqinin inşanın formalaşması və bəşər cəmiyyətinin keçdiyi inkişaf mərhələləri barədəki elmi mülahizələri öz dövrü üçün yeni və cəlbedici idi. Buna görə də həmin əsər M.T.Sidqinin vəfatından sonra 1912-ci ildə Bakıda «Ziya» mətbəəsində kitab halında çap olunmuşdur. «Heykəli-insana bir nəzər» əsəri nəticə etibarilə maarifçiliyə çağırış kimi səslənən faydalı elmi mənbədir. Burada bədii təfəkkürün məhsulu olan fikir və mülahizələrdən də istifadə olunmuşdur.

M.T.Sidqinin elmi irsində onun «Puşkin» adlı kitabı xüsusi yer tutur. Bu kitab müəllim-şairin 26 may 1899-cu il tarixdə Naxçıvanda «Tərbiyə» məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri qarşısında A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi münasibətilə oxuduğu məruzənin mətnindən ibarətdir. Əsər Azərbaycanda Puşkinə həsr olunmuş ilk elmi mənbələrdən biri kimi mühüm əhəmiyyətə malikdir. Kitab 1914-cü ildə Bakıda İsabəy Aşurbəylinin «Kaspi» mətbəəsində çap olunmuşdur.

Adından da göründüyü kimi, «Puşkin» kitabında rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan A.S.Puşkinin həyatı və yaradıcılıq yolu işıqlandırılmışdır. M.T.Sidqi Puşkinin ədəbi xidmətlərinə yüksək qiymət vermişdir: «Zəkavətli A.S.Puşkin rus şairlərinin hamısından sahibi-imtiyaz və cümləsindən sərəfraz və süxənpərdaz hesab olunur».

Kitabda Puşkinin həyatı və fəaliyyəti onun sələfləri və müasirləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir. Burada rus ədəbiyyatının görkəmli nümayəndələrindən N.M.Karamzin, İ.A.Krılov, A.S.Qriboyedov, M.Y.Lermantov və başqaları haqqında da məlumat verilmişdir. Sələfləri Puşkini yetirən ədəbi zəmin, xələfləri isə onun davamçıları kimi qiymətləndirilmişdir.

M.T.Sidqinin «Puşkin» kitabında rus ədəbiyyatındakı Qafqaz mövzusuna da toxunmuşdur. Bütövlükdə Qafqaz mövzusu digər müasirləri kimi Puşkinin də əsas ilham qaynaqlarından biri kimi dəyərləndirilmişdir. M.T.Sidqinin məruzəsində deyilir: «Qafqazın fərəhfəza havası və mənzəreyi-dilguşası Puşkini özünə valeh və heyran eylədi. Odur ki, Puşkin Qafqaz dağlarına şairlik nöqteyi-nəzərindən baxıban bir neçə müəssər və ibrətəngiz şeirlər inşad edibdir ki, o şeirləri oxuyub dəryaft edən əhli-zövq Puşkinin süxənfərin (ustad-İ.H.) olmağını … etiraf eylər».

«Puşkin» əsəri ilə Sidqi həm də ciddi, səriştəli bir ədəbiyyatşünas olduğunu isbat etmişdir.

Sidqinin elmi irsində «Müxtəsər coğrafiya risaləsi» əsərinin xüsusi yeri vardır. Xalq müəlliminin hələ XIX əsrin sonlarında böyük çətinliklə coğrafi məlumatları toplayıb sistemləşdirməsi, müstəqil bir dərslikdə əks etdirməsi mütərəqqi elmi hadisədir. Onun hazırladığı «Müxtəsər coğrafiya risaləsi» Azərbaycanda ilk coğrafiya dərsliyidir. Bu dərslik Sidqinin həm də yüksək hazırlıqlı və məlumatlı bir coğrafiyaşünas olduğunu da isbat edir.

Dövrünün görkəmli ziyalıları ilə məktublaşması M.T.Sidqinin əlaqə və münasibətlərinin əhatə dairəsini təsəvvür etməyə imkan yaradan, onun baxışlarını və xarakterini aydınlaşdİran dəyərli mənbələrdir.

M.T.Sidqi 1903-cü ilin dekabr ayında vəfat etmiş və Naxçıvan şəhərində dəfn olunmuşdur. Görkəmli ziyalılar bu vaxtsız, gözlənilməz acı itki üçün özlərinin dərin «izhari-təəssüflərini» bildirmişlər. O vaxt Azərbaycan dilində yeganə mətbuat orqanı olan «Şərqi-Rus» qəzetində Sidqinin vəfatına həsr olunmuş nekroloq, müxtəlif şeirlər, məqalə və məktublar dərc olunmuşdur. Başsağlığı xarakterli bu məqalələrdə «ədibü-şair, müəllimü-kamil» mərhum M. T.Sidqinin Azərbaycan ədəbiyyatı və pedaqoji fikri tarixindəki dürlü xidmətləri ehtiramla yad edilmişdir. M.S.Ordubadi və Hüseyn Rasizadənin həmin münasibətlə «Şərqi-Rus»da verilmiş şeir və məqalələrində ədəbiyyat və maarif adamı kimi M.T.Sidqiyə bəslənilən ümumxalq ehtiramı öz əksini tapmışdır. M.S.Ordubadi maarifçi şairin şəxsiyyəti və xidmətlərini «sədaqət kanı», «dəryayi-hikmət», «sərvi-mərifət», «məşhuri-vilayət» səviyyəsində ümumiləşdirmişdir. Əsgər Hacızadənin məqaləsində mərhumun ailəsinə maddi yardım göstərməsi məsələləri nəzərə çarpdırılmışdır. Cəlil Məmmədquluzadənin «vida sözü»ndə isə M.T.Sidqinin maarifçilik hərəkatındaki əvəzsiz xidmətləri ehtiramla yad olunmuş, ədəbi portreti canlandırılmışdır: «Mərhumun şəxsi sifətləri misilsiz idilər: təmkinli, mömin, sadiq, sakit, xoşəhval, rəhmdil və xeyirxah. Gözəl-gözəl xasiyyətlər Sidqini Naxçıvanda zərbül-məsəl eləmişdilər, O, hörmət və məhəbbəti ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib… Küçə və bazarda Sidqini barmaq ilə göstərirdilər. Mərhumun vəfatı günü çox kişilər göz yaşı töküb. Cənazəsini dəfn eləməyə gedən camaatı küçələr tutmurdu və yəqinül-yəqin bu camaatın hamısı başını aşağı dikib, qəlbində deyirdi: «Getdi cahandan həzrəti-Sidqi, yüz min heyf, yüz min əfsus!!»

Görkəmli pedaqoq və maarifçi yazıçı M.T,Sidqinin həyatı, pedaqoji fəaliyyəti və yaradıcılıq yolu müəyyən səviyyədə öyrənilmişdir. Vaxtilə İbrahim Mollayev ədibin pedaqoji görüşləri və məktəbdarlıq fəaliyyətindən, Yavər Eyvazov ədəbi-publisist yaradıcılığından namizədlik dissertasiyaları müdafiə etmişdir. Bir çox görkəmli alimlərin Feyzulla Qasımzadə, Məmməd Cəfər, Əziz Şərif, Firudin Köçərli, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Şıxəli Qurbanov, Qulam Məmmədli, Xeyrulla Məmmədov, Şamil Qurbanov, Şövqü Novruzov, Mirabbas Aslanov və başqalarının monoqrafik tədqiqatlarında və məqalələrində M.T.Sidqidən bəhs olunmuşdur. Bununla belə, fikrimizcə, M.T.Sidqinin həyatı və fəaliyyəti tam halda, bütün yönləri ilə tədqiq olunmamışdır.

Möhtərəm ədibin əsərlərinin nəşri sahəsində də müəyyən işlər görülmüşdür. Onun «Mənzumə» adlı şeiri 1908-ci ildə «İrşad» qəzetində dərc olunmuşdur. Məşhur ədəbiyyatşünas F.Köçərli 1911-1914-cü illərdə Qoridən Məmmədəli Sidqiyə göndərdiyi məktublarında atası Sidqinin əsərlərini «Millət malı» etmək üçün bunları toplayıb nəşr etdirməyi vacib saymışdır. Oğlu, tanınmış tərcüməçi və publisist Məmmədəli Sidqi Səfərovun (1888-1956) bu sahədəki xidmətləri təqdirəlayiqdir. O, əsrin əvvəllərində M.T.Sidqinin «Kəblə Nəsir» (1910), «Heykəli-insanə bir nəzər» (1912), «Püşkin» (1914) əsərlərini ayrıca kitab halında nəşr etdirmişdir. «Kəblə Nəsir» mənzum hekayəti «Azərbaycan uşaq ədəbiyyatı antologiyası»na daxil edilmişdir. Bundan başqa, müxtəlif müntəxabat və şeir toplularında Sidqinin cəmi bir neçə qəzəli oxuculara çatdırılmışdır. 1967-ci ildə isə görkəmli pedaqoqun «Seçilmiş pedaqoji əsərləri» nəşr olunmuşdur. «Məktəb hekayətləri» (1996) kitabında (toplayanı, tərtib edəni və müqəddimənin müəllifi I. Həbibbəyli) böyük ədibin uşaq hekayələri və elmi-ədəbi irsindən nümunələr toplanılmışdır.

«Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı»nda (tərtib edəni X. Məmmədov, A.Həsənov) M.T.Sidqinin maarifçi-pedaqoji və elmi-ədəbi irsindən bəzi nümunələr verilmişdir (2002).

Bütün bunlar nə qədər faydalı olsa da, M.T.Sidqinin əsərlərinin ancaq müəyyən qismini əhatə edir. Müxtəlif arxivlərdə, xüsusən, Azərbaycan Elmlər Akademiyası Əlyazmaları İnstitutunun fondunda maarifçi ədibin yüzlərlə şeiri, məqaləsi və məktubları mühafizə olunmaqdadır. Oxuculara təqdim olunan bu kitab həmin qiymətli əlyazmaları xəzinəsindən toplanmış əsərlərin və məktubların əsas bir hissəsindən ibarətdir. Qarşınızdakı kitab M.T.Sidqinin elmi-ədəbi və pedaqoji əsərlərinin ilk toplusudur, birinci külliyatıdır. Burada toplanan əsərləri onun klassik üslubda və maarifçi ruhda yazdığı şeir və hekayələri, elmi-pedaqoji irsi barədə əhatəli təsəvvür yaratmağa imkan yaradır. Ümid edirik ki, görkəmli maarif xadimi, böyük mütəfəkkir, maarifçi, ədib Məhəmməd Tağı Sidqinin haqqında müstəqillik işığında sanballı elmi əsərlər meydana çıxacaq, onun gələcək külliyyatları yeni axtarışların sayəsində daha da zənginləşdiriləcəkdir.

İsa Həbibbəyli
Naxçıvan Dövlət Universitetinin rektoru,
AMEA-nın həqiqi üzvü

MAARİFÇİ BƏDİİ ƏSƏRLƏRİ

ELMİN ŞƏRAFƏTİ

 
Ey xırdaca huşyar qızlar,
Ey elmə bəxtiyar qızlar.
 
 
Bu indiki vəqt bir zamandır,
Elm əsridi, elm fərzi-candır,
Bielm olanın işi yamandır,
Var elmdə, hər nə var, qızlar.
 
 
«Quran» dilinizdə əzbər olsun,
Hikmət sizə zibi-zivər olsun,
Elmilə gözüz münəvvər olsun,
Zülmətdən olun kənar, qızlar.
 
 
Elmüz ola əqllən mütabiq,
Əqlüz ola şər ilən münafiq,
İnsanlığa hər nə olsa layiq,
Sizdən olur aşkar, qızlar.
 
 
Sidq ilə səfa edəndə pişə,
Qəlbiz olu saf, misli-şişə,
Gül qönçəsi tək edin həmişə,
Məsturəlığı şüar, qızlar.
 
