Read the book: «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə»
ƏZİZƏ CƏFƏRZADƏ
Tanıdıqlarım və sevdiklərim xatirələrimdə
“Xatirə Ədəbiyyatı” silsiləsinin 58-ci kitabı
TƏRTİBATÇIDAN
Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə tarixə öz möhürünü vurduğu tarixi romanlarla yanaşı müəllimləri, tanışları, birgə işlədiyi, ünsiyyətdə olduğu şəxslər, qələm dostları haqqında da ara-sıra xatirələr yazıb və bunların bəzilərini dövrü mətbuatda dərc etdirib. 1995-ci ildən başlayaraq qələmə aldığı xatirələrini “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə” başlığı altında qeyd edərdi. Əzizə ananın çoxcildli əsərlərini çapa hazırlayanda bu əsərləri də toplayıb həmin başlıq altında çap etdirmək fikrindəydim. Amma “Hədəf Nəşrləri” rəhbərliyi ilə görüşümüzdə onların xatirə seriyasında kitablar çap etdiklərini və Əzizə Cəfərzadənin xatirələrini də nəşr etmək istədiklərini nəzərə alıb bu kitabı oxuculara təqdim edirəm.
Bu xatirələr Əzizə Cəfərzadənin böyüdüyü və yaşadığı mühit haqqında təsəvvür yaradır, kimlərdən dərs aldığını, kimlərlə çiyin-çiyinə çalışdığı, müxtəlif sahələrdə işləyən insanlarla ünsiyyəti olduğu şəxsləri bizə tanıdır. Burada ilk nəzərə çarpan və maraq kəsb edən onun dövrünün iki böyük din xadimindən – Hacı Şeyx Fərəcullah Pişnamazzadə və Şeyx Mirmöhsüm Həkimzadə ilə ünsiyyəti, onlardan gizli dərs almasıdır. Əlbəttə, o dövrü nəzərə alanda pioner, komsomolçu, kommunistin şeyxlərdən ərəb əlifbası və ərəb dili dərsi alması qeyri-adi hadisədir. Hələ onu demirəm ki, bu dərslərlə yanaşı o, bu böyük din xadimlərindən İslam dini tarixini də öyrənirdi. Nəzərə alsaq ki, bu dərslərdən öyrəndikləri Əzizə Cəfərzadənin bədii və eləcə də elmi fəaliyyətində, xüsusilə, 17 il çalışdığı Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutu) işlədiyi dövrdə çox işinə yarayıb. Əzizə Cəfərzadə xatirələrində məktəb müəllimləri Abbasqulu ağa Bakıxanov nəslindən olan Allahverdi Bakıxanov və Xanım Bakıxanovaları xüsusi məhəbbətlə yad edir. Heç şübhəsiz ki, tarix fənninə maraq, bəlkə də, tarixi romanlar müəllifi kimi formalaşıb məşhurlaşmasında tarix müəllimi Xanım müəllimənin böyük rolu olub. Yazıçı xoş xatirələrlə universitet müəllimləri Əli Sultanlı, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Həbib Səmədzadə, Cəfər Xəndan, İsmayıl Əfəndiyev, Əbdüləzəl Dəmirçizadə, Şamil Məmmədbəyli, Arif Dadaşzadə, Əlisöhbət Sumbatzadə, Heydər Hüseynov, Aleksandr Makovelski, Məmmədağa Şirəliyev, Y.Reçitskaya, Mir Cəlal Paşayev, Məmmədcəfər Cəfərov, Məmmədhüseyn Təhmasibi yad edir. Onlar haqqında qələmə aldığı bütün xoş sözlər bir tələbə minnətdarlığıdır. Çox maraqlıdır ki, bu müəllimlər daha sonralar Azərbaycanın seçilib-tanınan professorları, Elmlər Akademiyasının müxbir üzvləri, akademikləri və yazıçıları kimi məşhurlaşıblar.
XX əsr Azərbaycan ədəbiyyatının sütunları sayılan daha yaşlı nəslə mənsub yazıçı və şairlər Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Hökumə Billuri və b. haqqında xatirələri bu yazıçıların sənəti ilə yanaşı böyük insani keyfiyyətlərini də nümayiş etdirir. Bundan əlavə, şübhəsiz ki, yaşıdları, daha gənc nəsildən olan yazıçı və alim dostları haqqında da xüsusi məhəbbətlə yazılmış xatirələri var. Bunlar II Dünya müharibəsindən əvvəl, müharibə vaxtında və ondan sonrakı ağır dövrdə sınaqdan çıxmış, Əzizə ananın özü kimi bütün bu fəsadlarda bərkimiş insanlardır.
Məmməd Səid Ordubadi nümunəsi onun bir tarixi roman janrına bağlı yazıçıya çevrilməsində mühüm rol oynayıb.
Əbülhəsən gənclik yaşlarında yazılarına bir inam yaratmış ağsaqqal yazıçıdır və Əzizə ana onun dəstəyini müxtəlif yazılarında dəfələrlə qeyd edib.
Söhbətlərində Səməd Vurğun və Mirzə İbrahimovun həyatında böyük rolu olduğunu dəfələrlə qeyd edib. Səməd Vurğun onu həm Yazıçılar Birliyinə, həm də Kommunist Partiyasına üzvlüyə təqdim edib. Bundan əlavə, Əzizə ana ciddi xəstə olanda ona maddi yardım və həkim göndərib. İlk kitabı 1948-cı ildə dərc edilməli olan “Hekayələr” kitabının çapına Səməd Vurğun yaşıl işıq yandırıb.
Əzizə ana xatirələrində qeyd edir ki, Mirzə İbrahimov dəfələrlə onun işi müşkülə düşəndə – universitetdən qovulanda ona dəstək olub. Əzizə Cəfərzadə: “Onun həyatı – həyat məktəbidir. İnsan olmaq, gərək olanda kimsəsizə, çarəsizə kömək əli uzatmaq məktəbidir” – deyə gündəliyində yazıb.
Professor Əli Sultanlı 6 aylıq universitet təhsili zamanı 3 dəfə qovulmasına baxmayaraq diplom işini yüksək qiymətləndirib, hətta onu çap edilməsini və Əzizə ananın aspiranturada saxlanılmasını məsləhət görüb. 1950-ci ildə Əli Sultanlı, həmçinin elmlər namizədliyi müdafiəsində onun opponentlərindən biri olub.
Xatirələri içərisində xüsusi yeri uzun illər rəfiqəlik edib tez-tez görüşdüyü yazıçı Əzizə Əhmədova, Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadə, SSRİ Xalq artisti Zeynəb Xanlarova kimi Azərbaycanın məşhur qadınları turur.
Tez-tez evimizin qonağı olan yumorist, yazıçı Cahangir Aslanoğlu, Azərbaycan Xalq rəssamı Nəcəfqulu, şairlər Məmməd Aslan, İsgəndər Etibar kimi adamlar haqqında da maraqla oxunan xatirələri var.
Nə qədər qəribə görünsə də, Əzizə Cəfərzadə İmadəddin Nəsimi və Məhəmməd Füzuli ilə bağlı da xatirələrini də yazıb. Xarici səfərlərdə Hələbdə və Kərbəlada olarkan hər birinin məzarını tapıb ziyarət etmək üçün həddindən artıq əmək sərf edib.
Xatirələr ancaq xoş yox, həm də çox böyük təəssüf ediləcək, ibrət götürüləcək hadisələri də özündə əks etdirir.
Anamın əziz oxucusu, güman edirəm ki, bu əsəri tərtib edərkən aldığım ləzzəti mənimlə bölüşəcək, bir həyat təcrübəsindən bəhrələndiyim kimi, siz də bu kitabı maraqla oxuyacaqsınız!
Turan İBRAHİMOV
ÖZÜ VƏ AİLƏSİ HAQQINDA XATİRƏLƏRİ
Ömrün ötən illərinə boylananda1
XX əsr – bu mürəkkəb, son dərəcə ziddiyyətli, bir ucu qaranlıq, bir ucu işıqlı, sevinci az, qəmi çox əsrimiz üzü qüruba gedir. XXI əsrin dan yerinə yaxınlaşırıq. Həmişə dan yerinin gözəlliyinə qibtə etmişik, amma qürub çağının da öz gözəlliyi var. Elimizin ağbirçəyi, görkəmli yazıçı, ədəbiyyatşünas, professor Əzizə xanım əsrimizin 1997-ci ilini 75 yaşı ilə qarşıladı. Bu 75 illik ömür, əslində, XX əsrin bir insan ömründə təcəssümüdür. İşıq da, qaranlıq da, sevinc də, kədər də bu ömürdən keçir – iyirminci, otuzuncu illərin repressiya dalğası, müharibə illərinin ağrı-acıları, özünütəsdiq və özünəinam illəri bir-birini əvəz edir. Bir də Qanlı Yanvar günləri. Amansız rus əsgərlərinin gülləsinə qurban getmiş şəhidlərimizin məzarı başında qara geymiş bir ağbirçəyimiz yanıqlı səslə ağı deyir. Əzizə xanım idi o – bu məmləkətin çiçəyi burnunda gedən nakam oğul və qızlarının ruhuna layla çalırdı.
Sənətkar var ki, yaşamaq onun üçün təkcə yaradıcılıq sevinci deyil, həm də yanğıdır, ehtirasdır. Bu yanğı, bu ehtiras ömrünün son günlərinə qədər onu tərk etmir. Bizim Əzizə xanım da bu yaşınacan qələmindən ayrılmayıb, qələm onun söz qardaşı olub. Bu sənətkar ömrünün acılı-şirinli, sevincli-qəhərli anlarına baş vurmaq üçün sevimli yazıçımızın qonağı oldum.
Vaqif Yusifli
(“Panorama” qəzeti, 8 yanvar 1997)
– Əzizə xanım, ömrünüzün uşaqlıq, gənclik çağlarını necə xatırlayırsınız? Sizi dünyaya gətirən ata-ananız – onların bir insan kimi həyatınızda rolu…
– 1921-ci ilin 29 dekabr günündə Bakıda dünyaya göz açmışam. Əslim-köküm Şamaxıdandır. Mənim bir insan kimi yetişməyimdə üç övlad yetirən (onların üçü də elmlər doktorudur) anamın böyük rolu olub. Onun sinəsi folklor xəzinəsi idi.
Anam zəngin bir ailədən çıxmışdı. Atası Şamaxının adlı-sanlı seyidlərindən olub. Özü də pay yığan yox, pay verən seyid nəslindən. Anası isə Şirvan hökmdarı Mustafa xanın nəvəsiydi.
Anam Tağıyevin qızlar məktəbində təhsil almışdı. Ona dövrünün tanınmış ziyalı qadınlarından Hənifə xanım Məlikova (Zərdabinin ömür yoldaşı), Şəfiqə xanım Əfəndizadə dərs demişdilər. Anam rusca gözəl danışır, Quranı yaxşı bilirdi. Haqqımda söz açan bəzi müəlliflər yazırlar ki, Əzizə Cəfərzadə folkloru, adət-ənənələri gözəl bilir. Amma mən bu tərifi özümə yox, anama aid edərdim. O, həm də ilk oxucum idi.
Atam isə səyyah ruhlu insan olub. Gözəl at sürməyi vardı. Peşəsi də elə at saxlamaq, onları bəsləyib satmaq idi. Şeir yazmağı da vardı. Hansı şəhərdə olurdusa, oradan qiymətli əlyazmalar gətirərdi.
Doğrudur, 1928-ci ildən daha anamla yaşamadı, amma bu, əbədi ayrılığa çevrilmədi. Hər yay atam bizi özü ilə yaylağa, dincəlməyə aparardı.
– İlk kitabınız 1948-ci ildə nəşr olunmalıydı, amma nə səbəbdənsə mətbəədən yığışdırıblar.
– Əvvəla, onu deyim ki, 14-15 yaşımdan ədəbi mühitdə görünməyə başlamışam. 1937-ci ildə 16 yaşım olarkən ilk hekayəm “Ədəbiyyat qəzeti”ndə çap edildi. Və tez bir zamanda bütün görkəmli yazıçılar məni tanıdılar. Doğru deyirsiniz, 1948-ci ildə ilk kitabım çap edilməliydi, lakin elə mətbəədəcə nəşrini saxladılar. O illərdə məşhur rus şairi Anna Axmatovanı, yeri gəldi-gəlmədi, möhkəm tənqid edirdilər, guya bu şair gəncliyə burjua ruhu aşılayır. Azərbaycanda da onun “tərəfdarı” kimi yapışdılar məndən. Məni “Axmatovşina”da təqsirləndirib kitabımın çapını dayandırdılar.
– Əzizə xanım, Səməd Vurğunun, Mehdi Hüseynin, Rəsul Rzanın, Əbülhəsənin, Süleyman Rəhimovun – neçə görkəmli sənətkarın cavanlığını görmüsünüz, onlarla yaradıcılıq ünsiyyətində olmusunuz. Başlayaq böyük şairimiz Səməd Vurğundan…
– Həyatımda Səməd Vurğun kimi nurani, xeyirxah, gözəl insan görməmişəm, desəm, yanılmaram. Onun təklifilə Yazıçılar İttifaqına üzv qəbul olunmuşam. İlk kitabımın çapdan çıxması xəbərini də müjdə kimi Səməd Vurğun mənə çatdırıb.
Bir dəfə ölümcül xəstələnmişdim. Hiss edirdim ki, sonumdur. Rəhmətlik Ənvər Əlibəyli qonşumuz idi, bunu Səmədə çatdırdı. Səməd eşidib bərk həyəcanlanmışdı. O zaman Ədəbiyyat Fondunun sədri Kabakov deyilən bir rus idi. Səməd hirslənib demişdi: “Kabakov Moskvada pürrəngi çay içir, Əzizə isə burada ölür”. O, təcili 500 manat pul və öz maşını ilə doktor Veysovu yanıma göndərdi. Məni xəstəxanaya apardılar, ölümdən qurtardım.
– Səməd Vurğunla heç yol yoldaşı olmusunuzmu?
– Bəli! Doktorluq dissertasiyamın mövzusunu Moskvada təsdiq etdirib Bakıya qayıdırdım. Təyyarədə Səmədi də gördüm, yanaşı oturduq. Çox yorğun idi. Və birdən, “Qız, bir bayatı de” (çoxlu bayatı, qoşma, təcnis əzbərlədiyimi bilirdi) – deyə mənə müraciət etdi. O dediyim bayatı indi də yadımdadır:
Süsənbər suda səni,
Saxlasın Xuda səni.
Əlacım ona qalıb,
Görüm yuxuda səni.
Səməd Vurğun dedi ki, cinas kəlmələri işlətmək şeirdə böyük məharət tələb edir. Üç söz tapmışam, bunları mütləq şeirdə işlədəcəyəm: ürək dayandı, ürəkdə yandı, ürək də yandı.
Bir sözlə, Bakıya qədər şeirləşdik.
– Bəs Mehdi Hüseyni necə xatırlayırsınız?
– Mehdi Hüseyn şəxsiyyət idi – həm yazıçı, həm də insan kimi. Yaradıcılığı ilə insanlığı arasında uçurum yox idi. Son dərəcə zabitəli və ciddi, həm də mehriban və qayğıkeş idi. Olurdu ki, aramızda nəsə xırda bir inciklik və anlaşılmazlıq baş versin, amma tez sovuşub keçirdi.
Bir dəfə (deyəsən, 46-47-ci illər idi. O, kinostudiyanın direktoru, mənsə ssenari şöbəsinin müdiriydim) məni çağırıb dedi ki, qız, yanında pulun varsa, mənə bir otuz manat ver. Onda vəziyyət çox ağır idi. Çıxarıb verdim. Dedi ki, evə gedirəm, qoy Fatma (yoldaşı) bilməsin, cibimdə pul yoxdur.
Mən – onun qələm yoldaşı eybi yox, amma həyat yoldaşı bunu bilməməlidir. Kişi qeyrəti buna yol vermirdi.
– Ötən illərə boylananda daha kimlər yadınıza düşür?
– Vallah, elə günüm olmur, Süleyman Rüstəmi, Rəsul Rzanı, Əbülhəsəni, Sabit Rəhmanı, Mir Cəlalı, Mirzə İbrahimovu xatırlamayım. Bu şəxsiyyətlər XX əsr Azərbaycan ədəbiyyatının sönməyən ulduzlarıdır.
Rəsul Rza romanlarım haqqında məqalələr yazıb, böyük məhəbbətlə təbliğ edib. Əbülhəsən həm gözəl yazıçı, həm də duzlu-məzəli bir kişiydi. “Əzzim, əzzim” kəlməsi dilindən düşməzdi. Çox təəssüf eləyirəm ki, onun da 90 illik yubileyini keçirmək kimsənin yadına düşmədi.
BİR AÇIQLAMA: Əzizə Cəfərzadə çağdaş Azərbaycan nəsrində öz yeri, mövqeyi olan yazıçıdır. O, “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Vətənə qayıt”, “Sabir”, “Bakı-1501”, “Zərrintac”, “Cəlaliyyə” tarixi romanlarının müəllifidir. Bu romanlar Azərbaycan xalqının tarixini, adət-ənənələrini, məişətini öyrənmək, dərk etmək baxımından böyük əhəmiyyətə malikdir. Əzizə xanımın “Gülüstandan öncə” romanı da yenicə nəşr edilib. Bu roman da tarixi səpgidədir. Yazıçı mötəbər tarixi mənbələr əsasında sübut edir ki, Azərbaycanın iki yerə parçalanması 1813 və 1828-ci illər müqavilələrindən əvvəl – 1805-ci ildə Kürəkçay sahilində İbrahimxəlil xanla Zaqafqaziyadakı rus ordusunun baş komandanı Sisianov arasındakı müqavilədən başlanıb. Ruslar ayrı-ayrı Azərbaycan xanlarını, beləcə, bir-birindən təcrid edərək onları rütbələrlə şirnikləndirmiş, nəticədə, böyük Vətən içəridən parçalanmaya məruz qalmışdı.
Əzizə xanım həm də klassik ədəbiyyat bilicisi və araşdırıcısıdır. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani – Sünbülüstan”, “Hər budaqdan bir yarpaq” və s. kitablar gərgin zəhmətinin bəhrəsidir. Mən onun ictimai fəaliyyətindən də söz aça bilərəm. Əzizə xanım uzun müddət Azərbaycan Qadınlar Cəmiyyətinin sədri olub, neçə xarici ölkədə Azərbaycanı təmsil edib.
– Əzizə xanım, son illərdə Sabiri, Mirzə Cəlili inkar eləyənlər tapılıb. Sübut eləmək istəyirlər ki, Sabir və Mirzə Cəlil bu xalqın milli ruhunu ayağa qaldırmaqdansa, ona qəhrəmanlıq “dozası” aşılamaqdansa, mənliyini təhqir edib, alçaldıblar. Gərək bu sənətkarlar tənqid və ifşa yolunu tutmayaydılar, qəhrəmanlıq himnləri, fəxriyyələr qələmə alaydılar.
– Bu, ən azı nadanlıqdır. Sabir də, Mirzə Cəlil də əsrin o başından bu başına va hətta gələcəyimizə də işıq saçan dahilərdir. Onlar milləti sevmək və ayağa qaldırmaq üçün tənqid, islah yolunu seçmişdilər. Yeri gəlmişkən, deyim ki, inkarçılıq bütün dövrlərdə olub, istər ictimai-siyasi sahədə, istərsə də mənəviyyat aləmində. İranda olanda mənə dedilər ki, sizdən bir alim gəlmişdi, Cəfər Cabbarlını inkar edirdi. Dəhşətli deyilmi? Məsəl var, deyir, şeytan səndən əl çəkir, sən əl çəkmirsən.
Əgər tənqidə qalsa, onda gərək ruslar Qoqolu ədəbiyyatdan çıxdaş edəydilər. O millət ki özünün eyiblərini görür, bunu aşkara çıxarır, deməli, qüvvətli millətdir. Lakin son illərdəki açıq-saçıq, bir-birinin şəxsiyyətini, mənliyini ayağa salan “tənqid”lə əsl, sağlam tənqid arasında zəmin-asiman fərq var. Əsl tənqid intibah ruhunda olur – ayıldır, ayağa qaldırır. Onda sən mənliyini dərk edirsən, mübarizəyə səfərbər olursan.
– Əzizə xanım, ötən ilin son bazar günü – dekabrın 29-da 75 yaşınız tamam oldu. Bir qədər geciksək də, sizi “Panorama” qəzetinin bütün oxucuları adından təbrik edirəm. Allah Sizin bu müdriklik yaşınızın üstünə bir bu qədər də yaş artırsın. Qoy sonuncu sualı da verim: Siz xalqımızın güvənc yeri olan yazıçılarımızdansınız. Necə bilirsiniz, bu çətin, ağır günlər çoxmu davam edəcək?
– Təbrikə görə çox sağ olun! Mən də bu məmləkətin bir övladı, bir ana kimi əldə etdiyimiz müstəqilliyə ürəkdən sevinirəm. Bu müstəqilliyi illər boyu gözləmişəm. Biz onu qorumalıyıq. Şəxsən mən gələcəyə ümidlə baxıram. Əgər bircə gün, lap bircə saat bu inam qırılsa, yaşamaram.
Bakı, 8 yanvar 1997
Qırx ilə bərabər dörd il2
Yenə də açıldı xatiratımın
Baharı andıran gül dodaqları…
Çoxdan, hələ II Dünya müharibəsindən əvvəl gözəl müəllim və insan, əsl sənətkar aktyor Kazım Ziyanın Xalq şairi Süleyman Rüstəmdən mənə – biz tələbələrinə əzbərlətdirdiyi “Xatiratım” şeirindən bu misralar yaxınlarda yenə yadıma düşmüşdü. Təsadüf elə gətirdi ki, həmin vaxt mənə zəng elədilər. Dedilər ki, Ağsu rayonu haqqında kitab buraxacağıq və siz də orada Çaparlı sovetliyində işləmisiniz, xatırladığınız bir şey varsa, mütləq yazın.
