Read the book: «Belə gəlmiş, belə getməz»

Font::

"Xatirə Ədəbiyyatı" silsiləsindən 20-ci kitab

© Əziz Nesin / Belə gəlmiş, belə getməz

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 216 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Bioqrafiya

1995-ci il 6 iyulda vəfat etmiş Əziz Nesinin cənazəsi, öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir.

Əziz Nesin 1915-ci il dekabrın 20-də Heybəliadada, özünün dediyi kimi, "Çanaqqala müharibəsinin ən təlaşlı dövründə" kasıb bir ailədə dünyaya gəlmiş, ona Məhmət Nüsrət adı verilmişdir.

Əziz Nesin (1917–1918) üç yaşında vəfat edəcək bacısı ilə birlikdə.


5 yaşında məhəllə məktəbinə yazdırılır, amma məktəb çox uzaqda olduğu üçün təxminən bir ildən sonra oradan çıxmağa məcbur olur. Eyni zamanda, atasının yaxını olan ziyalı və mütərəqqi adam – Qalib əmisindən xeyli şey öyrənir. Nesini 1925-ci ilə qədər ibtidai məktəbə rəsmi şəkildə yazdırmırlar.

Bir qədər sonra – 10 yaşında o, imtahan verərək məktəbə üçüncü sinifdən başlayır. Ailəsi Heybəliadaya köçdükdən sonra təhsilini "Darüşşəfəqə"də davam etdirir. Elə həmin dövrdə anası vərəmə tutulur.

1927-ci il sentyabrın 15-də Nesin 12 yaşında ikən anasını (26) itirir. Həmin vaxt Əziz Nesin (Məhməd Nüsrət) "Darüşşəfəqə"də ibtidai məktəbin beşinci sinfində oxuyurdu. ("Darüşşəfəqə"də atası olmayan uşaqlar təhsil alırdılar. Əziz Nesinin atası sağ olduğu üçün özünü günahkar hesab edərək bir qədər sonra məktəbdən qaçacaq və bir daha geri dönməyəcəkdir.)


Çox sevdiyi atası Əbdüləziz əfəndi ilə birlikdə (1954–1956). O zamanlar qadınların şəkil çəkdirməsi günah sayıldığı üçün anasının heç bir fotoşəkli yoxdur.


Ailənin dolanışığına kömək etmək üçün anası əsgərlərə alt paltarı tikirdi. Onun işlətdiyi tikiş maşını yadigar qalır və hazırda Nesin Vəqfi Muzeyində saxlanılır.

1928-ci ildə Nesin “Vəfa” orta məktəbinə getməyə başlayır, lakin dərsləri ötürdüyü üçün sinifdə qalır. Həmin ilin yayında ailəsi İstanbula köçür. Nesin Davudpaşa orta məktəbinə qəbul olunur və uşaqlar içərisində sinif əlaçısı kimi seçilir.

Daha sonra yeddinci sinifdə (1930) o, Çəngəlköy Hərbi məktəbinə gedir. Tam orta təhsilini Qülləli Hərbi Liseyində alır (1932–1935). Bu illərdə dərslərində çox uğur qazanır.


Cağaloğlu Vəfa orta məktəbi (1928).


Davudpaşa orta məktəbi (1929).


Qülləli illəri (1930–1933). Əziz Nesin ən öndə oturub.


Ankara Hərb Məktəbi (1937).


Hərbi Liseydən sonra o, Hərb Məktəbinə gedir. Lakin burada ona dərs deyən müəllimlər üzündən əvvəllər hörmət edib ideallaşdırdığı müəllimlik peşəsindən soyuyacaqdır.


Əziz Nesin müəlliminin solunda, ön tərəfdədir. Qülləli Hərbi Liseyi (1933).


Hərb Məktəbini 1937-ci ildə bitirən Nesin zabit olur. İkiillik peşə təhsili üçün Maçka Hərbi Fənn Təlim orta məktəbinə gedir. Eyni zamanda həm İstanbul İncəsənət Akademiyasının Şərq bəzək fakültəsinin tələbəsi olur, digər tərəfdən isə çoxdan maraq duyduğu rəssamlıqla məşğul olmağa başlayır.


Əziz Nesinin 1937-ci ildə Akademiyada tələbə olduğu vaxt çəkdiyi bir model eskizi.


Maçka Fənn Təlim məktəbini bitirdikdən sonra antimilitarist ruhlu olmasına baxmayaraq, səkkiz il zabit kimi qulluq edir. Bu dövrdə xeyli sayda əsgər yetişdirir, gəldikləri ilk gündən tərxis olunana qədər onlarda baş verən müsbət dəyişikliklər Nesinə böyük sevinc hissi yaşadır.

1938-ci ildə ilk həyat yoldaşı olacaq Vedia xanımla nişanlanır.

1940-cı ildə orduya məxsus olan və zəlzələ zamanı dağılmış silah-sursat anbarını boşaltmaq əmri alır; bomba partlaması nəticəsində yaralanır. Sağaldıqdan sonra Qarsa təyin edilir. Eyni ildə, dekabrın 16-da ilk qızı Oya dünyaya gəlir.

1941-ci ildə "Salxım üzüm" adlı ilk hekayəsi "7 gün" dərgisində dərc olunur. Əziz Nesinin ilk yaradıcılıq nümunələri daha çox avtobioqrafik xüsusiyyətləri ilə səciyyələnir.


Hərbdən getdikdən sonra (1944).


1942-ci il dekabrın 21-də ikinci övladı Atəş doğulur.

1944-cü ildə qulluq etməkdən bezdiyi hərb sahəsində ondan olunan bir şikayət nəticəsində cəzalandırılır. Özünü heç bir şəkildə müdafiə etmir və ordudan kənarlaşdırılır. Ona haqlı olaraq kəsilən pensiyadan imtina edir.


1944-cü ildə ilk dəfə babasının adını təxəllüs olaraq götürür (Əziz Nesin) və həmin il "Millət" dərgisində dərc olunan "Dost xətri" hekayəsi bu imza ilə yayımlanır.

1945-ci ildə "Qaragöz" və "Yeddi gün" jurnallarında redaktor və yazar olaraq çalışmağa və peşəkar şəkildə yazıçılığa başlayır. Həmin ildə "Tan" qəzetində köşə yazıları yazır. Müstəqil şəkildə çap edilmiş ilk əsəri on altı səhifəlik "Partiya qurmaq və partiyanı vurmaq" olmuşdur. Bunlardan sonra "Şənbə" adlı həftəlik sənət dərgisi çıxarmağa başlayır. Jurnalın cəmi səkkiz sayı çıxır. Dekabrın 4-də isə "Tan" qəzetinin bağlanması ilə işini itirir və "Yeddi gün" jurnalındakı işindən çıxarılır.

Bundan sonra Əziz Nesinin çətin günləri başlayır.


Birinci həyat yoldaşı Vedia xanım və qızları Oya ilə birlikdə (1945).


1946-cı ildə dostu Əsəd Adil Müstəcəblinin qurduğu Türkiyə Sosialist Partiyasına üzv olur, amma iki ay sonra partiyadan çıxır. Yeri gəlmişkən, Nesin Müstəcəblinin çıxardığı "Gerçək" qəzetində katib və köşə yazarı olaraq da işləyirdi.


"Markopaşa" qəzetinin ilk nömrəsi (1946).


Amma bu qəzet də iyirmi beş sayı çıxdıqdan sonra bağlanır. Bir neçə dərgi və qəzetdən sonra Nesin Səbahəddin Əli, Rüfət İlqaz və karikaturaçı Mim Uykusuz ilə birlikdə həftəlik "Markopaşa" adlı satirik qəzet çıxarmağa başlayır. Tez-tez bağlanmasına və təhdid olunmalarına baxmayaraq, "Markopaşa"nın tirajı yetmiş minə çatmışdı. Amma o da dekabrın 16-da Əziz Nesinlə birlikdə xeyli insanın həbs olunaraq işgəncəyə məruz qalacağı "Böyük həbslər" nəticəsində bağlanan qəzetlərdən biri oldu.


“Gerçək" qəzeti (1946).


1947-ci ildə Nesin azadlığa buraxılır. 6 yanvar tarixində "Markopaşa" yenidən çap olunmağa başlayır.