 
Dünyadə sədaqətü səfanı,
Mehr ilə məhəbbətü vəfanı,
Namusla iffətü həyanı,
Siz eyləyin ixtiyar, qızlar.
 
 
Hər qız ki, ülümə etsə rəğbət,
Axırda yəqin tapar səadət,
Yox elmdən özgə bir şərafət,
Elm ilədir iftixar, qızlar.
 
 
Vacibdi şəriət əhli olmaq,
Can tək həsəd içrə gizli qalmaq,
Rübənd tutub, niqab salmaq,
Məndən sizə yadigar, qızlar.
 
 
Təhsili ülumə eylə rəğbət,
Qeyrət dəmidir, zamani-qeyrət,
Düşməz ələ bir də böylə fürsət,
Gəlməz belə ruzgar, qızlar.
 

MƏHƏMMƏDƏLİYƏ NƏSİHƏT

 
Gözümün nuru ey Məhəmmədəli!
Kömək olsun sənə Əliyən vəli!
 
 
Ey mənim sərvi-bağ, bustanım,
Ey mənim bülbüli-gülüstanım.
 
 
Sən mənim cismim içrə canımsan,
Sən mənim tifli-xoşbəyanımsan.
 
 
Nə qədər ki, əlində var fürsət,
Dərsinə eylə hər zaman diqqət.
 
 
Yetişibdir zamani-elmü ədəb,
Mənzilin eylə guşeyi-məktəb.
 
 
Dəmbədəm məktəb ilə ol dəmsaz,
Qış həm yaz həm oxu, həm yaz.
 
 
Dərsini yaz, oxu, eylə əzbər,
Sənə verərəm qələm, kağız, dəftər.
 
 
Dinü dünyanı elm edər abad,
Özünü eylə cəhldən azad.
 
 
Ruzigarın keçirtmə qəflətlə,
Elm təhsil eylə diqqətlə.
 
 
Ömrünü məsrəf eylə bir neçə il,
Taki təhsil edəsən bir neçə dil.
 
 
Urusu, farsı, türkü, həm ərəbi,
Onları bilmək artırır ədəbi.
 
 
Sən də öyrən ki, əhli-hal olasan,
Bəlkə filcümlə ba hamal olasan.
 
 
Olasan niknam, azadə,
Həm bu dünyada, həm o dünyada
 

OĞLAN

 
Gəl verək əl-ələ, yoldaş oğlan,
Cəm olaq bir yerə, qardaş oğlan.
Bir çıxaq cəhldən biz kənara,
Elm təhsil edək bir baş, oğlan.
Yet ilahi, bizim dadımıza,
Əcr əta eylə ustadımıza.
Fikr edək biz gərək sübhlə şam,
Elm, sənət üçün edək iqdam.
Ta ola qəlbimiz bircə aram,
Biz də rahat olaq ey kaş, oğlan.
Yet ilahi, bizim dadımıza,
Əcr əta eylə ustadımıza.
Ey Xuda, bax bu bal-pərə sən,
Ömr əta eylə baislərə sən.
Gülüstan içrə gülün dərəsən,
Ta olaq millətə yaddaş, oğlan.
Yet ilahi, bizim dərdimizə,
Əcr əta eylə ustadımıza.
 

MƏKTƏBDƏ

 
Əcəb xoşbəxt olur hər kəs
Tutub məba bu məktəbdə.
 
 
Cəhalətdən çıxar hər kim,
Edə sükna bu məktəb.
 
 
Məadi-elmi, maaşi-elmi,
Tapıbdır rövnəqi-tazə.
Bəhəmdülla olur hasil,
İki dünya bu məktəbdə.
 
 
Odur ki, qədrsiz zərrə,
Dönər mehri-dirəxşanə.
Ki, guya qətreyi-naqis,
Olur dərya bu məktəbdə.
 
 
Cəhalət adamı eylər,
Yəqin heyvandan bədtər.
Gər insaniyyət axtarsan,
Olur peyda bu məktəbdə.
 
 
İki aləmdə insanı,
Dirildən elmdir billah.
Nə qədər mürdədil olasan,
Olur ehya bu məktəbdə.
 
 
Maarif kəsb edən kimsə,
Gərək bu məktəbə gəlsin.
Bir az vaxta kamalata,
Olur dara bu məktəbdə.
 

DƏRSƏ DİQQƏT

 
Ey uşaqlar, edək biz də qeyrət,
Taki, təhsil edək adəmiyyət.
Bəlkə, bizdən gedə bu cəhalət,
Çəkməyək xalqdan bari-minnət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
 
 
Elm təhsil edən oldu rahət,
Elmsizlər çəkər çox məşəqqət.
Hər o kəs elmdən tapsa qismət,
Çəkməz axırda hərgiz nidamət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
 
 
Çox tərəqqi tapıb cümlə millət,
Biz də təhsil edək istirahət.
Ciddü cəhd eyləsin əhli-qeyrət,
Bəlkə gəlsin ələ elmü sənət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
 
 
Söyləyin cümlə yarü rəfiqə,
Vaxtımız etsin bir dəqiqə.
Bir dəqiqə bizə filhəqiqə,
Artırır hədsiz qədrü qiymət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
 
 
Cümlə aləm edib elmə rəğbət,
Tapdılar hər biri şən-şövkət.
Bu nə insanfdır, nə mürüvvət?
Qonşulardan çəkək biz xəcalət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
 

YÜZ İL YATANDAN SONRA

 
Söylə, Bayram əmi, sən bizə qandır,
Bizim fikrimizi açıb, oyandır.
 
 
Yüz il yatdım, durdum, baxdım dünyaya,
Nəzər saldım dağa-daşa, dəryaya.
 
 
Mən yatanda dağlar dəlinmişdi,
Yerdə dəmir yollar salınmışdı.
 
 
Su üzündə insan ixtiyarı ilə,
Görünməzdi hərgiz bu qərar ilə.
 
 
Hər kəsə desəydin, deyərdi olmaz,
Havada quş kimi insan uçanmaz.
 
 
Bir bu işə baxdım, bir az öz işimə,
Heyrət barmağımı tutdum dişimə.
 
 
Baxdım su altından çəkilib tellər,
Teldə danışılır cürbəcür dillər.
 
 
Dağları-daşları dəlib keçiblər,
Həm suyun altından yollar açıblar.
 
 
Dağ kimi gəmilər suda oynayır,
Qızıl-gümüş dağdan-daşdan qaynayır.
 
 
Yer üzündə insan gəzirdi sadə,
Quş kimi uçurlar indi havada.
 
 
Mənim ömrüm alıb doxsan yaşını,
Siz çalışın, tapın əsrin işini.
 

ŞİKAYƏTNAMƏ

 
İlahi, bu nə eşq, bu nə möhnətdir?
Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.
 
 
Gəhi şadəm, gəhi qəmgin, gəhi məsrur, gəh məhzun,
Özüm də qalmışam heyran ki, yarəb, bu nə halətdir?
 
 
Qiyamət xalq üçün bir dəfə məhşərdə olur bərpa,
Bu dünyada məni-biçarəyə hər gün qiyamətdir.
 
 
Məkanım künci-vİranə, məqamım guşeyi-vəhdət,
Ənisü munisim dərdü qəmü cövr, əziyyətdir.
 
 
Səni tarı, səba, cananıma bu halı ərz eylə,
Söylə, axır yetişdim cana, bəsdi, bu nə zillətdir?
 
 
Qərarü taqətim getdi, tükəndi səbrü aramım,
Məgər rəhm etməsən zalım, nə insafü mürüvvətdir?
 
 
Nə qədər var idi tabım, dözərdim dərdi-hicranə,
Dəxi tab-təvanım qalmayıb, hingami-rihlətdir.
 
 
Cəfa çəkdim, rəhi-eşqində, keçdim hər nə varımdan,
Səni bildim vəfa kanı, lakin səhv qəvlətdir.
 
 
Cəfa çəkdikcə səndən zərrəcə inciməzəm hərgiz,
Şikayət eyləsəm hər qədər bəxtimdən, şikayətdir.
 

SƏNSƏN PƏNAHIM

 
Ey padşahım, ey qibləgahım,
Sənsən pənahım, pənahım, pənahım.
Ey dadxahım, ümidgahım,
Sənsən pənahım, pənahım, pənahım.
 
 
Eylər həmişə könlüm təmənna,
Olsun vücudun salamət-salamət.
Çıxmaz yadımdan hər sübhgahım,
Sənsən pənahım, pənahım, pənahım.
 
 
Bəxti-büləndin tapsın tərəqqi,
Olsun cəlalın ziyadə-ziyadə.
Qoyma ucalsın əflakə ahım,
Sənsən pənahım, pənahım, pənahım.
 
 
Bu əhli-elmi sən yer üçündə,
Artıq tutarsan nəzərdə-nəzərdə.
Yoxdur bu sözdə heç iştibahım,
Sənsən pənahım, pənahım, pənahım,
 
 
Mal-mənalın, cah-calalın,
Hərgiz unutmam duadan-duadan.
Xəllaqi-aləm olsun gübahım,
Sənsən pənahım, pənahım.
 

DOSTLARDAN BİRİNƏ MƏDƏNİYYƏTİN YAYILMASI HAQQINDA YAZILMIŞ ŞEİR

 
Gəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,
Odur kim, nəqli-daniş payimal olmuş alaxlar tək.
Otur təmkin ilə beyti-təməddündə cəvahir sat,
Nədir bu şerbazlıq ey əzizim, damşalaqlar tək.
Məcali-şerguluq qalmayıb biçarə millətdə,
Qalıbdır vacib işlər, bir-bir üstündə qalaqlar tək.
Əsiri-cəhl olub, ənbayi-millət, dadrəs yoxdur,
Deyirsən, kim keçib Alman nüfuzuna ulaqlar tək.
Sənaətdən, ticarətdən, əcəb bibəhrə olduq biz,
Nə zordur, nə əqlü fəhmu mədrək tağ dilaxlar tək.
Olub ənbayi-millət fəhləvü həmmalü, həm muzdur,
Bazarda, çarsuda dil-dil dolanırlar yalaxlar tək.
Açanda ruznamə söyləyirlər «beynimi qazma»,
Qəzet guya qazuxdur, qışqırırlar qazaxlılar tək.
Səni Sidqi bulur, bir politik diplomati-sabit,
Lətafətdən dəxi hər səmtə sən axma bulaqlar tək.
 

«TƏRCÜMAN» QƏZETİNİN ONUNCU İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏBRİK

 
Könül qafil deyil bu nemətin şükrü sənasından,
Dilim sakin deyil bu mətləbin xeyrü duasından.
 
 
Gecə-gündüz səvadi – «Tərcüman» mənzuri-didəmdir,
Savadi-çəşm nur almış acından, həm qarasından.
 
 
Cəridə bir kitabi-mərifətdir əhli-irfanə,
Xüsusən «Tərcüman» məşhur olubdur ibtidasından.
 
 
Yetişdim arzuma, «Tərcüman» on yaşa yetdi,
Açıldı qönçeyi-qəlbim onun nəşvü nümasından.
 
 
Nə müddətdir açıbdır səfheyi-afaqa övraqın,
Münəwər oldu çox yerlər onun nuri ziyasından.
 
 
Edibdir mülki-Qafqazı münəvvər ruzi-rövşən tək,
Olubdur rəf zülmat cəhalət incilasından.
 
 
Nə qədri mübtəla başlar, nə qədri yuxulu gözlər,
Oyandı xabi-qəflətdən onun siyətü sədasından.
 
 
Cənabı-naşirə çox müddət ömr istərəm həqdən,
Cənabi-həqq onu hifz eyləsin hər bir bəlasından.
 
 
Təmənnasına daim nayil olsun, Kamyab olsun,
Xəyalı cilvələnsin, xeyir görsün müddəasından.
 
 
Qələm alsın ələ, meydana qoysun cümlə əfkarın,
Səfalənsin könüllər könlünün zövqü səfasından.
 
