Atanız Atatürk

Text
From the series: Xatirə ədəbiyyatı #15
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Atanız Atatürk
Font:Smaller АаLarger Aa

"Xatirə Ədəbiyyatı" silsiləsindən 15-ci kitab

© Falih Rıfkı Atay / Atanız Atatürk

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 208 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Falih Rıfkı Atay
(1894–1971)

Atatürklə bağlı tədqiqatların müəllifi, tanınmış qəzetçi və yazıçı Falih Rıfkı Atay min səkkiz yüz doxsan dördüncü ildə İstanbulda anadan olub. Təhsilini İstanbul Ədəbiyyat Fakültəsində alıb, min doqquz yüz səkkizinci il çevrilişindən sonra isə "Tanin" qəzetində müxbirliyə başlayıb. Həmin ərəfədə o, mətbuatla əlaqələr quraraq bir tərəfdən qəzetlərə, jurnallara məqalələr yazır, digər tərəfdən isə Babiali Məktubi Qələmidə[1] fəaliyyətini davam etdirirdi (1913). Bir müddət keçdikdən sonra Rıfkı Atay oradan Daxiliyyə Xüsusi Qələminə[2] katib kimi keçirilib.

Falih Rıfkı Atay Birinci Dünya Müharibəsinə ehtiyatda olan zabit kimi qatılmışdı. Bununla belə, Dördüncü Ordu komandanı Kamal Paşanın əmri altında olan zabit qismində Qüdsdə və Suriyada baş verən hadisələrin iştirakçısı olub. Bu ərəfədə daşıdığı rəsmi vəzifə ilə bağlı bir sıra Avropa ölkələrinə səyahətə çıxıb. Müharibə başa çatdıqdan sonra isə Bahriyə Xüsusi Qələm müdirinə yardımçı vəzifəsinə keçirilib.

Falih Rıfkı Atay təkcə qəzet yazarlığı ilə məşğul olmayıb. O, eyni zamanda, qəzet yaradıcılığına da maraq göstərib. Belə ki, Bahriyə Xüsusi Qələm müdirinə yardımçı işlədiyi ərəfələrdə iki dostu ilə birlikdə "Axşam" qəzetini təsis etmək qərarına gəlib (1918) və bu qəzetin təsiri ilə ölkədə baş verən hadisələri yönləndirməyə, istiqamət verməyə çalışıb.

İyirminci əsrin əvvəllərində çevriliş əleyhinə olanlarla çətin mübarizəyə başlayan insanların arasında Falih Rıfkı Atay da var idi. Onun apardığı siyasi mübarizənin bir hissəsi də millət vəkili olduğu dönəmə düşür və uzun müddət davam edir. Belə ki, Atay min doqquz yüz iyirmi ikinci ildə Boludan millət vəkili seçilərək min doqquz yüz əllinci ilə qədər bu istiqamətdə fəaliyyətini davam etdirə bilib. Amma o, ruhən qəzetçi və yazıçı olduğundan millət vəkili kimi çalışdığı zamanlarda belə, fəaliyyətini məhdudlaşdırmayıb. Həmin ərəfələrdə "Hakimiyyəti-milliyyə", "Milliyyət", "Ulus" qəzetlərində baş yazar kimi çalışıb.

Min doqquz yüz əllinci ildə Falih Rıfkı Atay siyasətdən tamamilə çəkilərək özünü bütünlüklə qəzetçiliyə həsr etmək qərarına gəlib. Qısa müddət ərzində "Cümhuriyyət" qəzetində həftəlik söhbətlər yazmağa başlayıb. Sonra bununla da kifayətlənməyərək bir dostu ilə birlikdə "Dünya" qəzetini təsis edib.

Falih Rıfkı Atayın Atatürkün ən yaxın məsləkdaşlarından biri olduğu məlumdur. Onun bu dahi şəxsiyyət haqqında, həmçinin türk xalqının tarixində ən qarışıq dövrün ziddiyyətli hadisələri ilə bağlı bir neçə kitabı dərc olunub. Əsas əsərləri isə bunlardır: "Zeytun dağı" (1932), "Atatürkün mənə anlatdıqları" (1955), "Atanız Atatürk" (1961), "Qurtuluş" (1966), "Atatürkçülük nədir?" (1966), "Atatürk kim idi?" (1968), "Bayraq" (1970).

