Read the book: «Qutadğu bilig»

Font::

DÖVLƏTÇİLİK HAQQINDA, BÖYÜK KİTABIN POETİK TƏRCÜMƏSİ HAQQINDA SÖZ

Qarşımda təxminən 20 ç.v. həcmində əlyazma var. Bu əlyazma Yusif Balasaqunlunum "Qutadqu bilik" poemasının poetik tərcüməsidir. Bu qiymətli əlyazmanı oxuduqca beynimdə iki axarda fikirlər, düşüncələr toplanır. Bu fikir və düşüncələri oxucu ilə bölüşmək istəyi qarşısıalınmaz bir həvəsə çevrilir. Həmin fikirlərin bir axarı "Qutadqu bilik" dünyası ilə, o biri axarı isə Xəlil Rza dünyası ilə bağlıdır. Bir-birini tamamlayan bu axarlar biri dənizə, biri ümmana axıb, elə orda da bir-birinə əbədi qovuşur. Böyük ümmanın adı Türklük, ulu dünyanın adı Türk Dünyasıdır.

Hələ qələm dostum Ramiz Əsgərlə 1980-ci illərdən çevirməyə başladığımız və dostumuz Azər Mustafazadənin yaxından köməyi ilə 1994-cü ildə işıq üzü görən "Qutadqu biliy"in1 filoloji tərcüməsi bizi Yusif Balasaqunlunun sənət dünyası ilə həmişəlik bağlamışdı. Və bu bağlılığı Xəlil Rzanın poetik tərcüməsində bir daha duyduq, bir daha gördük.

Eşitmişdik ki, mübariz şair "Qutadqu bilik"lə çox maraqlanır. Bu bizi çox sevindirdi. Çünki Azərbaycanda yalnız məhdud elmi dairədə tanınan bu ölməz poema hər kəsin oxuması, bilməsi zəruri olan əsərdir. Bunun üçün filoloji tərcümədən daha çox poetik tərcüməyə ehtiyac duyulurdu. Vaxtı ilə Nizaminin əsərlərini də biz öncə hərfi tərcümədə, sonra poetik tərcümədə oxumuşuq.

Həmin tərcümələr içərisində mərhum Mir Cəlalın öz poetikliyi ilə şer tərcüməsindən geri qalmayan çevirmələrini xatırlayıram. Bəlkə də təfərrüat və elmi dəqiqlik üçün filoloji tərcümə gərəklidir, ancaq kütləvilik, yaşarılıq üçün bədii poetik tərcümənin gördüyü işi heç nə görə bilməz.

Bu mənada Xəlil Rza ədəbiyyat tariximiz, mənəviyyatımız üçün, bugünkü dövlət müstəqilliyi üçün əvəzedilməz bir iş görmüş, "türk "Şahnaməsi”ni Azərbaycan türkcəsinə çevirmişdir.

* * *

…Bir dəfə Türkiyədə mənə "Qutadqu biliy"in son tərcümələrindən birini bağışlamışdılar. Və mən əlimdə kitab dayandığım zaman böyük türk alimi mərhum Bahəddin Ögəl əlimdəki kitabın adını soruşdu. Mən dedim:

"Qutadqu bilik" – "Xoşbəxtliyə aparan kitab". O gülümsəyib:

– Yox, oğlum, o kitabın adı "Dövlət kitabı"dır, ”Dövlətnamə"dir. Türk dövləti fəlsəfəsi, düşüncəsi haqqında ən böyük söz də bu kitabdadır. Azərbaycanın bu kitaba ehtiyacı çoxdur.

Müdrik alimin sözlərindəki həqiqəti inkar etmək mümkün deyil.

Türk xalqlarının xilqətindəki inanış islamda qanunauyğun inikasını tapdığı üçün türk və islam mədəniyyəti VII-VIII yüzilliklərdən sonra türk -islam mədəniyyəti kimi dünya tarixinə daxil oldu. Bu böyük prosesi əks etdirən yüzlərcə, minlərcə örnəklər arasında "Qutadqu bilik" başda gəlir.

Qut – türkrə səadət, xoşbəxtlik, uğurlu tale deməkdir. "Qutadqu bilik" – xoşbəxtliyə, səadətə aparan elm, bilik deməkdir (qut-xoşbəxt, ad-etmək mənalı adlardan fel düzəldən şəkilçi, -qu-feldən ad düzəldən şəkilçidir; bil(mək) felin kökü, -ik-feldən ad düzəldən şəkilçidir).

Bu möhtəşəm abidənin müəllifi türk-islam ədəbiyyatının ilk böyük sənətkarı Yusif Xas Hacibdir (1017-1077).

İstər Yusif Balasaqunlunu, istərsə də onun müasiri, "Divani lüğət-it-türk''ün müəllifi Mahmud Kaşğarini yetirən tarixi şərait və mühit bizim üçün maraqsız ola bilməz. Qaraxanlılar sülaləsinin islamı ilk qəbul edən və Kaşqarda ilk türk islam dövləti yaradan Əbdülkərim Satuq Buğra Qaraxan Soğdi dili və mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu. Balasaqun şəhəri Türküstanın qədim şəhərlərindən biri kimi Kubalıq (Gözəl şəhər), Qara Ordu, Quz-Ordu, Uluş, Balıq adları ilə adlanmış və Mahmud Kaşğarinin "Divan"inda verilən xəritədə tam mərkəzdə göstərilmişdir. Kaşqar (Ordukənd) paytaxt olsa da, Balasaqun şəhəri Qaraxanlıların çox böyük şəxsiyyətlərindən biri olan Harun tərəfindən ikinci böyük iqtisadi və mədəni mərkəzə çevrilmişdi. Samanilərin zəifləməsi, Qaraxanlıların İslama dönüşü Qərbi Türküstanda yeni və qüdrətli dövlətçilik sisteminin yarandığını göstərirdi. Təsadüfi deyil ki, uzun müddət yaşamasa da, türk ədəbi dilinin və mədəniyyətinin formalaşmasında mühüm rol oynayan Qaraxanlılar daha möhtəşəm Türk İslam dövləti olan səlcuqların sələfi rolunu ləyaqətlə oynamışdır.

Haciblik – "Qutadqu bilik" əsərində bir növ hökmdarın ideoloji istiqamətlər üzrə müşaviri kimi "xidmətlərin ən incəsi" tək qiymətləndirilir. "Hacib olmaq və irəli keçib insanlara yol göstərmək" üçün əsaslı şərtlər qoyulur. Bu şərəfli vəzifə üçün ağıl, zəka, tədbir, bilikdən savayı boy-buxun, səliqə-səhman, nurani sifət də tələb olunur. Saray həyatının beyni kimi fəaliyyət göstərməli olan Hacib üçün gərəkli şərtlərə həsr olunmuş 90 beyt bunu sübut edir. Əlbəttə, Yusifin bu xüsusiyyətləri bir növ canlı örnək idi. Dövrünün mütəfəkkir sənətkarı, dövlət xadimi olan Yusif Xas Hacib türk islam tarixini, mədəniyyətini dərindən mənimsəmiş ideoloq idi. Əsərin başdan-başa türkcə yazılması, gəlmə sözlərin azlığı, qədim adətləri, etnoqrafik xüsusiyyətləri gözəl bilməsi, Quran, islam fəlsəfəsini dərindən mənimsəməsi Yusif Balasaqunlunu yalnız bir sənətkar kimi deyil, həm də türk dövlətçilik tarixinin qüdrətli fikir-məfkurə simalarından biri kimi tanıdır. Təsadüfi deyil ki, "Qutadqu biliy"in zəngin materialı əsasında dini, əxlaqi, didaktik, hüquqi, sosial-siyasi, estetik, pedaqoji, psixoloji baxışlar sistemi üzərində ayrı-ayrılıqda kitablar, əsərlər yazmaq mümkündür.

Məlumdur ki, türk fəlsəfəsi və dövlətçilik tarixi islama qədər böyük bir inkişaf mərhələsi keçmişdir. Türklərin tarixdə özünəməxsus yer tutması yalnız hərbi müvəffəqiyyətlə bağlı deyildir. Türklük aləmini dünyaya və insana fəlsəfi baxış, hüquq və dövlət dünyabaxışından ayrı təsəvvür etmək olmaz. Qədim türklərdə törü (törə) adlanan şifahi ədliyyə sisteminin, adət və ənənələrdə öz əksini tapmış hüquqi baxışlar toplusunun böyük əhəmiyyəti olmuşdur. Yusif Balasaqunlu islam fəlsəfəsi ilə qədim türklərin törələrdən, tanrıçılıqdan, həyat və düşüncə tərzindən gələn fəlsəfəsini üzvi şəkildə birləşdirərkən təbii ictimai-sosial fəlsəfi baxışları ifadə etmişdir. Bu mənada, əsər "Türklərin mənəvi tərəfini, siyasi və idarəçilik görüşlərini ortaya qoymaqla Türk dövlətinin ictimai-siyasi bünövrəsini tanıtmağı bacarmışdır"2.

"Qutadqu biliy"in dünyada tanınmasında böyük zəhməti olan Rəşid Rəhməti Aratın dediyi aşağıdakı sözlərə əlavə etmək çox çətindir: "Yusif bu əsəri ilə insan həyatının mənasını təhlil etmiş, onun cəmiyyət və eyni zamanda dövlət içindəki vəzifəsini təyin edən bir fəlsəfi – həyat fəlsəfəsi sistemi formalaşdırmışdır"3. Şübhəsiz ki, bu baxışlar sistemini Yusif Xas Hacib özü yaratmamışdır, mövcud haqq, ədalət, dövlət, hüquq, ədliyyə, əxlaq anlayışlarını gözəl bir üslubda canlandırmış mütəfəkkir – ideoloq səriştəsi ilə sistemləşdirmişdir. İslamı qəbul etmiş türklərin milli həyat fəlsəfəsi vətəndaş və dövlət baxışı, bilavasitə milli dövlətin müqəddəsliyi prinsipi bu gün üçün də müasirdir. Molla və ya axund məscidə layiq olmaya bilər, amma Allah evi olan məscid müqəddəsdir. Seçilmiş, təyin edilmiş və yaxud irsi olaraq başına tac qoyulmuş hökmdar uğursuz və ləyaqətsiz ola bilər, ancaq milli dövlət müqqəddəsdir. Bu müqəddəslik bilinmədikcə və tanınmadıqca, ətə, qana çökməyincə, beyinlərə hopmayınca o dövlətin yaşamaq haqqı şübhəli olacaq. Dövlətin qanunları da, ona əsasən, ordusu və idarə sistemi də o zaman möhtəşəm və qüdrətlidir ki, hər bir vətən övladı, özünü vətəndaş sayan şəxs həmin dövləti öz ailəsi qədər sevir və müqəddəs tutur. Vətəndaşın dövlətçilik hissini və milli dövlətə məhəbbətini ifadə etmək baxımından "Qutadqu bilik" örnək əsərlərdən biri kimi tariximizə daxil olub.

Bu fikirlər bəlkə də milli dövlətə müasir baxışdır və haradasa subyektiv yozumdur. Və şübhəsiz ki, marksizm-leninizmin dövlət konsepsiyasına uyğun deyil. Etirazımız yoxdur. Ancaq bizim iddiamız metod konsepsiyası deyil, milli dövlətə tariximizdən, törələrimizdən, kökdən, bünövrədən gələn baxışları açıqlamaqdır. Həmin baxışların açıqlanması gəncliyimizdə milli dövlət əqidəsini formalaşdırmaq, dövlətçilik namusunu, qeyrətini aşılamaq üçün zəruridir. Müasir dünyanın mürəkkəb siyasət əlifbasında dövlətçilik və demokratiya prinsiplərini əqidə, amal səviyyəsində dərk etmədən heç bir azadlıqdan və müstəqillikdən söhbət gedə bilməz. Azərbaycanın azadlıq və müstəqilliyini köklü şəkildə dərk etməsi üçün ədəbi və tarixi qaynaqlarımızın müasir gözlə oxunması, şərh edilməsi, tədris və təbliği çox vacibdir. Bu baxımdan da "Qutadqu biliy"in sətirləri içərisində yatan həqiqətlərin aşkar edilməsinə böyük ehtiyacımız var.

"Qutadqu biliy"in tədqiq və nəşr tarixi geniş bir mövzudur və məqsədimiz təfərrüatı ilə bu mövzunu əhatə etmək olmasa da, əsas araşdırmaları vurğulamağa ehtiyac var.

Klassik türkologiyanın H. Vamberi, V. Radlov, A.Z. Validov, S.Y. Malov, R.R. Arat kimi nümayəndələrinin nəşr, tərcümə baxımından xidmətləri çox böyükdür. Onlarla birlikdə V. V. Bartold, Z. V. Toğan, P. K. Juze, A.N. Kononov, İ. Qafesoğlu kimi araşdırıcılar tədqiqatları ilə "Qutadqu biliy"in dünya elmi səviyyəsinə çıxmasında ciddi rol oynamışlar4.

"Qutadqu biliy"in nəşrləri içərisində üç nəşri biz xüsusilə qeyd etmək istərdik. Birincisi görkəmli Türkiyə alimi Rəşid Rəhməti Aratın 1947 və 1979- cu il nəşrləridir, ikincisi görkəmli özbək alimi K. Kərimovun Daşkənd nəşridir, üçüncüsü görkəmli rus türkoloqu S.N. İvanovun abidənin rus dilinə tərcüməsidir5. Araşdırmaların içərisində "Qutadqu biliy"in tarixi, bədii -poetik, dil xüsusiyyətlərinə həsr olunmuş çoxlu dəyərli əsərlər vardır. Yuxarıda adları çəkilən araşdırıcılardan başqa A. Baskakov, A. M. Şerbak, X. Koroğlu, M.N. Xıdırov, E. Fazilov, Ə. Tennişev, İ.V. Stebleva, S.Q. Klyaştornı, Q.F. Blaqova, N.S. Banarlı, A.S. Ləvənd, L. Banelli, O. Alberti, M. Aran, A. Bombaçi, F. Rəhməti, M. Xartman, S. Cağatay, Ə. İnan, İ. Nəcmi, A. Rüstəmova, A. Valitova və b. tədqiqatçıların onlarca əsərlərinin üzərində dayanmaq üçün geniş imkan yoxdur. Bu araşdırmaların içərisində A. Dilaçarın, İ.V. Steblevanın, S. Başerin adlarını çəkdiyimiz əsərlərini, eləcə də, 900 illiyi münasibətilə "Sovetskava tyurkoloqiya" jurnalının bütöv bir nömrəsini (1970, № 4) başdan-başa (cəmi 13 məqalə) "Qutadqu biliy"ə həsr olunmasını ayrıca qeyd etməyi özümüzə borc bilirik.

"Qutadqu bilik"dəki insan konsepsiyası, ağıl anlayışı, hikmət fəlsəfəsi qut və törə kimi anlayışların çoxsəpkili təhlili ilə üzə çıxa bilər. Ümumiyyətlə, əsərdə sosial-fəlsəfi, etik problemlərin qoyuluşunun bütöv bir sistem daşıdığı şübhəsizdir. "Fənalıq cahillikdən doğar, xəstəliklər, pisliklər bir nöqsandan irəli gəlir. Müalicə ilə xəstəliklər sağaldıla bilər, tərbiyə ilə pisləri yaxşı etmək olar, oxumaq yolu ilə biliksizlərə bilik verilmiş olar". "Hökmdar millətini, ailə başçısı ailə üzvlərini oxutmağa və tərbiyə etməyə məcburdur".''İqtisadi baxımdan cəmiyyətdə üç ayrı sinif vardır: zənginlər, orta sinfi təşkil edən ordu və məmurlar, füqəra sinif olan xalq… Fəqət himayə və təşviqlə qara camaat (qara budun) deyilən xalq orta sinif dərəcəsinə qalxa bilər. Orta sinif də get-gedə zənginlərlə birləşər. Beləliklə, cəmiyyətdə yoxsul və zülm görmüş bir sinif qalmaz"… kimi onlarca, yüzlərcə fikir yalnız ideal cəmiyyətin modeli haqqında düşüncələr deyil, həm də Orta Asiyanın müsəlman Türk dövlətinin ideoloji bünövrəsidir.

"Fərdin xoşbəxtliyi zəhmətin xoşbəxtliyinə bağlıdır. Fərdlər cəmiyyətin və cəmiyyətin başı olan hökmdarın yaxşılığı üçün çalışsalar, qısası, hökmdar ədalətli olsa, millət xoşbəxt olar" fikri, qanun haqqında düşüncələri Yusif Xas Hacibin dövlətçilik baxışlarını açıqlayan örnəklərdən biridir.

"Qutadqu biliy"in dili, poetikası haqqında çox danışmaq olar. Əsər xan dili deyə adlandırılan Kaşqar-Xaqaniyyə ləhcəsində yazılmışdır. Qaraxanın dövlət dili kimi sabitləşməyə başlayan ədəbi dilin kamil örnəyi kimi "Qutadqu bilik" diqqət çəkir. Bu yeni Orta Asiya türk ədəbi dili qrammatik sabitliyi və normativliyi ilə, lüğət tərkibinin dolğunluğu, zənginliyi ilə ortaya çıxır. Bu epik əsər türk dilinin şüurlu münasibətlə seçilən əsərlərindən biridir. Əsərdə doğma dilə, dövlət dilinə o qədər böyük bir sevgi var ki, heyrətlənməyə bilmirsən və istər-istəməz anlayırsan ki, dövlət və Vətən sevgisi elə ana dilindən başlayır. Və ana dilinə dövlət ölçüləri ilə yanaşma, dəyərləndirmə milli təfəkkürün başında gəlir.

"Şahnameyi-türk" adlanan "Qutadqu bilik" çox maraqlı poetik quruluşa malikdir. Əsər məsnəvi formasında epik mənzumədir. 6645 beytdən ibarət bu əsərdə 124 beyt həcmində üç parça və 173 də dördlük var. Kitaba sonda əlavə edilən 77 beytdən ibarət mənzum müqəddimə də var. Bəzən əsərin heca vəznində yazıldığı iddia edilsə də, bu böyük epik mənzumə əruz vəznində – kəsik (qısa) nıütəqarib vəznində yazılmışdır. Fa'ülün Fa'ülün Fa'ülün Fa'ül təfıləsi "Şahnamə” vəzni kimi şərqdə məşhurdur.

Əsərin lüğət tərkibi əsasən türk mənşəli sözlərdən ibarətdir. Türk dilinin fenoloji quruluşuna çox uyğun olmayan bu vəzndə klassik əsər yazan Yusif Xas Hacib böyük sənətkarlıq nümayiş etdirmişdir. Bu ənənə türk xalqlarının ana dili klassik poeziyasında, xüsusən, Əhməd Yuqnəki, Əhməd Yasəvi, Yunis İmrə, Nəsimi, Rəbquzi, Əlişir Nəvai, Zahirəddin Babur, Qazi Bürhanəddin, Xətai, Sultan Vələd, Aşıq Paşa, Füzuli… yaradıcılığı üçün məhək rolunu oynamışdır.

Bayatı, mani qoxulu dördlüklər türk dilinin öz təbii axarını əks etdirmək baxımından maraqlıdır.

Əsərin çox zəngin qafiyə sistemi vardır. Alliterasiya, anafora, epi-fora, zənginliyi türk şer dilinin potensialını reallaşdırmaq baxımından diqqəti çəkir. Ümumən, əsərdə türk dilləri üçün, xüsusən poetik dil üçün səciyyəvi olan təkrarlar sistemi mühüm rol oynayır.

Əsərin məcazlar sistemi daha çox türkcədir. Və ərəb-fars ədəbiyyatının güclü təsirinə nisbətən az uğrayır. Dialoji üslub, didaktik deyim tərzi, yeri gəldikcə rəsmi-publisist boyalar əsərin bədii poetik siqlətini zəiflətməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. İstifadə olunan frazeoloji birləşmələr, atalar sözləri və zərb-məsəllər əsərin dilində xəlqiliyi gücləndirmişdir.

"Qutadqu bilik" türk ger sənətinin ilk böyük qalalarından biridir ki, bu qalasız zəngin türk klassik poeziyasını təsəvvür etmək qeyri mümkündür6

* * *

Türk dünyasının milli-azadlıq hərəkatı dövrünün böyük mücahidi və görkəmli söz ustası Xəlil Rzanın "Qutadqu biliy"ə müraciəti qətiyyən təsadüfi deyil. Bu yola Xəlil bəyi əqidəsi, qan yaddaşı, inamı və imkanı gətirmişdi. Hələ özbək – Azərbaycan ədəbi-mədəni əlaqələr tarixini öyrənərkən X. Rzanın qədim qaynaqlarla üzləşməsi, onları öyrənməsi, araşdırması alim- sənətkar ürəyinin tələbi kimi ortaya çıxmışdır. Tərcüməyə yazdığı ön sözdə alim-şairin böyük zəhməti aydınca hiss olunur.

X.Rza bu əsəri müəyyən mənada sərbəst çevirsə də, kanonik mətnə sayğı ilə yanaşmış, istər orijinalın R.R. Arat çapını, istərsə də özbək alimi K.Kərimovun çapını gərəyincə öyrənmiş, çağdaş türk dillərini və rus dilini (S.N. İvanovun poetik tərcüməsi) ustalıqla incələmişdir.