 
Ümumun nəfinə bu babda bir babi-elm açmış,
Hamı kəsbi-kamal eylər dəvamından, bağasından.
 
 
Həmiyyətdən qəza xəyyati əndamına don biçmiş,
Vəfa rəsmin edər təlim xalqa öz vəfasından.
 
 
Ola hər kimsədə məğbulü naməğbul bir halət,
Görər əksin onun ayineyi-surətnümasından.
 
 
Gərən insan olan aləmdə insaniyyət axtarsın,
Vəli hər kimsəyə baxsan, deyər öz macərasından
 
 
Dilü can ilə Sidqi «Tərcüman»a baxdı bir müddət,
Behəmdulla, qurtardı aləmin çunü çərasından.
 

MÜSƏVVİR PAŞANIN ZİFAF GECƏSiNƏ MADDEYİ-TARİX

 
Nə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,
Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.
Dərsi-sürur açılıb, məclisi-məsərrətdir,
Busati-toy döşənib, məhfili-məhəbbətdir.
Əcəb-əcəb, bu nə xoşvəqt türfə halətdir.
 
 
Dolub ürəklərə əndazəsiz nişat, sürur,
Süruri-işrətlə didələr olub pürnur,
Gəlibdi mətləb ələ, cabəca olub mənzur,
Həzar şükr ki, yox zərrə qədri nəqsü qüsur.
Təbarəkulla, əcəb məclisi-bəşaşətdir.
 
 
Gözüm bu məclisdə bir diqqətlə eylə nəzər,
Nəfəs-nəfəs deyəsən bəs, əsə nəsimi-səhər.
Məşami-canə yetər ətri-müşk, həm ənvər,
Gül üzlü tazə cavanlar misali-şir-şəkər,
Yetibdi bir-birə, hingami-üns, ülfətdir.
 
 
Əgər bu məclisə baxsa fələk də, şəmsü qəmər
Görər bu məclis onun asimanına bənzər,
Bənzər nöqlü şəkər misli-əncümü əxtər,
Sitarə tək düzülüb gün kimi yanar şəmlər.
Şəhabü bərği çirağandan ibarətdir.
 
 
Bu yer göyə, yeri var, eyləsə təfaxür əgər,
Məgər o müştəri və zöhrəsinə fəxr eylər.
Batdıbdı şəms, giribdir səhabə qürsi-qəmər,
Bu yerdə, bu gecə bir ay və gün vüsalə yetər.
Odur ki, ay və günün gizlədib xəcalətdir.
 
 
Gətir bu bəzmi-nişatə piyalə, ey saqi,
Piyalə dağı məni etdi lalə, ey saqi,
Məgər salıbdı səni özgə halə, ey saqi?
Xümardan ayılıb laməhalə, ey saqi,
Əlim tut bir ayaq ilə, … bu nə qəflətdir?
 
 
Ayağa dur ki, bizim eyş amadə,
Olubdu bəzmi-mey amadə, vergilən badə,
Nə badə rəngi salır ləli-dilbəri yadə,
Bu toy mübarək olur növ ərus damadə.
Təğafül etmə, götür badə, vəqti-fürsətdir.
 
 
Büllür sağərə doldur şərabi-gülrəngi,
Götürmə xatirə Cəmşidi, ya ki Nüşəngi.
Alanda mütrib əlinə neyü dəf, çəngi,
Müğənni başlasın ahəng-özü ilə səhəngi.
Ki hər tərənnümi ərbabi-zövqə qüvvətdir.
 
 
Müğənniya, sən tarı, götür ələ tarı,
Çala o tarla övsafi-zülfi-dildarı.
Nə zülf tərənnümünün eyni könül xırıdarı,
Hər aşiqi ki, olubdur onun giriftarı,
Özünü qeyddən azad edib səlamətdir.
 
 
Cənabi-şahbazla bu evin ola abad,
Müsəvvirin də səninlə həmişə olsun şad.
Bu misrən nə münasib deyibdi bir ustad,
«Xoş əst u pesər ra pədər konəd damad».
Həqiqətən, bu özü bir böyük səadətdir.
 
 
İlahi, bu toyu elə mübarəkü məsud,
Behəqqi-şahi-təbarək Məhəmmədü Mahmud,
Bu dudmanə fərəc babına aç, ey məbud,
Cənabi-Şahbaz ağanı Cəmşid et, xoşnud,
Vücudu əhli-vəfa içrə çox qənimətdir.
 
 
Həzar şükr könül dərdü qəmdən oldu rəha,
Götürdü müjdə vəsli bəriyə badi-səba.
Bu izdivac ilahi, görüm mübarək ola,
Bu toyda Sidqi bu tarixi elədi inşa.
(Edə zəfafi-müsəwər məqami-behcətdir).
Əbcəd hesabı ilə müəyyən olunan tarix:
 
Edə-20 Məqam -181
Zəfaf 168 Behcətdir 612
Müsəvvər 336 1319

KƏBLƏ NƏSİR

(mənzum hekayət)
 
Ey uşaqlar, tutun yerinizdə məqam,
Oturun bircə sakitü aram.
 
 
Götürün bir qələm, açın dəftər,
Mən deyim, siz yazın, edin əzbər.
 
 
Nəql edim bircə müxtəsər qissə,
Tapasız siz o qissədən hissə.
 
 
Var idi İsfahanda bir dəllak,
Zirəkü cistü çabükü calak.
 
 
Özünün ismi-paki kəblə Nəsir,
Atasının adı idi usta Əmir.
 
 
Var idi bir də bir qara ulağı,
O ulağın uzun idi qulağı.
 
 
Quyruğu qısa, qıçları nazik,
Noxtası para-para, unbuzu dik.
 
 
Burnumun üstü yara, burnu cırıq,
Palanı köhnə, qoşqunu yırtıq.
 
 
Var idi bir də bir arıq keçisi,
Nə mələrdi, nə də çıxardı səsi.
 
 
Buynuzu əyri, həm ayağı topal,
Tükləri bir qarış, uzun saqqal.
 
 
Başı-boynu qotur, beli yara,
Gözləri sarı, dişləri qara.
 
 
Bir günü xoş havada Kəlbə Nəsir,
Eylədi öz yanında bir tədbir.
 
 
İstədi bir səyahətə getsin,
Qəlbini qüssədən xilas etsin.
 
 
Həm dolansın çəmənlərin içini,
Həm otarsın ulağı, həm keçini.
 
 
Eşşəyi mindi, bir yavaş sürdü,
Yeridi eşşəyi, keçi durdu.
 
 
Keçini istədi qabağa sala,
Eşşək ilə özü dalıda qala.
 
 
Gördü gəlmir keçi, dalıda qalır,
Gəh gedir, gəh durur, gəhi yıxılır.
 
 
Keçinin boynuna asıb bir zəng,
Eşşəyin quyruğuna bağladı təng.
 
 
Zəngdən gəlsə gər qulağına səs,
Keçini bəs oğurlamaz heç kəs.
 
 
Eşşəyi mindi xürrəmü xəndan,
Nazla bağa səmt oldu rəvan.
 
 
Bir qədər getdi bu səyaq ilə,
Bu cəlal ilə, təmtəraq ilə.
 
 
Nagəhan çıxdı üç nəfər əyyar,
Bir-birilə bu nov qoydu qərar:
 
 
Əvvəlimci oğurlasın keçini,
İkimcisi piyada qoysun onu
 
 
Üçümüncü dedi: Bular asan,
Mən libasın alıb, edim üryan.
 
 
Əhdü peymanı etdilər möhkəm,
Əvvəlimci qabağa qoydu qədəm.
 
 
Yeriyib ta yavaş-yavaş səngin,
Keçinin boynunun açıb zəngin.
 
 
Əlbəəl zəngi ol səadətmənd,
Eşşəyin quyruğuna eylədi bənd.
 
 
Keçini qurd kimi alıb getdi,
Göz önündən uzaqlaşıb itdi.
 
 
O tərəfdən çıxıb ikimci hərif,
Bir baxıb güldü, söylədi: A zərif.
 
 
Eşşəyi etmisən cəfəng nə üçün?
Boynu boş, quyruğunda zəng nə üçün?
 
 
Dalına döndü, baxdı Kəlbə Nəsir,
Haləti tapdı ol zaman təğyir.
 
 
Əl-ayaq titrəyib, qaçıb rəngi,
Keçi gördü gedib, qalıb zəngi,
 
 
Sinəsin çak edib, açıb başın,
Gəldi fəryada, tökdü göz yaşın.
 
 
Dedi: Ey qıçları topallı keçim!
Məməsi ballı, burnu xallı keçim!
 
 
Nə olur, bircə də görüm üzünü,
Yapışıb buynuzun, öpüm gözünü.
 
 
O hərif söylədi ki, ey dəllak!
Eyləmə öz-özün bu qədər həlak.
 
 
Kişisən, var əgər sənin hünərin,
Keçinin mən verirəm sənə xəbərin.
 
 
Mən gəlirdim bu küçədən əlan,
Aparırdı keçini bir oğlan.
 
 
Eşşəyi burada gözlərəm, sən get,
Keçini al gətir, muradına yet.
 
 
Eşidib bu sözü o biçarə,
Tapşırıb eşşəyi o dindarə.
 
 
Çaparaq yollanıb, ayaq götürdü,
Keçinin rəddini tutub getdi.
 
 
Eşşəyi mindi getdi ol əyyar,
Tutdu yoldaşının yanında qərar.
 
 
Gethaget, getdi, gəzdi Kəlbə Nəsir,
Neyləsin binəva, ürək tələsir.
 
 
Keçidən tapmadı nişnü xəbər,
Eşşəyindən də gördü yoxdur əsər.
 
 
Ağladı, gəldi dadü fəryadə,
Hanı bir kəs, yetişsin imdadə?
 
 
Var idi ol yavuqda bircə quyu,
Həm bir az var idi dibində suyu.
 
 
Quyunun başını üçümüncü hərif,
Kəsibən durmuşdu zarü zəif.
 
 
Eyləyirdi fəğan, naləvü dad,
Az qalıb aləmi edə bərbad.
 
 
Yetişib yanına onun dəllak,
Dedi: Ey bəxti qara, sinəsi çak!
 
 
Eyləyiblər qəmə düçar məni,
Hansı dərdü bəla tutubdu səni?
 
 
Eşşəyim, həm keçim gedib əldən,
Sən nə üçün düşmüsən belə dildən?
 
 
Mən gərək nalə eyləyim hər dəm,
Sənə ki, üz çevirməyibdir qəm.
 
 
Dedi: Billah, mənim qəmim çoxdur,
Ahü zarım da səndən artıqdır.
 
 
Bircə sandıq içi zərü zivər,
Ləlü yağut, həm dürrü gövhər.
 
 
Aparırdım xəzineyi-şahə,
Mən yıxıldım, o düşdü bu çahə.
 
 
Etgilən sən bu barədə qeyrət,
Çəkilginən bir neçə nəfəs zəhmət.
 
 
Çıxarıb, eylə şadman məni,
Özümə eyləyim şərik səni.
 
 
Bir nəfəs fikrə getdi Kəlbə Nəsir,
Gördü vardır bu işdə xeyri-kəsir.
 
 
Keçinin, eşşəyin pulu durulur,
Birə beş də hələ ziyadə qalır.
 
 
Soyunub paltarını sürətlə,
Tapşırıb ol hərifə rəğbətlə.
 
 
Quyuya damıb, suya batdı,
Götürüb paltarın hərif getdi.
 
 
Sandığı axtarırdı diqqətlə,
Şadü-xürrəm, kamali-behcətlə.
 
 
Cüstəcu qıldı, gəzdi bir saat,
Çox əziyyət çəkib, görüb zəhmət.
 
 
Gəlmədi bəski heç şey əlinə,
Yorulub, əllərin vurub belinə.
 
 
Başını qaldırıb, düzəltdi belin,
Quyunun başına uzatdı əlin.
 