Yəni unutmuşam ki, xatırlayam da? Çaparlıda acılı-şirinli elə günlərim olub ki! Vəsfə gəlməz. Şair olsaydım, poema həsr edərdim o günlərə…
Yaxşı yadımdadır. Müharibə başlanandan bir az sonra qızları da səfərbərliyə almağa başladılar. Amma kəndlərdə və elə şəhərlərin özündə kişi müəllimlər müharibəyə yollandıqlarından məktəblərdə müəllim çatışmırdı. Odur ki, qızların içərisindən nisbətən müəllimliyə yararlı, savadlı olanları əsgərliyə aparmır, kənd məktəblərinə təyin edirdilər. Mənim baxtıma da Kürdəmir rayonu düşdü. Ora yollandım. Əlbəttə, anam məni tək buraxmayacaqdı.
Kürdəmirdə Maarif şöbəsində məni ömrümdə adını eşitmədiyim Çaparlı sovetliyi yeddiillik məktəbinə rus dili müəllimi təyin etdilər. Rus dilini o zaman yaxşı bilirdim. Məktəbdə isə müəllim yox imiş. O zaman Kürdəmirdə anamın Ağalarbəyli və Curuxluda Əlyarbəyovlar ailəsindən qohumları yaşayırdı. Onlar məni Çaparlıya apardılar. Çaparlı kəndi Kürdəmirə baxırdı. Hələ Ağsu rayonu təşkil olunmamışdı. Beləliklə, 1942-1943-cü dərs ilində sentyabrın birindən başlayaraq Kürdəmir rayonu Çaparlı yediillik məktəbində rus dili müəllimi kimi fəaliyyətə başladım. 1943-cü ildən – Ağsu rayonu təşkil olunandan sonra Kürdəmirlə əlaqəmiz kəsildi. Daha maaş, hansısa maarif işi, məktəbin tələbatı, iclas və s. üçün Kürdəmirə getməli olmurdum. Çünki gələn kimi məni dərs hissə müdiri, az sonra isə məktəbin direktoru təyin etdilər. Hər ay Kürdəmirə getmək zəhmətindən azad oldum. Amma hər halda Çaparlı kəndindən Ağsuya getmək özü də mənimçün çətinlik yaradırdı. Axı onda nə maşın, nə avtobus, nə trolleybus, nə də tramvay vardı. Bazar günləri bütün qadınlar bazara pay-piyada gedirdilər. Hərəsi o ağır, o aclıq illərində balalarının boğazından kəsib yığdığı beş yumurtanı, yarım girvənkə yağı… eh… Yada salanda və indi torpaqlarımızın əlimizdən çıxdığı bu illərdə o dolu bazarları görəndə gözlərim dolur. Ay yazıq arvadlar! Ərlər müharibədə, qardaşlar, atalar, oğullar gedib. Evin, uşaqların, bütün təsərrüfatın qayğıları anaların çiynində, hələ pambıq yığımı!.. Kimin həddi vardı ki, xəstələnə, ölüsünə üç, yeddi saxlaya? Toy üzü görmədim Çaparlıda. Pambıq yığımına biz müəllimlər də uşaqlarla birlikdə gedirdik. Cəhənnəm əzabı çəkirdi analar, qız-gəlinlər. Obaşdan durub lap kiçiklərçün yeməyə bir şey hazırlayır, balaca bağlamasına bir az şor-çörək qoyub tarlaya qaçır, yalnız hava qaralanda, itlə qurd seçilmədən deyərlər, o vaxt işdən qayıdardılar. Çörəklərini tarlanın çökəklərinin qırağına, arxın üstünə süfrə açıb yeyirdilər. Xırda körpəsi olanlar qundağı arxın qırağında, ya da çökəklərin birində uzandırar, “yatırdar”. O zamanlar Çaparlıda bircə ağac da yox idi, kölgəsinə uşaq qoyasan. Ağlayanda südsüz döşünün kitrəsini uşağa əmizdirir, ac körpə anasının damarlarından qanı sorurdu, elə bil. Qaranlıqda qayıdanda kəndin gözəlləri, elə təmizlik, səliqə sevən qadınların hamısı başlarını ya ayranla (Eh… ayran olanda uşaqlara dovğa bişirirdilər), daha çox gilabı çoğan3 – nə tapsalar, bir aftafa su qızdırıb başlarını yuyur, ev-eşiyi yığışdırmağı unutmurdular. “Yorğunam” deyən, yorğunluğa baxan kimdi? Pambıq vətənin xilasıyçün bir nömrəli plan hesab olunurdu. Təkcə bunlar olsaydı, nə vardı ki? Bəs vergilər? İndi inanmazlar, amma toyuğun oldu-olmadı, yumurta, qoyunun oldu-olmadı, yun, qaramal heyvanın var-yox, ət, inəyin oldu-olmadı, yağ vergisi verməliydin. Bəzən bu vergiləri yığmağa biz müəllimləri də cəlb edirdilər. Yunu olmayan döşəyini boşaldırdı. “Təki orada balalarımızçün yaxşı olsun”, – deyirdi hamı. Tank kalonlarına hər rayon, hər sədr, hər kənd tank almalıydı, bunun da pulunu çox vaxt biz müəllimlər yığırdıq. Əlbəttə, raykomun göstərişi, təklifi və tələbiylə. “Yox” demək az qala “hitlerçi” olmağa bərabərdi.
Kəndlərdə, o cümlədən Çaparlıda odun, neft, qaz, işıq yox idi. Odunu uşaqlar (əlbəttə, məktəblilər) pambıq tarlalarında qalmış pambıq çöplərindən yığıb gətirirdilər. Bəzən pambıq planı dolmayanda, qış, qar-çovğun tez düşəndə (elə bil təbiət də insanların səbrini imtahana çəkirdi, qış elə tez düşür, qar, yağış çox olurdu) tufandan, çovğundan yığıma getmək mümkün olmasa da, gedirdi qadınlarımız. Açılmamış pambıq qozalarını yığıb gətirir, evlərdə təzəklə yanan yer-kərpic sobaların üstündə qurudur, şabalıd kimi partladıb içərisindəki pambığı “yığır”, təhvil verirdilər. Vallah, II Dünya müharibəsi illərində qadınların çəkdiyi zəhmət tonlarla romanlara sığmaz qadın əməyi hələ də lazımınca qiymətləndirilməyib. Ordunu geyindirən, yedirən, silahlandıran qadınlardı, o cümlədən Çaparlının o mehriban, zəhmətkeş, dözümlü, namuslu qadınları.
Tanıdıqlarımdan kimin adını unutmuşamsa, bağışlasın məni, qocalmağıma, hafizəmin zəifləməsinə çıxın, amma bunlar yaxşı yadımdadı: Səkinə, Xəndan, Güllü, Türfə, Ürfət, Şəkər, Şirinbikə, Nərgiz, Sahıb, Gülnaz, Böyükxanım, Anamxanım, Şeyda kişinin arvadı Narınc, Babacanın arvadı… Xeyrulla kişinin arvadı… Vallah, bağışlayın məni, Çaparlının, Qiyaslının, Daşdəmirbəylinin, Ağalarbəylinin, Curuxlunun anaları, qız-gəlini! Əgər hamınızı saysam, yadıma salıb yazsam, bir kitab olar.
Uşaqlar (ayaqyalın, başıaçıq olanlar vardı) oduna, başqa iş-gücə gedəndə məktəbə gəlməyəndə atı minib kəndləri gəzir, atdöşü gətirirdim uşaqları məktəbə. Bu kəndlərdə aclara əl tutan adam çox idi. Kimin nəyi vardısa, bölüşürdü. Tarlada “süfrə” açanda üç-dörd adamın bağlamasından çörək çıxır, qalanları “göy sıxması”, “göylü cad”, “jmıx”, “arpa qovurğası”, “şit şor” olurdu. Yazda bəlküm yeməkdən uşaqlar “ota düşür”, çətənə qovurub yeməkdən başgicəllənməsi tapırdılar. “Başaq” yığmaq da qadağaydı. İndi qədəri dəqiq yadımdan çıxıb, amma deyəsən, kimin əlində dörd yüz qram sünbül tutsalar, damlayırdılar. Belə bir müsibət kəndin ən qoca qadınlarından olan kimsəsiz Şəkər qarının başına gəlmişdi. Əlində sünbül tutub onu rayon mərkəzi Ağsuya aparmışdılar. Camaat xeyli narazı qalmışdı. O zamankı raykom katibi Hüseyn Mamedov, kənd sovet sədrləri Xeyrulla kişi, qonşu kəndlərin nüfuzlu sədrləri (həmişə planları doğruca doldurur, xalqın güzəranı qayğısına qalırdılar) Daşdəmirbəylidən Xasay bəy, Qiyaslıdan Əvəz kişi, qoca sakinlərdən Muradxan əmi, Abdulla kişi, Meşdağbalı əmi, Cəfər kişi və başqaları müdaxilə etdilər. Qarının vəziyyətini anlada, onu məhkəmənin cəngindən xilas eləyə bildilər.
Hər gün tarlada arvadlar yemək yeyən vaxt onlarçün qəzet oxuyurdum (başqa müəllimlər də: Ayişə müəllim, Nüybar müəllim və b.), əsasən, müharibə xəbərləriylə maraqlanır, qələbəni dörd gözlə gözləyirdilər. Hər dəfə qoşunumuz beş-altı kəndi alanda sevinir, böyük şəhərləri verəndə ağlaşır, kədərlənir, oradakı qadınların halına yanır, “yazıqlar” deyirdilər. Belə vaxtlarda bir az ruh yüksəkliyi qazanmaq, səbir, ürək-dirək verməkçün Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Rahimin, Əhməd Cəmilin, o zamankı bütün şairlərin bu mövzularda yazdıqları vətənpərvər şeirlərini, Ordubadi, Əbülhəsən, Süleyman Rəhimov, Cahanbaxş, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Əli Vəliyev və başqalarının yenə də müharibə mövzusunda hekayələrini oxuyurdum. Faşist zülmünü təsvir edən nəsr əsərlərini oxuduqca qadınlar ağlayır, gözlərinin yaşını silib daha böyük qətiyyətlə, hikkəylə pambığı yığmağa girişir, elə bil düşmən boğazını üzürdülər. Qələbədən soraq verən səbir, mətanət təlqin edən əsərləri dinlədikcə qismən də olsa, sakitləşir, dərindən ah çəkib, yəqin ki, qəlbində öz əzizini də yada salır, ona da igidlik, qələbə, balalarının üstünə dönmək arzulayır, həsrət günlərinin başa çatmasıyçün daha əzmlə çalışırdılar. Həmişə o qadınlarımızın mətanətinə, səbrinə, dözümünə heyran qalmış, belə anaların övladlarına qələbə arzulamışam.
Vəziyyətim yaxşı deyildi. Hamı kimi mənimçün də ağır keçirdi. Həmişə hər şey tapa bilmirdim. Anam zəif, xəstəhal qadındı, işləmirdi. Kiçik qardaşım Əhməd məktəbimizdəcə oxuyurdu, şagirdimdi. Böyük qardaşım Məmməd (indi hər ikisi filologiya elmləri doktoru, professordur) yanıma gələndən sonra bircə o işləməyə başladı. Fermada hesabat işlərinə baxırdı. Yalnız bir-iki ay işləyə bildi. Yaşı düşməsə də, boyu yaradı, və onu əsgərliyə apardılar. Amma o işlədiyi zaman mənim bir məsələdə iştirakıma, nəsə bir xeyirxahlıq etməyimə səbəb oldu. Bir gün dedi ki, bacı, şagirdlərindən Gülhüseynin anası Türfə xalanı dolaşdıracaqlar. Fermada sağılan süddən nə qədərsə çatmır, ona görə yoxlama gəlmişdi. Mən də, kənd camaatı da yaxşı bilirdik ki, Türfə ölər, evinə haram aparmaz. Sadəcə öz tərəfindən yanına gəlib istəyən fağır-füqəra kənd adamlarına süd verib. Elə kolxoz sədri Sarı da bilirdi bunu. Amma fakt bu idi ki, südün camaata paylanması haqqında siyahı tərtib olunmamışdı. Hamısı Türfənin boynunda qalacaqdı. Əri cəbhədəydi, ailəsini tək dolandırırdı. Külfəti o dolandırsa da, Allah eləməmiş, balasını acından öldürərdi, bir qab kolxoz malına, lap elə süd olsun, dəyməzdi. Bu, həm də müharibə dövründə ən ağır günahlardan biri hesab olunurdu. Elə bil cəbhədəki əzizinin boğazından kəsib oğurlayırdın. Qərəz, Türfəni məktəbə, müdir otağına çağırtdırdım. Aramızda təxminən belə bir söhbət oldu:
– Kimlərə payladığın yadındadı?
– Əlbət ki, ay uçtel (rus dili müəllimi gəldiyimdən əvvəl də məni elə belə çağırırdılar), sədrin özü də yaxşı bilir, tapşırıb özü, hamısı da, qədəri də yadımdadı. Amma Sarı Tarı saxlamış sabah-sabaha saldı, sonra da yadından çıxdı, deyəsən. Düzəltmədi siyahını nə o, nə hesabdar.
Kağız-qələm götürüb Türfənin dediyi siyahını tutdum. Kimlərə nə qədər süd payladığını yazdım, müxtəlif xətlərlə qolladıq, əlimizə düşəni gizlicə çağırıb qol çəkdirdik. Qərəz, iş düzəldi, siyahı öz vaxtında komissiyanın qənşərinə çıxarıldı. Məsələ də qurtardı, getdi. Mən Türfəgildə, qonşuluqda olurdum. Anamxanım adlı bir əsgər ailəsinin boş otağını vermişdilər bizə. Gözəllər gözəli Ürfət adlı dayısı qızı vardı qonşuluqda. O da cavankən dul qalmışdı, əri əsgərlikdəydi. Kağızı da gəlmirdi, öldüsü-qaldısı bilinmirdi. Hər gün al obaşdan durub tarlaya gedirdi hamıdan əvvəl. Hamıdan sonra qaş qaralanda qayıdırdı. Elə mehriban, elə canlı-qanlı, sədaqətliydi ki. Əsgərlərdən gələn məktubları çox vaxt mən oxuyurdum özü oxuya bilməyənlərçün. Bu zaman Ürfətin gözlərində elə bir həsrət, intizar oxuyurdum ki! Bu nakam gözəl gəlinin övladı da olmamışdı ki, istəkli ərinin ətrini ondan alsın, başını qatsın. Odu ki, işi-gücü tarlada bacardıqca çox işləmək, pambıq yığmaqdı. Planını artıqlamasıyla yerinə yetirməyə can atır, elə bununla da, cəbhəyə yardım edirdi. Bütün arvadlar beləydi. İnanın ki, gülərüzlü, mehriban Narınc briqadir Şeyda bəyin arvadı olmasına baxmayaraq o kəndlərdə tanıdığım Çəltikçi, Rəhimağalı, Ağalarbəyli, Cuxurluda, Daşdəmirbəylidə, Ərəbqiyaslıda Gülüş, Şövkət, yaşlı qadınlar Xəndan, Şəkər, Dünyabəyim, Safra gəlinləri, Sahıb, kənd sovet katibi olsa da, Nərgiz, məktəbimizin xadimi olsa da, Güllü arvad, Əsəd kişinin arvadı Maya xanım, Böyükxanım, Səkinə arvad, Göhər və onlarla başqaları eyni fədakarlıqla işləyirdilər. Hələ üstəlik vergi almağa qapılarını kəsdirəndə axırıncı nələri vardısa, verirdilər: “Təki orda əzizlərimizçün yaxşı olsun” deyirdilər. Bu sözü dönə-dönə eşitmişəm ana-bacılardan.
Dediyim kimi, mənim də vəziyyətim hamınınkı kimiydi. Sovetliyin bəzi kəndlərinin vəziyyəti yaxşıydı, oralardan hamıya əl uzadan vardı. Dönə-dönə Daşdəmirbəylidə Xasay bəyin evində Camal bacıya qonaq olmuşam. İndinin özündə də arabir məni unutmayan, hərdən məktub yazan kiçik gəlinləri Maya xanımla dostluq etmişəm. Hər ay Xasay bəy mənə bir batman un göndərib. O və Qiyaslının sədri Əvəz. Bu iki nəfər olmasaydı, çörək sarıdan günüm qaraydı. Əvəz qardaş tez-tez, “bizim qarı səni görmək istəyir, elə kəndin qırağından gəlib uşaqları aparırsan, bir bizə gəl” – deyirdi. Getdim. Əvəzin “qarı” dediyi bu gözəl xanımı doya-doya, sevə-sevə xatırlayıram. “Qarı buymuş, Əvəz qardaş?” Əvəzin qardaşı müharibədə yaralanmış, Bakıya gətirilmişdi, Şüvəlan qəsəbəsinin indiki 156 saylı məktəbində (binasında yerləşən hospitalda) müalicə olunurdu. Cəbhəyə qayıdacaqdı. Əvəz kolxozu bircə saat da qoyub gedə bilməzdi, yanvar tətili idi, məndən xahiş etdi: bacısıyla birlikdə (yol-riz bilməyən, ömründə Qiyaslıdan kənara çıxmayan qadındı) Bakıya getdik. O zaman maşın filan yox idi. Olsaydı da, xüsusi iş üçün, hətta kolxoz sədrinin yaralı qardaşını görməyə bizə at da vermədilər. Sığırlıda qatara minməkçün dəvə kirələyib bizi yola saldılar. Gedəndə də, qayıdanda da bu bacı, mən və dəvəçinin macəralarımızı yazmaq xeyli çəkər.
Amma getdik də, qardaşı İbrahimi gördük də. Sonra o yenidən cəbhəyə qayıtdı. Gerisini bilmirəm.
Orada xoş xatırladığım adamlardan biri Xeyrulla kişiydi. Yamanca dostlaşmışdıq. Bir dəfə nədənsə məktəb müdirlərini Bakıya çağırmışdılar, Maarif Nazirliyinə. Xeyrulla kişi məndən xahiş elədi ki, onunçün bir papaq alıb gətirim. Söz verdim. Bakıya ABŞ-ın verdiyi studbekker maşınlarında gəlirdik. Ot tayalarının üstünə minir, otu saxlayan kəndirlərə sarılırdıq ki, Ağsu dolaylarında yıxılmayaq. 1942-ci ilin son günü, 1943-cü ilin əvvəli yaxınlaşırdı. Sürücülər bizi, yəni sərnişinləri “gizlin” daşıdığından adamları Bakıya çatdıranda Xırdalanda haqqını alıb düşürürdü ki, milisə rast olmasın. Cərimə verməsin. Xırdalandan Bakıdakı evimizəcən (Yuxarı Dağlıq küçəsi, indiki Abdulla Şaiq küç №80) pay-piyada gəlməliydim. Hamı da mənim kimi. Çarə nə idi? Gəlib evə çatanda xala bildiyim, anamın əmisi qızı, əlil və olduqca zəhmətkeş qadın İzzət bacının saatı gecə saat 11-i göstərirdi. Elə haldaydım ki, ot tayası məni elə hala salmışdı ki, İzzət bacı su qızdırıb yuyunmağı təklif edəndə sevindim. Evin ortasına iri ləyən qoydu. Daim işləyən divardan asılı radiosu xəbərlər verəcəkdi, dinləməyə hazırlaşırdıq. Elə suyu başıma tökən vaxt radio dilləndi: “Əziz dinləyicilər, sizi 1943-cü ilin gəlişi münasibətilə təbrik edirik”. Göz yaşlarım başıma tökülən suya qarışdı. Deməli, yeni ili teştin içində qarşılayırdım. Bir dəfə Qanada olanda yeni ili Atlantik okeanın sularında axşamüstü ora vaxtilə saat 6-da qarşılamışam. Bu iki yeni il yadımdan çıxmır. Qərəz, Maarif Nazirliyində işləri tamamlayıb, yeni vəzifə təyinatı alıb, Çaparlıya dönmək istəyəndə Xeyrulla kişinin papağı yadıma düşdü, aldım, apardım. Səhər Xeyrulla kişini bir neçə nəfərlə bərabər idarənin önündə gördüm. Təzə papaq başındaydı. Mübarək deyib soruşurdular:
– Hardan aldın, əyşi?
– Uçtel sağ olsun, Bakıdan gətirib.
Kimsə məndən soruşdu:
– Uçitel, a on dengi dal?
Mən gülə-gülə, məsəli tərcümə edə bilməyən sorğuya belə cavab verdim:
– Astalos na “arpa dəyən”.
Xeyrulla kişi rusca bilməsə də, “arpa dəyəni” bilirdi, cəld dedi:
– Vallah, ay uçtel, arpa dəyənə qalmayacaq.
Səhəri günü məktəbə gəlib papağın pulunu verdi.
Ağır günlərimin birində səhər yeməyə bir şeyimiz olmadığından ac qarına kiçik məktəbli qardaşım Əhmədlə birlikdə məktəbə yollandıq. Heç bir saat çəkmədi ki, Əhməd dərs dediyim sinif otağının qapısını kəsdirdi:
– Ana səni evə yeməyə çağırır.
Böyük tənəffüsdə evə gəldim.
– Ana, kimin yolunu kəsmisən?