Əziz Nesin Trumen doktrinasına qarşı yazdığı "Haraya gedirik" adlı məqalə səbəbilə yenidən həbs olunur və on ay ağır şəraitdə saxlanılır. Sonra dörd ay yarımlıq sürgünə məhkum olunur (1948-ci ildə təxliyə olunaraq Bursaya sürgünə yollandığı il həbsxanadan gizlincə çıxarılan yazılar yazmağa davam edəcəkdi). Bağlanan "Markopaşa"nın yerinə sentyabrda "Məlumpaşa" qəzeti buraxılmağa başlayır.

1948-ci ildə təxliyə olunduqdan sonra sürgünə yollandığı Bursada dolanışığı çox ağır olur.


Üsküdar Paşaqapısı Həbsxanasında Məhmət Əli Aybarla (1951).


Həyat yoldaşı Vedia xanımla boşanır. İkinci kitabı "Əziznamə"– ni nəşr etdirir. Bu kitab üçün də məhkəməyə çıxarılsa da, məhkəməni Nesin udur. Ardınca Məhmət Əli Aybarın çıxartdığı "Zəncirli hürriyyət" üçün yazmağa, iyul ayından etibarən də "Başdan" adlı həftəlik siyasi qəzet çıxarmağa başlayır.

1949-cu ilin yanvarında Səbahəddin Əli öldürülür. "Markopaşa"nın yerinə, "Hürr Markopaşa", "Yeddi-səkkiz paşa", "Bizim paşa", "Öküz Məhmət Paşa" qəzetləri çıxır. İngiltərə şahzadəsi Yelizaveta, İran şahı Rza Pəhləvi və Misir kralı Faruq Əziz Nesini məhkəməyə verirlər. Yeddiaylıq həbsə məhkum olunan Nesin bu müddəti Üsküdar Paşaqapısı Həbsxanasında keçirəcəkdi.


İngiltərə şahzadəsi Yelizaveta, Iran şahı Rza Pəhləvi və Misir kralı Faruq Əziz Nesini məhkəməyə verirlər (1949).


Bu dəfə də 1950-ci ildə, fransızca bilmədiyi halda Politserin "Fəlsəfə dərsləri" kitabının önsözünü tərcümə etməsi iddiası ilə 16 aylıq həbsə və 16 ay nəzarət altında saxlanmağa məhkum edilir. Lakin həbsxanada da yazmağa davam edib yazılarını kənara çıxartdığı üçün cəzasının bitməsinə 40 gün qalmış Nevşəhər Həbsxanasına göndərilir.

1951-ci ildə – Üsküdar Həbsxanasında olarkən sonralar – 1969-cu ildə çap olunacaq "Sizi olarmı?" əsərini yazır. Təxliyə olunduqdan sonra çox dəyər verdiyi dostu olan Səbahəddin Ərdəmlə birlikdə "Oluş" kitab evini açacaqdı.

1953–1954-cü illərdə "Parodiya Fotoşəkil Studiyası"nı yaradır, bir tərəfdən şeir, digər tərəfdən də fərqli təxəllüslər altında "Ağbaba" dərgisinə yazılar yazmaqla məşğul olur.

1955-ci ildə Kamal Tahirlə birlikdə "Düşün" nəşriyyatını yaradır. İlk şeir kitabı "On dəqiqə"ni çap etdirir, lakin Yəhya Kamal və Faruq Nafiz Çamlıbelin təsiri altında qalıb şeirlərində Nazim Hikməti təqlid etdiyini düşünərək nəşriyyatın həyətindəcə həmin kitabları yandırır. 6–7 sentyabr hadisələri zamanı yenidən həbs olunur. 1956-cı ildə evlənəcəyi Meral Çələnlə Harbiye Hərbi Həbsxanasında ikən nişanlanır.

1956-cı ildə üçüncü övladı Əli Nesin dünyaya gəlir. "Yeni" qəzetində köşə yazarlığı etdiyi vaxt onun "Qazan mərasimi" hekayəsi İtaliyanın Bordigera şəhərində yumoristik hekayə nominasiyasında "Qızıl Palma" mükafatına layiq görülür.

1957-ci ildə eyni mükafatı bu dəfə "Fil Həmdi" hekayəsi ilə alır. On bir yeni kitabı çapdan çıxır, dördüncü və son övladı Əhməd Nesin də həmin il dünyaya gəlir.

1958-ci ildə "Axşam", "Ulus", "Yeni qəzet" qəzetlərində köşə yazarı kimi işləyir. "Demokrat İzmir" qəzetində "İstanbuldan nə xəbər?" başlığı ilə məqalələr yazır.

1959-cu ildə uzun müddət davam edəcək bir yurd səyahətinə çıxır. Yenə də 1959-cu ildə "Jurnalistlər Cəmiyyəti Lətifə Mükafatı"nda birincilik qazanır.

1960-cı ildə sürgünə məhkum olunur, lakin 27 may dövlət çevrilişi baş verdiyi üçün qurtularaq Yassıada məhkəmə proseslərini izləyir və onları qələmə alır.

Qazandığı "Qızıl Palma" mükafatlarından birini 1961-ci ildə dövlət xəzinəsinə hədiyyə edir. Elə həmin ildə "Tanin" qəzetində köşə yazır, amma bu yazılarına görə üç ay həbsdə yatır (31 oktyabr). Daha sonra "Tanin" qəzetinin baş redaktoru İhsan Ada ilə birlikdə yenidən həbs olunur (8 iyuladək). Çıxan kimi "Qabaqcıl"da yazmağa başlayır. Elə həmin il Adanada linç olunmaq təhlükəsi ilə üz-üzə qalır.

1962-ci ildə "Düşün" nəşriyyatında naməlum səbəbdən yanğın baş verir. Məşhur "Zübük" dərgisi də həmin il nəşr olunmağa başlayacaqdı. Əziz Nesin yenə də həmin ildə Heybəliadada Dəniz Hərb Məktəbində əvvəlcə bağban, sonra iaşə müəssisəsi məmuru kimi çalışan, bir kənd mollasının oğlu olan atası Əbdüləziz əfəndini itirir. Nesin sonralar atasının sağlığında onunla daha yaxın olmadığı üçün təəssüf etdiyini söyləyirdi.

1965-ci ildə ilk dəfə xaricə gedir. Berlin və Veymardakı Antifaşist Yazarlar Toplantısına qatılır. Almaniya, Polşa, SSRİ, Finlandiya, Rumıniya, Bolqarıstan, Kiyev və Tiflisə səfər edir.

1966-ci ildə Bolqarıstanda "Vətən borcu" hekayəsi ilə "Qızıl Kirpi" mükafatını qazanır.

1967-ci ildə Meral Çələndən ayrılır.

1968-ci ildə "Milliyyət" qəzetinin təşkil etdiyi "Qaracan Qaragöz" pyes yarışmasında "Üç Qaragöz" pyesi ilə birincilik qazanır.


Əhməd və Əli Nesin pişikləri Gümüş ilə birlikdə (1967, ya da 1968-ci il).


1969-cu ildə Moskvada "İnsanlar ayılır" hekayəsi ilə "Qızıl Timsah" mükafatını qazanır. "Günaydın" qəzetində "Ellər aya, biz yaya" başlığı ilə məqalələr yazır. Eyni zamanda, "Günaydm"m satirik əlavəsi olan "Ülgüc"ü hazırlayır. Payızda Meral Çələnlə yenidən bir araya gəlirlər.

1970-ci ildə Çələnlə ikinci dəfə evlənir və elə həmin il Türk Dil Qurumunun Pyes mükafatına layiq görülür.


Əziz Nesin, Meral Çələn və M.Va-Nu.


1972-ci ildə Nesin Vəqfi rəsmi olaraq qurulur. Həmin ildə Əziz Nesin "Yeni ortam" qəzetində hissə-hissə çap olunmaq üzrə olan "Belə gəlmiş, belə getməz" əsərinin ikinci cildini yazmağa başlayır.


Nesin Vəqfinin binasının önündə.


1974-cü ildə Asiya-Afrika Yazarlar Birliyinin "Lotos" mükafatını alır. Həmin il Türkiyə Yazarlar Birliyinin (TYB) sədri seçilir və 1989-cu ilədək bu vəzifədə qalır.


Vəqfdə gül əkərkən (1974–1975).


1977-ci ildə Bolqarıstanda beynəlxalq mükafat olan "Hitar-Petar" la yanaşı, Mətbuat Şərəf kartını da alır.