 
Çünki qalmışdı binəva tənha,
O hərifi bu növ qıldı səda:
 
 
Quyunu lap dolanmışam başa-baş,
Burda sandıqça yoxdur, a qardaş!
 
 
Nə qədər burda dursam artıqdır,
Səsinə gördü səs verən yoxdur.
 
 
Bildi əyyar işləyib işini,
Qırxıb, islatmamış onun başını.
 
 
Quyudan çıxdı urü həm üryan,
Dolanırdı mətəlü heyran.
 
 
Görüb hər kimsəni edirdi fərar,
Heç bir yerdə tutmayırdı qərar.
 
 
Atılırdı, düşürdü, ləhləyirdi,
Yeriyirdi, gəhi iməhləyirdi.
 
 
Birisi söylədi ki, ey bədbəxt!
Bu nə təşvişdir, tutub səni səxt?
 
 
Kim salıbdır bu iztiraba səni?
Gəl xəbərdar qıl bu halə məni.
 
 
Dedi Dəllak, möhnətim çoxdur,
Nə deyim, çünki söz yeri yoxdur.
 
 
İttifaq etdi üç nəfər əyyar,
Məni bu növ etdilər naçar.
 
 
Keçimi əvəlimcisi aldı,
Mərkəbimdən ikimcisi saldı.
 
 
Üçümcüsü salıb siyəh çalə,
Edirəm indi dəmbədəm nalə.
 
 
Çünki məcmu libasımı götürdü,
Quyudan mən çıxınca o getdi.
 
 
Qalmışam indi belə sərgərdan,
Edirəm ahü naləvü əfqan.
 
 
İndi qorxum budur o üç əyyar,
Özümü də gəlib oğurlayalar.
 
* * *
 
Ey uşaqlar, bu qissə oldu tamam,
İndi mənasına edin iqdam.
 
 
Nə üçün qaldı o kişi naçar?
Kimdir aya görək o üç əyyar?
 
 
Nədir eşşək, nədir keçi, nədi çah?
İndi mən eyləyim sizi agah.
 
 
keçini oxşadıblar imana,
Həm ulağ ömürdür bu insana.
 
 
Paltarın mənasi nədir, aya?
Dövlətü mülkü maldır guya.
 
 
O üç əyyar nə əlamətdir?
Əvvəlimci onun cəhalətdir.
 
 
İkimcisi gərdişi-dövran,
Üçümcüsü dərdi-bidərman.
 
 
Ki ölümdür, zamani-rihlətdir,
Quyu da qəbirdən ibarətdir.
 
 
Pəs gərək elm eyləyək təhsil,
Dinü imanımız ola təkmil.
 
 
Taki millətdə olsun istiqlal,
Etməsin cəhl bizləri pamal.
 
 
Olmasın ömrümüz cahanda tələf,
Elm təhsilinə edək məsrəf.
 
 
Elm təhsil edib, olaq rahət,
Dinü imanə yetməsin afət.
 
 
Gərdişi-ruzigar keçməkdən,
Salı bir gün səni də eşşəkdən.
 
 
Qurtarıb, ömrünü edər zaye,
İndi sən olma bu işə qane.
 
 
Keçəcəkdir tamam yaxşı-yaman,
Bir gözəl ad qalır cahanda nişan.
 
 
Ömr bihudə getməmiş bada,
Biz də bir ad qoyaq bu dünyada
 
 
Yoxsa bir gün ölüm gəlir qapıya,
Çıxarıb paltarın, salırlar suya.
 
 
Cismini qəbirdə edillər nihan,
Bədənin xak ilə olur yeksan.
 
 
Yığılır dost və aşina yekca,
Sənə guya tutulla bəzmi-əza.
 
 
Bir qədər yağ alırlar, bir çox ət,
Düyüsündə edirlər çox diqqət.
 
 
Pulunu verməmiş qəbir qazanın,
Gərək əvvəl asaq plov qazanın.
 
 
Süpürürlər hamı həyət-bacanı,
Çağırırlar cavan və həm qocanı.
 
 
Cəm olurlar plovu yeyənlər ta,
İstəməz, gəlməsin fəğir-füqəra.
 
 
Döşəyib fərşlə otaqları,
Yandırıb şamları, çıraqları.
 
 
Gəlhagəl, gethaget, gətirhagətir,
Gəl sən Allah buyur, oturhaotur.
 
 
Düzülür yaxşı nemət əlvan,
İçilir çayü qəhvəvü qəlyan.
 
 
Olunur orada türfə söhbətlər,
Sevimli, gülməli zarafatlar.
 
 
Ona heç kəs deməz ki, bəzmi-əza,
Oğluna toy tutubdular guya.
 
 
Başa getdi yemək, yeyildi xörək,
Çay, plov qurtarıb, kəsildi çörək.
 
 
Yedik, içdik, dəxi nə var oturaq,
Qarnımız çatladı, duraq dağılaq.
 
 
Elə ki çıxdılar hamı eşiyə,
Bir-birinə gərək bu növ deyə:
 
 
Biri söylər ki, yaxşı məclis idi,
Heyf, bircə plovları pis idi.
 
 
Biri söylər ki, aşpazı yox imiş,
Kişinin, yoxsa xərci çox-çox imiş.
 
 
Biri söylər: – Qulay düyü bişməz,
Neyləsin, yoxsa binəva aşpaz?
 
 
Aşpazın yoxdu zərrə təqsiri,
Düyü nacins imiş, qalıbdı diri.
 
 
Biri söylər: Demə dəm almışdı,
Həlimi lap içində qalmışdı.
 
 
Biri söylər; yemədim zərrə,
Vurmadım heç əlimi bilmərrə.
 
 
Biri söylər ki, qaldım ac bu gecə,
Bizə düşmüşdü bir dayaz nimçə.
 
 
Nimçə üstündə var idi bir tük,
Həm içindən də çıxdı honqa sümük.
 
 
Biri söylər: Qovurması yox idi,
Biri söylər: Bir az duzu çox idi.
 
 
Əlqərəz, cümlə yarü yoldaşın,
Bəlkə məcmu qohum və qardaşın.
 
 
Hər bir növlə edər irad,
Səni heç kimsə eyləməz dilşad.
 
 
Sənə canı yanan bəradərlər,
Hər kəs öz əmrinin dalınca gedər.
 
 
Yada salmaz səni öz övladın,
İsmü rəsmin itər, batar adın.
 
 
Nə səni bır də kimsə yada salır,
Nə əlamət, nə bir nişanə qalır.
 
 
Çünki yoxdur zəmanədə əsərin,
Nə adın zikr olur, nə bir hünərin.
 
 
Bu çətin işləri gəl asan et,
Özünə sağlığında ehsan et.
 
 
İndi ki, var əlində bu fürsət,
Dəxi, əlbəttə, eyləmə qəflət.
 
 
Cəhd qıl, qoy zamanədə bir ad,
Eyləsinlər səni bu adla yad.
 
 
Millətin haqqını əda eylə,
Məscidü mədrəsə bina eylə.
 
 
Aç bu əbnayi-millətə məktəb,
Orda təhsil olunsun elmü ədəb.
 
 
Zikri-xeyr ilə, bəlkə, yad olasan,
Dinü dünyada qəlbi şad olasan.
 
 
Olasan niknamü azadə,
Həm bu dünyada, həm o dünyadə.
 
Qeyd: «Kəblə Nəsir» mənzum hekayəti Məmmədəli Sidqi Səfərov tərəfindən 1912-ci ildə Bakıda «Elektrik» mətbəəsində kitab halında çap olunmuşdur.

HEKAYƏTLƏR

Bir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhirkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.

***

Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deyirdi:

– Ey Allah, bağışla! Əgər bazxəstə layiqəm, qiyamətdə məni kor durğuz, ta yaxşı üzünə xəcalət olmayım .

***

Bir dərviş lazımi iş qabağına gəldi. Bir kilim bir dostunun evindən oğurladı. Hakim buyurdu ki, onun əlini kəsələr. Kilim sahibi iltimas elədi ki, mən onu halal elədim.

Hakim dedi:

– Sənin iltimasına görə şəriətin həddini aşağı qoymaram .

Dedi:

– Düz buyurdun. Amma bir kəs ki, vəqf maldan bir zad oğurlaya, onun əlini kəsmək lazım gəlməz. Bu səbəbə ki, fəqir bir şeyə sahib olmaz və dərvişlərə aid hər şeyə sahib olunmaz

Hakim əl ondan götürdü və dedi:

… Dünyaya gəlmişdi ki, məgər oğurluq eləyə belə dostun evindən?

Dedi:

– Ey padşah, eşitməyibsiniz ki, deyiblər: Dostların evini süpür, düşmənlərin qapısını döymə!

***

Padşahlardan birisi bir pərhizkarı gördü və dedi:

– Heç bizlərdən sənin yadına gəlir?

Dedi:

– Bəli, hər o vaxt ki, Allahı yaddan çıxardıram.

***

Saleh adamlardan birisi bir padşahı yuxuda behiştdə gördü və bir pərhizkarı cəhənnəmdə gördü. Soruşdu ki, onun dərəcələrinin səbəbi nədir? Və bunun dərkələrinin səbəbi nə ki, biz bunun xilafını güman eyləyirdik.

Dedilər:

– O padşah dərvişlərə məhəbbət eləməklik səbəbinə behiştdə oldu və bu pərhizkar isə padşahlara yaxın düşmən səbəbinə cəhənnəmdə.

Nə yamaqlı paltar vecinə gələr və nə düyünlü təsbih,

Özünü pis əlillərdən uzqa et.

Ehtiyac börkü böyük qoymaqla deyildir,

Dərvişsifət olgilən, ta tari bərk şaxlar.

***

Bir başıaçıq, ayaqyalın piyada Məkkə karvanı ilə Kufədən işinə gəldi və bizim yoldaşımız oldu. Sevinə-sevinə habelə gedirdi və deyirdi:

– Nə bir dəvəyə suvar olmuşam, nə eşşək kimi yük altındayam. Nə rəiyyət sahibiyəm, nə padşaha qulam. Nazirin qəmi yoxumdu. Bir nəfəs vuraram, asudə bir ömür başa apararam.

***

Bir şəxs gecəni bir naxoşun başı üstə ağladı. Elə ki, gündüz oldu, o öldü. Naxoş dirildi.

***

Yunan yerində bir karvanı vurdular və hədsiz nemət apardılar. Sövdəgərlər ağlamaqlıq və sızlamaqlıq eylədilər. Allahı və peyğəmbəri şəfi gətirdilər, fayda vermədi.

Loğman həkim o aralıqda idi. Karvan əhlindən birisi dedi:

– Bir neçə kəlmə hikmətdən və moizədən bunlara degilən, ola ki, bir cüzv bizim maldan əl götürələr ki. Heyf olar ki, bu qədər nemət tələf ola.

Loğman dedi:

– Hikmət kəlməsini bunlara demək heyf olar.

Bir dəmiri ki, mur yedi, ondan sürtməklik ilə pası aparmaqlıq olmaz. Könlü qara adama nə mənfəət və moizə deməklik? Getməz heç dəmir daşa. Salamat ruzgarda könlü sınıqları tap ki, fəqirin könlünü dağlamaqlıq bəla qaytarar. Elə ki, dilənçi səndən sızıldamaqlıq ilə bir zad istədi ver və əgər verməyəsən, zülm eləyən zor ilə alar.

QƏZƏLLƏR

 
Könül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdin?
Nə həsrətin daxi var, yari-gülüzarə yetişdin?
 
 
Hərimi-vəsldə şəmi-camali-yarə ənis olan,
Sükut qıl, dəxi pərvanə var, narə yetişdin.
 
 
Nə lərzədir dəxi səndə, nə iztirabə düşübsən?
Nə piçü tab, bu zülfi-tabdarə yetişdin?
 
 
Kəməndi-ah ilə səhrayi-qəmdə çox gəzdin,
Bu dami-eşqi qurub, bır gözəl şikarə yetişdin.
 
