Əlvida silah

Text
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Font:Smaller АаLarger Aa

– Gecəniz xeyrə qalsın, cənablar, – dedim.

Rinaldi mənimlə birlikdə çıxdı. Biz həyətdə qapının ağzında dayandıq və o dedi:

– Yaxşısı budur ora sərxoş getməyin.

– Mən sərxoş deyiləm, Rinin. Doğru sözümdür.

– Heç olmasa qəhvə dənləri çeynəyin.

– Boş şeydir.

– Bebi, mən indi sizin üçün gətirərəm. Hələlik burada gəzi-şin. – O bir ovuc qovrulmuş qəhvə dənələri gətirdi. – Çeynə-yin, bebi və allah sizə yar olsun.

– Baxus, – dedim.

Mən sizi ötürərəm.

– Axı, mən yaxşıyam.

Biz ikimiz şəhərdə gedirdik. Mən də qəhvə dənlərini çeynəyirdim. İngilislərin villasına gedən xiyabanın girəcəyində Rinaldi mənə xeyirli gecə arzuladı.

– Gecəniz xeyrə qalsın, – dedim. – Niyə siz də getməyəsiz?

O, başını tərpətdi. – Yox, – dedi. – Mən adi zövqləri daha üstün tuturam.

– Qəhvə dənləri üçün sağ olun.

– Dəyməz, bebi. Dəyməz.

Mən xiyabanla getdim. Sərv ağacları hər tərəfdə düz sıra ilə uzanırdı. Mən dönüb gördüm ki, Rinaldi durub ardımca baxır, mən ona əl elədim.

Mən Ketrin Barklini gözləyərək villanın qəbul otağında oturmuşdum. Kim isə vestibülə girdi. Mən qalxdım, ancaq bu, Ketrin deyildi. Bu miss Ferqyuson idi.

O:

– Hello, – dedi. – Ketrin məndən xahiş elədi, sizə deyim ki, o bu gün, çox təəssüf, sizinlə görüşə bilməyəcək.

– Heyf. Ümid edirəm xəstə deyil.

– O lap sağlam da deyil.

– Xahiş edirəm, ona deyəsiz ki, mən çox məyus oldum.

– Deyərəm.

– Bəlkə mən sabah səhər gəlim?

– Gəlin.

– Artıq dərəcədə təşəkkür edirəm, – dedim. – Gecəniz xeyrə qalsın.

Mən qəbul otağından çıxdım, birdən-birə darıxmağa və özümü narahat hiss etməyə başladım. Mən Ketrin ilə olan görüşümə çox laqeyd baxırdım, bərk içmişdim və az qalmışdı ki, gəlməyi unudum, lakin onu görməyəcəyim aydın olanda, mən darıxmağa başladım və özümü yalqız hiss etdim.

SƏKKİZİNCİ FƏSİL

O biri gün öyrəndik ki, çayın yuxarılarında hücum olacaq, biz də dörd maşınla ora getməliyik. Heç kəs əməlli-başlı bir şey bilmirdi, ancaq hamı çox lovğa-lovğa danışaraq öz strateji biliyini göstərirdi. Mən birinci maşında oturmuşdum və biz ingilis hospitalının darvazası yanından keçəndə, şoferə dedim ki, maşını dayandırsın. O biri maşınlar da dayandı. Mən maşından çıxıb o biri şoferlərə dedim ki, yollarına davam etsinlər və əgər onlara çatmasaq, Kormon yolunun ayrıcında bizi gözləsinlər. Tələsik addımlarla xiyabanı keçdim və qəbul otağına girərək, miss Barklini çağırmağı xahiş etdim.

– O, növbədədir.

– Bir dəqiqəliyə onu görə bilərəmmi?

Sanitarı göndərdilər ki, öyrənsin, o da onunla birlikdə qayıtdı.

– Gəldim ki, sizin səhhətinizi xəbər alım. Mənə dedilər siz növbədəsiz, xahiş etdim ki, sizi çağırsınlar.

O:

– Mən lap yaxşıyam, – dedi. – Görünür, dünən halım istidən pis olubmuş.

– Mən getməliyəm.

– Bir dəqiqəliyə sizinlə çıxaram.

Biz çıxandan sonra mən soruşdum:

– Siz özünüzü lap yaxşımı hiss edirsiz?

– Hə, əzizim. Siz bu gün gələcəksiz?

– Xeyr. Mən bu saat yola düşürəm – bu gün Plavada kef olacaq.

– Kef?

– Çətin ki, başqa bir ciddi iş olsun.

– Bəs nə vaxt qayıdacaqsız?

– Sabah.

O, nəyi isə açıb boynundan çıxartdı və ovcuma qoydu.

– Bu, müqəddəs Antonidir, – dedi. – Sabah axşam isə gələrsiz.

– Məgər siz katoliksiz?

– Xeyr. Ancaq deyirlər ki, müqəddəs Antoni çox kömək edir.

– Onu sizin xatirinizə qoruyacağam. Əlvida.

– Yox, – qız dedi. – Əlvida yox.

– Baş üstə.

– Ağıllı olun və özünüzü qoruyun. Yox, burada öpüşmək olmaz. Olmaz.

– Baş üstə.

Mən geri dönüb gördüm ki, o, pilləkənlərin üstündə dayanıb. O, mənə əl elədi, mən də ona öpüş göndərdim. O mənə bir də əl elədi və sonra xiyaban qurtardı, mən maşına mindim və biz yola düşdük. Müqəddəs Antoni ağ metaldan olan kiçik medalyon idi. Mən medalyonu açıb ovcumun içində silkələdim.