1982-ci ildə Cənub-Şərqi Asiyaya səfəri zamanı ürəyindəki nasazlıq səbəbilə bir ay Moskvada xəstəxanada yatır. Orda olarkən öyrənir ki, əvvəllər xəbəri olmadan iki dəfə infarkt keçirib. Xəstə olmasına baxmayaraq, vətənə dönər-dönməz Sülh Dərnəyi qurucuları arasında yer alması əsası ilə sorğu-suala çəkilir.


Vəqfdə yemək hazırlayarkən (1982).


1983-cü ildə TYB-nin məhkəmə prosesi başlayır, lakin həmin il noyabrın 26-da Əziz Nesin sağ tərəfindən insult keçirir. İki-üç günlük müalicə aldıqdan sonra o, sol əli ilə yazmağa davam edir.

1984-cü ildə yazdığı bir yazı səbəbindən məhkəməyə verilir. Ürək əməliyyatı üçün ABŞ-a getməsi lazım olduğu halda, pasport ala bilmir.

Eyni ildə "Ziyalılar ərizəsi" və "Sülh" məhkəmə prosesləri başlayır. "Ziyalılar ərizəsi" məhkəmə prosesində ona nəşr olunmaq qadağası qoyulur.


Harold Pinter (ən solda) və Artur Millerlə birlikdə (1985).


1986-cı ildə Ekin-Bilar və TYB məhkəmə prosesləri başlanır. İnsan Haqları Dərnəyinin təşkil olunmasında təşəbbüskar olur. Çörək və Haqq Bəyannaməsi hazırlanır, ardınca Tüyap Xalqın Seçdiyi "İlin yazıçısı" mükafatına layiq görülür.

Əziz Nesin 1987-ci ildə Kənan Evrəni təhqir üstündə məhkəməyə verir.

1988-ci ildə kürdlərin mədəniyyət müstəqilliyini müdafiə etdiyi üçün Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən ittiham olunur.

1989-cu ildə TYB-nin sədrliyindən istefa verir.

1990-cı ildə ikinci dəfə Tüyapda xalqın verdiyi səslə "İlin yazıçısı" seçilir, ardınca Tolstoy Qızıl Mükafatı və Vyana Teatr Mükafatının sahibi olur.


Vəqfin uşaqları ilə birlikdə (1991).


1991-ci ildə Fransa hökuməti tərəfindən verilən cəngavərlik ordeni ilə təltif olunur.


Aşqabad (1991).


1992-ci ildə Ədəbiyyatçılar Dərnəyi Şərəf Mükafatı, Qızıl Medal və arasında Abdi İpəkçi Sülh Mükafatının da olduğu xeyli sayda mükafat alır.

1994-cü ildə Amerika Jurnalistləri Cəmiyyəti tərəfindən "İlin jurnalisti" seçilir və İnsan Haqları Mükafatını qazanır. 1995-ci ildə isə Orxan Apaydın Demokratiya və Sülh Mükafatını və Xirosima Fondu Mükafatını alır.

15 iyunda Nesin Vəqfində yuxudan "dözülməz ürək ağrısı ilə" oyanır. 30 iyunda fundamentalistlərə qarşı təşkil etdiyi bir konfrans üçün yollandığı Çeşmədə 6 iyul gecə saat 00:30 radələrində gözlərini əbədi olaraq yumur.

Əziz Nesinin cənazəsi, öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir. Həyətin hansı tərəfində dəfn olunduğunu isə sadəcə, bir neçə yaxını bilir.


Yazı maşını


Avtobioqrafiya1

“Belə gəlib, belə də gedəcək" ifadəsindən öz mənfəəti üçün istifadə edən bütün istismarçılar, bütün mənfəətçilər, bütün yalançılar və aldadılanlar bunu yaxşı bilsinlər ki: Belə gəlib, amma belə getməyəcək!"

«Quran», tikiş maşını və stul

Gözümü dünyaya yanğınla açdım. İlk xatirəm qapqara göy üzünü bürümüş o qıpqırmızı alov dilləridir. Ondan öncə olanları xatırlamıram. Lakin bu ilk xatirə yaddaşıma bütün incəlikləri ilə hopub.

Anam yuxudan oyandırdı. Sarı toppuzlu bürünc çarpayının baş tərəfində divardan asılmış, içində "Quran" olan gümüşü naxışlı, mavi atlaz torbanı əlinə aldı və öpüb alnına toxundurdu. Sonra o torbanı boynumdan asdı. Bacımı beşikdən aldı.

Pərdəsi açıq pəncərədən qığılcımlar saçan, od püskürən, atəş qusan qıpqırmızı bir səma görünürdü. Tavanda, döşəmədə, divarlarda qırmızı işıqlar oynayırdı, gah böyüyüb-kiçilir, gah uzanıb-qısalırdı… Güzgüyə baxdım: yanan səma güzgüyə dolmuşdu…

Həyət qapısı həyəcanla döyülürdü. Bayırda anlaşılmayan bir uğultu, səs-küy vardı… Arabir uğultunu uşaq ağlaması, ya da qadın çığırtısı dəlib keçirdi.

Qığılcımların, alovun iri böcəklər kimi pəncərə şüşəsinə dəydiyini görür, çırt-çırt səslərini, yanğının səsini eşidirdim… Sonra pəncərənin şüşəsi yox oldu: ya əridi, ya da sındı. Üzümə güclü isti vurdu.

Birdən otağın qapısı itələnərək açıldı. Bir neçə adam içəriyə doluşdu… Onlar əllərinə keçəni götürüb gedirdilər. Anam elə bilibmiş ki, bu adamlar yanğın zamanı əşyalarımızı xilas etməyə çalışan yaxşı adamlardır.

Bir qolunda məni, digər qolunda bacımı tutan anam bizi pilləkənlərlə endirdi, açıq qalmış həyət qapısından bayıra çıxardı, oradaca qoydu və yenidən içəri cumdu.

Küçədəki adamlar evin içinə doluşur, içəridəkilər isə yağmaladıqları əşyalarla bayıra çıxarkən biz ayaqlar altında qalırdıq. Anam qucağında tikiş maşını, bir əlində də stul çölə çıxdı. On səkkiz yaşındakı anamın o yanğından xilas edə bildiyi şey iki uşağı, "Quran", tikiş maşını, bir də stul idi. Tikiş maşını anamın öz qazandığı pulla aldığı cehiziydi. O, bacımın stulunu da o qarışıqlıqda yanğından xilas edə bilmişdi.

Baş verənlər məni heç qorxutmadı. Sanki bir gecə şənliyində, bir bayram əyləncəsində imişik kimi gəldi. Yaddaşımda beləcə qaldı.

Sonra yaddaş lenti həyət qapısında qırılır. Həyət qapısı ilə qəbiristanlıq arasında nələrin olduğunu bilmirəm, xatırlamıram.

Ertəsi gün ayıldığımda qəbiristanlıqda idik. Gecəni orada, açıq havada keçiribmişik. Qəbiristanlıq yanğından qurtulmuş yoxsul ev əşyaları, qorxmuş insanlar, ağlaşan uşaqlarla dolu idi.

Bacım qəbiristanlıqdakı iki qaraçöhrə ağacının arasına bağlanmış, kəndirləri gərilmiş bir beşikdə yatırdı.

Çox sonralar öyrəndim ki, evimizin yandığı yer Qasımpaşanın üstündəki "Yeniçeşmə" adlanan yer imiş. Kirayənişin qaldığımız evlərdə illər boyunca bu sözlər deyilirdi: "Yeniçeşmədə bizim də evimiz vardı".

İl 1919, 1920 olardı… Atam yanımızda deyildi. O bizi eləcə tərk edib lap çoxdan Anadoluya getmişdi… Anadoluda Qurtuluş savaşı gedirdi.

Tanrı ümidinə qalan uşaq

Üç yaşında olan bacım xəstələndi, ayaqları tutmurdu. Çox sonralar başa düşdüm ki, bu xəstəlik qidasızlıqdan, baxımsızlıqdan yaranan sümük xəstəliyi olan "raxit" imiş.

Həkim, dərman hardan olacaqdı?! Təkcə adını eşitdiyimiz həkim bizə əlimizin, səsimizin çatmaq imkanı olmayan fövqəladə bir varlıq kimi görünürdü. Ölən uşaqlar üçün "Allah verdi, Allah aldı" deyilirdi. Həkimdən, dərmandan daha əvvəl bacıma yaxşı baxa, ona bol qida verə bilsəydik, yaxşılaşardı. Pul ödənmədən oluna biləcək bütün türkəçarəni elədik. Sonra anama məsləhət verdilər:

– Axşam azanı oxunan vaxt uşağı qəbiristanlığa apar, bir qəbir daşının yanında qoy… Arxaya qətiyyən dönüb baxmadan, bircə damla gözyaşı da tökmədən qayıdıb evinə gəl. Sizin arxanızca gələn başqa bir adam isə onu götürüb evə gətirsin.