 
Diyari-hicrdə bir müflisü gəda olalı,
Şəriri-vəsldə bu izzi-etibarə yetişdin.
 
 
Məgər bu vəsldə əyyami-hicri yada salırsan?
Nə karədir qəmi-hicran ki, sən nigarə yetişdin.
 
 
Tilsimbənd olub, qala bəndi-eşq müsəxxər,
Bu şəhərdə nə qəmin var ki, şəhriyarə yetişdin.
 
 
Əgərçi ahla çəkdiyin qəmi-zimistanı,
Xüdayə şükr elə kim, mövsümi-bahara yetişdin.
 
 
Sədaqət ilə içib Sidqi tək cəfa zəhrin,
Bu şüşə içrə meyi-saf, xoşgüvarə yetişdin.
 
***
 
Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış,
Müddəti-hicrin sənin bihəddü bipayanmış.
 
 
Yox gümanım tazədən bu müiki-dilabad ola,
Əvvəlindən bu xarab olmuş könül vİranmış.
 
 
İndi bildim, yox məzəmmət binəva Məcnun üçün,
Bəs deyərdim biəbəs səhrada sərgəranmış.
 
 
Sidqiyəm, sidq ilə nuş etdim vəfa peymanəsin,
Bimürüvvət dilbərim biəhdü bu peymanmış.
 
***
 
Tutiya eyləmişəm çeşmimə xaki-dərini,
Gözüm insaf eləsin, tökməsin əşki-tərını.
 
 
Mən nə bədbəxt idim, axtardı münəccim neçə ay,
Bürci-əğrəbdə tapıb taleimin əxtərini.
 
 
Çeşmı-məstan, səfı-müjkan, iki əbruyi-kaman,
Bu alar can, o tökər qan, bu çəkər xəncərini.
 
 
Sındırıb dilbəri-məhparə könül şişəsini,
Qorxuram nazikdi, paralaya əllərini.
 
 
Deməyin, Sidqi neyçün yazmadı keyfiyyəti-hal,
Neyləsin, göz yaşı yazdıqca yuyar dəftərini.
 
***
 
Bir bəzm ola ki, bir mən olam, bir də yar ola,
Gülzar ola, çəmən ola, fəsli-bahar ola.
 
 
Hərgiz o bəzmə olmaya biganənin yolu,
Əğyarlar, rəğiblər ondan kənar ola.
 
 
Saqi o bəzmdə döşəyə mey büsatını,
Mən məst olanda yar içə, məndən xümar ola.
 
 
Bir yanda cami-mey ola, bir yanda həm kabab,
Bir əldə stəkan ola, bir əldə tar ola.
 
 
Gəh qollarım həmayil ola yar boynuna,
Gahı üzüm üzündə, gözüm əşxbar ola.
 
 
Gahi əlin mən əlimə alam, gah zülfünü,
Gahi düşəm ayağına, cismim qubar ola.
 
 
Gahi çəkəm kənarıma, ləli-ləbin öpəm,
Biganələr kənara gedib, şərmsar ola.
 
 
Çoxlar yazıbdı şeri-dilaviz, inanmaram,
Sidqi kimi zəmanədə mətləbi-nigar ola.
 
***
 
Bülbül əgər şikayət edər cövri-xardən,
Yoxdur davamı, təngə gəlib ah-zardən.
 
 
Aşıq gərək həmişə çəkə yar cövrünü,
Hərgiz şikayət etmə əğyarə yardən.
 
 
Eşq aləmində bülbülü gül sərgəştəsən,
Pərvanə yana-yana sual etdi nardən.
 
 
Pərvanəyə cavab verib şam sözlə,
Bülbül sözün soruşma, meyi-biqərardən.
 
 
Nə güldə vardı vəfa, nə bülbüldə bir səfa,
Aşiqləri salıblar bunlar etibardən.
 
 
Bülbüldə, güldə zahir olan eşq hüsnündən,
Qılmaz əsər, əgər keçə beş gün bahardən.
 
 
Aşiq odur həmişə gərək ahü-zar edə,
Gər olsa naləsi, gələ künci-məzardən.
 
 
Məşuqə yanmasa özü, yandırmaz aşiqi,
Hüsn olmayanda eşq düşər iqtidardən.
 
 
Ey yar, sən də gül kimi gəl olma bivəfa,
Bu bülbülü xilas eylə bu nəngüardən.
 
 
Yandır o şəmi-ruyinə bu cismi-zarımı,
Pərvanə tək qurtar məni bu intizardən.
 
 
Bax şəmə ibrət ilə, eşit gül məzəmmətin,
Məhşər günündə xovf eylə Pərvərdigardən.
 
 
Al Sidqini kənarına, qəmdən xilas eylə,
Qoyma qəriblər kimi baxsın kənardən.
 
***
 
Əvvəl məni əcəb özünə həmdəm eylədin.
Axır salıb bəlaya, ənisi-qəm eylədin.
 
 
Sayə kimi dalınca süründüm mən aləmi,
Çaldın daşa, fələkzədeyi-aləm eylədin.
 
 
Gəh göstərib cəfa, gəhi tutdun rəhm-vəfa,
Nə döndün əhddən, nə də ki, möhkəm eylədin.
 
 
Tökdün qəmi qəm üstə, əlac eylərəm, dedin,
Nə öldürüb, nə qəlbimi bir xürrəm eylədin.
 
 
Çəkdin gözüm önündən o nur camalını,
Tökdün yerə gözüm yaşını, şəbnəm eylədin.
 
 
Zülfün kimi bu qəlbimə çox üğdələr vurub,
Eyşim büsatını necə gör bərhəm eylədin?
 
 
Etdim nə qədər Kəbeyi-kuyun təvafını,
Nə məhrəm eylədin, nə də naməhrəm eylədin.
 
***
 
Gizlin salıb xəyalə səni, gizlin ağlaram,
Artar, xəyalıma səni saldıqca həsrətim.
 
 
Bir də əlim yetişə damənin tutam,
Bu ruzigardan sənə çoxdur şikayətim.
 
 
Gər bir də qismət olsa camalın ziyarəti,
Onda müyəssər olur istirahətim.
 
 
Müddətlər ilə salmayasan yadə gər məni,
Səndən yəqin ölüncə kəsilməz məhəbbətim.
 
 
Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin,
Bir yan vilayət ayrılığı, dərdi-qürbətim.
 
 
Asudəlik gecə-gündüz haram olub mənə,
Olsun qəsəm o zülfə, pərişandı halətim.
 
***
 
Cana, bu sözlərin məni çox gətirdi riqqətə,
Amma necə davam eyləyim dərdi-firqətə?
 
 
Bu dərdə bilmirəm bizi kim etdi mübtəla?
Matü müəttələm, mən özüm bu məhəbbətə.
 
 
Qurtar məni, xilas eylə Allah rzasına,
Didarımız qalacaqdır məgər qiyamətə?
 
 
Qəm güşəsində nalə çəkim mən nə vaxtadək?
Min canım olsa, tab eyləməz bu müsibətə.
 
 
Allah görüm xarab eyləsin bu vilayəti,
Lənət gələ bu ruzigarə, bu növ vilayətə!
 
 
Çarəm kəsildi, eyləmədin sən də bir əlac,
İndi kimə gedim mən əlindən şikayətə?
 
 
Dərdi-dilimi kağıza yazmaq mahaldır,
Billah, kitabətlə yetişməz nihayətə.
 
 
Bir rəmz, bir işarə kifayətdir arifə,
Lazım deyil şərh verim bu hekayətə.
 
 
Könül bir bülbüli-şeydadı, gül eşqində nalandır,
Gözüm əbri-bəla tək qamətin hicrində giryandır.
 
 
Könül ol lalə tək rüxsarına baxdıqca dönər al qana,
Əgər qan oldu, qanın tök, məgər bir qana min qandır.
 
 
Görüb xalın, qaçıb Fərhadvəş, lalə çıxıb dağa,
Mənim tək dağı dağ üstə qoyub, qəlbində pünhandır.
 
 
Pərişan zülfə rəhm et, bəsdi, vurma ey pəri şanə,
Pərilər şanəsindən binəva könlüm pərişandır.
 
 
Üzün «Vəş-şəms», qaşın «Vəl-qəmər vəl-leyl»dir zülfün,
Camalın qüdrəti-xəllaqə bir təfsiri-Qurandır.
 
 
Gözün bəski baxıb, ceyran gözümdən göz götürməzdi,
Gözümdə gözlərin əksi qalıb, baxsan nümayandır.
 
 
Özün canan, sözün can, gözlərin bir canalan cəllad,
Bu can qurban o cana, can deil, bir cövhəri-candır.
 
 
Xəta müşkü nədən bəxti-siyahım tək olub qara?
Dedi: Ol danəyi-duxxanın xətayi-zülfi-canandır.
 
***
 
Cana, mürüvvət eylə, günüm çox yaman keçir,
Karım həmişə naləvü ahü fəğan keçir.
 
 
Gül mövsümündə qonçəsifət qan olub könül,
Fəsli-bahar içində baharım xəzan keçir.
 
 
Onda təsəvvür eylə mənim hali-zarımı,
Görsəm rəğiblər sənlə, mehriban keçir.
 
 
Yoxdur məgər mürüvvətin ey yari-bivəfa?
Mən ağlaram, rəğiblərim şadman keçir.
 
 
Biganələr o qədər sənə aşina olub,
Könlümdən arzuyi-vüsalın nihan keçir.
 
 
Əğyar tənəsin nəyə təşbih eyləyim?
Bənzər o bir bəlaya, gəlib nagəhan keçir.
 
 
Eşq atəşində cismim olub çubi-tər kimi,
Yandıqca könlüm, əşki-rəvanım rəvan keçir.
 
 
Bir vaxt idi mənə çox mehriban idin,
Ol günlərim xəyalə gəlib, hər zaman keçir.
 
 
Gəl, bir müyəssər olsa içək vəsl camalını,
Fövt etməyək bu fürsəti, ömri-cavan keçir,
 
 
Bir busə vədə eylədin iftar vaxtına,
Gəl əhdinə vəfa eylə, axır azan keçir.
 
 
Sidqi həmişə bəzm vüsalında lalə tək,
Əğyar əlində badə görüb, bağrı qan keçir.
 
***
 
Xoşa o gün ki, mənim qəm günümdə yarım idin,
Ənis-munis, qəmxar-qəmgüsarım idin.
 
 
Gözümdə nur, könüldə sərvər, cismdə can,
Qərar, tabü təvan, səbr, ixtiyarım idin.
 
 
Kəməndi-ahımla damı-eşqə salmışdım,
Qəribə seyd eyləmişdim, əcəb şikarım idin.
 
 
Təaxürüm var idi tacİrani-eşq içrə,
Mətai-hüsnlə aləmdə bir etibarım idin.
 
 
Adın dilimdə, üzüm xaki-asitanında,
Sərir nazda, bir şahi-tacidarım idin.
 
 
Nə bais oldu vüsalə mübəddəl oldu firaq?
Xoşa o gün ki, mənim eyşi-ruzigarım idin.
 
 
Nədəndi lalə sifət bağrıma çəkibsən dağ?
Üzari-al ilə bir türfə laləzarım idin.
 
 
Ümidim özgəyə yox, ey səba, səni tarı!
Söylə o yarə ki, axır ümidvarım idin.
 
 
Deyir fəğanla gülzari-hicrdə Sidqi,
Xoşa o gün ki, mənim yari-gülüzarım idin.
 
***
 
Xoşa sənilə həmavaz olduğum günlər,
Həmişə həmdəmü həmraz olduğum günlər.
 
 
Düşəndə yada könül suzla güdazə düşər,
Nəvayi-sazla dəmsaz olduğum günlər.
 
 
Başımda şuri-sər, zülf bəzm vəslində,
Hasari-qəleyi-şahnaz olduğum günlər.
 