Ön söz

İstanbul, fevral, 1955-ci il

Min doqquz yüz on dördüncü ildə Osmanlı İmperatorluğu Birinci Dünya Müharibəsinə qatıldı. Biz türklər Almaniya, Avstriya-Macarıstan imperatorluqları və Bolqarıstan ilə eyni cəbhədə idik. Rusiya, İngiltərə, Fransa, Belçika və Serbiya isə bizimlə müharibə aparan qarşı cəbhədə vuruşurdular. Daha sonra İtaliya, Yaponiya, Amerika və bir sıra başqa dövlətlər də düşmənlərimizin cərgəsinə qatıldı. Müharibə düz dörd il davam etdi. Sonunda məğlub edildik və min doqquz yüz on səkkizinci ildə hamımız birlikdə düşmənə təslim olduq.

Bizi məğlub edən dövlətlər yalnız əhalisinin əksəriyyəti türk olmayan Hicaz, Yəmən, İraq, Suriya, Livan və Fələstin kimi ölkələri öz aralarında bölüşdürməklə kifayətlənmədilər. Eyni zamanda, Şərqi Anadolunu Ermənistan və Kürdüstan arasında bölüşdürmək, Adana bölgəsini fransızların, Antalya bölgəsini italyanların hakimiyyəti altına vermək, sonra isə İzmir bölgəsini yunanlara bağışlamaq üçün öz aralarında razılığa gəldilər. Ordumuzun silahlarını və donanmamızı əlimizdən aldılar. Hər yerə əsgər göndərdilər. Bundan başqa, yunan dəstələri Qaradəniz vilayətində Pontus krallığı yaratmaq üçün silahlanaraq dağlara qalxdılar.

Tez bir zamanda üç böyük dövlətin – İngiltərə, Fransa və İtaliyanın dəniz və piyada qüvvələri İstanbul şəhərinə, xüsusilə də boğazlara yerləşdirildi. Beləcə, yurdumuzun ən zəngin torpaqlarını itirmək təhlükəsi ilə üz-üzə qaldıq. Bu gedişatla biz adını sadaladığım torpaqlarda yadellilərin əlində əsl kölə, yerdə qalan kasıb torpaqlarımızda İsə böyük dövlətlərin qulu olacaqdıq.

Padşah və hökumət həmin ərəfədə düşdüyümüz vəziyyətin çətinliyini görərək, – "Bir halda ki, məğlub olmuşuq, qarşılarında baş əyməkdən başqa çarəmiz yoxdur", – dedilər. Sonra da Parisdə hazırlanan "Sevr müqaviləsini[3] qəbul etdilər.

Vətənsiz və azadlıqsız qalmağı heç cür qürurlarına sığışdıra bilməyən vətən qəhrəmanları isə ayağa qalxaraq dəstələr halında birləşdilər, mübarizəyə atıldılar. Ancaq Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperatorluqlarını məğlub edən dövlətlərə qarşı mübarizə aparmaq istəyən bu dəstələr canlarını qurban verməkdən başqa nə edə bilərdilər ki?

O zamanlar yurd və azadlıq uğrunda şəhid olmaqdan çəkinməyən xalq qəhrəmanları ilə nələr etmək mümkün olduğunu çox gözəl anlayan bir nəfər vardı: Mustafa Kamal. O, min doqquz yüz on doqquzuncu il, mayın on doqquzunda Samsuna gələrək hakimiyyəti öz əlinə aldı. Dağınıq silahlı qüvvələri və hər biri öz bölgəsini qorumağa çalışan pərakəndə dəstələri bir yerə toplayaraq Böyük Millət Məclisi Hökumətinin və Qurtuluş Ordusunun təməlini qoydu. Yalnız döyüşlərdə qələbə çalan komandan yox, həm də xalqı birləşdirən və ardınca aparmağı bacaran lider, heç bir uğurlu fürsəti gözdən qaçırmayan, əldən verməyən dövlət adamı olduğunu hər kəsə isbat etdi. Baş qaldıran üsyanları yatıraraq, xəlifə ordusunu geri döndərərək əvvəlcə fransız və italyan əsgərlərini Kilikya və Antalyadan çıxardı, sonra, yəni min doqquz yüz iyirmi ikinci ilin sentyabr ayında isə yunan ordularını dənizə tökərək nəhayət, üç böyük dövlətin dəniz donanmalarını və əsgərlərini İstanbuldan da, boğazlardan da çəkilmək məcburiyyətində qoydu. Bir sözlə, o bizi bugünkü dövlətimizə və azadlığımıza qovuşdurdu.