– Müqəddəs Antoni? – şofer soruşdu.

– Bəli.

– Məndə də var. – Onun sağ əli sükanı buraxdı, düyməni açdı və köynəyinin altından elə bu cür medalyon çıxartdı. – Görürsüz?

Mən müqəddəs Antonini yenidən medalyonun içinə qoydum, nazik qızıl zənciri ilə bir yerə yığıb yan cibimdə gizlətdim.

– Siz onu boynunuzdan asmayacaqsız?

– Xeyr.

– Yaxşısı budur, asın. Yoxsa nəyə gərəkdir?

– Yaxşı, – dedim. Mən qızıl zəncirin bəndini açdım, onu boynuma saldım və bəndini təzədən bağladım. Müqəddəs, formam olan frençimin üstündən sallandı. Frençimin düyməsini açdım, sonra köynəyimin yaxasını açdım və müqəddəs Antonini köynəyimin altına buraxdım. Maşında oturarkən sinəmdə onun metal futlyarını hiss edirdim. Bir az sonra onu unutdum. Yaralanandan sonra daha onu görmədim. Ehtimal ki, sarğı məntəqəsində kim isə onu çıxartmışdı.

Körpüdən keçərək biz sürəti artırdıq, az sonra yolda o biri maşınların toz qaldırdığını gördük. Yol burulanda biz maşınların üçünü də gördük; bu maşınlar adama lap balaca gəlirdi, toz təkərlərin altından qalxaraq ağacların dalına tərəf gedirdi. Biz onlara çatdıq və onları ötüb dağa qalxan o biri yola burulduq. Əgər başdakı maşında əyləşmisənsə, kolonna ilə getmək o qədər də pis deyil və mən rahat oturub ətrafa baxmağa başladım. Biz çay tərəfdən dağ ətəyi ilə gedirdik, yol yuxarı qalxanda, şimalda üstünü qar örtmüş hündür zirvələr göründü. Mən geri boylananda gördüm ki, qalan üç maşın da bir-birindən toz ilə ayrılaraq dağa qalxır. Biz yüklənmiş qatırların uzun karvanını vurub keçdik: qatırların yanınca qırmızı fəs qoymuş qatırçılar gedirdilər. Bunlar bersalyerlər idi.

Qatır karvanından sonra bizə daha heç bir şey rast gəlmədi və biz təpədən-təpəyə qalxdıq, sonra yamacla gedən uzun yol ilə çayın vadisinə endik. Burada yolun hər iki kənarında ağaclar əkilmişdi, sağ tərəfdəki ağacların arxasından iti axan dayaz və dumduru çayı gördüm. Çayın suyu azalaraq qum və çınqıl zolaqları arasındakı ensiz axarlardan keçib gedirdi, bəzən də çayın dibindəki çınqılların üzərinə yayılaraq parıldayırdı. Lap sahildə dərin çuxurlar gördüm, bunların içindəki su səma kimi göy idi. Mən çayın üstündən aşan qövs kimi daş körpücüklər gördüm, yoldan ayrılan cığırlar bu körpücüklərə gedirdi, daşdan tikilmiş kəndli evləri, bunların cənub hasarı boyunca əkilmiş armud ağacları və tarlalardakı alçaq daş çəpərlər gözə çarpırdı. Vadi ilə gedən yol xeyli uzandı, sonra biz burularaq yenə dağa qalxmağa başladıq. Yol yuxarı dik qalxırdı və şabalıd meşəliyinin içi ilə burula-burula gedirdi, nəhayət, alçaq təpələrin boyunca uzanmağa başladı. Ağacların arasından vadi görünmürdü və orada, xeyli aşağıda iki ordunu ayıraraq qıvrılan çay günəşin şüaları altında parıldayırdı. Biz təpələrin lap yalından salınmış yeni hərbi daş yol ilə getdik və mən Şimala, iki dağ silsiləsinin uzandığı tərəfə baxırdım, bu dağlar həmişə qarla örtülən yerəcən yaşıl və qara, daha yüksəkdə isə günəşin şüaları altında ağ və parlaq görünürdü. Sonra yenə yoxuş başlananda mən üçüncü dağ silsiləsini, təbaşir kimi ağ, qəribə zolaqlarla kəsilmiş hündür, qarlı dağları gördüm. Bunların arxasından isə uzaqlarda yenə dağlar ucalırdı, bilmək olmurdu ki, bunlar həqiqətən dağlardır, yoxsa adama elə gorunür. Bunların hamısı Avstriya dağları idi, bizdə isə belə dağlar yox idi. İrəlidə sağa burulan yuvarlaq döngə var idi, ağacların arasından gördüm ki, yol birdən aşağı enir. Bu yol ilə qoşunlar, yük maşınları və dağ topları qoşulmuş qatırlar hərəkət edirdi, biz yolun lap kənarı ilə aşağı gedəndə, mən çox aşağılardakı çayı onunla yanaşı uzanıb gedən şpalları və relsləri, köhnə dəmir yolu körpüsünü, çayın o biri sahilində, dağın ətəyində isə bizim almaq istədiyimiz şəhərciyin dağıdılmış evlərini gördüm.

Biz aşağı çatanda və çay sahili boyu çəkilmiş əsas yola çıxanda artıq hava qaralmışdı.

