Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Atanız Atatürk», page 2

Font:

Gəncliyi

Mustafa Kamal Manastır İdadisində üç il qaldı. İmtahanlardan yaxşı qiymətlər aldıqdan sonra Hərbi Məktəbdə təhsilini davam etdirmək üçün İstanbula yola düşdü.

Riyaziyyat yenə də onun ən çox sevdiyi dərslərin başında gəlirdi. İkinci kursa keçəndə isə hərbi dərslərə xüsusi maraq göstərməyə başladı. Daha şeir yazmırdı. Amma hər zaman gözəl yazmaq və gözəl danışmaq istəyirdi. Ona görə də tənəffüs saatlarında yoldaşları ilə natiqlik yarışları tərtib edir, hamını bu yarışlarda iştirak etməyə həvəsləndirirdi. Hansı mövzuda danışılacaqdısa, hamı eyni müddət içərisində söyləyəcəyi fikirləri düşünüb tamamlamalı idi. Bu cür yarışların onun özünə də köməyi vardı. Çünki Mustafa Kamalın sonradan dostları və xalq arasında böyük nüfuz qazanmasında etdiyi əməllər qədər nitqi və gözəl danışıq qabiliyyəti də əhəmiyyətli rol oynayacaqdı.

O zamanlar Sultan Hamidin dövrü idi. Məktəb kitablarından başqa hər cür kitablar, xüsusilə də tarixi və ədəbi əsərlər qadağan edilmişdi. Ancaq məlum məsələdir ki, hər cür qadağalar insanda maraq oyadır. Hamid dövrünün gəncləri, həmçinin də Mustafa Kamal vətən və azadlıq haqda şair və ədiblərin yazdığı əsərləri gizli-gizli oxumağa can atırdılar. Hansı yollarlasa əldə edib oxuyurdular da. Bu cür kitabları oxumaq isə istər-istəməz gənclərdə məmləkət məsələləri ilə maraqlanmaq üçün həvəs oyadırdı. Mustafa Kamal Hərbi Məktəbin ikinci kursunda oxuyarkən belə bir həvəsə tutuldu. Əlinə keçirdiyi qadağan olunmuş kitabları öz otağına çəkildikdən sonra gizli-gizli oxumaqla məşğul idi.

– Bir halda ki, bu qədər gözəl yazan adamları zindana salıblar, kitablarını da qadağan ediblər, deməli, işlər çox pis gedir, – deyə elə hey öz-özünə düşünürdü.

O zamanlar hələ ki, bundan daha böyük düşünə bilməzdi. İstibdad nədir, azadlıq nədir, Türkiyə hansı haldadır, niyə bu vəziyyətə düşüb – bütün bunlar onun dəqiqlik və aydınlıqla başa düşəcəyi məsələlər deyildi.

Bir müddət sonra o, hərbi məktəbdəki imtahanlarını uğurla verərək qərargah siniflərinə keçdi. Dərslərini yaxşı oxumaqla bərabər artıq siyasət məsələlərilə də maraqlanmağa başlamışdı. Ölkənin pis idarə edildiyi haqda müəyyən fikirləri var idi. Bu fikirləri məktəbdəki minlərlə tələbəyə yaymaq məqsədilə əlyazısıyla qəzet çıxarmağa başlamışdı. Hər işi özü görürdü. Qəzeti tələbələr arasında yaya bilmək üçün səmimi yoldaşlarından ibarət kiçik bir komitə də yaratmağa müvəffəq olmuşdu.

Qəzeti əksər hallarda öz əli ilə yazırdı. Bir gün Məktəblər Müfəttişliyi hansı yollasa bu gizli qəzetdən xəbər tutdu. Məktəb müdirini tələbələri sərbəst buraxdığı üçün günahlandıraraq saraya xəbər göndərdi. Xəbərin nəticəsi özünü uzun müddət gözlətmədi. Belə ki, Mustafa Kamal və dostları yenə də qəzet çıxarmaq üçün baytarlıq otaqlarının birində gizlicə toplaşdıqları zaman onları güddürən müdir gözlənilmədən, bir anın içindəcə başlarının üstünü aldı.

Müdir namuslu adam idi. Buna görə də gənc tələbələrinin bada getməsini istəmirdi. İçərini araşdırarkən özünü soyuqqanlı apararaq stolun üstünə düzülmüş yazılara fikir vermədi. Yəni onları görmürmüş kimi davrandı. Sonra da dərsdən kənar işlərlə məşğul olduqları üçün hamısına kiçik cəzalar verməklə məsələni bitmiş elan etdi. Bir müddət keçdi və müdir ümumiyyətlə cəzaları aradan qaldıraraq tələbələrin hamısının günahını bağışladı.