O bir sıra qələbələri qazandıqdan sonra etdiyi inqilablarla tariximizin cümhuriyyət və mədəniyyət dövrünü başlatdı.

Sevimli uşaqlar. Hamınızın bir anası və bir atası var. Onlar olmasaydı, dünyaya gəlməzdiniz. Onu da bilin ki, əgər Atatürk də öz millətinin və pərakəndə hala düşmüş ordunun başında durmasaydı, Anadolu döyüşlərini qazanmasaydı, bu dünyada vətənsiz və azadlıqsız qalardınız. Əsl yetimlik və sahibsizlik budur. Ona görə də bu kitaba "Atanız Atatürk" adını qoydum. Unutmayın ki, həyatınızı ata-ananıza, azad, şanlı və şərəfli türklüyünüzü isə Atatürkə borclusunuz.

Sizə atanız Atatürkün necə yetişdiyini, nələr etdiyini, necə insan olduğunu anlatmaq istəyirəm. Bu yolla siz Onunla qürur duymanın səbəbini öyrəndiyiniz kimi, onun kimi olmanın yollarını da öyrənmiş olacaqsınız.

Falih Rifki Atay

Uşaqlığı

Atatürk min səkkiz yüz səksən birinci ildə Selanikdə, Əhməd Subaşı məhəlləsində, Sənaye Məktəbinin qarşısında yerləşən taxta bir məhəllə evində dünyaya gəlib. Atasının adı Əli Rza bəy, anasının adı isə Zübeydə xanım idi. Əli Rza bəy gömrük məmuru işləyirdi. Maaşı az olduğu üçün ailəni kasıbçılıq içində yaşadan ata təqaüdə çıxdıqdan sonra kiçik bir sərmayə ilə taxta-şalban ticarətinə başlasa da, çox güman ki, ancaq gündəlik çörək pulunu qazana bilmişdi. Hər halda, onun ölümündən sonra arvad-uşağı daha çox ehtiyac içərisində yaşamışdı. Deməli, ailənin əlavə gəlir yeri, və ya Əli Rza bəyin ticarətdə xüsusi qazancı olmamışdı.

 

Atatürkün əsl adı Mustafa idi. Ailədə üç uşaq idilər. Gənc yaşda dünyasını dəyişən və zabit olan bir ögey qardaşı Sürəyya bəy vardı, bir də kiçik bacısı Məqbulə xanım. Bu orta səviyyəli ailənin başqa dərdi yox idi. Yeganə qayğıları uşaqları oxudub yetişdirmək idi.

Mustafa yeddi yaşına çatanda ata-ana arasında məktəb məsələsi ilə bağlı əməllicə mübahisə düşdü. Çünki o zamanlar iki cür məktəb var idi. Adətən, uşaqların əksəriyyəti təhsil və savad baxımından geri qalan məhəllə məktəblərində oxuyardılar. Yalnız çox az uşaq vardı ki, açıqfikirli ziyalıların yaratdığı xüsusi məktəblərə gedə bilirdi.

Atatürkün də atası oğlunu yeni açılan Şəmsi Əfəndi məktəbinə qoymaq istəyirdi. Amma anası adət-ənənəyə bağlı olduğu üçün cidd-cəhdlə onun məhəllə məktəbinə getməsini tələb edirdi.

Atatürk həmin günləri xatırlayaraq belə deyirdi: "Nəhayət ki, atam hiylə işlədərək bu işin içindən çıxa bildi. Əvvəlcə, – "allah-allah", – deyə-deyə, amma yalandan, lağlağı edirmiş kimi məhəllə məktəbində oxumağa başladım. Bir qədər sonra isə oradan çıxaraq Şəmsi Əfəndi məktəbinə yazıldım".