– Heç kimin, ay bala! Daşdəmirbəylidən şagirdlərin – Mursaqulovlar bacı-qardaş gəlmişdilər, onlar gətirib.
Baş pendiri göndərilən qabdakı əla qaymağa batırıb yeməyə başladıq. Çörəyimiz yox idi.
– Heç padşah da belə nahar eləməyib, ana!
Mənə yaxından əl tutanlardan biri kəndin hörmətli adamlarından olan Ehtibar kişiydi. Onun arvadı Sahıb bacı, oğlu, əlaçı tələbəm Ağamayıl yadımdan çıxmır. Sədəf qarı, Qaliyə gəlinin əri cəbhədəydi. Haçan mənə at lazım oldu, Ehtibar kişi özünün yorğa, “qaragöz” adlandırdığım atını verirdi. Hara gərəksə, gedir, kəndlərdə qəzet oxuyur, vergi yığanlara yardım edir, müharibədən danışır, şeir oxuyurdum. Mənə bu ailənin böyük hörməti vardı. Bir gün rayona maaşa getmişdim. Səhər tezdən eyvanda əl-üzümü yuyurdum. Məktəbin zəngi eşidilirdi. Ehtibar kişinin arvadı Sahıb bacının qışqırtısını eşitdim:
– Ə-ə-ədə, ə-ə-ədə, Ağamayıl, Ağamayıl, ədə niyə məktəbə getmirsən?
– Uçtel maaşa gedib, ana, məktəbdə yoxdu.
– Ə-ə-ədə, uçteldən başqa məktəbdə ayrı miyəllim yoxdu? Ay səni həzrətabbasın beşaçılanına gələsən. Tez ol! Uçtel gecə qayıdıb, dədən atı bağladı töyləyə.
Məni gülmək tutdu Sahıbın qarğışına. Sonra ona dedim:
– Ay Sahıb bacı, həzrət Abbas vaxtında beşaçılan yoxdu, axı.
– Nə bilim, ay uçtel, dilimə elə gəldi. Nə bilim, tüfəng haçan çıxıb? Gözümü açıb görmüşəm.
Ağamayıl sonralar da məni unutmur, görüşümə gəlirdi Bakıda.
Məktəbimizin direktoru Əhməd adlı üzünün, əllərinin dərisi ala-tala olmuş bir yaşlı kişiydi. Böhtan dolu məktublar yazmışdı Bakıya – Maarif Nazirliyinə, hətta məktəbin xadiməsi Güllü bacı haqqında deyibmiş ki “olduğum evə girib, şalvarımı və tavayla məktəbə məxsus qəndi aparıb”. O vaxt biz uşaqlara şəkərdən bişirilmiş qəndlə çay verirdik. Əlbəttə, müdir məktəbdə olmayanda məcbur olub, ev sahibəsinin yanındaca qəndi aparıb məktəbə uşaqlarçün. Şalvardansa heç xəbəri yoxdu. Halal arvad idi, ehtiyac içində yaşasa da, heç kəsə xəyanət etməzdi. Bakıdan komissiya gəlib məktəbi, mənim, Güllü bacının haqqında yazılanları yoxladı və müdiri Çaparlıdan uzaqlaşdırdılar.
Bakıda o zaman maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimov məni görəndə gülümsədi, dedi:
– Sənsənmi o Çaparlı müəllimi? Mən nazirliyə gəlmiş şikayət məktubunu oxuyanda bilmədim ki, orada yazılan “şayka” düzəldib “quldurluq eləyir” deyilən adam kimdir? Familyandan da bilinmir.
Mənim əzizim Nərgiz bacı həmin adam haqqında camaat deyən kimi kişini ləqəbilə adlandırıb özünə düşmən qazanmışdı.
Bir dəfə qapılar açıq, dərs keçilən vaxt ucadan demişdi:
– Ay uçtel hey… O “ala müəllim” idarəyçün kağız söz vermişdi. Hardadı?
Mən eyvana çıxıb işarə etsəm də, iş-işdən keçmişdi. Müdir bu “ala müəllim” ləqəbindən xeyli əsəbiləşmişdi. Əlbəttə, xəstə adam idi, gərək deyildi. Neynəyəsən, hamı necə, Nərgiz də elə.
Qoruyurdu məni hamı. Kolxoz sədri Sarı bir dəfə anama demişdi ki, “Müəlliməyə deyin, bəzi (adları özüm demirəm) evlərə çox get-gəl eləməsin, oturmasın oralarda. Bit basıb onları. Amma o da kasıblara əl tutmağa can atırdı. Lakin neynəsin ki, onun kolxozu Daşdəmirbəylidə Xasayın (iki qardaşı cəbhədəydi), Qiyaslıda Əvəzin kolxozları kimi çox da varlı deyildi.
Bacarıqlı, əlaçı şagirdlərim vardı: Gülhüseyn, Nuhu, Səfər, Mustafa bəyin oğlu Əli, Mursaqulovların oğlu… Məni bağışlayın, qız şagirdlərim! Sizin adınız ona görə yadımda qalmayıb ki, sakit idiniz, özünüzü müharibə dövrünün böyük bacıları, anaları kimi aparırdınız, məni incitmirdiniz, mən də sizi heç danlamırdım, adınızı tez-tez çəkmirdim oğlanlar kimi. Səfər teleqram və məktubları Ağsu poçtundan alıb eşşək üstündə gətirəndə hamınız, elə mən də sizinlə birlikdə uğunub gedirdik. Teleqram eşşək üstə gəlirdi. Ayrı nəqliyyat vasitəsi yox idi.
Çaparlı sovetliyindəki qardaşlarımız, atalarımız mənə də atalıq, qardaşlıq, cavanlarsa övladlıq ediblər: Curuğ kişi, Əsəd kişi, Yunus, Uruf, Əlməhəmməd, Aslan… Sonralar onların övladları və başqaları məni unutmadılar. Çaparlıdan Muradxan kişi, Babacan, Abduləli və başqaları da eləcə. Necə deyim ki, xeyli əvvəl başım müdafiələrə, kitablara qarışdığından elə bilirdim ki, Çaparlı camaatı məni unudub. Günlərin birində poçtdan mənə bir bağlama gətirdilər. İçərisində əla narlar vardı. Yaqut dənəli behişt meyvəsi. Allah, bu kimdəndi, hardandi? Bağlamada kiçik bir məktub vardı: “Əzizə müəllimə! Bax, gör, qanqaldan başqa gül bitməyən, pambıqdan başqa ağac yetirməyən Çaparlıda necə narlar yetişir? Bunu bilməyinizi istədim”. Yazan əlaçı şagirdim, indiysə həmin məktəbin direktoru Gülhüseyn Rüstəmovdu. İlahi! Deməli, məni Çaparlıda hələ unutmayıblar. Sevincimi təsvir edə bilmirəm. Orada yeni məktəb tikilib və keçmiş şagirdim Gülhüseyn, nəinki müəllimdir, hətta həmin məktəbin direktorudur!.. Bundan böyük xoşbəxtlik olarmı müəllimçün?!
Çaparlıda cəmi dörd il yaşayıb işləmişəm, amma elə bil ki, qırx il ömür sürmüşəm orada. Gözəl insanların xasiyyətinə bələd olduğum kimi, bir sıra adət və ənənələrimizi orada öyrənmişəm. İlk dəfə “Çillə çıxarmaq” adətini orada görüb “Aləmdə səsim var mənim” romanımda təsvir etmiş, Türkiyədəki çıxışlarımda haqqında danışmışam. İndi bəzi adamlarda namərdlik, fırıldaq, satqınlıq, “özüyçün qapışdırmaq” kimi xislətləri görəndə o günlər nə qədər ağır olsa da, o müqəddəs günlər, o son tikəsini qəriblə, ehtiyacı olanla bölüşən müqəddəs bacı və qardaşlarım yadıma düşür. Acı da olsa, o günləri xoş xatirələrlə yada salıram. Sağ olsun bu kitabı tərtib edənlər ki, mənə o qırxa bərabər dörd ili yenidən yaşatdılar. Çaparlı sovetliyi kəndlərindəki camaatdan çox şey öyrənmiş və yeri düşdükcə romanlarımda işləmişəm. O adamlar kiçik ilahələrdir: o qadınlar mənə səbir, dəyanət, dözüm, çətinə düşənə əl tutmaq dərsi verdilər – övladlarına verdiyim dərs əvəzində. O zaman Çaparlıda kim mənə bir piyalə süd, şor, bir sərnic ayran, iki büküm yuxa veribsə, bilirəm ki, məcburən yox, ürəkdən özü istəyib verib, halal edin mənə! Dünyasını dəyişənlərə böyük Allahımızdan rəhmət diləyir, sağ-salamat qalanlara – məni yada salanlara uzun və sağlam ömür arzulayıram. Sağ olun, Allah amanında.
Bakı, 1997
Atam – Kərbəlayi Məhəmməd4
Atam yamanca at sevən idi, həmişə 5-6 atı olurdu (irili-xırdalı). Bunların içində əvvəl Kəhər day, sonra da Bozat onun sevimli minik atları idi. Boz madyan, qara madyan daima yadıma boğaz gəlir. Analığım onları minməyə qoymaz, “bala salar” – deyərdi. Mən də onları sulamaq üçün Pirsaata aparanda minməz, elə noxtanın ucundan yapışıb aram-aram təpədən çaya enən cığırla gedərdim. Bu məni heç fərəhləndirməzdi. Əsl bayramım atam kənddən, ya şəhərdən qayıdanda olurdu. Bu zaman o, atın yəhərini alan analığıma yəhəri yerləşdirmək haqqında əmrlər verə-verə mehriban, hər şeyi anlayan qonur gözlərlə mənə baxardı. Mən isə Kəhər dayın, ya da Bozatın yüyənindən tutub gözləyər, suya aparmazdan əvvəl həyətdə təri soyutmaq üçün o baş-bu başa gəzdirərdim. Atın kifayətcə soyuduğuna nəzər yetirən atam çoxdan həsrətlə gözlədiyim əmri verərdi:
– Di apar…
Elə buna bənd idim, çılpaq ata sıçrayıb, yüyəni əlimə dolar, boynumu Kəhərin qara yalına tərəf əyib götürülər, analığımın “Allah, sən saxla” çığırtısına da qulaq verməzdim. Kəhərlə bir-birimizi elə başa düşürdük ki, elə bil iki canda bir qəlb idik. Yalına yatanda canımız birləşir, ürəklərimiz bir döyürdü. At məni götürüb yorğalayır, evdən aralanan kimi ayağımın yüngül hərəkətindən məqsədimi anlayıb dördnala çapırdı, hayıf ki, özümü qartal kimi hiss etməyim heç üç dəqiqə də çəkmirdi. Evimizdən Pirsaata qədərki məsafə Kəhər üçün nə idi ki?.. Kəhər suya girəndə tələsmir, aram-aram suyun ən təmiz yerinə irəliləyir, qara, yumşaq dodaqlarını dibindəki ağ xırda daşlar belə görünən bərrak5 suya salıb sümürür, arabir başını qaldırıb qarşı sahildəki çəmənə baxır, bala-bala ona mane olan yüyənin kəmçəsini göyşəyir və bu zaman onun qara dodaqlarından şeh kimi parlaq damcılar axıb şıppıltı ilə çaya tökülürdü. Bu zaman Kəhərin boynuna doğru əyilib, yüyənin kəmçəsini ağzından çıxarıb burnunun üstünə tərəf itələyəndə minnətdarlıq duyulan səslə yavaşdan kişnəyir, sonra yenə su içməyə cumurdu. Kəhər suyu içdikdə böyürləri aşkarca qarnına tərəf sıxılmış qıçlarımın altında qalxır, sanki qovuqlanırdı… At suyu içib doyandan sonra dal-dalı geriləyir və sudan çıxırdı. Bu zaman onu evə tərəf deyil, kəndin arxasındakı Ağuçqundan İncəbelə tərəf gedən düz yola döndərir və daimi marşrutuma bələd olan at dördləmə götürülür, Pirsaat vadisində əsən mehdən də sürətlə irəli uçurdu. Yol dağın döşünə, kəndimizin qəbristanı başlanan yerə qədər uzanırdı. Burdan o yana Şamaxı poçt yoluna çıxan cığıra keçməyib, atı kəndə qaytarır və bu 5 dəqiqəlik yolu bir neçə dəfə o baş-bu başa çapıb kəndə, evimizin qabağına gəlirdim. Kəhərin çaparağında evin daşı titrəyirdi. Analığım məni “Allah, sənə şükür”lə qarşılayır, atam bir söz demədən yüyəni əlimdən alır və atı tövləyə çəkirdi. Burada hər ikimiz köməkləşib onu qaşovlayır, yalını səliqəyə salır, məxmərlə tozunu alır və qarşısına arpa-saman tökürdük. Kəhərə arpa verməyi atam heç kəsə etibar eləmirdi. O, qədərincə arpanı xəlbirə götürüb tövlənin qapısına işığa gəlir, bir də xəlbirləyir, içinə düşən daş-kəsəyi diqqətlə seçir, sonra axurun yanına gəlib, sağ əllə səbirsizliklə ayağını yerə döyən atın boynunu şappıldadır, aram səslə kişnəməsinə gülümsəməklə cavab verib, sağ əlilə samanın ortasını çalalayır və səliqə ilə arpanı bura tökürdü. Kəhər qara, yumşaq dodaqlarını qılçıqlı arpanın üstünə elə yumşaqlıqla basırdı ki, elə bil arpa deyil, olduqca yumşaq nəsə götürür.
2000-2003
Məşədi Böyükağa və Hacıağa əmilər67
Mənə çox vacib olan iki kiçik hadisəni danışmaq istəyirəm. Bunlar Meşədböyükağa əmimin qardaşı Hacıağa əmimin həyatı ilə bağlı, anektoda bənzər bir şey olsa da, olmuş, həqiqi, biri gördüyüm, biri də atamın gördüyü, danışdığı hadisədir.
Çox qəribə kişi idi. Balacaboy, arıq, cılız idi, amma çox biliyə malik, sərt səsnən danışan kişi idi, çığıra-çığıra. Əsəbi adam idi. İki də arvadı var idi. Bir gün bu arvadlar dalaşır, nə təhər olursa, bu gəlir arvadları ayırmağa:
– Ay köpək qızları, bəsdirin, – deyib arvadları ayırmaq istəyəndə arvadlar bunu itələyirlər, evdə də yaxında yekə ehsan qazanı var imiş, kişinin arxa hissəsi düşür ehsan qazanının içinə, əlləri və ayaqları qalır bayırda, çığırır, – Ay köpək qızları, əl verin mənə, durum.
Arvadlar ikisi də başlayırlar gülməyə və heç birisi əlini uzatmır. Elə bu dəmdə Meşədböyükağa girir içəri, görür bu kişini. Bunu da qah-qah tutur, ancaq hər halda böyük qardaşıdı, əlini uzadır qaldırsın. Deyir:
– Əşi, day bundan sonra bu qazanda ehsan bişirmək doğru deyil. Sən o qazanı xarab elədün.
İkinci hadisə özümlə əlaqədardı.
Həmin Meşədböyükağa əmim Badam bibimi, yəni özünün əmisi qızını qaralamışdı. Meşədböyükağa əmi, ümumiyyətlə, hansı kəndə, hansı rayona gedirdisə, orada bir ev tikir, siğə eliyirdi özü üçün mütləq. Bir gün mənə doktorluğu müdafiə eləyəndən sonra dedi ki, artıq alimliyini təsdiq edirəm, sənin kəsdiyin kəbinə dururam. Bibinin kəbinini kəs. Al bibivi mənə. Dedim, baş üstə.
“Yox” deyə bilməzdim. Gəldim. Badam bibi bizə gəlmişdi. Dedim, bibi, bəs Meşədböyükağa əmi səni istəyir və mənim kəsəcəyim kəbinə durur. Dedi:
– Nə deyirəm ki, mən də razıyam. Amma bir şərtlə. Əmindən soruş ki, sabah bazara gedəcək, dolu zənbilnən əvvəl mənim qapımdan içəri girəcək, ya Tutunun?
Tutu əmimin birinci arvadı, öz dayısı qızı, kəbinli arvadı idi. Bütün övladlarının anası idi. Çox mehriban, gözəl insan idi.
Bir dəfə Meşədböyükağa əmim bizə gələndə növbəti dəfə (tez-tez gəlirdi) soruşdum ki, əmi, sən hansı qapıya gedəcəksən? Bibim deyir, bazardan gələndə səbətnən, zənbilnən əvvəl hansı evə gələcəksən? Badam bibinin qapısından girəcəksən, ya Tutu əmidostumun? Dedi ki:
– Bıy, əlbəttə, öz evimə, Tutunun yanına.
Dedim:
– Hə, onda bibimnən əlini üz.
Bu söhbətdən bir qədər sonra kəndə getmişdim. Tava kəndində bizim qədimdən bir ailəvi dostumuz var idi. Rza kişi, karvançı idi. Qədimdən karvanla bağlı bir sıra şeylərin əksəriyyətini ondan eşidib öyrənmişdim. Həmin bu Rza kişinin çox gözəl xanımı var idi. Zərif, qəşəng qaraca kənd qadın idi. Amma çay üstündə8 bişən beçə çığırtmasını onun kimi bişirən olmurdu, özü də bilirdi ki, bunun aşiqiyəm. Təcili surətdə beçə çığırtmasını hazırlayıb, elə gətirib tavanı ortaya qoyanda bu yandan Qubalıdan (1-2 kilometrəcən araları var idi), Zahacalı əmim gəlib çıxdı. Ay xoş beş, on beş, ay dayı nəvəsi, səni xoş gördük. Məni qucaqlamaq, öpmək, dəm-dəstgahnan təbrik eləmək… Yan-yanaşı əyləşdik. Başladıq beçə çığırtmasını bismillah eləməyə. Dilim dinc durmadı. Tikələri çeynəyə-çeynəyə dedim ki, əmim Meşədböyükağa alimliyimi təsdiq eləyibdi. Deyir ki, sənin kəsdiyin kəbinə dururam. Badam bibini mənə al.
Elə bu sözü demişdim ki, elə bil bu balaca kişiyə barıt qoydular altından, partladı qalxdı ayağa. Çığırdı:
– Əmim qızı istəklim, deyiklim idi. Nə ixtiyarı var onun?
İndi ha deyirəm ki, ay kişi, nə Badam bibi razı oldu, nə mən kəbin kəsmişəm, nə almışam. Kişini sakitləşdirə bilmirik. Rza kişi də arvadı Zabta əmidostu da gülə-gülə oturub baxırlar. Axırı Zabta əmidostu (çox qayğıkeş qadın idi) dedi:
– Əşi, otursana aşağı, çörəyini yeginən. İndi nə alan var, nə satan. Qıza haram eləməginən yediyini, özün və qızı da, qoysana çığırtmasını yesin.
Beləliklə, yarıküsülü ayrıldıq.
Deyəsən, bu elə axırıncı görüşüm idi onunla.
1999-2001
MÜƏLLİMLƏRİ
Mənim birinci şeyxim – Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə9
Əslində, birinci müəllimim anam olub. Ərəb əlifbası hərflərini, türkcə çap kitablarını, xüsusilə, olduqca asan oxunan “Molla Nəsrəddin” jurnalının evimizdə olan bağlılarını oxumağı mənə o öyrədib. Evdə dərs verərdi, bir neçə şagirdi vardı. Mən də o cümlədən. Amma bu, hələ olduqca az idi. Onun fikrincə, ərəb dilini, Quranı oxumağı öyrənməli, əsl müəllimdən dərs almalıydım. 1945-1946-cı dərs ilində Maarif Nazirliyi tərəfindən rayonda işlədiyim Çaparlı kənd məktəbinin direktoru vəzifəsindən azad olub, ali təhsil almaq üçün Bakıdakı evimizə qayıtmış, uğurla imtahanları verib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdum. Lakin mənə cəmi bir-iki ay oxumaq, parta arxasında oturmaq nəsib oldu. Səbəbini bir az aşağıda izah edəcəyəm. Elə bu zaman anam məni məhəlləmizdəki Şəkili Axund adı ilə tanınmış Aşağı Dağlıq küçəsində bizim evə yaxın mövqedə yaşayan Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadənin evində (əlbəttə, gizli şəkildə) oxumağa – dərs almağa qoydu. Nurani simalı gözəl insandı. Aşağı Dağlıq küçəsilə Bir may küçəsinin kəsişdiyi tində olan ərzaq mağazası yanında çox vaxt onu məhəllə ağsaqqallarının əhatəsində görərdim. Tanıyırdım. Qışda əynində Xorasan kürkü, yayda əba olardı. Sonralar öyrəndim ki, ərəb dili və Quran dərs müəllimim 1870-ci ildə Şəkinin gəncəlilər məhəlləsində dünyaya gəlib. İyirmi il İraqın Nəcəfin-əşrəf və Kərbəla şəhərlərində təhsil alıb, axund Şeyx Fərəcullah adıyla xalq arasında geniş şöhrət qazanıb. Tehrandaykən Həsən xanın qızı, beş qardaşın bircə bacısı Rübabə xanımla evlənib. Hələ Nəcəfdəykən şərq təbabətiylə maraqlanıb, həkimlik də öyrənməyə başlayıb. Bunu biləndə təqaüdünü kəsiblər: “Bizə molla lazımdır” – deyiblər. Əvvəlcə Şəkidə fəaliyyət göstərib, 1930-cu ildə Bakıya köçüb. Kitabxanasında İbn Sinanın əsərləri və onlarla tibbə, nücuma10, fiqhə11 aid kitablar varmış, 1952-ci ildə Şeyx cənabları vəfat etdikdən sonra oğlu həkim Müctəba onları məscidə verib. Qızları Siddiqə orta məktəbdə biologiyadan dərs deyib. O biri qızı Məqbudə xanım həkimdir. Şəkidə qızını hələ o zamanlar Qız Gimnaziyasına aparıb qoyanlardan biri, bəlkə də, birincisi şeyx özü olub. Beş balasının hamısını ali təhsilli, savadlı, millətinə xeyir verən nəcib insanlar kimi böyüdüb. Bu gün nəvəsi Nemət Məmmədəli oğlu BDU-da fizikadan dərs deyən dosentdir. Oğlanlarından beşi də II Dünya müharibəsində iştirak edib. Cavad adlı oğlu isə Mozdokda tankın içində həlak olub. Şəkidə qızlar üçün məktəb açıb. Öz qızlarını də həmin məktəbə oxumağa qoyduğundan qaragüruhun məzəmmətlərinə məruz qalıb. Elə tərəqqipərvər fəaliyyətinə görə də, bəlkə, o vaxtı “allahsızlar” ona toxunmayıblar.
