Qulliverin səyahətləri

Text
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Qulliverin səyahətləri
Font:Smaller АаLarger Aa

Birinci fəsil

Qulliverin səyahətə ilk həvəsi. Gəminin fəlakətə düçar olması. Qulliverin sağ-salamat liliputlar ölkəsinin sahillərinə yetişməsi və əsir düşməsi.

Mən İngiltərədə anadan olmuşam. On yeddi yaşıma çatanda atam məni Londonun görkəmli cərrahlarından birinin yanında şagird qoydu. Dörd il onun yanında qaldım. Sonra təhsilimi davam etdirmək üçün Leydenə getdim. Orada üç ilə yaxın tibb elmini öyrəndim. Amma uşaqlıqdan ən böyük arzum səyahətçi olmaq idi. Təbabəti öyrənməkdə isə məqsədim vardı. O, gələcəkdə uzaq səyahətlər zamanı mənə lazım olacaqdı.

Uzun müddət ayrı-ayrı gəmilərdə həkim işləyib ailəmi dolandırırdım. Ancaq son zamanlar gəlirim azalmışdı. Ona görə də mənə olunacaq ilk səmərəli təklifi qəbul edib uzaq səyahətə çıxmağı qərara aldım. Tezliklə belə bir təklif "Antilop" gəmisinin sahibindən gəldi. Bir az düşünüb Cənub dənizinə səfər etməyə razılıq verdim.

Gəmimiz 1699-cu il mayın 4-də limandan yola düşdü. Səyahətimiz yaxşı başlamışdı. Tezliklə Şərqi Hindistana istiqamət aldıq. Elə bu vaxt dəhşətli fırtına qopdu. Külək gəmini qayalara çırparaq bir neçə yerə parçaladı.

Dənizçi yoldaşlarımla qayığı suya salıb qayalara tərəf getdik. Güclü dalğa avar çəkməyə imkan vermirdi. Avarları atıb özümüzü dalğaların ixtiyarına buraxdıq. Az sonra qasırğa qayığımızı çevirdi. Səyahət yoldaşlarımın başlarına nə gəldiyini bilmirəm. Güman ki, onlar həlak oldular.

Mənsə suya düşdükdən sonra özümü küləyin ixtiyarına buraxdım. Hara gəldi üzürdüm. Bir qədər sonra fırtına xeyli sakitləşdi. Üzüb sahilə çıxdım. Ancaq deyəsən, burada yaşayış yox idi. Yorğunluqdan və istinin təsirindən məni yuxu basırdı. Yumşaq otların üstündə uzandım. Məni elə bərk yuxu apardı ki, heç ömrümdə belə yatmamışdım.

Yuxudan ayılanda hava işıqlaşmışdı. Qalxmaq istədim. Ancaq yerimdən tərpənə bilmədim. Bədənimi və uzun saçlarımı yerə bağlamışdılar. Mən yalnız səmaya baxa bilirdim. Gün qızmağa başlayırdı. Get-gedə onun işığı gözlərimi qamaşdırırdı. Mən qarmaqarışıq səslər eşidirdim. Amma arxası üstə uzandığım üçün günəşli səmadan başqa heç nə görmürdüm.

Birdən hiss etdim ki, canlı bir şey çənəmə yaxınlaşır. Çox keçmədi, qarşımda xırdaca bir adam dayandı. Onun ardınca, ən azı, qırxa qədər belə xırdaca ada- mın hərəkət etdiyini gördüm. Heyrətdən elə bərk qışqırdım ki, onlar üstümdən yerə atıldılar. Amma tezliklə qayıdıb gəldilər.

Axır ki, özümdə bir qədər güc tapıb sol qoluma sarınmış ipləri qırdım. Daha sonra kəskin hərəkətlə başımı tərpətdim. Nəticədə saçlarımı yerə bənd edən iplər bir qədər boşaldı. İndi mən başımı sağa çevirə bilirdim. Bu vəziyyətdə də xırdaca məxluqlar yenə qorxub qaçışdılar.