 
Rəğiblər səri-kuyində xaksarımdı,
Sənin yanında sərəfraz olduğum günlər.
 
 
Edib təfəül, oxurdum qəzəl hüzurunda,
Lisani-Hafizi-Şiraz olduğum günlər.
 
 
Olurdu navəki-peykanına hədəf sinəm,
Qəbili-çəşmi-çəpəndaz olduğum günlər, .
 
 
Qolumu boynuna hər dəm həmayil eylərdim,
Şikari-busəyə şəhbaz olduğum günlər.
 
 
Sürudi-şerlə şairliyi şüar eylədim,
Qəmində qafiyəpərdaz olduğum günlər.
 
 
Həmişə tutmuşdun Sidqinin sözün mənzur,
O gülüzarə nəzərbaz olduğum günlər.
 
***
 
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,
Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
 
 
Yapışdım tari-zülfündən, dedim bəs rişəyi-candır,
Ümid ilə ona dil bağladım, dami-bəla gördüm.
 
 
Dözüb hər bir bəlaya, dönmədim, hərgiz məhəbbətdən,
Məhəbbət aləmin seyr eyləyib, möhnətsəra gördüm.
 
 
Əcəb sözdür deyib hər kim, məhəbbət bir bəla şeydir,
Məhəbbət əhlini dərdi-bəlayə mübtəla gördüm.
 
 
Əbəs sözdür, desə hər kəs gözəllər bivəfa olmaz
Ki, mən hər qədr gəzdim, hər nə gördüm bivəfa gördüm.
 
 
Məhəbbət aləminə hər kəsi ki, aşina gördüm,
Həmişə qəmlərə həmdəm, bəlayə mübtəla gördüm.
 
 
Əzəl gündən qəm-dərdə nə çox mayilsən ey Sidqi,
Səni hər yerdə gördüm, əhli-dərdə aşina gördüm.
 
* * *
 
Salıbdı möhnəti-hicrin bir özgə halə məni,
Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
 
 
Məgər yoxundu xəbər, çəkmişəm nələr sənsiz,
Fələk salıbdı qəmü möhnətü məlalə məni.
 
 
Vüsal günləri bir mahi-ənvərim sən idin,
Gör indi ayrılığın döndərib hilalə məni.
 
 
Gözüm yaşı ilə üzümdən axır ciyər qanı,
Ürəkdə dağını gizlətdi, gördü lalə məni.
 
 
Sənin xəyalınla mən ki, bağrı qan oldum, T
Tərəhhüm eylə, gətir sən də bir xəyala məni.
 
 
Könül sərvəri, məh ənvərim, gözüm nuru,
Təğafül etmə, yetir bir o məh cəmalə məni.
 
 
Kəsildi tabü-təvanım, tükəndi aramım,
Qərar-səbrim alıb, verdi qəmi-zəvalə məni.
 
 
Nə sən firaqə dözərdim, nə mən bu hicranə,
Gəl indi vəslə yetiş, ya yetir vüsalə məni.
 
 
Yetiş harayıma, qəmdən məni xilas eylə.
Yəqin ki, öldürər axır bu ahü-nalə məni.
 
***
 
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,
Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
 
 
Ayaqdan saldı bu rənci-xümar, əldən qərar aldı,
Əlim tut bir ayaq ilə, aman, səd ələman, saqi.
 
 
Xərabə könlümü bir badəyi-nab ilə abad et,
İçə piri-zəif ondan, olur billah cavan, saqi.
 
 
Tərəhhüm qıl bu gün, mey ver, məni qəmdən xilas eylə,
Diyari-eşqdə üşşaqə sənsən mehriban, saqi.
 
 
Hər iki nəşədə, hər nəşədən məqsudumuz meydir,
Bizə bu mətləbi kəşf eyləyib piri-muğan, saqi.
 
 
Alıbdır qönçeyi-qəmmazm qərar-ixtiyar əldən,
Kəsibdir işvəvü nazın, əcəb tabü-təvan, saqi.
 
 
Gəhi işvə, gəhi şivə, gəhi nazü, gəhi qəmzə,
İmani-ixtiyarım getdi əldən, bir iman, saqi.
 
 
Telin vermə səbayə, şanə vurma, bəsdir, insaf et,
Xəmi-zülfündə dili-mürği qılıbdır aşiyan, saqi.
 
 
Ətayın can alır hər dəm, xətayın can əta eylər,
Dəhanın dürfəşandır, söhbətin arami-can, saqi.
 
 
Cavabın nüzhətəfzadır, camalın məhfilaradır,
Dişin dürri-müsəffadır, sözün arami-can, saqi.
 
 
Çəkilmiş guşeyi-bağə bu gün hər arifi-aşiq
Fərəh əfza olub, bəh-bəh, fəzayi-gülüstan, saqi.
 
 
Gülüstan bəzmi-xəlvətdir, zamani-eyşi-işrətdir,
Çəməndə yar, yar ilə olubdur həmzəban, saqi.
 
 
Qonubdur sərv şax üstə, təranə başlayıb qümri,
Olubdur bülbüli-şeyda əcayib nəğməxan, saqi.
 
 
Açıb göz nərgisi-şəhla, edər nəzzarə gülşən,
Səba dəydikcə bağ içrə, açar qönçə dəhan, saqi.
 
 
Görüb yaquti-rəmmal tək şərabi-nabı cam içrə,
Həsəddən laləyi-həmra olubdur bağri qan, saqi.
 
 
Bu gün könlüm kimi sünbül pərişan eyləyib zülfün,
Verər gisuyi-yari-nazəninimdən nişan, saqi.
 
 
Oxur bülbül, açıb gül, …xürrəm, qönçələr xəndan,
Olubdur səhni-gülşən əşki-gülzari-cinan, saqi.
 
 
Nəvayi-bülbül, qümri, sədayi-mürği-xoşəlhan,
Edib zaği-siahı bağdan damənkəşan, saqi.
 
 
Xarabat əhlinə daim münacat əhli tən eylər,
Olubdur zahidi-bədkiş bizdən bədgüman, saqi.
 
 
Gəlib meyxanəyə öz xirqəsin rəhni-şərab etməz,
Nə fikr ilə həmişə məscidi eyləyib məkan, saqi?
 
 
Ümidin, bağlayıb mövlasına bu Sidqiyi-nalan,
Yetişsin dadə məhşərdə Əmirəlmöminin, saqi.
 
***
 
Əcəb həngaməyi-işrət, əcəb bəzmi-dilaradır,
Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır.
 
 
Məlal olmaz, qəm olmaz, qüssə olmaz belə məclisdə,
Əcəb bəzmi-fərəhxizü fərəhbəxşü fərəhzadır.
 
 
Olubdur ağıllar heyran, könüllər xürrəmü xəndan,
Baxarsan hər tərəf, hər yan büsati-eyş bərpadır.
 
 
Düzülmüş nəğməxanlar, tarzən, dəfzən nizamla,
Biri məsti-ruxi-saqi, biri sərməsti-səhbadır.
 
 
Gələnlər mat olur, məbhut olur, eylər təəccüblər,
Baxan heran qalır əzbəski hər bir yan tamaşadır.
 
 
Baxarsan əhli-məclis hər biri bir növ olmuş,
Biri valeh, biri heyran, biri şuridə, şeydadır.
 
 
Cavanlar, mahrular, sərv qəd, şimşad qamətlər,
Birisi çeşmi-şəhladır, biri zülfü mütərradır.
 
 
Dilim aciz qalıb vəsf etməyə, təbimdə qüvvət yox,
Nə tərif eyləyim, bu barədə tərif bicadır.
 
 
Kamali-bəhcət ilə mən də bu bəzmə qədəm qoydum,
Soruşdum bir nəfərdən, bu nə şurişdir, nə qovqadır?
 
 
Cavabında dedi: Ey bixəbər, yatmış, nə qafilsən,
Bu bir bəzmi-mübarəkbad, bir təfrihi-üzmadır.
 
 
Cənabi-sahib, sərkar, balacah Bəhram xan,
Səadət bürcünə məhvil edər, məclis mühəyyadır.
 
 
Qoyubdur taci-gövhər başa, göhər tac vəslində,
Əgər vazeh dedim, amma yenə bir az müəmmadır.
 
 
Yetib məqsudə kamran xan, olub mətləb bəravürdə,
İlahi, sən mübarək qıl bu sevdanı, yaxşı sevdadır.
 
 
Eşitdim bu sözü, həmd eylədim, qəmdən xilas oldum,
Nə gördüm ki, gönüldə haləti-behcət hüveydadır.
 
 
Dedim bu toyda bir tarix lazımdır edəm inşa,
Vəli vairliyim yoxdur, adım hərçənd molladır.
 
 
Bir az fikr eylədim, qəlbimə bir mətləb xütur etdi,
Fərəhləndim yazım, gördüm ki, nitqim yaxşı guyadır.
 
***
 
Pərişan eyləyib əhvalımı, bir gözləri yağı,
Fərağında olub qəmxanə könlüm yağı oynağı.
 
 
Ayağım bağlıdır bidi-bəlayə, əldə çarəm yox,
Urublar boynuma zənciri-zülfümdən boyunbağı.
 
 
Əgər Fərhad, ömründə qoyub, bir dağı-dağ üstə,
Könüldə qoymuşam mən lalə tək dağ üstə min dağı.
 
 
O qədri qara günlər görmüşəm bəxti-siyahdan,
Mənə şamü-səhər birdir, qaradan seçmirəm ağı.
 
 
Oldum qəmu ənduh ilə bazarı eşq içrə,
İlahi, təngə gəldim, al əlimdən belə ortağı.
 
 
Nə gülzarə həvəsnakəm, nə bağə getməyə meylim,
Nə könlüm Şüşə meylində, nə dil istər Qarabağı.
 
 
Əgər mən tutiyəm, barı mənə təkiif edin şəkkər,
Gül istər bülbüli şeydanı gülşəndə, nə kim zağı.
 
***
 
Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı,
Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı.
 
 
Ümidim gülüstanda açıldı, qonçeyi bəxtim.
Vəfadan gül mənə qaldı, cəfayi-yar qurtardı.
 
 
Əcəb bad murad etdi xəzanım novbahar oldu,
Güli-məqsud açıldı, söhbəti-gülzar qurtardı.
 
 
Qələmdandan düşüb, asudə olduq nar yazmaqdan,
Yıxıldı dəmi-divandan əşar qurtardı.
 
 
Sağaldı yarələr qəlbimdə çox yar ilə, yar oldum,
Eyləyən axırı bu oldu, təneyi-əğyar qurtardı.
 
 
Ləbi-ləlin açıb, yarım gəlib, bir dəfə güftarə,
Kəsildi cümlə söhbətlər, hamı güftar qurtardı.
 
 
Əcəb sözdür, dillər rəncsiz kim olmaz aləmdə,
Odur ki, can qoyub, axırda bu Cabbar qurtardı.
 
***
 
Yarəb, nə türfə güldü bu İsa çiçəkləri,
Məryəm şükufə, canı məsiha çiçəkləri.
 
 
Məhparələr üzarına tərsayələr salıb,
Tərsayə döndərib məni, tərsa çiçəkləri.
 
 
Sənan kimi salıblar zinnarı boynuma,
İmanımı alıbdır, nisa çiçəkləri.
 
 
Bülbül kimi gətir dilə, fəryadə könlümü,
Bağı-məhəbbətin güli-rəna çiçəkləri.
 
 
Ki, verə səmti gahi ki kəlisayə çəkdilər,
Məhv etdilər məni, bu kəlisa çiçəkləri.
 
 
Ey dil, bahar vəxtidi, çıx bir səyahətə,
Bir sən də gör o arizi-ziba çiçəkləri.
 
 
Get, əsr vaxtı seyr qıl ətraf bağda,
Bir dəstə tut ol zülfi-çəlipa çiçəkləri.
 
***
 
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,
Tökər göz yaşını gülzardan avarə düşdükcə.
 