Nəticədə dünyaya həm "Qutadqu bilik" böyüklüyünü, həm də X.Rza üslubunu layiqincə təmsil edən orijinal bir tərcümə gəlmişdir.

Əsərin vəznini, qafiyə sistemini, ümumən türk nəfəsini ustalıqla saxlayan tərcüməçi müasir ritmi və konteksti də unutmamışdır. Kiçik ixtisarla və sərbəst tərcümə məqamlarını şair təxəyyülünün qanunları ilə dəyərləndirmək olar. Hər ciddi tərcümə əsəri bir yaradıcılıqdır, bir dünyagörüşün ifadəsi və təsdiqidir. Bu mənada "Qutadqu biliv''in gələcəkdə də poetik və filoloji tərcümələri ola bilər. Hər nəsil öz keçmişinə, yaddaşına öz səsi, öz nəfəsi ilə qayıdır. Bizə elə gəlir ki, nə qədər tərcümələr olursa-olsun bir tərcümə həyata həmişəlik vəsiqə alıb. Bu xalq şairi, milli mücahid Xəlil Rzanın "Qutadqu bilik" tərcüməsidir.

Allah Xəlil Rzaya, onun şəhid oğlu, qəhrəman Təbrizə rəhmət eləsin!

"Qutadqu bilik" qalası uca olsun!

Tanrı türkü qorusun!

Amin.

Kamil Vəli NƏRİMANOĞLU
professor

XƏLİL RZA ULUTÜRK
İLK MÖHTƏŞƏM ABİDƏMİZ

XI əsr yadigarı "Qutadqu bilik" türkdilli xalqların ilk poeması, onların dil xüsusiyyətlərini, bədii təfəkkür gücünü öz aynasında göstərən birinci möhtəşəm ədəbi abidəsidir. Bir xalq deyil, bütün türkdilli ulusların ortaq sərvətidir və çox güman ki, həmin dövrdə, yəni Qaraxanlılar deyilən Türk sülaləsinin əzəmətli bir dövlət gibi çiçəkləndiyi çağlarda həmin dövlətin himayəsində yaşayanların və ədəbi dili bilənlərin hamısı üçün anlaşıqlı olmuşdur.

Poemanın yazıldığı dövrdə Qaraxanlılar dövləti Yuxarı Çindən tutmuş Xəzər sahillərinəcən olduqca geniş bir ərazini əhatə edən möhtəşəm bir məmləkətin başında dururdu və dastanın ruhundan bəlli olur ki, özünün renesans çaqlarını yaşayırmış. Başqa sözlə desək, həmin Türk dövlətinin, Türk ruhunun çiçəklənməsi üçün belə bir əsərin yaranması zəruri imiş. Dövlət quruluşu, dövlət başçısı necə olmalıdır, dövlət başçısı ilə rəiyyət, cəmiyyət ilə fərd arasındakı münasibətlər necə qurulmalıdır? Ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, allah və bəndə qarşısında başlıca vəzifəsi nədən ibarətdir? Poema bu gibi sorğulara cavab vermək üçün yazılmışdır. Dövlət başçısı və rəiyyət necə davranmalıdır ki, bu möhtəşəm Türk dövləti daha da çiçəklənsin, düşmən qarşısında sarsılmasın, öz milli istiqlalını, ərazi böyüklüyünü axıradək qoruyub saxlaya bilsin, ayrı-ayrı tayfalar, xanlar, dərəbəylər arasındakı didişmələrə son qoysun, onları düşmənə qarşı vahid bir cəbhədə birləşdirə bilsin – poema yaradıcısı bu gibi məqsədləri də aydınca izləyir, ən tutarlı, ən dürüst cavablarını verməyə çalışır.

Əzəmətli Kaşqar şəhərini (Ordukəndi) özünə paytaxt seçmiş Qaraxanlılar dövləti şimalda Balasaqun, qərbdə Səmərqənd, ortalıqda Özkənd Herat gibi böyük elm, sənət, ticarət, mədəniyyət, mərifət mərkəzlərinə malikdi. Yaradılan elmi, bədii əsərlərin çoxu ərəbcə, farsca idi, lakin tarixi gedişat, xalqın təfəkkür tərzi, mənəvi ehtiyacı məhz ana dilli doğma ədəbiyyatın yaradılmasını tələb edirdi. Poema yaradıcısı Yusif Xas Hacib Balasaqunlunun dahiliyi bundan ibarətdi ki, həmən ehtiyacı hamıdan öncə duymuş, böyük idrak gücünü, aşıb- daşan ilhamını doqmalıq üstündə kökləmiş və demək olar ki, öz dövrünün ensiklopedisi adlana biləcək möhtəşəm bir abidə yaratmışdır. Poemanın dil saflığı, arılıqı, ərəb-fars sözlərinin, yabançı kəlmələrin çox nadir hallarda, yalnız zərurət məqamlarında işlədilməsi göstərir ki, Balasaqunlu Yusif bəy Türkcənin incə bilicisi, təəssübkeşi, cəfakeşi və mətin qoruyucusudur. Poemadan bəlli olur ki, o, öz dövrünün bütün elmlərindən xəbərdardır. Tarixi, coqrafıyanı, ulduzşünaslıqı, ilahiyyatı, Quranı, fiqhi kamil bilir, ən başlıcası adı böyük hərflər ilə yazılmağa layiq insandır, müsəlmandır, haramı yaxın qoymayan, halallığa güvənən, öz gündəlik ruzusunu, səadətini daşdan çıxaran zəhmət xadimidir, hər iki dünya qarşısında üzüağdır.

Balasaqunda anadan olmuş Yusif Xas Hacib bu əsəri 50 yaşına əlvida dediyi çağlarda, 462-ci ildə (miladi hesabla 1069-1070) on səkkiz aya tamamlamışdır. Öz dövründə böyük nüfuz və şöhrət qazanmış dastanı çinlilər "məmləkətin ədəb aynası", maçınlılar "Zəkalar zinəti", iranlılar "Türkün şahnaməsi", şərq uluslarından bir çoxu "Ölkənin öyüdnaməsi", Türklər "Qutadqu bilik" (səadət gətirən elm) adlandırmışlar. Müəllif heratda bitirdiyi əsəri Kaşğara, Xaqan dərgahına, Tavğac Uluğ Buğra Qaraxan hüzuruna ərmaqan aparmış, təşəkkür və minnətdarlıq ifadəsi olaraq haciblik (vəzirlik) rütbəsi qazanmışdır.

"Qutadqu bilik" yalnız öz müəllifinin deyil, ümumən Türkcənin, Türk bədii təfəkkürünün əbədi və əvəzsiz heykəlidir. Aradan keçən doqquz əsr ərzində nə qədər şəhərlər, səltənətlər, imperiyalar, sultanlar xəritədən və tarixdən silinmiş, yerlə-yeksan olmuş, bu möhtəşəm abidə isə öz təravətini itirməmiş, bircə qönçəsinin də solmasına, tufanlara düşməsinə yol verməmişdir.

Poemadakı dörd qəhrəman müəllif idealını təcəssüm etdirir. Gündoğdu – ədalətin, Aydoldu (bədrlənmiş Ay) – bəxtin və dövlətin, Ögdülmüş (əqlə yetmiş) – əqlin, zəkanın, Ozğurmuş (oyanmış) – qənaətin timsalıdır. Bu dörd surətin arasındakı suallar, cavablar Qaraxanlılar səltənətinin başçısından, hakimindən tutmuş rəiyyətədək bütün təbəqələrin, zümrələrin, fərdlərin əxlaqını, ədəb qaydalarını, hərəkət, fəaliyyət xətlərini müəyyən edir. Buna görə poema öyüd, nəsihət, təlim-tərbiyə ruhu ilə doludur.

Əsərin varlığı XIX əsrin birinci yarısında bəlli olmuş, poemanın hicri 843-də (miladi 1439-da) Heratda Həsən Qara Sayil Şəms tərəfindən uyğur yazısı ilə köçürülmüş nüsxəsi Türkiyənin Toqat şəhərinə göndərilmiş, buradan isə hicri 879-da (miladi 1474-də) Əbdürrəzzaq Şeyxzadəyə ərməğan verilmək üçün Fənəri oğlu Qədi Əli tərəfindən İstanbula gətirilmişdir. Məşhur tarixçi və şərqşünas Xammer Purqştal onu satın almış, Vena saray kitabxanasına yetirmişdir. Bundan sonra əsər barədə birinci xəbər 1823-cü ildə fransız şərqşünası Jaubert Amedes tərəfindən jurnal məqaləsi biçimində yayınlanmışdır.

1870-ci ildə məşhur macar alimi Vamberi "Qutadqu biliy"in ən mühüm hissələrini "Uyğur dili abidələri və "Qutadqu bilik" adı altında almancaya çevirisi ilə birlikdə nəşr etmişdir.

1890-cı ildən etibarən məşhur rus şərqşünas alimi Radlov əsərin araşdırılması işinə girişmişdir. 1896-cı ildə kitabın ərəb əlifbası ilə köçürülməsi – ikinci nüsxəsi Qahirədə tapılmışdır. Onun dörd cilddən ibarət fotosurəti hazırda Özbəkistan Elmlər Akademiyasının şərqşünaslıq institutunda saxlanmaqdadır.

1913-cü ildə şərqşünas alim Vəlizadə Fərqanə ekspedisiyası zamanı Məhəmmədhacı Eşan Laləreşin şəxsi kitabxanasında "Qutadqu biliy"in ərəb əlifbası ilə yazılan nüsxəsi olduğunu elm aləminə xəbər vermişdir. Məşhur özbək alimi Fitrət bundan, – əsərin Nəməngən nüsxəsindən soraq tutunca 1924-də Məhəmmədhacı Eşan Laləreşdən nüsxəni almağa, Daşkənd kitabxanasına gətirməyə nail olmuşdur. Çox keçmədən "Maarif və oxucu" dərgisində Fitrətin Nəməngən nüsxəsinə dair məqaləsi basılmış, daha sonra poemanın ayrı-ayrı parçaları nəşr edilmişdir (1928).

Bundan sonra adlı-sanlı şərqşünas Malovun araşdırmalarında həmən nüsxənin ayrı-ayrı parçalarını, tərcüməsini, izahlarını, üç nüsxənin müqayisəli təhlilini görürük (1929).

"Qutadqu biliy"in öyrənilməsində Valitovanın xidmətlərini qeyd etmədən keçinmək olmaz. Şərq mədəniyyətini, Qaraxanlılar dövlətinin tarixini, bu tarixin öyrənilməsində "Qutadqu bilik" əsərinin rolunu, mövqeyini dürüst müəyyənləşdirməkdə Valitova türkologiya elminə böyük hədiyyə vermişdir. Bu gibi uğurlara baxmayaraq "Qutadqu bilik" ilə bağlı öyrənilməmiş cəhətlər hələ az deyil. Xüsusilə əsərin dilinə dair fikirlər hələ tam durulmamış, sabitləşməmişdir. Uyğur dili, altay dili, türk dili, "Qutadqu bilik" dili, Qaraxanlılar dili, Buğraxan dili gibi anlayışlar bu sahədə ən çox işlənən terminlərdir. Burası şəksizdir ki, kitabın dili o dövrdə yaşamış bütün türk qəbilələri üçün anlaşıqlı olmuş, onların hamısını eyni ədəbi dil ətrafında birləşdirmişdir. Əsərin ilk nüsxəsi hansı əlifba ilə yazılıb? S. E. Malov bunu ərəb yazısı adlandırır. Uyğur yazısı ilə köçürülmüş Vena nüsxəsi XV əsrin yadigarıdır.

Hələlik burası da cavabsız qalır ki, əsərin ön sözü və mündəricatı kim tərəfindən yazılıb? H. İ. İlminski ön sözün müəllif tərəfindən deyil, başqasının qələmilə yazıldığını iddia edir. Fitrət və başqa Avropa alimləri də bu fikirdədirlər. S. E. Malov isə bizi bu fikirdən sakındırır, böylə hesab edir ki, "Qutadqu bilik", "Türkün şəcərəsi", "Qisasül ənbiya", "Hibətül həqayiq" gibi əsərlərin ön sözü müəlliflərə məxsusdur, kitabı tərənnüm, vəsf məqsədilə yazmışlar.

Əsər hansı vəzndə yazılıb – bu sorğuya verilən cavablar türlüdür. Həcib Asim, A. Sədi gibi alimlər böylə hesab edirlər ki, poema Türk şeri üçün doğma vəzndədir, onbirlik hecanın əsasən 6-5 bölgüsü əsasında qələmə alınmışdır. Məşhur Türk alimi Mehmet Fuad Köprülü, özbək dahisi Fitrət isə iddia edirlər ki, "Qutadqu bilik" böyük İran şairi Firdovsiyə məhəbbətlə, əruzun "Şahnamə" vəznində yazılmışdır. Buradakı vəzn qüsurlarını isə o zamankı Türk əruzunun hələ tam büllurlaşmaması ilə izah etmək olar.

Bizim fikrimiz böylədir ki, "Qutadqu bilik"dən həm onbirlik hecaya, həm də əruza uyar bol-bol misallar gətirmək olar. Çox güman ki, əsər doğrudan da "Şahnamə" əruzunda nəzərdə tutulmuş, ancaq işin gedişində Türk təfəkkür tərzinin öz xüsusiyyətləri, öz tələbləri bu qəlibi dağıtmış, necə deyərlər doğmalıq ögeylik ilə çulğaşmışdır.

"Qutadqu biliy"in başlıca pafosu ideal cəmiyyətin, ideal insanın tərənnümündən ibarətdir. O, mövcud ictimai quruluşu rədd edir, damğalayır, mərdlərin, qəhrəmanların bu gün olmadığını, keçmişdə qaldıqlarını bəyan edir, ah çəkir, fəryad qoparır. Həyatda yeganə təsəllini elmi, həyatı, müxtəlif bilik, idrak sahələrini öyrənib mənimsəməkdə və allaha sığınmaqda, ibadətdə görür. Bu baxımdan əsərin adı diqqətəlayiqdir: "Qutadqu bilik" – səadət gətirən elm deməkdir. Deməli, insan həyatına yalnız elm, yalnız idrak gücü səadət gətirə bilər. Yusif Xas Hacibin dünyagörüşündə Fərabi, Əbu Əli ibn Sina gibi dahilərin fəlsəfi qənaətləri ilə səsləşən cəhətlər çoxdur. Hiss olunur ki, o, öz sələflərinin yaradıcılığını mükəmməl öyrənmiş, mənimsəmişdir. Yusifə görə maddi aləm ruhun qüvvəti əsasında yaradılsa da, öz qanunauyğunluqları ilə inkişaf edir, irəliləyir. O, daim yürüş, yeniləşmə halaldadır. Canlı-cansız bütün mövcudat, o cümlədən yeddi səyyarə, on iki bürc allah tərəfindən yaradıldığı halda, yuxarıda, aşağıda yer tutur və qarşıdurma qanunları əsasında hərəkət edirlər. Alimlər, təbiblər, ulduzçular, ziyalılar Yusif qələmində əlçatmaz yüksəkliyə qaldırılır, əzizlənir, böyük ilhamla tərənnüm olunurlar. Şair onların qədrini bilməyə, qiymətini verməyə çağırır. Yusif Xas Hacibin coşğun insansevərliyi, humanizmi kəndçilər, tacirlər, çarvadarlar, sənətkarlar, əkinçilər və başqa ixtisas sahibləri üstünə qoşduğu misralarda xüsusi bir qüvvətlə meydana çıxır.

Yalnız "Qutadqu biliy"in deyil, həmçinin Orxan-Yenisey abidələri, Turan yadigarları, uyğur əlyazmaları, "Divanü lüğətid türk", "Hibətül həqayiq", "Məhəbbətnamə", "Oğuznamə", "Təfsir", "Qisasül ənbiya" gibi möhtəşəm əsərlərin öyrənilməsində xüsusi xidmətləri olan P. M. Melioranski, V. V. Radlov, V Tomsen, E. E. Bertels, Fitrət, Mehmet Fuad Köprülü, S. E. Malov, H. A. Baskakov, İ. A. Batmanov, V. M. Nasilov, A. K. Borovkov, A. M. Şerbak, E. N. Nəcib, S. M. Mütəllibov, Q. Vamberi, Q. Kərimov, A. A. Valitova, N. İ. İlminski, Q. A. Əbdürəhmanov, A. P. Qəyyumov, H. S. Süleymanov, E. İ. Fazilov, Ş. Şükürov, Q. Mahmudov, İ. Qoşqartayev gibi alimlərin böyük xidmətlərini qiymətləndirmədən keçinmək olmaz.

Ayrı-ayrı millətlərə məxsus türlü alimlər qələmindən çıxmış bu rəngarəng araşdırmaları vahid bir məhvər ətrafinda birləşdirən sonuc bundan ibarətdir ki, olduqca qədim tarixə və zəngin ədəbi gələnəklərə malik Türk ədəbiyyatı böyük, universal bəşər mədəniyyətinin üzvü bir hissəsidir. Tamı və hissəni layiqincə öyrənmək və aralarındakı dialektik əlaqələri açmaq borcumuzdur. Bu zərurəti aydın dərk etdiyim üçün "Qutadqu biliy"i çağdaş Azərbaycan Türkcəsinə uyğunlaşdırmağı lazım bildim.

Bakı, 22 may 1994.

MƏRHƏMƏTLİ, MEHRİBAN TANRININ ADI İLƏ

Həmdü səna, şükürlər və alqışlar olsun ən əziz, ən ulu Tanrıya ki, böyüklük sahibi, ən qüvvətli padşahdır, yeri-göyü yaradandır, bütün nəfəs alanlara ruzu verəndir. O nə istəsə qılar, nəyi istəsə yerinə yetirər, yafəlü ma yaşay və yahkəmu ma yurid (Yəni nəyə istəsə qəsd edər, nəyə ixtiyar qılsa hökm edər). Beləliklə, adamlar arasında əzəmətlə ucalmış Tanrının rəsuluna sansız salamlar olsun. Rəsulun səfdaşları olmuş əziz və qiymətli səhabələr üzrə, rizvan allahu əleyhüm əcməinə (yəni onların hamısının üstünə Tanrının razılığı saçılmışdır).

Bu kitab olduqca əzizdir. Çin alimlərinin məsəllərilə yaradılıb. Maçin şairlərinin şerləri ilə bəzənmiş bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan kişi kitabdan da əzizdir. Maçin alimləri, şairləri bu qərara gəldilər ki, Gündoğan vilayətində, Türküstan ellərində Buğraxan dilində bircə kimsə bu kitabdan yaxşı kitab yaza bilməz. Bu kitab hansı padşahlığa, yaxud hansı iqlimə yetsə, hədsiz yaxşılığından, son dərəcə cazibəli olduğundan həmin ellərin alimləri qəbul edib hər birinə müxtəlif ad, ləqəb verdilər. Çinlilər "ədəblər mülkü" dedilər. Maçin malikinin nədimləri "Məmləkətin aynası" adlandırdılar. Gündoğanlılar "Zinətül üməra", İranlılar "Türkün şahnaməsi" adı verdilər. Bu yolla bəziləri bu kitabı "Məmləkətin nəsihətnaməsi", turanlılar isə "Qutadqu bilik" (səadət gətirən elm) adlandırıblar. Kitabın tərtibçisi Balasaqunda doğulan, pəhriz sahibi (yəni dözümlü, səbrli, qənaətcil bir kişidir). Kitabı Kaşğarda bitirib Gündoğan məliki Tavğaçxan dərgahına gətirmişdir. Məlik onu əzizləyib, dəyərləndirib öz sarayında Xas Hacib etmişdir. Buna görə Yusif ulu Xas Hacib adı məşhur olub dünyaya yayılmışdır. Kitab bu fəzilətlərilə qiymətlidir. Biri – ədl, ikincisi – dövlət, üçüncüsü – əql, dördüncüsü – qənaət. Yəni bunların hər birinə Türkcə bir ad verilib. Yazar ədlə Gündoğdu adı qoyub ki, padşahdır, dövlətə Aydoldu adı verib ki, vəzirdir, əql üçün Ögdülmüş adını seçib ki, vəzirin oğludur, qənaətə Ozğurnuş adı qoyub ki, Ögdülmüşün qardaşıdır. Böyləliklə onların arasındakı hekayəni sual-cavab şəklində qurmuşdur. Qoy oxucunun könlü açılsın, müsənnifi özgü dualar ilə yad qılsın, inşallah.

