Read the book: «Təzə gəlin»

Font::

Ayaz İmranoğlu

Ayaz İmranoğlu

Təzə gəlin

Bakı: Köhlən Nəşriyyatı, 2019, 178 səh.

İSBN 978–9952–8360–0–4

© Ayaz İmranoğlu

Ayaz İmranoğlunun “Təzə gəlin” kitabı haqqında bir neçə söz

Ağrı, bədii təxəyyül, intuisiya və ürək…  Ayaz İmranoğlunun bədii mətnləri ədəbi cərəyanlara, nəzəri modellərə deyil, bu dörd doğal təmələ əsaslanır. Onun bütün hekayələri mənəvi-əxlaqi kontekstdə yazılıb. Sevgi və əxlaq, sevgi və mənəvi borc – Ayazın yazıçı olaraq hədəf seçdiyi mövzulardır. Müəllif öz qəhrəmanlarını hər cür məşəqqətlərdən, ölüm-itimdən keçirə-keçirə, onların dözümünü sınaya-sınaya sonda halal tale payını – xoşbəxtliyi onlara ərməğan edir. Ümidlərin üzüldüyü anda Xızır peyğəmbər kimi özünü yetirib onları dardan qurtarır. Bu, Ayazın bir insan kimi özünün xarakterindən doğan bir xüsusiyyətdir. Təsvir etdiyi əhvalatlarla, xüsusən də personajlarla müəllif arasında həssas bir bağlılıq var.

Bir neçə il bundan əqdəm Ayaz mənə özünün yazdığı kiçik bir hekayəsini oxudu. İndi xatırlamıram hansı hekayəsi idi, amma o yadımdadır ki, həmin anlarda mən Ayazda hekayəçilik impulslarını sezdim. Hər dəfə görüşəndə soruşurdum ki, qardaş, təzə nə yazmısan? Nadir hallarda Ayaz məni sevindirirdi. Ayaz çox narahat adamdır, yazacağı mövzunu günlərlə, aylarla içində gəzdirib bişirəndən sonra qələmə alır. Bir dəfə sözarası ona dedim ki, hekayələrini bir yerə yığıb kitab halına gətir. Söz verdi ki, mütləq edəcək. Amma yazıçıların həyatında adətən, hər şey plansız baş verir. Yazıçı “filan əsəri yazacam, filan kitabı nəşr etdirəcəm” deyirsə də, hər şey əksinə baş verir və ya nəzərdə tutulanlar deyil, tamam başqa əsərlər ortaya çıxır ki, bu da əvvəlcədən qurulmuş “plan”ı pozur. Hər şey öz təbii axarıyla gedəndə niyyətlər gec-tez gerçəyə çevrilir. Nəhayət, bir gün Ayaz povest və hekayələrdən ibarət kitabının əlyazmasını oxumaq üçün mənə təqdim etdi. “Bu ideyanı sən ağlıma saldın” deyib gülümsədi.

Bu hekayələri oxuduqca fikrimdən keçdi ki, onların yeni ədəbi metodlarla araşdırılması çağdaş nərs düşüncəmizin istiqamətlərini müəyyən etmək baxımından çox faydalı olardı. Ayaz İmranoğlu son dərəcə maraqlı nasirdir, onun nəsr təfəkkürü mifoloji düşüncədən, xalq folklorundan qaynaqlanır. Zahirən realist görünən mətnlərin alt qatında dünyanı ekzistensial bataqlıqdan xilas etmək ideyası dayanır. Ekzistensializm insana çıxış yolu göstərmir, Ayazın mətnlərində isə çıxış yolu həmişə var. “Gəlinnənə”, “Övlad ürəyi”, “Sevgi dayanacağı” hekayələrinin qəhrəmanlarını mürəkkəb situasiyalarda yalnız bir məfhum xilas edir – Sevgi. Tanıyanlar bilir, Ayaz İmranoğlu Asif Ata Ocağının yetirmələrindəndir və bəzi hekayələrində, xüsusən “İnam evi eşidir” hekayəsində Ocağa sədaqətini açıq-aşkar qələmə alıb. Ayazın bütün mətnlərində Asif Atanın dediyi anti-insaniliyə, Şərə qarşı protest var. O, ruhani döyüşçüdür, əqidə adamıdır və hekayələrində də ruhani sferadan kənara çıxmır.