Anam bacıma başa salmışdı ki, sağalması, əvvəlki-tək yeriyə, qaçıb-oynaya bilməsi üçün belə bir şey edəcək və lazım idi ki, onu qəbiristanlıqda qoyub getdikdən sonra ağlamasın. Bacım ağıllı, gözəl qız idi.

Anam hər axşam onu qucağına götürər, mənim əlimdən tutar və biz Qasımpaşa ilə Bəyoğlu arasındakı Çürüklük qəbiristanlığına gedərdik. Qəbiristanlığın sıx-sıx əkilmiş qaraçöhrələri axşamın kölgəsini daha da qatılaşdırar, bu qaranlıqda qəbir daşları daha böyük görünərdi. Azan səsi minarələrdən qəbiristanlığa yayılan vaxt anam qucağında tutduğu bacımı bir qəbir daşının yanına oturdar, əlimdən tutub geriyə boylanmadan iti addımlarla gedərdi. Beləcə, bu, aylarla davam etdi – düz qış girənədək…

Bir dəfə də olsun, nə anam dönüb geriyə baxdı, nə də qəbir daşının yanında qalan üç yaşlı bacım ağladı…

Anamın çadrası altından üzü görünməzdi, yolda ağlamamaq üçün içində kim bilir, nələr çəkərdi. Evə çatan kimi özünü döşəkçənin üstünə atıb ürəyini boşaldaraq ağlayardı, ta ki kimsə bacımı gətirib çıxaranadək…

Xəstə bir uşağın son yaxşılaşma ümidinin nəyə görə qəbiristanlıqla bağlı olması haqqında sonralar çox düşündüm. Uşağın qarnını doyuracaq gücü belə olmayan həkimsiz, dərmansız yoxsullar tanrılarına yalvarırdılar:

"Tanrım!.. Bax, balamı sənə həvalə edirəm, balamın xəstəliyini torpağa göm, onu mənə həyat dolu, sapsağlam qaytar!.."

Bir gün atam evə alma gətirmişdi. Mənə: "Üzünü çevir!" – dedi. Üzümü divara çevirdim. Önümə bir alma düşdü, sonra daha biri… Atam: "Bax… Bu almaları sənə Allah göndərib, dua elə!" – dedi. Amma alma göndərən Allah bacımı sağaltmadı. Öldü bacım.

Evin həyətindən atamın qucağında balaca bir tabut çıxarkən mən bunu bir oyun zənn edərək Zəhra xalanın evinin qabağında durub gülürdüm. Bu bir oyun olacaqdı: bacımı bu kiçik taxta qutunun içində aparıb qəbiristanlığa qoyacaqdılar, o da orada sağalıb qaça-qaça evə qayıdacaqdı…

"Uşağı içəri aparın!" – dedilər. Məni otağa saldılar. Anam ağlayaraq yanıma gəldi, məni öpdü, "Bacın öldü, buna gülməzlər!" – dedi.

Pis bir şey etdiyimi başa düşüb utandım…

Həmişə necə, nəyə görə yumorist olduğumu soruşurlar… Bilmirəm. Amma ola bilsin, məni yumorist edən öz həyatım olub. Mən bu yerə gözyaşları içindən gəlmişəm…

Qasımpaşada bir psixoloq

Bayramlarda əlini öpməyə getdiyim yeganə qonşumuz vardı: sünnət toyumda mənə cilalanmış ağacdan dəvə şəkilli mürəkkəbqabı hədiyyə edən yaşlı bir qadın. Bu qadının evinə heç tənbəllik etmədən gedərdim. Çünki əlini öpdükdən sonra ovcuma bir neçə qəpik pay qoyardı.

Yenə bir gün o xalanın evinə getmişdim. Evdə hündürboy, enlikürək, gənc bir oğlan vardı. Bu gənc geyimi, duruşu, davranışı, danışıq tərzi, hər şeyi ilə bizim dünyamıza yad idi. İri damalı, qəhvəyi rəngli pencəyi, dar şalvarı və ayağında qalın yundan toxunmuş, zolaqlı idman corabı vardı. Enli dabanı, yoğun pəncəsi olan qəhvəyi ayaqqabıları ilə ayağını yerə möhkəm basırdı. Mənə elə gəlirdi ki, o bizim oturduğumuz o balaca otağa güclə yerləşir…

Bəzən hansısa yerləri tanıdığım insanlara bənzədirəm. İllər sonra Ayazpaşadakı Almaniya konsulluğunun binasını ilk dəfə gördükdə Qasımpaşanın yoxsul məhəlləsinin kiçik bir evinin dar otağında illər öncə gördüyüm, sağlamlıq və həyat fışqıran o gənci xatırlayacaqdım. Yer üzündə möhkəmcə tikilmiş bir bina və insana inam duyğusu verən bir gənc adam… İkisini bir-birinə bənzətmişdim.

O gənc bizim dünyamıza o qədər yad idi ki, əynin-dəkilərlə küçəyə çıxsaydı, bəlkə də Qasımpaşa uşaqları ardınca düşüb ona lağ edərdilər.

O xalanın oğlu imiş, Amerikada psixologiya üzrə oxuyub vətəninə dönmüşdü. Psixologiya… Bu sözü ilk dəfə eşidirdim. O zamanlar İstanbulda belə, bu sözü heç min adam eşitməmişdi.

Anası oğluna dedi ki, mənimlə uşaq kimi danışmasın.

Məni özünə tay-tuş hesab edərək böyük adam kimi danışan ilk şəxs məhz o gənc psixoloq oldu. Halbuki başqa böyüklər mənimlə böyüsəm də, sonradan balacala-şıbmışam kimi, qəribə bir məxluqmuşam kimi danışırdılar.

Məni özünə tay-tuş bilməsi xoşuma gəlirdi, buna görə də dediklərini dərk etməyə çalışırdım, amma nə qədər cəhd etsəm də, başa düşə bilmirdim. Onunla Mübahisə edirdim. Təbii ki, çox mənasız, ağılsız şeylər deyirdim, amma o məni alçaltmadan, lağ etmədən, ciddiyyətlə dinləyir, suallarıma cavab verirdi. Mənə nə haqda danışmasından asılı olmayaraq, psixologiyanın nəyə xeyirli olduğunu durmadan ondan soruşurdum. İzah edirdi, başa düşmürdüm. Yəni bu iş necə bir iş idi? Onunla nə edirdilər? Nəyə xeyri vardı?

Suallarım boş-boşuna deyildi. O vaxtadək mənə öyrədildiyinə görə, oxuma-yazma əməli olaraq bir işə yaramalı idi. Həkimlik, mühəndislik, nazirlik, vəkillik və başqa sahələr kimi, insana pul qazandırmalı idi… Bəs bu psixologiya nə üçün idi? İnsanlar onu öyrəndikdən sonra necə pul qazanırdılar? Suallarıma konkret nümunə göstərərək cavab verə bilmirdi. Ona görə də izah etdiklərini başa düşmürdüm.

"Xokkey" sözünü də ilk dəfə ondan eşitdim. Amerikada xokkey adlı oyun var imiş. O özü də orada xokkey oynayırmış. Xokkeyi necə oynamaq lazım olduğunu incəlikləri ilə uzun-uzadı izah edirdi. Amma mənim bütün fikrim bu psixologiyanın nə işə yaraması məsələsinin yanında idi.

– Yaxşı, bu psixologiya ilə nə olur, nə edilir, nə iş görülür?

– Bax, – deyirdi, – sən indicə əlini saçına uzadıb başını qaşıdın… Bayaqdan neçə dəfə bunu etmisən… Psixologiya sənin əlini başına nəyə görə uzatdığını anlamaq üçündür…

Məni hədsiz maraq bürümüşdü. Niyə əlimi başıma uzatmışam? Bunu boynumdan soruşmaq lazım idi. Çünki əlimi başıma uzatmağımın, məncə, heç bir səbəbi yox idi. Bu öz-özünə baş vermişdi. Boynumdan soruşsam da, onun cavab verməyəcəyini bilirdim, mən də Amerikada oxumuş adamı utandıracaqdım.