Mustafa məktəbdə oxuyarkən Osmanlı İmperatorluğu Adriatik sahillərindən Fars körfəzinə, Serbiya və Bolqarıstan sərhədlərindən Ədən körfəzinə qədər uzanan böyük bir ölkə idi. Afrikada Trablusqarp və Benqazi əraziləri birbaşa olaraq, Bolqarıstanın Şərqi Rumeli deyilən böyük bir parçası, Avstriya-Macarıstanın işğalı altında olan Bosniya-Hersoqovina, ingilis hökmranlığında olan Kıbrıs, Misir, Sudan hüquqi cəhətdən Osmanlı İmperatorluğuna bağlı idi. Girit adası ilə Egey dənizindəki bütün adalar bizim tabeçiliyimizdəydi. Siz bugünkü vətənimizin Mustafanın uşaqlıq dövründəki türk vətəni ilə müqayisədə nə qədər kiçik olduğunu bilməlisiniz. Xəbəriniz olsun ki, Selanik, Rumeli də Makedoniyanın əsas şəhərləri idi. Ümumiyyətlə, Osmanlı İmperatorluğu əsrlər boyu dayanmadan Rumeli sərhədlərində slavyan və cermen[4] xalqları ilə döyüşüb. İndi isə macar və cermenlərlə çarpışa-çarpışa Vyana qapılarından, ruslarla vuruşa-vuruşa Rumıniya sərhədlərindən geri çəkilmişdik. Bu azmış kimi, Krım və Qafqazı da itirmişdik. Rumeli köçərilər və qürbətdən gələnlər yurdu idi. Makedoniya türkləri "qədim qələbə dastanlarının xatirələrinin həsrətilə yaşayacağıq, yoxsa yaşamayacağıq", – deyə dayanmadan narahatlıq keçirirdilər.

Qulağının eşitdiyini ağlı ilə dərk etməyə başladıqdan sonra kiçik Mustafa bəy qəhrəmanlıq cəngilərini və yurdlarından köçən insanların başlarına gələn əhvalatları dinləyə-dinləyə böyüyəcəkdi. Ümumiyyətlə, Rumeli türklərində qalib gəlmək ümidi və iradəsi heç zaman qırılmamışdı. Onların inancına görə, artıq əvvəlki qəhrəmanlar və fatehlər yetişmədiyi üçün məğlub olurduq. Əgər bu qəhrəmanlardan və fatehlərdən biri də doğulsaydı, mütləq çətinliklərdən xilas olar və köhnə torpaqlarımıza qovuşa bilərdik.

Əli Rza bəy Mustafa hələ məktəb şagirdi ikən dünyasını dəyişdi. Yəni Mustafa çox kiçik yaşlarından yetim qaldı. Ailənin gəliri olmadığı üçün anası oğlunu məktəbdən çıxartdı. Uşaqlarını da götürüb Lankaza tərəflərdə əkinçiliklə məşğul olan qardaşının fermasına yola düşdü. Dayısı Mustafaya ferma işlərini öyrətmək qərarına gəlmişdi. Ümumiyyətlə, Mustafa iş bacaran, fərasətli uşaq idi. Demək olar ki, fermada bütün işlərə yarayırdı. Hətta yaşlandığı zamanlarda belə, qarğalar əkin yerinə qonmasın deyə, bacısı ilə birlikdə paxla becərilmiş tarlalara qarovulçuluq etdiyi günləri tez-tez yada salardı.

Dövlət rəhbəri olduğu zamanlarda bir dostu onun əkin yerinə qarovulçuluq etməsi ilə bağlı əhvalatı qonaqlara danışdı. Məclisdəkilərdən biri özünü saxlaya bilməyərək, – "Qoyun görək", – dedi. Yəni danışılanlara inanmaq istəmədi. Onda Atatürk üzünü o qonağa tutaraq belə cavab verdi:

– Bəli, doğrudur. Mən də hər kəs kimi anadan oldum, hər kəs kimi də böyüdüm. Dünyaya gəlməyimdə bir fərqli cəhət varsa, o da türk olaraq doğulmağımdır.