 
1. Hamıdan, hər kəsdən üstündür xuda,
Tək ona yaraşır dua-səna da.
2. Böyüklük sahibi zülcəlal odur,
Yaradan, törədən, pürkəmal odur.
3. Odur yerin-göyün, xəlqin yiyəsi,
Nuş elə sənindir min bir töhfəsi.
4. Ondan ruzu alar aləmdə hər kəs,
Hamını yedirər, tək özü yeməz.
5. Yedirər, içirər, ac qoymaz heç vaxt,
Hər nəfəs sahibi onunla xoşbəxt.
6. O kimi istəsə şan-şöhrət verər,
Ləyaqət, əzəmət, şücaət verər.
7. Seçmə rəsulunun minnətdarıyam,
Dörd böyük kimsəyə salam, ehtiram.
8. Məhəmməd peyğəmbər xilqətin başı,
Göz-qaşı, varlığı, can çırpınışı.
9. Bu kitab nə qədər müqəddəs, əziz,
Biliklər dənizi, ən təmiz dəniz.
10. Ondadır bərəkət, hər qədri qiymət,
Ülviyyət, səadət, şükrü qənaət.
11. Gör necə düzülüb alimlər sözü,
İnci sandığıdır, zəka güzgüsü.
12. Məşriq məlikləri, Maçin bəyləri
Seçib bircə-bircə dürrü, gövhəri.
13. Kitabmı, sal qaya, yoxsa xəzinə?
Dürdanə taparsan, düşsən izinə.
14. Alimdən alimə irsdi, nə yaxşı,
Min dəfə oxuya, anlamaz naşı.
15. Al oxu, bərq vursun ovcunda almaz,
Heyif, bəzi türklər vecinə almaz.
16. Kitabdan feyz alan – özgə bir cahan!
Bu həddə bəlkə də ucalmaz yazan.
17. Bu kitab göz nurun, könül çırağın,
Hər iki dünyada arxan, dayağın.
18. Maçin alimləri, Çin həkimləri,
Onun heyranıdır haçandan bəri.
19. Dolaş Türküstanı, Məşriqi çox-çox,
Cahanda bu qədər ülvi kitab yox.
20. Kitabın qədrini bilənlər bilər,
Hardandır nadanda o cürə hünər?
21. Ey dost, hər naşıya vermə kitabı,
Vermə, yoxsa onda eşq inqilabı.
22. Onu biliksizlər dərk edə bilməz,
Əzizlər, oxşayar zəka saçan kəs.
23. Buğraxan dövründən alıb sürünü,
Xan dili, xan ruhu, xan ölçüsünü.
24. Bu cür kitabı heç olubmu yazan?
Kimdə var bu ilham, bu ruh, bu lisan?
25. Kimin bal saçılıb qaymaq dilindən,
Əyilib öpərəm onun əlindən.
26. Başda bir ad verib ona hər şəhər,
Yerdəki, göydəki ariflər, ərlər.
27. Hər elin, hər yurdun biliciləri,
Alıb sapa düzmüş bu inciləri.
28. Çinlilər ad verib "Mülkün ədəbi"
Maçunlı "Ənisul məmalik" deyib.
29. Şərqdə heyranları görün nə qədər,
"Zinətül ümara” demiş çinlilər.
30. "Şahnamə" söylədi İranlı ona,
"Qutadqu bilik"dir şöhrət Turana.
31. Dildə, təfəkkürdə min-min möcüzə,
Gəlib bu kitabda çıxmışdır üzə.
32. Zor imiş kitaba ad verən ustad,
Tanrısı yar olsun, açsın qol-qanad.
33. Türkcənin qüdrəti, cürəti, əzmi,
Bu gözəl kitabın bayramı, bəzmi.
34. Bu kitab hər kəsin dərdinə qara,
Dayaqdı illah ki, hökmdarlara.
35. Mülk alan sultanlar daim qayğılı,
Nə cür oturmalı, nə cür durmalı?
36. Dövləti qurmağı öyrənməlidir,
Ona nələr məchul, nələr bəllidir.
37. Qalxır, abad olur, sökür də dövlət,
Tərəqqi, tənəzzül ən böyük heyrət!
38. Nə cür qanad tapır qəhrəman ordu
Nə cür xilas edir əzilən yurdu?
39. Açıb bu kitabda yerin dibini,
Vermişəm hər şeyin öz tərtibini.
40. Dövləti ucaltmaq istəyən kişi,
Yalnız müdriklərə tapşırar işi.
41. Gərəkli, ürəkli, səxavətli ər,
Min-min şüa saçan qəmərə bənzər.
42. Qüdrətli şahlarda xalqın haqqı var,
Xalqı ucaldanlar daim ucalar.
43. Şaha qüdrət versin rəiyyət gərək,
Şah xəlqi qorusun göz bəbəyitək.
44. Döyüşə mərdanə qılınc tutmağı,
Ordunu qaldırıb cəngə atmağı
45. Nə cür darmadağın edib atmağı,
Əzməyi öyrətdim, başa düş məni.
46. Göstərdim kitabda hər bir tədbiri,
Xalqı xilas edən hərbi tədbiri.
47. Qüdrətli sultanı çox sevər ellər,
Üzünü görməyi təbərrik bilər.
48. Şah gərək ucaltsın xidmət əhlini,
Dərgahdan qovlasın illət əhlini.
49. Tanısın dürüstü, nadürüstü də,
Alov boğulmasın küldə, tüstüdə.
50. Burda yırtıcı da, baş kəsən də var.
Canını verməyə tələsən də var.
51. Cəsur, vəkalətli, qəhrəman ürək,
Nə umar: dağ boyda xəzinə gərək.
52. Şahın rəiyyətə varsa rəğbəti,
Gedər əziyyəti, olmaz möhnəti.
53. Sultan, ucuz tutma nəsihətimi,
Dua qıl, alqışla bu adətimi.
54. Nəzər sal, anla ki, kitab yazan ər,
Ən böyük sərvərdi, ən böyük hünər.
55. Şah bəxtiyar olar, gedər irəli,
Dərk etsə öydüyüm fəzilətləri.
56. Anlayar cahanda nədir kişilik,
Mərdlik, pakizəlik, əndişə, bilik.
57. Əslimdən, nəslimdən söz açır dilim,
Nə cür çiçəkləndi vətənim, elim.
58. Öz doğma elimdən çıxandan bəri,
Yazdım, tamamladım bu şah əsəri.
59. Yetirdim kəmala Kaşğar elində,
Verdim hər vəsfini ana dilində.
60. Xanlar xanı Tavğac Qara Buğranın,
Önündə səsləndi şerim, dastanım.
61. Verdi qələm haqqı, ənam mükafat,
Məni əzizlədi o qüdrətli zat.
62. Mənə xas haciblik ünvanı verdi,
Yaxınlıq, doğmalıq imkanı verdi.
63. Yusif xas hacibi əzizlədilər,
Sayıldı hünərvər, müdrik, mötəbər.
64. Bu kitab – şairin müqəddəs yükü,
Xəlqə nişan verir dörd təbərrükü.
65. Birinci ədalət – haqqın əsası,
İkinci dövlətdir – iqbal arxası.
66. Üçüncü – idrakdır insana şöhrət,
Dördüncü – qənaət, məğzində səhhət.
67. Mənəm nişan verən nədir səadət -
Ədalət, qənaət, təfəkkür, dövlət.
68. Verdim ədalətə Gündoğdu adı,
Şahlıq, sultanlıqdır onun muradı.
69. Vəzirlik mövqeyi tutan Aydoldu,
Doğrudan dövlətin dayağı oldu.
70. İdraka vermişəm Ögdülmüş adı
Vəzirin oğludur, əqlin ustadı.
71. Ozğurmuş adını aldı qənaət,
Yaxındır vəzirə bu ülvi xilqət.
72. Kitabın məğzidir bu dörd fəzilət,
Yazıb bitirmişəm, qanımda qeyrət.
73. Ərəbcə, tacikcə bu cür kitab çox,
Bizim dilimizdə heyhat misli yox.
74. Bunun qiymətini bilənlər bilir,
Bu cür zəkalara arif deyilir.
75. Türkcə təranələr qoşmuşam sənə,
Oxu da, unutma, dua qıl mənə.
76. Mən ötdüm aləmdən, sən eşit özün,
İbrət al, qüdrət ol, açılsın gözün.
77. İlahi, aləmdə hər kəsə yar ol,
Möminə ruzu ver, ilk pərəstar ol.
 

FƏSİLLƏR SADALIĞI:

 
1. Kitabın başlanğıcı, yeddi planet, on iki bürc.
2. İnsanın qədri, qiyməti.
3. Dilin xislətləri, faydası, zərərləri.
4. Kitab yazarı öz üzrünü bildirir.
5. Öyüdünü, nəsihətini söyləyir.
6. Bilik, oxu fəzilətlərini, faydasını anladır.
7. Kitabın düzülüşünü, yazarın yaşını aytır.
8. Qılıq, əhval pozuqluğunun zərərlərini aytır.
9. Kitabın başı, Gündoğdu, ədalət üstünə söz.
10. Aydoldu Gündoğdu hüzuruna gəlmiş.
11. Aydoldunun Gündoğdu xaqanla görüşü.
12. Aydoldu dövlət xadimi olduğunu bildirir.
13. Yenə dövlətin sifətlərini, fəzilətlərini aytır.
14. Dövlətin vəfasızlıqı, gəldi-gedər olması.
15. Gündoğdu Aydolduya özünü tanıtdırır.
16. Gündoğdu ədl sifətini biliyilə nişan verir.
17. Aydoldunun Əlik bəyə sualı.
18. Əlik bəyin Aydolduya cavabı.
19. Danışmaq yaxşımı, yoxsa susmaq?
20. Qutun ağmalığını, dövlətin vəfasızlığını aytır.
21. Aydoldunun oğluna nəsihəti.
22. Aydoldunun Əlik xaqana öyüd kitabı.
23. Əlik xaqanın Ögdülmüşü öz hüzuruna çağırması.
24. Əlik xaqanın ögdülmüşə sualı,
25. Ögdülmüşün Əlik xaqana cavabı.
26. Oxunun (mütaliənin) yeri.
27. Bəylər necə olmalıdır.
28. Vəzirlər necə olmalıdır.
29. Qoşun başçıları necə olmalıdır.
30. Haciblər necə olmalıdır.
31. Pərdədərlər necə olmalıdır.
32. Elçilər nccə olmalıdır.
33. Baş katib – yazıçı necə olmalıdır.
34. Xəzinədar necə olmalıdır.
35. Dəstirxançılar necə olmalıdır.
36. Şərabçılar necə olmalıdır.
37. Bəylərin xidmətkarlara borcu.
38. Əlik bəyin Ögdülmüşə sualı.
39. Gündoğdunun Ozğurmuşa məktub göndərməsi,
40. Ögdülmüşün Ozğurmuş ilə konuşması.
41. Dünyanın fəzilətləri, faydası, zərərləri.
42. Dünyanın qüsurları, eyibləri.
43. Fani dünyada baqiliyi qazanmaq yolları.
44. Əlik məktubunun cavabını göndərir.
45. Əlikin Ögdülmüşü Ozğurmuşun yanına ikinci
gəz göndərməsi.
46. İkinci konuşmanın bəyanı.
47. Bəylər xidmətinin qanun-qaydaları.
48. Saraydakı qapıçılar ilə rəftar.
49. Evlənmə, oğul-qız tərbiyəsi necə olmalıdır.
50. Rəiyyətlər ilə rəftar.
51. Qonaqlığa getmək, getməmək haqqında.
52. Süfrə başında ədəb qaydaları.
53. Yığıncağa dəvət qaydaları.
54. Fani aləmdən üz döndərib baqiliyə can atma.
55. Qafillikdən oyanmağın boyanı.
56. Əlik Ögdülmüşü ziyarət üçün adam göndərir.
57. Ozğurmuşun Əlik hüzuruna gəlişi.
58. Ozğurmuşun Əlik bəyə öyüdü.
59. El abadanlığının mənfəətləri.
60. Ögdülmüşün vaysınıb tövbəyə dayanışı.
61. Yaxşılığa yaxşılıq.
62. Ozğurmuş xəstələnir. Ögdülmüşü çağırtdırır.
63. Ozğurmuşun yuxu görməsi,
64. Ögdülmüşün qardaşına sarı getməsi.
65. Fani dünyaya vurulub yaşayışı zay etmək haqqında.
66. Dövranın gəldi-gedərliyi, dostların cəfası.
 

MƏRHƏMƏTLİ, MEHRİBAN TANRININ ADI İLƏ

 
1. Yüz min alqış sənə, ey pərvərdigar,
Vahid, ulu Tanrı, fənadan kənar.
2. Sehrinlə yaratdın ənginlikləri
Ərzi, al günəşi, ayı, ülkəri.
3. Qadirsən, "Ol" dedin, oldu bu dünya,
Yer-göy, varlıq, hər şey hökmünlə əhya.
4. Bütün varlıqların dərdi var ikən,
Dərdsiz və şəriksiz yalnız özünsən.
5. Ey qadir, ey azad, əbədi ustad,
Səndən özgəsinə yaraşmır bu ad.
6. Böyüklük, qadirlik yalnız sənə xas,
Vahidsən, ölməzsən, mislin tapılmaz.
7. Varmı tayın, mislin? Yox… yeganəsən,
Əzəllər əzəli, sonsuzsan, əhsən.
8. Sıqmır təsəvvürə yeganəliyin,
Hər kəsə pay verir azadəliyin.
9. Şəksiz yeganəsən, ey ölməz ata
Nə təftişə sığdın, nə kainata.
10. İç sirri, dış sirri göstərən mayak,
Könlümə yaxınsan, gözümdən uzaq.
11. Ay və Günəş gibi işıq saçırsan,
Varmı varlığını dərk edən insan?
12. Şeyxlər yığını yox, vahidsən ey pir,
Özün yaratmısan, hər şey sənindir.
13. Hər şey gəldi-gedər… sənsə daim sağ,
Yaradan, yaşadan özünsən ancaq.
14. Hər bir yaranmışın yanında şahid,
Özün şahidsizsən, ey ulu vahid.
15. Tanrının oxşarı, tayı, misli yox,
Hansı idrak onu qavramış az-çox?
16. Nə gəzər, nə yatar… daim oyaqdır,
Misli, bənzəri yox… olmayacaqdır.
17. Nə sağda, nə solda, nə əvvəldədir,
Nə altda, nə üstdə… yersizmi o pir?
18. Məkanı yaratdı… öz məkanı yox,
Onsuz heç bir kəsin bir imkanı yox.
19. Ey hər sirrə yaxın, hər qəlbə əziz,
Surətlər, şəkillər səndədi şəksiz.
20. Sənin yaratdığın dağlar, dənizlər,
Ucalar, çökəklər, çöllər nə qədər!..
21. Sənindir göy səma, min-min Ay, ülkər,
Qaranlıq gecələr, aydın gündüzlər.
22. Uçanlar, gəzənlər, nəfəs alanlar,
Səndən ruzu tapıb oldu bərqərar.
23. Ərşdən başlamış nəm torpağacan,
Atam, sən vermisən hər canlıya can.
24. İmanı kamil tut, ey haqqa tapan,
Bir olan Tanrıya elm ilə inan.
25. Sən soruşma onun necəliyini,
"Amin!" de, dərk elə incəliyini.
26. Hardadır, nə cürdür, sorma maraqla,
Yerdəmi, göydəmi, özünü saxla.
27. Əfv et suçlarımı ey ucam-ulum,
Sən dərdsiz ağamsan, mən dərdli qulun.
28. Sənə sığınmışam, sənsən pənahım,
Darda əlimdən tut, ey qibləgahım.
29. Yetirsin peyğəmbər mənə özünü,
Yapışsın qolumdan qiyamət günü.
30. Salam, dörd eşinə, yüz min salamlar,
Onlara həmişə məhəbbətim var.
31. Göstər qiyamətdə o pak üzləri,
Bizə yol göstərsin müdrik sözləri.
32. Vəsfinə acizəm, ey canım-gözüm,
Həmdini özün qıl, tükənir sözüm.
 

PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN FƏZİLƏTLƏRİ

 
33. Tanrı elçisiydi Həzrət peyğəmbər,
Xəlq içrə mötəbər, kişilikdə ər.
34. Məşələ çevirdi zülmət gecəni,
Hüsnünün nuruna qərq etdi səni.
35. O xəbər gətirdi pərvərdigardan,
Doqru yola çıxdın, sən ey qəhrəman.
36. Ata-anasını fəda qıldı o,
Yalnız ümmət üçün açdı doğru yol.
37. Nə gündüzlər yedi, nə gecə yatdı,
Tək səni tanrıdan sordu, ucaltdı.
38. O sənin uğrunda çox çəkdi nalə,
Sən ona həmd qıl, səadət dilə.
39. Bütün qayğıları ümmət üçündü,
Ümmətin uğrunda, məşələ döndü.
40. Atadan, anadan yaxın, mehriban,
Ümməti sorardı yalnız Tanrıdan.
41. O el səadəti, allah zəhməti,
Tanrı vergisiydi xülqü, xilqəti.
42. İpək təbiətli, əliaçıq, mərd,
Qılıqlı, mehriban Həzrət Məhəmməd!
43. Hanı yerdə, göydə o qədər əziz?
Tanrı qarşısında hörməti hədsiz.
44. Bütün başçılara bir göz işığı,
Bütün peyğəmbərlər ondan aşaqı.
45. Mən onun yoluna könül bağladım,
Qövmünü, hökmünü bərk qucaqladım.
46. Özün ehtiyat tut mənim könlümü,
Onunla oyanım qiyamət günü.
47. İlahi, əlimdən özün yapış gəl,
Bədirlənmiş Ay tək gördüm üzünü.
 

PEYĞƏMBƏR SƏHABƏLƏRİNİN, RİZVANALLAHİ ƏLEYHİM FƏZLLƏRİ

 
48. Alqışa layiqdir onun dörd eşi -
Məsləhət məbədi, ülfət günəşi.
49. İki qaynatası, iki damadı,
Xəlqin sevimlisi, qolu, qanadı.
50. Hamıdan birinci, öndəydi Atiq,
Gözü-könlü doğru, Tanrıya sadiq.
51. Malım da, canım da qurbandır! – dedi,
Yalnız rəsuluna sevinc dilərdi.
52. Hələ xalq əsilli Faruq adlı ər -
Dilində yaşardı qəlbindəkilər.
53. Xəlqə şəriəti nişan verərək,
Qaldırdı pərdəni, göstərdi örnək.
54. Sonra Osman gəldi, o ülvi xilqət,
Kişilər kişisi, əliaçıq, mərd.
55. Cüt qızını verdi peyğəmbər ona,
Osa canını da öz rəsuluna.
56. Hələ həzrət Əli – mərdlik məşəli,
Əqlinə təslimdi qılınclı əli.
57. Comərd, əliaçıq, himməti uca,
Bilikli, tədbirli, gənc ikən qoca.
58. Dinin, şəriətin dayağıdılar,
Onlara zülm etdi kafər o ki var.
59. Bu dörd eş mənimçin dörd mizac gibi,
Verdilər qəlbimi, diriliyimi.
60. Üzümü tutmuşam pərvərdigara,
Min salam yetirir məndən onlara.
61. Onlara səadət, sevinc verim mən,
Qiyamət günündə tutun əlimdən.
 