Ədəbiyyatın əzəli-əbədi mövzularından olan məhəbbət hekayətləri dünya yaranandan yazılıb və bundan sonra da yazılacaq. Yer üzünün ilk sevgi dastanını Tanrı yazıb – “Adəm və Həvva” dastanını. “Leyli və Məcnun” bəşəriyyətin ən böyük və nakam eşq hekayəsidir. Vaqif Səmədoğlu necə deyirdi? “Doğulub dünyaya göz açan gündən, hər oğlan Məcnundur, hər qız Leylidir”. Qeys köhnə ərəbcə yağış deməkdir, Məcnun isə “cin tutmuş adam” anlamına gəlir. Leyli gecəyə məxsus olan mənasını daşıyır. Ayaz İmranoğlunun “Məcnunsuz dünya” povestini oxuyanda istər-istəməz bu adların mənası haqqında düşündüm. NKVD Dəli Dilarənin ata-anasını sürgünə yollamışdı, qardaş-bacılarını isə aparıb yetimxanaya atmışdılar. Dilarənin dəliliyi qanının arasına girmişdi, həm də yaşı keçmişdi, onu yetimxanaya götürməzdilər. Dilarə doğrudanmı dəli idi? Dəli olmağına dəli idi, amma eşq dəlisi! O, bir çobana aşiq olmuşdu və deyilənə görə Həkəri çayı daşanda sel çobanı aparmışdı. Biçarə qız iztirablar içində qıvrılırdı. Nitşe “Zərdüşt belə deyirdi” əsərində yazır ki, “insan qəlbinin böyüklüyü onun çəkdiyi əzablarla ölçülür, yalnız onlar qiyamət körpüsünü cəsarətlə adlayır”.

Dilarə çobanın seldə boğulduğuna inanmırdı, hər gün çayın kənarına gəlib sevgilisini gözləyirdi. Bu sevgi cəmiyyətin qəbul etdiyi məhəbbət normativləri və parametrindən daha yüksəkdir. Dilarə çobanı İlahi bir eşqlə sevir, buna məcazi eşq də deyirlər ki, bu prosesdə bədən iştirak etmir. Məhz buna görə Dilarə canını qurban verir, özünü burulğana atıb sevgilisinə (cismən deyil, ruhən) qovuşur. Məcnunsuz dünyada Leyli natamamdır, yarımçıqdır, o, bu dünyada olmasa belə o biri dünyada mütləq yarına qovuşmalıdır. Nitşenin dediyi böyüklük budur.

Ayaz şifahi nitqin çalarlarını ustalıqla yazıya gətirir. Onun mətnlərində iydə ağacının ətri dolaşır. “Məcnunsuz dünya”dakı iydə ağacına biz “Sevgi dayanacağı” hekayəsində də rast gəlirik. Bu hekayənin də qəhrəmanlarının görüş yeri iydə ağacının altıdır. İydə ağacı sanki aşiq-məşuqların sevgi adlı dinə biət etdikləri məbədgah misalı bir müqəddəs məkandır. Bu iydə qoxulu hekayələr söz-səs-rəng-məna tədavülünü gerçəkləşdirir, janr taksomaniyası mifoloji kontekstdə inkişaf etdirilir ki, bu da türk mədəniyyətindəki ağac kultuna gətirib çıxarır. Müəllif məqsədyönlü şəkidlə bu xətti seçir. Türk kültüründə ağac-insan əlaqələrinin tarixi kökləri var. Qədim dövrlərdə toplumların ən yayğın inanclarından biri də ağacın müqəddəs bir anlayış kimi qəbul edilməsidir. Ağac kultuyla bağlı inancların təməlində həyat ağacı anlayışı dayanır. Həyat ağacı Yerdən Göy üzünə doğru uzanan yol kimi qəbul edilir və ya dünyasını dəyişən insanların ruhları bu ağac vasitəsilə səmaya pərvaz edir. Dəli Dilarənin özünü burulğana təslim etməsinin tək şahidi iydə ağacıdır. Bir çox əfsanə və nağıllarda özünə yer alan «quş-ağac» təsəvvürləri ağac kultunu Humay kultu ilə bir mikrokosmda birləşdirir. Burada da ağac totemizmində iki ruhun bir bədəndə yerləşməsi (totemizmin ilkin dövrlərinə xas olan cəhətin – iki canın bir bədəndə yerləşməsi inamının yaşaması) ideyasının izləri görünür. Rus folklorşünası Vladimir Propp ikili can xüsusiyyətini ibtidai totemizmin əsası kimi qiymətləndirir və yazır ki, canın biri ölsə, o biri də dərhal ölər. Ayaz mifoloji motivlərdən yaradıcı şəkildə bəhrələnir və süjetin uğurlu bədii həllini tapa bilir.