DOQQUZUNCU FƏSİL

Yol nəqliyyat və adamlarla dolu idi; yolun hər iki tərəfi ilə üzərinə küləş həsir çəkilmiş sipərlər uzanıb gedirdi və həsirlər yolun üstünü örtərək, onu sirkə və ya vəhşi adamlar kəndinə gedən yola bənzədirdi. Biz yavaş-yavaş bu küləş tunel ilə hərəkət edirdik və nəhayət, əvvəllər dəmir yolu stansiyası olmuş çılpaq, təmizlənmiş bir yerə gəlib çıxdıq. Bundan o yana sahil təpələri qazılmış, təpələrdə yol uzunu sığınacaqlar yaradılmış və oraya piyada qoşun toplanmışdı. Gün batırdı, təpənin üstündən baxanda mən, çayın o biri tərəfindəki dağların üzərində, qürubdan qızaran səmada avstriyalıların müşahidə aerostatlarının qaraldığını gördüm. Biz maşınları kərpic zavodunun xarabalıqlarının arxasında qoyduq. Kürələrdə və bir neçə dərin çuxurda sarğı məntəqələri düzəldilmişdi. Həkimlərin arasında mənim üç tanışım var idi. Baş həkim mənə dedi ki, başlayanda və bizim maşınlar yaralıları qəbul edəndə, biz onları sahil boyu gizlədilmiş yol ilə apararıq, sonra yuxarı postun yerləşdiyi dağ aşırımına qaldırarıq, orada yaralıları başqa maşınlar gözləyəcək. O dedi ki, təki yolda basabas əmələ gəlməsin. Başqa yol yox idi. Yolu ona görə gizlətmişdilər ki, avstriyalıların sahilindən görünürdü. Burada, kərpic zavodunda, sahildəki qum təpəsi bizi tüfəng və pulemyot atəşindən qoruyurdu. Çayın üstündən yarı dağıdılmış təkcə bir körpü keçirdi. Top atəşi başlayan kimi, daha bir körpü düzəldəcəkdilər, qoşunların bir hissəsi isə çayın burulduğu dayaz yerdən keçəcəkdi. Baş həkim balaca boylu adam idi, bığlarını yuxarı eşmişdi. O, mayor rütbəsində idi, Liviya müharibəsində iştirak etmişdi və yaralandığı üçün iki nişanı var idi. O dedi ki, hər şey yaxşı keçsə, o məni mükafata təqdim edəcək. Mən dedim ki, ümid edirəm hər şey yaxşı olacaq və iltifatı üçün ona təşəkkür etdim. Şoferləri yerləşdirmək üçün burada böyük blindaj olub-olmadığını soruşdum, o da bir əsgər çağırıb məni ötürməyi tapşırdı. Mən əsgərin ardınca getdim, blindaja çox tez gəlib çatdıq, bura çox rahat yer idi. Şoferlər razı qaldılar və mən onları orada qoyub çıxdım. Baş həkim məni və daha iki zabiti içməyə dəvət etdi. Biz rom içdik, mən özümü dostların arasında hiss etdim. Qaranlıqlaşırdı. hücumun nə vaxt başlaya-cağını xəbər aldım, mənə dedilər ki, hücum lap qaranlıqlaşan kimi olacaq. Mən şoferlərin yanına qayıtdım. Onlar blindajda oturub söhbət edirdilər, mən içəri girəndə susdular.

 

Onların hərəsinə bir qutu «Makedoniya» siqareti verdim, siqaretlər boş doldurulmuşdu, tütün tökülürdü, çəkməmişdən qabaq bir ucunu eşmək lazımdı. Manyera alışqanını yandırıb hamıya uzatdı. Alışqan Fiatın radiatoru şəklində düzəldilmişdi. Eşitdiklərimin hamısını onlara danışdım.

– Biz bura gələrkən postu niyə görmədik? – Passini soruşdu.

– Biz döndüyümüz yerdən bir az o yandadır.

– Hə, bu yol ilə getmək lap kef olacaq, – dedi.

– Avstriyalılar bizə toy tutacaqlar, belə-belə olsunlar.

– Arxayın olun.

– Leytenant, bəs yemək məsələsi necə olacaq? Başlayanda, yemək gözləmək mənasız olacaq.

– İndi gedib öyrənərəm, – dedim.

– Biz burada oturaq, ya bayıra çıxa bilərik?

– Yaxşısı budur burada oturun.

Mən baş həkimin yanına qayıtdım və o dedi ki, səyyar mət-bəx bu saat gəlib çıxacaq və şoferlər şorba aparmağa gələ bilərlər. Öz qazançaları yoxdursa, o, qazança verə bilər. Mən dedim, gərək ki, varlarıdır. Geri qayıdıb şoferlərə dedim ki, yemək gətirən kimi onların ardınca gələcəyəm. Manyera dedi ki, yaxşı olardı yeməyi atəş başlamamışdan əvvəl gətirəydilər. Mən gedənə kimi onlar susdular. Onların dördü də mexanik idi və müharibəyə nifrət edirdilər.

Maşınları yoxlamaq və ətrafı nəzərdən keçirmək üçün bayıra çıxdım, sonra yenə blindaja, şoferlərin yanına qayıtdım. Blindajın yeri isti və quru idi, kürəyimi divara söykəyərək bədənimin bütün əzələlərini boş saxladım.

– Hücuma kim gedir? – Qavutsi soruşdu.

– Bersalyerlər.

– Təkcə bersalyerlər?

– Gərək ki, elədir.

– Əsl hücum üçün burada qoşun azdır.

– Ehtimal ki, bu sadəcə diversiyadır, əsl hücum isə burada olmayacaq.

– Bəs hücuma keçən əsgərlər bunu bilirlər?