ŞÖVKƏTLİ, ZƏFƏRLİ, MƏDƏDLİ, HƏQİQƏT VƏ DİN DAYAQI TAVĞAÇ ULU BUĞRA QARA XAN ƏBA ƏLİ HƏSƏN BİNNİ ARSLAN XAN RƏHMƏTULLAHİ ƏLEYHİM ŞƏNİNƏ

 
62. Öncə Şərqdən əsdi bahar yelləri,
Sonra ətir saçdı cənnət gülləri.
63. Deyəsən bir azca boz idi dünya,
Əlvan rənglər ilə bəzəndi dünya.
64. Çəkdi dövlət yayı səfalı bahar,
Qışa hökm elədi: – kənar ol, kənar.
65. Günəş şölə çəkdi, qayıtdı yenə,
Balıq quyruğundan Quru bürcünə.
66. Necə ətir saçdı ağaclar, ləklər,
Al, sarı, qırmızı, yaşılca rənglər.
67. Yaşıllıq pərdəsi tutdu hər yanı,
Tavğac yola saldı Çin karvanını.
68. Necə zənginləşdi dərələr, dağlar,
Al, yaşıl geyindi bağçalar, bağlar.
69. Güldü, qah-qah çəkdi türlü çiçəklər,
İpar, kafur ətri dənizlər qədər.
70. Qərənfil nəfəsli səba küləyi,
Daqıtdı aləmə mişk, ipar iyi.
71. Tutmuş yeri-göyü qırqovul, ağquş,
Qaz, ördək sədası nə xoş olurmuş.
72. Göydə cəh-cəh vurur duma qatarı,
Dəvə karvanımı nazlı uçarı?
73. Eşini çağırır ilarquş yalqız,
Yoxsa sevdiyini haraylayır qız?
74. Kəklik qəhqəhəsi düşür dağlara,
Ağzı qan gibidir, qaşı qapqara.
75. Göydə qağıldayan qara qarğalar,
Yerdə qəmzə satan qızamı oxşar?
76. Gülşəndə sonalar-bülbüllər ötər,
İbrani surunu çalar sərasər.
77. Əliklər, cüyürlər çəmən nəfəsli,
İnəklər, buğalar ülfət nəfəsli.
78. Göylər göz yaşıyla dedi sözünü,
Güllər qah-qah çəkib açdı üzünü.
79. Mənə tənə vurdu dünya gülnəfəs,
– Xaqanın üzünü görmədinmi bəs?
80. Bəlkə yuxlayırsan, dur, aç gözünü,
Bəlkə eşitmirsən, eşit sözümü.
81. Neçə ildən bəri məyus, dul idim,
Atdım dul donumu, ağ libas geydim.
82. Ulu xaqan oldu bəyim… bəzəndim,
Uğrunda canım da qurbandır, dedim.
83. Bulud gumbuldadı, davul döyərək,
Xaqan qılıncıtək bərk vurdu şimşək.
84. Qılınc yıldırımlar sıyırdı qından,
Dağlar silkələndi qışqırığından.
85. Aləmi fəth etdi Tavğac Buğraxan,
Ona peşkəş olsun qoy iki cahan.
86. Ey dinin şövkəti, haqqın qılıncı,
Dövlətin dayağı, millətin tacı!
87. Bayat hasil etdi diləklərini,
Bayat mədədkarın hifz etsin səni.
88. Ey dünya cəmalı, dövlət dayağı,
Arslan tərpənişli haqqın bayrağı!
89. Bəxt sənə əl verdi, fələk qılınc – qın,
Bəxtini, təxtini Tanrı saxlasın.
90. Aləm aram tapdı xaqanı görcək,
Rəng-rəng ərməğanlar göndərdi fələk.
91. Çıxdı od yuvadan aləm quş təki,
Rumun qeysərləri, hindin rajlakı.
92. Mədh edib, şad olub qucaqlaşdılar,
Sevinc taxta çıxdı, aşıb-daşdılar.
93. Bürüdü aləmi nə qədər çiçək,
Dağ-dərə, çöl-çəmən çiçəkdən göyçək.
94. Xoşdur qönçə-qönçə ətir saçanlar,
Yaşıla ağ üzlə qapı açanlar.
95. Çiçək var – alovlu qəlyan çəkmədə,
Çiçək var, göbəyi mişg tökmədə.
96. Şərqdən ərmağanlar daşıyan da var,
Qərbdən xidmət üçün gələn can da var.
97. Bəxt gəlib qapıya xidmət etməyə,
Qapılar açılır, hörmət etməyə.
98. Yazın xidmətilə fəxr etdi topraq,
Düşmən boyun əydi, təslim olaraq.
99. Xaqan davulları kükrədi, daşdı,
Görməyən gözlərin uyğusu qaçdı.
100. Aləm aram tapdı, yol açdı bəxtə,
Xaqan ədaləti çıxardı təxtə.
101. Səxavət üzünə tamarzı qalan,
Qoy gəlib xaqanı görsün yaxından.
102. Cəfasız, vəfalı kişi istəsən,
Onun gözlərinə diqqət yetir sən.
103. Nəf umsan, düşmədən borca, ziyana,
Bəri gəl, xidmət qıl, könül ver ona.
104. Xoşrəftar, mülayim, mehriban, adil,
Aqil ər özüdür, özgəsi deyil.
105. Ey gözəl xilqətli, müqəddəs uruğ,
Var olun, qalmasın aləm qupquru.
106. Ey Türklərin bəxti, şükr etmək gərək,
Sənə dövlət verdi, çin verdi fələk.
107. Atalar sözündə bir təbir də var:
Atanın köhləni övlada qalar.
108. Min hədiyyə vermiş sənə bu aləm,
"Qutadqu bilik"dir mənim hədiyyəm.
109. Növ-növ ərmağanlar keçəri, əbəs,
Mənim ərmağanım əbədi, ölməz.
110. Mal-dövlət tükənir axar su gibi,
Söz əbədi qalır, gəzir aləmi.
111. Yazıldı kitaba xaqanın adı,
Demək, kitabla bir əbədi qaldı.
112. Ya rəbb, mədədkar ol hər işdə ona,
Daim dövlət quşu qonsun başına.
113. Dostunu uca tut, düşmənini yıx,
Sevinci bol olsun, dərdi azacıq.
114. Qoy yağsın yağışlar, güllər açılsın,
Bağlar yaşıllansın, ətir saçılsın.
115. O tapsın bəxtini, sınmasın qaşı,
Əyilsin önündə düşmənin başı.
116. Boz yer olmayınca mis gibi qızıl,
Ovcu lalə-lalə, bağrı yamyaşıl.
117. Türk təxti, türk bəxti yaşasın, gülsün,
Onu görməyənin gözü tökülsün.
118. Gözündə qalmasın bir dilək, arzu,
Ucaltsın başını mədədkar özü.
119. Xalqına fəxr ilə həmdəm kəsilsin,
Bir Loğman ömrünü yaşaya bilsin.
 

YEDDİ SƏYYARƏ VƏ ON İKİ BÜRC

 
120. Yaradan, boy verən, əfv edən ağam,
Mübarək adınla sözə başlaram.
121. Könlüncə yaratdın sonsuz aləmi,
Günəş, Ay – işıqlı cüt salxım gibi.
122. Yaratdın fələyi – dolanar, dönər,
Ulduzu gah yanar, gah lapdan sönər.
123. Özünsən xəlq edən min-min ülkəri,
Zülmət gecələri, ağ gündüzləri.
124. Bu mavi səmada ulduzlar rəng-rəng,
Biri yolgöstərən, biri bərbəzək.
125. Biri bəşər üçün yaranmış ancaq,
Biri yol itəndə olur şam-cıraq.
126. Biri lap zirvədə, biri aşağı,
Biri od, birinin kəmdir işığı.
127. Hamsından ucada Zühəl-Sekantir,
Bir bürcdə iki il səkkiz ay gəzir.
128. İkinci ulduzun adı Onaydır7,
Bir bürcdə duruşu ən iki aydır.
129. Üçüncü adlanır Körüd-Mərrix, Mars,
Hara baxsa görər yaşıl, göy, ətlaz.
130. Dördüncü adlanır Yaşıq, ya da Şəms,
Gözü qamaşdıran, özü müqəddəs.
131. Beşinci Nahiddir, ya Zöhrə, Sevil,
Sevib baxsa, şad ol, özünü ovut.
132. Yanında dörd tarid – Arzu ulduzu,
Kimə yaxınlaşsa bənd olur özü.
133. Altında Ay gəzər – ilk adı Yalçıq,
Günəşi görəndə tapar aydınlıq.
134. On iki bürc də var, hərəsi bir zər,
İki xanəlilər, tək xanəlilər.
135. Quru – Yaz ulduzu, Ud da çırağban,
Erəndız – Jevzadır, Kürük – Səratan,
136. Sünbülə Arslana – Şirə həmnəfəs,
Ülgü – Mizan, Çazan – Əqrəb, Yay da Qövs.
137. Oqlaq-Jadiy, Qonaq-Dəvə, Balıq-Hut,
Doğarkən görünməz saf göydə bulud.
138. Üçü-yaz ulduzu, üçü yayınkı,
Üçü-payızınkı, üçü qışınkı.
139. Üçü-od, üçü su, üçü-havadır,
Üçü topraq oldu, dərdə şəfadır.
140. Bir-birinə yağı ulduzlar da var.
Gah hücum çəkdilər, gah barışdılar.
141. Qarışmaz, yarışmaz yağı ulduzlar,
Görüşməz… yadların qisas hissi var.
142. Gör yaradan Tanrım necə yaratdı,
Aləm yaraşıqlı… əlvan həyatlı.
143. Yetər… izn verin insandan deyim,
İnsanın sambalı – idrak və elm.
 

İNSANIN QƏDRİ ELMİ İLƏ BİLİNİR

 
144. Mükəmməl yaratdı insanı Tanrım,
Ona bəxş elədi hünər, bilik, fəhm.
145. Ona könül verdi, bir də rəvan dil,
Əndişə, xülq, həm də gözəl qılıq, fel.
146. İnsan tilsimləri sındırsın deyə,
Ona fəhm, bilik verdi hədiyyə.
147. Bayat kimə verdi əql, idrak, bilik,
Çıxdı ürcahına min-min gözəllik.
148. Biliyi qudrət say, fəhmi də ulu,
Ən böyük insana döndərir qulu.
149. Mən isbat edirəm, diqqət kəsil sən,
Dinlə nə deyirəm, söz götür məndən.
150. Zəka kimdədirsə ulu da odur,
Bilikli bəşərin böyük oğludur.
151. Elminə, fəhminə söykənir deyə,
İnsan çata bilir min-min diləyə.
152. Bilikli kişidən bəla uzaqdır,
Heç vaxt dar ayaqda qalmayacaqdır.
153. Elmsiz kişini tez haqlayır dərd,
Ölür, yox olmursa dərd, ələm, illət.
154. Gəl-gəl, ey biliksiz, öz çarəni bil,
Elmsiz alçaqsan, elmli – aqil.
155. Elm – barlı bağdır… ona yetiş sən,
Çatarsan nə qədər mətləbinə sən.
156. Qalxır, zəka əhli ucalır qat-qat,
Elmilə sayılır ən əziz ustad.
157. Bəylər nə cür aldı dövranı ələ -
Yalnız zəka ilə, yalnız elm ilə.
 

DİLİN FƏZİLƏTİ, FAYDASI VƏ ZƏRƏRİ ÜSTÜNƏ

 
158. Elmin, təfəkkürün dilmancıdır dil,
Kişini bəxtinə dil çatdırır, bil.
159. Kişini əzizlər, ucaldar da dil,
Yarar ər başını, qocaldar da dil.
160. Ağız qəfəsində dil bir ac arslan,
Özünü parçalar uçsan, buraxsan.
161. Dilindən dad çəkən görün və deyir:
Dilini qısmayan taparmı xeyir?
162. Çox bəlaya saldı öz dilim məni,
Başım kəsilməmiş kəsin dilimi.
163. Sözünə sərhəd qoy, batmasın başın,
Dilini dişlə ki, sınmasın dişin.
164. Sakin el dilindən… budur çətini,
Fitnəkar paxıllar çeynər ətini.
165. Tanrı cila verdi dilə, ağıla,
Mərd ol, dil yiyəsi, başını saxla.
166. Özünə rahatlıq, dinclik diləsən,
Dilindən silahsız söz çıxarma sən.
167. Elmli kişilər elmin güzgüsü,
Öz başını yeyər nadanın sözü.
168. Sözün çoxluğunda məna görmədim,
Gəvəzə natiqə xeyirsiz dedim.
169. Sözü çox çeynəmə… az çığır-bağır,
Yüz söz tilsimini bircə sözlə qır.
170. Söz deyənin başı göylərə dəyər,
İfrayt söz insanı alçaldar, əyər.
171. Eldə hörmətsizdi boş danışanlar,
Fəqət "lal" deyilən bir damğa da var.
172. İndi ki, böylədir… sözdə dürüst ol,
Nitqin yığcam olsun, zəka gücün bol.
173. Dilini saxlayan başını saxlar,
Qısa söz deyənin uzun ömrü var.
174. Dil nəfi başqadır, artıq üyütmə,
Məddah dili də var, arif dili də.
175. Çalış, bircə sözün min qəlbə girsin,
Qaranlıq qözlərə işıq gətirsin.
176. Biliksiz insanlar kordu şübhəsiz,
Elmdən qüvvət al, ey nadan, aciz.
177. Gələn bir gün gedir… parlaq yaşa sən,
Sözü öldürməsən, özün ölməzsən.
178. Kişini iki şey şux saxlar düzü:
Biri – ər xilqəti, biri – ər sözü.
179. İnsan gəldi-gedər… sözdü məbədi,
Ölməz söz insanı saxlar əbədi.
180. Özünə əbədi həyat istəsən,
Felindən, sözündən imdad istə sən.
181. Dili mədh elədim, yamanladım da,
Bunlar səninçindir, qalsın yadında.
182. Yüz-yüz, min-min kəlam idraka sığmaz,
Gərəkli sözlərin sayı azdır, az.
183. Böyükdür danışan, oğlum, səninlə,
Məndən aşaqıda əqlini dinlə.
184. Ən əziz sözümü sənə söylərəm,
Ata nəsihəti bütöv bir aləm.
185. Sənə qızıl qalsa miras, qulaq as:
Ata sözü qədər dəyəri olmaz.
186. Xərcləsən, tükənər xəznənin yüzü,
Xəzinə gətirər atalar sözü.
187. Atanın övlada ilk mirası – söz,
Dinləsə qazanar oğul birə yüz.
188. Söz deyə bildimmi? Oğlum çəkmə qəm,
Əgər peşman olub üzr istəsən.
 

KİTAB YAZARI ÜZR İSTƏYİR

 
189. Diləyim söz idi, ey ulu alim,
Gələcək nəsl üçün beş-üç söz dedim.
190. Ağlına gələni dərhal demə sən,
Sözün yanlış olsa bəla görərsən.
191. El dili yamandır, heç bilsən neynər?
Xəbislər, paxıllar əlini çeynər.
192. Dərd ağır gələndə dil sussun gərək,
Sözlə yox, mərdliklə dərdi əridək.
193. Sorğular soruşar qırpınan gözün,
Bütün sorğulara cavabsan özün.
194. İnsan olan yerdə yanılmaq da var,
Məgər yanılmayan bir insan olar?
195. Elm əhli seyrəkdir, elmsizlər çox,
Nadan tutub yeri, alimə yer yox.
196. Başsızlar başlıya düşmən kəsilib,
Ədavət ülfəti ortadan silib.
197. Kişinin kişidən xeyli fərqi var,
Yalnız elmdədir bu fərq, bu meyar.
198. Mən sözü deyirəm yalnız alimə,
Gözü bağlanmışa sən insan demə.
199. Hadana, nakəsə heç bir sözüm yox,
Ey alim, özüməm xidmətçin az-çox.
200. Sənə öz sözümü yavaş deyirəm,
Səndən utanıram, üzr istəyirəm.
201. Söz deyən yanılar, yoldan azar da,
Dinləyən düzəldər səhvi arada.
202. Söz cilovlu gərək dəvə burnu tək,
Hansı səmtə çəksən ora gedəcək.
203. Bilibən danışan ürfan əhli var,
Mənim gözlərimin işığıdırlar.
204. Bütün yaxşılıqlar elmdən doğar,
Göylərə yol açır alim adlı nur.
205. Bütün sözlərini elm ilə söylə,
Yalnız alim üzü saçmada şölə.
206. Söz endi toprağa mavi səmadan,
Sözlə qanadlandı, ucaldı insan.
207. Dibsiz dəniz gibi sonsuzdur insan,
O dibdə bilikdir ləl ilə mərcan.
208. Dənizdən incini sən çıxarmasan,
Onu bir çay daşı, caylaq daşı san.
209. Boz yerin altında qızıl layı var,
Qazıb çıxarılsa başda tac olar.
210. Alim öz elmini dilləndirməsə,
Yoxdur o elmdən fayda heç kəsə.
211. Elm ilə təfəkkür qanaddır qoşa,
Bacarsan qanadlan, yüksəl günəşə.
212. Eşit, nələr söylər bu kəndin bəyi,
O da bayraq edib yalnız biliyi.
213. Cahanı tutmağa zəkavət gərək,
Xalqı ram etməyə fərasət, ürək.
214. Aləmi əql ilə tutdu cahangir,
Xəlqi ram eləyən elmin sehridir.
215. Yarandığı gündən yoldadır bəşər,
Udur bu yürüşü yalnız aqillər.
216. Hər hansı dövrdə rütbə, xəzinə,
Kimə şölə saçıb? Alim üzünə.
217. Kişinin eybini nə silər? İdrak,
Elmin bulağıdır, onu qılan pak.
218. Elm, zəka sənə verməsə murad,
Yalnız bundan sonra qılınca əl at.
219. Xalqa başçı olur bilimdən bəylər,
Qılınc çalır yalnız kor dərəbəylər.
220. Aləmi tutmağa zəkavət gərək,
Xalgı ram etməyə fərasət, ürək.
221. Elm ilə fərasət, biliklə qeyrət,
Kişiyə bəxş edir eşsiz səltənət.
222. Tutmaq istəyirsən iki cahanı,
Soruş öz könlündən: bəs elmin hanı?
223. Özünə yaxşılıq istəsən əgər,
Yaxşılıq yolunu tut, ey hünərvər.
224. Adı qala bilər, insan özü yox,
Batırsan adını toyuqsan, toyuq.
225. Ad qalır, dünyadan tez köçür insan,
Adın yaşayırsa, sən də yaşarsan.
 

YAXŞILARA QATILMAQ

 
226. Yaxşılıq fürsəti keçibsə ələ,
Həm sözdə, həm işdə yaxşılıq eylə.
227. Sovuşar igidlik, sönər həyat da,
Bir gün uyuyarsan toprağın altda.
228. Ömrü qənimət bil, yaxşılıq et ki,
Odur qazandıran eşqi, ülfəti.
229. Heç kəs bu dünyada ölümsüz deyil,
Mərdin yaxşılığı baş tacıdır, bil.
230. Cahanda dağ boyda ərlər doğuldu,
Axırda toprağın qisməti oldu.
231. Yaxşı da, yaman da, bəy də, kölə də,
Ölür… adı qalır yalnız ölkədə.
232. Gəlmiş, sənə çatmış indi də növbət,
Yalnız yaxşılıq et, ad-san qoyub get.
233. Şah olsa da bir gün döşənir yerə,
Alqış ad-san qoyub, can verənlərə.
234. Yalnız iki adı yaşadır həyat:
Biri yaxşı addır, biri yaman ad.
235. Seç götür… yaman ad dərhal sökülür,
Yaxşı addan ərzə işıq tökülür.
236. Yaxşı ad çıxartsan layiqsən eşqə,
Yaman ad çıxartsan, yalnız səyüşgə.
237. Zöhhakın cəmdəyi lənət qazandı,
Fəridun hələ də bəşərin andı.
238. Biri yaxşı idi öydülər onu,
Biri yaman idi, söydülər onu.
239. Yamanmı xoş gəlir, ya sənə yaxşı,
Xalqın lənətimi, yoxsa alqışı?
240. Yamanlıq yaxşılıq rəmzidir insan,
Seç, götür birini, hansını umsan.
241. Hamını sınaqdan çıxarır zaman,
İşıqla zülmətdir, yaxşıyla yaman.
242. Mərdlər ad çıxarır, alğış qazanır,
Əclaflıq edənlər qarğış qazanır.
243. Min dəfə sınadım zövqü iflici,
Daim geri getdi, üzüldü gücü.
244. Haçan, hansı yerdə görüb bir kişi,
Bəhrə-bar yetirə şərin gərdişi?
245. Pislik – cəhənnəmdir, yalnız yandırar,
Salamat qoyduğu bircə daşmı var?
246. Fikir ver, nə qədər sələflərin var:
Avamlar, aləmi basıb alanlar…
247. Hansının könlündə yanıbsa işıq,
Verib bu aləmə zinət, yaraşıq.
248. Bəşər bəylərindən kimdə fəzilət,
Olubsa qətirmiş xalqa səadət.
249. Bu gün də yaşayır yaxşı kişilər,
Ən vacib işlərə başçı kişilər.
250. Elmin məbədinə hakimsə hər kim,
Arifi, alimi irəli çəkir.
251. Bir cüt əl – insanın əmək aləti,
Elm ilə saxlayır bəşəriyyəti.
252. Gör hansı eşq ilə çırpınmış ürək:
Acı, yoxsulu da zənginləşdirmək.
253. Bəşərin fəxridir səxavətlilər,
Onu yaşarı bil, ölübsə əgər.
254. Bilib ölməyini hazırlıq yapan,
Bir daş məktub yazır bizə məzardan.
255. Hər kim oxuyursa məzar daşını,
Dərk edir həyatın çağlayışını.
256. Elmdən qədrli cahanda nə var?
Nadanın öyüdü – həqarət, qubar.
257. Ürfan nuru saçan aq saçlı kişi,
Necə təsvir edir görün gərdişi:
258. Yuxarı başdaca yer tutdu nadan,
Aşağıya döndü həmən yer əlan.
259. Alim yer tutursa aşağı başda,
Orda lələ dönür adicə daş da.
260. Əyləş aşağıda, ya yuxarı qalx,
Hörmətini elmin göstərər ancaq.
261. Yüzündən seçilir yalnız iki ər!
Biri bəy, o biri alim hünərvər.
262. Qalanlar miyanə… dəyişir donu,
İstəsən bunu seç, istəsən onu.
263. Sən indi hansısan, tapmacanı aç,
İkisindən biri… üçüncüdən qaç.
264. Qılınc alıb-satan təhlükə saçar,
Qələm alıb-satan elmə yol açar.
265. Alim töhfəsidir gözəl qanunlar,
Sürünəni ərşə qaldırır onlar.
266. Ölünün diriyə mirasıdır söz,
Atalar sözünün nəfı birə yüz.
267. Elmsiz adamlar kor gibidir, kor,
Nur istə elmdən, ey zavallı, nur.
268. Gözəl söz – dodaqda reyhan, qızılgül,
Cəsur natiqləri vəsf et, ey könül.
269. Ariflər içində Türkcə məsəl var,
Qoy deyim, sabaha qalsın yadigar.
270. Dilin kürkü sözdür, əqlin kürkü söz,
Mərdin kürkü üzdür, üzün kürkü göz.
271. Yaxşı sözlər deyər mərd ömrü boyu,
Daim üzündədir üzünün suyu.
272. Sən bax, diqqətlə bax Türk bəylərinə,
Yaxşılıq biçilib əyinlərinə.
273. Türk bəyləri içrə ən şöhrətli ər,
Alp Ər Tonqa idi – daim səfərbər.
274. El-oba içində adlı-sanlı, mərd,
Elmli, zəkalı, ən cəsur xilqət.
275. Əfrəsiyab derdi taciklər ona,
Xalqı birləşdirib yığdı başına.
276. Kimlər dolandırar bəşəriyyəti?
O kəs ki, güclüdür elmi, sənəti.
277. Taciklər kitabda yazıblar bunu.
Kitab – aşıb-daşan əqlin yekunu.
278. Ən sərt düyünləri kim aça bilər -
Ağızlı kişilər, alim kişilər.
279. Qulanı basmağa nər arslan gərək,
Cahanı tutmağa hünərli erkək.
280. Zülməti boğmağa, işıq olmağa,
Elm ilə yol açır Cahangir ağa.
281. Düşmənin boynunu qılıncla vuran,
Adil siyasətlə olur qəhrəman.
 