O nəsə danışır, mənsə arada elə eyni sualı verirdim:

– Niyə əlimi başıma uzatdım ki?

Dəqiq cavab gözləyirdim. Öyrəndim ki, bunun xeyli səbəbi ola bilərmiş. Məsələn, onun danışdıqlarından yorulmuş ola bilərdim. Xokkey haqqında danışmağa elə buna görə başlayıbmış… Ola bilsin ki, darıxdığım üçün əlimi tez-tez başıma uzadırmışam…

Özümü pis iş görən yerdə tutulmuş kimi hiss etdim. Yanaqlarımın allandığını duydum. Necə də başa düşmüşdü… Elə utandım ki…

– Heç də elə deyil… – dedim. – Mən darıxmırdım…

Günah hissi

O cümə günü axşamçağı paroxoda minib evdən İstanbula gələrkən günah hissi içində əzilirdim. "Darüş-şəfəqə"yə qayıdırdım, atasız dostlarımın yanına. Halbuki mənim atam vardı. Atamın olduğunu dostlarımdan, müəllimlərimdən, hamıdan gizləməyə məcburdum. On bir yaşındakı bir uşaq üçün bunun necə böyük dərd olduğunu anlaya bilirsinizmi?

Məktəbə getmək istəməyən ayaqlarımı zorla sürüyürdüm.

Məktəbə gəldiyim o axşam içimdən səsimin gücü çatdığı qədər "Atam var!" deyə bağırmaq gəlirdi. Amma atamın olduğu ortaya çıxsaydı, o saat məni məktəbdən çıxarardılar. Mən də daha təhsil ala bilməzdim. Oxumayacağımdan daha çox, anamın necə kədərlənəcəyini fikirləşirdim.

Bilmirəm, görəsən, atasının olduğunu gizlətmək məcburiyyətində qalan başqa bir uşaq varmı bu dünyada? Bir uşağın hər kəsin içində atasına "Ata" deyə bilməməsi necə də böyük faciədir. Uşaq faciəsi…

Çünki "Darüşşəfəqə"yə yalnız atasız uşaqların qəbul olunduğu hamıya məlum idi. Bəlkə də məlum deyildi, amma mənə elə gəlirdi ki, hamı bilir.

Bir uşağın atasının olmasının üzə çıxmasından qorxması, utanması qorxunc bir dərd, ifadəedilməz bir faciə idi. Bu dərd iliyimə kimi işləyirdi.

– Doxsan yeddi!..

Aradan çıxa bilməzdim. Dostlarımla birlikdə yeməkxanaya girməli idim. Girdim. Masanın arxasına keçib oturdum. Yediyim hər tikə boğazımda ilişib qalırdı. Bunu şüurlu olaraq etməsəm də, özümü elə hiss edirdim, sanki yoldaşlarımın haqqı olan yeməyi oğurlayırdım. Mənim etdiyim oğurluq idi, həm də bu oğurluq ömrüm boyunca davam edəcəkdi. Məktəbi bitirdikdən sonra da qurtulmayacaqdı. Yenə də dostlarımdan, hər kəsdən atamın olduğunu gizlədəcəkdim.

Atamın, əslində, olması yalanının ortaya çıxacağı qorxusu atamın olduğunu gizlətmək yalanından daha çox əzirdi məni.

Yeməkdən sonra, həmişəki kimi, dərsimizdə "müzakirə" saatı başladı. Qabağımdakı açıq kitabdan heç bir şey oxumadan, oxuduğumu başa düşmədən eləcə oturmuşdum. Sonra yenə də, həmişəki kimi, yataqxanaya getdim. Soyunub çarpayıya uzandım. Həmişə mənə öyrədiləni edərdim: "Sağ tərəfin üstə yatmalısan, çünki yaxşılıq mələkləri sağdadır. Sonra "Qul huvəllahu əhəd"i oxuyacaqsan".

Hər gecə yerimə uzanıb, – "Ya rəbbim, böyük bir adam olum!" – deyə dua edər, "Qul huvəllahu", "Fələq və Nas"ı oxuyaraq yuxulayırdım. "Böyük adam" deyəndə həmişə ağlıma kəşfiyyatçılar, ixtiraçılar gəlirdi. Çünki kəşfiyyat aparanlar, ixtira edənlər böyük adam idilər, ölümsüzdülər, onların adı sonsuz olaraq yaşayacaqdı. "Ya rəbbim, ölkəm üçün yararlı bir adam olum!.." "Əlham"ı, "Qul huvəllahu" nu üçüncü, dördüncü dəfə oxuyanda yuxu məni aparırdı. Gecə hansı vəziyyətdə yatırdımsa, eləcə də qalır, səhər yenə sağ tərəfi üstdə qalxırdım.

O gecə dördüncü, beşinci, onuncu kərə "Qul huvəllahu"nu desəm də, gözümə yuxu getmədi. Bəs birdən atamın olduğu üzə çıxsa?.. Səhər yuxudan ayılanda gördüm ki, adyalım yerdədir.

Kürü

Anam Heybəliada sanatoriyasından çıxıb evə qayıtmışdı. Artıq yataqdan heç qalxa bilmirdi. Halsız idi, iştahası küsmüşdü. Heç bir iş görə bilmirdi, hətta evin içində də gəzişməyə taqəti yox idi. Bütün iş, ev işlərinin ağırlığı, xəstə anaya qulluq bacımın balaca çiyinləri üzərinə düşmüşdü. Belə bir zəhmətkeş, fədakar bacını əsl həyatda deyil, bəlkə, romantik romanlarda ideallaşdırılmış obraz kimi görmək olardı.

Xəstə anamı yer yatağına yatırda bilməzdik. Dəmir çarpayımız da yox idi. Ona görə də içiboş şəkər sandıqlarının üstünə yun döşək salındı və beləcə, xəstə yatağı düzəltdik. Qumral gur saçlar yastığın bəyazlığı üstə yayılırdı. Üzü çox solğundu, saralmışdı. Əvvəlki gözəlliyi ancaq gözlərində qalmışdı. Amma gözləri hələ də parlaq idi; iri, par-par yanan qara gözləri… Rəngi solmuş dodaqları isə çat-çatdı… Daim hərarəti yüksək olurdu. Arabir elə tərləyirdi ki, elə bil üzünə şeh qonmuşdu. Alnındakı saçların dibi belə tərli olurdu. Həmişə tərtəmiz olan əlləri bir başqa cür görünürdü, xəstəlikdən ağarmışdı, barmaqları elə bil kəhrəbaya dönmüşdü… Əvvəllər yanaqlarında elə bil dərisinin içində işıq yanırdı, indi isə bu işıq da sönmüşdü…

Getdikcə anamla yadlaşırdıq. Mənim yanına gəlməyimə, hətta otağına girməyimə icazə vermirdi. Gecələri onun otağına bitişik odunluqda, taxtanın üstünə salınmış yataqda yatırdım. Otağına girəndə mənə uzaqdan baxır, baxışlarını üzümə zilləyr, sonra üzünü divara çevirirdi…

Özü üçün böyük vasvasılıqla yemək qabları, çəngəl, qaşıq ayırmışdı ki, özündən başqa onları heç kəs işlətməsin…

Anamın bu vəziyyətinə etinasızlıqla yanaşırdım. Mənim davranışım anlaşılmaz, yaxud çox yaxşı anlaşıla biləcək uşaqlıq idi. Amma anamı öpüb əzizləmək, aradabir qucağına girmək istəyirdim. O isə mənim bu istəklərimi gözümdə qoyurdu.

Atam pərişandı, özü də çox… Onun anamı sevdiyi kimi ancaq on mində, yüz mində bir ər öz arvadını sevə bilər. Atamın özünü aparmasından başa düşürəm ki, əvvəllər anama çəkdirdikləri üçün çox peşmandır. O, anama qarşı hər zaman əsəbi və sərt davransa da, onu sevdiyi üçün belə hərəkət edirdi.

Demişdilər ki, anam kürü yeməlidir. Dolanışığımızı güclə yola verən atam anama kürü almalıydı. Kürü anama kömək edəcəkdi. Kürü, balıq kürüsü… Elə deyirdilər.