Bundan sonra qulaqbatırıcı səslər eşitdim. Həmin səslər kəsildikdən sonra bir nəfər bərkdən çığırdı: "Tolqo fonak!" Dərhal üstümə yüzlərcə ox yağmağa başladı. Bu oxlar məni iynə kimi sancırdı. Bizdə – Avropada bombaları havaya atdıqları kimi, indi onlar da oxlarını havaya atırdılar. Oxların bir neçəsi üzümə dəydi. Mən tələsik əlimi üzümə tutdum. Xilas olmaq üçün növbəti cəhd etdim. Belə olduqda onlar da əvvəlkindən daha çox ox yağdırmağa başladılar. Bəziləri nizələrini böyrümə soxurdular. Ancaq xoşbəxt- likdən əynimdəki gödəkçə qalın idi. Odur ki nizələr onu dəlib keçə bilmədi.

Qərara gəldim ki, axşam düşənə kimi sakit uzanmağım daha yaxşıdır. Qaranlıqda xilas olmaq mənim üçün çox da çətin olmazdı. Fikirləşirdim ki, əgər bu ölkənin bütün əhalisi belə xırda adamlardan ibarətdirsə, onların öhdəsindən gələ bilərəm.

Amma mənim görəcək günlərim varmış!

Xırdaca adamlar sakit uzandığımı görüb ox atmaqdan əl çəkdilər. Ancaq səs-küydən başa düşdüm ki, onların sayı daha da artıb. Sağdan bərk taqqıltı gəlirdi. Böyük çətinliklə başımı səs gələn tərəfə çevirdim. Bu vaxt məndən bir az aralıda bir kürsü qurulduğunu gördüm. Kürsünün üstündə yerli əhalidən üç-dörd nəfəri ancaq yerləşə bilərdi. Onlardan, deyəsən, əyan olan birisi yanınca üç nəfərdən ibarət məiyyəti ilə həmin kürsüyə çıxdı. Bu adam üzünü mənə tutub uzun bir nitq söylədi. Hərçənd mən bir söz də başa düşmədim.

Bu adama zahiri görünüşündən qırx yaş vermək olardı. Boyca yoldaşlarından xeyli uca idi. Yanındakılardan biri orta barmağımdan bir azca uzun olardı. O, əyanın uzun ətəyindən tutmuşdu. Yəqin ki, onun ətəktutan nökəri idi. Yerdə qalan iki nəfərin hərəsi onun bir tərəfində durmuşdu. Əyan əsl natiq kimi danışırdı. Onun nitqinin bəzi yerlərində hədə, bəzi yerlərində mərhəmət hiss olunurdu. Mən lap acından ölürdüm. Odur ki barmağımı ağzıma aparıb onlara yemək istədiyimi bildirdim.

Qurqo (sonralar öyrəndim ki, burada əyanları belə adlandırırlar) mənim fikrimi çox yaxşı başa düşmüşdü. O, kürsüdən endi. Böyürlərimə bir neçə nərdivan qoyulmasını əmr etdi. Yüzdən artıq yerli əllərində cürbəcür yeməklərlə dolu səbətlərlə gəldi. Sonra nərdivanlara dırmaşıb ağzıma tərəf yönəldilər.

Yeməklər cürbəcür heyvanların ətindən hazırlanmışdı. Ətlərin arasında bud əti, can əti, döş əti var idi. Bunlar zahirən qoyun ətinə bənzəyirdi. Amma ət parçaları torağay qanadlarından da kiçik idi. Mən onların ikisini-üçünü birdən yeyirdim.

Xırdaca adamlar mənə çox yaxşı qulluq edirdilər. Boyuma və iştahama təəccüblərini isə min cür işarələrlə bildirirdilər.

Mən doyduqdan sonra işarə ilə içki istədim. Qarşımdakılar zirək və qanacaqlı adamlar idi. Başa düşmüşdülər ki, məni az şeylə doydura bilməyəcəklər. Odur ki onlar iplərin köməyi ilə ən böyük çəlləklərdən birini yuxarı qaldırdılar. Sonra əlimə sarı diyirlətdilər. Qapağını vurub çıxartdılar. Çəlləkdəki çaxır yarım pintadan1 çox olmazdı. Mən onu birnəfəsə içdim. Çaxır çox dadlı idi. Onlar mənim üçün ikinci çəlləyi gətirdilər. Mən onu da əvvəlki qayda ilə içdim. Mənim bu əcaib hərəkətlərim xırdaca adamları heyran etmişdi. Onlar sevinclə sinəmin üstündə atılıb-düşürdülər. Bəlli idi ki, çox əylənirdilər.