Ərəb dili və Qurani-Kərim müəllimim, sən demə, ədəbiyyatımızı, təkcə öz ədəbiyyatımızı öyrənməklə qalmayıb. Onun rus ədəbiyyatına bələdiyyəti və Lev Tolstoyla yazışması məlumdur. O, Lev Tolstoyun iki məktubuna cavab yazıb. Bu, o zaman idi ki, Lev Tolstoy “Hacı Murad” əsəri üzərində çalışır və İslam dini qanunlarıyla maraqlanırdı. Tolstoy, Şeyx Fərəcullahdan İslam dininə aid xeyli şey öyrənib və bu dinə müsbət münasibətində Şeyximin böyük rolu olub. Həmin məktublar Tbilisinin Tarix muzeyindədir. Əliaçıqlığımız, qonaqpərvərliyimizlə bağlı Qərbin məşhur şəhərlərinə aparılan, səpələnən qədim əlyazmalarımız kimi bu məktubların da taleyi beləcə olub, hələ lazımınca əldə edilib tədqiq olunmayıb.
Amma Şeyximin o zamanın ən məşhur şəxsiyyətlərindən olan “Molla Nəsrəddin” məcmuəsinin baş redaktoru Cəlil Məmmədquluzadə ilə yazışması geniş oxucu kütləsinə Mirzə Cəlilin 1985-ci ildə çap olunmuş “Seçilmiş əsərləri”nin 6-cı cildindən məlumdur. Bu məktublardan aydın olur ki, Şeyx Fərəcullah cənablarıyla Mirzə Cəlil arasında dərin, səmimi dostluq, get-gəl olub. Bir-birinin ailə, oğul-uşaq qayğılarından xəbərdar olublar. Hətta Mirzə Cəlil ailəsi ilə birlikdə Şəkidə Şeyxin evində qonaq da olub. Görünür, ədib Bayram Bayramov “Karvan yolu” romanındakı bir bütöv fəsli həmin hadisələrə həsr edərkən məhz dediyimiz məktublardan istifadə edib. 21 noyabr 1922-ci ildə Mirzə Cəlilin Şeyxə yazdığı məktubdan aydın olur ki, axund dostuyçün meyvə göndəribmiş. Mirzə Cəlil zarafat duyulan ailəvi hal-əhvaldan sonra onu “Fəzilətli Fərəcullah Pişnamazzadəyə” müraciətilə başladığı məktubda yazır: “… Nuxu (Nuxa, Şəki) dünyasını mən həmişə sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey öz qaydasınca – əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm, nə vəziyyətdəsiniz, nə məşğələdəsiniz! Bəlkə, Siz də mənim kimi bir qədər yorğunsunuz və bəlkə, mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbətinin birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxılası deyil. Uşaqlara atalıq salamı, sizə qardaşlıq xeyir-duam. Sağlıqla yaşayın, qardaşım. Cəlil”.
Məktubdan Şeyxin açdığı qız məktəbi ətrafındakı hay-küy, təqiblərdən başqa əgər cümlələrin altını oxusaq, görərik ki, Mirzə Cəlil və eləcə də Şeyx cənabları ictimai quruluşdan nələr çəkib, necə “yorğun”durlar, nədən “məyus”durlar. O illərdə cərəyan edən ictimai hadisələri yada salsaq, dövrün hər iki şəxsiyyətinin nə kimi təqiblərə məruz qaldıqları anlaşılacaq.
İkinci məktub 12 aprel 1923-cü ildə Şəkiyə göndərilib. Ömrü uzunu mollaları, xurafat əsiri rövzəxanları, ümumiyyətlə, yalançı din xadimlərini qamçılayan, “Molla Nəsrəddin”in hər sayında dövrün tanınmış irticaçı mollalarını tənqid atəşinə tutan Cəlil Məmmədquluzadə Şeyximə belə müraciət edir:
“Misli-bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə” (Görün mənim müəllimim – şeyxim necə bir şəxsiyyət olub). Məktubdan aydın olur ki, Şeyx Fərəcullah cənabları Mirzə Cəlilin yaradıcılığına, “Molla Nəsrəddin” nəşrinə yüksək qiymət verirmiş.
Mirzə Cəlil yazır:
“Hər iki məktubunuz yetişdi. Nəhayət şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siztək nadirül-vücudlar cızma-qaralarımızı təqdir edirsiniz”. Cəlil Məmmədquluzadə Şeyx Fərəcullahın qız məktəbləri və öz qızlarını oxutması kimi o zamanlar çox çətin, ağır təqiblərə məruz qalan fəaliyyətinə, həm də onun ədəbi əsərlərə, yazıçının ədəbi-ictimai fəaliyyətinə verdiyi diqqəti yüksək qiymətləndirirdi. Bir də Mirzə Cəlilin “nadir şəxsiyyət”, “fəzilət sahibi” və s. kimi ifadələri əbəs deyildi, adi nəzakət qanunları deyildi. Şeyxim zəmanəsinin bir sıra qaragüruhçu mollalarına əsla bənzəmirdi. Maarifpərvər, xalqını sevən, millətinin inkişafına candan yardım etməyə çalışan, eyni zamanda hərtərəfli biliyə malikdi. O fiqhi bildiyi kimi, tibbi, astronomiyanı və başqa elmləri dərindən öyrənir və həyatda gənc nəslin inkişafına, tərbiyə verdiyi, hamısını ali təhsilli gördüyü balaları kimi, millətin gələcəyi olan gənc nəslin də beləcə inkişafına çalışırdı.
İndi deyə bilərəm ki, bax, ilk dini təhsil müəllimim belə şəxsiyyət idi və anam məni onun yanında dərsə qoymaqda əsla səhv etməmişdi. Ancaq təəssüflər olsun ki, Şeyx Fərəcullah Pişnamazzadənin – o vaxtlar Qafqaz müsəlmanlarının şeyxülislamının müavini olan müəllimimin yanında çox oxuya, dərs ala bilmədim.
İrəlidə dediyim kimi, heç yenicə, böyük həvəslə daxil olduğum universitetin filologiya fakültəsində də oxuya bilmədim. Əlimdə o zaman “xalq düşməni” hesab olunan ərəb əlifbası ilə kitab tutdular. Kitab Türkiyədə çap olunan siyasətdən uzaq adi roman idi. Onu mənə gözəl şair və mənim texnikumdaykən ədəbiyyat müəllimim olmuş Osman Sarıvəlli vermişdi. “Hardandır bu kitab səndə?” – deyə 2-ci şöbə soruşanda Osman müəllimin adını vermədim, “Atamın kitablarındandır” – dedim. Atam isə 1939-cu ildə artıq vəfat etmişdi və KQB onu məzarından qaldırıb kitab məsələsini “həll edə” bilməyəcəkdi. Osman müəllimin adını versəydim, “gənc nəslin, komsomolçunun tərbiyəsinə xələl gətirir” deyə çək-çevirə salacaq, bəlkə, tutacaqdılar da. Qərəz ki, həmin kitaba görə məni universitetdən qovdular. Doğrudur, sonra, o vaxtlar maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimovun müdaxiləsi, rektorumuz gözəl insan və alim, professor Qarayevin və dekanımız şair Məhəmməd Hadinin bacısı oğlu, şübhəli şəkildə həlak olmuş Həbibulla Səmədzadənin yardımıyla məni universitetə ekstern yolu ilə qaytardılar. Amma artıq parta, mühazirələr görə bilmədim. Universiteti ekstern yolu ilə bitirdim. Deyə bilərsiniz ki, bunun Şeyx Fərəcullah həzrətlərinə nə dəxli var? Bilavasitə dəxli var. Anam bu hadisədə KQB müdaxiləsi və çək-çevirə salındığımı görüncə Şeyxi qorudu. Məni ondan ayırmalı oldu. Çünki Allah eləməmiş, onun mənə gizli dərs verdiyi bilinsəydi, çək-çevir daha da uzanacaq, qəlizləşəcək və şübhəsiz ki, Şeyxə ziyanı dəyəcəkdi. Dərsim yarımçıq qaldı. Amma bu gün də o ilk müəllimimin dərsarası söhbətləri, izahatları gözümün önündə canlanmaqda, sırğa olub qulaqlarımdan asılmaqdadır. O elə mehriban, elə həlim, elə bağışlamağı, günahı əfv etməyi bacaran adam idi ki!.. Mənim kimi nadinc, intizamsız şagirdə necə dözdüyünə indi də heyranam. O mənə təkcə çərəkə, Quran oxumaqla qalmırdı. Həyatda rast gələcəyim və gəldiyim hadisələri elmin anlaya biləcəyim başqa sahələri haqqında ağ bığları arasından incə təbəssümlə tərpənən dodaqlarıyla elə izahatlar, məlumatlar verirdi ki, indi də yadımdadır. Şeyximin dərsə hazır gəlmədiyim, verdiyi yazıları yazmadığım günlərdə bu bığaltı təbəssümlə, həlim səslə “neynək, sabah yazıb gətirərsən. Yükün ikiqat artıq olacaq amma. Dünənki, bugünkü tapşırıq. Az deyil ki? Bəlkə, çoxdur, azaldaq?” deyirdi. Qıp-qırmızı qızarar, bu nəcib insanın, bu səmimi, bağışlaya bilən müəllimin, yüksəkdən səsini eşitmədiyim kişinin demədiyi, göstərmədiyi iradı məni içdən qovururdu. Mənə çoxlu ərəb məsəlləri öyrətmişdi. Onları sonralar ədəbi yazılarımda – roman və povestlərdə işlətdiyim olub. Dərslərimiz dini mahiyyətdən çox ədəbi səciyyə daşıyırdı, şeirlə, nəsihətamiz məsəl və atalar sözləri ilə keçirdi.
Şeyximdən dərsdə ayrılsam da, əlaqəm kəsilmədi. “Molla Nəsrəddin”, “Qadın azadlığı”, Sabir, Mirzə Cəlil və başqa yazıçılarımızın, şairlərimizin qadın məsələsiylə bağlı məqalələrini, ümumiyyətlə, qadın məsələsində marağımı təmin etmək üçün tez-tez ona müraciət edir, Quranın harasında, hansı surəsində bu haqda nələr deyildiyi, Allah kəlamında qadın məsələsini öyrənmək üçün evinə gedirdim. Ona birinci belə müraciətlə yolda – Aşağı Dağlıq küçəsi ilə Bir may küçəsinin kəsişdiyi yerdə yaxınlaşdım. Dediyim kimi, ağsaqqalların əhatəsində dayanmışdı. Aralıda durub intizarla tək qalmasını gözləyirdim. Başa düşdü ki, ona nəsə demək istəyirəm. Ətrafındakılara nə dediyini bilmirəm, ondan bir addım kimi aralandılar. İşarəylə məni yanına çağırdı. Gəlib mətləbimi deyəndə nazik-nazik, xəfifcə gülümsədi:
– Mübarək olsun, – dedi, – eşitdim, müdafiə eləmisən. Amma evi ki tanıyırsan. Qapım həmişə üzünə açıqdır. Belə suallara küçədə cavab almaq…
Sözünü bitirmədi. Sonralar onlara ara-sıra gedər, məni narahat edən maraqlandığım fiqhə, təfsirlərə dair suallarıma cavab alardım. Xüsusilə, Mirməhəmməd Kərim axundun tərcümə və təfsir etdiyi türkcə üçcildlik Quranı əldə edib alıb oxumağa başlayandan sonra heç vaxt cavabsız qoymadı məni. Heç vaxt o nadinc şagirdinə ağır üz göstərmədi. Rəhmətlə yad edirəm.
Aspiranturada mərhum Əli Azəri, Ələsgər müəllim mənə dərs deyəndə, sonralar romanlarda tarixdən bəhs edəndə və din xadimləriylə üzləşməli olanda Şeyximin dərsləri mənə xeyli kömək edirdi.
Xüsusilə, “Aləmdə səsim var mənim” romanında Seyid Əzim Şirvanini müdafiə edən, yalan olmasın, Sovet dövrü nəsrimizdə, bəlkə də, yeganə müsbət din xadimi surətini yaradanda Axund Hacı Şeyx Fərəcullah Pişnamazzadə gözlərimin önündə canlanıb həmişə. Axı mən Ağa Seyid Əli ağanı görməmişdim. Amma eləcə onun kimi tərəqqipərvər ruhani surətli Şeyxim gözlərimin önündəydi. Mənə elə gəlirdi ki, Ağa Seyid Əli ağa məhz şeyxim kimi belə hərəkət edə, belə danışa bilərdi.
Hər ikisinə Allahdan rəhmət arzulayıram. Hər ikisinin ruhu şad və bizə duaçı olsun Allah qarşısında.
Mən onu belə görmüşəm, belə nurani xatırlayıram. Allahın rəhməti səninlə olsun, Şeyxim.
Bakı, 15-18 yanvar 1998
Şeyxülislam Şeyx Mirmöhsüm Ağayla görüşlərimdən12
Əslində, ərəb əlifbası, fars dilini öyrədən altı müəllimim olub: birinci anam, ikinci Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə, üçüncü Şeyx Mirmöhsüm Şeyx Əli oğlu Həkimzadə, dördüncü Əli Azəri, beşinci Məmmədağa Sultanov və altıncı Fazil Seyidov. Bunlardan yalnız ikisi – əvvəlcə Şeyx Mirmöhsüm cənabları ərəbcədən, sonra da aspiranturada Əli Azəri mənə farscadan müntəzəm dərs deyib.
Bizim qədim, XIX-XX əsrlərdə fəaliyyət göstərən qabaqcıl fikirli vətənsevər ruhani alimlərimiz Şeyxülislam Əhməd ağa Səlyani, Axund Turab, Axund Mirməhəmməd Kərim, Şeyx Qəni, Axund Yusif Talıbzadə və b. haqqında ruhani atalar və ruhani mətbuat zaman-zaman söz açıb. Məhz onlar İslamın mütərəqqi cəhətlərini xalqa çatdırmaqda böyük işlər görüblər. Belə alimlərdən biri də O idi. Şeyx Mirmöhsüm Həkimzadə! Həm də onda böyük cürət var idi!.. Axı həmin illərdə 1937-1938-i görmüşlərdən kim götürərdi öhdəsinə şeyxülislamlığı? Öz canı bir yana, ailəsinin, uşaqlarının da dinc həyatı təhlükə altına düşürdü. Hamı – bütün onu tanıyanlar və ailəsini sevib hörmət edənlər təşviş keçirirdi onun üçün. Xüsusilə, möhtərəm xanımı – adı kimi yumşaq, gözəl təbiətli Məleykə xala! Tez-tez bizə uğrayıb dərdini rəfiqəsi və uzaq qohumu anamla bölüşürdü. Anam təskinlik verirdi Məleykə xalaya. Öz qorxularını ürəyinin dərinliyində gizləyib Məleykə xalanı sakitləşdirər, göz yaşlarını qurulayar, titrək dodaqlarına təbəssüm qondurub evinə yola salardı. Hamı Ağa üçün qorxardı.
Fars dilini, ərəb əlifbasını öyrənməyimin kiçik bir tarixçəsi var. 1945-ci ildə 37-nin səsi hələ eşidilirdi. Ərəb əlifbası “xalq düşməni” səviyyəsindəydi. Həmin ilin sentyabrında Azərbaycan Dövlət Universitetinə daxil olmuşdum. Hələ üç ay keçməmiş əlimdə ərəb əlifbasıyla kitab tutdular və məni universitetdən çıxardılar. Sonra universiteti ekstern yoluyla bitirməli oldum, məni aspiranturada saxladılar. Bax elə bu zaman məlum oldu ki, ərəb əlifbası, ərəb və fars dilləri mənə lazımmış. O zaman biz aspirantlar on bir minimum imtahanı verirdik. Bunlardan beşi dil: ərəb, fars, rus, ingilis və Azərbaycan diliydi. Qalanları ixtisas fənlərindən və fəlsəfədən ibarət idi.
Əlbəttə, bizi aspiranturada gələcək ədəbiyyatşünaslar kimi hazırlayanlar ərəb əlifbasını, fars və ərəb dillərini bilməyimizi vacib sayırdılar. Axı bizim ədəbiyyat, demək olar ki, min il boyu həmin əlifbayla yaranmışdı. Min il boyu fars və ərəb dillərində yazıb-yaradan şairlərimiz, alimlərimiz olmuşdu. Xaqani, Nizami, Füzuli, Hacı Zeynalabdin Şirvani…
Hə, bu zaman anamdan öyrəndiyim əlifbayla öz dilimizdəki və Türkiyədə çap olunan kitabları oxuya bilirdim. Fars və ərəb dillərinisə öyrənməliydim. Anam əvvəlcə məni Şəkili Axund Hacı Fərəcullahın yanına apardı. Amma axundun yanında çox oxuya bilmədim. Anam məni çoxdan evimizin əzizi olan Məleykə xalanın yanına apardı. Xeyli xısın-xısın danışandan sonra şeyx cənablarının otağına keçib razılığını aldılar və məni hörmətli müəllimə tapşırdılar. Bunun özü də cürət istəyirdi. Dərslər gizli keçilməliydi, axı sovet gəncinə ərəb əlifbasından dərs demək…
İlk dərsdən başlayaraq daxilimdə Şeyx cənablarına qorxu qarışıq bir məhəbbət hissi oyandı. Qorxurdum. Çünki şeyx cənabları çox tələbkar və tündməcaz idi. Onun təbəssümünü xatırlamıram belə. Məndən razı qalıb-qalmadığını yalnız yeni dərsə keçməsindən anlardım. Şeyx cənablarına məhəbbətimsə dərin biliyi, ərəb və fars dillərinə mükəmməl aşina olması, dərin alimliyi, din tarixini, dini elmləri dərindən bilməsinə görəydi.
Məhz onun təkidiylə İslam tarixindən bəhs edən ərəb yazıçı-tarixçisi Corci Zeydanın “Əzrayi-Qureyş”, “17 ramazan”, “Ərmənusə”, “Kərbəla yanğısı”, “Səlib müharibələri” kitablarını oxumuşdum. Bu kitablar alimlərdən Mirməhəmməd Kərim axund tərəfindən dilimizə tərcümə və ərəb əlifbası ilə nəşr edilmişdi. Bu kitablar elə gözəl dillə tərcümə olunub ki, kiçik redaktə ilə indiki əlifbamıza çevirsək, maraqlı, xeyirli və savab iş olar. Təəssüf ki, İslam tarixindən bəhs edən bu kitablar mərhum Şıxəli Qurbanovun təşəbbüsünə baxmayaraq yeni əlifbamıza çevrilmədi. Vaxtilə xalqımızın sevimlisi Şıxəli Qurbanov həmin əsərləri kirildə çap etdirmək istəyirdi. Məni MK-yə çağırıb annotasiya da almışdı. Lakin ömür vəfa eləmədi. Şıxəlimiz əlimizdən getdi.
Şeyx cənabları suallarıma cavab olaraq mənə dini ayrı-seçkilik, təriqətbazlıq kimi məsələləri başa salsa da, bu haqda düşünməyi belə qadağan etmişdi. Məni əsl müsəlman kimi düşünməyə vadar edən də o idi. “Allah bir, peyğəmbər bir, Qurani-Kərim birdir. Ayrı-seçkilik salanlar İslamı zəiflədir, kökünə balta çalırlar”, – deyirdi.
Şeyx cənabları mənimlə çərəkədən başlamadı. Çərəkəni anam keçmişdi. Ərəb əlifbasilə tanışlığımı nəzərə alıb, birbaşa Qurana keçdi. Təəssüf ki, o zaman mən daha çox oxuya, Şeyxin dediklərini dərkə çalışır, yazıya fikir vermirdim. Elə indinin özündə də ərəb əlifbasilə yaxşı oxuyuram, farsca yaxşı oxuyuram, dürüst yazmağı bacarmıram.
Şeyx cənabları mənə çoxlu ərəb məsəlləri, uluların, xüsusilə, rəsuli-xudanın, həzrəti-Əlinin kəlamlarını öyrədirdi. “Amenna və səddəqna” (inanırıq və sədaqətliyik), “Lafəta illa Əli, la seyfə illa zülfüqar” (Əlidən başqa cavan, qılıncından kəsərli qılınc yoxdur), “Allahümə tübbe aleyna qebl-əl movt” (Ölən anda bizə rəhm et), “Və la müəzzibna bəd əl movt” (Öldükdən sonra da bizə əzab vermə), “Qüd: Allahi, tədəqə nəfsəkə və səlasə” (Əvvəl öz nəfsinə üç talaq ver). “Kim mənə bir hərf öyrətsə, onun quluyam”. “Elm Çində də olsa, ardınca get!” “Elmi beşikdən qəbrə qədər öyrən”. “Elmdən iki hərfi düstur tut: birinci, Xaliq sənə baxır, nə iş görürsənsə, görür; ikinci, Allah təala sənin əməlinə möhtac deyil” kimi deyimləri ilk dəfə ondan eşitmişdim.