Atamın pulu yox idi, amma anamın yaxşılaşması üçün lap elə mirvari, platin, almaz da lazım olsa, hansı yolla olursa-olsun, özü də torba-torba tapıb gətirəcəkdi…

Atamla birlikdə Eminönüdəki bazarın dükanlarını, Qaraköydəki çərəz satanların piştaxtalarını gəzirdik. Atam kürünü bir az ucuz almaq üçün qiyməti elə hey saldırırdı. Onun bazarda qiymət salması adətən məni çox yorar, əsəbiləşdirərdi. Amma bu dəfə qətiyyən yormurdu.

Çəkişə-çəkişə qiymət saldıran atamı çox haqlı hesab edirdim… Kürü çox, hədsiz dərəcədə bahalı idi. Özü də biz onu, sadəcə qida olaraq deyil, anamın yaxşılaşması üçün dərman kimi alırdıq. Bu cür bahalı bir şeyin varlıların yemək süfrəsini bəzədiyinə çox təəccüb edirdim. Onlar bizim dərmanımızdan qida kimi istifadə edirdilər, ya da əksinə, onların yediyi şeyi bizim xəstələrimiz dərman kimi alırdılar. Çox hirsliydim; ilk dəfə idi ki, atamın qiymət saldırmasını düzgün hesab edirdim.

Atam Qaraköy-Topxana yolu üstündə, sağ tərəfdə yerləşən çərəz dükanının daimi müştərisi olacaqdı. Biz kürünü ancaq ordan alacaqdıq. Çoxlu kürü alacaqdıq ki, anamı sağaldaq.

Amma anam, demək olar ki, artıq heç bir şey yemirdi. Çox çətinliklə süd içə bilirdi. Mənsiz boğazından keçmədiyi üçün mənə də kürü yedizdirməyə çalışırdı. Kürüdən heç xoşum gəlməmişdi, dadsız idi… Varlıların nəyə görə kürünü çox yeməsinə təəccüblənirdim. Adam da quru lobya dura-dura kürü yeyər?! (Hələ də quru lobyanı çox sevirəm, özü də qırmızı istiotlu, bol tomatlı, üstü incə pərdə kimi qabıq bağlamış, buğu çıxan quru lobya…) Anamsa elə bilirdi ki, ona çox qalsın deyə kürünü yemirəm.

Son görüşüm

Anam məni yanına çağırmışdı. Yenə də qonşu qadınlar bizdə idilər. Onlar odunluqda dayanmışdılar. Anamın yanında təkcə atam vardı.

Otağa girdim. İçəri girəndə sağ tərəfdə, çardağın yanındakı divarda iki pəncərə, solda isə küçəyə açılan bir pəncərə yerləşirdi. Qapıya bitişik divarın dibindəki yataqda anam tərpənməz şəkildə uzanmışdı… Başı küçəyə açılan pəncərəyə tərəf idi; üzünü asma çardağa tərəf çevirmişdi. Amma pəncərənin pambıq pərdəsi aşağı salınmışdı. Axşamçağına doğru otağın içi sentyabr kölgəsi ilə dolu idi.

Anamın üzü rahatlıq saçırdı. Gözləri ilə mənə gülümsəyirdi. Atam baş tərəfində dayanmışdı. Səssizlik içindəydi… Zaman keçir, aradan sanki on il, yüz il ötürdü. Anam nə isə demək istəyir, amma danışa bilmirdi. Hecalar böyüyür, ağzına yerləşmirdi. Onsuz da arzuları əlindən uçub getmişdi. İndi də dilinə hakim ola bilmirdi. Nəsə demək istəyirdi. Atam "Quran" oxuyurdu.

Anam heç danışa bilmirdi. Artıq gözlərini də hərəkət etdirməyi bacarmırdı. Baxışları donuq idi… Gözləri tavana ilişib qalmışdı. Nəfəs almaqda çətinlik çəkirdi.

Məni yenidən bayıra çıxardılar.

Bu, anamı son dəfə görməyim oldu. Amma səsi həmişə qulağımdadır: "Gözlərim açıq ölməyəcəyəm…"

Özümü günahkar hiss edirdim.

Axşam düşürdü. Evimizə girib-çıxanlar isə getdikcə artırdı… Hava qaralmışdı. Anam hələ ölməmişdi.

Mənə dedilər ki, Nəriman xalagilə gedib gecəni orda qalım.

Nəriman xanım Adada, bundan əvvəlki evimizə bitişik evdə yaşayan, mənim "Darüşşəfəqə"yə qəbul sənədimi gətirən yanğınsöndürənin arvadı idi.

Vəziyyət elədir ki, həmin an nə istəsəm, mütləq şəkildə yerinə yetiriləcəkdi. Bir salxım üzüm istədim. Atam əlini çardağa uzatdı və tənəkdən iri bir salxım üzüm dərib mənə verdi…

Kasıb dolanmaq

Amerika Birləşmiş Ştatlarındakı iqtisadi böhranın bütün dünyaya yayıldığı, bunun müharibədən yenicə çıxmış Türkiyəyə də təsir etdiyi illərdə yaşayırdıq. İşsizlik, pulsuzluq, yoxsulluq hər yanı bürümüşdü. Bu vəziyyətdə ən çox əziyyət çəkən ailələrdən biri də bizimki idi.

Anamın vəfatından sonra dolanışığımızla bağlı çətinliyimiz daha da artdı. Atamın hansısa bir işi yox idi. Heç vaxt da olmamışdı. Ona görə də heç vaxt, – "atamın peşəsi budur", – deyə bilməmişəm. Həmin günlərdə qısa müddət qülləsi olan ağ rəngli şəxsi evin bağçasına qulluq etmişdi. Həftədə iki gün o bağçada bağbanlıq edirdi. Amma qışın gəlişi ilə o iş də sona çatdı.

Mənə elə gəlir ki, anamın ölməsinə yaxın atam çətinliyimizi anama hiss etdirməmək üçün son gücünü tükətmiş, əlində olan-qalanı onun üçün xərcləmişdi.

Atam sanki işi varmış kimi, hər gün səhər evdən çıxar, eyni saatda yola düşən paroxodla İstanbula gedər, hər axşam da evə eyni paroxodla əlində torbası, zənbili, rəngli, böyük yaylığa bükülmüş ərzaq, meyvə geri qayıdardı. İstanbulda hər şey Adadakından daha ucuz olduğu üçün o, hər şeyi ordan alıb gətirərdi: yerə düşüb çatlamış iri qarpızlar, yetişmiş olduğu üçün bir tərəfi əzik, bal dadan yemişlər, çox yetişmiş olduğu üçün salxımından tökülmüş ağ üzüm dənələri, yetişmiş və əzik pomidorlar, hər cür meyvə-tərəvəz… Atam hətta çörəyi də çox vaxt İstanbuldan gətirirdi. İstanbul bazarlarında boyat çörək, az qala, bir quruş ucuzuna satılırdı. Atam deyərdi ki, boyat çörək mədəmizə xeyirlidir, heç özü də təzə çörək yeməzdi. Halbuki mən təzə, isti, yumşaq çörəyi çox sevirdim.

Fındıq, fıstıq, şokolad, şəkər yeməzdik, onların yerinə yemiş, qarpız tumları yeyərdik. Bacımla birlikdə düzənliklərdən əməköməci, kasnı, əvəlik, turşəng və salat hazırlana biləcək, adlarını unutduğum daha neçə-neçə göyərti, bitki yığardıq. Yeməli göbələyi zəhərlisindən asanca ayırd edə bilirdik. Əsasən də Papaz məktəbi və Abbaspaşanın yamaclarındakı sıx otların altından, iynətək iti, bir-iki qarış uzunluqda yarpaqların altından göbələk tapıb çıxar-dardıq. Evə səbət dolusu göbələk aparardıq. Köz üzərində qızardılaraq bişən göbələyi çox sevirdim. Qabırğa ətindən kömür alovuna daman qan kimi, göbələyin də köz üstünə suyu damardı. Məktəbdə bir müəllimim beş kiloqram göbələkdə yalnız iki yüz əlli qram ətin kalorisinin olduğunu deyəndə çox üzülmüşdüm2.