ELM, ZƏKA – İDRAK FƏRQLƏRİNİN NƏFLƏRİNİ BİLDİRİR

 
282. Bilirsən qəsdimi, ey ulu alim,
Elmdən, zəkadan – idrakdan deyim.
283. Zülmət bir gecədə məşəldir zəka.
Elmdir nur salan kor qaranlığa.
284. Elm ilə, idrakla yüksəlir insan,
Qədr-qiymətini elminlə qazan.
285. Yad et zəka tacı Nuşirəvanı,
Necə işıqlatdı əqli cahanı.
286. Elmi sayəsində (mən eşitmişəm)
Qaçmış cəhənnəmdən əhli-cəhənnəm.
287. Səadət gətirdi xaqan millətə,
Adını həkk etdi əbədiyyətə.
288. Çocuq ki, hələlik yüzütmür qələm,
Kamala, idraka dolmayıb, nə qəm.
289. Qələm də dincəlir zəka sönəndə,
Qoca əldən düşüb dağdan enəndə.
290. Əgər ölsə dəli, ona ölüm yox,
Öldümü, qaldımı, nə bilsin yazıq?
291. Ağılsız, kamalsız yüngül kişilər
Arsızdır bəhrəsiz ağaclar qədər.
292. Elmdir yaradan qədri-qiyməti,
Savadsız adamın nə mərifəti?
293. Zəkalı kişilər nə bəxtiyarmış,
Deməli, əsli də, nəsli də varmış.
294. İdrakı olanın nəcabəti var,
İdrakı olanlar bəylik qazanar.
295. Üzüb qara yerdən əlini insan,
Saçdı kainata elm ilə ürfan.
296. Zəkadan saçılır aləmə şölə,
Bəylər xalq işini görür əql ilə.
297. Dünyada nə qədər gözəl sənət var,
İdrak sayəsində yaranmış onlar.
298. Nə böyük matahdır demə təfəkkür,
Hələ zərrəsinin hökmü böyükdür.
299. Alim nə deyirsə dinləmək gərək,
Dörd şeyi yadında saxlasın ürək.
300. Biri – od-alovdur, biri-xəstəlik,
Biri – qarı düşmən, o da üstəlik.
301. Dördüncü – elmdir, ömürdən baha,
Sən bu dördcə şeyi ucuz tutma ha!
302. Bunlardan hər biri alim kimidir,
Yəni həm faydalı, həm zərərlidir.
303. Elm kimya kimi həmişə cəmdir,
Təfəkkür cövhəri, qəlbə məlhəmdir.
304. Elm gül suyuna bənzəyir bir az,
Nə elmi, nə ətri gizlətmək olmaz.
305. Gülabı gizlətsən, gələcək ətri,
Dilə od vuracaq elmin hər sətri.
306. Elm sənin öylə sərvətindi ki,
Darta, çala bilməz bir oğru-əyri.
307. Elm ayağında qandaldır… əhsən!
Yararsız işlərə gedə bilməzsən.
308. Elmin qüdrətilə oldumu rəhbər,
Uca, pak adini ər zəncirləyər.
309. Qandala saldığın canavarı sən,
İstədiyin səmtə yönəldəcəksən.
310. Zəka sənin üçün ən müqəddəs and,
Elm sənin üçün mehriban ustad.
311. Bildiyin düşməndir, biliksiz ərə,
Yetər bu düşmənlik onu öldürə.
312. Türkcə bir məsəl var buna bənzəyən,
Oxu və həkk elə öz beyninə sən.
313. Zəkalıya eşdir zəkası, ağlı,
Nadana ləkədir öz nadanlığı.
314. Qarnını, əynini görürsə elmin,
Yavuz qoldaşındır biliksizliyin.
315. Qəzəbi özündən iraq tut, iraq,
Uyma qəhr etməyə heç vədə, heç vaxt.
316. Qəzəblə, qəhr ilə iş görmə, sakın,
Yoxsa puça çıxar ömrün, varlığın.
317. Sonradan vaysınar qəzəbli kişi,
Dürüst görə bilməz ən adi işi.
318. Müdrik kişilərə sər-sambal gərək,
Ay və Günəş kimi nur camal gərək.
319. Kişi – xoşqılıqlı, mülayim, mətin,
Çırağı olmalı mədəniyyətin.
320. Kişi zəki gərək – iş görə bilsin,
Elmini ellərə pay verə bilsin.
321. Seçsin gərəklini, gərəksizləri,
Görsün yararlını, yararsızları.
322. Nur ilə zülmətin fərqini bilsin,
Özünün dərdini, sərini bilsin.
323. Hər sözü bişirən kamil kişilər,
Çiy yeməz, əti də bişirib yeyər.
324. Yetər mətləbinə bu cür adamlar,
Hər iki dünyada məğrur adamlar.
325. Kişiyə düşməndir qəhri, qəzəbi,
Daim çılğın yaşar, daim əsəbi.
326. Bu sözə əməl et, ey üzü nurlu,
Yaşa ər qürurlu, alim qürurlu.
327. Qəhr edən adamlar biliksiz olur,
Qəzəbin içində zəka boğulur.
328. Cəhalət kişiyə düşməndi, düşmən,
Alçaqlıq yaranır kindən, qəzəbdən.
329. Elmli kişilər sözünün əri,
Sözü – ürək hökmü, can bərabəri.
330. İnsanın içəri düşmənləri var,
Qəlbi sökür-tökür, dağıdır onlar.
331. Düşməndir – yalana öyrəşən dilin,
Vədə xilaflığın – başqa qatilin.
332. İçki düşgünlüyü – başqa düşmənin.
Düşmən təhlükədir, başa düş məni.
333. İfratçılıq özü – düşmən – nataraz,
İfrat kimsələrin sevinci olmaz.
334. Xülqün, xasiyyətin alçaqlığı da,
Zəhərli ilana bənzəyir qında.
335. Yaman dil, acı dil – ən yava duyğu,
Adamı öldürən zəhər tuluğu.
336. Bu cür qusurların ikisi, üçü,
Birləşsə, tükənməz insanın gücü.
337. Xəbisin, kinlinin gicələr başı,
Heyhat, ətəyindən o tökməz daşı.
338. Gəl, ey yaxşı kişi, yaxşı ol yenə,
Yaxşı çıraq tutur öz ölkəsinə.
339. Eşit nə cür olur mətin, mötəbər,
Xalqa əl uzadan müdrik kişilər.
340. Yaxşılıq yaşayır, ölmür heç vədə,
Yamanlıq gəbərir, əzizlənso də.
341. Yaman tez qocalır, ömrü beş-üç gün,
Yaxşı məşəlidir uzun bir ömrün.
342. Yaxşı hər gün tapır bir diləyini,
Yaman daim yeyir öz ürəyini.
 

KİTABA AD VERMƏYİM VƏ QOCALIĞIM

 
343. Kitaba ad verdim "Qutadqu bilik",
Tapsın oxuyanlar ağ gün, xoşbəxtlik.
344. Bitirdim kitabı. Sizə tanışdır,
O, iki dünyanı qucaqlamışdır.
345. Mərd iki dünyanın səadətini,
Tapırsa qazanır öz qismətini.
346. Sözümün əvvəli Əlik Gündoğdu,
Öncə deməliyəm ad hardan doğdu.
347. Aydoldu barədə konuşdum sonra,
Saldı şöləsini bəxtli çağlara.
348. Gündoğdu dediyim çin ədalətdir,
Aydoldu dediyim bəxt, səadətdir.
349. Ögdülmüş haqqında söz dedim sonra,
Əqli aldı bizi ucalıqlara.
350. Onların yanında Ozğurmuş durur,
Afiyət deyirəm, afiyət odur.
351. Dörd nəsnə üstündə yürütdüm sözü,
Oxuyub düşünsən açılar gözün.
352. Sevinclə yürüyən ey məğrur igid,
Sözüm ucuz tutma, könlünlə eşit.
353. Möhkəm ol, ayrılma haqqın yolundan,
Vermə gəncliyini əbəs… faydalan.
354. Gənclik gəldi-gedər… tut qədrini bil.
Nə qədər bərk tutsan… daimi deyil.
355. İkilik gücü var səndə… min olsun,
İtaət, ibadət adətin olsun.
356. Gənclik əldən çıxdı… vaysınıram mən,
Kəsirəm… fayda yox ahdan, nalədən.
357. Arxada qalıbsa kimin qırx yaşı,
Gəncliyi onunla gedir yanaşı.
358. Salam, gəlib çatdın, ey əlli yaşım,
Ağ quzğun gibidir ağaran başım.
359. Nə söylər əlli yaş? Ölüm bir oğru,
Hər halda gedirəm əcələ doqru.
360. Kim əlvida desə altmış yaşına,
Yaz gedir… yanaşır ömrün qışına.
361. Otuz nə verdisə əlli yaş aldı,
Altmış gəlsə çatsa, daha nə qaldı?
362. Sənə neyləmişəm, ey əlli yaşım,
Qisas istəyənim, bəlkə baş daşım!
363. Şirin gəncliyimdi çıxan qarşıma,
Kimlər zəhər qatdı mənim aşıma?
364. İndi yaydı qəddim, o zamanlar – ox,
Onda da, indi də arzularım çox.
365. Mənə nə verdisə qaynar gəncliyim,
Kayb etdi qocalıq… hanı dincliyim?
366. Al məni yanına, ey aləmpənah
Ömrümə ad vurur çəkdiyim hər ah.
367. Ayaqlar sürünür… ayaqlar ağır.
Yorğun gözlərimi qaranlıq basır.
368. Getdi ağız dadı, könül atəşi,
Hanı gəncliyimin uçar köhləni?
369. Dur, yığış, ey qoca, şələni bağla,
Ötən günlərinə hönkürüb ağla.
370. Bütöv bir həyatı vermisən yelə,
Qalan günlər üçün bir üzür dilə.
371. Ey mənim ölməzim, hara can atdın,
Bunca ölərini neçin yaratdın?
372. Duaçınam, hər şey öz əlindədir,
Yaşımın üstünə bir az yaş gəlir.
373. Səndən qüvvət alıb başladım sözə.
Bir gün tamamlaram, versən icazə.
374. Ey dilim, vəsf elə ulu Tanrını,
Qurd-quşdan arıtdı könül tarlamı.
375. Qəlblərə nur saldı, seçdi, yaratdı,
Doğru yol göstərib dadıma çatdı.
376. Tulladı zülmətdən məni işığa,
Qərq oldum günəşə, yar-yaraşığa.
377. Azıb batmış idim, yol göstərdi, yol,
Oddan çıxarmasa, kül olardım, kül.
378. Sevdi, əzizlədi, məni ucaltdı,
Xətalar yolundan dartdı, çıxartdı.
379. Könlümü doldurdu səadət ilə,
Dilimə can verdi şəhadət ilə.
380. İdrakım, qayəmdir peyğəmbər sözü.
Yapışsın qolumdan peyğəmbər özü.
381. Mən nəydim? Taqətsiz, yolsuz bir kölə,
İlahi, yetişdim sənin fəzlinlə.
382. Necə şükr edim ki, eşitsin Tanrım?
Çatsın imdadıma ağ sabahlarım.
383. İlahi, bilirsən acizliyimi,
Tək sənə bəllidir qəlbimin qəmi.
384. Sənə şükr etməyə gücüm çatarmı?
Sən özün şükr elə özünə, Tanrım!
385. İmkan vermə çıxım haqqın yolundan,
Sönməsin könlümdə bu din, bu iman.
386. Canım çıxan zaman üstümə tələs,
Axır nəfəsimi şəhadətlə kəs.
387. Alanda qoynuna yeraltı məni,
Yağdır məzarıma öz rəhmətini.
388. Taqətsiz qulunam, ey ulu yəzdan,
Özün fəzlin ilə keç günahımdan.
389. Bütün möminlərə həyansan, həyan,
Bu gün bir nişan ver baqi dünyadan.
 

GÜNDOĞDU ELBAŞI ÜSTÜNƏ SÖZ

 
390. Fəhm fəhm eləyir, bilik bildirir,
Vəfasız dünyanı bizə güldürür.
391. Qartımış qarıdır, mələk cildi var,
Bir qız cəmalında görünən kaftar.
392. Özünə cəzb edər o şux gulnəfəs,
Fəqət əl uzatsan əlini verməz.
393. Sevməz sevənləri, ceyran tək qaçar,
Ondan qaçanların ayağın qucar.
394. Bəzən görərsən ki, bəzənib gedər,
Bəzən baxar yerə, nazlanıb gedər.
395. Gahdan azxasını çevirər sənə,
Tutmaq istəyərsən, əl verməz, dönər.
396. Neçə bəy qarıtdı, qarımaz özü.
Neçə bəy kiritdi, cəh-cəhdir sözü.
397. Cahanda mərd, cəsur bir bəy də vardı,
Aləm sayəsində bir laləzardı.
398. Dövləti bərqərar, adı Gündoğdu.
Bəxtinin günəşi vaxtında doğdu.
399. Əmri, feli dürüst, gözü-könlü tox,
Dili baldan şirin, yalan sözü yox.
400. Hüsyar, zəka əhli, savadı əla,
Düşmənə amansız, od-alov, bəla.
401. Qüdrətli, qürurlu el bahadırı…
Onu tez yüksəltdi mərd addımları.
402. Hümmətlə yürüdüb siyasətini,
Çox uca tutardı ləyaqətini.
403. Buna uyar gəlir şairin sözü,
Oxuyub anlasan açılar gözün.
404. Kişinin hüsnüdür hümmət, mürüvvət,
Hər bir alçaqlığa alovlu nifrət.
405. Mərdin öz hümməti, öz mürüvvəti,
Artırır ondakı qədri-qiyməti.
406. Gündoğdu xilqəti örnəkdir bizə,
Günəş və Ay kimi nur saçdı ərzə.
407. Hər kim ağıllısa çəkdi yanına,
Ucaltdı özünün kəhkəşanına.
408. Yığdı ətrafına seçmə bəyləri -
Zəkalı, qeyrətli min hünərvəri.
409. Xalqa can yandırdı, yaratdı, qurdu,
Müdrik kişilərin üstündə durdu.
410. Təki yardım etsin hər başı uca,
O da nəfəs dərib dincəlsin azca.
411. Bir gün qayğılanıb dedi: – Şübhə yox,
Bu bəylik işləri əzablıdır çox.
412. Hər işin nə qədər baş ağrısı var,
İşlər türlü-türlü, vaxt az, macal dar.
413. Təkcə nasıl görüm bu qədər işi,
Mənə yardım gərək, iş görən kişi.
414. Yetsin imdadıma bir ərən, bir ər,
Qeyrətli, bilikli, cəsur, hünərvər.
415. Dili düz, qəlbi düz, işlə qol-boyun,
Mehriban, imanlı, haqsevər olsun.
416. Sirrimi, əhdimi bildirim ona,
Bütün işlərimi qoysun yoluna.
417. Müdrik, dünya görmüş, sınanmış kişi,
Başından keçirib bütün gərdişi.
418. Mənə köməkçilər, yardımçılar ver
Elmli, qeyrətli, hər işə qadir.
419. Yardımçılar gərək qeyrətli, işcil,
Yalnız iş görənlər həyata qabil.
420. Yardımçı çox olsa məşəqqət olmaz.
Bəylər bəy işini görər, keyfi saz.
421. Yardımçı – bəyliyin qanadı, qolu,
Onsuz hansı tədbir yerini tutdu?
422. Gündoğdu yardımçı tapa bilmədi,
– Nə qəm, bir cüt əlim sağ olsun! – dedi.
423. Hər gün tab elədi yüz məşəqqətə,
Dincəlsə, dinclik də döndü zəhmətə.
424. Yaxşı ki müqəddəs bəxtin yiyəsi,
Bu haqda bəxş edib bir söz töhfəsi.
425. Bir sevinc umursan, yüz kədər gəlir,
Məşəqqət kökündə qayalar dəlir.
426. Börkü də böyüyür, böyüdükcə baş,
Baş ağrısıyla da gəl indi tutaş.
427. Əlik bütün elə göz-qulaq oldu.
Açıldı qapılar, qara ağ oldu.
428. Boğdu öz əlilə yaramazları,
Atdı yamanları eldən dışarı.
429. Bu cür təmizlədi eli-elatı,
Şöhrəti yüksəldi, dövləti artdı.
430. Burda şair dili söz demiş gözəl,
Olmuş ağızlarda, dillərdə məsəl:
431. Qafillik ucundan çoxları öldü,
Ayıqlıq həmişə imdada gəldi.
432. Sakın, qafilliyi özünə ar bil,
Hər iki dünyada misgindi qafil.
433. Yurdu basıb gəlsə düşmən qəfildən,
Öncə qafil olur gəbərən, köpən.
434. Daim ayıq-sayıq, hüşyar olmasan,
Yırtıcı düşməni nə cür yıxarsan?
435. Ölkədə ayıq ol, ey başçı qüdrət,
Bunu tələb edir həm də şəriət.
436. Vaxtı öldürənlər ən böyük axmaq,
Hələ ki qadirsən, qafil olma, qalx!
437. Ayıq başçılardan qüvvət alır kənd,
Bürüyür ölkəni xeyir – bərəkət.
438. Elbaşı ayıqsa çiçəklənər yurd,
Eyni sudan içər həm qoyun, həm qurd.
439. Sevənlər eşq ilə onu öydülər,
Yağılar eşidib boyun əydilər.
440. Pənah istədilər çoxları ondan,
Çoxları öpdülər astanasından.
441. Könlü ayıqların fikri, mətləbi,
Əlvandır səhrada çiçəklər gibi:
442. Bəylik – ayıqlıqdır, haqq yoluna çıx,
Ey kamalı günəş, çöhrəsi açıq.
443. Bəylik – siyasətdir, ey elsevər bəy,
Onu doğru-düzgün yürütmək gərək.
444. Bəxtiyar yaşayar ellər, əmin ol,
Bəyləri tutsalar doğru – dürüst yol.
445. Yaxşı ad – mərd üçün necə səadət!
Ölməzlik, ülviyyət, ən ülvi qismət.
446. Bəy bayraq eləsə insaniyyəti,
Bütün yaxşılıqlar olar qisməti.
447. Elbaşı ucaltdı eli-obanı,
Bürüdü cahanı şöhrəti, şanı.
448. Alqışlar, dualar onu ucaltdı,
Ad-sanı, dövləti günbəgün artdı.
449. Oldu cahan xalqı ona aşina,
Yığıldı hər yandan ellər başına.
 