Doğrusu, bir neçə dəfə ağlıma gəldi ki, onlardan, heç olmasa, əlimə keçən qırx-əlli nəfərini tutub yerə çırpım. Ancaq iki səbəbə görə özümü saxladım. Əvvəla, düşündüm ki, onlar mənə daha artıq pislik edə bilərlər. İkincisi, zəhmət çəkib mənə belə yaxşı qonaqlıq düzəldənlərə özümü borclu hesab edirdim.

Bu xırdaca məxluqların cürətinə baxdıqca doymaq bilmirdim. Yəqin ki, mən onların gözünə çox nəhəng bir məxluq kimi görünürdüm. Amma buna baxmayaraq onlar qorxmurdular. Cürətlə üstümə çıxır, bütün bədənimdə gəzişir, bir əlimin açıq olduğunu heç veclərinə də almırdılar.

Bir qədər sonra qarşımda bir şəxs gəlib durdu. Bu, əlahəzrət imperatorun elçisi idi. Səfir həzrətləri çoxlu əyan-əşrəf ilə birlikdə üzümə doğru yönəldi. O, imperator möhürü ilə möhürlənmiş etimadnaməsini mənə təqdim etdi və nitq söylədi. Elçi on dəqiqə danışdı, onun danışığında qəzəb əlaməti yox idi. Amma görkəmcə qətiyyətli və iradəli idi.

Birdən o, əliylə tez-tez uzaqda haranı isə göstərdi. Sonradan öyrəndim ki, o məni əsir kimi paytaxta aparmaq haqqında danışırmış.

Bu vaxt mən yenə ipləri dartıb qırmaq fikrinə düşdüm. Amma dərhal da bu fikirdən daşındım. Çünki əlimə və üzümə dəyən oxların yaratdığı suluqlar möhkəm ağrıyırdı. Həm də düşmənlərimin sayı getdikcə artırdı. Ona görə də işarələrlə başa saldım ki, mənimlə istədikləri kimi rəftar edə bilərlər. Qurqo və yanındakılar bundan xeyli şad oldular, çəkilib getdilər. Birdən keşiyimi çəkən dəstələrin sol tərəfimdəki ipləri boşaltdıqlarını hiss etdim. Rahatladım və məni yuxu apardı. Sonradan mənə dedilər ki, səkkiz saata qədər yatmışam. Bu, təəccüblü deyildi. Çünki həkimlər çəlləklərdəki şəraba yuxu dərmanı qatıbmışlar. İmperatorun əmri belə imiş.

Yəqin ki, əhvalat belə olmuşdu: haqqımda imperatora məlumat çatan kimi o məni möhkəm sarıyıb bağlamağı əmr edib. Üstəlik, tapşırıb ki, yuxudan ayıldıq- da məni yedirib-içirsinlər. Sonra isə paytaxta aparmaq üçün maşın hazırlasınlar.

Bu, çox cəsarətli və təhlükəli qərar idi. Əminəm ki, Avropa padşahlarından heç biri belə etməzdi.

İmperatorun əmri nə qədər ağıllı idisə, bir o qədər də mərhəmətliydi. Tutaq ki, bu adamlar məni yatdığım yerdə öldürmək fikrinə düşəydilər. Onların ilk hücumundaca mən ağrı hiss edib yuxudan ayılacaqdım. Elə bərk qəzəblənəcəkdim ki, bir anda ipləri dartıb qıracaq, onların üstünə cumacaqdım. Əlbəttə, onlara heç bir aman verməyəcəkdim.

Bu adamlar həm də çox yaxşı riyaziyyatçı idilər. Mexanika sahəsində böyük uğurlar qazanmışdılar. Ağır şeyləri daşımaq üçün imperatorun çarxlı maşınları var idi. Burada çox böyük hərbi gəmilər düzəldirdilər. Sonra gəmiləri bu maşınların üstünə qaldırıb dəniz sahilinə aparırdılar.