Atatürk hər zaman öz xalqmrn övladı olduğu üçün öyünürdü, qürurlanırdı.

Beləliklə, Mustafa getdikcə kənd həyatına da, ferma işlərinə də alışırdı. Amma anası uşağı oxuda bilmədiyi üçün yasa batmışdı, gecə-gündüz fikir çəkirdi. O oğlunun savadlı olmasını, təhsil almasını istəyirdi.

Bir payız günündə dayısı ilə birlikdə çöldə gəzdikləri, əkin yerinə nəzarət etdikləri vaxt Mustafanı tələm-tələsik evə çağırdılar. Sən demə, Selanikdə yaşayan bibisi onu yenidən məktəbə göndərə bilmək üçün öz yanına aparmaq qərarına gəlibmiş. Anası böyük sevinc içində bu xəbəri oğluna çatdırdı. O zaman on yaşında olan Mustafa tərəddüd içində idi. Ona elə gəlirdi ki, fermada qalsa, buradakı işlərə kömək etsə, onun üçün də, ailəsi üçün də bu, daha yaxşı olar. Amma bu barədə heç kimə heç nə demədi və etiraz etmədən, istəsə də, istəməsə də, anası ilə Selanikə yola düşdü.

Bu dəfə təhsilini davam etdirmək üçün onu indi "orta məktəb" adlandırdığımız "rüşdiyə məktəbi" nə verdilər. Beləcə, Mustafa təhsilini yarımçıq qoyduğu yerdəncə davam etdirməyə başladı.

Günlərin bir günü Qaymaq Hafiz adında ərəb dili müəllimi Mustafanın uşaqlarla dalaşdığını görərək onu ağzı-burnu qanayana qədər döydü. Mustafa məktəbdən qaçaraq hirsli-hirsli evə qayıtdı. Müəllimin haqsızlığını və döyülməsini heç cür qüruruna sığışdıra bilmirdi. Ona görə də evə çatan kimi bir az düşünüb daha o məktəbə getməyəcəyinə and içdi.

O zamanlarda qonşulardan birinin uşağı – bir mayorun oğlu hərbi məktəbdə təhsil alırdı. Hərbi məktəbdə oxuyan şagirdlərin geyindiyi paltarların parlaq düymələri olardı. Mustafa küçədə görərkən həmişə bu cür geyimli uşaqlara həsədlə baxırdı. Çünki onun da əsas arzusu o məktəbə yazılmaq idi.

Gəlin indi də Atatürkün hərbi məktəbə getməsi ilə bağlı özünün söylədiklərini dinləyək: "O ərəfələrdə anam Selanikə gəlmişdi. Hərbi məktəbə getmək istədiyimi onun özünə də dedim. Amma anam hərbdən də, hərbçilikdən də ehtiyat edirdi. Ona görə də razılıq vermədi. Mən də ona hiss etdirmədən qəbul imtahanlarına hazırlaşdım və qəbul olundum. Bundan sonra anam fakt qarşısında qaldı. Yəni məcburən mənim hərbi məktəbdə oxumağıma razılıq verdi".

Mustafa həvəslə qəbul olunduğu üçün məktəbdə dərslərini də eyni həvəslə oxuyurdu. Amma riyaziyyata daha çox maraq göstərirdi. Hətta riyaziyyatı o qədər ciddcəhdlə öyrənirdi ki, onun bu marağını və zehnini görən müəllimlər Mustafaya uşaq kimi deyil, məslək yoldaşları kimi yanaşmağa başlamışdılar. Aralarında səmimi münasibət yaranmışdı. Bu səmimiyyətin nəticəsi idi ki, günlərin bir günü riyaziyyat müəllimi ona belə dedi:

– Oğlum, sənin də adın Mustafadır, mənim də. Belə olmaz axı. Aramızda nəsə bir fərq qoymaq lazımdır, ya yox?!. Ona görə də gəl, bundan sonra səni Mustafa Kamal deyib çağıraq.