Mustafa Kamal o zamanlar ürəyində olan narahatlığın, duyduğu kədərin səbəbini bu cür anlatmışdı: "O zamanlar İstanbulda, Hərbi Məktəbdə bir əsgər idim. Cəmi iyirmi yaşım vardı. Bu gənc özünü hələ tam şəkildə anlamadığı bir sıra duyğu və düşüncələrə qapdırmışdı. Küskün idi. Üsyankar idi. Kimə və nəyə qarşı küsmüşdü, nəyə üsyan edirdi? Əgər həmin an ondan soruşsaydınız, özü də bu suala dəqiq cavab verə bilməzdi".

Bir gün yoldaşlardan biri ondan soruşdu:

– Sən "qalx" əmri veriləndə heç cür yuxudan ayıla bilmirsən. Növbətçi əsgər çarpayını silkələməyincə, ayağa qalxmaq istəmirsən. Nə olub axı sənə?

Gənc əsgər dedi:

– Axı mən yatağa girdikdən sonra sizin kimi o dəqiqə dərin yuxuya dalmıram… Gözümə səhərə qədər yuxu getmir. Elə yenicə yuxulamaq istəyirəm ki, bir də görürəm, oyanmaq əmri verilir.

Həmin günlərdə hərbi müəllimlərdən biri gözlənilmədən sinifdəki tələbələrlə bir məsələ haqqında danışmağa başladı:

– Müharibənin nə olduğunu artıq bilirsiniz. Ancaq bir də "partizanlıq" deyilən bir şey var ki, bu, qətiyyən asan yol deyildir. Partizanlıq döyüşü aparmaq da, bu döyüşü yatırmaq da çox çətin məsələdir.

Sonra misal göstərə-göstərə tələbələri bir-bir imtahana çəkməyə başladı:

– Məsələn, belə fikirləşin: Osmanlı İmperatorluğunun dövlət mərkəzi İstanbuldur. Təsəvvür edin ki, hansısa səbəbdən Boğaziçinin şərq sahili ilə İzmir körfəzi arasında xalq dövlətə qarşı üsyan qaldırıb. Özləri də partizan dəstəsi yaradıblar. İndi sual verirəm: sizcə, xalq belə bir üsyanı nə üçün qaldıra bilərdi? Və ən əsas məsələ: dövlət belə bir üsyan qalxarsa, öz ordusu ilə onu necə yatıra bilər?

Bu sualların ən gözəl cavablarını başqa biri deyil, həmin o yatmayan uşaq, yəni Mustafa Kamal verdi. Çünki ağlı da, fikri də çox vaxt belə məsələlərə ilişib qalır, dayanmadan bu barədə düşünürdü.

Bu elə bir dönəm idi ki, Mustafa Kamal padşahı da, rejimi də artıq sərbəst şəkildə tənqid etməyə başlamışdı. Düzdür, o bu şirin və cəlbedici söhbətləri ancaq hörmət etdiyi və onun hörmətini qazanan dostları arasında, bir də özünə qəlbən bağladığı tələbələrlə edirdi. Amma bununla belə, aradabir onların içində də Mustafa Kamaldan məktəb idarəsinə şikayət edənlər tapılırdı. Beləliklə də o, yalnız bir-iki dəfə həbs cəzası alaraq məktəb həyatını tamamlamağı bacardı.

Mustafa Kamal min doqquz yüz dördüncü ilin dekabr ayında kurmay yüzbaşı6 rütbəsi ilə Hərbi Məktəbdən məzun oldu. Bir neçə yoldaşı ilə birləşərək İstanbulda ev tutdular. Hərbi Məktəbdən tanıdığı və inandığı başqa dostları da vardı. Onlar arada bir yerə yığışır və artıq ən az hərbi iş qədər maraqlarını çəkən siyasətlə bağlı söhbətlər edirdilər.

Elə bu ərəfələrdə əsgərlikdən qovulmuş köhnə bir tanışı Mustafa Kamalla görüşməyə gəldi. Mustafa Kamal yaşamağa yeri, dolanmağa pulu olmayan bu zavallını özlərinin tutduqları evə gətirmək məcburiyyətində qaldı. Dostları ilə birləşərək ona da baxmağa başladılar. Amma, sən demə, həmin bu keçmiş zabit saray xəfiyyələrindən biri imiş. Mustafa Kamal ilə dostlarının harada və necə toplandıqlarını, nə barədə danışdıqlarını, onların etdiyi bütün bu yaxşılıqlara baxmayaraq, saraya xəbər verdi. Beləcə, çox keçmədi ki, hamısını həbs etdilər.