Deyirdi ki, üç xislət insanın nəcabətinin, yaxşılığının sübutudur: Dəniz kimi əliaçıq, comərd, günəş kimi şəfqətli, torpaq – yer kimi səxavətli olmaq.
Burdaca deyim ki, İslam ulularının gözəl kəlamlarını mənə təlqin etməsi yadıma düşdükcə təəssüf edirəm ki, Bakıda möhtəşəm İsmailiyyə binasının (İndiki Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) üstündə insanı elmə, yaxşılığa çağıran, dəvət edən ərəb əlifbasının gözəl xəttiylə müzəyyən yazıların üstü indiyəcən açılmayıb, bəs indi açılmasa, haçan açılacaq?
Dərslərimdə Şeyxim mənə bəzi mədrəsə, mollaxana şagirdlərinin həyatından lətifəyəbənzər əhvalatlar danışmaqla “qələt” sözünün əsl mənasını anlatmışdı. Elə anlatmışdı ki, qələt, yəni səhv eləməyim. Belə dərslərim yadımda daha yaxşı qalırdı.
Onu da deməyi lazım bilirəm ki, bədii-tarixi əsərlərə marağımın oyanmasında Şeyximin rolu böyük olub. Sonralar romanlarımda ərəb məsəlləri, İslam ulularının kəlamlarını işlətdikcə, dini məsələlərə münasibətim bilindikcə, böyük şair və yazıçılarımız, xüsusilə, “Aləmdə səsim var mənim” romanına böyük məqalə yazmış Xalq şairi, ustad Rəsul Rza təəccüb edirdilər. Axı mən 37-dən keçmişdim. Heç bir dini təlim almamışdım zahirdə. Bəs bu biliklər hardandı?
Şeyximin, müəllimimin təlimiylə ərəb və fars dillərindən minimumları uğurla verdim. Və təəssüf ki, elə ondan sonra da dərslərimi buraxdım. Başım yazılarıma qarışdı.
Şeyx cənabları xəyalımda olduqca təmizkar, vasvasılığa varacaq qədər təmizkar, ciddi, tələbkar insan və müəllim kimi qalıb. İslam dininə yaxınlığım, ayinlərə rəğbətim də elə inamla başlayıb, Şeyximlə möhkəmlənib.
Yaxşı olardı ki, ara-sıra mətbuatda, radio və televiziyada bizim o dövrlərin mütərəqqi ruhaniləri haqqında danışılaydı. Onlarla bağlı xatirə gecələri keçiriləydi. Onda dindarlar da, 70 il dini tiryək hesab edənlər də anlar ki, bizim neçə-neçə gözəl, tərəqqi sevən, millətin inkişafıyla bərabər əqidəsinə, gözəl əxlaq sahibi olmasına çalışan ruhanilərimiz, din xadimi alimlərimiz olub.
“Alim öləndə aləm ağlar”, “Alimin mürəkkəbi şəhid qanı kimi müqəddəsdir” deyib nənə-babalar. Şeyx Mirmöhsüm ağa belə alimlərdəndi. Onu əsrin əvvəllərində elmiylə şöhrət qazanmış Axund Əbu Turab, Şeyx Yusif Talıbzadə, Mirməhəmməd Kərim ağa və b. kimi alim və fazil şəxslərlə yanaşı xatırlatmaq vacibdir.
Şeyximə, müəllimimə Allahdan rəhmət arzulayıram.
Bakı, avqust 1997
Universitet müəllimlərim13
Azərbaycan Dövlət Universitetinin 70 yaşı tamam olur. Bizim S.M.Kirov adına Qırmızı Əmək bayrağı ordenli universitetimizi14 müharibədən əvvəl və sonrakı illərdə bitirmiş və indi çoxu təqaüdçü, əmək veteranı olan, bir qismi isə hələ də fəaliyyət göstərən sabiq tələbələrin, demək olar ki, yaşıdıdır universitetimiz.
Universitetimizlə bir ildə, bir gündə anadan olanlarımız var. Universitetimizlə bir gündə, bir ildə əmək fəaliyyətinə başlayanlarımız köçüb, qovuşub əbədiyyətə. Bizim üçün o zamanlar arzuların ən ucası, arzular arzusuydu. Elm ocağına qədəm qoyduğumuz gün tanıdığımız, hələ ondan çox-çox əvvəl bədii və elmi, populyar əsərləri, tədqiqatları, tənqidi məqalələri ilə tanıdığımız, səslərini radio dalğalarında eşidib üzlərini görmədiyimiz alimlər müəllimlərimiz olacaqdı, əlimizə elmin açarını verəcək, bilmədiyimizi öyrədəcək, yazmaq, yaratmaq bacarığımızla həvəsimizi mükəmməlləşdirəcək, elm göylərində uça bilmək üçün qanad verəcək, tədqiqat masasının ardında əyləşib tarixin, ədəbiyyatın dərinliklərinə dala bilmək üçün səbirli olmaq öyrədəcəkdilər. Öyrəndiklərimizi başqalarına da verə bilmək üçün el-günümüzə, onun tarixinə, ədəbiyyatına, çoxəsrlik mədəniyyət dünyasına dalmaq, almaq və qaytara bilmək səbatı təlqin edəcəkdilər bizə.
Əməllərimiz uca olduğu kimi, müəllimlərimizə, professorlarımıza məhəbbətimiz də ölçüyə gəlməz idi. Kimləri tanıdıq universitetə daxil olduğumuz günlərdə? Əli Sultanlı, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Həbib Səmədzadə, Cəfər Xəndan, İsmayıl Əfəndiyev, Ə.Dəmirçizadə, Şamil Məmmədbəyli, Arif Dadaşzadə, Ə.Sumbatzadə, Heydər Hüseynov, Makovelski, M.Şirəliyev, Reçitskaya, Mir Cəlal, M.C.Cəfərov, M.H.Təhmasib… Saya qalsa, böyük bir siyahı alınar və çoxunu mətbuatdan tanıyır, əsərləri ilə sevirdik. Evdə, çöl-bayırda rast gəldiklərimizə bizə kimlərin dərs deyəcəyini qabarmış sinəmizi dolduran iftixar hissiylə söyləyirdik, tərifdən yorulmurduq. Şekspir deyib ki, “əgər sən sevdiyinin tərifi ilə dinləyiciləri yormamısansa, deməli, sevməmisən”. Biz də müəllimlərimizi sevirdik, dinləyicilərimizi yoranacan danışırdıq onlardan.
Geyimimizdə, davranışımızda, danışığımızda onlara bənzəmək istəyir, biliklərini öyrənmək, məhəbbətlərini qazanmaq üçün qabıqdan çıxırdıq. Təqlid edirdik mühazirə, danışıq maneralarını. Gələcəkdə onlar kimi, onlara bənzər müəllim, alim olmaq ən böyük arzumuz idi. Onlar buna layiq idilər. Onlar “mənim-sənin adamın” ifadələrini bilmirdilər. Kimin adamı, haralı olduğumuzdan xəbərsiz, biliyimizə qiymət verirdilər. Bacarıqlını, yaxşı oxuyanı cürətlə irəli çəkir, əzizləyir, inkişafına səy göstərirdilər. Onların harada, necə və nə yediklərini, papiros çəkib-çəkmədiklərini bilmirdik, yersiz danışıb-gülməklərini, qeybətlərini görüb-eşitməmişdik. Nəzərimizdə ən yaxşı, ən qüsursuz insanlar, atalarımız, böyük qardaşlarımız, inandığımız mürəbbilərimiz – müəllimlərimiz idilər.
Professor Rəfilinin dəbdəbəli, təmtəraqlı, heyranedici mühazirələri, Əli Sultanlının Bayron, Şiller, Şekspir yaradıcılığından əsl aktyor məharətilə verdiyi bədii lövhələr, F.Qasımzadənin hərtərəfli, geniş, əhatəli, ən xırda detalları, unudulmuş şəxsiyyətləri də əhatə edən duzlu söhbətləri, İ.Əfəndiyevin yarıhənək-yarıgerçək beynimizə “mıxlamaq” istədiyi “təriflər” unudulmaz idi və indinin özündə də həmin səslər, həmin mülahizələr sabiq tələbələrin qulağında səslənir.
Müharibə qurtarar-qurtarmaz dərs dediyim kənd məktəbindən Bakıya döndüm, ali təhsil almalıydım. Əlbəttə, universitetin filologiya fakültəsinə daxil oldum: 1945-1946-cı dərs ili idi. Heç üç ay məftunu, acı olduğum mühazirələri dinləməmişdim ki, əlimdə ərəb əlifbası ilə kitab “tutduqları” üçün universitetdən bayıra atıldım. Az qala bütün ümidlərim boşa çıxırdı. Dekan müavinimiz Həbibulla Səmədzadə, xüsusilə, onunla söhbətdən sonra rektorumuz professor Abdulla Qarayev imdadıma çatdı. Məni qaytardılar yerimə, amma gözəl alim, tədqiqatçı və dərin düşüncəli pedaqoq olan Həbibulla Səmədzadə mənə məsləhət gördü ki, o zaman mən vəziyyətdə olanlar da daxil olmaqla, müharibədən qayıdanlar üçün təşkil olunan ekstern yolu ilə qurtarım universiteti. Həbibulla müəllim mənə dedi: “Qız, o dil, o xasiyyət ki səndə var, səni buradan çıxaranlar yenidən bir bəhanə taparlar. Sən yenə də dilini saxlamayıb dilləşərsən, bu dəfə heç kəs köməyinə gələ bilməz. Hazırlığın var, neçə ilin müəllimisən, eksternə keç, o yaxşıdır”. Rəhmət olsun sənə, əziz müəllimim. Onsuz da, ailə vəziyyətimiz elə idi ki, işləməyə məcbur idim, əyani oxusaydım.... Yaxşısı budur, müəllimlərimizdən danışım. Ekstern imtahan verdiyim aylarda müəllimlərim, xüsusilə, Əli Sultanlı, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Mir Cəlal mənə necə bələd oldularsa, altı-yeddi ay ərzində bütün imtahanları qurtara bilməyimi də nəzərə alıb özləri məni aspiranturaya məsləhət gördülər.
Aspiranturaya imtahanları Xalq yazıçısı İsmayıl Şıxlı ilə birlikdə verirdik. Bu imtahan prossesini hörmətli yazıçımız “Mənim rəqibim” hekayəsində təsvir etdiyindən və bizim hər ikimizin aspiranturaya girə bilməyimiz üçün istəkli müəllimimiz Əli Sultanlının çəkdiyi zəhməti layiqiylə təsvir etdiyindən o hadisəyə toxunmuram. Yalnız onu demək istəyirəm ki, Əli müəllim heç birimizi itirmək istəmirdi. Yer isə bir idi. İndi zaman çox dəyişilib, təəssüf ki, zamanla birlikdə insan əxlaqında da elə çalarlar meydana gəlib ki, hazırda cürət edib bir aspirantı beləcə müdafiə etsən, dərhal natəmizlər təmizi ləkələməyə çalışar, “görəsən, yerlisidi, qohumudu, nədi? Ya da “nə mənfəətisə var ki, əlləşir” – deyərlər. O vaxt isə bizim müəllimlər belə ləkələrdən arı idilər. Çünki qohum-dost, tanış-biliş, natəmizlik kimi mənfiliklərdən uzaq idilər. Elm üçün, özləri üçün ləyaqətli bildikləri, istedadına əmin olduqları əvəz, davamçı, kadr hazırlamaq məqsədi güdürdülər. Bu ali məqsəddən özgə işləri yox idi.
Müəllimlərimiz olduqca xeyirxah idi, tələbə və aspirantların həyatı, ehtiyacı həmişə onları düşündürür, əllərindən gələn yardımı edirdilər. Aspiranturada oxuduğum illərdə (1947-1950) hələ ölkə özünə gəlməmişdi, müharibənin yaralarını sağaldırdı, vəziyyət ağır idi. Həm oxuyur, həm işləyirdim. Cismən çox zəif olmağım müəllimlərim və aspirant yoldaşlarımın nəzərindən qaçmamışdı. Xəbərim olmadan mənə istirahət evinə putyovka düzəldib yola saldılar.
Müəllimlərimiz bizi gündən güneyləyir, yağışdan daldalayırdılar. Amma cismən. Elmdə isə heç bir güzəşt etmirdilər. Yazdığımız əsərləri tez oxuyur, bizi süründürməyə salmır, görüşüb ətraflı söhbət edir, qüsurlarımızı başa salır, uğurlarımızı da təmkinlə söyləyib bizi qanadlandırırdılar. Elə buna görə də universitetin o illərdəki aspirantları cərgəsindən Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Gülçöhrə Rəhimova, Rəhim Nağıyev, Qoşqar Əhmədov, Rəhim Hüseynov kimi alimlər yetişdi. Sonuncular texniki elmlər sahəsindən olsalar da, rus, xarici dil, fəlsəfə və tarix dərslərini birlikdə keçir, minimumları birlikdə verirdik. Minimumlar da çox və mürəkkəb idi. Biz Azərbaycan ədəbiyyatı tarixini ixtisas fənni kimi keçir, bundan başqa tarix-fəlsəfə, ərəb dili, fars dili (mərhum müəllimimiz Əli Azərinin zəhmətini unutmaq olmaz), rus və ingilis dillərində hazırlaşırdıq. Axı universitet özü üçün müəllim, elm üçün tədqiqatçılar hazırlayırdı. Əsl kadrlar. Və onların heç birini tapşıran, heç biri üçün üzgörənlik edən yox idi.
Biz də həm universitetin, həm də müəllimlərimizin qayğılarına layiq olmağa, zəhmətlərini itirməməyə, istədikləri səviyyədə davamçıları olmağa çalışırdıq. Bir-birimizdən öyrənməyə, bir-birimizə kömək etməyə can atır, minimumları bir yerdə hazırlayırdıq. Birimizin tanımadığı, tapmadığı mənbəni o biri tapanda hamımız bundan istifadə edirdik.
Universitetimiz bizə ümidlə, gələcəyin alim-müəllimləri kimi baxırdı. Bizim üçün isə universitetimiz doğma ata yurdu, ata ocağı, ana qucağı idi.
Bir dəfə “məni çox istəyənlərdən biri” elmi rəhbərim F.Qasımzadəyə pıçıldayır ki, “o dissertasiyasını özü yazmır”. Hər şeydə yaxın dostu Əli Sultanlı ilə məsləhətləşən elmi rəhbərim bu fikri ona dedikdə Əli müəllim söyləyir: “Yox, ola bilməz, diplom rəhbəri olmuşam. N.Vəzirovu yazırdı. Fikirlərində səhv də olsa, orjinaldı, özünündü” – deyir və hər şeyi öz gözləri ilə görüb, öz əli ilə yoxlamasa, özü oxumasa, heç bir “görmüşəm”ə inanmayan Mirzə Feyzulla müəllim məni sınamaq üçün görüşəndə suallar verməyə başladı: “Cizyə nədir? və s. kimi. Axı mövzum M.F.Axundovun “Kəmalüddövlə məktubları” ilə əlaqədar idi. Maarifçi ziyalı-gənc surətlərini yazırdım. Suallarına təəccüb elədim, bunu görüb mənə bir mövzu və bir neçə vərəq verdi, aralıda əyləşib nə isə oxumağa başladı. Bir qədər sonra yazdığımı oxudum ona. Görünür, razı qalmışdı. Sonra özünün xısın-xırda təbəssümü ilə Əli müəllimlə söhbətini mənə danışdı. Bundan, bu imtahandan sonra övladına çevrildim. Xanımı Tubu bacı biz aspirantlara qapı açıb çay verməkdən yorulmuşdumu, ya yox, bilmirəm. Amma bizi həmişə mehribanlıqla qarşılar, uğurumuza sevinərdi.
Bizim o əziz, o qayğıkeş müəllimlərimizin, istəkli professorlarımızın yetişdirmələri indi yeni binalarda, daha geniş, işıqlı otaqlarda dərs alan tələbələrə mühazirələr oxuyur və əməklərinin zaya getmədiyinə şadam. O illərin aspirant və dissertantları, o illərin məzunları indi hər gün universitetin qapılarından girib-çıxdıqca, “ruhunuz şad olsun, gözəl əvəz hazırlamısınız” – deyə düşünür. Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Tofiq Hacıyev, Abdulla Abbasov, Pənah Xəliov, Vaqif Vəliyev, Azad Nəbiyev, Kamil Vəliyev… Siyahını uzatmaq olar. Amma ehtiyac görmürəm. Azərbaycan elminin müqəddəs ocağı, universitetimiz, onun dil və ədəbiyyat – filologiya ilə bağlı kafedraları, dekanlıq etibarlı, hazırlıqlı, bacarıqlı əllərdədir.
Xüsusilə, son bir-iki ildə Azərbaycan dili, qədim ərəb əlifbasına əsaslanan Azərbaycan əlifbasının gənc nəslə öyrədilməsi (həmin əlifbaya görə universitetdən çıxarılmışdım) uğrunda mübarizədə, qərarların həyata keçirilməsində universitet professor və müəllimlərinin müstəsna rolu olub.
Bir daha ruhunuz şad olsun, əziz müəllimlərimiz. Təəssüf ki, hələ də arzularınızı tam həyata keçirmək üçün bugünki imkanlarımızdan, aşkarlıq və demokratiyanın verdiyi imkanlardan lazımınca istifadə edə bilmirik. Ümid yaxşı şeydir. Ölkəmizdə gedən yenidənqurma imkanlarımızı genişləndirir. İnanıram ki, orta təhsil məktəblərinə və Azərbaycan dil-ədəbiyyat tarixi-filologiya elminin inkişafı üçün daha layiqli, elmi hazırlığı olan kadrlar yetişdirəcəyik. Bu, vəsiyyətiniz və hazırladığınız alimlərin, müəllimlərin müqəddəs arzusu və vəzifəsidir.
Beləliklə, təkcə universitetin adlı-sanlı professor və müəllim heyətinin deyil, hətta onların ailələrinin də qayğısını hiss edirdik.
Müəllimlərimiz, doğma universitetimiz bizi təzəcə pöhrə verən, amma küləyə-yağışa-tufana davamlı ağaclar kimi böyüdür, yetişdirir, qayğımıza qalırdı.
Universitet müəllimlərimizin insaniyyəti, dərin bilik verən mühazirələri, sözlərinin ahəngi, davranışlarındakı mədəniyyəti, ata qayğısı, hətta geyim- keçimləri belə bizim üçün indinin özündə də örnəkdir. Onlar kimi olmaq, tələbələrimizə onlar kimi məzmunlu dərs vermək, laqqırtıdan, qeybətdən, kin-küdurətdən, yüngüllükdən uzaq olmaq, bir-birinə dost əli uzatmaq indi də qəlbimizdə onların əziz öyüdü kimi yurd salıb. Hərdən mənə rəy üçün və ya opponentlik üçün əsər, dissertasiya gətirəndə öz işlərimi yarımçıq qoyur, tez oxumağa çalışır, obyektiv rəy verəndə müəllif təşəkkür etməyə başlayır. Deyirəm: “Mənə təşəkkür eləməyin. Professorlarımız Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Xəndan, Həbibulla Səmədzadə kimi əsl alimlərə rəhmət oxuyun. Onlar mənim yazılarımı tez oxuyub, məni “qapı dalında qoymayıb”, obyektiv rəy veriblər. Mən də onlardan öyrənmişəm, onların şagirdiyəm. Rəhmət oxuyun onlara. Bizə belə olmağı onlar öyrədiblər”.
Bu gün universitetin 70 illiyi bayram ediləndə siz o cərgədə, tribunlarda olmayacaqsınız. Əziz müəllimlərimiz, sizin yeriniz idi o yerlər. İndi bu yerlərdə sizin əməyinizlə yetişənlər əyləşəcək. Ruhunuz şad olsun. Anam torpaq pərqu olsun sizə: universitetimizin bayramıdır.
Əzizə CƏFƏRZADƏ
C.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin professoru
İyul 1989
Məmmədcəfər müəllim – Məmmədcəfər Cəfərov15
Məmmədcəfər müəllim haqqında yazmaq olduqca çətin və məsuliyyətli işdir. Nə qədər onu yaxından tanısaq da, mehriban, nəvazişli təbəssümləri, təmkinli baxışlarıyla dilinə gətirmədiyi qüsurlarımızı islah etsə də, qorxmadan, çəkinmədən yaratdığı şəraitə uyğun hər dərdimizi ona söyləyə bilsək də, yenə aramızda keçilməz hörmət, məhəbbət, bəlkə də, heyranlıq, pərəstiş qalası vardı.
Məmmədcəfər müəllim təkcə obyektiv olduğu qədər qayğıkeş, münəqqid deyildi.
Məmmədcəfər müəllim təkcə “Füzulisevər” dünyasına öz ecazkar tədqiqi əsərləriylə bizi poeziyamızın, ümumiyyətlə, ədəbiyyatımızın dərinliklərinə, möcüzələrinə aparan tədqiqatçı deyildi.
Məmmədcəfər müəllim təkcə şirin və kəskin yumor, satira mühakiməsinə malik – Mirzə Cəlil, Sabir davamçısı, övladı deyərdim – deyildi.
Məmmədcəfər müəllim təkcə səmimi, ürəklərə nüfuz edə bilən dərdlərini, qayğılarını bölüşən, ağıllı məsləhətləriylə yardım, həm də gözə soxmayan yardım edən dost deyildi.