Bax, Mustafa Kamal adı ona məktəb yaşlarında ikən beləcə verildi və ta ki Atatürk olana qədər o bu adı daşıdı.

Əslində, həmin riyaziyyat müəllimi çox sərt adam idi. Tələbələrinə qarşı da hər zaman sərt davranardı. Lakin Mustafaya qarşı belə deyildi. Bir gün o sinfə girərək uşaqlara dedi:

– Aranızda özünə güvənən varsa, ayağa qalxsın, fərqlənə bilsə, onu sinif nümayəndəsi edəcəyəm.

Müəllimin sözü ağzından çıxan kimi elə uşaqlar ayağa qalxdılar ki, bundan sonra Mustafa özünü ortaya atmağa cəsarət edə bilmədi. Ancaq bir məsələ də vardı ki, onun fikrini bərk məşğul edirdi. Axı bundan sonra o, ayağa qalxanlardan hansısa birinin əmrinə tabe olmaq məcburiyyətində qalacaqdı. Bunu isə qüruruna sığışdıra bilməzdi. Ona görə də bu barədə fikirləşə-fikirləşə Mustafa Kamal birdən-birə yerindən sıçrayıb ayağa qalxdı və:

– Mən sinif nümayəndəliyini hamıdan yaxşı edərəm, – dedi.

Dedi də, etdi də. Bu hadisədən sonra sinfin nümayəndəsi Mustafa Kamal oldu.

Mustafa Kamal hərbi məktəbi əla qiymətlərlə bitirdikdən sonra üç yoldaşı ilə birlikdə Manastır İdadisinə[5] yollandı. Bu, hərbi lisey idi.

Özü liseydə keçirdiyi ilk zamanlar haqqında belə danışırdı: "Riyaziyyat mənə çox asan gəlirdi. Özümü bu dərsə elə qapdırmışdım ki… Ancaq fransız dilindən geri qalırdım. Bilirdim ki, bunun öhdəsindən mütləq gəlmək lazımdır. İlk üç aylıq tətili keçirmək üçün Selanikə gəldiyim zaman gizlicə fransız məktəbinin xüsusi sinfinə yazıldım. Və orada oxumağa başladım. Fransız dilində öyrəndiklərim dil bacarıqlarımın inkişaf etməsinə səbəb oldu. Amma o günə qədər ədəbiyyatla ümumiyyətlə, heç maraqlanmamışdım.

Bu aralarda Bursa İdadisindən qovularaq bizim məktəbə gələn və şeir həvəskarı olan bir gənclə tanış oldum. Rəhmətlik Ömər Naci ilə. O məndən oxumaq üçün bir kitab istədi. Amma verdiklərimin heç birini bəyənmədi. Bu, bir az qüruruma toxundu. O zamana kimi mən, ümumiyyətlə, ədəbiyyat deyə bir şey olduğunun fərqinə belə varmamışdım. Ədəbiyyatın nə olduğunu məhz o zaman öyrəndim. Sonra şeirə maraq göstərməyə başladım. Təkcə şeir oxumur, həm də yazırdım. Ancaq bir gün bu marağımı görən, məktəbimizə yeni gəlmiş nitq mədəniyyəti müəllimi mənə, – “bilirsən ki, belə şeylər səni əsgərlikdən uzaqlaşdırır?" – deyə sual verdi. Bu məni xeyli düşündürdü. Elə o gündən şeir yazmağın daşını birdəfəlik atdım. Ancaq daha şeir yazmasam belə, gözəl yazmaq həvəsi hələ də canımda qalmışdı".

İndi o artıq bir yeniyetmə idi. Ətrafını görə bilən və hər şeyin fərqinə varmağı bacaran yaşa çatmışdı. O zamanlar ölkədə vəziyyət mürəkkəb idi. Serblər və bolqarlar bu torpaqları bizdən almaq istədikləri üçün Manastır dağlarında və kəndlərində silahlı dəstələr yaradaraq tez-tez türk kəndlərinə basqın edirdilər. Mustafa Kamal bütün bunları görürdü. Və təsadüfi deyil ki, ilk dəfə məhz Manastırda olarkən Mustafa Kamalın ürəyində vətən qayğısı baş qaldırdı. O millətin torpaqları və azadlığı üzərində dolaşan təhlükəni artıq dəqiqliyi ilə hiss etməyə başlamışdı.