AYDOLDU GÜNDOĞDUNUN XİDMƏTİNƏ GƏLDİYİNİ BİLDİRİR

 
450. Aydoldu adlanan sərvər, hünərvər,
Eşitdi avazı, oldu səfərbər.
451. Cavanmərd iyiddi, rəftarı ipək,
Zəkalı, elmli, qeyrətli, zirək.
452. Üzünün nurundan göz qamaşardı,
Dilində doğruluq qaymağı vardı.
453. Kamil öyrənmişdi neçə sənəti,
Gəzərdi, cismində sənət qüdrəti.
454. Düşündü: – Nə üçün xalqdan ayrılım?
Necə sənətimlə boş-bekar qalım?
455. Qoy gedim Elbaşı hüzuruna mən,
Ona xidmət edim candan, könüldən.
456. Şad olsun Elbaşı, getsin təşvişim
Ona qanad versin sənətim, işim.
457. Zəkalı, bilikli, incə rəftarlı
Sənətli-hünərli bəymiş – vüqarlı.
458. Burda yada düşür şairin sözü,
Həyatı əks edən ilham güzgüsü.
459. Zəkalı qədrini bilər zəkalı,
Alim bilik satsa, alim də alı…
460. Axmaq hardan bilsin qədrini elmin,
Elmin xiridarı alim deyilmi?
461. Arifin adını ariflər bilər,
Nadan hardan bilsin nədir elm, hünər?
462. Elmin dəyərini bilər xiridar,
Gövhərin qədrini gövhərşünaslar.
463. Aydoldu atlandı, belində yaraq,
464. Bahadır çiynində alim vüqarı,
Yönəltdi köhləni Elbaşı sarı.
465. Dedi: – Müqəddəs bir səfər edirəm,
Elin xidmətinə özüm gedirəm.
466. Hər şey qürbət eldə gərəkdir, gərək:
Xurcun, qaynanmış su, geyim, duz-çörək…
467. Yaxşı ki, qızılım, gümüşüm də var,
Qızılım tükənsə, rəngim saralar.
468. Sözünü sir tutan müdrik bir kişi,
Görün nə söyləyir, anıb gərdişi:
469. Saray xidmətinə gedən kimsənə
İki şey gərəkdir, qoy deyim sənə:
470. Bunun birincisi – sağ bədən, sağ can
Ta ki iş görəsən sən axıracan.
471. İkinci – saf altun, saf qızıl gərək,
Yoxsa köhlənin də yemlənməyəcək.
472. Açılar üzünə onda qapılar,
Sənə qapı açan adam tapılar.
473. Göz qoydu aldığı qızıl-gümüşə:
"Gərəyim olacaq hər vaxt, həmişə".
474. Elbaşı mülkünə sarı yönəldi,
Çapdı köhlənini, hərdən dincəldi.
475. Axır ki, toxtadı, çatdı mənzilə,
Ağıl arzulara yol açır hələ.
476. Aradı şəhərdə bir yer – düşərgə,
Tapmadı… dar imiş yer üzü bəlkə.
477. Qəm yedi… üz qoydu qonaq evinə,
Gecə orda yatdı… səbr edib yenə.
478. İşbilən, sözbilən alim kimdi, kim?
Eşit, məsləkindən bir misra deyim!
479. Dolanmaq çətindir hicra bir yerdə -
Tanışsız-bilişsiz gəzib şəhərdə.
480. Yoxsa bir həmdəmi neyləsin qərib,
Dolaşar şəhəri qəmgin, müztərib.
481. Tanışsız adamlar gözsüzə oxşar,
Söymə aldansalar, döymə azsalar.
482. Kişi məkan seçsə yabançı eli,
İsmətli gəlin tək lal olur dili.
483. Ey yerli biləgən, sənindir bu yer,
Əziz tut qəribi, yemək-içmək ver.
484. Yadı doğma bilsən, nurlanar gözü,
Aqzında bal dadar söhbəti-sözü.
485. Tanış-biliş gərək bizə hər yerdə,
İllah ki, qəribə yad bir şəhərdə.
486. Aydoldu pərişan gəzdi aləmi,
Saraltdı üzünü qəriblik qəmi.
487. Bir gün yaxınlaşdı adamlar ilə,
Hücrə tutdu… döndü bir qızılgülə.
488. Yar-dost çoxaldı, qəlbinə girdi,
Böyüyə-kiçiyə xoş üz göstərdi.
489. Özünə dost tutdu mərd bir tanışı,
Adı Kosamışdı, işləri yaxşı.
490. Aydoldu söylədi kim olduğunu,
Tamam agah etdi qəsdindən onu.
491. Nə cür gəlib çıxmış – dedi – bu yurda,
Bilib gördükləri nələrdi burda.
492. Hökmdə, fərmanda Elbaşıya tən,
Xas Hacib Ersiqi tanıyın lütfən.
493. Onun hüzuruna getdi Kosamış,
İcazə istədi, sözə susamış.
494. Onu diqqət ilə dinlədi Hacib,
Bildi ki, vacibdi məqsədi, vacib.
495. Kosamış bildirdi kim olduğunu,
Bura hansı dilək gətirmiş onu.
496. – Gəlsin hüzuruma Aydoldu özü,
Görüşək, konuşaq. O, məni görsün.
497. Elbaşı düşünər sözlərinizi,
Görüş təyin edər, dinləyər sizi.
498. Kosamış ovcunda dərdini boğdu,
– Aydoldu, qünaydın, günəşin doğdü.
499. Tələs, get, tanış ol Hacib ilə sən,
Yəqin başa gələr, hər nə diləsən.
500. Öz dilinlə söylə, nə mətləbin var,
Utanma, qoy səni eşitsin aşkar.
501. Çatdırdım, bəllidir ona hər sözün,
Daha dürüst olar, söyləsən özün,
502. Dili də, könlü də düzgün olanlar,
Müdrik kəlamları qoymuş yadigar.
503. Yoldaşın nə qədər yaxın olsa da,
Özündən yaxını yoxdu dünyada.
504. Dost işi görməyin hüsnü başqadır,
Amma özün görsən daha yaxşıdır.
505. Əgər özün üçün mehriban umsan,
Özündən mehriban tapılmaz, inan.
506. Aydoldu geyindi, qalxdı yerindən,
Kosamışla birgə yürüdülər tən.
507. Elbaşı çıxanda evdən eyvana,
Rast gəldi Hacibin xidmətkarına.
508. Kosamış içəri girdi, qayıtdı,
Mehri, söz-söhbəti ülfət yaratdı.
509. Aydoldu çay gibi bir çağlayışda,
Hacib yer göstərdi yuxarı başda.
510. Saçıldı dilindən bal gibi sözlər,
– Gəlib hara düşdün, atın nə təhər?
511. Varmı yar-yoldaşın, dostun, tanışın,
İçməyə şərbətin, yeməyə aşın?
512. Nə ilə məşğulsan, nədir mətləbin?
Nə gərək, dolumu, boşmudur cibin?
513. – Ey bəxtiyar Hacib – dedi Aydoldu -
Könlümə Elbaşı sevgisi doldu.
514. Uzağdan tanıdım onun səsini,
Elmini, əqlini, iradəsini.
515. Ona xidmət etmək – könlümdə məram,
Onun dərgahını arzulamışam.
516. Görürsən nələrdir könlümdən keçən,
Xidmətçi olaram son günüməcən.
517. Hacib Aydoldunu bəyəndi yaman,
Onu vəsf elədi ürəkdən, candan.
518. Üzü nurlu idi, rəftarı ipək.
Özü yaxşılıqlar təcəssümü tək.
519. Özünü sevdirən mərdi sal yada,
Fəzilət sayılır nöqsanları da.
520. Hər kim sevilməsə sanki bayılır,
Ədəb-əxlaqı da nöqsan sayılır.
521. Bəlkə sözlərimə isbat umursan,
Buyur, dinlə məni, ey əziz insan.
522. Sevsən, gəlin olur qoca qarı da,
Dönür qızılgülə tikanları da.
523. Sevsən, qüsüru da sevimli olur,
Saxsını sayırsan mirvari, büllur,
524. Hacib Aydoldunu əzizlədi ki,
Tələsmə, nəfəs dər, gözüm giləsi!
525. Təyin etməlidir elbaşı öncə,
Harda görüşməli, nə zaman, necə?
526. Sözünü eşitsin, üzünü görsün,
Ucuz tutmasın da, qədrini bilsin.
527. Bir azca səbr elə… nə dərd çək, nə qəm,
Bütün işlərini özüm görəcəm.
528. – Bütün çarələrin məndədir – dedi,
Ən yaxşı sözləri seçdi, xərclədi.
529. İnsan yaxşılığı bax bu cür olur,
Ağrıdan yaraya məlhəm qoyulur.
530. Eşit nə cür olur xalqına rəhbər,
Bütün işlərini dürüst görənlər.
531. Kimin ki, başından aşır dövləti,
O, gərək yürütsün xalq siyasəti.
532. İstəsə xalqını dolandıra bəy,
Xilqəti xoş gərək, rəftarı ipək.
533. Xalqa öz ömrünü həsr etsə hər kim,
Dili şəkər gərək, özü mülayim.
534. Dünya vəfasızdır, cütlər qalır tək,
Bu gün tikan olur dünənki çiçək.
535. Ağ gün ötəridir, inanma ona,
Bu gün sənə qismət, sabah qonşuna.
536. Ey ağ baxta çatan, inanma baxta,
Bugün var, sabah yox… mədarı saxta.
537. Varsa var-dövlətin, yaxşılıq qazan,
Əlindən çıxacaq inan bir zaman.
538. Sənə qismət olsa bəylik rütbəsi,
Kiçik tut özünü, ey bəxt yiyəsi.
539. Səadət kəməri bağladın, şad ol,
Hacib çox danışdı, şən sözləri bol.
540. Tələsmə, dürüst ol iş görəndə sən,
Bağlı qapılar da açılar hökmən.
541. Alim bu barədə söz deyib qəşəng,
Onu yağ-bal gibi nuş etmək gərək.
542. Gərək iş görəndə dürüst görəsən,
Yambızına döyər daim tələsən.
543. Gərək tələsməsin işə canfəda,
Hər şey başa gəlir öz məqamında.
544. Aydoldu dinlədi deyilənləri,
Dedi: – Səbr edirəm haçandan bəri:
545. Hacib məni gördü, məni dinlədi,
Özü təyin etsin vaxtı, fürsəti.
546. Haçan istəsəniz o dəm gələrəm,
Dürüst, doğru sözdən nur alır aləm.
547. Aydoldu yerindən qalxdı, qayıtdı,
Evinə gec çatdı, bir azca yatdı.
548. Xülqü-xilqəti saf, ruhu – xəzinə.
Aydoldu Hacibin yatdı könlünə.
549. Dedi: – Görməmişəm böylə ər kişi,
Bilikli, zəkalı, hünərvər kişi.
550. Bu cür bahadırlar hələ seyrəkdir,
Elbaşıya gərək – xalqa gərəkdir.
551. Qız tək həyalıdır böylə kişilər,
Adı da qız adı… əbəsmi məgər?
552. Qızismət kişilər nə qədər əziz,
Ən böyük sərvətdir, tapa bilsəniz.
553. Neçə sənət bilir Aydoldu ərən,
Yalnız sənətinlə əhdə yetərsən.
554. Hacib, Elbaşıya, dedi fikrini:
Oqul tapılarmı Aydoldu kimi?
555. Xülqü-xilqəti saf, rəftarı ipək,
Biliyi, zəkası bir xəzinə tək.
556. -Tap, gətir, görüşək… hardadır, yeri?
Görmək istəyirəm o hünərvəri.
557. Çoxdan izləyirəm o cür ərləri -
Bəyliyə yarayan dilavərləri.
558. Çatmışam əhdimə, ay canım-gözüm,
Böylə kişilərə müştağam özüm.
559. Tələs, hüzuruma, get, onu çağır,
Xidmətə hazır et, ey mərd bahadır!
560. Çıxdı darvazaya Hacib fərəhli,
Tapdı bir oğlanı, "qaç, tələs!" – dedi.
561. Oğlan xəbər verdi… Aydoldu fövrən,
Geyindi, atlandı hal-əhvalı şən.
562. Tərpədib köhləni, saraya gəldi,
Hacibi görüncə kefi düzəldi.
563. Yuxarı başdaca yer verdi Hacib,
Əyləşdi Aydoldu, ədəbi vacib.
564. – Çağır hüzuruma! – dedi Elbaşı,
Əyləşək, konuşaq bir az yanaşı.
 

AYDOLDUNUN ELBAŞI İLƏ GÖRÜŞÜ

 
565. Hacib! – Bəxt kəmərin bağlandı artıq,
Aydoldu, qalx! – dedi. – O mərd əli sıx.
566. Aydoldu təzimlə öndə göründü,
Elbaşı nurlandı, açıldı könlü.
567. Şirin bir dil ilə sözə başlayan,
Aydoldu başçını qoymuşdu heyran.
568. – Kimsən, adın nədir, hardan gəlirsən?
Qəriblik çəkirsən nədən ötrü sən?
569. Aydoldu dinlədi onu diqqətlə,
Fikrini bildirdi bir fəsahətlə.
570. İki cizgisi var zəka əhlinin,
Biri şirin dildi, o biri təmkin.
571. Şair buna uyğun misralar demiş:
Tələsmə, səbr ilə başa gəlir iş.
572. Hər işdə diqqətli, ehtiyatlı ol,
Tələsik işlərdən kar aşmaz, oğul.
573. Bütün işlərini əgər səbr ilə,
Görsə, bəy qatına yüksələr kölə.
574. – Ey bəxtiyar ustad, şad etdin məni,
Xidmətlə süslənir qulluq köhləni.
575. Mənim köhlənim – qul, yerimiz həyət,
Felim – insaniyyət, işim də – xidmət.
576. Sənin dərgahına gəldim əhd ilə,
Bu gün əhdim dönür bir qızılgülə.
577. Sən məni yaxın tut öz xidmətinə,
Qaytarma, dözərəm cəbrə, çətinə.
578. Elbaşı şad oldu, dinlədi bir də,
Göydə gəzdiyini tapmışdı yerdə.
579. Məni məftun etdin, Aydoldu bu gün,
Tanrı vergisiymiş xilqətin, hüsnün.
580. Sidq ilə xidmət qıl mənim qapımda,
Saray – bir məbəddir, ona tapın da.
581. Səndən yaxşı xidmət, məndən mükafat,
Xidmət dürüst olsa açılacaq baxt.
582. Burda xidmət elə, zəhmətini çək,
Zəhmət haqqını da ödəyəcək bəy.
583. Yer öpdü Aydoldu, dedi: – Elbaşı,
Gözucu nur saçsa, var aşıb-daşı…
584. Sənə xidmət üçün çıxmışam evdən,
Bu uzun yollarda sən demişəm mən.
585. Sənə xidmət üçün güc versin xuda,
Sənə xidmət üçün atmasın oda.
586. Sevinib, şad olub eşiyə çıxdı,
Yanar məşəl gibi eyni açıqdı.
587. Bəxti yeyin kişi nə söylər, eşit!
Bəxti sal qayanı ortadan deşir.
588. Bəy gülüb baxarsa mərdə gözucu,
Mərdin aşıb-daşar eşqi, sevinci.
589. Xoş sifət göstərsə bəylər adama,
Adam daş da olsa gələr ilhama.
590. Kimə yaxın tutsa bəylər özünü,
Gecədən çıxarar ağ gündüzünü.
591. Bəylik – səadəti. Kim səadətə,
Yaxınsa yol açar ülvi qismətə.
592. Aydoldu başladı o gün xidmətə,
Daim elbaşıdan oyandı ertə.
593. Gündüz pasibandı, gecə keşikçi,
Yalnız xidmətində tapdı sevinci.
594. Elbaşı yanına girib çıxanda,
İsti bir baxışı duydu bir anda.
595. Günbəgün artırdı öz xidmətini,
Elbaşı da ona məhəbbətini.
596. Bəylər əzizləyər mərdi işilə,
İşlə zor kişiyə çevrilər kölə.
597. Xidmət et, xidmətlə bəylik tapır qul,
Xidmətsiz yüksəlmiş de hansı oğul?
598. İndi də gəl dinlə alim sözünü,
Şairə bənzədir o da özünü.
599. Dəyərsiz xidmətlə çatır dəyərə,
Yersiz qanadlanır ən yüksək yerə.
600. Gərək büdrəmədən edəsən xidmət,
Xidmətə bağlıdır ən ülvi qismət.
601. Aydoldu xidmətdə coşur, çırpınır,
Elbaşı hörmətlə açır qapını.
602. Rütbəçi boy atdı rütbə başında,
Güldü könlü-gözü sevinc yaşında.
603. Aydoldu xidmətdə Ay-Günəş oldu,
Elbaşı dövləti birə beş oldu.
604. Sınadı Elbaşı onu yüz işdə,
Gördü quzu deyil, qoçdu döyüşdə.
 

AYDOLDU ÖZÜ DÖVLƏT OLDUĞUNU BİLDİRİR

 
605. Elbaşı bir səhər oturmuşdu tək,
Çağırdı, Aydoldu gəldi sevincək.
606. Durdu qarşısında, üzündə təmkin,
İncə bir işarə dedi: – Əyləşin.
607. Aydoldu cibindən bir top çıxardı,
Əyləşdi, o topa söykəndi ardı.
608. Neçə sual verdi ona Elbaşı,
Aldı cavabını… çox gözəl, yaxşı.
609. Açıldı çöhrəsi, şənləndi könlü,
Bəs niyə Aydoldu yumdu gözünü.
610. Elbaşı toxtadı, nitq saçmadı,
Aydoldu gözünü yumdu, açmadı.
611. Elbaşı dillənib söz soruşanda,
Aydoldu turşutdu üzün bir anda.
612. Elbaşı düşündü: bu əsrar nədir -
Zehni, zəkavəti öz yerindədir…
613. Baxdı iltifatla, Aydoldu gördü,
Bəs niyə üzünü ondan çevirdi?
614. Elbaşı qəzəbli. Qəzəbi almaz.
– Təkəbbür kişiyə əsla yaraşmaz.
615. Sənə inanmaqla yanılmışam çox,
İndi nasıl deyim səhvim-suçum yox?
616. Alim kəlamını dinlə, nə deyir:
Tələsik işlərdən gəlməz bir xeyir.
617. Tez-tələsik bişən aşı yeyəndə,
Xəstə düşməz məgər yenidən bəndə?
618. Tələsmək daima bəla gətirər,
Ehtiyatlı olur mətinlər, mərdlər.
619. Mənim səhvim bu ki, (gəlim lənətə)
Sizi tanımadan aldım xidmətə.
620. Bəy gərək qulunu işlətsin əvvəl,
Ondan sonra desin: – Buyur gəl, yüksəl!
621. Qul gərək sınansın, dözsün zillətə,
Zillətdən yol açsın ada, şöhrətə.
622. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
Neçin qəzəblisən, çatılıb qaşın?!
623. Nədir səhvim-suçum, bilmirəm özüm,
Bəlkə deyəsiniz, açılsın gözüm.
624. Varsa səhvim-suçum, ərk elə, qına,
Yoxsa… üz-gözünü turşutma mana.
625. Şair buna uyğun nə demiş, dinlə,
Gözəl söz saçmada aləmə şölə.
626. Xidmətçi yanılsa harayla onu,
Öyrən hansı yerdə səhv olduğunu.
627. Varsa səhvi-suçu, ver cəzasını,
Yoxsa… mükafatın tər-təzəsini.
628. Elbaşı kükrədi, qəzəb saçaraq:
– Ey ağıldan azan, ey nadan axmaq!
629. Sən hara, mən hara? Səfehin biri,
Sən kimdən almısan fəzilətləri?
630. Mənə xidmətinmi? Hanı xidmətin?
Bəlkə xeyrin dəyib? Dəyibmi? Çətin.
631. Mən iltifat qıldım xidmət görmədən,
Ayaqaltı etdin məni bəs nədən?
632. Altına top qoyub dərhal oturdun,
Oturmaq yeridir bu yer? Cavab ver.
633. Mən sənə söz dedim, səndən söz aldım,
Yumdun gözlərini, heyrətdə qaldım.
634. Səni əfv edəlim, söz dedim min bir,
Niyə üz çevirdin? Mənə cavab ver.
635. Neçin eşitmədin bu sözü, oğul!
– Bəyə yaxın olsan, ehtiyatlı ol!
636. Atan demədimi məgər: – Unutma,
Ay bala, özünü bəyə tay tutma!
637. Məgər demədimi tayfa rəhbəri:
– Çəkmə ayağından bəy hünərvərin?!
638. Getmə, yaxınlaşma. Alovdu bəylər,
Yaxlaşsan yandırıb kül edəcəklər.
639. Cəhənnəm odundan betər oddu bəy,
Hər kim yaxınlaşsa zəqqum yeyəcək.
640. Alovdu, atəşdi bəyin arşını,
Əgər onu bassan, üzər başını.
641. Bəylər – qorxu, ürkü, vahimə, dəhşət,
Qorxmasan, qorxudan dəyənək, qüvvət.
 