 
Həsəddən dəmbədəm bənzər gül üzrə sünbüli-meşkin,
O zülfi müşkibarın arizi -gülnarə düşdükcə.
 
 
Qara bəxtim kimi avarə-sərgərdan gəzər hər yan,
Həvayi-zülfi-tarin nafeyi-tatarə düşdükcə.
 
 
Gülüstan içrə qönçə pərdə-pərdə tutdu al-qanə,
Sirişki-laləgünun qətrə-qətrə xarə düşdükcə.
 
 
Lətafətdən üzündə tazə mişkin xal olur peyda,
Gözüm mərdümlərin əksi o məhi-rüxsarə düşdükcə.
 
 
Gözüm yaşı axar hər suyə su tək ey gözüm nuru,
Nihali sərvi qəddin sayəsi əğyarə düşdükcə.
 
 
Dönər nəqşi divarə Züleyxa tək necə Yusif,
Sari-bazarda əksi ruxin divarə düqdükcə.
 
 
Mənayi-eşqdə aşiqlərin qəlbin kəbab etdim,
Dili-sədparədən hər dilbərə bir parə düşdükcə.
 
 
Yəğinimdir olur Sidqi kimi axırda divanə,
Bəla zəncirinə hər aşiqi-biçarə düşdükcə.
 
***
 
Çoxlar şikayət eyləyir ol zülfi-tardan,
Bir tarı haqqı çəkərəm əl mən o tardan.
 
 
Çin-çin durubdu müşki-Xəta tək üzündə zülf,
Ya əhli-bənd Misrə gəlib Zəngibardan.
 
 
Ol zülfi müşkbarə toxundu səba yeli,
Müşki-Xətanı saldı əcəb etibardan.
 
 
Zülfün xəmində damə düşüb binəva könül,
Aç bu əsiri, silsileyi-tabdardan.
 
 
Saqi, gətir o badeyi-gül rəngi məclisə,
Yoxdur məgər sənin xəbərin növbahardan?
 
 
Billah rəva deyil, qala bu bəzm badəsiz,
Yoxsa ayılmayıb belə saqi xumardan.
 
 
Daği-dilim sənə o zaman aşikar olur,
Düşsə səhər güzarın əgər laləzardan.
 
 
Ursan nə qədər yarə güvəradır aşiqə,
Ey kaş həmişə yarə dəyər yarə yardan.
 
 
Gülzarə getmərəm, həvəsim yoxdu gülşənə,
Əl çəkmərəm, sənin kimi bir gülzardan.
 
 
Getməz kənarə, tərk etməz gül məhəbbətin,
Bülbül nə qədər incisə gülşəndə xardən.
 
 
Bəxtin qara olubdu sənin zülfi-tar tək,
Sidqi, şikayət eyləmə bu ruzigardan.
 
***
 
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsən?
Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
 
 
Mənim qəmxaneyi-könlüm məkanındır sənin, canan,
Sən indi öz məkanın belə vİran olsa, istərsən?
 
 
Qərarım getdi əldən, rəhmə gəl ey Yusifi-sani,
Mənə bu dar dünya belə zindan olsa, istərsən?
 
 
Nə vaxtadək gəzim nalan, sərgərdan fəraqında,
Gözüm sənsiz baxsa bir yanə, heyran olsa, istərsən?
 
 
Gülüstan görmədim, gül dərmədim bağ-visalında,
Mənim avara könlüm qönçə tək qan olsa, istərsən?
 
 
Rəhi-eşqində keçdim xanimanu-aşiyanımdan,
Məqamım indi Məcnun tək biyaban olsa, istərsən?
 
 
Bəla çəkdim, cəfa gördüm yolunda, dinu-dil verdim,
Rəhi-eşqində Sidqi indi qurban olsa, istərsən?
 
***
 
Hicrində, ey bağı, tökünüb tabu-taqətim,
Gündən-günə ziyadə olub, dərdi-möhnətim.
 
 
Gizlin salıb xəyalə, sənsiz gizlin ağlaram,
Artar xəyalıma səni saldıqca həsrətim.
 
 
Bir qoymadı zəmanə doyunca görüm səni,
Qəlbimdə qaldı, ey bacı, qəmli hekayətim.
 
 
Bir də əgər əlim yetişsə, daməni tutam,
Bu ruzigardan sənə çoxdur şikayətim.
 
 
Gər bir də qismət olsa, cəmalın ziyarəti,
Onda mənim müyəssər olur, istirahətim.
 
 
Müddətlər ilə salasan yada ki məni,
Səndən yəqin ölüncə kəsilməz məhəbbətim.
 
 
Gər söyləsən, neyçün mənə bir namə yazmadın,
Səndən bu barədə, bağı, çoxdur xəcalətim.
 
 
Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin,
Bir yan vilayət ayrılığı, dərdi-qürbətim.
 
 
Asudəlik mənə gecə-gündüz həram olub,
Olsun qəsəm, o zülfə pərişandı halətim.
 
 
Yoxsa məhəbbətim sənə artıbdır günbəgün,
Sidqi kimi nəhayətə yetməz məhəbbətim.
 
***
 
Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə,
Ləbi-ləlin fərağında dönüb al qanə -al qanə.
 
 
Çəkildin guşeyi-gülzarə, seyri bağə əzm etdin,
Məni biçarəni saldın qəmi-hicranə-hicranə.
 
 
Əzizim, sən Züleyxa tək yatırsan təxti-izzətdə,
Demirsən Yusifin düşdü yenə zindanə-zindanə.
 
 
Fəraqın atəşi yandırdı vallahi-pərü balım,
Cəmalın şəminə bir olmadın pərvanə-pərvanə.
 
 
Məgər insafdır, ya hansı məzhəbdə rəvadır bu,
Düşüb zəncirə axırda olub divanə-divanə?
 
 
Mən çəkdim, qəmi hicranə qəlbimdə yer verdim,
Rəva görmə ola könlüm evi vİranə-vİranə.
 
 
Qəm etmə, rahat ola, seyr eylə sən ətraf gülzarı,
Yanım hicrində qoy mən atəşi- suzanə-suzanə.
 
 
Gül üstündə düşən şəbnəmlərə seyrü tamaşa qıl,
Gözüm yaşı axıb dönsün mənim ümmanə-ümmanə.
 
 
Nigarım, cannisarım, çox cəfalar çəkmişəm bəsdir,
Məni biçarəyə bir lütf qıl, şahanə-şahanə.
 
 
Təriqü eşqdə çoxlar keçibdür malü-canından,
Sidqitək heç kəs can verməyib canana-canana.
 
***
 
Dirildim bəzmi-gülzari nigarımdan alaxlar tək,
Saraldım cuyi bari-əşki çeşmimdən şalaxlar tək.
 
 
Xədəng qəmzəsi dəlmiş dili-zarı-miyanından,
Dolandıqca olur piçidə zülfü tağalaxlar tək,
 
 
Salıb cahi-zənəxdanına guya qanlıdır könlüm,
Ayağına vurub zənciri zülfün qandalaxlar tək.
 
 
Həvayi-vəslinə bir sadə tiflin pir ikən düşdüm,
Qəm hicri töküldü üstümə qalax-qalaxlar tək.
 
 
Ləbi-ləl içər əğyarla cami meyi-gülgun,
Bu möhnətdə dönər qana, könül hərdəm, dalaxlar tək.
 
 
Rəqibim tişeyi-zülmü ilə dərgahında ol yarın,
Atıldı təxteyi-cismi zəifim qamqalaxlar tək.
 
 
Üzülsə can qoyub, əğyar dəsturül-əməl…
Ayaq basmaz təbibin başın üstə yanalaxlar tək.
 

PEDAQOJİ ƏSƏRLƏRİ

NÜMUNƏYİ ƏXLAQ

Məktəbi-ibtidaiyyə şagirdlərinə məxsusdur
İFADƏYİ-MƏRAM

Üsuli-cədid üzrə açılan məktəblərimizdə kütübitədrisəyyəyə nəhayət dərəcədə ehtiyacımız olduğu üçün 1894-cü ildə Naxçıvan şəhərində güşad olunan «Məktəbi-Tərbiyə»nin şagirdlərinin birinci sinfinin ikinci şöbəsinə bir il müddətində həftədə iki dəfə imla təriqilə yazdırdığım əxlaqa dair dərsləri yığıb bir risalə şəklində cəm etdim və bu risalənin mündəriəcatı əbnayi-millətin, xüsusən tərbiyə və təhsilə alışan balaların nəhzibi-əxlaq və tənviri-əfkarına müavinət edəcək ümudilə «Nümuneyi-əxlaq» namı ilə mövsüm qıldım.

Müəllim qardaşlarımıza səhulətbəxş olmaq üçün əbnayi-Vətənə əxlaqi-həsənə təlim etdirməyə və həm imla yazdırmaq məqsədilə təbinə mübaşirət olundu.

Əbnayi-millətə bir xidməti-acizanə göstərmək sədədində olduğum halda intişari-maarifə himmət və qeyrət sərf edən zəvati-giramdan bu cəsarətin zimnində üzrxahlıq edirəm.

Məhəmmədtağı Sidqi
BİSMİLLAHİ-RƏHMAN UR-RƏHİM!
(Mərhəmətli Allahın adı ilə!)
Birinci imla

Xüdavəndi-təbarək və taalaya çox şükürlər olsun ki, mən təbimizin tətilindən sonra səhhət və salamatlıq ilə məktəbə cəm olub, hamı yoldaşlarımız ilə şövq və həvəslə dərsə şuru eylədik. İnşaallah taala gələcək illərimiz də belə sağlıq və salamatlıq ilə təhsilə davam edərik.

Həqiqətdə uşaqlıq aləmi nə gözəl bir aləmdir. Kiçiklik əyyamı nə əcəb günlərdir ki, zəhmətsiz və əziyyətsiz elm kəsb etməyə məşğuluq. Elm qazanmaq həvəsilə məktəbi sevən şagirdlər və elmin qədr və qiymətini bilən balaca uşaqlar bu böyük nemətin müqabilində gündə min dəfə Allah taalaya şükür və səna etsə, yenə azdır.

Xüdavəndi-aləm bizi və bizim ata və anamızı və müəllimlərimizi dünya və axirətdə xoşbəxt və səadətmənd eyləsin! Məktəbin rəislərinə və məktəbimizin tərəqqisinə və rövnəqinə himmət göstərənlərə, elm və mərifətin rəvacına çalışıb, səy edənlərə xoş vaxtlar və tükənməyən ömürlər əta və mərhəmət eyləsin! Behəqqi-Məhəmməd və aləhu tahirin. Amin!

İkinci imla
MƏKTƏB

Məktəb nədir? Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. Çünki insanın qədr və qiyməti elm ilə bilinir. Yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə dəyəri və qiyməti o qədərdir. Pəs insanın əsl qiyməti bildiyi və öyrəndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur.

Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər. İllərcə məktəbə gedib tərbiyə və ədəb kəsb etməyən kimsənələr və məktəbdə ömür keçirib, ülum və fünundan bəhrəmənd olmayan şagirdlər rəngarəng güllər və çiçəklər ilə müzəyyən bir bağçada gəzib dolanan kora bənzərlər. Məktəb də bir cismə bənzər ki, onun ruhu müəllimdir. Məktəb müəllimlərinin ülum və fünuna dara və adabi-elm və tərbiyəyə sahib vüquf olmaları hər bir halda şərtdir. Hər halda elmin ləzzətin anlayan şagirdə məktəb bir gülüstani-behcətdir. Amma tənbəl və qeyrətsiz uşaqlara məktəb bir zindani-əziyyətdir. Mən məktəbi sevən şagirdlərdən olmalıyam. Hər gün sevgili məktəbimizin havasınca uçmalıyam.