– Güman etmirəm.

– Əlbət ki, bilmirlər, – Manyera dedi. – Əgər bilsələr getməzlər.

Passini:

– Elə gedərlər, – dedi. – Bersalyerlər axmaqdırlar.

– Onlar igid əsgərlərdir və intizamı gözləyirlər, – dedim.

– Onlar sağlam oğlanlardır və hamısının da geniş sinəsi var. Buna baxmayaraq onlar axmaqdırlar.

– Qranaderlərin hamısı qoçaqdır, – Manyera dedi. Bu zarafat idi. Dördü də bərkdən güldü.

– Onlar getməkdən imtina edəndə, sonra da onların hər on nəfərindən birini güllələyəndə, siz oradaydız, tenente?

– Yox.

– Belə bir iş olub. Onları sıraya düzüb hər onuncu adamı seçib ayırmışlar. Karabinerlər onları güllələyiblər.

– Karabinerlər, – deyərək Passini yerə tüpürdü. – Altı fut boyları olan qranaderlər isə getməkdən boyun qaçırıblar.

– Hamı boyun qaçırsaydı, müharibə də qurtarardı.

– Amma qranaderlər bu barədə heç fikirləşməyiblər də. Eləcə qorxuya düşüblər. Axı, zabitlərin hamısı aristokrat imiş.

– Bəzi zabitlər isə təkbaşına getmişlər.

– Zabitlərin ikisini, getmək istəmədikləri üçün serjant güllələdi.

– Sıravilərin də bəzisi getmişdi.

– Hər onuncu əsgəri seçib ayıranda, gedənləri heç sıraya da düzməyiblər.

Amma mənim bir yerlimi də orada güllələyiblər, – Passini dedi: – İri, qəşəng oğlan idi, hündürboy idi, elə qranaderliyə yarayardı. Həmişə Romada olardı. Həmişə qızlarla. Həmişə karabinerlərlə. – O güldü. – İndi onun evinin qabağında süngü-lü gözətçi qoyublar, heç kəs cəsarət eləmir ki, onun anasına, atasına, bacılarına baş çəksin, atasını isə bütün vətəndaşlıq hüququndan məhrum ediblər, heç səs də verə bilmir. Qanun artıq onları müdafiə etmir. Hər kəs gəlib evlərindən istədiyini götürə bilər.

– Əgər ailənin belə təhlükə qarşısında qalması qorxusu olmasaydı, heç kəs hücuma getməzdi.

– Hə də. Alp atıcıları gedərdilər. Viktor Emmanuel polku gedərdi. Məncə, bersalyerlər də gedirdilər.

– Axı, bersalyerlər də qaçırdılar. İndi onlar bunu unutmağa çalışırlar.

– Tenente, siz nahaq yerə bizə belə söhbətlər etməyə icazə verirsiz. Evviva l'esercito!14 – Passini istehza ilə dedi.

– Mən bu söhbətləri çoxdan eşitmişəm, – dedim. – Nə qədər ki, sükanın dalında oturub öz işinizi görürsüz…

– Elə astadan danışın ki, başqa zabitlər eşitməsinlər, – Manyera tamamladı.

– Mən belə hesab edirəm ki, biz müharibəni sona çatdırmalıyıq, – dedim. – Əgər bir tərəf vuruşmaqdan əl çəksə, müharibə dayanmayacaq. Əgər biz vuruşmaqdan əl çəksək, daha da pis olacaq.

– Bundan da pis ola bilməz, – Passini ehtiramla dilləndi. – Müharibədən pis heç bir şey yoxdur.

– Məğlubiyyət daha pisdir.

– Çətin ki, pis olsun, – Passini əvvəlki kimi ehtiramla cavab verdi, – məğlubiyyət nə deməkdir? Evə qayıdacağıq da. Düşmən sizin ardınızca gələcək. Evinizi alacaq. Bacılarınızı aparacaq.

Passini:

– Çətin ki, belə olsun. – dedi. – Onda elə hamının ardınca gələcək. Qoy onda hər kəs öz evini qorusun. Qoy bacılarını qapıdan bayıra buraxmasın.

– Sizi asarlar. Sizi götürüb yenidən vuruşmağa göndərərlər. Özü də sanitar nəqliyyatına yox, piyada hissəyə.

– Onda elə hamını asarlar.

Manyera:

– Özgə dövlət özündən ötrü səni vuruşmağa vadar edə bilməz, – dedi. – Lap birinci döyüşdəcə hamı qaçıb dağılar.

– Çexlər kimi.

– Siz məğlub olmağın mənasını başa düşmürsüz, ona görə də sizə elə gəlir ki, bu o qədər də pis şey deyil.

– Tenente, – Passini dedi, – gərək ki, siz danışmağa bizə icazə vermisiz. Onda qulaq asın. Müharibədən də dəhşətli şey yoxdur. Biz hətta burada, sanitar hissələrində də başa düşə bilmirik ki, müharibə necə dəhşətli şeydir. Müharibənin necə dəhşətli olduğunu başa düşənlər isə daha buna mane ola bilməzlər, çünki ağılları başlarından çıxır. Elə adamlar da var ki, heç vaxt başa düşməyəcəklər. Elə adamlar var ki, öz zabitlərindən qorxurlar. Bax, müharibəni belələrinin vasitəsilə aparırlar.

– Mən bilirəm ki, müharibə dəhşətli şeydir, ancaq biz onu axıra çatdırmalıyıq.

– Axırı yoxdur. Müharibənin axırı olmur.

– Yox, axırı var.