AYDOLDU ELBAŞIYA DÖVLƏTİN SİFƏTLƏRİNİ GÖSTƏRİR

 
642. Aydoldu, gözündə nur təbəssümü,
Dedi: – Sən konuşdun, eşit sözümü.
643. Sən hər nə dedinsə düşündüm asan,
Gərək sən də işdən agah olasan.
644. Bura neçin gəldim, öyrən, rəhbərim:
Mənim şakərimdir göstərdiklərim.
645. Mənə yer göstərdin, mən əyləşmədim,
– Yoxdu yerim mənim, bunu bil – dedim.
646. Topu yerə qoyub fıkr elədim ki,
Nəyə bənzəyirəm – biləsən təki.
647. Top kimi qərarsız, yersiz-yuvasız,
Top kimi səyyaram, top kimi yalqız.
648. Sən baxdın lütf ilə… mənsə göz yumdum,
Sənə göstərdim ki, nə küs, nə də it.
649. Dövlətim, köç kimi yalqız, biaram,
Kim mənə ilişsə bərk yapışaram.
650. Sən suallar verdin… mən də söz dedim,
Sən baxdın lütf ilə… mən üz gizlədim.
651. Dedim: – bəlli olsun qılığım sənə,
Cəfakeş, dönükəm, inanma mənə.
652. Bu Türkcə məsəli eşit, nə söylər,
Ağsaqqal, pipani, dünya görmüş ər!
653. Ər kişi? İnanma bəxtə, dövlətə,
Bəxt deyib özünü salma qəflətə.
654. Axar su, rəvan dil, var-dövlət, ağ gün,
Bir yerdə dayanmaz, gəzər yer üzün.
655. İnan vəfasızdır dövlət, səadət,
Ayağı sürüşkən, özü kəmfürsət.
656. Elbaşı söylədi: – Aydındır sözün,
Səni xilas etdi məntiqli üzrün.
657. Qiymətli sözlərin məni əylədi,
Sənətin-hünərin hansı yerdədir?
658. Aydoldu söylədi: – Çoxdu sənətim,
Çatır insanlara nəfim, dövlətim.
659. Bütün böyüklərdən üzr istər dilim,
Yaşım az olsa da dürüstdü felim.
660. Üzüm nuranidir, xilqətim gözəl,
Əhdimə çatdırıb məni bir cüt əl.
661. Özüm harda olsam, min-min diləklər,
Mənə peyvənd olub, mənimlə gəzər.
662. Daim mənimlədir sevinc, fərağət,
Məndən qaçaq düşüb əzab, məşəqqət.
663. Kim mənlə dartışsa tez gedər bada,
Kim mənə baş əysə çatar murada.
664. Məndən tez vurular vurmaq istəyən,
Məndən tez basılar, "basacam!" deyən.
665. Qoy deyim bir söz də qalsın yadigar,
Oxusun, öyrənsin arif adamlar.
666. Harda dövlət olsa, təzim et, görüş,
Çatsan səadətə, dərd-qəmlə döyüş,
667. Qovuşsan ağ günə, olsan bəxtiyar,
Çarpış, varlığında min-min arzular.
668. – Sənətin, hünərin gözəldi… Lakin,
Bəs səhvin, qüsurun yoxmudur sənin?
669. – Mənim ziyan verən səhvim-suçum yox,
Fəqət mərdlər məndən gileylidir çox.
670. Yamanlıq damğası taxıb çiynimə,
Çoxları vəfasız deyirlər mənə.
671. Mənə qüsur deyil biqərarlığım,
Yeni sifət tapır mənim varlığım.
672. Bütün köhnə şeylər saralır, solur,
Çoxu qeyzimizin hədəfi olur.
673. Köhnə çoxlu gərək təzə çıxanda,
Göy çəmən kötüyü küncə sıxanda?!
674. Görsən yenidədir ləzzət, həlavət,
Ləzzət tələb edir bil ki, məşəqqət.
675. Vəfasız dedilər bununçun mənə,
Yüz ləkə vurdular dönüklüyümə.
676. Görün bu barədə nə demiş ozan,
Böyük gerçəkləri bir sözlə yozan.
677. Qaydadır: gül solur, hər gələn gedir,
Hər şey yaradanın öz əlindədir.
678. Həyat dedikləri ağ yelə bənzər,
Əsdimi, kim tapar ondan bir əsər?
679. İnanma gərdişə, çox şey hədərdi,
Ağ gün də, sərvət də gəldi-gedərdi.
680. Dövlət olmasaydı bunca vəfasız,
Səadət içində yaşardıq yalnız.
681. Dövlət gəldi-gedər olmasaydı gər,
Məgər qaralardı bizim ağ günlər?
682. Elbaşı söylədi: – Üz çevirməyin,
Nifrətin aydındı. Rəmzidi çərxin.
683. Aydoldu söylədi: – Başqadı təqdir,
Xilqətim vaz atan ceyran gibidir.
684. Tapa bilərmi heç məni sevənlər?
Tapsa da saxlaya bilərmi məgər?
685. Məni tapan kişi saxlarsa möhkəm,
Əlindən sivişib çıxa bilmərəm.
686. Səni bərk tutmağın nədir meyarı,
Say görək bunları, öyrənək barı.
687. Səni bərk tutmağın tərzi var yəqin,
Nədir əlaməti bu mətanətin?
688. – Məni bərk tutmağın bölgüləri var,
Qoy deyim, dostundan qalsın yadigar.
689. Məni bərk tutanın dili bal gərək,
Özü saf, mülayim, xilqəti ipək.
690. Ehtiyat gözləsin, məğrurlanmasın,
Yaramaz işlərə yaxın durmasın.
691. Bilsin ölçüsünü varın-dövlətin,
Xilqətinə uyğun haqq yolu seçsin.
692. Özündən böyüyə təzim eyləsin,
Özündən kiçiyə bal sözlər desin.
693. Şüarı: böyüyə hörmət, etina,
Kiçiyi salmasın ayaq altına.
694. İçkiyə, qumara məhəl qoymasın,
Faydasız işlərə pul sovurmasın.
695. Əli pak, dili bal, özü mərd, mətin,
Şüatək düz olsun xülqün, xilqətin.
696. Vəfasız olmasın neyləsin dövlət,
Görün tələb edir necə fəzilət.
697. Burda yada düşür şairin sözü -
Bizim Türkcəmizin şəkəri, duzu:
698. Dövlət ələ keçsə, cilovla, tələs.
Vaz atan ceyrandır, qalmağa dəyməz.
699. Möhkəm tutan üçün dövlət bagidir,
Getsə bir də gəlməz, biryolluq gedir.
700. Elbaşı söylədi: – Sevmişəm səni,
Bəs niyə cövr edib atırsan məni?
701. Bir vaxt nə vəfasız, nə biqərardın,
Xoşbəxt gəlişinlə sanki bahardın.
702. Bu gün biqərarsan, həm də bivəfa,
Vəfanı vəd edib qılırsan cəfa.
703. Atadan, anadan mehriban olub,
Ovcunda tutursan, lütf ilə dolub.
704. Bəs niyə dönüksən, daşmıdır üzün,
Hanı o dünənki qılıncın, sözün?
705. Dövləti gah yığar, gah da səpərsən,
Bütün qapıları birdən qaparsan.
706. Aydoldu söylədi: – Xoşbəxt kimsənə,
Sənətim, səhvim də bəllidir sənə.
707. Açdım, bir-bir dedim işin sirrini -
Məni bərk tutanın hər tədbirini.
708. Kəməndə salmasa məni tutan ər,
Ceyran tək qaçaram, kim əsir edər?
709. Eşit, nələr deyir aqil bir insan,
Sözünün mayası təcrübə, ad-san:
710. Saxlaya bilməsən gəlir, gedir bəxt,
Sən yeməsən, yeyir bir özgə xoşbəxt.
711. Vəfasız dövlətə yetişsən bərk tut,
Tutmasan, gedəcək, olsa da yaqut.
712. – Sağ ol, bələd oldum fəzilətinə,
Bəs Aydoldu adı nə deməkdi, nə?
713. Kim vermiş bu adı, nədir dəyəri?
Öyrənək, açılsın məğzi, cövhəri.
714. – Aya bənzədiblər mənim adımı,
Mənim xilqətimi, mənim zatımı.
715. Doğanda dünyaya Ay kiçik gəlir.
Sonra yavaş-yavaş artır, yekəlir.
716. Aləmə nur saçır bədirlənəndə,
Gəzir kainatı işıq selində.
717. Tamam bədirlənib qalxdımı övcə,
Kiçilir, kiçilir, solur getdikcə.
718. İtir parlaqlığı, sanki məhv olur,
Gedir, bir də gəlir, çöhrəsində nur.
719. Elə mən özüm də Ay gibi açam,
Gah peyda oluram, gah məhv oluram.
720. Üz tutsam zəifə, qüvvət verirəm,
Əzəmət, ləyaqət, şöhrət verirəm.
721. Bir lüt zənginləşər dünyalar boyu,
Mən getsəm, tökülər üzünün suyu.
722. Hər nə yığmışdısa, məhv olub gedər,
Xülqü, xasiyyəti, ad-sanı itər.
723. Buna uyar gələn söz deyib şair,
O söz gözsüz üçün göz bəbəyidir.
724. Kişiyə var-dövlət, şöhrət gəldimi,
Nur saçar, parlayar yeni Ay kimi.
725. Dövlət vəfasızdır, can vermə hədər,
Dolğun Ay kimidir, incəlib gedər.
726. Yenə bir mənanı qoy deyim sənə,
Dinləyib fəhm elə, inan da mənə.
727. Gəzəri mənzildir Ayın məkanı,
Daim dəyişmədə… məkanı hanı?
728. Ay bürcü Sratan dönər, dolanar,
Evrilər, çevrilər, sönər, nurlanar.
729. Girsə hansı bürcə, qalmaz, çıxar Ay,
Qonduğu mənzili sanki yıxar Ay.
730. Elə mən özüm də Aya bənzərəm,
Batmaq bir aləmdir, çıxmaq bir aləm.
731. Gəlirəm, gedirəm… Yürüşüm soyuq,
Gəzirəm aləmi, yurdum-yuvam yox.
732. Alim necə görüb istedadımı,
Bununçün Aydoldu qoymuş adımı.
733. Hər bir qüsurumu, fəzilətimi,
Budur, dedim sizə bir dövlət kimi.
734. Hər şeyi söylədim açıq-arxayın,
İstər rədd eləyin, istər saxlayın.
735. Dinlədim. Sözlərin nur salır qəlbə,
Özün də, sözün də – böyük qələbə.
736. Sən kimi sərdarı, ey məğrur adam,
Göydə axtarmışam, yerdə tapmışam.
737. Bayat kimə versə gül açan dilək,
Ona cavabımız şükr olsun gərək.
738. Bu gündən belə mən ta məzaradək,
Ulu yəzdanıma şükr edən gərək.
739. Gör nədir alimin bizə xitabı,
Özü köçüb getmiş, qalmış kitabı:
740. Ey nemət sahibi, şükr et, kama çat,
Şükr etsən, rizqini çoxaldar bayat.
741. Heyf, unudur özün nemət sahibi,
Şükr etsə, Tanrının sınarmı qəlbi?
742. Azca kərəm üçün çox-çox şükr qıl,
Nemət nəsib olsa, sən qədrini bil.
743. Şükr edənin rizqi birə beş olar,
Evi aşıb-daşar, nemətlə dolar.
744. Alqışlar söylədi elbaşı ona,
Dedi: – Gecə-gündüz yaxın ol mana.
745. Vəsf etdi dostunu, gözündə şəfqət,
Verdi qızıl-gümüş, var-dövlət, xələt.
746. Nə işlər görəcək – anlatdı ona,
İşdə zəka umdu, zəhmətdə məna.
747. Yetişdi Aydoldu qədrə-qiymətə,
Tapındı iş adlı ulu məbədə.
748. Elbaşı düşündü: – Ey dili-qafil,
Hamıdan kamilmiş Aydoldu, kamil.
 

ELBAŞI GÜNDOĞDU AYDOLDUYA ƏDL SİFƏTİNİN NECƏ OLDUĞUNU BİLDİRİR

 
749. Bir gün oturmuşdu Gündoğdu yalqız,
Sıxıldı boş evdə yarsız-yoldaşsız.
750. Çağırdı dostunu, yol verdi ona,
Dost içəri gircək əl verdi ona.
751. Önündə Aydoldu dayandı məğrur,
Elbaşı söz demir, bir müddət susur.
752. – Əyləşin, söylədi işarətilə,
Dopdolu nəzakət, məhəbbətilə.
753. Əyləşdi Aydoldu ahəstə, yavaş,
Canında sıxıntı, bir az da təlaş.
754. Baxdı Elbaşıya gözucu, xəlvət,
Elbaşı turşsifət, qaşqabaqlı, pərt.
755. Əyləşib, altında gümüş kürsüsü,
Üç ayaq üstündə durur bu kürsü.
756. Əlində bir bıçaq, özü bir az sərt,
Solunda dərman var, sağında şərvət.
757. Onu görən kimi qorxdu Aydoldu,
Dərin nəfəs aldı, rəngi saraldı.
758. Başını qaldırıb dedi Elbaşı:
– Bir tərpət dilini, bir söz de yaxşı.
759. Lalmısan, karmısan, bir söz demirsən,
Yalqızmı görmüsən məni burda sən?
760. Aydoldu söylədi: – Xoşbəxt elbaşı,
Sözdə cürətsizəm, nitqdə naşı.
761. Bu cür xülqün özgə, felin də özgə,
Bununçün eymənib durmuşam gendə.
762. Bu gün öyüd vermiş bizi öyrədən:
Yaxın durma bəyə qəzəblənirkən.
763. Bu sözü demişlər göz necə gerçək:
Od və zəhər olur qəzəblənən bəy.
764. Bəylər qəzəb saçsa, qəhr ilə sərxoş,
Yaxrın durma ona, ey xilqəti xoş!
765. Bəylər qəhrə dolub saçırkən hiddət,
Onlardan uzaq ol, ey bəşəriyyət.
766. Bir cüt misra deyim, yaramı bağla,
Onu sal qəlbinə, özünü saxla.
767. Qəzəbli vaxtında yanaşma bəyə,
Yanaşsan, ürcahsan qədrsizliyə.
768. Bəylər buz ürəkli arslana bənzər,
Qəzəblənsə, kükrər, başını üzər.
769. Elbaşı söylədi: – Gözdən söz aldın,
Niyə təəccübdə, heyrətdə qaldın?
770. – Heyrət içindəyəm, bəli, ey dədə,
Neçin əyləşmisən gümüş kürsüdə?
771. Bu necə oturuş, bu necə kürsü?
Cavab ver, ayıraq əyridən düzü.
772. Nədir əlindəki o uzun bıçaq?
Şərh et, mənasını anlayaq, açaq.
773. Solunda dərman var, sağında şərbət,
Bizə nələr deyir bu bal işarət?
774. Sərt qəzəb içində qaşqabaqlı bəy,
İtirdim ağlımı bu halı görcək.
775. Dinib-danışmadım, elə bil laldım,
Təəccüb içində, heyrətdə qaldım.
776. Elbaşı söylədi: – Anladım səni,
Dinlə, mən də deyim başdan keçəni.
777. Mən dünən çağırdım. Sən gəldin, hələ,
Sənə yer göstərdim ehtiram ilə.
778. Felini, fəndini məndən gizlədib,
Əcayib işindən bəhs açan rəqib.
779. Mən qəzəb saçanda qorxudan əsdin,
Sənə qəhr qıldım, sözünü kəsdin.
780. Sonra nələr dedin: – Mən bəxtəm, tanı,
Anla hər işdəki məğzi, mənanı.
781. Verdin yozumunu, hər felin nədir?
Mən açdım, oxudum onları bir-bir.
782. Qandım, qəbul etdim sənin üzrünü,
Səni əzizlədim, ay ömrüm-günüm.
783. Mən də göstərirəm indi gün kimi,
Aydın işlərimi, sənətlərimi.
784. Budur, diqqət elə, rəmzlər rövşən,
Adil siyasətin məkanıyam mən.
785. Qurduğum kürsü üçayaqlıdır,
Dirənib torpağa, ərzə bağlıdır.
786. Büdrəmir, sarsılmır üçayaqlılar,
Çünki bərk dayanan üç dayağı var.
787. Titrəsə, büdrəsə üçündən biri,
Gedər bu kürsümün dizinin kiri.
788. Yerə bərk dirənir üçayaqlılar,
Dörd olsa, bəlkə də əyri, ləng olar.
789. Göz yetir, düz şeylər uzun olurlar,
Uzun olanların düz qaməti var.
790. Əyrilik rəmzidir hər gödək olan,
Bütün əyrilərin toxumu yaman.
791. Hansı düz büdrəsə qalmaz, yıxılar,
Düzlər düz dayansa, həmişə yaşar.
792. Mənim işdəklərim düzgündür ox tək,
Ədalət hökmünü görəsən gərək.
793. İşdə hökmüm qəti, ədalətim çox,
Bəymidir, qulmudur, mənə dəxli yox.
794. Əlimdə tutduğum bıçaqdırsa, bax,
Biçmək, kəsmək üçün yaranmış, ancaq.
795. Cinayət işini uzatmaram çox,
Baçaqtək kəsərəm, bıçağım bir ox.
796. Zillət çəkənlərə verirəm şərbət,
Gəlib dərgahıma tapsa ədalət.
797. Şərbəti içdimi, şad olub gedər,
Sevinci, şadlığı dünyalar qədər.
798. Dərmanı verirəm o kimsəyə ki,
Özü qəddar ola, əməli əyri.
799. Bal yox, zəhər-zəqqum verirəm ona,
Bu zəqqum cavabdır zalımlığına.
800. Mənim qaş-qabağım, üz turşutmağım,
Zalıma güzəştdir cavabdır, sakin.
801. İstər yaxın olsun, istərsə uzaq,
İstər çaxmaq gibi çaxan bir qonaq…
802. Ya öz ciyərparam… mənə dəxli yox, -
Hökmüm adil olur, beynim də soyuq.
803. Bəyliyin özülü düzgünlükdü, bil,
Bəylər adil olsa, çiçəklənər el.
804. Aqillər söz demiş bu fikrə bənzər,
Aqillər sözünü tutan yüksələr.
805. Bəyliyin təməli düzlükdü düzlük,
Canı, şah damarı düzlük, təmizlik.
806. Bəy tutsa doğru yol, adil siyasət,
Hər bir mətləbinə yetişər əlbət.
807. – Gündoğdu, ey mənim bağrımın başı,
Adında məna var, aç yaxşı-yaxşı.
808. – Duymuş xilqətimi o tarix yazan,
Ən dürüst ad seçib mənimçün ozan.
809. Kiçilməz, qaralmaz, al Günəşə bax,
Həmişə yetkindir, həmişə parlaq.
810. Mənim də xilqətim Günəşə bənzər,
Safam, müqəddəsəm al Günəş qədər.
811. Gün doğar, aləmi nura qərq edər,
Nur saçar, işığı hər kəsə yetər.
812. Mən də Günəş kimi yox olmam, varam,
Hamıya eyni cür işıq saçaram.
813. Gün çıxsa, aləmə istilik verər,
Gül açar minlərcə güllər, bitkilər.
814. Mənim ədalətim hansı elata,
Çatsa, çiçək açar sal qayası da.
815. Yaxşıya, yamana Günəş fərq qoymaz,
Hamsına nur saçar, özü azalmaz.
816. Eyni biçimdədir mənim də felim,
Məndən bəhrələnir min obam, elim.
817. Günəş bürcü sabit… daim bərqərar,
Dəyişməm… Günəşə bənzəyişim var.
818. Gün bürcü Arslandır – heç vaxt tərpənməz,
Bürcü sarsı bilməz, azalmaz, enməz.
819. Böyləyəm, dəyişməz məğzim, adətim,
Nur saçmaqdan savay yoxdur halətim.
 