Tezliklə imperatorun əmri ilə belə maşınların ən böyüyü hazırlandı. Sən demə, sahilə çıxmağımdan heç dörd saat keçməmiş bu maşını ardımca göndəriblərmiş. Onun gəlişini xalq sevinclə qarşılayırdı.

Maşını çəkib düz yanımda, bədənimə paralel halda saxlamışdılar. İndi əsas məsələ məni qaldırıb bu maşına qoymaq idi. Bunun üçün onlar qarqaralardan istifadə etmişdilər. Onlar üç saatdan da az müddətdə məni arabaya qaldırmış və orada möhkəmcə sarımışdılar.

Bunun hamısını mənə sonra nağıl etdilər. Şəraba qatılmış yuxu dərmanı sayəsində mən dərin yatmışdım. Odur ki bunlardan heç birini hiss etməmişdim.

Məni yuxudan qəribə bir hadisə ayıltdı. Bu vaxt artıq düz dörd saat yol getmişdik.

Hadisə belə baş verir: araba yolda xarab olduğundan təmir üçün dayanır. Həmin vaxt iki-üç nəfər gənc liliput məni aydın görmək üçün üzümə yaxınlaşır. Onlardan biri nizənin ucunu burnumun sol deşiyinə soxur. Bu, saman çöpu kimi burnumu qıcıqlandırır. Mən asqırıb yuxudan oyanıram. Qoçaqlar yavaşca əkilirlər.

 

Bütün günü yolda keçirdik. Gecə dayanıb dincəldik, səhər tezdən isə yola düşdük. Günortaya yaxın şəhər qapılarına yaxınlaşdıq. İmperator saray əyanları ilə birlikdə bizim qabağımıza çıxdı. Araba bütün krallıqda ən böyük bina sayılan qədim məbədin qarşısında durdu. Məni bu məbəddə yerləşdirməyi qərara almışdılar.

Məbədin şimala açılan qapısı hündür idi. Odur ki mən buradan sürünə-sürünə asanlıqla keçə bilərdim. Saray dəmirçiləri sol ayağıma bağlamaq üçün zəncir düzəldirdilər. Onlar öz işlərini bitirdikdən sonra məni sarıdıqları ipləri kəsdilər. Mən ömrümdə duymadığım böyük bir kədərlə ayağa qalxdım. İmperator mənə yaxşı tamaşa etmək üçün məbədin qarşısındakı bürcə çıxdı. Yüz mindən çox şəhərli məni görmək üçün məbədin dövrəsinə yığışmışdı. Onlardan, ən azı, on min nəfəri nərdivanla mənim üstümə çıxmışdı. Amma tezliklə məlum oldu ki, mənim üzərimə çıxmaq qadağan edilib. Bu qadağanı pozanlara ölüm cəzası veriləcəkdi.

İkinci fəsil

Qulliverin Liliputiyada ilk günləri. Liliputlar kralının təsviri. Qulliverin təftiş edilməsi.

Etiraf etməliyəm ki, heç vaxt bu qədər maraqlı bir mənzərə görməmişdim. Ətraf başdan-başa bağ idi. Sol tərəfdə səhnə dekorasiyasına oxşayan şəhər yerləşirdi.

Mən ətrafı seyr etdiyim zaman imperator bürcdən endi. At üstündə mənə sarı gəldi. Mənə diqqətlə tamaşa etməyə başladı. O, zənciri qıracağımdan qorxurdu. Odur ki siyrilmiş qılıncını əlində hazır tutmuşdu. Qılıncın qızıldan olan dəstəsi və qını brilyant ilə bəzənmişdi. Əlahəzrətin səsi təmiz və anlaşıqlı idi. Ona görə də onun danışığını yaxşı eşidə bilirdim.

İndi mən əlahəzrətin zahiri görünüşünü təsvir etməyə çalışacağam. O öz saray adamlarından mənim dırnağım qədər hündür idi. Üz cizgiləri ciddi idi. Qaməti düz, hərəkətləri zərif idi. Əzəmətli boy-buxunu vardı.

İmperator yeddi il idi uğurla padşahlıq edirdi. Mən ona yaxşı baxa bilmək üçün böyrü üstə üzandım. Belə vəziyyətdə biz üz-üzə dayandıq.