Passini başını tərpətdi.

– Müharibəni qələbələrlə udmurlar. Elə San-Qabrieli götürək. Elə Karsonu götürək, ya Monfalkoneni, ya da Triesti. Sonra nə olsun? Bu gün siz o uzaq dağları gördüzmü? Necə bilirsiz, biz onların hamısını ala bilərik? Ancaq avstriyalılar vuruşmaqdan əl çəksələr. Bir tərəf döyüşməkdən əl çəkməlidir. Nə üçün döyüşməkdən biz əl çəkməyək? Əgər onlar İtaliyaya gəlib çıxsalar, yorularlar və geri dönüb gedərlər. Onların öz vətəni var. Vacib deyil ki, mütləq müharibə edək.

– Siz əsl natiqsiz.

– Biz düşünürük. Biz mütaliə edirik. Biz kəndli deyilik. Biz mexanikik. Hətta kəndlilər də elə axmaq deyillər ki, mühari-bəyə inansınlar. Hamı bu müharibəyə nifrət edir.

– Ölkəni heç bir şey başa düşməyən və heç vaxt da başa düşməyəcək axmaq sinif idarə edir. Bax, biz buna görə vuruşuruq.

– Bu adamlar müharibədən hələ varlanırlar da.

– Bəziləri hətta heç varlanmırlar da, – Passini dedi. – Onlar həddindən artıq axmaqdırlar. Onlar bunu elə-belə edirlər. Axmaqlıqdan.

– Hə, bəsdir, – Manyera dedi. – Biz çox uzunçuluq elədik, hətta tenente üçün də.

Passini:

– Onun xoşu gəlir, – dedi. – Biz onu öz dinimizə gətirəcəyik.

– Yaxşı, hələlik bəsdir, – Manyera dilləndi.

– Bizə yemək verəcəklərmi, Tenente? – Qavutsi soruşdu.

– İndicə öyrənərəm, – dedim.

Qordini durub mənimlə birlikdə çıxdı.

– Bəlkə, tenente, bir şey etmək lazımdır? Mən sizə bir şeylə kömək edə bilərəmmi? – O, dörd nəfərin hamısından ən sakiti idi.

– Əgər istəyirsizsə, mənimlə gedək, – dedim, – görək orada nə var.

Artıq lap qaranlıq idi, projektorların uzun işıqları dağların üzərində dolaşırdı. Bizim cəbhədə yük maşınlarının üstündə qurulmuş nəhəng projektorlar işə düşmüşdü və bəzən gecələr mövqelərin lap yaxınlığından maşınla keçərək yoldan kənarda dayanmış belə yük maşınına, işığı yönəldən zabitə və qorxu içində olan hərbi dəstəyə rast gəlmək olardı. Biz zavodun həyətindən keçdik və baş sarğı məntəqəsinin yanında dayandıq. Bayırda qapının üzərində yaşıl budaqlı balaca talvar var idi və gecə küləyi qaranlıqda gündən qurumuş yarpaqları xışıldadırdı. İçəridə işıq yanırdı. Baş həkim yeşiyin üstündə oturaraq telefonla danışırdı. Həkimlərdən biri mənə dedi ki, hücum bir saat təxirə salınıb. O mənə konyak təklif etdi. Mən uzun stollara, işıqda parıldayan alətlərə, taslara və şüşə probkalı iri şüşələrə baxdım. Qordini arxamda dayanmışdı. Baş həkim telefondan kənara çəkildi.

– İndi başlayacaq, – dedi. – Qət etdilər ki, təxirə salmasınlar.

Mən bayıra baxdım, qaranlıq idi. Avstriya projektorlarının işıqları bizim arxamızdakı dağların üzərində oynaşırdı. Bir dəqiqə əvvəl sakit idi, sonra bizim arxamızdan topların hamısı atəş açdı.

Baş həkim:

– Savoyya, – dedi.

– Bəs yemək hanı? – mən soruşdum. O eşitmədi. Mən təkrar etdim.

– Hələ gətirməyiblər.

Böyük bir mərmi gəlib zavodun həyətində partladı. Biri də partladı, partlayışın gurultusu içində kərpic qırıntılarının və yağış kimi yerə tökülən palçığın səsi eşidilirdi.

– Yeməyə bir şey tapılar?

– Bir az pasta asciutta15 var, – baş həkim cavab verdi.

– Nə var, verin.

Baş həkim sanitara nə isə dedi, o, binanın o başına tərəf getdi və metal tasın içində soyuq makaron gətirdi. Mən bunu Qordiniyə verdim.

– Pendir yoxdur?

Baş həkim deyinə-deyinə sanitara yenə də nə isə dedi, o, yenə binanın o başına tərəf getdi və bir tikə dəyirmi ağ pendir gətirdi.

– Çox sağ olun, – dedim.

– Mən sizə indi getməyi məsləhət görmürəm.

Bayırdan qapının ağzına nə isə qoydular. Həmin şeyi gətirən sanitarlardan biri içəri boylandı.

Baş həkim:

– İçəri gətirin onu, – dedi. – Hə, nə oldu? Bəlkə əmr edirsiz ki, özümüz çıxıb götürək?

Sanitarlar yaralının qollarından və ayaqlarından tutub içəri gətirdilər.

– Paltarının qollarını kəsin, – baş həkim tapşırdı.

O, pinsetlə bir parça tənzif tutmuşdu. O biri iki həkim yaralının şinelini çıxartdı.

– Gedin, – baş həkim sanitarlara dedi.

Qordini;

– Gedək, tenente, – dedi.

