Read the book: «Haradansınız, müsyö Abel?»
Hüseyn Abbaszadə
HARADANSINIZ, MÜSYÖ ABEL?
(roman)
Tuluza qatarı Parisə səhər tezdən çatdı. Əbil oğlu ilə taksiyə əyləşib ''Rezidans de Mareşon'' mehmanxanasına getdi. O, keçən dəfə paytaxta gələndə də burada qalmışdı. Düşdüyü nömrə bahalı olmasa da, rahat idi. On yaşlı Arman ilk dəfəydi, Parisə gəlirdi. O, atasını tələsdirir, şəhərə baxmağa can atırdı. Əbil isə yorğun idi, yenə ürəyi sancırdı. Bir hovur dincəlmək istəyirdi. O, sifariş verdi, nömrəyə qəhvə gətirdilər. Əbil kresloda uzanıb siqareti tüstülədə-tüstülədə pəncərədən bayıra tamaşa elədi. Çisək idi. Narın-narın yağış çiləyirdi…
İlk dəfə təxminən dörddəbir əsr əvvəl də Paris Əbili belə çiskinli havayla qarşılamışdı. Onda almanlar sovet hərbi əsirlərini eşelonla bura gətirmişdilər. İkinci dəfə Əbil Parisi 49-cu ildə doktor Leskürü cərrahiyə klinikasına müşayiət edəndə görmüşdü. Sonra o, 58-ci ildə viza almağa gəlmişdi. Üçüncü gəlişini heç xatırlamağa dəyməzdi…
Bu, Əbilin dördüncü gəlişiydi. O, qəzetlərdən oxumuşdu ki, Parisdə keçiriləcək Beynəlxalq Rəqs Festivalına Azərbaycan baleti də dəvət olunub. Festivaldan sonra Bakı teatrı Fransanın şəhərlərinə qastrol səfərinə çıxacaqdı. Amma onlar Tuluza şəhərində olmayacaqdılar. Əbil Parisdə yaşayan tanışlarının vasitəsilə Azərbaycan baletinin Şamz Elize teatrında olacaq ilk tamaşasına bilet sifariş eləmişdi, həmyerlilərini görmək istəyirdi.
O, on doqquz yaşlı qızı Suzannanın Parisə yola düşməzdən bir az əvvəl qripə yoluxmasına təəssüf edirdi. Arvadı Azərbaycan baletinə baxmağı çox arzulasa da, naxoş qızını xidmətçi qadının ümidinə qoymağa razı olmamış, Tuluzada qalmışdı. Buna görə də o, Parisə ailəsilə yox, oğlu ilə gəlmişdi. Əbil paytaxtdan Tuluzaya zəng çalmış, evlə danışmışdı. Səsində arxayınlıq hiss olunan arvadı demişdi ki, qızın hərarəti yavaş-yavaş düşür. Əbilə elə gəlmişdi ki, arvadı ona təskinlik vermək üçün belə deyir. Bir gecənin içində Suzannanın yaxşılaşması ağlabatan deyildi.
O, qəhvənin üstündən bir siqaret alışdırdı. Arvadının gözündən iraq: Əbilin siqaret çəkdiyini görsəydi, ərini məhkəmədə danlardı. Axı, onun stenokardiasiyası vardı… Əbil bu gün çox siqaret çəkirdi. Arman atasını tələsdirdi. Əbil köks ötürüb kreslodan qalxdı. Mehmanxanadan çıxdılar.
Qaş qaralana kimi Parisdə dolandılar. Monmartırdakı restoranlardan birində nahar elədilər. Tamaşanın başlamasına bir saat qalmış, teatrın qabağına gəldilər.
Yelisey düzündəki reklamların işıqları göz qamaşdırırdı.
Şamz Elize teatrının bağlanmış kassalarının qarşısına xeyli adam toplanmışdı. Onlar bilet tapmaq ümidilə yan-yörəyə boylanırdılar.