Ayazın “Təzə gəlin” povestini oxuyub bitirəndən sonra rus yazıçısı Bulqakovun bir cümləsini xatırladım. Yazıçı deyir ki, “sevən insan öz taleyini sevdiyi ilə bölməlidir”. Təzə gəlinin sevgilisi Vüqar gənc yaşda dünyasını dəyişib, o da başqa birisinə ərə gedib. Amma Vüqarın ruhu gürzə ilana keçib qıza rahatlıq vermir. Təhkiyənin estetikası məhz bu təsvirlərdə üzə çıxır. Təzə gəlinlə ilanın yataqda sevişmə səhnəsi Azərbaycan nəsrində təsadüf olunmayan bir hadisədir və Ayaz ilk baxışda mümkünsüz görünən sevgi aktını elə təbii dillə qələmə alıb ki, oxucu bu reallığa qəlbən inanır. Mən Ayazın nasir kimi ustalığını bu təsvirlərdə gördüm və zövq aldım. Bəzi hallarda müəllif təğyiri-libas olub mətnin içində nağılçı kimi dolaşır. Bu əsər şifahi xalq ədəbiyyatında istifadə olunan dastan estetikası formasında yazılıb. Mətnin hər tərəfinə səpələnmiş təsbit və detallar mifik məntiqə əsaslanır. Təzə gəlini təqib edən ilan sirri simvolizə edir, eyni zamanda süjetdə reinkarnasiya (ruhun qayıdışı) baş verir.

Ayaz bu povestində və bir sıra hekayələrində dastan və rəvayətlərin sintezini yaradaraq müasir mətnlər ortaya qoyur. “Təzə gəlin”in qəhrəmanları çox ağır sınaqlardan keçməli olurlar. Gəlini ilana qısqanan əri onu gülləylə yaralayır, qız analıq səadətindən məhrum olur, ərinisə həbs edirlər. Hələ bu da son deyil. Zavallı gəlini təkcə əri qısqanmır, ilanın qısqanclığı ondan da dəhşətli imiş. Amma sonda Ayaz təzə gəlinə qıymır, hər şey yaxşı qurtarır.

Nazim Hikmətin sözlərini xatırladım: “Sonu mutluluqla bitən kitablar yollayın bana”. Bu kitab sonu mutluluqla bitən kitabdır. Ayaz həyatda hamını xoşbəxt, rahat görmək istədiyi kimi obrazlarına da xeyirxahlıqla yanaşır.

Kənan Hacı

Povestlər

Təzə GƏLİN
(povest – mifologiya)

Qara xallı gürzə heyva ağacının qalın yarpaqları arasından aynabəndə baxırdı. Şiferin altında yerləşən sərçə yuvasındakı ətcə balaları yeyəcəkdi.

Aynabənddə isə təzə gəlin qaz piltəsində yemək hazırlayırdı.

Üç ayın gəliniydi. Səhər erkən ərini rayon mərkəzinə yola saldıqdan sonra evdə tək qalmışdı. Ailə üzvləri kəndin aşağısındakı əkin sahəsinə getmişdilər.

Bayaqdan ev işlərini görmüş, hər yanda səliqə-səhman yaratmışdı. Hiss edirdi ki, yorulub. Ata evində olanda hər gün günortalar yatıb dincələrdi; gündüzlər yatmaq onda vərdiş halını almışdı.

Bu evdə hər otağın öz adı vardı; qonaq otağı, yataq otağı…  gəlin otağı. Gəlin otağı ona və həyat yoldaşına məxsusdu. Ailədə heç kəs bu otağa girməzdi.

Hazırladığı yeməyi ocaqdan düşürüb gəlin otağına keçdi.

Şifonerin asılqanından gəlinlik xalatını çıxarıb baxdı. İpək parçadan olan xalatın yuxarısı sarı, aşağısı isə açıq mavi rəngdəydi. Çox sevirdi bu xalatı. Toy gecəsi, gəlinlik libasından sonra bu xalatı geymişdi. Bu xalatda qadınlığın ilk yaşantılarını yaşamışdı.

Pəncərə açıq olsa da, tül pərdələr örtülü idi. İçəri sərin meh dolurdu.

İpək xalatı əyninə geyib, belini bağladı. Yatağa uzandı.

Uzanan kimi də göz qapaqları yuxu döydü.

Şirin yuxudaydı. Yuxuda üzünə təbəssüm qonmuşdu. Qızılgül ləçəklərinə oxşayan qönçə dodaqları azca aralanmış, islaq dodaqlarına, elə bil, şeh düşmüşdü, – üç ədəd üst qabaq dişi görünürdü.

…Yad, soyuq bir təmasdan üşənib gözlərini açdı. Döşləri arasında qıvrılıb yatan ilanın başı dodaqları üstündəydi. Hələ də yuxudaymış kimi mürgülü baxışlarla ilana baxırdı.