Düzdür, əvvəlcə Mustafa Kamalı təkbaşına həbs etmişdilər. Bir müddət saxlayıb buraxdılar. Sonra təkrar tu-tub padşahın sarayındakı mabeyin7 dairəsinə götürüb istintaqa çəkdilər. Bu sorğu-sual bir neçə gün davam etdi. Uzun-uzadı çək-çeviri bitirib hamısını azadlığa buraxdılar. Amma yüzbaşı Mustafa Kamal bəzi yoldaşları ilə birlikdə min doqquz yüz dördüncü ilin mart ayında Şamdakı orduya sürgün edildi.

Şam o zamanlar Beşinci Ordunun mərkəzi idi. Sürgün kağızında hara göndərildiyi ilə bağlı məlumatdan başqa, "bir yol tapıb dönə bilməyəcəyi bölgəyə göndərmək", – kimi maraqlı bir qeyd də edilmişdi.

Şama getmək Mustafa Kamalın əsgərlik və inqilabçılıq fəaliyyətində böyük rol oynadı. Orada onun əsas işi piyada dəstəsindəki əsgərlərin təlimi ilə məşğul olmaq idi.

Çünki komandir o zamanlar "alaylı" adlandırılan təhsil görməmiş zabitlərdən biriydi.

Mustafa Kamal öz işinə aşiq insan olduğu üçün bütün vaxtını vəzifəsinə həsr edirdi. Onun tez bir zamanda dəstəsinin təlimində qazandığı uğur Şamdakı böyüklü-kiçikli bütün zabitlər arasında tanınmasına səbəb oldu.

Havran Suriya vilayətinin bir bölgəsi idi. Bu bölgədəki dürzilər8 tez-tez dövlətə qarşı üsyan edirdilər. Yüzbaşı Mustafa Kamal yoldaşları ilə bərabər buradakı üsyanları yatırmaq üçün təşkil olunan əməliyyatlara qatılaraq silahlı qarşıdurmalarda ilk təcrübəsini qazanacaqdı. Əlbəttə, hədəfə dəqiq vurmaq üçün mütləq çalışması, bu işdə də uğur qazanması lazım idi.

Onu da deyim ki, bu cür üsyanlar bəzi adamlar üçün soyğunçuluq etməyə yaxşı fürsət verirdi. Yüzbaşı Mustafa Kamal da bunu başa düşmüşdü. O anlamışdı ki, Havranda tez-tez aranın qarışmasını arzulayanlar və bu gedişatı hazırlayanlar var. Və onlar asan yolla pul qazanmaq istəyən araqarışdıran soyğunçulardır.

Mustafa Kamal bir gün həmin əraziyə dəstə göndəriləcəyi xəbərini aldı. O zamanlar ikiotaqlı kiçik bir evdə yaşayırdı. Axşamüstü zabit yoldaşı Mustafanın evinə gələrək bu xəbəri ona çatdırdı:

– Xəbərin varmı, sən də getmək üzrəsən?

– Kim gedir, hara?

– Bizim təcrübə keçdiyimiz alay Havrana yola düşür də. Bilmirsən məgər?

– Bu necə olur axı? Niyə mənim bundan xəbərim yoxdur?!.

– Hə, gedirik, özü də bu axşam.

Xəbəri alar-almaz yüzbaşı Mustafa Kamal tələm-tələsik atına mindi, çaparaq əvvəlcə təcrübə keçdiyi Otuzuncu Atlı Alayının komandirinin yanına yollandı.

– Eşitdim ki, alayım əmr aldığı üçün Havrana yola düşür. Bildiyiniz kimi, alayda rota komandiriyəm. Məgər hamı ilə birlikdə mənim də getməyim lazım deyilmi? – deyə soruşdu.

– Siz hələ ki təcrübə keçirsiniz. Rotanın əsl komandiri başqa adamdır. Həm də siz təlimçisiniz, bunu yaddan çıxarmayın. Yəni… Bu o deməkdir ki, belə əməliyyatlarda iştirak edə bilməzsiniz. Ona görə də mən özüm bilərəkdən sizin narahat edilməyinizi istəmədim. Maaşınızı onsuz da alacaqsınız. Bundan əmin olun.

Mustafa Kamal bu görüşdən sonra ordu marşalının yanına yollandı. Ona alay komandirindən şikayət etmək istəyirdi. Marşal isə bir əsgərin onun yanına gələcək qədər həyasız olduğuna heyrətlənərək onunla heç görüşmədi də.

