Read the book: «Tanrı görmüş köpək»
Dino Bussati Traverso
TANRI GÖRMÜŞ KÖPƏK
hekayələr
Mündəricat:
1. Tanrı görmüş köpək. Tərcümə: Rövşən Danyeri
2. Kabus. Tərcümə: Cəmşid Cəmşidov
3. Paxıl musiqiçi. Tərcümə: Cəmşid Cəmşidov
4. Damdakı. Tərcümə: Zəka Vilayətoğlu
5. Damla. Tərcümə: İlahə Əkbər
6. Böyük hotel dəhlizi. Tərcümə: Persona.az
7. Sehrli pencək. Tərcümə: Qismət Rüstəmov
8. Əsgər mahnısı
9. Əjdahanı necə öldürdülər. Tərcümə: Kənan Hacı
10. Həyat. Tərcümə: Azad Yaşar
11. İnsanın böyüklüyü. Tərcümə: Ramil Rahiboğlu
TANRI GÖRMÜŞ KÖPƏK
I
Tis kəndinin varlı çörəkçisi qocalanda mülkünü qardaşı oğlu Defendete Saporiyə vəsiyyət etmişdi, amma ona dərs vermək üçün belə bir şərt qoymuşdu: mirası ala bilmək üçün Defendete beş il ərzində hər səhər camaatın gözü qarşısında əlli kilo təzə çörəyi kasıblara paylamalı idi. Başdan-ayağa dinsizlərlə dolu olan kəndin bir nömrəli kafiri, imansızı, heyvərəsi olan qardaşı oğlunun hamı görə-görə savab edəcəyini düşündükcə qoca xısın-xısın gülürdü.
Kiçik yaşlarından təndirdə çalışan Defendete əmisinin tək varisi idi və o, mirasın birbaşa özünə qalacağını çoxdan bilirdi. Ancaq bu şərt onu bərk əsəbiləşdirmişdi. Yenə də razılaşmaqdan başqa yolu yox idi. İllərlə əziyyət çəkdikdən sonra mirasdan imtina etməyi heç də düzgün qərar sayılmazdı. Buna görə də vəsiyyətə əməl etmək üçün hər kəsin görə biləcəyi yer olaraq sobanın arxasındakı kiçik həyəti seçdi. Hər səhər tezdən o, vəsiyyətnamədə göstərilən sayda, amma görünüşcə ən pis olan çörəkləri seçir, daha sonra bura gəlirdi. Sapori çörəkləri böyük səbətə doldurur, doymaq bilməyən ac kütləyə paylayır, bununla yanaşı, ölmüş əmisini pis sözlər və nalayiq kəlmələrlə yad edirdi.
– Gündə əlli kilo, – çörəkçi deyirdi, – o, axmaq və əxlaqsızın böyüyüdür.
Vəsiyyətin düzgün icra olunub-olunmadığını yoxlamaq notarius Stiffoloya tapşırılmışdı. O, bu mənzərədən zövq almaq üçün səhərin gözü açılmamış bura gəlirdi. Əslində, gəlməyinə ehtiyac da yox idi, çünki müqavilənin dəqiqliklə yerinə yetirilib-yetirilməməyini heç kim dilənçilərdən daha yaxşı müşahidə edə bilməzdi. Bütün bunlara rəğmən Defendete fırıldaq eləməyin bir yolunu tapmışdı. O, ağzına kimi əlli kilo çörəklə dolu olan səbəti zirzəminin divarına söykəyirdi. Çörəkçi gizlicə divarda görünməyən kiçik bir pəncərə açmışdı. Sapori çörəyi paylamağa özü başlayır, sonra isə bu işi arvadına və yaxud da köməkçilərinə tapşırırdı. Təndirdə və dükanda işi olduğunu deyir, əslindəsə tələm-tələsik zirzəmiyə düşür, ayağının altına oturacaq qoyur, səbətin saxlandığı zirzəminin pəncərəsini açırdı. Sonra səbətdəki deşikdən bacardığı qədər çörək götürürdü. Beləliklə, çörək get-gedə azalırdı. Ancaq dilənçilər onun fırıldağını heç cür başa düşə bilmirdilər. Çörək sürətlə paylandığına görə səbətin belə tezliklə boşalmağı onlara normal gəlirdi.
İlk günlər Defendentenin dostları onu bu vəziyyətdə görmək üçün qəsdən səhər tezdən oyanırdılar. Həyətin ağzında toplaşır, ona lağ edirdilər.
– Tanrının sevimli bəndəsi olmağa çalışır, – deyə məzələnirdilər. – Özünə cənnətdə yer düzəldir indidən! Eşq olsun bizim xeyriyyəçimizə!
O isə:
– Görüm, əmimin ruhunu lənətə gəlsin, – deyə onlara cavab verir, çörəkləri dilənçilərin yığıldığı yerə tullayır, onlarsa havadaca tuturdular. O, bu naşükürlərin başlarını piyləyərək əmisinin ruhunu ustalıqla necə aldatdığını düşündükcə ürəyində gülürdü.
II
Həmin yaz Tanrının buralara çox da gəlmədiyini eşidən zahid Silvestro kəndin yaxınlığında məskən qurdu. Tisin on mil uzaqlığında, kiçik bir təpənin üstündə daşdan hörülmüş köhnə məbədin xarabalığı var idi. Silvestro qalmaq üçün buranı seçdi. O, yaxınlıqdakı bulağın suyunu içir, məbədin sağlam qalan küncündə gecələyir, bitki və meyvələrlə qidalanır, bəzən də Tanrı ilə danışmaq üçün böyük bir qayanın təpəsinə dırmaşaraq diz çökürdü. Buradan Tisin və yaxınlıqdakı digər evlərin damlarını görə bilirdi. Amma bütün günü gözləmək faydasız idi, çünki ətrafda heç kim görünmürdü. Onun günahkar ruhları üçün ürəkdən etdiyi dualar ərşə qalxır, ancaq heç bir bəhrəsi olmurdu. Bununla belə, Silvestro yenə də yaradana ibadət edir, oruc tutur, darıxanda da quşlarla söhbətləşirdi.