Min səkkiz yüz doxsan yeddinci ildə Yunan müharibəsi baş qaldırdı. Bu zaman Mustafa Kamal hələ ki Manastır İdadisində oxuyurdu. Səfərbərlik elan edildiyi üçün gənclər əllərində türk bayraqları ilə zurna-davulun sədaları altında cəbhələrə yola düşürdülər. Əsgərliyə çağırılmasalar da, könüllü olaraq gedənlər daha çox idi. Axın-axın Manastırdan keçən əsgər dəstələrini görən uşaqların fərəhdən az qala ürəkləri kökslərinə sığışmırdı. Mustafa Kamal könüllü olaraq getmək istəyənlərdən biri idi. Hətta onların başında dururdu.

Bu fikir beyninə əməlli-başlı yerləşmişdi. Ona görə də bir gecə dostu ilə bərabər məktəbdən qaçmağa qərar verdi. Qarşısına məqsəd qoymuşdu. Yunanlarla döyüşəcəkdi.

Yunan torpaqlarında qoşula biləcəyi hərbi bölük axtararkən gecə vaxtı bir evin qapısının ağzına gəlib çıxdılar. Mustafa Kamal qapını taqqıldatdı.

– Qonaq qəbul edərsinizmi? – deyə soruşdu.

Qapını açan qadın səsini çıxarmadan geri çəkilib astanada dayananlara içəri keçmək üçün yol verdi. Sonra əlində tutduğu lampanı gənclərin üzünə doğru qaldıraraq heyrətlə:

– Mustafa, sən burda neyləyirsən? – deyə soruşdu.

Bu, Selanikdə uzun müddət yaşamış Zübeydə xanımı tanıyan bir bolqar qadını idi. O, tələm-tələsik Mustafanı içəri keçirərək:

– Hara gedirsən? – deyə soruşdu.

Mustafa Kamal:

– Cəbhəyə… Yunanlarla döyüşməyə gedirəm, – dedi.

Qadın uzun müddət öyüd-nəsihət verdikdən sonra onu birtəhər öz fikrindən daşındıra, qərarından döndərə bildi. Beləcə, Mustafa döyüşə getmədən geri qayıtmalı oldu.

Mustafa söz götürməyi sevməyən qürurlu bir uşaq idi. Məhəllədəki küçə oyunlarına tamaşa edər, amma heç vaxt oynayanlara qoşulmazdı. O zamankı dostlarından birinin söylədiyinə görə, bir dəfə qonşu uşaqlar "birdir-bir" adlı oyun oynayırlarmış. Onlar kənarda dayanıb oyuna tamaşa edən Mustafanı da yanlarına çağırırlar.

– Gəl, sən də oyna, – deyirlər.

Mustafa:

– Yaxşı, – desə də, olduğu yerdəcə tərpənmədən dayanır.

O zaman uşaqlar yenidən onu çağıraraq, – "oyna da, əyil, üstündən atılaq", – deyirlər.

 

Mustafa isə başını bulayaraq bir müddət onları təpədən-dırnağa süzür, sonra da belə cavab verir:

– Mən əyilmərəm. Əgər üstümdən bu şəkildə hoppana bilərsinizsə, buyurun, hoppanın. Amma bilin ki, mən əyilmərəm!

1Osmanlı Dövlətinin idarə mərkəzi. Bir sıra nazirliklər və idarələri əhatə edirdi.
2Daxili İşlər Nazirliyinin Xüsusi Katibliyi.
31920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalanıb. 1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri “Avropanın xəstə adamı” adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də, Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi. 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. Müqavilə rəsmi olaraq deyure Osmanlı imperiyasının bölüşdürülməsini, defakto isə Türkiyənin suverenliyini ləğv etdi. Hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilmədi.
4Bugünkü Almaniya, Avstriya, Bohema ve Polşanın qərb bölümünü əhatə edən Almaniyada miladdan əvvəl III–IX əsrlərdə yaşayan xalq.
5Hərbi lisey