AYDOLDUNUN ELBAŞIYA SORĞUSU

 
820. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
İşığa qərq elə hər yaranmışı.
821. Uzun yollar keçib, çəkib min zillət,
Sənin dərgahına çatdım nəhayət.
822. Feyzin, fəzilətin bol olduğundan,
Gəldim dərgahına, ey xoşbəxt adam!
823. Nasıl xidmət edim söylə mən sənə,
Səadət günəşi gülsün üzünə?!
824. Ər xidməti bəyi salmasa razı,
Yüz məşəqqət çəkə, varrnı mənası?
825. Eşidin, nə demiş bir ər oğlu ər,
Xidməti naminə qalxan bəxtəvər.
826. Əgər xidmət etsə bəyə xidmətkar,
Bəyi şad etməkdir ən dürüst meyar.
827. Öylə xidmət et ki, razı qalsın bəy,
Razıdır, qapılar açılır, demək.
828. Xidmət etdiyini bilsə xidmətkar,
Ən yuxarı başda şərəf yeri var.
829. Bəyi şad eləsə xidmət əhli qul,
Açılar önündə ən işıqlı yol.
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
830. – Aydoldu, dinlədim səni həvəslə,
Mənə sevinc dilə, özünü gözlə.
831. Mən sənə bəhs açım yararsızlardan,
Yararsız hər şeydən uzaqlaş əlan.
832. Biri yalançılıq – ən böyük mərəz,
Biri zorakılıq – yırtıcı bir nəfs.
833. Gözümün düşməni saydım onları -
Ar və həya bilməz küt məlunları.
834. Qurumsaq gədələr, gərəksiz, bifər,
Alçaqlar, saxtalar, əliəyrilər.
835. Qatillər, mitillər qan düşmənimdir,
Ləyaqət, şərafət, şan düşmənimdir.
836. Sənin də düşmənin nakəslərdisə,
Demək, səngərdaşıq, verək səs-səsə.
837. Demək, nəfəsdaşım, qan qardaşımsan.
Fəxrim, iftixarım, uca başımsan.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
838. Aydoldu söylədi: – Dinlədim səni,
Yenə bir sözüm var, agah et məni.
839. Kimdir yaxşı kişi cahanda səncə,
Gözəl qılıqları yetişir necə?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
840. Ər kişi, nər kişi odur ki, dədə,
Xalqına faydası dəysin ölkədə.
841. Xalqa xidmətini eləsin peşə,
Mükafat ummasın gördüyü işə.
842. Yurda fayda versin, minnət qoymadan,
Özü özgəsindən faydalanmadan.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
843. Aydoldu söylədi: – Anladım səni,
Qəlbimdə əhdim var, agah et məni.
844. Doğruluqdan danış. Nədir doğruluq?
Bəlkə ondan savay işıq yolu yox?!
845. Nədir bu dünyada doğruluq yolu,
Təməli, cövhəri, qanadı, qolu?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
846. – Başqadır doğrunun ovsunu, sirri -
Qəlbi də, dili də, sözü də birdi.
847. Məşələ bənzəsin kişinin könlü -
Bir olsun hər zaman içiylə çölü.
848. Qəlbini ovcuna alıb yürüsə,
Məğrur baxa bilsin kəsə, nakəsə.
849. Doğruluq mərd üçün səadətlə tən,
İnsanlıq deməkdir başdan, binədən.
850. İnsan yox, insanlıq qiymətlidir, bil,
Doğruluq azalmış, adam az deyil.
851. Buna uyar demiş sözünü şair,
Bəxş edib sözünün duzunu şair.
852. Deyənlər, gülənlər ərzə sığmazdır,
Ər kişi, mərd kişi bəs neçin azdır.
853. Adam yox, kişilik üstündü, qafil,
Yalnız ər kişini bəyənir aqil.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
854. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
Bu sözü mənimçün aç yaxşı-yaxşı.
855. Yaxşı mümkünmüdür yamana dönsün,
Yamanlar dəyişsin, yaxşı görünsün?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
856. Yaxşılar dünyada növ-növ, cürbəcür,
Doğru yol tutanlar haqq körpüsüdür.
857. Mərd, anadangəlmə yaxşılar da var,
Daşı, qayanı da yarar, yol açar.
858. Köçəri, ötəri yaxşılar var ki,
Qoşulsa yamana kirlənər beyni.
859. Yamanlar dünyada azı iki cür -
Fitri yamanların qəlbi ölüdür.
860. Paxıl var, xəbis var – cəmdəyi mərəz,
Yusan, dəryalar da pak edə bilməz.
861. Köçəri, ötəri yamanlar da var,
Qoşulsa doğruya bəlkə doğrular.
862. Fitri yaxşılardan yaxşılar törər,
Onlardan insanlıq mənfəət görər.
863. Fitri yamanların dərmanımı var?
Aləmə bəladır, xalqa zəhrimar.
864. Türkcə bir məsəl var, qoy deyim bunu,
Kamil yaşamağın öyrən yolunu.
865. Qbrəcən dəyişmir, yaşayır qılıq -
Halal süddən gələn saflıq, yaxşılıq.
866. Ölməzdir insanın fitri xilqəti,
Əcəl pozmayınca dəyişməz qəti.
867. Süd ilə, sümüklə gələn bir adət,
Yerin altında da yaşayar əlbət.
868. Yaxşının yoldaşı olarsa yaman,
Özünü itirər o da anbaan.
869. Yaxşıya qoşulan yaman da bir nur -
O da yaxşılığın qurtuluşudur.
870. Vurulsa, bənd olsa yaxşıya yaman,
Bəlkə tapa iman eşq ucbatından.
871. Ulus qanadlanar, yaxşısa bəyi,
Xülqü gözəl olar, rəftarı eyi.
872. Bəylər yaxşılara versələr dəyər,
Yamanlar da işi yaxşı görərlər.
873. Aldatsa bəyləri yaman quzğunlar,
Xalqa divan tutar əli uzunlar.
874. Yaman baş qaldırsa, yaxşılar ölər,
Yaxşı dağa dönsə, yaman kiçilər.
875. Əgər yaxşı olsa bəxtiyar bəylər,
Ellər də gül açıb, gül dərəcəklər.
876. Bəylər də pozulub yamanlaşsalar,
Bir gün çırtıq çalıb yamanlar oynar.
877. Siyasət yeritdi bəy – böyük insan:
Yamanın yeridir qəfəs, ya zindan.
878. Əgər yaxşıdırsa xalq elçiləri,
Tamam yaxşı olar xidmətçiləri.
879. Əgər yaxşı olsa bəylər özləri,
Səadət gülləri bəzəyər yeri.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
880. Aydoldu söylədi: – Nur üstünə nur,
Elbaşı, dediyin sözlər doğrudur.
881. Yaxşıdır, əlbəttə, yaxşılıq bilən,
Faydalı işləri tez görməlisən.
882. Bütün xalq istəyir varı-dövləti,
Nə cür başa gəlir bəs bu niyyəti?
883. Elbaşı söylədi: – Əsl kişilər,
Əsl yaxşılığı daima dilər.
884. Əsl şey cahanda daim baş olur,
Əsil əməllərə mərdlər qoşulur.
885. Alçaqlardı görən yaman işləri,
Gərək sındırılsın qanlı dişləri.
886. Ucuz yatıb qalır qayada, daşda,
İpək əzizlənir yuxarı başda.
887. Yaxşı tez yüksəlir, tək qimətlidir,
Yaman dibə çökür, xılt adətlidir.
888. Burda əsl sözü zəkalar demiş,
Zəka töhfəsidir ən dadlı yemiş.
889. Yaxşılıq – zirvədir. Lakin hər kişi,
Məgər görə bilir bu yüksək işi?
890. Lap yaxşı olsa da xilqətdə bir kəs,
Elmsiz, savadsız yüksələ bilməz.
891. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
Nə qədər vəsflər qazanıb yaxşı.
892. Bəs onun yoxmudur bircə nöqsanı,
Barı bircəsini göstərin… hanı?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
893. – Yaxşı təriflənir, belədi qayda,
Yaxşı xislətləri vəsf olunmada.
894. Ömründə yaxşılıq bilməyən alçaq,
Mərdlərə həmişə mane olacaq.
895. Yamanlar çox zaman yaxşı yaşayır,
Yaxşılar qolunda qandal daşıyır.
896. Kim yaxşılıq etsə yaxşılıq tapar,
Darda da özünü sanar bəxtiyar.
897. Bir günlük sevinci fürsət bilənlər,
Yaman bir iş tutsa axırda inlər.
898. Yaxşılıq istəyən kimdir? Bil, ey yar,
Yaxşı iş görməyi kəsbi sayanlar.
899. Yamanlıq görsə də yaxşı qalanlar,
Sizə dünyalarca məhəbbətim var.
900. Söylə, ey yaxşılıq, səndən kim doyar?
Gəl bəri, qoy deyim, qalsın yadigar.
901. Bircə günmü gərək yaxşılıq sənə?
Xeyr, şölə salar bütün ömrünə.
902. Sənə bu dünyada aldığın ləzzət,
Verər o dünyada zillət, məşəqqət.
903. Yamanlıq, yaxşılıq sol və sağ cəhət,
Solunda cəhənnəm, sağında cənnət.
904. Yaman bu dünyada bəlkə də rahat,
Çəkər o dünyada zilləti yüz qat.
905. Yaxşı bu dünyada sitəm çəksə də,
Yaşar o dünyada ülvi zirvədə.
906. Yaxşı ad-san qoyub dünyadan getsən,
Ərzin ən xoşbəxti özünü bil sən.
907. Gör nə gözəl demiş, köksündə hünər,
Düz sözü ən böyük sərvət bilənlər:
908. Yamanlıq önündə yaxşı iş görən,
Heç bilsən, nə qədər əzəmətlisən.
909. Ey yaxşı, de görüm, kim doyar səndən?
Acmışam, həmişə möhtacınam mən.
910. Yaxşılar görsə də min qeylü-qalı,
Razıyam, yanında qul kimi qalım.
911. Bəylik əgər mənə yamanlıq etsə,
Atıram, en, götür, ardınca get sən.
912. Adamların xülqü çox zaman bir ox,
Həlavəti azdır, təəssüfü çox.
913. Buna uyar demiş sözünü şair,
Məğzini anlasan, tökərsən tədbir.
914. Yaxşı vaysınarmı görsə yaxşı iş?
Yamanlar çox zaman peşmanlıq çəkmiş.
915. Təəssüf gətirir yamanlıq sonda,
Yamana qarşı da yaxşı ol onda.
916. Yamanı mədh etmək mümkünmü məgər?
Yamanı mədh edən gözdən tez düşər.
917. Gədalıq, alçaqlıq, allahsızlıq da,
Yamanlıq rəmzidir gidi dünyada.
918. Bəla da, möhnət də çapsın atını -
Yamanlar götürsün mükafatını.
919. Gözəl insanlara vurulub da sən,
Nə cür yaxşıları vəsf etməyəsən,
920. İnsanlıq, səxavət, mənfəət nədir -
Yaxşı kişilərdən gələn töhfədir.
921. Yaxşılar cahanda nədir, düşün nə -
Yaxşı adamlardan qalan xəzinə.
922. Dostun yaxşıdırsa, nə istəsə et,
Getsə buz qütbünə buzlağacan get.
923. Sevinc, arzu, nemət, var-dövlət, yatır -
Yalnız yaxşıların mükafatıdır.
924. Dərk et bu sözləri, cənab Aydoldu,
Sorduğun suala cavabım oldu.
925. Aydoldu yer öpdü, təzim edərək:
– Yaxşı siyasətli ey təbərrik bəy.
926. Cahana hökm etdin, yüz illər yaşa,
Yalnız fərağətlə ömrü vur başa.
927. Bəylər ayrılmasın böyüklüyündən.
Səadət əyilib öpsün üzündən.
928. Ellərə hökm elə öz qüdrətinlə,
Bəylik möhkəmlənsin əzəmətinlə.
929. Axar sular gibi arzun çağlasın,
Var-dövlət qapını açsın, bağlasın.
930. Başından tökülsün sevinc, səadət,
Gəbərsin düşmənin, gözündə həsrət.
931. Dinlə, nələr deyir xidmətçi kişi,
Xidmət sayəsində doğub Günəşi.
932. Tapınma, tapınsan, mərdlərə tapın.
Mərdlər yerdə qoymaz haqlının haqqın.
933. Yalnız səxalının xidmətini qıl,
Evini zər, gümüş, daş-qaş kanı bil.
934. Xəsisə, acgözə xidmət qılma heç,
Sonra vaysınanda gec olacaq, gec.
935. Xəsis özündən də ruzu əsirgər,
Özgəyə zərrə də qıyarmı məgər?
936. Bitirib sözünü getdi Aydoldu,
Üz qoydu evinə, kefi duruldu.
937. Keçdi ömrü-günü bir keşməkeşdə -
Gecələr uyğuda, gündüzlər işdə.
938. Çəkdi Elbaşını onun qüdrəti -
Sonsuz sədaqəti, böyük xidməti.
939. Günlər gəldi-keçdi… günlər vəfasız,
Aydoldu üzüağ çalışdı yalnız.
 

DANIŞMAQMI YAXŞIDIR, YOXSA SUSMAQ?

 
940. Elbaşı dostunu çağırdı bir gün,
Görcək yer göstərdi əyləşmək üçün.
941. Əyləşdi, gözünü dikərək yerə,
Susdu, dinməməyə söz verə-verə.
942. – Nə üçün susursan, nədir bu sükut?
Dilini dişinlə tutmusanmı, tut.
943. – Qəzəb heykəlisən, a bəylər bəyi,
Sizi görənlərin gedər ürəyi.
944. Elbaşı dindirib söz soruşmamış
Necə ağız açım mən başı batmış?
945. Söz soruş, cavab al… böylədi qayda.
Başqa müamilə yoxdur dünyada.
946. Kimsə bir kimsəni çağırtdırıbsa,
Yeridir, ilk dəfə özü dil açsa.
947. Söz soruşulmamış üyüdən kəsə,
Ya naqqal söylənər, ya da gəvəzə.
948. Kimlər sayılmada axmaq, ya dəli -
Bəy söz soruşmamış dil açan dilli.
949. Qocalar yanında sus, hələ gəncsən,
Sağ qalmaq istəsən, kəs dilini sən.
950. Dilini dişləri altında sıxan
Farağat yaşayan nə söylər, aman:
951. Qara baş yağısı uzun dildi, dil,
Gör neçə baş yemiş bu xırda qatil.
952. Dilini saxla ki, batmasın başın,
Yoxsa baş yeyəcək sözlü fərraşın.
953. Elbaşı söylədi: – Anladım, dədə,
Çətindir dillinin sükunəti də.
954. Sükut gözləməli iki kimsə var:
Birisi nadanlar, o biri lallar.
955. Lalın dili batmış, özü fağır kəs,
Nadan öz dilini dinc qoya bilməz.
956. Qıfıllı olmalı nadanın dili,
Alim azadlığı – dünyanın dili.
957. Alim sözü gərək yerə su kimi,
Suyu olan çöllər gülşən deyilmi?
958. Zəka nəhənginin səsi kəm olmaz,
Zülal bulağıdır, çağlar, azalmaz.
959. Alim gül bitirən səhraya oxşar,
Qazsan harasını, orda su çağlar.
960. Yanar çöl kimidir nadanın könlü -
Dərya gətirsən də bitməz bir gülü.
961. Aydoldu söylədi: – Düz anladın ki,
Heç kim saxlayamaz dil yıxan kəsi.
962. Müdrük kişilərə yaraşır avaz,
Gərəkli sözləri dəfn etmək olmaz.
963. Gərəkli kəslərdən söz almaq gərək,
Söz soruşmasalar sirri hifz edək.
964. Söz sormaq – erkəklik, cavab – zəifə;
Gərək cavab verib baxasan kefə.
965. Görsün zəifəni gərək erkək ər,
Bu şirin vüsaldan cüt oğul törər.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
966. – Anladım, sözlərin doğrudur tamam,
Yenə soruşmalı bir söz soruram.
967. Söylədin nələrdi dilin zərəri,
Bəs onun dəyəri, barı, bəhəri?
968. Dilin bəlasından qorxsaydın özün,
İtərdi, batardı məhsuldar sözün.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
969. Sözün faydasını anlamaq gərək,
Dili vəsf etməyə qadirmi ürək?
970. Yava sözlər çıxar nadan dilindən,
O asılsın gərək heyvan dilindən.
971. Yava söz, yava dil öz düşmənindir,
Öz başını yeyən dilin sənindir.
972. Yava söz evinə yas gətirir, yas,
Söz söylə, ovcunda bərq vursun almaz.
973. Doysa cahil qarnı, yatar öküztək,
Yava sözlər deyib… qoy köpsün gərək.
974. Yesə, doysa, yatsa bəsidir, bəsi,
Nəfsinin köləsi, boğaz köləsi.
975. Cism, can yaşayır qoşa, bərabər,
Alim cismindən çox canını gözlər.
976. Qulaqdan girən söz can payıdır, can,
Cismin cism payı keçir boğazdan.
977. Biliyin ikicə əlaməti var,
Kim onu qavrasa üzüağ yaşar.
978. Biri dil, o biri boğaz, yəni nəfs,
Arifdi bunları fəhm eləyən kəs.
979. Nəfsinə, dilinə sahib olmalı,
Xoşbəxtdir yaşayan bu cür mənalı.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
980. – Sağ ol, dərk elədim verdiyin dərsi -
Nəymiş sözün əsli, sözün bəhrəsi.
981. Bəs söz hardan gəlir, hayana gedir?
Gəl aç bunları da, ey sözü qadir.
982. Harda susmaq gərək, harda söz demək -
Gəl aç bunları da ey zəkalı bəy.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
983. Sirdi mənim üçün, başdan-başa sir -
Səsləniş – bir hissə, söz – on hissədir.
984. Doqquzu deyilir, biri səslənir,
Deyilmişin məğzi canda bəslənir.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
985. – Sən mənə de sözün nəticəsini -
Faydanın, zərərin dərəcəsini.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
986. – Sözü dürüst desən çox faydası var,
Sahibini yerdən ərşə qaldırar.
987. Söz səni qaldırar topraqdan ərşə -
Quyunun dibindən qızıl Günəşə.
988. Nitq edə bilməyən dil dönər nəyə -
Endirər insanı dağdan dərəyə.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
989. – Sözün çoxu nədir, sözün azı nə?
Açıb bu əsrarı mənə desənə!
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
990. Ürəyə çatıbsa deyilməyən söz,
Odur sözün canı, ey bəxti gündüz.
991. Bəs sözün azı nə? Soruşana sən
Sorğusu boydaca cavab verəsən.
992. Bu felə bənzətdi sözünü şair,
Nur saçdı, ağ etdi üzünü şair.
993. Soruşana söylə sözünü yığcam,
Düşün-daşın söylə, göstər ehtiram.
994. Çox dinlə, az danış. Artıq söz demə,
Meydan vermə sözə. Meydan ver elmə.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
995. Elbaşı söylədi: – Anladım səni,
Yenə bir sözüm var, agah et məni.
996. Çin sözü, mərd sözü kimdən eşidək?
Sözü kimə deyək, bunu aç görək.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
997. Sözü dinlə, qoru ən böyük səylə,
Alimdən eşidib nadana söylə.
998. Böyüklərdən eşit ürəkli sözü,
Ötür kiçiklərə gərəkli sözü.
999. Sözü çox-çox dinlə, fəqət az-az de,
Dəniz canda gərək, damla dilində.
1000. Alim ola bilməz çox danışanlar,
Amma çox dinləyən alim də olar.
1001. Elmdən uzaqdır füzul, gəvəzə,
Az sözlü alimlər şöhrətdir bizə.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
1002. – Anladım fikrinin doğruluğunu,
Yenə bir sorğum var, şərh elə bunu:
1003. Sözü açmaq gərək, yoxsa gizlətmək?
Dilə erk, azadlıq, ya dustaq etmək?
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
1004. Aydoldu söylədi: – Dostum, qulaq as,
Dil söz işlətməsə elm aşkar olmaz.
1005. Hər vəsfin, söyüşün öz məqamı var,
Nitqi söymək olar, öymək də olar.
1006. Tək, vahid Tanrının mövcudluğundan
Dililə bəhs açır bu qədər insan.
1007. Bayat xəlq eləmiş yüz min həyatı,
Yüz min də vəsf edir bir tək bayatı.
1008. Canında can olan hər bir fərd üçün,
Bir dil, bir də ki, könül əsasdır.
1009. Can dili yaratdı, dil isə sözü,
Sözü əyrilərin sönür gündüzü.
1010. Sözü sərrast desən, oddur kəsəri,
Sözü əyri desən, öl, ey öləri.
1011. Sözün doğrudursa, danış eşq ilə,
Sözün yalandırsa, gizlət, dəfn elə.
1012. Nitqin batsa sənə lal deyərlər, lal,
Çox danışsan – yanşaq, gəvəzə, naqqal.
1013. Bəşərin düşməni gəvəzələrdir,
Saxalı kişilər çox şeyə qadir.
1014. Elbaşı şadlandı qulaq asdıqca:
– Yardım et, ey Tanrı, ey başı uca!
1015. Əziz, mehribansan, ey ulu ağam,
Sənin duaçınam, nə qədər sağam.
1016. Mənə səndən yetdi min-min yaxşılıq,
Günahkar qulunam, ibadətim yox.
1017. Məni qovuşdurdun səadətimə,
Bu rahat dünyama, var-dövlətimə…
1018. Necə şükr edim ki, acizdir dilim,
Şükrünü özün et, olsun təsəllim.
1019. Elbaşı açaraq xəzinəsini,
Verdi hər möhtacın öz töhfəsini.
1020. Elbaşı dostunu əzizləyərək,
Neçə ənam verdi, alqış deyərək.
1021. Ona bəxş elədi vəzirlik. Əla -
Bayrağı, damğası, nağarasıyla.
1022. Onu bütün yurda hökmran etdi,
Düşməni diz çökdü, yabanı getdi.
1023. Bu yeni dövrandan gül dərə-dərə,
Aydoldu baş oldu bütün işlərə.
1024. Eibaşıya min-min dua qılaraq,
Gül açdı, bar verdi, zənginləşdi xalq.
1025. Sardı bəxtiyarlıq eli-ulusu,
Bir yerdə dolaşdı qurd ilə quzu.
1026. Quruldu mükəmməl, adil siyasət,
Çoxaldı var-dövlət, getdi məşəqqət.
1027. Keçdi günlər, aylar bu minval ilə,
Abadlıq yar oldu ölkəyə, elə.
1028. Yeni vilayətlər, kəndlər yarandı,
Xəzinə qızıldan alışdı, yandı.
1029. Elbaşı sevindi, tapdı həlavət,
Cahanda avazı hamıdan bülənd.
 
1.Yusif Balasaqunlu, "Qutadqu bilik" – "Xoşbəxtliyə aparan elm" (Türkiyə 3 türkcəsində və özbək türkcəsindən istifadə etməklə Xaqaniyyə türkcəsindən çevirənlər, ön söz və qeydlərin müəllifləri prof. Kamil Vəliyev və Ramiz Əsgər), Azərnəşr, Bakı, 1994.
2.1.Qafesoğlu. "Qutadqu bilik" və Kültür tariximizdəki yeri, İstanbul, 1980, s.4.
3.R.R. Arat "Qutadqu bilik" – Mətn, Ankara, 1979, s. XXV.
4.Bax: A.3. Bалидов. Bocтoчные pyкonucu в Ферганской oбласти. З. В. O. т. XX, 1914. C.E. Maлов. Памятники дpeвнe-тюркской nucьменнocmu, M. Л., 1951. В. В. Бартольд. Двенадцать лекций по ucmopuu mypeцкux napoдoв Cpeдней Aзии. Coчuнeнuя, m. V. A Н. Koнонов. Поэма Юсифа Баласагунского "Благадатное знание", M., 1983.
5.R.R. Arat. Göst. əsəri. "Kutadğu bilih" (saodatqaiullovçib bilim) nəşri 6 hazırlayan K.Karimov. Daşkənd, 1971. Юсиф Баласагунский "Благадатное знание". Издание подготовил С. Н. Иванов. М., 1983.
6.Bu barədə ətraflı bax: И.B. Cеблева. Paзвитue тюркских no cчеmкux 9 форм в XI веке. M.., 1971.
7.Onay – Müştəri.

The free sample has ended.

Age restriction:
16+
Release date on Litres:
18 October 2022
Volume:
310 p. 1 illustration
ISBN:
978-9952-8032-8-1
Copyright Holder::
JekaPrint
Download format:

Similar books