Ocaqda və sobada yandıracağımız odunu da özümüz toplayardıq. Quru şam budaqları, üstəlik, qatranlı şam qozaları elə gözəl, çırtha-çırtla yanardı ki…

Toyuq, hinduşka saxlayırdıq. Atam toyuqların yemini İstanbuldan gətirirdi. Hinduşkalar üçün isə onun özünün tapdığı bir yem var idi: palıd qozası. Adanın şamları arasında palıd da çox idi. Palıd qozasından torba-torba yığardıq. Hinduşkalar palıd qozasını yeməzdilər. Hətta yemək istəsələr də, iri qozalar dimdiklərinə yerləşməzdi. Biz hinduşkanı tutar, dimdiyini açar və qozasını əlimizlə ağzına basardıq. Hinduşkanın uzun boğazı boyunca qozanın aşağı düşməsinə baxardıq. Hinduşkaların qursağı qoza ilə dolardı. Atamın kəşf etdiyi bu yemlə hinduşkalar çox kökəlir, iriləşirdilər. Onların balalarına baxmaq isə çətin olurdu. Körpə ikən kürəkləri tüksüz olduğu üçün istidən çat-çat olardı. Ona görə də onların kürəyini yağlayardıq.

Toyuq və hinduşkalarımızın yumurtasını satardıq. Adaya müalicə və havasını dəyişmək üçün xeyli vərəmli xəstə gələrdi. Təzə yumurta vərəm xəstələri üçün xeyirli olduğundan, baha qiymətə satırdıq.

Zeytunluğun altındakı dalğaqıranla əhatə olunmuş kiçik körfəzə Yalova, Qaramürsəl və başqa yerlərdən heyva, qoz, üvəzlə yüklənmiş bərələr gəlirdi. Üvəz ovuc-ovuc satılırdı. Həmin bərələrdən ucuz çərəz alırdıq.

Qısacası, biz yaşamaq, yaşamağın yollarını tapmaq məcburiyyətində idik.

Adada su mənbələri olmadığı üçün buradakı evlərin çoxunda sisternlər olurdu. Amma bizim balaca evimizdə yox idi. Pul xərcləməmək üçün uzunqulaqla su daşıyan susatanlardan da almazdıq. Bacımla birlikdə (amma daha çox bacım) mis səhənglə körpünün yanındakı bulaqdan evə su daşıyardıq. Bulaqdan evimizə uzanan yoxuş çox dik idi. Yolu qısaltmaq üçün bu yoxuşların ən dikini seçərdim, çünki bura həm də ən qısa yol idi. Amma bostanların arasından keçən yolu seçməyimin səbəbi təkcə yolu qısaltmaq deyildi. Dostlarımın məni su daşıyarkən görməsini istəmədiyim üçün əlimdəki dolu səhənglərlə bu dik cığırla gedirdim. Yaşıdlarım və dostlarım olan bu yaxşı geyimli, gözəl görünüşlü varlı balaları susadıqlarında suyu stəkana özləri doldurmazdılar. Onlar suyu ya evlərindəki övladlığa götürülmüş uşaqlardan, süd analarından, qulluqçularından, nökərlərindən, onlar da olmayanda analarından istəyərdilər. Özü də bizdən fərqli olaraq, hər kimdən su istəsələr, – "Su ver!" – deyil, yaxşı tərbiyə aldıqları üçün – "Su verə bilərsinizmi?" – deyərdilər. Bu, cavabına ehtiyac olmayan sual şəklində buyruq idi. Analarından su istəyərkən onlar bu buyruğa bir də "zəhmət olmasa" sözünü əlavə etməyi heç unutmazdılar. Onların mənim kimi ataları yox idi, "atacım"ları, "bəy-baba"ları vardı. Bu uşaqların atalarına necə "bəybaba" deməsinə təəccüb qalardım. Öz atalarına yad adam kimi, süni şəkildə müraciət etmələrinə əsəbiləşərdim. Məhz bu uşaqların əlimdəki su dolu iki ağır səhənglə ayaqlarımı təlxək kimi ağırlıqdan yana basa-basa su daşıdığımı görüb mənə xor baxmalarını istəmədiyim üçün ən dik cığırla çıxırdım.

Cinsi təhsil

Yaşıdım olan bütün oğlan uşaqları kimi, cinsi təhsildən məhrum böyümüşəm. Biz nə filmlər və kitablar vasitəsilə dolayı, nə də həqiqi cinsi təhsil aldıq. Atam hətta dostları ilə cinsi məsələlərə dair zarafat etməyən, ağır xasiyyətli adam idi. Atamın bir dəfə də olsun, açıq-saçıq lətifə danışdığını, ya da ona danışıldığım eşitməmişəm. Halbuki başqaları belə kobud lətifələri çox danışardılar. Mən də bu cür lətifələrdən çox eşitdiyim halda, onları danışmağı sevmirəm. Amma açıq-saçıq lətifələr arasında xüsusilə siyasi hadisələri ən asan yolla şərh edərək danışmaq üçün o qədər təsirli olanları var ki… Bu məqsədlə danışıldıqda açıq-saçıqlığı belə qalmır.

Cinsi mövzuda heç danışmayan atam bir gün mənə bir münasibət haqqında bir-iki söz dedi. Uşaqlığımda bu mövzuda mənə deyilmiş ilk və son söz bu oldu.

Atamın dövlətə məxsus evdə yaşayan, təqaüdə dəniz zabiti olan bir dostu var idi. Bir gün onun evinin önündən keçirdik. Getdiyimiz yerdən qayıdarkən atam bu dostuna baş çəkəcəkdi. Çünki iflic olmuşdu. Bu yaşda adamı da iflic vurarmı?! O hələ cavan idi. Amma öz qayğısına qalmırmış. Atam dostu üçün xeyli təəssüfləndikdən sonra qadınlarla çox yatmaq səbəbindən bəzi kişilərin iflic olduğunu dedi. Yəni kişilər cinsi münasibətlərdə ehtiyatlı olmalıdırlar.

Atam bunu mənə sözlərini seçərək, rahatlıqla, yolda gedərkən tamamilə əhəmiyyətsiz və adi bir şey deyirmiş kimi danışırdı. Halbuki o vaxtlar bir atanın oğluna belə şeyləri deməsi qətiyyən yolverilməz idi. Atamın mənə dolayı yolla öyüd verməsi xoşuma gəlmişdi. Deməli, mən də artıq belə şeylərdən danışa biləcək yaşa gəlmişdim. On iki yaşında idim. Atam məni gənc hesab etdiyi üçün bundan danışırdı. Lakin atama heç bir söz demədim, sadəcə, səssizcə yanında addımlaya-addımlaya onu dinlədim…

Kağıza hörmət

Yazılmış olsa da, olmasa da, çapdan çıxmış olsa da, olmasa da, hər cür kağıza hörmət hissi duyuram. Dəftərlərin ucunun bükülməsini, kağız topalarının pozulmasını xoşlamıram. Qəzetləri oxuduqdan sonra onları necə gəldi, qarmaqarışıq, səhifələri dağınıq halda qoyub getmirəm. Nəqliyyatda qarşımda əyləşmiş bir nəfər əlindəki jurnal, yaxud kitabın vərəqlərini barmağı, ya darağı ilə kobudcasına açdıqda oturduğum yerdə narahat oluram.

Niyə beləyəm? – Bu sualın cavabını qırx beş il əvvələ gedərək verə bilərəm.

Öncə bunu deyim ki, uşaqlıqdan belə görmüşəm: istər oxuyub-yazan, istər şəhərli, istərsə də kəndli olsun, hər bir türk yerdə gördüyü iki əşyanı o dəqiqə qaldırıb ya divarın üstünə, ya pəncərənin taxta layı arasına, ya da ağac oyuğuna, yəni yerdən yüksəyə qoyur. Bunlardan biri çörək, digəri çap kağızıdır. Bu ikisinin üzərinə ayaqla basmazdılar. Çörək nemət, çap kağızı isə müqəddəs idi. Hətta çörəyi yerdən götürüb əvvəl öpərək alnına dayayır, sonra ayaq dəyməyəcək, hündür bir yerə qoyardılar. Çapdan çıxmış kağızda pis bir şeyin yazıldığı ağıla belə gəlməzdi. Bu kağızdakı hərflərin arasında "əlif" hərfi ən müqəddəsi idi. Çünki Allah kəlməsini bildirirdi.

Mənim kağıza hörmət hissim hazırda unudulmuş olan bu gözəl adətlə bağlılığımdan irəli gəlmir.