Əlahəzrət imperator mənə tez-tez suallar verirdi. Ancaq biz bir-birimizə dediyimiz sözlərdən bircə kəlmə də başa düşmürdük. Onda imperator əyanların sırasında olan ruhanilərə və hüquqşünaslara (onları geyimlərindən tanıdım) əmr etdi ki, mənimlə danışsınlar. Mən də bildiyim bütün dillərdə danışmağa başladım. Amma bu təşəbbüslərim heç bir nəticə vermədi.

Gecə düşdü. Bir qədər çətinliklə də olsa, öz evimə girdim. Quru yerdə uzanıb yatdım.

İki həftə gecələrimi bu cür keçirtdim. Sonra imperatorun əmri ilə mənə döşək və başqa yataq ləvazimatları hazırlandı. Altı yüz ədəd adi ölçüdə döşək gətirdilər. Yüz əlli döşəyi bir-birinə tikməklə dörd böyük döşək düzəltdilər və onları üst-üstə qoydular. Bundan başqa, yorğan, döşəkağı və örtük də hazırlanmışdı. Xeyli vaxtdır sıxıntılara öyrəşmiş bir adam üçün onlar göydəndüşmə idi.

İmperator mənim yanımdan getdikdən sonra şura çağırdı. Orada mənimlə necə rəftar etmək məsələsini müzakirəyə qoydu. Ancaq axırda heç bir qərara gələ bilmədilər. Çünki bir tərəfdən mənim azadlığa çıxacağımdan qorxur, digər tərəfdən məni saxlamağın çox baha başa gələcəyindən ehtiyat edirdilər. Şura üzvləri təkidlə öldürülməyimi istəyirlərmiş. Amma belə olan halda da onları başqa bəla gözləyə bilərdi: bu yekəlikdə meyit çürüyüb qoxusa, paytaxtı və bütün ölkəni taun xəstəliyi bürüyərdi. Odur ki bu təklifi rədd etdilər.

İmperator bütün kəndlərdən mənim üçün hər səhər ərzaq gətirilməsinə göstəriş verir. Bunların hamısının xərci əlahəzrətin şəxsi xəzinəsindən ödənilirdi.

Padşah, əsasən, öz mülklərindən gələn gəlirlərlə dolanırdı. Yalnız tək-tük hallarda öz təbəələrindən maddi yardım alırdı.

Mənim yanımda altı yüz nəfərdən ibarət qulluqçu heyəti düzəldilmişdi. Onların xərci üçün imperator ayrıca vəsait ayırmışdı. Bundan başqa, üç yüz dərziyə mənə yerli biçimdə paltar tikmək tapşırıldı. Üstəlik, altı alimə yerli dili öyrətmələri haqqında əmr verildi.

Əmrlərin hamısı dəqiqliklə yerinə yetirilirdi. Mən üç həftədən sonra liliput dilini xeyli öyrənə bilmişdim. Bu müddət ərzində imperator tez-tez mənə baş çəkirdi. Artıq biz bir-birimizə öz fikrimizi başa sala bilirdik. İlk öyrəndiyim sözlər azad edilməyim haqqında idi. Mən hər gün imperatorun hüzurunda diz çöküb bu sözləri təkrarlayırdım. İmperator xahişimə bir qədər qeyri-müəyyən cavab verirdi. O deyirdi ki, azad edilməyimin öz vaxtı var. Bunun üçün onun və təbəələrinin qarşısında yaxşı ad qazanmalıyam.

Bir dəfə imperator məndən xahiş etdi ki, üstümdə axtarış aparılmasına icazə verim. Guya mən üstümdə çox təhlükəli silah gəzdirirəm.

Mən təftişə razı olduğumu bildirdim. Bunu ona qismən sözlə, qismən də işarələrlə başa saldım. İmperator cavab verdi ki, qaydalara görə, axtarışı onun iki məmuru aparmalıdır.

O dedi: "Axtarış üçün sizin razılığınız olmalıdır. Axtarış zamanı nə tapılsa, əlinizdən alacağıq. Bir şərtlə ki, bu ölkəni tərk edərkən onların hamısı sizə qaytarılsın”.