Bir nəfər də olsun gəlmirdi. Amma bir axşam onu uzaqdan güdən iki uşaq gördü. Onları mehribanlıqla yanına çağırsa da, uşaqlar qaçıb aradan çıxdılar.
III
Çox keçmədi ki, gecələr kəndlilər tərk edilmiş bu məbəd tərəfdə qəribə işıqlar yandığını gördülər. Bu meşə yanğını da ola bilərdi, ancaq işıq ağ idi və xəfif-xəfif alışıb-sönürdü. Bir gecə çörəkçinin köməkçisinin marağı güc gəldi və o, işığa baxmağa getdi. Di gəl ki, yolun yarısında motosikleti xarab oldu. Allah bilir, niyə xarab olmuşdu?! O, ayaqla getməyə cürət etmədi. Geri qayıtdı və işıq haləsinin zahidin evindən yayıldığını, bu işığın oddan, yaxud da çıraqdan çıxmadığını dedi. Kəndlilər çox müzakirə etməyə ehtiyac görmədən bunun Tanrının işığı olduğu qənaətinə gəldilər. Beləliklə, bəzi axşamlarda işıq yenidən görünürdü. Ancaq bununla belə, zahidin gəlişi, əcaibliyi, gecələr görünən işığı, dinə aidiyyəti olan məsələlər kəndlilər üçün maraqsız idi.
Nə vaxt söhbət həmin işıqdan düşürdüsə, onu müzakirə etməyə ehtiyac görmür, tez başqa məsələlərdən danışmağa başlayırdılar. “Zahid işığı yandırdı” cümləsi “Görəsən, bu gün yağış yağacaq, yoxsa külək əsəcək?” sualı qədər adiləşmişdi. Silvestronun hələ də tənha qalması, heç kimin onu yoluxmaması bu biganəliyin səmimi olduğuna sübut idi. Hətta kimsə onun ziyarətinə getməyi fikirləşsə belə, Tisdə böyük məzə obyektinə çevrilərdi.
IV
Bir günü Defendente Sapori yenə kasıblara çörək paylayırdı. Elə bu dəm çörəkçinin həyətinə bir it girdi. Yekə, tüklü, müti görünüşlü bu it, yəqin ki, azdırılmışdı. Çörək almaq üçün bir-birini itələyən dilənçilərin arasından keçərək səbətə çatdı, bir çörək götürdü və qaça-qaça çıxıb getdi. Ancaq maraqlıdır ki, o, oğru kimi yox, öz malını almağa gələn biri kimi hərəkət edirdi.
– Ey, Fido, qayıt dala, eybəcər məxluq, – deyə Defendente itə tezbazar bir ad uyduraraq bağırdı və arxasınca daş atdı, – Onsuz da burada kifayət qədər dilənçi var. Hələ bir itləridəmi yemləyəcəyəm?
Amma köpək artıq uzaqlaşmışdı.
Səhəri gün eyni hadisə yenə də təkrarlandı: həmin köpək gəldi və çörəyi apardı. Bu dəfə çörəkçi itin dalınca küçəyə qədər getdi, daş atdı, amma yenə də dəymədi.
Maraqlısı o idi ki, köpək hər səhər eyni vaxtda həyətə girərək hərəkətini təkrarlayırdı. Hər dəfəsində də o, qeyri-adi hiyləgərlik göstərir, necə edirdisə, heç qaçmağına belə ehtiyac qalmırdı. O səbətə yaxınlaşmaq üçün ən düzgün anı seçirdi. Nəticədə arxasınca atılan daşlar da yan keçirdi. Hər dəfə kəndlilər xorla gülür, Defendente isə hirsindən dəli olurdu.
Növbəti dəfə qəzəblənən çörəkçi əlinə yekə bir dəyənək alıb həyətin girişində gizləndi. Ancaq yenə də xeyri olmadı, çünki it dilənçilərin ayaqlarının arasından keçib gəldi. Onlar isə bu məzəli hadisədən zövq aldıqları üçün iti satmadılar. Beləliklə, köpək heç bir zərər dəymədən oradan uzaqlaşa bildi.
– Bu gün də istədiyini aldı, – küçədə dayanan dilənçilərdən biri qışqırdı.
– Haradadı, haradadı? – deyə Defendente gizləndiyi yerdən hirslə çıxdı.
– Bax, bax, oradadır, – gülə-gülə barmağı ilə iti göstərən dilənçi çörəkçinin daha da qəzəbləndiyini görüb əlini əlinə vurdu. Köpək, həqiqətən də, dişlərinin arasında çörək yolu keçirdi.
– Bəlkə, özünü görməzliyə vursun
Yox. Defendente belə zarafatlara qarşı dözümsüz idi. Niyə axı onu izləyib hara getdiyini öyrənmədi? Bəlkə də heç küçə iti deyildi? Evi və sahibi varsa zərərini ödəməyi tələb edə bilərdi. Təbii ki, heç nə etmədən dayanmaq olmazdı. Köpəyə başı qarışdığı üçün Sapori bir neçə gün idi ki, zirzəmiyə düşə bilməmişdi. Nəticədə həmişəkindən daha az çörək götürə bilir, beləliklə də, daha çox zərər edirdi. Həyətin girişində zəhərli çörək qoymaq planı da uğursuzluğa düçar oldu. Köpək çörəyi iylədi, o dəqiqə də səbətə tərəf getdi. Hər halda, görənlər bu cür danışırdı.
V
Defendente Sapori istəyinə nail olmaq üçün velosipedini və tüfəngini götürərək yolun kənarında gizləndi: velosiped heyvanı izləmək üçün, silah isə zərəri qaytaracaq sahibi olmazsa, iti vurmaq üçün idi. O, həmin səhər səbətdəki çörəklərin hamısının yoxsullara qismət olacağını düşündükcə kefi pozulurdu. Amma öyrənməli idi: köpək necə və hansı tərəfdən gəlir? Başdan-ayağa müəmma idi.