Təvazökar idi, öz qanuni haqqını belə istəməyə utanan, olduqca nəcib insan idi, filosof idi, yaş fərqinə varmadan əsl insani, bəşəri məhəbbətlə sevən, sevə bilən ər kişiydi.
Məmmədcəfər müəllim mənə dərs deməyib, universiteti ekstern yoluyla bitirdiyimdən mühazirələrini dinləmək səadəti qismət olmayıb. Soruşa bilərsiniz ki, bəs bayaqdan saydıqlarımı hardan, nədən bilirəm? Dekanımız olub, opponentim olub, iş başında tez-tez görüşmüşük, müsahib olmuşuq. Ümumi tanışlarımızın xeyrində, şərində birgə iştirak etmişik. Nə qədər ipə-ilməyə yatmayan tələbə, aspirant, sonra da müəllim olmuşamsa, bir o qədər də ümid bəslədiyi tələbə kimi qayğısını görmüşəm. Yetişməmdə əvəzsiz rolu olub. Təkcə opponent kimi deyil, həm də gözəgörünməz, istiqamətverici hərəkətlərilə bu günümü hazırlayan müəllimlərimdən Həmid Araslı, M.Quluzadə, Əli Sultanlı, Cəfər Xəndan, F.Qasımzadə kimi müəllimlərimdən biri, bəlkə də, birincisiydi Məmmədcəfər müəllim. Kimim-kimsəm yoxuydu, o zamankı müəllimlər kiminsə xahişi, tapşırığı və s. ilə deyil, məhz ümid bəslədiyi, gələcəyinə inandığı, millət üçün xeyir verən olacağına əmin olduqları gəncin qollarından tutub dayaq olur, irəlilədirdilər.
Bu ümumi, bu gün üçün zəruri məsələdən sonra Məmmədcəfər müəllimin hafizəmdə xüsusilə qalmış iki kiçik, zahirən dəyərsiz, amma əziz müəllimimizin xarakterini daha yaxşı anlamaqçün əhəmiyyətli epizodlardan ikisini xatırlamaq istəyirəm.
Müdafiəmdən bir qədər sonra dekanlıqdaydım, söhbət mühasibatlıqdan düşdü. Məmmədcəfər müəllim mənə dedi:
– Qız, sən cürətlisən, bir öyrən, gör, onlar mənə nə qədər borcludurlar?
Mühasibatlığa gedənəcən bu borcun nədən ibarət olduğunu bilmirdim. Deməmişdi. Burada öyrəndim ki, opponentlər bizim müdafiəmizçün, sən demə, hər birinə 18 manat pul almalıymış. Məmmədcəfər müəllim onlarla dissertanta opponent olduğu halda bircə dəfə də gedib haqqını istəməyib. İcraçıların da insafı kəsilsin, başqası gəlib bir müdafiə haqqını aldığı halda Məmmədcəfər müəllim mühasibatlığı narahat eləməyib, onların da insafına soyuq dəyib. Özləri görəsi işi bizlənmədən görməyiblər.
Beləydi Məmmədcəfər müəllim, elə bilməyin ki, milyonçuydu, hardasa başqa gəliri vardı, yo-o-ox, sadəcə Məmmədcəfər müəllimdi.
İkinci epizod Xalq şairi Bəxtiyar Vahabzadənin toyu ilə bağlıdır. Həmin toyda universitetin, ümumiyyətlə, o dövrün – elmimizin, ədəbiyyatımızın bir çox görkəmli nümayəndəsi iştirak edirdi. Əlbəttə, Bəxtiyarın aspirantura yoldaşları, tay-tuşları və qələm dostları da burdaydı.
Məmmədcəfər müəllim tanınmış, sevilən müəllimlərimiz, alim və ədəbiyyatşünaslarla bir cərgədə əyləşmişdi. Qardaşım, xeyirxah dostum Məsud Əlioğluyla yanaşı oturub, əlbəttə, danışan, sağlıq deyən ulularımızı maraqla dinləyir, hər şeyi dörd gözlə müşahidə edirdik.
Toyda müxtəlif millətlərin nümayəndələrindən də vardı. Gözəl qadınlar əlvan toy libasında sanki gözəllik yarışına çıxmışdılar. Bu qadınlardan biri yerindən qalxıb çalğıçılara yanaşdı, nə pıçıldadısa, çalğıçılar onun istədiyi havanı çalmağa və gözəl xanım da oxumağa başladı. Xanəndə deyildi, amma elə gözəl, elə ürəyəyatımlı səslə elə bir lirik mahnı oxuyurdu ki, hamımız donub səsin sehrinə dalmışdıq, bütün qonaqlar. Hətta bəy Bəxtiyarla, onun ürəklər bəzəyi, qaymaq kimi ağ-zərif gəlini Dilarə xanım da.
Birdən gözüm istəkli müəllimimizə sataşdı. Mən, deyəsən, elə Məsud qardaşım da onun baxışlarında elə bir məftunluq, elə bir gözəlliyə pərəstiş duyduq ki… Sanki o indicə yerindən qalxıb bu misilsiz ifa sahibini, Allahın xoş saatda, yaradıcı qələmi cuşa gələndə xəlq etdiyi ifaçını pərəstiş səcdəsi edəcəkdi.
Mahnı bitdi, qadın yerinə qayıtdı, amma heç kim ecazkar təsirdən ayıla bilmirdi. Sözsüz, bir kəlmə də danışmadan Məsud Əlioğlu qardaşımla vədələşdik: o bəxtiyar gecədə müəllimimizi evinə qədər biz müşayiət etdik. Maşınımız yox idi. Piyada gedirdik. İkicə sözü təkrar eşidərək: Bu səs… bu ifa… Vəssalam. Heyrətamiz heç nə yoxdur. Məgər sevdiyi Füzuli gözəllik qarşısında baş əyməyib?
Heç vaxt unutmayacağıq Məmmədcəfər müəllimi, ədəbi, fəlsəfi satirik araşdırmalarıyla. Ədəbiyyat, məhəbbət həmişə sənə yoldaş olub, müəllimimiz. Tanrımız səndən rəhmətini kəsməsin.
Bakı, 2001
Şair, alim, müəllim – Cəfər Xəndan16
“Penisillin”i icad etmiş ingilis alimi Fleminq demişdi: “Xoşbəxt o şagirddir ki, müəlliminin qapısı onun üzünə açıq olub”. Bizim nəsil də məhz belə xoşbəxt şagirdlər olmuşuq: müəllimlərimizdən akademik Feyzulla Qasımzadənin, professorlar Əli Sultanlı və Cəfər Xəndanın qapısı da, qəlbi də, elmi-biliyi də həmişə üzümüzə açıq olub.
Cəfər Xəndan – dekanımız, prorektorumuz, otuz səkkiz yaşlı rektorumuz. Başlıcası, müəllimimiz. Gözümüzün qabağında, universitetdə oxuduğumuz illər boyu pillə-pillə elmin, ictimai həyatın zirvələrinə ucalan bu mehriban insan. Hər şeydən əvvəl insan, hərtərəfli biliyə malik alim, şair, tərcüməçi, ictimai xadim. Gülümsər, mehriban, qayğıkeş müəllim. Onun haqqında dilimizdəki-dünyadakı bütün xoş sözləri demək olar. Gözəl simasına vurğun-vurğun baxmaq olardı. Gözəl nitq qabiliyyəti, yüksək pafosu, səsinin ürəyəyatımlı, məlahətli ahəngi, hər biri qəlbə nüfuz edən mühazirələrini saatlarla dinləməkdən doymaz və dinlədiklərimizi də heç vaxt unutmazdıq. Unutmarıq da. Axı biz onun “şparqalkasız” sinədən söylədiyi mühazirələrə, kəskin hafizəsi sayəsində əzbərdən dediyi şeirlərə qulaq asdıqca bir mühazirəçi kimi ona bənzəmək istərdik. Ona, bir də Əli Sultanlıya. Bir qədər sənətkar aktyor yapışığı, təsir gücü var idi bu mühazirələrdə. Tədqiqi əsərlərində və məqalələrində olduğu kimi mühazirələrində də elmi dərinliklə yanaşı bədiilik var idi. Hər bir şairin dövrünü, fəaliyyətinin mühüm cəhətlərilə yaradıcılıq xüsusiyyətlərini, bədii sözə münasibətini əsl alim obyektivliyi ilə heç kəsə üz görmədən, güzəştə getmədən təhlil edirdi. İstər Azərbaycan klassik ədəbiyyatının görkəmli tanınmış şəxsiyyətləri olsun, istərsə də gündə görüb-tanıdığı, dostu-müsahibi olan, çörək kəsdiyi əməl yoldaşları Süleyman Rəhimov, Sabit Rəhman, Əbülhəsən, hətta ürək dostu Səməd Vurğun olsun. Mühazirələrdə və kitablarında biz onun bir kəlmə də alim vicdanının səsi əleyhinə gedib kiməsə güzəştə getdiyini, qeyri-obyektiv danışdığını görmədik, eşitmədik, oxumadıq. Qayğının, məhəbbətin öz yeri var idi onun yanında, obyektivliyin öz yeri. Kamil bildiyi şərq poeziyası, ərəb-fars-türk dillərinə dərindən aşinalığı mühazirələrinə elmi dərinlik ilə yanaşı xoş bədiilik gətirirdi. Nizami, Firdovsi, Xəyyam, Sədi, Namiq Kamal, Ə.Hamid, Tofiq Fikrət, Məhəmməd Hadi, M.Ə.Sabir, Hüseyn Cavid, Mikayıl Müşfiq və bütün xatirələrdə dostluğu yad edilən Səməd Vurğun şeirlərini əzbərdən söylər, heç bir kitaba-dəftərə müraciət etməzdi. Mikayıl Müşfiqdən, yaradıcılığının çox erkən məhv olmasından və az yaşında necə zəngin irs qoyub getməsindən yana-yana danışardı. Təsadüfi deyil ki, Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanı da məhz Cəfər Xəndan yazmışdı. Azərbaycan poeziyasının vurğunu idi. Ömrünü bu poeziyanın böyük nümayəndələrindən biri Mirzə Ələkbər Sabirin yaradıcılığının tədqiqinə həsr etmiş, bu mövzuya dönə-dönə qayıtmşdı. M.Ə.Sabir yaradıcılığına çoxları müraciət etsə də, Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən ilk dəfə məhz Cəfər Xəndan danışmışdı. İlk “Sovet ədəbiyyatı” dərsliyini, ilk XX əsr Azərbaycan ədəbiyyatı tarixini də o yazmışdı. Televiziya Mədəniyyət Universitetini də o təşkil etmiş və burada ilk mühazirələri oxumuşdu. Cəfər Xəndanın yaradıcılığında bu “ilk dəfə” sözünə o qədər rast gələrsiniz ki…
Yerevanda tanınmış ziyalı və ədəbiyyat pərəstişkarı Zeynalabdin müəllimin ailəsində dünyaya gəlmişdi. Sonralar Kirovabad (Gəncə) uşaq evində böyüsə də, səkkiz yaşında ikən itirdiyi atasının ədəbiyyata marağı qanına hopmuşdu. Bəlkə də, buna görəydi ki, ilk yaradıcılığa şeirlə başlamışdı. Birinci kitabı “Bəyaz gecələr” idi və maraqlıdır ki, bu şairanə kitabın redaktoru Cəfər Xəndanın qəlbən sevdiyi bir şair – Mikayıl Müşfiq idi.
Bədii yaradıcılıq sahəsində Cəfər Xəndan həm də gözəl mütərcim idi. Tərcümələri üzərində də öz şeiri, öz əsəri üzərində çalışan kimi çalışdığı aydın idi. Elə buna görə də klassik poeziya, xüsusilə, Nizaminin lirik-həzin-aşiqanə qəzəllərinin tərcüməsi Cəfər Xəndan yaradıcılığında mühüm yer tuturdu. Bu qəzəllər ölümsüz Üzeyir Hacıbəyovun melodiyalarında Nizami sözlərini hər bir azərbaycanlının dillər əzbəri etdi. ”Sevgili canan”, Bülbülün və Üzeyir Hacıbəyovun tabutu başında oxunan “Sənsiz” Cəfər Xəndanın dili ilə söylənən, təğənni17 edilən rekviem kimi səslənirdi. Cəfər Xəndan şair Nizaminin bəşəri kədərini dürüst, candan duya bilmiş, onun qələminə layiq misralarda dilləndirə bilmişdi. Cəfər Xəndanın klassik poeziya ilə bağlılığı təkcə bunlarla və klassik poeziyanın ayrı-ayrı görkəmli şəxsiyyətləri haqqında yazdığı məqalələr, oçerk və tədqiqatlarla bitmirdi. Bu maraq onu daha geniş tema ilə bağlayırdı. Az öyrənilmiş, bəlkə də, heç tədqiq edilməmiş Cənub və Cənub poeziyası Cəfər Xəndan yaradıcılığında həm alim, həm də şair kimi mühüm yer tuturdu.
416-cı Taqanroq atıcı diviziyasında komissar kimi cəbhələrdən keçən azərbaycanlı əsgərlərə atalıq qayğısı göstərən Cəfər Xəndan 1945-ci ildə qələbədən sonra mayor rütbəsi ilə cəbhədən qayıdanda onun mütənasib boy-buxununa yaraşan hərbi geyiminin döşünü Qızıl Ulduz ordeni və çoxlu döyüş medalları bəzəyirdi. “Silahı qələmlə əvəz etdi” demirəm, çünki orduda da qələmi yerə qoymamışdı. Faşizmə nifrət, qələbəmizə inam yaradan şeirlər, məqalələr yazırdı. Qayıdan kimi də Cənub mövzusu bu illər yaradıcılığının leytmotivinə, sonra isə dissertasiya mövzusuna çevrildi. İran Azərbaycanının poeziyasını tədqiqata belə başladı.
1950-1958-ci illər arasında universitetdə prorektor, rektor işlədiyi illərdə yazdığı saysız-hesabsız məqalə, oçerk, şeir, tərcümə və s. ilə yanaşı çap etdirdiyi kitabların təkcə siyahısına nəzər salsaq, necə deyərlər, adamın gözü qaranlıq gətirər, həm də elə il var ki, hərəsinə iki kitab düşür.
1950-ci ildə “Azərbaycan Dövlət ədəbiyyatı”, 2 cilddə, 570 səhifə, 1951-ci ildə “XX əsr Azərbaycan ədəbiyyatı”, 1952-ci ildə “Sovet ədəbiyyatı”, 2 cilddə, 1954-cü ildə C.Cabbarlı haqqında monoqrafiya, 1955-ci ildə “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”, 500 səhifə, 1956-cı ildə “Molla Nəsrəddin” jurnalı haqqında monoqrafiya, 1958-ci ildə “Mir Cəlal haqqında”, və s. Ümumiyyətlə, Cəfər Xəndanın sağlığında altmışdan ziyadə kitabı, elmi tədqiqi monoqrafiyaları və dərslikləri dərc olunub. Partiya və hökumətimiz onun məhz bu xidmətini nəzərə alıb ki, bu il 70 illik yubileyi münasibəti ilə onun seçilmiş əsərlərinin iki cildliyi “Yazıçı” nəşriyyatı tərəfindən yubileyə töhfə kimi çap edilir.
Professor Cəfər Xəndan təkcə tədqiqatçı alim kimi deyil, həm də elmi kadrların yetişdirilməsinə xüsusi qayğı göstərirdi. Heç də gizli deyil ki, müharibədən sonra Azərbaycan elminin belə kadrlara böyük ehtiyacı var idi. Cəfər Xəndan böyük həvəs, eyni zamanda təmkinlə bu kadrların yetişməsinə əmək sərf edir, gənclərə elmi rəhbərlikdən, nisbətən yaşlı alimlərə opponent, məsləhətçi olmaqdan heç vaxt imtina etmirdi. Onlarla elmlər doktoru və əllidən ziyadə namizəd yetişdirmişdi. Opponenti olduğu alimlər içərisində akademiklərimizdən Məmməd Arif, Feyzulla Qasımzadə, M.C.Cəfərov, Həmid Araslı, Əziz Mirəhmədov, filologiya elmləri doktorlarından Məsud Əlioğlu, K.Talıbzadə, B.Vahabzadə, Qulu Xəlilov, Bəkir Nəbiyev, Təhsin Mütəllimov və onlarla başqaları da var. Mənim də opponentim istəkli professorumuz Cəfər Xəndan olub. Özü də nə qədər nəcib insan idi. Əsərimizi aylarla saxlayıb ürəyimizi üzməzdi. Qüsurlarımızı təkcə göstərməklə kifayətlənməz, bu qüsurları görüb, başa düşüb, təshih etməyimizi də istər, yardım edərdi. Sonra da həvəsləndirən rəy verərdi. İndi ara-sıra mənə oxumaq, rəy vermək üçün məqalə, elmi-tədqiqat işi gətirəndə çalışıram ki, müəllimim, professorum kimi tez oxuyum. Təşəkkür edəndə, “mənə etmə” – deyirəm. “Mənə təşəkkür etmə. Müəllimlərim belə olub. Əli Sultanlı, Feyzulla Qasımzadə, Cəfər Xəndan bizim əsərlərimizi belə oxuyublar. Onları xoş sözlə yad edin. Məncə, bu, bütün şagirdlərinə bəs edər, eləcə mənə də”.
Əlli yaşına çatmamış bir neçə insan ömrünə kifayət olan qədər iş görüb həyatdan gedən istəkli müəllimimizin minnətdar şagirdlərindən biri – Hüseyn Arif gözəl deyib, yana-yana deyib:
Yaşımız əllini keçmişdir artıq,
O isə əlliyə yetmədi, getdi.
Təsəllimiz budur ki, təkcə Azərbaycan üçün deyil, Sovet İttifaqının bir sıra başqa respublikaları üçün də elmi kadrlar yetişməsində məsləhətçi və opponent kimi yaxından iştirak edən əvəzsiz professorumuz Cəfər Xəndan təkcə şagirdlər deyil, həm də zəngin bir irs qoyub gedib ki, onun hər bir sözü, fikri bu gün də yeni nəslin tərbiyələndirilməsi işinə xidmət edir və xalqımızın ölməz oğulları ilə yanaşı yaşayır.
Bakı, 14 may 1980
YAZIÇILAR
Şaiq Əfəndi (Abdulla Şaiq)18
Biz, ondakı uşaq-muşaq, böyük hörmət və ehtiramla gözəl uşaq şeirlərinin müəllifi, yazıçı, dramaturq, alim Abdulla Şaiqi belə adlandırar, ona məhz belə müraciət edərdik. Bir də Azərbaycan tarixi romanının korifeyi, ağsaqqalı Məmməd Səid Ordubadini “Səid Əfəndi”.
Bizim nəsil Abdulla Şaiqin şeirləriylə, oynaq, incə, uşaq anlayışına olduqca yaxın şeirləriylə dil açmışdıq. Hamısını analarımız, 20-ci illərdən əvvəl təhsil almış, “Dəbistan”, “Məktəb” və s. kimi uşaq jurnalları, “Bəsirətül-ətfal”, “Uşaq gözlüyü”, “İkinci il”, “Gülzar” kimi Şaiq pedaqoqun dərsliklərindən həyata qədəm qoymuş analarımız öyrətmişdi bu şeirlərini bizə. Anam onun “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi əsərlərini bizə yaddaşdan söylər, əzbərlətdirər, dilimizin qüsurlu olmamasına çalışardı, Şaiq Əfəndinin ecazkar misralarıyla.
Sonradan məktəbliykən o zamankı “Gənc Tamaşaçılar Teatrına” ayaq açdıqdan sonra Şaiq Əfəndinin “Xasay”, “El oğlu”, “Vətən”, “Qaraca qız”, “Fitnə” və başqa dramlarının tamaşasına gedir, dönə-dönə tamaşa etdiyimiz bu əsərlər bizə vətəni sevməyi, igid, düzgün olmağı öyrədirdi. Uşaqlığımızdan başlayaraq Şaiq Əfəndi gənclik illərimizəcən bizim müəllimimiz idi. Bizim nəslin.
Sonralar Yazıçılar İttifaqına getdikdə və orada mehriban, gülən simalı, incə hərəkətli Abdulla Şaiqi gördükdə ona böyük ehtiramla, üsulluca salam verir, məhəbbətlə baxırdıq. O, elə insan idi ki, onu görəndə, seyr edəndə adam özü də qeyri-ixtiyari üsullaşır, zərifləşirdi. Əlbəttə, bizim o zamankı gənclik arasında milli xüsusiyyətlərimiz olan böyüyə hörmət Şaiq Əfəndiyə qarşı xüsusi əhəmiyyət alırdı. Biz ona təkcə salam verə bilirdik, danışmağa, nəsə soruşmağa cürət etmirdik. Qorxudan deyil, dedim ki, o bizə şəfqətlə elə baxırdı ki, qeyri-ixtiyarı ona hörmətimizdən inanın ki, dilimiz tutulurdu, bəlkə.
Şaiq Əfəndigillə bir məhəllədə olurduq. İndi həmin o “Yuxarı dağlıq küçəsi” Abdulla Şaiq adını daşımaq şərəfinə nail olub. Amma bir məhəllədə yaşasaq da, böyük-kiçik hörməti o tərəfə baxmağımıza da mane olurdu. Bilirdim ki, qibləm o tərəfədi. Onun qızı Gülbəniz, oğlu akademik Kamal Talıbzadə ilə xeyli sonra yaxınlaşdım. Şaiqin ömrünün son illərində, demək olar ki, Azərbaycanda olmamışam. Sevdiyim şairin və insanın vəfatından qayıdandan sonra xəbər tutmuşam. Allahın rəhmətinə qovuşmuş ən gözəl insanlardandı Şaiq Əfəndi.