Əbilin iki bileti artıq idi. Bunu bağlı kassanın qarşısında ümidsizliklə gəzişən biletsizlərə deyən kimi onu dərhal araya aldılar. Yerbəyerdən səslər ucaldı:
– Mənə verin, müsyö, xahiş edirəm, mənə verin.
Bir kişi cəld tərpənərək pulu verib ondan biletləri aldı, təşəkkür eləyə-eləyə getdi. Əbilin başına toplaşanlar dağılışdılar.
– Axşamınız xeyir, müsyö Abel.
Tanışları Əbilin adını fransızsayağı “Abel” deyə çağırırdılar. Onun Tuluza şəhərindəki evinin divarına vurulmuş lövhədə “Doktor Abel Heydərov” yazılmışdı.
Əbil dönəndə qarşısında ucaboylu oğlan gördü. O, Tuluza şəhərində yaşayan tanış bir aptekçinin oğluydu. Bir il əvvəl Parisə gəlmişdi. Deyəsən, universitet tələbəsi idi. Oğlanın yanında üzügülər qəşəng bir qız dayanmışdı.
– Oho, Arman, sən də burdasan?! – gənc oğlan Armanın saçlarını tumarladı.
– Nə xoş təsadüf! Teatra gəlmisiniz? Aydındır, müsyö Abel, aydındır. Sizi başa düşürəm. Bu tamaşaya baxmaq üçün Parisə gəlməyə dəyər. Deyəsən, bu balet sizin yerdən gəlib, eləmi?
– Elədir.
Aptekçinin oğlu qızın qoluna girdi.
– Biz də bu tamaşaya baxmaq istəyirdik. Bilet tapa bilmədik.
Əbil təəccübləndi:
– Heyif, məndə ikisi vardı. Bilsəydim, sizə rast gələcəyəm…
– Zərəri yoxdur, təəssüflənməyin, müsyö Abel. Bəlkə, o biri günlərə bilet tapdıq. Tuluzada nə var, nə yox? Bizim qocaların əhvalı necədir?
Onlar bir az söhbət elədilər. Sonra aptekçinin oğlu Əbilgillə soğallaşdı, yanındakı qızla birgə küçənin izdihamına qarışdı.
Əbil qəribə bir vəziyyət keçirirdi: o, sanki kənarda durub özünə tamaşa edirdi. Gözünə, yaşına nisbətən qoca görünürdü. Arıq idi. Gur saçları və bığı çallaşmışdı. Sintetik parçadan dəblə tikilmiş gödək palto geyinmişdi. Yanında duran oğlunun paltosu da onunkundandı. Arman Əbilə necə də bənzəyirdi! Saçları atasının saçları kimi gur, qaşları çatma idi.
Əbil yenə qırxıncı illəri xatırladı. O vaxtlar xəyalına da gəlməzdi ki, 25 ildən sonra atasının ana dilini bilməyən oğlu ilə bərabər Yelisey düzündə Bakı Opera və Balet Teatrının afişasına yad adam kimi ürək sıxıntısı ilə baxacaq…
* * *
“Bir dəfəlik ölmək, hər gün yüz dəfə ölüb-dirilməkdən yaxşıdır. İnsan nə qədər həyəcan keçirərmiş, insanın canı nə bərk olurmuş! Gərək, məni də əsir alanda, elə oradaca güllələyərdilər… Nə yaxşı olardı. Adam öləndə də, özününkülərin arasında ölə.