Çörəkçi dördgöz olub ətrafa nəzər saldı, ancaq iti görə bilmədi. Ağzında çörək asta addımlarla gedən köpək birdən gözünə sataşdı. Həyətdən yenə də gülüş səsləri eşidilirdi. Sapori heyvanı ürkütməmək üçün gözlədi. Elə bildi ki, bir az gedəndən sonra dayanıb çörəyi yeyəcək. Ya da hansısa evin həyətinə girəcək. Ancaq fikirləşdiklərinin heç biri olmadı. Köpək çörək dişlərinin arasında löhrəm yerişlə divarın dibi ilə getdi, digər itlər kimi nə yeri iylədi, nə də dayanıb sidik kisəsini boşaltdı. Görəsən, harada dayanacaqdı?
Sapori göyə baxdı, hava bozarmışdı. Yağış yağsaydı heç təəccüblənməzdi. Əvvəlcə Müqəddəs Aqnese meydanının, ardınca isə məktəbin, sonra da stansiyanın və ictimai tualetin yanından keçdilər. Kəndin qurtaracağına çatmışdılar. Nəhayət, futbol meydançasını da keçib, düzənliklərə gəlib çıxdılar. Köpək bir dəfə də olsun qanrılıb arxaya baxmamışdı. Bəlkə də, güdüldüyünü bilmirdi. Defendente qərara gəldi ki, bu itin zərəri qarşılayacaq heç bir sahibi yoxdur. Çox güman ki, adi küçə iti idi. Fermalara hücum edən, toyuqları oğurlayan, buzovları dişləyən, yaşlıları qorxudan və ən əsası kənddə xəstəlik yayan küçə itlərindən biri… Bəlkə də, ən yaxşısı elə onu güllə ilə vurmaq idi. Ancaq bunun üçün gərək dayanaq, velosipeddən düşə, tüfəngi çiynindən aşıraydı. Düzdür, köpək sürətlə getmirdi, ancaq bütün bunları etmək üçün dayansa, it atəş məsafəsindən uzaqlaşacaqdı. Ona görə də Sapori təqibə davam etdi.
VI
Köpək getdi, getdi və meşəyə girdi. O, əvvəlcə bir cığırla, sonra isə dar bir yolla rəvan irəliləyirdi. Görəsən, nə qədər idi ki, yolda idilər? Təxmini səkkiz, yaxud doqquz kilometr. Köpək niyə dayanıb çörəyi yemirdi? Nəyi gözləyirdi? Bəlkə çörəyi kiməsə aparırdı?
Köpək birdən sürətlənərək velosipedin gedə bilməyəcəyi dar bir cığıra döndü. Ərazi dikinə olduğundan sürətini azaltmışdı. Defendente velosipeddən düşüb piyada izləməyə başladı. Bununla belə köpək yenə də xeyli qabaqda idi. Əsəbiləşib silaha əl atanda dik yoxuşun təpəsində böyük bir qaya gördü – üstündə bir adam diz çöküb oturmuşdu. Onun ağlına dərhal zahidin gecə yandırdığı işıq və axmaq mistik əhvalatlar düşdü.
Köpək asta yorğa yerişlə çəmənlikdən keçdi. Defendente əlində tüfəng təxminən əlli yard uzaqlıqda dayandı. Zahid duasını yarımçıq kəsib qayadan cəld itin yanına düşdü. İt quyruğunu bulayaraq çörəyi onun qarşısına qoydu. Zahid çörəyi götürdü, torpağını təmizlədi, balaca bir tikə qopararaq çuxasının cibinə qoydu, qalanını isə gülümsəyərək itə qaytardı. Əynində köhnə-kürüş əba olan zahid arıq, balacaboy idi. Mülayim simasında uşaqlara xas səmimi bir gülüş vardı. Çörəkçi ona tərəf addımladı. Qərar vermişdi, zərəri tələb edəcəkdi. Onun yaxınlaşdığını görən Silvestro:
– Xoş gəldin, qardaş! – deyə çörəkçini salamladı, – Nə əcəb buralara gəlmisən? Yoxsa ova çıxmısan? – soruşdu.
– Düzünü desəm… – Sapori sərt formada cavab verdi. – Ova çıxmışam… Özü də çirkin bir heyvanın…
– Ax, o sənsən? – deyə qoca zahid onun sözünü kəsdi. – Hər səhər mənə təzə çörək göndərən o adam sənsən?.. Düzü, belə gözəl, təzə çörəyə layiq olduğumu bilmirdim.
– Təzə? Əlbəttə ki, təzədir. Sobadan yenicə çıxıb… Mən işimi yaxşı bacarıram… Ancaq çörəyimin oğurlanmasına heç cür razı ola bilmərəm.
Silvestro başını aşağı əydi.
– Sizi başa düşürəm, – pərişan halda dilləndi. – Gileylənməkdə haqlısınız, ancaq xəbərim yox idi… Söz verirəm, Qalleon daha kəndə gəlməyəcək. Onu burda saxlayacağam. İt də olsa, vicdansız hərəkət etməməlidir… Bir də onu görməyəcəksiniz, söz verirəm.
Əsəbi soyuyan çörəkçi:
– Lap yaxşı, – dedi. – Əslində, köpək yenə də gələ bilər. Çünki əmimin vəsiyyətinə görə gündə əlli kilo çörək paylamağı boynuma götürmüşəm. Kasıblara, işsiz-gücsüz avaralara verirəm. Bir çörək də bura gəlsə, problem olmaz, kasıblamaram.
– Tanrı əvəzini versin, qardaş… Hər nə niyyətlə edirsən et, əsas odur ki, savab iş görürsən.
– Bundan sonra sevə-sevə edəcəyəm.
– Niyə bu cür danışdığını bilirəm… Siz adamlar utanırsınız. Özünüzü olduğunuzdan daha da pis göstərməyə çalışırsınız.
Defendente əvvəlcədən hazırladığı söyüşlərin heç birini deyə bilmirdi. Xəcalət çəkirdi. Məyus olmuşdu. Eyni zamanda da, zahidin yanına gedən ilk və hələ ki tək adam olduğunu düşünmək xoşuna gəlirdi. Amma yenə də bura gəlməyin heç bir xeyri yox idi, axı o, adi bir zahid idi. Bəs gələcəkdə? Silvestro ilə gizli-gizli dostluq etsə, bəlkə də nə vaxtsa işinə yaraya bilərdi? Tutaq ki, o, bir möcüzə göstərdi, böyük şəhərlərdən kardinallar, proletarlar onunla görüşməyə gəldilər. Şəninə mərasimlər, ziyafətlər təşkil edildi… O zaman bu müqəddəsin yaxın dostu, hamının həsəd apardığı Defendente mayor, ya da bələdiyyə sədri ola bilərdi. Niyə də yox?