Hər iki məmuru əlimə götürüb kamzolumun cibinə qoydum. Mən gizli cibimdən başqa bütün ciblərimi onlara göstərmişdim. Hansı ki həmin ciblərimdə özümdən başqa heç kəsə lazım olmayan xırım-xırda şeylər var idi. Məmurlar cibimdən tapdıqları şeyləri siyahıya aldılar. Sonra isə xahiş etdilər ki, onları yerə düşürüm.

Siyahını imperatora təqdim etdilər. İmperator təklif elədi ki, siyahıdakıların bəzilərini dövlətə verim. O hər şeydən əvvəl qılıncıma işarə etdi. Mən dərhal qılıncı belimdən açdım. Bu vaxt imperator qoşuna məni mühasirəyə alıb oxlarını hazır tutmağı əmr etdi. O anadək gözlərim daim əlahəzrətə zilləndiyindən mən bu qoşunu heç görməmişdim.

İmperator qılıncı siyirməyi istədi. Mən qılıncı siyirib bir neçə dəfə başımın üstündə oynatdım. Əsgərlər heyrət və dəhşətə gəldilər. Qorxudan özlərini saxlaya bilməyib çığırışdılar. Qılınc dəniz suyundan azacıq paslanmışdı. Amma yenə də çox parıldayırdı. Günəşin işığı onun üzərinə düşdükcə ətrafdakıların gözlərini qamaşdırırdı. Padşah gözlədiyimdən az qorxmuşdu. O əmr etdi ki, qılıncı qınına qoyum. Sonra da onu mümkün qədər ehtiyatla, özü də uzağa tullayım. Mən belə də etdim.

Sonra o, içiboş dəmir sütunlardan birini göstərməyimi istədi. Cib tapançalarımı onlar belə adlandırırdılar. Mən tapançanın birini çıxartdım. İmperato- run xahişi ilə onu işlətmək qaydasını izah etdim. Barıt qabının ağzı möhkəm bağlandığı üçün ora su keçməmişdi. Beləliklə, barıt da tamamilə quru qalmışdı.

Mən tapançanı barıtla doldurdum. Sonra imperatoru xəbərdar etdim ki, diksinməsin. Ardınca havaya bir atəş açdım. Açdığım bu atəş qılıncdan daha böyük təsir bağışladı. Yüzlərcə adam ölü kimi yerə sərildi. Hətta imperator bir müddət özünə gələ bilmədi.

Sonra hər iki tapançanı və sursat heybəsini təhvil verdim. Bunları verərkən əlahəzrətdən xahiş etdim ki, barıtı oddan uzaq saxlasın. Çünki o, azacıq qığılcımdan od alıb partlayar və imperatorun sarayını darmadağın edə bilərdi.

Mən cib saatımı da verdim. İmperator ona böyük maraqla tamaşa etdi. Qvardiyaçılar saatı möhkəm bir şüvülə keçirdilər. Sonra çiyinlərinə qaldırdılar və apardılar. İmperatoru daha çox saat mexanizminin səsi və əqrəbin hərəkəti heyran etmişdi.

Liliputların gözləri bizdən daha itidir. Odur ki əlahəzrət saat əqrəbinin dayanmadan hərəkət etdiyini yaxşı görürdü. O, alimlərə bu maşının nəyə gərək olduğunu müəyyənləşdirməyi tapşırdı. Lakin alimlər bu barədə yekdil rəyə gələ bilmədilər. Onların fərziyyələrinin hamısı həqiqətdən çox uzaq idi.

Sonra mən pul kisəsini, bıçağı, ülgücü, darağı, burun dəsmalını və cib dəftərçəsini təhvil verdim. Silahlarım əlahəzrətin silah anbarına göndərildi. Qalan şey- ləri imperatorun əmri ilə mənə qaytardılar.

Yuxarıda da dedim ki, mən məmurlara gizli cibimi göstərməmişdim. Həmin cibimdə gözlüyüm, cib durbinim və bir neçə xırda şey vardı. Bunları əllərindən salıb sındıra bilərdilər. Odur ki onları imperator məmurlarından gizlətməyimdə pis bir şey görmürəm.

1Pinta – təxminən 568,3 millilitrə bərabər ənənəvi ingilis həcm ölçüsü
You have finished the free preview. Would you like to read more?