Mustafa Kamal bundan qəzəbləndi. Bir az düşündü və öz-özünə:

– Mən onsuz da bu döyüşə gedəcəyəm, – dedi və öz alayına qoşularaq yola düşdü.

Dəstələr həmin gün son adamına qədər Şəms Kində qurulmuş ordugahda yerləşdirildi. Ancaq Mustafa Kamal və onun özü ilə bərabər apardığı təcrübə keçən yoldaşları çöldə qaldılar. Nəhayət ki, bir qədər keçdikdən sonra hansısa zabitin çadırında onlara da yer tapmaq mümkün oldu.

Bu ərəfələrdə Havranda öz vəzifəsini icra edəcək olanlardan təcrübəli bir zabit ona yaxınlaşaraq dedi:

– Görərsiniz, sizə komandirlik verməyəcəklər. Bunun da səbəbi var. Mən bura xüsusi tapşırıqla gəlmişəm. Əgər heç kimə söyləməyəcəyinizə şərəf sözü versəniz, sizin də bizimlə bərabər olmağınıza icazə verərəm.

Mustafa Kamal heç olmasa nə baş verdiyini öyrənə bilmək üçün həmin adama söz verdi. Və elə həmin günün səhərisi anladı ki, Havran bir neçə bölgəyə ayrılıb. Hər bölgəyə fərqli dəstələr soxulub. Bu dəstələrin hər birinin də vəzifəsi yalnız xalqı soymaqdan ibarətdir.

Mustafa Kamal onu da öyrəndi ki, adətən Havran xalqı bu cür soyğunlardan ya bir-iki gümüş məcidiyyə9, ya da bir-iki qızıl pul verərək özünü qurtara bilir.

O zamanlar Havranda olan zabitlər də öz aralarında iki yerə bölünmüşdülər: insanları soymaq üçün birləşənlərə, bir də xalqa qarşı edilən zülümlərə üsyan etmək üçün birləşənlərə. Mustafa Kamal ikincilərin başında dururdu.

Mustafa Kamal çərkəzlərin yaşadığı Kunaytıranın yaxınlığında yerləşən ordugahda qalırdı. Bir gün belə bir xəbər gəldi ki, guya asilər ordugaha hücum edib hamını öldürəcəklər. Məlumat doğru idimi, yoxsa oranın xalqını soymaq üçün bəhanə kimi istifadə olunacaqdımı – bunu heç kəs bilmirdi. Mustafa Kamal bir anın içindəcə dərhal qərar verdi. Bir yoldaşını, bir də əmrlərini icra edən əsgərini götürərək qərbə tərəf yola çıxdı.

Aralıqda yerləşən bir təpənin düz yanına qədər gəlib çıxdılar. Mustafa Kamal təpənin başına qalxaraq diqqətlə ətrafı nəzərdən keçirdi. Gecə vaxtı basqın etməyə hazırlaşan bir dəstə adamın olduğunu gördü. Elə bu məqamda qarşı tərəfdəkilər də Mustafa Kamalı görüb atlı qüvvələrlə hücuma keçməyə başladılar. Mustafa Kamal halını pozmadan soyuqqanlı şəkildə yoldaşına söylədi:

– Atına mln, ardımca gəl!

Hücum edən dəstəni çaşdıran ziqzaqlı yollar cızaraq atını düz qərargaha doğru dördnala çapmağa başladı.

Mustafa Kamal ordugaha çatan kimi düşmənin vəziyyətini burdakı hərbi rəhbərliyə izah etdi. Az bir zamanda nüfuz qazandığı üçün artıq onun sözünü dinləməyə başlamışdılar. Buna görə də dediklərini nəzərə alaraq tez bir zamanda tədbir gördülər. Beləcə, hər şey həll olundu və basqın baş tutmadı.

Bir gün də o, yanında əsgər götürərək Kunaytıranın şərqində bir kəndə yollanmışdı. Çərkəzlər onu da, yanındakıları da soyğunçulardan hesab edərək yaxşı qarşılamadılar. Amma bir qədər sonra – söhbət əsnasında anladılar ki, bu adamlar onların dərdlərini dinləməyə, əllərindən gələn köməyi etməyə gəliblər. Buna görə də dərhal öz aralarında razılığa gəldilər. Hətta içlərindən biri – kəndin ağsaqqalı irəli çıxaraq dedi:

– Siz nə desəniz, canla-başla əməl etməyə hazırıq. Ancaq bizi ayaqlar altına salıb əzən dövlətin dediklərinə əməl etməyəcəyik! Bunu da bilin!