Silvestro:
– Nə qəşəng tüfəngin var? – dedi və tüfəngi nəzakətlə onun əlindən aldı. Cüzeppe anlaya bilmədi ki, necə oldu, tüfəng birdən-birə açılaraq dərəyə səs saldı, çünki zahid tüfəngi əlində bərk-bərk tutmuşdu.
– Dolu tüfənglə gəzməyə qorxmursanmı? – zahid soruşdu.
Çörəkçi ona şübhəli-şübhəli baxaraq:
– Balaca uşaq deyiləm ki, – dedi.
– Düzdür, – zahid tüfəngi ona qaytardı. – Doğrudan, Tisdə bazar günləri kilsədə adam az olur? Eşitdim yerlərin çoxu boş qalır.
– Bomboş olur, əlimin içi kimi, – Defendente ləzzətlə cavab verdi. Sonra davam etdi, – Bir az çətin olur.
– Təxmini neçə nəfər gəlir? Səninlə birlikdə nə qədər adam olur?
– Otuz nəfər. Bazar günləri və Milad bayramında bir az daha çox, təxmini əlli nəfər.
– Yaxşı, de görüm, Tisdə adamlar çox söyüş söyürlər?
– Onlar İsanı onun üçün bir şam yandırmadan belə söyürlər.
Zahid ona baxıb başını buladı:
– İşə bir bax, İsaya inananların sayı azdır.
– Az? – Defendente ürəyində istehza ilə gülərək dedi, – Bir sürü dinsiz var.
– Yaxşı, bəs uşaqların? Onları tez-tez kilsəyə göndərirsən?
– Əlbəttə, onları xaç suyuna saldırmışam, sonra da bir neçə dəfə dualar oxutdurmuşam.
– Doğrudan? Dua da oxutdurmusan?
– Həə. Böyük oğlumun qavrayışı yaxşıdır, duaları tez öyrənir, ancaq balacası…
Birdən-birə dayandı, fikirləşdi ki, görəsən çox ağ eləmədi ki?!
– Çox yaxşı ata imişsən, – zahid ciddiyyətlə dedi. (Bəs niyə belə gülümsəyirdi?) – Aradabir, vaxtın olanda mənə baş çək, Tanrı səninlə olsun!
Sonra xaç çəkirmiş kimi bir hərəkət etdi.
Bir an çaşbaş qalan Defendente nə cavab verəcəyini bilmədi. Sonra başını xəfifcə əydi və papağının ucuna toxunaraq xaç çəkdi. Xoşbəxtlikdən, bunu heç kim görmədi – köpəkdən başqa.
VII
Çörəkçinin özünü bələdiyyə kürsüsündə görmək xəyalları davam etdikcə, zahidlə gizli dostluq etməyə çalışdı. Əslində, bu məsələdə ehtiyatlı olmalı idi. Öz günahı ucbatından olmasa da, kasıblara çörək paylaması Tisdə onu bir xeyli hörmətdən salmışdı. İndi də kimsə xaç çəkdiyini görərsə, lap biabırçılıq olardı. Amma yaxşı ki, heç kim yox idi. Dəqiq bilirdi ki, nə yolda gedərkən kimsə onu görmüşdü, nə də köməkçilərinin bu gedişdən xəbəri var idi. Amma yenə də tam əmin ola bilməzdi. Bir də köpək məsələsini necə həll edəcəkdi? Bundan sonra ona çörək verməmək düzgün olmazdı, amma bunu dostlarının gözü qabağında da edə bilməzdi. Nəsə başqa bir şey fikirləşməli idi.
Səhəri gün Defendente təpəyə gedən yolun üstündəki evin yaxınlığında gizləndi. Qalleonu görəndə fit çalaraq yanına çağırdı. İt onu tanıdı. Əlindəki çörəyi göstərərək iti yaxınlıqdakı odunluğa apardı. Beləcə, hər gün çörəyi odunluqda odunlardan birinin üstünə qoymaqla itə hər gün bura gəlməli olduğunu başa salmağa çalışdı. Həqiqətən də, Qalleon sabahısı gün çörəyi təyin edilmiş yerdən götürməyə başladı. Bundan sonra onu nə Defendente, nə də kəndlilər gördülər.
Payızın gəlişi ilə günlər qısalmağa başladı. Artıq Defendente Sapori rahat idi və səbətdəki deşikdən dilənçilərin payını götürməklə məşğul ola bilirdi.
VIII
Həftələr keçdi, qış gəldi, pəncərələrdəki güllər saraldı. Bütün günü bacalardan tüstü çıxdığını görmək olardı. İnsanlar soyuqdan qorunmaq üçün bərk-bərk bürünməyə, təpədən aşağıya kankidə sürüşməyə başladılar. Ulduzlu və aydın bir gecədə, uçuq-sökük kilsənin cənub hissəsindən işıq parladı, ancaq bu əvvəlki işıqlara heç oxşamırdı. Qısa vaxt ərzində bu xəbər bütün Tisə yayıldı. İnsanlar yataqlarından qalxdılar, pəncərələri açdılar, bir evdən digərini səslədilər, qısa vaxt ərzində küçədə yığışdılar. Sonra bunun Silvestronun kilsəsindən gələn adi işıqlardan biri olduğu məlum oldu. Kişi və qadınlar pəncərələri bağladılar, yorğanlarına bürünərək boş yerə narahat olduqları üçün işığa qarğış tökdülər. Səhəri gün Tisdə söz-söhbət gəzməyə başladı ki, zahid gecə ölüb. Bir neçə adam onu basdırmağa getdi. Axı ölənin basdırılması məcburi idi. Beləcə bir keşiş, bir daşyonan, iki fəhlə zahidi dəfn etməyə yollandı. Onları abbat Don Tabiya müşayiət edirdi. Tabutu eşşəyə qoşulmuş balaca arabaya yükləyərək təpəyə çıxdılar.