Baş həkim bizə tərəf dönmədən dedi:

– Yaxşısı budur, atəş dayanana kimi gözləyin.

– Adamlar acdırlar, – dedim.

– Onda özünüz bilin.

Zavod həyətinə çıxarkən biz qaçmağa üz qoyduq. Lap sahildə mərmi partladı. Daha bir mərmi yanımızda partlayana kimi, başqa mərmi səsi eşitmədik. Biz hər ikimiz üzüqoylu yerə yıxıldıq və partlayışın səsi və gurultusu içində qəlpələrin vızıltısını və yerə tökülən kərpiclərin tappıltısını eşitdik. Qordini ayağa durdu və blindaja qaçdı. Bütünlüklə kərpic tozuna bulaşmış pendiri əlimdə tutaraq onun ardınca yüyürdüm. Üç şofer əvvəlki kimi blindajda divarın dibində əyləşib siqaret çəkirdi.

– Hə, vətənpərvərlər, budur, alın, – dedim.

– Maşınlar nə vəziyyətdədi? – Manyera soruşdu.

– Öz qaydasındadır, – dedim.

– Tenente, qorxdunuz?

– Bir az, – dedim.

Mən bıçağımı çıxartdım, açıb tiyəsini sildim və pendirin üzünü qaşıdım. Qavutsi makaron çəkilmiş tası mənə uzatdı.

– Siz başlayın.

– Yox, – dedim. – Döşəməyə qoyun. Hamımız birlikdə yeyəcəyik.

– Çəngəl yoxdur.

– Cəhənnəmə olsun, – ingiliscə dedim.

Mən pendiri doğrayıb makaronun üstünə tökdüm.

– Buyurun, – dedim. Onlar irəli gəlib gözlədilər. Mən barmaqlarımı makaronun içinə saldım və çəkməyə başladım. Xəmir dartıldı.

– Bir az yuxarı qaldırın tenente.

– Mən əlimi çiynim bərabərində qaldırdım və makaronlar ayrıldı. Mən makaronu ağzıma apardım, sovurub uclarını dodaqlarımla tutdum, çeynədim, sonra bir parça pendir götürüb yedim, üstündən bir qurtum şərab içdim. Şərab paslı dəmir tamı verirdi. Mətərəni Passiniyə ötürdüm.

– Pisdir, – dedim. – Mətərədə lap çox saxlayıblar. Mən onu özümlə maşında gəzdirirdim.

Onların dördü də çənəsini lap tasın içinə tutub yeyirdi, makaronun ucunu soraraq başlarını qaldırırdılar. Mən bir də ağızdolusu götürdüm və pendirdən dişləyib şərabdan içdim. Bayırda nə isə gumbuldadı və yer titrədi.

Qavutsi:

– Dörd yüz iyirmi millimetrlikdir, ya da minaatandır, – dedi.

 

– Dağda belə kalibr olmur, – dedim.

– Onların Şkoda topları var. Mən çuxurlarını görmüşəm.

– Üç yüz beş millimetrlikdir.

Biz yenə də yeyirdik. İşə düşən parovoz səsi kimi xırıltı və fışıltı eşidildi, sonra partlayış oldu, partlayışdan yer yenə silkələndi.

Passini:

– Blindaj çox dərin deyil, – dedi.

– Bu isə, deyəsən, minaatandır.

– Düzdür.

Pendirdən dişləyib şərabdan bir qurtum içdim. Davam edən gurultunun içindən xırıltı eşitdim, sonra çux-çux-çux-çux səsi gəldi, daha sonra nə isə parıldadı, elə bil domnanın ağzını taybatay açdılar, uğultu eşidildi, ətraf şiddətli axın içində əvvəlcə ağ, sonra isə getdikcə qırmızı, qırmızı, qırmızı oldu. Mən nəfəs almağa çalışdım, amma nəfəsim kəsilmişdi, elə bil özüm özümdən ayrılaraq axına düşüb hey uçuram. Mən bütün varlığımla sürətlə uçdum, elə bildim ki, ölmüşəm və öz-özümə dedim: nahaq yerə elə düşünürlər ki, öldün, guya hər şey qurtarıb gedir. Sonra mən havada süzdüm, lakin irəli getmək əvəzinə, geri sürüşdüm. Mən nəfəs alıb başa düşdüm ki, özümə gəlmişəm. Yerin altı üstünə çevrilmişdi və lap başımın üstündəcə parça-parça olmuş taxta tir var idi. Başım titrəyirdi, bu vaxt birdən kiminsə ağladığını eşitdim. Sonra elə bil kimsə çığırdı. Tərpənmək istədimsə də, tərpənə bilmədim. Çayın o tərəfindən və bütün çayboyu pulemyot və tüfəng atəşi eşitdim. Bərk şappıltı gəldi, mən işıq verən mərmilərin burula-burula yuxarı qalxdığını və partlayaraq ətrafı ağ işığa qərq etdiyini, fişənglərin havada ucaldığını gördüm və bu vaxt minaların partlayış səsini eşitdim, bütün bunlar bir anda oldu, sonra elə bil lap yanımda kim isə dedi: «Mamma mia!16 O mamma mia!» Belimi düzəldib yerimdə çevrilməyə başladım, nəhayət ayaqlarımı dartıb çıxartdım, dönüb ona toxundum. Bu, Passini idi, mən ona toxunanda çığırdı; o, ayaqları mənə tərəf uzanmışdı və bir anlığa işıq düşən kimi gördüm ki, hər iki ayağı dizdən yuxarı parça-parça olmuşdu. Bir ayağı tamam yerindən qopub ayrılmışdı, o biri ayağı isə əzələlərdən və parça-parça olmuş şalvarından asılı qalmışdı, kəsilmiş ayaq öz-özünə titrəyirdi. O öz əlini dişləyir və inildəyirdi: «O mamma mia, mamma mia!» – sonra isə: "Dio te salve Maria17. Dio te salve Maria. Ya İsa, mənə ölüm ver! İlahi, mənə ölüm ver, mamma mia, mamma mia! Müqəddəs Məryəm ana, mənə ölüm ver. Dözə bilmirəm. Dözmürəm. Dözmürəm. Ya İsa, Məryəm ana, dözə bilmirəm. O-o-o-o!" Sonra nəfəsi tutula-tutula: "Mamma, mamma mia"! Sonra əlini dişləyərək sakitləşdi, kəsilmiş ayaq isə hələ də titrəyirdi.