Rəhmət deməzdən əvvəl bir hadisəni xatırlayıram. Qonşumuzda bir müəllimə yaşayırdı, cavandı, o zaman həyat ağır olduğundan qiyabi oxumağa məcbur olmuşdu. Ailəliydi. Bir dəfə imtahandan qayıdanda mənə şikayətləndi ki, “mənə elə yaxşı sual düşmüşdü ki, bilmirəm, niyə karıxdım, cavab verə bilmədim”. “Nə düşmüşdü?” sualıma, “Abdulla Şaiqin uşaq yaradıcılığı” – dedi. Yaxınımızda oynayan qızcığazı döyükmüş gözlərlə bizə baxıb soruşdu: “Mama, “Ay pipiyi qan xoruz”u da bilmədin?” Lətifəyə bənzəyir. Amma Abdulla Şaiqin uşaq şeirləri bütün azəri-türk balalarının həmişə dilinin əzbəri olub. Onda – öz sağlığında da, indi – o dünyasını dəyişəndən sonra da.
Böyük yaradanımız, ulu Tanrımız sənə qəni-qəni rəhmət eləsin. Sevdiyin ana torpaq, bizə sevdirdiyin Vətən pərqu olsun sənə, Şaiq Əfəndi.
Bakı, 16 aprel 2001
Klassiklərimizin arxivində nələr var – Məmməd Səid Ordubadi19
Həyatını Azərbaycanda Sovet hakimiyyətinin yaranması uğrunda mübarizəyə həsr etmiş kommunist yazıçı M.S.Ordubadinin arxivində saxlanılan tarixi sənədlər, xüsusilə, ədibin öz əli ilə yazdığı 150-yə yaxın müxtəlif əlyazması öz rəngarəngliyi, zənginliyi ilə nəzər-diqqəti cəlb edir. Ordubadinin arxivində cəmi 750 material var.
Arxivdə əsas yerlərdən birini, şübhəsiz ki, ədibin sənədləri, xüsusilə, öz əli ilə yazdığı tərcümeyi-halı tutur. Bu sənədlər M.S.Ordubadinin keçdiyi həyat yolunu işıqlandırır. Bu sənədlər M.S.Ordubadini nəzərimizdə yalnız bir şair, dramaturq və romançı kimi deyil, Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda bütün varlığı ilə çalışan görkəmli inqilabçı-bolşevik Sovet hakimiyyəti qurulduqdan sonra əsl mənada mədəni inqilab uğrunda çarpışan mübariz əsgər, qələmi ilə keçmişin qara, kifsimiş mirasını bütün eybəcərliyi ilə ifşa edən qüdrətli sənətkar – mübariz sovet adamı kimi canlandırır.
Sənədlər bizə öyrədir ki, Ordubadi yaşlaşdıqca gəncləşən, sönməz qəlbinin bütün atəşini xalq işinə sərf edən əsl insan olub, öz xalqını, partiya və hökumətini dərin məhəbbətlə sevib. Yazıçının avtoqrafları ümumi küll halında deyil, nəsr, dram, şeir və s. kimi ədəbi formalara görə toplanıb.
Arxivin nəsr hissəsində 30-cu illər Azərbaycan sovet nəsrinin ən qüvvətli nümunəsi olan “Dumanlı Təbriz” romanının mükəmməl avtoqraf nüsxələri var. Bunlar müxtəlif dövrlərdə yazıçının öz əli ilə yazdığı monumental əsərin tam nüsxələridir. “Dumanlı Təbriz”in Sürəyya xanım Bəylərbəyova tərəfindən tərcümə edilmiş rus variantı da ədibin nəsr əsərləri içərisində görkəmli yer tutur.
Nəsr bölməsində M.S.Ordubadinin, əsasən, tanınmış romanlarından “Döyüşən şəhər”, “Gizli Bakı”, “Dünya dəyişir”, “Qılınc və qələm” kimi iri əsərləri ilə yanaşı maraqlı süjeti, səmimi dili ilə oxucuların rəğbətini qazanmış kiçik hekayələrinin də avtoqraf nüsxələri layiqli yer tutur. Bunlardan ikinci bölmə ədibin dram əsərlərindən ibarətdir. Məsələn, “İmtahan”, “Çekist”, “Serjant İvanov adına körpələr evi” və başqalarını göstərmək olar. Eyniadlı romanı əsasında səhnələşdirdiyi “Dumanlı Təbriz” dramı, “Maral”, “İntizar çəkənlər”, “Beş manatlıq gəlin”, “Quluş bəy Kazımiç”, “Polad qızı”, “Ağ mühacirlər” və başqalarını göstərmək olar.
Arxivin poeziya bölməsi heç də o birilərindən kasıb deyil. Burada şairin poemaları, lirik şeirləri, dini, ruhaniliyi, keçmişin, ağır mirası olan yaltaqlıq, ikiüzlülük və başqa mənfur sifətləri qamçılayan satiraları toplanıb. İstər “Molla Nəsrəddin”, istərsə də başqa məcmuələrimizdə “Hərdəmxəyal” və başqa imzalarla nəşr etdirdiyi satirik şeirlərlə yanaşı Ordubadinin “Kirov”, “İyirmi altılar”, “Çaylar”, “Zəlzələ” kimi poemaları, habelə incə, rübabi nəğmələr, marşlar və sair sənədlərlə də bu bölmədə tanış olmaq mümkündür.
Arxivdəki məqalələr və xatirələr bölməsi də maraqlıdır. Burada yazıçının “Həyatım və mühitim” adlı böyük memuarı və “Sarisin xatirələri” mühüm yer tutur.
Ədib öz məqalələrində qədim Şərq mənbələrindən geniş ölçüdə istifadə edərək bu və başqa ədəbi və ictimai hadisəni işıqlandırmağa səy göstərib.
Bir qrup məqalələrində isə Ordubadi özünəməxsus geniş diapozonla din və mövhumat əsaslarını ifşa edir. “Bab və baha”, “Məhərrəmlik əleyhinə tarixi vəsiqələr”, “Mövhumatla mübarizə”, “Əski dünya, əski din” məqalələri bu qəbildəndir.
Ədəbi tənqidi məqalələrinin bəzisində ədib bu və ya başqa ədəbi hadisələrdən, şəxsiyyətlərdən bəhs edir. Cəlil Məmmədquluzadədən danışan “Böyük ədib haqqında xatirələrim”, “Şəmsəddin Təbrizi…”, “Müharibə dövründə ədəbiyyat”, “Ədəbiyyatımızda şeir” məqalələri bu qrupa daxildir.
Arxivdə Ordubadini bir dövlət xadimi kimi nəzərimizdə canlandıran “Deputatın qeydləri”, məruzə və çıxışları da saxlanmaqdadır.
Bütün böyük yaradıcılıq planları ilə yanaşı olaraq M.S.Ordubadi xalqımızı qardaş xalqların ədəbi irsi ilə tanış etmək işində də böyük rol oynayıb. O, Puşkinin “Boris Qodunov”u ilə yanaşı “Bülbül”, “Qızlar nəğməsi” kimi incə nəğmələrini də azərbaycancaya tərcümə edib. Bundan başqa arxivdə Ordubadinin ölməz dramnəvis20 Şekspirdən, Çin yazıçısı Emi Siyaodan və sair tərcümələri də var.
14 may 1961
P.S. Əzizə Cəfərzadə Əlyazmalar fondunda (indiki Əlyazmalar İnstitutu) işləyərkən şöbəsinin əməkdaşları Mərziyyə Paşayeva və Mehri Məmmədova ilə birlikdə M.S.Ordubadinin arxivini tədqiq edib və onun izahlı təsvirini hazırlayıb. Bu tədqiqat işi Mehri Məmmədova tərəfindən çapa hazırlanaraq 2015-ci ildə kitab şəklində dərc edilib: “Məmməd Səid Ordubadinin arxivinin izahlı təsviri”. Bakı: ”Elm və Təhsil”, 2015, 372 səh. – T.İ.
Məmməd Səid Ordubadi haqqında xatirəm21
Çox şey məni tarixə bağlayıb. Xüsusilə, oxuduğum kitablar. Ondan əvvəl tarix müəllimim, Qüdsi nəslinin gözəl nümayəndələrindən biri olan Xanım Bakıxanova. Qədim dünya tarixini elə canlı, elə ləzzətlə danışardı ki… Beynənnəhreyn, Neynəvə… Sonralar görüşü mənə qismət olan o yerləri sanki gözümlə görərdim. Oxuduğum kitablar dedim… Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı”nı su kimi içirdim, az qala əzbərləmişdim onu. Xüsusilə, Məmməd Səid Ordubadiydi, “tarix müəllimim”. Onun ən kiçik hekayəsinəcən (“Serjant İvanov adına körpələr evi”), felyetonlarını… Yox, əlbəttə, romanlarıydı müəllimim. Ən çox oxuduğum kitablar: “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı”… Bunların dili, sadə insanların, obrazların unudulmaz surəti şüuruma, qəlbimə həkk olunmuşdu. “Ədəbiyyat qəzeti”ndə çap olunan ilk hekayəm “Əzrayıl” çıxandan sonra belə ağlıma gəlməzdi ki, gün gələcək, Ordubadini yaxından görəcəyəm.
Amma belə zaman gəldi. Çaparlıdan qayıdandan sonra “Cümə”lərimizdə22 oxuduğum hekayələr hamının, xüsusilə, ustad Səməd Vurğunun xoşuna gəldi. Məni ittifaqa qəbul etdilər. Partiya üzvü kimi də Yazıçılar İttifaqında uçota dayandım. Bax elə bundan sonra Ordubadi – sevdiyim əsərlərin müəllifiylə yaxınlığım başlandı. Hər partiya iclasında onu görürdüm. Əvvəllər danışmağa cürət etmirdim. Partiyada, ittifaqda təkcə bir qadındım. Xalq yazıçısı Əli Vəliyevin sevimli arvadı Qumru xanım burda hesabda olsa da, iclaslara gəlmirdi. Təkdim, utanır, bir küncə qısılıb, səssiz-səmirsiz dərsliklərimdə şəkillərini görüb oxuduğum S.Vurğun, Ə.Vəliyev, R.Rza, M.Rahim və başqalarının qarşısında cınqırımı da çıxara bilmirdim. Duydu bunu böyük ədib Ordubadi. Məni öz qanadının altına aldı, yanımda otururdu hər iclasda. Balaca qaş bıçağıyla quru əncirləri xırdalayıb ağzına atırdı. Mənim də ovcuma basırdı. “Ye, xeyirlidi”. Ürəyim oynayırdı, məgər orada nəsə yeyə bilərdim?
Arabir iclaslar, çıxışlar uzananda deyirdi: “Sən fikir vermə, bunlar boş qabdan boş qaba tökürlər, işində ol, ye. Baxmağa vaxtları hardadı?” Onun ən böyük dərdi oğluydu. Həddən ziyadə ərköyün böyümüş bu kəmağıl oğlan yazıq atasının başına açmadığı oyun qalmamışdı. Bir gün də Bülbülün evinə girib (qonşuydular) ordenini oğurlamış və sinəsinə taxıb şəhərdə gəzəndə tutulmuşdu. Buraxılandan sonra da avaraydı. Sevimli ədibimin nələr çəkdiyini ara-sıra dediklərindən anlayırdım. Yardım etmək istədim. O zaman mən Kinostudiyada işləyirdim. Mənə çox hörmət bəsləyən Xalq yazıçısı, studiyanın direktoru Mehdi Hüseyni razı saldım, onu işıq sexinə işıqçı-fəhlə düzəltdik. Bir müddət mənim nəzarətimdəydi. Amma atanın qulağı o qədər də çox dinc qalmadı, tezliklə yenə avaralanmağa başladı. Yaxşı ki, ömrü gödək oldu. Amma hər halda son günlərinəcən bu köməyimi unutmurdu. Hər görəndə razılıq edirdi bədbəxt ata – böyük, əvəzsiz ədib. Tariximizi, dilimizi, adət-ənənələrimizi dərindən bilən, qoruyan ədib. Mənim əsl ustadım. Rəhmətlə yad edirəm həmişə.
1997-1999
Ustad Xalq yazıçısı haqqında şagird sözü (Əbülhəsən)23
Mən Əbülhəsən Ələkbərzadəni indi də təkcə Xalq yazıçısı, dövrümüzün çağdaş romanımızın banilərindən biri kimi xatırlamıram. Mənim üçün o, həmişə bir müəllim, bir ustad olub. Doğrudur, o zamankı gənc yazıçıların bir çoxu kimi mən də Əbülhəsən realizminin deyil, valehliklə Ənvər Məmmədxanlı romantizminin aludələrindən biriydim. Mən də, indi çox haqsız yerə unudulmuş mərhum Həbibə xanım Zeynalova da… Amma bu aludəçiliyimizə baxmayaraq o zaman da, indi də dediyim kimi, Əbülhəsən mənim üçün ustad olub. Çünki Yazıçılar İttifaqına ilk qədəm qoyduğum 1937-ci ildə Əbülhəsən nəsr şöbəsində məsləhətçi işləyirdi, biz cavanlar, əsasən, ona müraciət edir, ilk qələm təcrübələrimizi ona oxuyur, ondan məsləhət alırdıq. Həm də onun təqdimatıyla bizim kimi təzə dil açan nasirlərin əsərləri Yazıçılar İttifaqında böyük, tanınmış, artıq əsərləri dərsliklərə düşmüş nasirlərlə yanaşı məşhur “Cümələr”də oxunurdu və Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi şairlər, yazıçılar bizim ilk hekayə və şeirlərimizi dinləyib məsləhətlər verirdilər. Əbülhəsənin əsərlərini, ilk romanlarımızı, “Dünya qopur”, “Yoxuşlar” və başqa hekayələrini məktəbdəykən oxumuşdum. Titrək, kövrək gəlirdim qulluğuna. Verdiyi məsləhətləri “Allah hökmü” kimi qəbul eləyirdim. İlk hekayələrim də onun təqdimatıyla “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdu. Sonralar dostlaşdıq, ailəvi yaxınlaşdıq və duydum ki, ustad artıq imzamı izləyir. “Natəvan haqqında hekayələr”imi də o, “Azərbaycan” jurnalında redaktor olduğu vaxt çap etmişdi. Hələ bir dəfə az qala mənə görə işə düşəcəkdi. O zamanlar Respublika Əlyazmalar Fondunda (indi institut) baş elmi işçi və şöbə müdiri işləyir, ara-sıra əldə etdiyim maraqlı materialları mətbuatda yayırdım. Belə işlərdən biri Bağçasarayda nəşr olunan “Tərcüman” adlı qəzetin redaktoru İsmayıl bəy Qaspıralının “Molla Nəsrəddin”in baş redaktoru Cəlil Məmmədquluzadəyə yazdığı məktub idi. Fraqmentlər içindən tapmışdım. Məktubda Qaspıralı M.Cəlilə yazırdı ki, Sizin ümumislam aləmi üçün müştərək olan felyeton və məqalələrinizdən, jurnalınızın karikaturalarından Misir – Qahirədə çap etdirdiyim jurnalda yayımlamaq üçün icazə istəyirəm.
Məni “Molla Nəsrəddin”in təsir, yayılma coğrafiyası elə aldı ki, sevinə-sevinə həmin məktubun fotosurətini və izahlı məqaləmi “Azərbaycan” jurnalında çap etdirdim. Az sonra məni mərhum Şıxəli Qurbanov MK-yə çağırdı və dedi: “Kazandan məktub gəlib ki, o Cəfərzadə kimdir ki, islamçı, millətçi Qaspıralını tərifləyir? Dedi, özünü qoru, səni də, redaktoru da işə sala bilər belələri”. Amma Əbülhəsən də çağrılmışdı və mənə bu barədə bir dəfə də ağır söz demədi, qorxutmaq istəmədi.
Əbülhəsən müəllim həyat həqiqətlərini olduğu təki, görüb-duyduğunu xalqının taleyinə yanan əsl sənətkar kimi rəsm edən ədib idi. Onun İkinci Dünya müharibəsindən bəhs edən “Müharibə” romanını ilk dəfə “Azərbaycan” jurnalının (deyəsən, o zaman “Vətən uğrunda” adlanırdı) səhifələrində oxuduqda dəhşətə gəlmişdik. Gəncliyə ilk dəfə olaraq müharibə haqqında həqiqəti söyləyən bu romanla bağlı Əbülhəsən müəllimin başı hansı bəlaları çəkmədi? Kitab çıxanda adı da dəyişdirildi. Halbuki Əbülhəsən müəlliməcən müharibə haqqında yazılan bütün roman, poema, şeir və hekayələrdən fərqli olaraq bu romanda “ura-ura” yox idi; yalançı dəbdəbə filan yox idi, hərbin acı həqiqətlərindən danışırdı ədib. Çünki Əbülhəsən müəllim romanı kitablar, dövri mətbuat məqalələri əsasında yazmamışdı, müharibənin ən qızğın cəbhələrində iştirak etmişdi; əsgərin vəziyyətini görmüşdü, duymuşdu, halına yanmışdı və yazmışdı həqiqəti. Kitab çapdan “Dostluq qalası” adıyla çıxdı, xeyli dəyişikliklər aparmağa məcbur etmişdilər, ədibi tənqid etmiş, danlamışdılar. Eyni sözü Əbülhəsənin “Sədaqət” romanı haqqında demək lazımdır. Bu əsər durğunluq adlandırılan dövrdə yazılmışdı və demək olar ki, ilk dəfə burada kəndlinin, kənd əməkçisinin real həyatı təsvir olunmuşdu. Kəndlinin evinin qabağından, həyətinin, həyət qapısının ağzından başlayaraq əkilən kolxoz üzümlükləri böyük qardaşlarımızçün əla şərab istehsal etmək məqsədi güdürdü və kəndlinin bir qarış da torpağı qalmırdı ki, heyvanını otarsın. Pambıq əkinlərinə havadan buraxılan zəhərli dərmanlar kəndlinin həyatını da zəhərləyir, arı pətəklərini, heyvanlarını qırırdı. Bax elə o zaman həmin roman nəzəri cəlb etmişdi xalq arasında. Oxucular, demək olar ki, ilk dəfə xalqın dili olan yazıçı sözü eşitmişdi, dərdlərinin tərcümanı olmuşdu yazıçı. Bu əsərlə də bağlı Əbülhəsən xeyli danlaq çəkdi, həqiqəti deyən dilini, sözünü eşitmədilər.
Əbülhəsən müəllimə “Xalq yazıçısı” adı çoxdan verilməliydi. Amma gec də olsa, hamımızı sevindirən bu hadisə Əbülhəsəni çox təşvişə salmışdı. Narahatdı. Yadımdadır, onun haqqında danışmağı mənə təklif edəndə məmnuniyyətlə qəbul elədim. Bu münasibətlə görüş İsmayıllıda keçirilirdi. O zaman xalqımızın ən ağıllı, vətənsevər, millətsevər, xalq oğullarından biri mərhum Qəşəm Aslanov İsmayıllı rayonunda birinci katibiydi. Ustad ilə görüş çox səmimi bayrama çevrildi. Bu heç də rəsmi təntənə deyildi, məhz millətin taleyinə yanan bir yazıçının öz oxucularıyla sənli-mənli görüşüydü. Amma səhnəyə çıxanacan dodaqaltı nəysə deyirdi, narahatdı. Diqqətlə qulaq verdim, “Çox gecdir, gecdir” – deyirdi. Amma elə ilk çıxışlardan bizim – öz şagird və oxucularının səmimiyyətini görüb inandı, nisbətən sakitləşdi.
Əbülhəsən müəllim daim hərəkətdə, harasa, nəyəsə tələsən, can atan insan kimi qalıb hafizəmdə. “Əzizim-əzizim” deyərdi tez-tez danışanda. Hamıya müraciəti bu sözlərlə başlardı. Öz şagirdlərinin, yetirmələrinin uğuruna onun kimi qəlbən sevinən ikinci adam nadir tapılar. Yadımdadır: “Aləmdə səsim var mənim” romanımı necə sevinclə qarşıladı. Elə bil romanı özü yazmışdı, uğurum da onunuydu. Millətini, doğma yurdunu qəlbən sevən insan kimi hələ sözarası dedi də: “Qız, Şirvanın hər yerinin nemətlərinin adını çəkmisən, bəs Basqal kəlağayısının adı niyə düşməyib qələminə?” “Ustad, dedim, roman hələ jurnalda bitməyib, ikinci hissəsi çıxanda Basqalı da, kəlağayısını da görəcəksiniz”. Doğrusu, bu təkidi olmasaydı, belə bir sənətkarın iş-gücdən macal tapıb başqasının romanını jurnal variantında oxuduğuna gümanım gəlməzdi, bəlkə. Bu görüş qanadlandırdı məni. Sonra roman haqqında fikirləri mərhum xalq yazıçıları Əli Vəliyev və İmran Qasımovdan da eşitdim. Əsl sözü isə öz böyük məqaləsilə özünə və hamıya tələbkar olan, Xalq şairi Rəsul Rza dedi və yazdı.