IX
Beş adam təpəyə çatanda, Silvestronu qolları xaç kimi yana açılmış vəziyyətdə yerdə uzanan gördülər. Gözləri bağlı idi, əsl mömin kimi görünürdü. Qalleon başının üstündə dayanaraq ağlayırdı. Meyiti tabuta qoydular, abbat dua oxudu və onu dəfn etdilər. Qəbrinin üstünə xaç şəklində taxta vurdular. Sonra abbat və yanındakılar geri qayıtdılar, köpək isə hələ də məzarın başında ağlayırdı. Kənddə heç kim bu məsələ barədə bir kəlmə belə soruşmadı. Həmin gündən sonra köpəyi görən olmadı.
Səhəri gün Defendente odunların üstünə çörək qoymağa gedəndə, dünənki çörəyin hələ də orada olduğunu gördü. Çörək qurumuşdu, içində qarışqalar oynaşırdı. Günlər keçdi və bir müddət sonra Sapori köpəyi yaddan çıxartdı.
X
İki həftə sonra Defendente çayxanada polis rəisi və Bernadislə kart oynayarkən, cavan bir oğlan küçəyə baxaraq qışqırdı: “Baxın, həmin it”. Defendente tez pəncərədən boylandı: çirkin, arıq bir it büdrəyə-büdrəyə gedirdi. Deyəsən, acından ölürdü. Saporinin yadında qaldığı qədərilə zahidin iti daha böyük və güclü idi. Amma o da təbiidir ki, iki həftə ac qalan itin nə gücü, nə də yekəliyi qalar. Nəhayət, çörəkçi köpəyi tanıdı. Deməli, bir müddət məzarın başında ağlayandan sonra aclığa tab gətirməmiş, sahibini tərk edərək kəndə yemək dalınca gəlmişdi.
– Qısa vaxtda öləcək bu it, – Defendente etinasızlığını göstərmək üçün gülərək dedi.
– Bəlkə heç o it deyil? – Lusioni əlindəki kartları dəstələyərək gülümsədi.
– Hansı it olmaz?
– Deyirəm bəlkə heç zahidin köpəyi deyil?
Söhbətə sonradan qoşulan Bernadis, birdən-birə qızışdı:
– Amma mən bu heyvanı əvvəl də görmüşdüm. Özü də təxminən buralarda… Defendente sənin itin deyil bu?
– Mənim? O hardan çıxdı, niyə mənim itim olsun ki?
– Səhv etmirəmsə, onu bir neçə dəfə sənin dükanının yanında görmüşəm.
Defendente bu sözdən narahat oldu:
– Dükanın ətrafında o qədər it gəzir ki, amma dəqiq bilirəm, belə birini görməmişəm.
Lusioni ağır-ağır başını yelləyərək təsdiq etdi:
– Hə, deyəsən, bu zahidin köpəyidir.
– Necə yəni? – çörəkçi soruşdu. – Necə əmin ola bilərsiniz ki, bu həmin köpəkdir?
– Hər şeyi ilə oxşayır. Məsələn, arıqlığı… Yəqin ki, bir neçə gün qəbirin yanında dayanıb. İtlər adətən sadiq olurlar. Sonra da bərk acanda kəndə yemək axtarmağa gəlib.
Çörəkçi heç nə demədi. Heyvan çayxananın qabağında dayandı və anidən gözünü qarşısında oturan üç adama zillədi. Çörəkçi fısıldadı.
– Həə, – dedi Bernadis. – And içərəm ki, bu iti bir neçə dəfə görmüşəm. Özü də sənin dükanının yanında, – Defendenteyə baxaraq dedi.
– Ola bilər… Ola bilər… Amma mən niyəsə heç xatırlamıram…
Lusioni bic-bic gülərək dedi:
– Belə bir iti pulsuz versələr, üstündə nə vəd edirlər etsinlər, yenə də götürmərəm.
– Niyə, quduzdu ki? – Bernadis həyəcanlandı.
– Quduz? Yox əşşi, amma yenə də belə bir itə etibar etmək olmaz. Necə olsa, Tanrı görmüş köpəkdir.
– Necə yəni “Tanrı görmüş”?
– Məgər bu zahidin köpəyi deyil ki? Kilsədə gecə işıq yananda o da orada olmurdumu?! Hamımız o işıqların nə məna verdiyini bilirik! Necə fikirləşirsən, səncə, işıq yananda o bunu görmürdü? Yoxsa o vaxt yatırdı? – gülə-gülə soruşdu.
– Başdan-ayağa uydurmadı, – Bernadis dedi, – o işıqların hansı məna daşıdığını kim dəqiq deyə bilər? Bu məsələnin Tanrı ilə heç bir əlaqəsi yoxdur. O işığı dünən gecə də gördüm…
– Necə? Dünən gecə də var idi? – Defendentenin səsində ümid hiss olunurdu.
– Hə, öz gözlərimlə gördüm. Düzdü, əvvəlki kimi güclü yanmırdı, amma yenə də ətrafı işıqlandırırdı.
– Əminsən? Dünən gecə?
– Əlbəttə ki, əminəm. And olsun Tanrıya… Elə həmən işıq idi. Yəqin ki, Tanrı öz işığını bu gecə də yandıracaq.
Lusioni gülümsədiyini gizlətməyə çalışaraq soruşdu:
– Axı kim deyə bilər ki, dünən gecəki işıq onun üçün deyildi?
– Kimin üçün?
– Köpəyi deyirəm. Bəlkə, həmin gecə Tanrı əvəzinə zahidin özü cənnətdən gəlibmiş. Məzarın üstündə ağlayan köpəyini görəndə, – “Ah, mənim zavallı köpəyim”, – deyib, sonra da ondan ağlamasını dayandırmasını və gedib özünə yemək tapmasını xahiş edib.
– Amma o buranın itidir, mən onu əvvəl də görmüşəm, – Bernadis təkid etdi. – Axı sizə dedim, çörəkçi dükanının yanında tez-tez görünürdü.