– Portaferiti!18 – əllərimi ağzımda qıf kimi edərək çığırdım. – Portaferiti! – Mən Passininin ayağına sıxac qoymaq üçün onun yanına sürünmək istədimsə də, yerimdən tərpənə bilmədim. Mən bir də cəhd etdim və bu dəfə ayaqlarım bir az yerindən tərpəndi. İndi dirsəklənərək yaxınlaşa bilərdim. Passininin səsi gəlmirdi. Mən onunla yanaşı oturdum, frençimin yaxasını açdım və köynəyimin ətəyini cırmaq istədim. Ancaq parça möhkəm idi və mən onun kənarını dişimlə cırdım. Bu vaxt onun dolaqları yadıma düşdü. Mən yun corab geyirdim. Passini isə dolaq sarıyırdı. Şoferlərin hamısı dolaq sarıyırdı. Lakin Passininin təkcə bir ayağı qalmışdı. Dolağın ucunu axtarıb tapdım, lakin dolağı açarkən gördüm ki, sıxac bağlamağa ehtiyac yoxdur, çünki o artıq ölmüşdü. Mən yoxladım və əmin oldum ki, o ölüb. Qalan üç nəfərin başına nə gəldiyini müəyyənləşdirmək lazım idi. Mən əyləşdim, bu vaxt elə bil başımda nə isə tərpəndi, elə bil kuklanın gözlərinin daşı idi və içəridən gözlərimə nə isə vurdu. Ayaqlarım qızışdı və yaş oldu, ayaqqabılarım da içəridən isti və yaş idi. Başa düşdüm ki, yaralanmışam, əyilərək əlimi dizimə qoydum. Dizim yox idi. Əlim irəli sürüşdü və dizim orada idi, yana burulmuşdu. Əlimi köynəyimə sürtdüm və haradansa ağ işıq düşməyə başladı, mən öz ayağıma baxdım və məni bərk dəhşət bürüdü. «İlahi, – dedim, – məni buradan qurtar!». Lakin bilirdim ki, hələ üçü qalmalıdır. Şoferlər dörd idi, Passini öldürüldü. Üçü qalıb. Kim isə qoltuğumdan yapışdı, başqa birisi də ayaqlarımdan qaldırdı.

– Hələ üçü qalmalıdır. – dedim. – Biri öldürülüb.

– Mənəm. Manyeradır. Biz xərək ardınca getmişdik, ancaq tapa bilmədik. Necəsiz, tenente?

– Qordini ilə Qavutsi hanı?

– Qordini məntəqədədir, onun yarasını sarıyırlar. Qavutsi sizin ayaqlarınızdan tutub. Boynumdan yapışın, tenente. Siz ağır yaralanmısız?

– Ayağımdan. Qordiniyə nə olub?

– Boş şeylə yaxasını qurtarıb. Düşən mina idi. Minaatanın mərmisi.

– Passini öldü.

– Bəli. Öldü.

Yanımızda bir mərmi partladı, hər ikisi yerə yıxıldı və məni əllərindən saldılar.

Manyera:

– Bağışlayın, tenente – dedi. – Mənim boynumdan yapışın.

– Siz məni yenə yerə sala bilərsiz.

– Bu, qorxudan oldu.

– Siz yaralı deyilsiz ki?

– İkimiz də yaralanmışıq, ancaq yüngülcə.

– Qordini maşını sürə bilər?

– Çətin ki.

Biz məntəqəyə çatana kimi onlar iki dəfə də məni əllərindən saldılar.

– Əclaflar! – dedim.

Manyera:

– Bağışlayın, tenente, – dedi, – daha eləmərik.

Qaranlıqda, sarğı məntəqəsinin qabağındakı yerdə çoxlu yaralı uzanmışdı. Sanitarlar əllərində xərək girib-çıxırdılar. Onlar keçərkən pərdəni qaldıranda içəridə yanan işığı görür-düm. Ölüləri bir kənara yığmışdılar. Həkimlər qollarını çiyinlə-rinə qədər çırmayıb işləyirdilər və qəssab kimi qana bulaşmış-dılar. Xərək çatışmırdı. Yaralılardan bəzisi zarıyırdı, ancaq əksəriyyəti sakitcə uzanmışdı. Külək qapının üzərindəki talvarın üstündə olan budaqların yarpaqlarını tərpədirdi, gecə düşdüyündən hava soyuyurdu. Sanitarlar fasiləsiz gəlir, xərəkləri yerə qoyur, boşaldır və yenə gedirdilər. Biz məntəqə-yə çatan kimi Manyera feldşer gətirdi və o hər iki ayağıma sarıq qoydu. O dedi ki, yaraya çoxlu palçıq dolduğundan, qan itkisi azdır. Mümkün olan kimi operasiyaya aparacaqlar. O, məntəqənin yerləşdiyi binaya qayıtdı. Manyera dedi ki, Qordini maşını sürə bilməyəcək. Onun çiyni sınıb və başı yaralanıb. İsti-isti ağrını hiss etməyib, amma indi çiyni keyləşir. O, kərpic divarlarından birinin dibində oturub. Manyera və Qavutsi yaralıları öz maşınlarına yığıb getdilər. Yaraları onlara mane olmadı. Hərəsində iki sanitar olan üç ingilis maşını gəldi. İngilis şoferlərindən biri mənə yanaşdı, onu çox solğun və halı pis olan Qordini gətirmişdi. Şofer mənə tərəf əyildi.