Əbülhəsənlə son görüşüm yazıçılarımızın Səməd Vurğun adına yaradıcılıq evində oldu. Bir-iki gün söhbətləşə bildik, xəstə idi, elə oradan da onu sevdiyi Basqala apardılar. Doğulduğu və həyatının son dövrünü keçirdiyi, dünyasını dəyişdiyi məskəni olan Basqalda yatır ustad. Amma tale elə gətirdi ki, vəfatı yazıçılar qurultayına təsadüf etdi, son mənzilinə müşayiət edə bilmədik. Yalnız dostlarından Qılman İlkin və Novruz Gəncəliyə qismət oldu onu ana torpağa tapşırmaq. Bizdən qurultay günlərində daldalamışdılar bu qəmli xəbəri. Talesizliyinə bax ki, indi, demək olar, yaddan çıxıb, xatirə salınmır belə nə mətbuatda, nə dərsliklərdə, nə başqa məlumat mənbələrində ki, heç olmasa, gənclik belə bir nasirimizin olduğunu bilsin, tanısın. Məqaləni yazıb qurtarmışdım ki, Azərbaycan Yazıçılar Birliyində İrs komissiyasının sədri, möhtərəm ədibimiz Qılman İlkindən vəziyyəti soruşdum. Dedi: “14 maddədən ibarət təklif vermişəm, biri də yerinə yetirilməyib. Bədbəxtin adıyla, nəinki bir küçə, heç bir dalan da adlandırılmayıb. 90 illiyində təkcə mənim bir məqaləm çıxdı – vəssalam!” Basqallılar doğma oğulları haqqında necə, nə düşünürlər, bilmirəm. Amma onu bilirəm ki, indiyəcən onun məzarını İrs-xatirə komissiyası üzvləri ziyarət etmək istəyib, hazırlaşıb, amma böyük Xalq yazıçısının, ilk romançı, gözəl nasir və çoxlarının ustadı olan bir şəxsiyyətin məzarının sinə daşını Bakıdan İsmayıllıya aparmaq işi problemə çevrilib. Arzu edirəm ki, İsmayıllı camaatı doğma torpağında ədəbiyyat xəzinəmizin incilərindən birinin yatdığını dərk etsin və ona layiq abidə yaratsın. Bəlkə, ustadın ruhu şad oldu. Biz də ziyarətinə gedək. Həyatda nə qədər təvazökardısa, dəfni də, məzarı da eləcə dəbdəbəsiz, təvazökaranə oldu. Hər halda… İkinci arzum da budur ki, ədibin irsini çapa hazırlayan komissiya onun “Dostluq qalası” romanını məhz ilk variantda olduğu kimi “Müharibə” adıyla və eləcə də hərbin acı səhifələrini dadmış insanın qələmindən çıxan şəkildə çap etdirsin.
Ruhu şad olsun.
23 iyul 1991
Böyük Süleyman haqqında kiçik xatirə (Süleyman Rəhimov)24
Gözümü ədəbiyyata açan gündən iki nəfər canlı yazıçı, nasir ədib görmüşəm. Biri Əbülhəsən, o biri Mehdi Hüseyn. Heç biri ilə də neçənci ildə, hansı ayda tanış olduğum dəqiq yadımda deyil. Deyəsən, 1937-ci il idi. Bir qədər sonra xırdaca hekayələrimi Yazıçılar İttifaqının nəsr üzrə məsləhətçisi Əbülhəsən və M.Hüseyn bəyənib, tək bir çap etməyə başladı. Nəzərə çapmayacaq dərəcədə xırdaca qız idim, xırdaca da hissiyyatlı hekayələr yazardım. Əbülhəsən və Mehdini də redaksiyadan tanıyırdım. Amma romanlarını oxuduğum o böyük Süleyman Rəhimovu, Məmməd Səid Ordubadini şəxsən tanımırdım. İlk oxuduğum romanlar: “Yoxuşlar”, “Dünya qopur”, “Şamo”, “Dumanlı Təbriz”, “Kin” və s. içərisində “Şamo”nun ayrıca yeri var idi. Amma indi heç cür deyə bilmərəm ki, mən onun da, Ordubadinin də nəzərini nə ilə cəlb etmişdim. Doğrudanmı o böyük ədiblər xırdaca yazılarımı oxumuşdular? Axı onlar bizim “ədəbi gecələr”də iştirak etmirdilər, ya mənə heç təsadüf etməmişdilər. Bilmirəm. O unudulmaz gecələr bizim – o vaxtkı gənc nasirlərin qəlbində, yaradıcılığında unudulmaz iz qoyub. Mən o gecələrdə böyük Səməd Vurğunun gənclərə qayğısını görmüşəm. Hər “cümə”mizdə gələrdi, ona baxıb başqaları da gələrdi. Belə gecələrdə Mehdi kimi, Əbülhəsən kimi o zamanın tanınmış nasirləri də öz əsərlərini oxuyardılar və biz cavanlar da onlarla yanaşı öz yazılarımızı oxuyardıq. Belə gecələrdən birində mən Mehdinin “Tərlan” romanından Güləli oğlunun ölüm səhnəsini təsvir edən parçanı dinləmişəm və indi də ədibimizin səsi qulağımdan getməyib.
Bütün bunların Süleyman Rəhimovu tanımağıma heç bir dəxli yoxdur, amma bir də gördüm ki, o məni tanıyır, salamlaşır, mehriban-mehriban baxır, nəvazişlə qımışır, elə bil cücəyə, güc, ürək verir. Elə bil, “qorxma, boy-buxunum, qəddü qamətim, ər-kişi gözəlliyim, getdikcə nəhəngləşən, “uzaqvuran toplara çevrilən” yaradıcılığım səni qorxutmasın, oxuyuram yazılarını, tanıyıram səni” deyir mənə. “Ümid edirəm, elə ona görə də tanıyıram səni” – deyir mənə. Bir də gördüm, Süleyman müəllim, o böyük nəsr ustadı arzu eləyib ki, satirik hekayələri haqqında fikir söyləyim, yazım. Bu həyatımda iki böyük ədibdən aldığım sifariş idi. Birini o zamanlar “Azərbaycan” jurnalının redaktoru olan Əbülhəsən ustad yetirmişdi mənə, demişdi ki, “Mehdinin “Səhər” romanı təzəcə çapdan çıxıb. Redaksiyada məsləhətləşirdik ki, təqrizi25 kimə tapşıraq. Ədib arzuladı ki, Əzizəyə tapşırın”. Yazdım o vaxt, ustadımız, nasirimiz haqqında, onun romanı haqqında. Yaxşı da qarşılanmışdı. Bir də bu oldu. Bir zaman Süleyman Rəhimovun “Məzəli rəvayətlər dəftərindən” ümumi başlığı altında silsilə hekayələri çap olunurdu. “Satirik hekayələr” adı ilə yazdığım məqalə “Ədəbiyyat və incəsənət” qəzetinin 29 may 1963-cü ildə çıxan nömrəsində çap olundu. Hekayələri “Molla Nəsrəddin” jurnalı, Cəlil Məmmədquluzadə ənənələri ilə bağlamağım ustadın, xüsusilə, xoşuna gəlmişdi. “Düz demisən, bu ənənəni davam etdirmək lazımdır. Cəmiyyətdəki qüsurları yalnız bu ənənəyə sadiq qalıb yazılan əsərlər islah etmək gücünə malikdir”, – dedi görüşəndə.
Qarşımda üç şəkil var. Bunlardan biri müdafiəmlə bağlıdır. 1970-ci ildə dekabr ayının üçündə çəkilib. Süleyman müəllim məni nəzərdə tutub qlobal fikirlər söylədi. Şərq qadınının azadlıq problemindən, hüquq problemindən, Azərbaycan ədəbiyyatı, bu sahədə doktorluq müdafiə edən ilk qadını tək qoymayıb, yeni-yeni alim qadınların yetişməsi və yardım göstərmək, şərait yaratmaq problemlərindən danışdı.
İki başqa şəkil də mənim üçün çox əzizdir. Bunlardan hər ikisi böyük ədibimiz, ustad və müəllimimiz Süleyman Rəhimovun anadan olmasının 75 illiyi ilə bağlı görüşlərdə çəkilib.
Birinci görüş, yəni mənim də iştirak etdiyim görüş Azərbaycan Neft və Kimya İnstitutunda keçirilmişdi. İndi xalq yazıçısı Bayram Bayramov, gözəl nasir, həyatdan vaxtsız getmiş dost Salam Qədirzadə, tanınmış mühəqqid, jurnalist Cəlal Məmmədov və mən müşayiət edirdik böyük Süleymanı. Elə səliqəli, elə cazibədar idi ki, institutun bütün xanımlarının gözü ondaydı, həm oxucu, pərəstişkar oxucu, həm də yubilyar kimi. İndi dəqiq xatirimdə deyil; mən də çıxış etdim, yoldaşlarım da, xüsusilə, Bayram Bayramov ürəkdən gözəl sözlər söylədi. Süleyman Rəhimov haqqında o gecə elə ürəkdən, elə candan səmimi sözlər söyləndi ki, bir nəfər də kağız üzərindən söz oxumurdu, hamı qəlbindən, məhz indi qəlbindən dilinə axıb gələn sözləri deyir, fikirləri söyləyirdi. Tələbələr, müəllimlər onu gül-çiçəyə qərq etdilər. Çıxış edib planlarından danışdı. Arzularını söylədi tələbələrə. Aldığı çiçəkləri mənim və institutun professoru, indi mərhum olmuş Əruzə xanım arasında bölüşdürdü. Beş qızılgüldən ibarət bir dəmət götürdü. “Bu da evdəkilərin” deyə gülümsədi. Mən Əruzə xanımın anası Xədicə xanımın vaxtilə Azərbaycanda ilk qadın qəzeti “İşıq”ı nəşr etdiyini söylədim. Bir də Əruzə xanımın əlindən öpdü: “Ananıza layiq qızmışsınız. Halal olsun Xədicə xanım kimi anaların südü sizə, hər ikinizə. Zəhmətləri hədər getməyib. Sizinki də hədər getməsin”.
Gülümsəyərək mənə baxdı: “Ay qız, hələ oğlunu evləndirməmisən?” Güldüm: “Yo-o-ox, Süleyman müəllim, o uşaqdır hələ”. Əli ilə çiyninin bərabərini göstərdi: “Bura çatıb?” “Uşaqdır, Süleyman müəllim”, – bir də təkrar etdim. Dedi: “Atam Hüseyn kişi məni evləndirəndə 17 yaşım vardı”. Bu zarafatın çox uzaq tarixçəsi var idi. O, haçansa həyat yoldaşım təyyarəçi Məmməd və oğlum Turanla tanış olmuş, hər ikisini sevmişdi. Arabir görüşəndə hər ikisini soruşar, salam göndərər və həmişə də Turanı evləndirib-evləndirmədiyimi soruşardı. Biz danışa-danışa binadan çıxdıq. Üzüaşağı dəniz kənarına tərəf yollandıq. Hamılıqca əvvəl məni yoluzaq etdilər, sonra hamısı birlikdə Süleyman Rəhimov, Bayram Bayramov, Salam Qədirzadə və Cəlal Məmmədov sahilə tərəf yönəldilər. Süleyman müəllimgilin evi çox uzaq deyildi bizdən.
Həmin dövrlə əlaqədar ikinci şəkil Sumqayıtda çəkilib. Yenə də ədibimizin yubileyi münasibətilə görüşə getmişdik. Üç nəfər idik. Ustad, gözəl, incə, ürək titrədən şeirlər müəllifi, şair qardaşım Məmməd Aslan və mən. Bizi zavodun partiya təşkilatı katibi Laura adlı bir xanım qapıda qarşıladı. Süleyman müəllim cavan, gözəl qadının adını eşidəndə sanki duruxdu, pillələri çıxanda yavaşca dedi: “Gül kimi qıza bir azərbaycanlı adı tapmayıblar, rəhmətliyin nəvələri. Laura da gözəldi, amma…” Sözünü bitirmədi, adamlar bizi əhatə etdilər. Nəriman Nərimanov adına klubun səhnəsinə qalxmazdan əvvəl Süleyman müəllim cibindən xırdaca bir daraq çıxarıb saçını daradı, səliqəyə saldı, gözucu bədənnüma aynada özünə nəzər atdı… Düzünü deyim ki, həmişə Süleyman müəllimin səliqə-sahmanlı geyinməsinə heyran olmuşam, qibtə eləmişəm. Adam arasında baş daraya, güzgüyə baxa bilməmişəm. Necə gəldi, elə çıxmışam səhnəyə. Amma elə indinin özündə də şəkilə baxanda ustadın yanında onun səliqəli, yaraşıqlı görkəmilə özümün dağınıq saçıma baxır, xəcalət çəkirəm. Niyə biz ondan ustad kimi yazmaq, müşahidə edə bilmək qabiliyyətini öyrənməyə çalışırdıq. Amma nə qədər hansında müvəffəq olduğumuzu deyə bilmərəm. Təki hər ikisində ustada layiq şagirdlər olardıq.
Süleyman müəllimlə bağlı daha bir görüş xatirimdən çıxmır. Moskvada, 1976-cı ildə Yazıçıların VI qurultayında. O görüşdən də bir şəkil qalıb yadigar.
Əslində, böyüklərlə şəkil çəkdirmək üçün irəli çıxan olmamışam. Bütün bu şəkillər təsadüfən çəkilib, amma hayıf. Nə biləydim ki… Məgər bilmirdim ki, insanlar bir-birilərini itirirlər? Heç olmasa, xatirat yazaydım. İndi həmin xatirələr xəyalımda bizim ustad ilə İstisu yaylağında ailəvi görüşlərimizi, Qədəm xanımın qayğılarını, səliqə-sahmanını yadıma salardı.
Ustad ilə mən bir çox yığıncaqlarda, iclaslarda, Yazıçılar İttifaqının qurultay və plenumlarında görüşmüşəm. Eləcə də adi günlərdə. Ancaq bu görüşlərdəki çıxışları həmişə məzmunu, məzmunundakı genişliyi, bir qədər uzun olsa da, nüfuzedici mənası ilə yadımda qalıb. Amma biri, xüsusilə. Deyəsən, haçansa (il xatirimdə deyil) Natəvan adına klubumuzda gənc yazıçıların yığıncağı keçirilirdi. O zaman təzə-təzə tanınmağa başlayan bir tənqidçi dostumuz vardı. Gürcüstandan gəlmişdi. Abbas Kirəcli – çox ümidverici, ciddi tənqidçi, alim idi. Tanınmış şair və ədiblərimiz belə onun qeydlərini maraqla dinlərdilər. Hayıf ki, çox gənc yaşlarında faciəli şəkildə həlak oldu. Hə, həmin yığıncaqda Abbas Kirəcli çıxış etdi, bəzi rəhbər işçilərin, qəzet və jurnal redaksiyası əməkdaşlarının gənclərə gərəyincə yardım etmədiklərini tənqid elədi. Çox kəskin danışdı.
Həmin yığıncaqda ustad da danışdı. Gənclərə tövsiyələrini söylədi, necə yazdığından, nədən başladığından danışdı. O çıxışdan bir çoxlarının düzgün başa düşməyib incidiyi bir parça, xüsusilə, hafizəmə həkk olunub. Ustad təxminən belə dedi: “Abbas, çox da, “Gənclərə kömək eləmirlər” – deyib hay-həşir salmayın. Məgər bizim əlimizdən tutub yazıblar bizimçün? Başımızdan elə basıblar ki, çıxmağa ümid qalmayıb. Biz də sizin başınızdan elə basacağıq, əgər pırtlayıb üzə çıxdınız, deməli, sizdə mübarizəyə qalib gəlmək ümidi var, yox çıxmadınız, deməli, layiq deyilsiniz”. Təxminən deyirəm. Bax, gənclərə kömək deyib zahirdə bağıranlar onun “səhv”ini düzəltməyə, malalamağa çalışdılar: “Kömək etmək lazımdır” dedilər və sonra da etmədilər. Söz idi hamısı. Əslində, Süleyman müəllimin “ustad silləsi”ni məcazi mənada qəbul etmək lazım idi. Doğrudan da, ədəbiyyat həyatın özü kimi mübarizə meydanıdır, bir-iki tənqidə, narahatlığa dözməyib meydandan qaçan, dayə axtaranların meydanı deyil. Doğrudan da, kim davamlıdırsa, ədəbiyyatı o yaradıb. Təkcə istedad deyil, əmək, mübarizə əzmi istedadın əkiz qardaşlarıdır. Ustad bizi başa salırdı ki, dayə axtarmayaq, mübarizə əzmini itirməyək, öz gücümüzə inanaq. Mən onda da, indi ondan daha artıq haqq verirdim, Süleyman müəllimin həmin çıxışına. Elə rəhmətlik Abbas qardaşımız da iclasdan sonrakı söhbətlərimizdə nəsihəti düzgün qəbul etmişdi.
Uzun müddət xırda hekayələr yazmışdım, təsadüfdən-təsadüfə çıxış edirdim bədii yazılarla, daha çox elmi işlə məşğul idim. Namizədlik, doktorluq dissertasiyaları, elmi tədqiqat işləri, o zamankı Əlyazmalar Fondunda fəaliyyətimlə bağlı məqalələr… Görünür, bütün bunlar Süleyman müəllimə artıq məni bir tədqiqatçı kimi tanıtmışdı. Odur ki, “Aləmdə səsim var mənim” romanım nəşr olunanda ustadın nəzərini cəlb etmişdi, oxumuşdumu, ya yox, bilmirəm, amma “Vətənə qayıt” dərhal, onun ardınca çap olunanda bir gün Yazıçılar İttifaqında rastlaşdıq. Gülə-gülə dedi: “Qız, “Aləmdə səsimi” oxuyanda, “Sərrast atılmış təsadüfi güllədir” – dedim səni Əli Qara oğlu tərifləyəndə. Amma indi görürəm ki, təsadüf deyilmiş, qüvvət yığırsanmış. Oxuyacam. Uğur olsun”, – dedi. Düzü, onun həmin ifadəsini mənə bir vaxt çatdırmışdılar. Hətta Əli Qara oğlu Vəliyevin həmin kitabı mükafata təqdim etmək haqqında fikir söylədiyini də demişdilər. Amma nə tənqiddən inciməyə, nə tərifdən qürurlanmağa macalım yox idi. Ustad düz deyirdi: Yazmaq lazımdır.
Süleyman Rəhimova Sosialist Əməyi qəhrəmanı adı verildikdə üç dost şairə Mədinə Gülgün, yazıçı Əzizə Əhmədova və mən gül-çiçək götürüb Balaş Azəroğlu müəllimlə birlikdə onun görüşünə evinə getdik. Getmişdik ki, təbrik edək, xalqımızın onunla fəxr etdiyini, böyük romanları ilə millətimizin adını ucaltdığını söyləyək. Ürəyimizdə sözlər əzbərləyirdik hər birimiz, yəqin ki, içəri girəndə Süleyman müəllimi təmtəraqlı, gözəl, boylu-buxunlu, səliqə-sahmanla, tər-təmiz, qəşəng geyinmiş görəndə, elə bil toya hazırlaşan ər-igid indicə at minib cövlan edəcək zənn etdim. Yoldaşlarımı bilmirəm, amma mən o əzəmət, o kişi gözəlliyi qarşısında qəlbimdə əzbərlədiklərimi unutdum. Bapbalaca uşağa çevrildim.
Vəziyyətdən Mədinə xanım çıxdı. Süleyman müəllimin mühacirət illərində onlara etdiyi köməklikləri xatırlaya-xatırlaya Balaş müəllimlə birlikdə onu öpdülər. Adaşım və yazıçı bacım Əzizə xanımla mən də ürəklənib hərəmiz bir tərəfdən onu öpdük eyni zamanda. Gülüb bizi oturmağa dəvət etdi. Elə böyük, elə xoşbəxt, elə təntənəli idi ki, evlərinin o böyük zalına sığmırdı. Divarlar ona, yaradıcılığına dar gəlirdi sanki.
Hörmətli oxucu görür ki, xatirə yaza bilmirəm. Memuar yazmaq özü də böyük istedad tələb edir, hər yazanın işi deyil. Odur ki, əslində dönə-dönə görüşdüyüm, söhbətlər etdiyim, çıxışlarını, nəsihətlərini dinlədiyim ustadımız haqqında bu yazını yazdıqda gücsüzlüyümdən utanıram. Utanıram ki, niyə o qiymətli günlərin qiymətini dərk etməmişəm, qeydlər etməmişəm. Qəsdən sevə-sevə oxuduğum: “Şamo”, “Məhtaban”, “Ana abidəsi”, “Saçlı” kimi hər biri ədəbiyyatımızda bir hadisə olan əsərlərinin təhlilini vermirəm. Onları təkcə oxumamışam, Qiyabi Pedaqoji İnstitutda dosent, kafedra müdiri işlədiyim illərdə “Kurs işi”, “Diplom işi” vermişəm. İndi bu, sovet ədəbiyyatı alimlərinin, münəqqidlərimizin işidir.
Hətta onunla kədərli günlərində, oğul dərdi ilə yandığı, həm də gizli-gizli yandığı, bir dağ dəyanətilə Qədəm xanımın vəfatına dayandığı, hətta özünün də cənazəsi ucundakı kədərli, dərdli günlərimizdən qəsdən danışmadım. Bu yazımda böyük insan və ustad ədibimiz haqqında albomumda qalmış bir neçə şəkillə bağlı kiçik xatirəmi yazdım. Kim bilir, bəlkə, bu yazının həcmi böyüdü bir zaman, indidən deyə bilmərəm. Amma onun yaradıcılığının və şəxsiyyətinin əzəməti qarşısında haçan, nə zaman, nə yazsam mənə kiçik görünəcək. Süleyman Rəhimov hafizəmdə, qəlbimdə Savalan, başı qarlı Şah dağ, Baba dağı əzəmətində qalıb. Xatirəmin kiçikliyinə baxmayaraq xatiratım böyükdür və eləcə də böyük qalacaq.
The free sample has ended.