40-cı ildə Bakıda tibb institutunu bitirdim. Bir il keçməmiş dava başladı. Səfərbərliyə alındım. Məni nişançılıq alaylarından birinə hərbi həkim göndərdilər. Payızda alayımız Xarkov uğrunda gedən döyüşlərdə itki verdi. Sonra mühasirəyə düşdük. Mühasirə həlqəsini yarıb çıxırdıq ki, faşistlərin motorlu hissələri ilə qarşılaşdıq. Tibb sanitar batalyonunda olan xeyli ağır yaralını almanlar oradaca güllələdilər. Məni yüngül yaralılar ilə birlikdə hərbi əsir düşərgəsinə göndərdilər. O vaxtdan sərgərdanlığım başladı…
Əgər onda belə müsibət çəkəcəyimi bilsəydim, əsir düşəndə tərəddüd etmədən gülləni gicgahıma sıxardım. Ancaq mən bir həkim kimi bizim yaralıların hayına qalmışdım. Düşərgədə də gözüm onların üstündə idi. Həkimlik borcumu bacardığım qədər yerinə yetirir, yaralıların əziyyətlərini azaltmaq üçün əlimdən gələni eləyirdim. Bilirdim ki, (Polşada olduğumuz vaxt) düşərgədə gizli mübarizə təşkilatı yaradılıb. Həmyerlilərimin bir çoxu bu təşkilatın üzvüdür. Ancaq nədənsə onlara qoşulmaq istəmirdim.
Hərbi əsir düşərgəsində nələr çəkdiyimizi deməyə lüzum yoxdur. Ondan o qədər yazıblar ki…
43-cü ilin payızında almanlar “Müsəlman legionu” yaratmaq üçün adam toplayırdılar. Polşa və Almaniyadakı düşərgələrdən azərbaycanlı hərbi əsirləri yığır, onların rəyini soruşmadan təşkiletmə məntəqəsinə göndərirdilər. Boyun qaçıranları (belələri lap çox idi) güllələməklə hədələyirdilər. Hədələmək nədir?! İki nəfər qəti etiraz etdiyinə görə, onları gözlərimizin qarşısında güllələdilər.
Həmin payızda bizi Fransaya gətirdilər. Eşelonu böyük keşikçi dəstəsi və zorba köpəklər müşayiət edirdi. Bizi Paris vağzallarının birinin ehtiyat yolunda azca saxlayandan sonra uzağa – ölkənin cənubuna göndərdilər. Fransanın cənubunda olan kiçik Rodez şəhərindəki köhnə kazarmada məskən saldıq. Bura təlim təşkiletmə məntəqəsi adlanırdı. Təlim təşkiletmə məntəqəsində azərbaycanlılardan ibarət könüllülər hissəsi yaratmışdılar. Bu hissə Fransız partizanlarına qarşı döyüş əməliyyatlarında iştirak etməli idi.
Təlim təşkil etmə məntəqəsində əsir azərbaycanlılarından dörd rota düzəltmişdilər. Hər rotanın başında alman zabiti dururdu. Rota komandirinin müavini bir qayda olaraq azərbaycanlı zabit olurdu. Müavinlər tərcüməçilik eləyir, rota komandirinin göstərişlərini özümüzünkülərə yetirirdi.
Rotalardan bizimlə səhərdən-axşama kimi məşq keçir, əməliyyatlara hazırlaşdırırdılar. Təlim təşkiletmə hissəsindəkilərə alman silahı vermişdilər. Ancaq həmin silahlardan istifadə etmək olmazdı. Almanlar ipə-sapa yatmayan bu adamlara çox da etibar etmirdilər. Bizə döyüş sursatı verməyə qorxurdular.
Faşistlər buranı “təlim təşkiletmə hissəsi” adlandırsalar da, əslində, əsir düşərgəsi idi. Hündür hasar içində olan sahənin qapısında alman əsgərləri gecə-gündüz keşik çəkirdi. Bayıra çıxmaq qəti qadağan idi. Ara-sıra hasardan aşmağa cəhd edənləri ya oradaca güllə ilə vurur, ya da tutub möhkəm cəzalandırırdılar. Yalnız rota komandirlərinin müavinləri və tağım komandirləri bayıra çıxa bilərdilər. O da mayor Paul Vaykelin icazəsi ilə.