XI
Defendente evə qayıdanda fikri tamam qarışmışdı. Çox pis vəziyyət idi. Deyilənlərin doğru olmadığına özünü nə qədər inandırmağa çalışsa da, köpəyin zahidin olduğuna əminliyi artırdı. Artıq narahat idi. Görəsən, yenə də səhərlər çörək aparmalı idi? O fikirləşdi: “Əgər çörək verməyi kəssəm, həyətə girib özü oğurlayacaq. Onu necə dayandıracağam? Tanrı görmüş köpəyi vurum yəni?”
Asan olmayacaqdı. Əsas məsələ o idi ki, görəsən, həqiqətənmi zahidin ruhu dünən gecə onun yanına gəlmişdi? Gəlmişdisə, köpəyə nə demişdi? Bəlkə o, iti ovsunlayıb? Bir də gördün, sabah adam kimi danışmağa başladı. Niyə də yox? Danışa bilsə Tisin ən hörmətli şəxsləri ilə söhbət edərdi. Defendente artıq özünü ələ salırdı. Fkirlərindən kiminsə xəbəri olsa, gülüş obyektinə çevriləcəkdi.
Evə girməmiş gedib odunluğa baxdı. Ordakı on beş günlük çörək yox idi. Köpək onları qarışqalarla birlikdə aparmışdı.
XII
Səhəri gün köpək çörəyi götürməyə gəlmədi. Heç biri gün də. Defendente elə bunu istəyirdi. Silvestronun ölümü gizli dostluqlarından əldə edəcəyi bütün qazancları özü ilə aparmışdı. Buna görə də, iti yedizdirməyin heç bir mənası yox idi.
Üç gün sonra yenidən Qalleonu görəndə kefi pozuldu. Köpək meydanda özü üçün gəzişirdi. Vəziyyəti pis deyildi. İndi daha gözəl görünür, ayaqlarını yerə möhkəm basır, yeriyəndə yırğalanmırdı. Tükləri azalmışdı. Gözləri diri görünürdü. Quyruğunu dik qaldırmışdı. Görəsən, onu kim yedizdirmişdi? Sapori gizlincə ətrafına baxdı. İnsanlar it orada deyilmiş kimi laqeyd-laqeyd keçib gedirdilər.
Günortadan sonra odunluğa yekə bir çörək, yanına da pendir qoydu. Ancaq köpək yenə də gəlmədi. Günlər bir-birini izlədikcə Qalleon daha sağlam görünürdü: tükləri yenidən parlamağa başlamışdı. Sahibi olan itlər kimi tükləri daranmış kimi görünürdü… Deyəsən, kimsə ona qulluq edirdi. Bəlkə də bir neçə adam bir-birindən xəbərsiz köpəyə qulluq edirdilər. Ya da çox şeyə şahid olmuş köpəkdən qorxur, dostlarının lağ-lağından gizlənərək Tanrının gözünə girməyə çalışırdılar. Hava qaralan kimi itə dadlı təamlar verir, Tanrının qılığına girirdilər?
Bəlkə, Qalleon buna görə çörəyi götürməyə gəlmirdi? Yəqin qarnını daha yaxşı yeməklərlə doldururdu. Ancaq kimsə bu məsələdən danışmırdı: təsadüfən söz düşəndə də söhbəti dəyişirdilər. Köpək küçədə görünəndə, adamlar onun yanından keçərək elə baxırdılar ki, elə bil o da şəhərə doluşmuş, azdırılmış küçə itlərindən biridir. Defendente özünü elə hiss edirdi ki, sanki tapdığı dahiyanə fikri kimsə oğurlayaraq qazanc əldə etməyə çalışır.
XIII
Tanrını görmüş olsa da, olmasa da, şübhəsiz, Qalleon qəribə it idi. İnsan kimi ev-ev gəzir, meydana, çayxanaya, mətbəxlərə girir, bir anlıq hərəkətsiz dayanaraq ətrafını və insanları diqqətlə müşahidə edirdi. Sonra da sakitcə çıxıb gedirdi.
Bu gözlərin arxasında nə var idi? Tisin sakinləri düşünürdülər ki, Qalleon bu cür baxmaqla onların fikirlərini oxuya bilir. Adətən insanlar ondan qaçırdılar, çünki baxışlarına müqavimət göstərə bilmirdilər. Sakinlər küçə itlərini vursalar da, qovsalar da, ona qarşı bu cür davranmağa heç kim cürət etmirdi.
Yavaş-yavaş adamlar özlərini tələyə düşmüş kimi hiss edirdilər, ancaq heç kim bu barədə danışmağa cürət etmirdi. Yalnız bir nəfər – Lusioni heç nəyi vecinə almadan hamının düşündüyünü rahat-rahat deyirdi:
– Baxın! Tanrı görmüş cəsur köpək oradadır!
O, Qalleonu nə vaxt görsə, belə qışqırır, sonra da gülərək ətrafındakılara nəzər yetirirdi. Adamlar isə ya heç nə başa düşmürlərmiş kimi hərəkət edir, ya Lusioninin dedikləri ilə razılaşmadıqlarını göstərmək üçün papaqlarını havada yelləyərək:
– Uydurmadır, adamın lap gülməyi gəlir. Lap qarıların şayiəsi kimidir, – deyirdilər. Sonra da axmaq zarafatmış kimi ürəkdən gülürdülər.
Əgər Bernadis həmin vaxt orda olardısa, mütləq etiraz edərdi: “Bu zahidin köpəyi deyil. Sizə deyirəm axı, kəndin itlərindən biridir. İllərdir buralarda gəzişir, tez-tez çörəkçi dükanının yanında görürdüm onu”.
XIV
Bir gün Defendente yenə də səbətin deşiyindən çörək götürmək üçün zirzəmiyə düşmüşdü. Həyətdən dilənçilərin bağırtısı, onları sakitləşdirməyə çalışan arvadı ilə köməkçilərin səsi gəlirdi. Defendente əvvəlcə nəfəsliyi, sonra da səbətin deşiyini açdı. Ustalıqla çörəkləri əlindəki kisəyə doldurmağa başladı. Bu an zirzəminin o biri tərəfində qara bir şeyin qımıldandığını gördü. Köpək orda idi.