– Yaranız ağırdır? – soruşdu. Bu ucaboy adam idi, polad gözlük taxmışdı.

– Ayaqlarımın ikisi də.

– Ümidvaram ki, ciddi deyil. Siqaret istəyirsiz?

– Təşəkkür edirəm.

– Eşitdim ki, iki şofer itirmisiz?

– Bəli. Biri öldü, o biri isə sizi bura gətirəndir.

– İş pis oldu. Bəlkə biz onların maşınını götürək?

– Mən elə sizdən bunu xahiş etmək istəyirdim.

– Biz onları yaxşı saxlarıq, sonra da sizə qaytararıq. Siz iki yüz altıncıdan deyilsiz?

– Bəli.

– Sizin orada yeriniz qəşəngdir. Mən sizi şəhərdə görmüşəm. Mənə dedilər ki, siz amerikalısız.

– Bəli.

– Mən isə ingilisəm.

– Doğrudan?

– Bəli, ingilis. Siz elə bilirdiz ki, italyanam? Bizimlə bir dəstədə italyanlar da var.

– Əgər bizim maşınları götürsəniz, çox yaxşı olar, – dedim.

– Biz onları sizə lap saz halda qaytararıq. – O qəddini düzəltdi. – Sizin şofer məndən çox xahiş etdi ki, sizinlə razılaşım. – O, əlini Qordininin çiyninə vurdu. Qordini diksinib gülümsədi. İngilis italyanca asan və tez-tez danışdı.

– Hə, hər şey düzəldi. Sənin tenente ilə razılığa gəldik. Biz sizin hər iki maşınınızı aparırıq. Daha narahat olmaya bilərsən. – O, sözünü kəsdi. – İndi bir təhər etmək lazımdır ki, sizi buradan çıxardaq. Bu saat həkimlərlə danışaram. Biz gedəndə, sizi də özümüzlə apararıq.

O, yaralıların arasından ehtiyatla keçərək qapıya tərəf getdi. Qapıya salınmış adyalın bir balaca qalxdığını gördüm. İçəridən işıq düşdü, o, ora girdi.

Qordini:

– Tenente, o, sizin qayğınıza qalacaq, – dedi.

– Franko, özünüzü necə hiss edirsiniz?

– Pis deyiləm.

O, yanımda oturdu. Bu vaxt, məntəqənin qapısından asılmış adyal bir balaca qalxdı və oradan hündürboy ingilislə iki sanitar çıxdı. O, onları yanıma gətirdi.

O, italyanca:

– Budur, amerikalı tenente, – dedi.

– Mən gözləyə bilərəm, – dedim. – Burada daha ağır yaralılar var. Mənim vəziyyətim o qədər də pis deyil.

O:

– Hə, bəsdir, – dedi, – özünüzü qəhrəman kimi göstərməyin. – Sonra italyanca əlavə etdi: – Ehtiyatla qaldırın, xüsusən ayaq-larını. Onu bərk incidir. Bu, prezident Vilsonun qanuni oğludur.

Onlar məni qaldırıb məntəqənin binasına apardılar. Bütün stolların üstündə operasiya edirdilər. Balaca boylu baş həkim qəzəblə bizə baxdı. O məni tanıyıb, əlindəki maşanı mənə tərəf yellədi.

– Ca va bien?19

– Ca va.20

– Onu mən gətirdim, – ucaboy ingilis italyanca dedi. – Amerikan səfirinin yeganə oğludur. Siz onunla məşğul olanacan, o burada uzansın. Sonra isə mən elə birinci reyslə onu apararam. – O mənə tərəf əyildi. – Gedib görüm sənədlərinizi qaydaya salsınlar, onda iş tez başa gələcək. – O, əyilib qapıdan keçdi və bayıra çıxdı. Baş həkim maşanı araladı və onu tasın içinə atdı. Mən onun hərəkətlərinə göz yetirirdim. İndi o, sarğı qoyurdu. Sonra sanitarlar yaralını stolun üstündən götürdülər.

Həkimlərdən biri:

– Amerikalı tenenteni bura verin.

Məni qaldırıb stolun üstünə qoydular. Stol bərk və sürüşkən idi. Hər tərəfdən kəskin iy gəlirdi, dərman iyləri və şirintəhər qan iyi. Şalvarımı çıxartdılar və həkim işləməkdə davam edərək feldşer-assistentə diktə etməyə başladı:

14Yaşasın ordu (italyanca).
15Makarondan hazırlanmış xörək (italyanca).
16Ay ana! (italyanca).
17Allah sənə yar olsun, Məryəm ana (italyanca).
18Xərək (italyanca).
19Hə, necə, pis deyilsiz ki? (fransızca).
20Pis deyiləm (fransızca).