Bir gün də belə bir hadisə baş verdi. Kəndlilər kəndə hücum edən bir osmanlı zabiti ilə onun dəstəsini mühasirəyə alıb tutmuşdular. Hətta artıq öldürmək üzrə idilər. Mustafa Kamal bir az arxada olsa da, özünü vaxtında çatdıra bildi. Kəndlilər onu görən kimi tez ətrafına toplaşdılar, doğma adamları tək salamladılar. Onun xatirinə kolağasının10 da günahından keçdilər, əl-qolunu açaraq azad buraxdılar.

Bir dəfə də kıta11 başında olanlar xeyli pul yığmışdılar. Hətta toplanan qənimətdən Mustafa Kamala da bir az vermək istəyirdilər. Ancaq o heç cür bu işə razılıq vermirdi. Çünki onun üçün ya gələcəyə şərəfli addımlarla irəliləmək vardı, ya da o yaşda pul və asan qazanc üçün ləkələnmək. O tərəddüd etmədən birinci yolu seçmişdi. Həm də bilirdi ki, şəxsi mənfəəti uğrunda alçalan insanlardan heç vaxt Böyük İnsan ola bilməz. Buna görə də Mustafa Kamal qərarını vermişdi. Hətta öz payını alıb-almamağa tərəddüd edən bir yoldaşına da bu sözləri dediyi məlumdur:

– Bu günün adamı olmaq istəyirsən, yoxsa sabahın?

– Əlbəttə ki, sabahın adamı olmaq istəyirəm.

– O zaman əlbəttə ki, qənimətdən pay almayacaqsan. Buna şübhən belə olmasın. Mən də almadım, heç ala bilmərəm də.

O zaman Mustafa Kamal alaydakılara da bu sözləri demişdi:

– Dostlar, mən namuslu əsgərəm. Mənimlə dost, məsləkdaş olmaq istəyənlər də mütləq namuslu olmalıdırlar.

Yenə də bir gün ərazidə üsyan qalxmışdı. Amma sonra öz-özünə yatdı. Bu hadisə ilə bağlı lovğalana-lovğalana "zəfər havası" yaratmaq istəyən jandarm komandirinə Mustafa Kamal belə dedi:

– Siz bilirsiniz də yəqin ki… Onları biz qovmadıq, özləri getdilər.

Bu sözləri eşidərək qəzəblənən jandarm komandiri ona cavab olaraq:

– Sən hələ ki cahilsən, o səbəbdən də padşahımızın kim olduğunu bilmirsən, gücünü anlamamısan, – dedi.

Mustafa Kamal isə cavabında ona:

– Mən cahil ola bilərəm. Ancaq padşahımız gərək cahil olmasın. Və sizin kimilərin də nə olduqlarını anlasın, – deyə cavab verdi.

Bax, məhz belə hadisələr bütün diqqətləri Mustafa Kamala cəlb edirdi. Bu hadisələr ona hələ o zamanlar işığına baxaraq yol gedə biləcəyimiz ulduz parlaqlığı bəxş etməkdə idi.

6.Ştabs kapitan
7.Mabeyin Osmanlı sarayında padşahın şəxsi qələm müdürlüyü işlərini görən qurumdur. Xüsusilə də XIX əsrdə bu qurum böyük əhəmiyyət daşımışdı. Mabeyin sözünün mənası ərəbcə iki şeyin arası deməkdir. Əvvəllər sarayın hərəm ve salamlıq bölümləri arasındakı dairəyə verilən ad kimi istifadə olunurdu. Zaman keçdikcə bu dairədə çalışan insanların sayı artdı. Mabeyinçi adı verilən bu adamlar padşahı qorumaq, xalq və Babi Aliylə olan münasibətləri idarə etmək, saraya gələn ziyarətçilərin ziyarətlərini təşkil etmək, saray protokoluna əməl etmək kimi vəzifələri yerinə yetirirdilər. II. Abdülhamidin dövründə dövlətin idarə olunması Babi Aliden daha çox saraydan edildiyi üçün Mabeyin dairəsi 1876-1908-ci illər arasında dövlətin ən güclü qurumuydu. Mabeyin qurumu 1908-ci ildə məşrutə elan edilməsindən sonra öz əhəmiyyətini itirməklə bərabər Səltənətin qaldırılmasına qədər fəaliyyət göstərmişdir.
8.Suriyanın Havran bölgəsində, Livanın bəzi bölgələrində və buralara yaxın bölgələrdə yaşayan və özlərinə aid məzhəbləri olan topluluq.
9.Türk pulu
10.Osmanlı ordusunda yüzbaşı ilə minbaşı arasında yer alan rütbə.
11.Əsgərlərin bir komandirin əmrində bir araya gəlməsindən yaranan birlik.