– Qalleon, Qalleon, – o mehriban, amma bir o qədər də qeyri-səmimi tərzdə onu çağırmağa başladı, – Bura gəl, gəl götür.... – əlindəki çörəyi ona tərəf atdı. Amma heyvan çönüb çörəyə gözünün ucu ilə də baxmadı. Gördükləri ilə kifayətlənən Qalleon yavaş-yavaş oradan çıxdı. Tək qalan çörəkçi qəzəblə özünə söyməyə başladı.
XV
O köpək ki, Tanrını görmüşdü, çox güman ki, çox şeydən xəbərdar idi. Allah bilir, nə qədər sirr öyrənmişdi. İnsanlar çarəsizcə bir-birilərinə baxırdılar. Ümid edirdilər ki, kimsə onlara kömək edəcək, ancaq heç kim danışmırdı. Sonra biri danışmaq istədi. “Dayan e, bəlkə təkcə mən belə fikirləşirəm? – deyə özündən soruşdu. – Bəlkə, başqaları mənim kimi fikirləşmir? Sadəcə mənə elə gəlir ki, hamının bundan xəbəri var?”
Qalleon isə ərklə bir yerdən digərinə gedir, anbarlara, mağazalara girirdi. Birdən-birə gəlir, küncdə dayanaraq baxır, havanı qoxlayırdı. Hətta gecələr – bütün itlər yatdığı vaxtda belə özünə xas şəkildə ağ divara kölgəsini salırdı. Görəsən, gedib yatacağı bir evi yox idimi?
Artıq insanlar evlərində qapılarını arxadan bağlasalar belə, özlərini yanlarında başqası varmış kimi hiss edirdilər. Tez-tez otların xışıldamağını, küçə daşlarının və qumların üstündə addım səslərini, yaxınlıqdan eşidilən boğuq ulamanı eşidirdilər. Qalleon özünə xas səslər çıxarırdı. O bütün kəndə nəzarət edirdi.
– Yaxşı, problem yoxdur, bəlkə də mən səhv etmişəm, – dəllal iyirmi sent üçün arvadı ilə bərk dalaşdıqdan sonra dedi.
– Bu dəfə heç nə etmirəm. Ancaq bir də olsa… – deyə çörəkçinin arvadı bildirdi. Beləliklə, köməkçisini işdən çıxartmaq fikrindən daşınaraq, ona ikinci bir şans verdi.
– Onun kimi sevimli bir xanıma böyük hörmətim var… – Xanım Birenza bələdiyyə sədrinin arvadı haqqında qeybətini yarımçıq saxlayaraq tez sözünü dəyişdi.
Həmin vaxt Qalleon “xış, xış, xış” kimi səslər çıxararaq oradan keçirdi. Pivəxanadan sərxoş çıxan adamlar belə onun səsini eşidən kimi cəld özlərini yığışdırmağa və ayılmağa çalışırdılar.
Mühasib Federik müdirinə iş yoldaşı Rossinin şirkətə ziyan vuran hərəkətlər etdiyini demək üçün imzasız məktub yazırdı. Amma birdən-birə Qalleon orada peyda oldu. Sanki onun baxışları “Bilirəm məktubda nə yazırsan?” – deyirdi.
Federik nəzakətlə itdən xahiş etdi:
– Çıx, çölə çıx, ağıllı it.
Amma ürəyindən keçən söyüşləri deməyə cürət etmədi. Sonra köpəyin getdiyinə əmin olmaq üçün qapının arxasına baxdı və hər ehtimala qarşı məktubu ocağa atdı.
Başqa bir vaxt Qalleon bitkilərlə bəzədilmiş evin qarşısında peyda oldu. Beş uşaq atası, bağban Quiclonun ayaqları altında pilləkən cırıldayırdı. Elə bu zaman qaranlıqda iki göz parıldadı.
– Ay daa, bura deyilmiş… – itin də eşitməsi üçün ucadan dedi. Sanki həqiqətən də səhv etdiyinə görə əsəbiləşmişdi. – Qaranlıqda adam çaşır… Bura notariusun evi deyilmiş, – deyə-deyə cəld nərdivanlardan aşağı düşdü.
Köpək həmişə eyni vaxtda çörəkçi dükanının yaxınlığında ulayırdı. Bu dəfə çörəkləri götürəndə Defendente onun səsini eşitdi və anladı ki, köpəyin hər şeydən xəbəri var. Əgər onun hürməyi camaatda şübhə oyandırsa, miras havaya sovrulacaqdı. Ona görə də boş kisəni qatlayaraq qoltuğunun altına qoydu və dükana qayıtdı.
Bu təqib nə qədər davam edəcək? Köpək nə vaxt çıxıb gedəcək? Ömrünün axırına qədər Tisdəmi qalacaq? Görəsən neçə il ömrü qalıb? Canını ondan necə xilas edə bilər?
XVI
İllərdir diqqətsiz qalan kilsə yenidən ağzına qədər dolmuşdu. Bazar günü ayinlərində uzun müddətdir görüşməyən köhnə dostlar bir-biri ilə tapışırdılar. Hamının da bəhanəsi vardı. Çoxu eyni sözü deyirdi:
– Çöl yaman soyuqdu, kilsənin divarları qalın olduğu üçün içəri isti olur.
Bir başqası:
– Tabia ata ilə danışmışıq. Mənə yapongülünün toxumlarını verməlidir. Sarı güllər olur e, bax ondan… Aradabir kilsəyə gəlməsəm, verməyəcək, – söyləyirdi.
Başqa biri:
– Xanım Erminiya, fikrimi izah edə bildimmi? “Müqəddəs ürək” mehrabındakı kimi möhtəşəm krujevalı örpək istəyirəm. Evə aparmağa qoymurlar deyə, gəlib burda, baxa-baxa hörürəm. Çox qarışıqdı, hələ xeyli vaxtımı alacaq, – deyərək hərəkətinə haqq qazandırmaq istəyirdi. Sonra da, – Don Tabia bura baxır, – deyə gülümsəyir, tezbazar söhbəti bağlayırdılar.