Məktəbimizi sevmək qədərincə müəllimlərimizi də sevirəm. Çünki onlar hər gün mənə bilmədiyim şeyləri öyrədirlər. Müəllimlərimizi sevən kimi kitablarımı və dəftərlərimi də sevirəm. Çünki onlar mənim elm öyrənməyimə səbəbdir. Mən kitabımı və dəftərlərimi kirli və çırkli etməyəcəyəm. Məktəbdən və müəllimlərdən və kitabımdan daha artıq ata və anamı sevirəm. Çünki mənim zəhmətlərimi çəkib, böyüdüb, məktəbə qoyan onlardan.

* Qeyd: Bu imla əlyazmasında 39-cu imla kimi verilmişdir. Lakin müəllif «Məktəb» adlanan imlanın ikinci imla yerində verilməsini tövsiyə etmişdir. Kitabın nəşri zamanı müəllifin qeydinə əməl olunmuşdur.

Üçüncü imla
MƏKTƏBƏ DAVAM

Iki il bundan irəli mən heç bir şey bilməz idim. Ancaq mübtədilər sinifində əlifba başlayıb, hürufat öyrənməyə məşğul idim. Bir neçə ay məktəbə davam edib, diqqət ilə çalışdım. Sevgili müəllimlərimiz hər gün verdiyi dərsləri həvəslə oxuyub, yazdım və öyrəndim. Tainki bir az müddətdə əlifbanı bitirdim. Gözəl surətdə imtahan verib birinci sinifə daxil oldum. Keçən il bu vədə qiraəti-Quranla kitab oxumağa alışdım. Bəzi hekayələrdən imla təriqilə yazıb və hüsni-xətt təliminə şüru eylədim.

Əlhasil, hər bir vəzifəmi layiqincə icra edib, ikinci imtahanımızdan sonra ikinci şöbəyə keçdim. indi oxuyub-yazdıqca qəlbim nurani olub, məlumatım artır.

Dördüncü imla
TƏFƏKKÜR VƏ MÜLAHİZƏ

Hər dəm kiçik və körpə uşaqlara baxıb yəqin edirəm ki, bir vaxt var imiş mənim də onlar kimi nə dişlərim çıxmışdı və nə sürünüb yeriyə bilirdim. Nə də süddən savay bir şey yeməyə iqtidarım var idi. Sonra ata və anamın zəhməti və tərbiyəsi sayəsində yavaş-yavaş böyüyüb, gəzib dolanmağa və xörək yeməyə qadir oldum. Tainki dil açıb, danışıb və söyləşdim. Məktəbə hazırlaşmaq üçün hər gün evimizdə bir neçə saat ata və anamdan gözümüzə görünən şeylərin isimlərinı və sairlərin adlarını öyrəndim. Heyvanların və bitkilərin doğulub-göyərməsindən və böyüyüb-nişvü-nüma etməsindən bir çox məlumat kəsb etdim. Neçə yaşında olduğumu da bilib məktəbə gəldim. Bir az müddət zərfində oxuyub-yazmağı təhsil etdim. Bundan sonra hər gün sevinə-sevinə məktəbə gəlib, diqqət ilə dərslərimə davam edəcəyəm. Tənbəl və qeyrətsiz uşaqlardan olmayacağam. Nafəhm və zəkavətsiz şagirdlərə bənzəməyəcəyəm.

Beşinci imla
MƏKTƏBƏ DAVAM EDƏN UŞAQ

Yaşasın məktəbə davam edən uşaqlar!

Məktəbə davam edən uşaq səhər tezdən yerindən durub məktəbə gəlmək həvəsilə uçar. Evlərində fehristi- tədrisə (dərs cədvəlinə) baxıb, o günün dərsini gözdən keçirib, hazırlar.

Ata-anası da onun bir dəqiqə vaxtının fövt olmamasını nəzərə alıb məktəbə gəlməyə tərğib eylər.

Məktəbə davam edən şagird hər gün dərs vaxtından irəli məktəbdə hazır olur. Məktəbə daxil olub, öz yerində əyləşib, dərsə hazırlaşır. Odur ki, bu qism uşaqlar əvvəlinci dərsdən əvvəl məktəb həyətində görünməz.

Heç bir gün məktəbə gəlməmək barəsində bir üzr və bəhanə gətirməz. İstər bircə dərs də olmuş olsa, yenə vaxtını itirməyib, məktəbdən qayib olmaz. Dərs əsnasında əsla eşiyə çıxmaz. Bu səbəbdəndir ki, bu günə (belə) uşaqlar gündən-günə tərəqqi tapıb, imtahan məclisində imtiyaz vərəqi alır. Məlumdur ki, hər kəs uşaqlıqda bu xasiyyətə adət tutsa, böyüklükdə də tutduğu işdən mənfəətbərdar olur.

İndi ümidvar oluram ki, kiçiklikdə məktəbə davam edib, böyüyəndə yenə hər bir vaxt, hər bir işdə müdavimətdən geri durmayacaqsınız. Tainki kamalatlı və mərifətli adamların mərtəbəsinə yetişəsiniz.

Altıncı imla
MƏKTƏBƏ GEC GƏLƏN UŞAQ

Ey mənim həvəsli şagirdlərim!

Məktəbimizdə bir neçə uşaq vardır ki, həmişə bivaxt gəlməyə adət ediblər. Xüsusən hava bulut olan vaxtlarda hər gün tövqif cəzasım alırlar. Söz yox ki, belə uşaqların məktəbə gec gəlməyi evlərinin uzaqlığı cəhətinə deyildir. Çünki çox uşaqlar vardır ki, evləri məktəbə daha uzaqdır. Bununla belə yenə hər gün dərsdən irəli məktəbdə hazır olurlar.

Pəs məlum olur ki, bu uşaqların ata və anaları vaxtın və dəqiqənin qədr və qiymətini bilməzlər. Həm də özləri şövqsiz və həvəssiz şagirdlərdəndir ki, hənuz oxuyub-yazmağın mənfəətini və elm və ədəbin ləzzətini anlamayıblar. O səbəbdəndir ki, belə uşaqlar çox vaxtlar tövqif cəzasına düçar olub, məktəbin aşağı tərəfində kitabları əllərində, ayaq üstə durub, dərsə məşğul olurlar. Sizlər də onlara həqarət nəzərilə baxdıqca yenə vaxtında məktəbdə hazır olmağa qeyrət və diqqət etməzlər.

Məlumunuz olsun ki, belə vaxt keçirən və dərs itirən şagirdlər heç bir vaxt tərəqqi etməz. Həmişə yoldaşlarından geridə qalıb, layiqincə elm təhsil etməyə çalışa bilməz.

Pəs lazımdır ki, hər gün vaxtında məktəbə gəlməli və hər günün və hər saatın dərslərini və vəzifələrini öz vaxtında cabəca etməli.

Yeddinci imla
FƏHİM YƏ ZƏKAVƏTLİ UŞAQ

Fəhim və zəkavətli şagirdlərə bir böyük dövlət sahibi və bir tükənməz xəzinə maliki demək cayizdir. Çünki belə uşaqlar öz fəhm və fərasətləri səbəbinə hər qism elm və maarifdən bəhrəyab olub, gələcəkdə xoşbəxt və səadətmənd olmaqlarına şübhə yoxdur. Necə ki məktəbimizin qabil və zirək şagirdləri öz zehn və zəkavətlərinin sayəsində hər gün müəllimdən afərin və təhsin vərəqələri alırlar.

Zəkavətli uşaq məktəbdə müəllim verdiyi dərslərə qulaq asıb, anlamadığını müəllimdən təkrarən sual eylər. Sual və cavablı dərslərdə hamıdan qabaqca barmağın tutub, hər bir suala layiqincə cavab verər. Öz dərsini oxuyub-yazıb, hifz edəndən sonra yoldaşlarının səhvlərini və dəftərlərinin xətalarını meyl və həvəslə təlim və islah eylər. İmla dərsində hərfləri, kəlmələri, nöqtələri, sətirləri və sair əlamət və işarətləri elə bir gözəl surətdə tərtib ilə yazar ki, səhv və xətası çox az tapılar. Odur ki, belə uşaqların nömrələri heç bir vaxt dörddən və beşdən əksik olmaz. Belə fəhim və zəkavətli uşaqdan müəllimlər və ata və ana nə qədər razı və xoşnud olsa gərəkdir.

İndi hər bir şagirdə lazımdır ki, həmişə səy və diqqət etsin və şövq və həvəslə çalışsın, tainki belə zəkavətli uşaqlardan məhsub ola.

Səkkizinci imla
NAFƏHİM VƏ ZƏKAVƏTSİZ UŞAQ

Ey mənim zirək və zəkavətli şagirdlərim! Keçən imla dərsimizdə fəhim və zəkavətli şagirdlərin əhvalından filcümlə tərif və bəyan olundu. Bugünkü dərsimizdə nafəhim və zəkavətsiz uşaqların halətindən zikr olunacaqdır.

Zəkafətsiz uşaq heç bir vaxt yoldaşlarına baxmaz, öz üzərinə fikir etməz və əsla imtahan günlərini xəyalına gətirməz. Birinci sinifdən ikinci sinifə və ikinci sinifdən üçüncü sinifə tərəqqi eyləmək fikrinə düşməz.

Şövqlə və həvəslə çalışıb, çabalayan uşaqların qeyrəti və diqqəti əsla ona təsir etməz və dərs əsnasında gözünü kitabdan götürüb və nəzərini müəllimdən bir özgə şeyə mütəvəcceh olub, xəyalını dağıdar. Məsələn:

Məktəbin divarında asilan xəritələrdən birisinə baxanda gözü bır quş şəklinə sataşır və öz-özünə xəyal eylər ki, bu quş nə gözəl quşdur! Bu quş görəsən harda olur? Bu quş yuvasını haralarda tikir? Divardamı? Ağacdamı? Bağdamı? Dağdamı?

Əlhasil, belə xəyalata alışıb, bir vaxt görər ki, müəllim dərsi qurtarıb, uşaqlar tənəffüsə çıxırlar. Amma dərsdən heç bir fayda hasil edə bilməyib. Söz yoxdur ki, belə bifərasət uşaqdan həmişə müəllimlər bizar və yoldaşları narazıdırlar. Ata-anası onu məktəbə göndər-məkdə labüd və naçardır.

İndi məktəbimizin ümum şagirdlərinə tapşırıb və surəti-məxsurədə tövsiyə edirəm ki, gecə-gündüz həvəslə çalışıb, səy və diqqət eləsinlər, tainki belə bifəhm və bişüur uşaqlardan olmasınlar.

Doqquzuncu imla
DİQQƏTLİ UŞAQ

Diqqət dediyimiz bir böyük mənalı kəlmədir. Hər şagird diqqət kəlməsinin mənasını necə ki, lazımdır anlamaz, Diqqət kimi böyük nemət hər bir vücudda tapılmaz. Odur ki, məktəbimizdə bir neçə diqqətli və qeyrətli uşaqlar vardır ki, hər nə qədər özləri kiçik və sinifləri az olsa da yenə hər sinifdə öz həmdərslərindən təmiz tapıb, tərəqqi etməkdədirlər.

Diqqətli uşaq hər gün səhər tezdən məktəbə gələndə kitablarına, dəftərlərinə, qələmdanına və sair təlim şeylərinə diqqət ilə baxıb, mülahizə eylər ki, məktəbdə mətəl qalmasın. Və bəlkə də lazım olan vaxtda yoldaşlarından minnət çəkib almasın. Məktəbdə hər günün və hər saatın dərsini elə hazırlayır ki, müəllim tərəfindən onu xəbərdar etməyə lazım görülməz. Dərs əsnasında əsla yerindən hərəkət eyləməz. Dərsin axırına kimi elə diqqətlə qulaq asıb məşğul olar ki, həmin dərsin sual və cavabına şüru olunanda hər bir suala cavab verməkdən aciz qalmaz.

The free sample has ended.

Age restriction:
6+
Release date on Litres:
29 October 2022
Volume:
260 p. 1 illustration
ISBN:
978-9952-8451-0-1
Copyright Holder::
JekaPrint
Download format:

Similar books