Atamın dostları arasında adını xatırlamadığım qoca bir kritli vardı. Yaşca atamdan böyük idi. Onu heç vaxt üzütüklü görməmişdim. Pal-paltarı köhnə olsa da, təmiz və ütülü olardı. Qalstuku, özü də düyün yeri çox işlənməkdən par-par parlayırdı. Pencəyinin qolları, şalvarının ətəyi didilmişdi. Sirkəçilər sahilində yüksələn (sonradan söküldü) ədliyyə binasında mirzəlik edirdi. (Sultanəh-məddəki böyük ədliyyə binası da hələ yanmamışdı). Sirkəçilər sahilindəki ədliyyə binasının üst mərtəbəsinin dəhlizində bir alçaq həsir stul, bir də masa kimi istifadə etdiyi çox balaca, siyirməli dolab vardı. Latın qrafikası hələ qəbul olunmamışdı, türk yazısı ərəb hərfləri ilə yazılırdı. Makinalardan hələ istifadə olunmur, ərizələr əl ilə yazılırdı.

Bir gün axşama doğru atamla Sirkəçidəki ədliyyə binasına getdik. Kritli də öz stulunu, masasını yığışdırıb bir küncə qoydu. Üçümüz birlikdə əvvəlcə paroxoda mindik. Heydərpaşaya keçdik, sonra oradan qatara minib Pendikdə düşdük. Kritli mirzənin Pendikdəki evinə gedirdik, orada gecələyəcəkdik. Bu yoxsul mirzənin evi, kim bilir, nə halda idi, orda necə gecələyəcəkdik!..

Pendik qatar stansiyasından dənizin sahilinə endik. Sahildəki ensiz yolla bir neçə yüz metr getdik. Qabağında böyük bir həyəti olan, dəniz sahilində yerləşən üçmərtəbəli, gözəl taxta evə gəldik; malikanə kimi bir şey idi… İçəri girdik. Bura qoca mirzənin evi imiş. Üç mərtəbənin hamısı ailəsinə məxsus idi. Evin əşyaları bahalı olmasa da, gözəl və təmiz idi. Gecə üzərinə ağappaq döşəkağı salınmış çarpayıda yatdıq. O yoxsul geyimli mirzənin bu gözəl evin sahibi olduğuna mat qalmışdım.

Ertəsi gün atam mənə hər şeyi izah etdi. Mirzə Kritdə yaşayarkən çox varlı imiş. Türkiyəyə köçəndə var-dövlətinin çox hissəsini Kritdə qoyub gəlib. Qoyub gəldiklərinin qarşılığı olaraq, hökumət də ona dövlətin nəzdində olan əmlaklardan bu evi verib. Ev yaxşı, gözəl olsa da, kritli buralarda iş tapmadığı üçün ədliyyədə mirzəlik etmək məcburiyyətində qalıb.

Ertəsi gün həftəsonu idi. Bütün günü orada keçirdik. Hansı səbəbdən etdiyimi indi xatırlamıram, amma o vaxtlar yeni kağız, indi isə fayl kağızı adlanan bir kağızı təsadüfən düz ortadan cırmışdım. Qoca mirzə:

– Belə etmək olmaz, Nüsrət əfəndi oğlum, olmaz! Kağızı belə cırmaq olmaz! – dedi.

O gün onun dediyi sözlərin arasında tez-tez təkrar etdiyi "Kağıza hörmət etməlisən!", "Kağıza hörmət etməyən münəvvər adam ola bilməz!" sözləri mənə verdiyi nəsihət olaraq qırx beş ildir ki, qulağımdan silinməyib. O, nəsihətlərdən sonra, tətbiqi tədrisdə olduğu kimi, bir kağızı iki ucundan tutub qatladı. Qatladığı yerə iki dırnağını bir neçə dəfə çəkdi. "Kağızın ləkələnməməsi üçün əllərin təmiz olmalıdır!" – dedi. Sonra kağızı qatlandığı hissədən tutaraq iki yerə ayırdı. Kəsik yeri düppədüz idi.

– Kitaba gəlincə… – deyə rəfdən səhifələri heç açılmamış bir kitab axtarıb tapdı. Kitab bıçağı ilə onun səhif ələrini diqqətlə ayırdı və dedi: – Bax belə… Kağıza hörmətlə yanaşmaq lazımdır!

Yetkinlik

Bir isti yay günü, günorta sonrası… Bəlkə də, qışın ortasında yaydanqalma bir günün günorta sonrası idi… Lakin… Bəlkə də, yayı çəkə-çəkə sürüyüb gətirən o gözəl payız günlərindən birinin günorta sonrası idi… Hər hansı mövsümün necə bir günü olursa-olsun, bu, otların, bitkilərin, nəmli torpağın istidən buxarlana-buxarlana göyə uzandığı, impressionist tablolardakı kimi təbiət rənglərinin əriyərək bir-birinin içinə keçdiyi bir gün idi. Mənim də əzələlərim boşalmışdı. Sanki əriyirdim, qollarım, ayaqlarım uzanaraq ətrafa yayılırdı. Yuxululuqla oyaqlığın sərhədləri arasında var-gəl edə-edə gah bu yana, gah o yana keçirdim. Həm yatırdım, həm oyaq idim, nə yatırdım, nə də oyaq idim…

Otağın bir küncündə üst-üstə yığılmış halda olan döşəklərdən birini otağın ortasına, yerə sərdim. Sərinlik hissi gətirən döşəkağını üstünə örtdüm. Yorğanın altına girdim. Yuyulmaqdan əməllicə yumşalmış yorğanüzü çılpaq, isti bədənimi iri, od kimi ovuctək hər tərəfdən bürüdü.

Otağımızın iki pəncərəsini həqiqətənmi, yoxsa yuxudamı görürəm? Dəmir barmaqlıqların rombları arasından düşən işıq, ağ qanadlı kəpənəklər kimi pambıq pərdələrin üzərinə qonub. Bu işıq kəpənəklərin üstünə elə düşür ki, sanki bayırdakı üzüm yarpaqlarının kölgəsi kəpənəkləri tutmaq istəyən əllərdir. Pərdələr küləyin təsirilə qımıldadıqca hər şey, hər şey oynayır, yalnız işıq kəpənəkləri, kölgələr deyil, tavan da, döşəmə də, altımdakı yumşaq yataq da… Özümü dalğalı dənizdə bir qayığa uzanmış kimi hiss edirəm.

Bədənimin istisi yorğanüzünü də isidir, isinmiş parça bədənimə istilik verir. Əllərimi, qollarımı qayığın içindən dənizin sərinliyinə buraxırmışam kimi yorğanüzünün sərin yerlərinə atıram. Yəqin ki, yuxudayam, bəlkə də bu yuxunu yatmadan görürəm… Bax məhz belə bir yuxu və ayıqlıq sərhədində var-gəl edirəm.

Yavaş-yavaş yorğanın ucunu qaldırıram. O qədər ehmalca ki… O oyanmasın deyə. Birdən oyanıb çılpaq ayaqlarına baxdığımı görərsə, üstünü örtər, həm də mən çox utanaram. Kimdir yataqdakı bu qız? Bunun əhəmiyyəti yoxdur. Yorğanın ucunu asta-asta qaldırdıqca yatağın içinə işıq dolur. Qızın iki çılpaq ayağı baldırlarının yuxarısı-nadək çəhrayı bir canlılıqla parlayır. Daha çox şey görünür… Alt paltarı da.

Bir ilıq ərimə, rahatlama keçir içimdən. Eynən qayıq formasındakı yelləncəkdə yuxarıdan aşağı enərkən, təyyarə hava boşluğuna düşüb bir müddət beləcə qalarkən hiss etdiyin o ürəkgetməyə bənzəyən bir duyğu, bir boşalma.

Bunun gizlin bir şey olduğunu dərk edirəm. O dərəcədə gizlindir ki, heç kimsəyə deyilə, danışıla bilməz, amma yenə də hər kəsin bildiyi, hər kəsin başına gələn bir şeydir… Mənə bu mövzuda heç bir şey deyilməməsinə baxmayaraq, yenə də bunun belə olduğunu bilirdim.

Yuxun şirin olsun, yat artıq…

1.Əziz Nesinin həyat hekayəsi yazıçının “YOL. Belə gəlmiş, belə getməz I” (“Nesin” Nəşr., 6-cı nəşr, 2012), “YOXUŞUN BAŞI. Belə gəlmiş, belə getməz II” (“Nesin” Nəşr., 6-cı nəşr, 2013), “YOXUŞLA YUXARI. Belə gəlmiş, belə getməz III” (“Nesin” Nəşr., 6-cı nəşr, 2013) kitablarından götürülmüşdür.
2.Söhbət yabanı göbələkdən gedir. Xüsusi yetişdirilmiş göbələkdə kalorinin bu qədər aşağı olduğunu hesab etmirəm.

The free sample has ended.