Heç kim bura bəhanəsiz gəlmirdi. Məsələn, guya Senyora Ermelinda qızına musiqi dərsi vermək üçün kilsənin orqançısı Benediktdən başqa heç kimi tapa bilməmişdi. Yeni evlənmiş qadın ərindən gizlin anası ilə kilsədə görüşürdü. Həkimin arvadı meydanda gəzərkən qəflətən ayağı burxulmuş, beş dəqiqə oturmaq üçün kilsəyə gəlmişdi.
Tabia ata minbərdə dayanaraq ətrafa göz gəzdirir, kilsədəki qələbəliyi görüb, təəccübdən deməyə söz tapmırdı. Həmin vaxt Qalleon kilsənin arxasındakı otluqda uzanmışdı və ayindən sonra çıxan insanları tərpənmədən seyr edirdi. Adamlar çıxan kimi cəld başqa səmtə burulur, heç kim ona baxmağa cürət etmirdi. Bununla belə, heyvanın baxışlarını kürəklərində iki yanar od kimi hiss edirdilər.
XVII
Qalleoneyə bənzəyən it görəndə belə adamların tükü biz-biz olurdu. O insanların çox olduğu yerdə – mağazada, axşam gəzintilərində – qəfildən peyda olurdu. Tək qalanda ona mehriban davranan, kömbə, yeməli şeylər verənlər belə olanda ona etinasız yanaşırdılar.
– Ax, hardadı o əvvəlki vaxtlarımız? – insanlar niyə belə dediklərini izah etmədən ucadan səslənirdilər. Amma hamı nəyin nəzərdə tutulduğunu yaxşı bilirdi. O vaxtlar gözəl idi ki, hamı heç nədən utanmır, istədiyi hər şeyi edirdi. Məsələn, bazar günü günortaya qədər yatırdı…
İndi satıcılar nəyisə çəkəndə nazik kağızdan istifadə edir, tərəzidə aldatmır, ev sahibələri qulluqçularını döymürdülər. Polis Venariello bütün günü şöbənin qarşısında, günəşin altında mürgüləyir, təəccüblə deyirdi:
– Niyə heç cinayət olmur?
Heç kim ictimai yerlərdə ucadan söyüş söyə bilmir, söymək istəyəndə də ətrafına yaxşı-yaxşı diqqət edirdi ki, birdən köpək oralarda olar. Amma kim etiraz edə bilərdi ki? Kim ona zəhər qatılmış bir tikə ət verəcək qədər cəsur idi? Bütün bunlar başdan-ayağa müəmma idi. Tək çarə Qalleonun öz əcəli ilə ölməyini gözləmək di. Onun başına ancaq təsadüfən nəsə gələ bilərdi.
Bir gecə tufan qopdu, göy guruldadı, şimşək çaxdı, elə bil dünyanın axırı gəlmişdi. Defendente Sapori göy guruldamağına rəğmən aşağıdan gələn qəribə səsləri eşidirdi. Yəqin ki, oğru idi. Cəld çarpayıdan tullandı, silahdan yapışdı, nəfəslikdən aşağı baxdı. Anbarın ağzını açmağa çalışan iki adam gördü. Şimşək çaxanda həyətin düz ortasında dayanan qara bir köpək də gözünə dəydi. Yəqin ki, Qalleon oğruları qorxutmağa gəlmişdi. Əlinə fürsət düşdüyü üçün ürəyində sevinərək, yavaşca nəfəsliyi açdı. Tüfəngi köpəyə tuşladı və şimşək çaxmağını gözlədi. Birinci atəş şimşəklə eyni vaxtda açıldı.
– Oğru! Oğru var! – deyə qışqıraraq, qaranlığa ikinci dəfə də atəş açdı.
Oğrular qaçmağa başladılar, sonra ətrafdakı evlərdən çırpılan qapıların səsləri məhəlləni başına götürdü. Qadınlar və uşaqlar qışqırışdılar. Həyətə girən bir adam onu səslədi:
– Ay daa, Defendente, baxın, bir it öldürmüsünüz.
Əlbəttə, insanlar tez-tez səhv edirlər. Hələ gecə vaxtı lap çox səhv etmək olar, amma bu Qalleo idi. Defendente ona baxmağa getmədi. İt gölməçədə tərpənməz uzanmışdı. Çörəkçi anbara getdi ki, görsün qapını qırıblar, ya yox? Sonra da hamıya “gecəniz xeyrə” – deyib, çarpayısına qayıtdı.
– Axır ki, rahat yata biləcəm, – desə də heç cürə gözünə yuxu getmədi.
XVIII
Səhəri gün köməkçiləri köpəyi boş sahədə basdırdılar. Defendente onlardan it barəsində heç nə soruşa bilmədi, çünki hadisənin çox böyüməsini istəmirdi.
Dünənki gecə baş verənləri kənddə kim yaymışdı? Axşam çörəkçi çayxanaya getdi, hamı gözünü ona zilləmişdi, ancaq təşvişə düşməsin deyə, baxan kimi gözlərini çəkirdilər.
– Axşam, deyəsən, bir neçə dəfə atəş açmısan? – Bernadis Defendenteni salamladıqdan sonra soruşdu. – Deyirlər çörəkçi dükanında böyük müharibə gedib?
– Ola bilər, – Defendente hadisənin əhəmiyyətsiz olduğunu göstərmək üçün dilucu cavab verdi. – Oğrular anbara girmək istəyirdilər. Mən də kor-koranə iki dəfə atəş açdım, qaçdılar.
– Kor-koranə niyə? – Lusioni soruşdu. – Güllə atmazdan qabaq hara və niyə atdığına baxmadın? Nişan almadın?
– Hər tərəf qaranlıqdı! Səncə, elə vəziyyətdə nəsə görmək olar? Qapıdan səs-küy eşitdim, səs gələn tərəfə iki dəfə atdım.
– Amma yazıq bir iti də o biri dünyaya göndərdin.
– Ah, düz deyirsən, – Defendente ah çəkdi. – Bir iti öldürdüm. Allah bilir, hardan gəlmişdi. Çünki mənim itim yoxdu.
The free sample has ended.