İlan təzə gəlinin ona baxdığını hiss etdi. Dodaqları üstünnən azca başını qaldırıb, haça dilini çıxararaq gəlinin burnunun ucuna toxundurdu.

İlan ona heç bir zərər vurmadan düşüb getdi. Təzə gəlin heç nə olmamış kimi hələ də çarpayıdan baxırdı.

İlan sərçə yuvasındakı ətcə balalardan birini də götürüb apardı. Sərçələrin civilti qoparıb, haray salmaları özlərinə qaldı.

Təzə gəlin hiss etti ki, ilan uzaqlaşdı. Çarpayıdan düşdü, çəkələklərini ayaqlarına keçirdi, asta addımlarla pəncərəyə yaxınlaşdı, pərdəni araladı, həyətə baxdı.

O gün ailə üzvüləri, həyat yoldaşı qayıdınca xallı gürzə təzə gəlinin bir an da olsun xəyalından çıxmadı.

Axşam həyat yoldaşına – Cəmilə əhvalatı həyacanla danışsa da Cəmil gülümsündü.

– Yəqin yuxu görmüsən…  – deyərək burnuna çırtma vurdu. – Qorxaqsan…  – dedi. – Tək qaldığın üçün qorxmusan, ilan gəlib yuxuna. Axı deyirlər insan beynində milyardlarla hüceyrə var, əksəriyyəti də yatmış haldadır. İnsan yatanda onların oyananları olur və həmin hüceyrələrin yaddaşında olanlar yuxuya köçür, – sonra sözünə ara verib, əlavə etdi; – evdəkilərə deyib özünü biabır eləmə. Gülüş hədəfi olarsan.

Cəmilin sözləri təzə gəlində də şübhə toxumu yaratmışdı: “Ola bilər məni qara basır. Düz deyir, bəlkə, elə gördüyüm yuxuydu, gözlərimə görünən qaraçuxaydı?” – deyə öz-özünə düşünürdü.

* * *

Qayınana biləndə ki, gəlini hamiləliyə qədəm qoyur, sevindi. Nənə olmaq arzusunu illərlə içində daşımışdı. Qohum-qonşu qadınlar nəvələrini oynadanda o da qəlbində nəvə oynatmağı arzulamışdı.

Gəlininə baxıb:

– Hə, nənə olacam. Get, gəlin, dincəl! – dedi. – Sənə ayaq üstə çox durmaq olmaz.

Təzə gəlin çarpayıda arxası üstə uzanıb, qara, uzun saçlarını sinəsinə yaydı, ağ mələfəni sinəsinə qədər çəkdi.

Yatmamışdı. Valideynləri yadına düşmüşdü. Bu kənddə qərib idi. Baxmayaraq qardaşı ara-sıra gəlir, amma…  gəlin gələndən atasını, anasını görməmişdi. Özü də deyəsən…  qardaşı baldızı üçün gəlir. Baldızı da, maşallah, su sonası kimi gözəldi. Amma…

Birdən hiss etdi ki, yaxınlıqda nəfəs duyulur. Gözlərini hərləyib sağ tərəfə baxanda ilanı gördü. Çox uzun idi, çiyni istiqamətində dik durub ona baxırdı.

Dəqiqələr ötür…  İlan eləcə baxırdı. İlanın qonur, şüşəyə oxşayan gözləri elə bil gülürdü. Bir azdan ilan haça dilini çıxarıb oynatdı. Təzə gəlin xallı gürzənin bu hərəkətinə gülümsündü.

İlan yenə pəncərədən çıxıb getdi. Təzə gəlin də durub həyətin küncündəki təndirxanaya gəldi. Burada qayınanası təndirdə lavaş bişirirdi. O, gəlinin alnında puçurlanmış tər damcılarını görüb:

– Xeyir olsun, gəlin! Nədən belə tərləmisən? – deyə soruşdu.

– İlan! – Həyacanlanmış gəlin ancaq bunu deyə bildi.

– Nə ilan?

– İlan də…  Açıq qalmış qolumun yanında uzanıb, çiynimdən başını qaldırıb mənə baxırdı.

– Qızım, yuxuda ilan görmək yoldur. İnşallah, uzun yolu qısa edən atan, anan gələr.

– Xala…  ilan…  ilan!.. Nə yuxu? Mən yatmamışdım. Sən də Cəmil deyəni deyirsən.

Qaynana təndirdən qızarmış sonuncu lavaşı çıxartdı. Ayağa qalxıb üstünün ununu çırpdıqdan sonra gəlinlə üz-üzə durub:

– Qorxmusan yuxuda. Ona görə tərləmisən. – dedi.

– Xala, mən dəli olmamışam. – Gəlin bir az da əsəbi cavab verdi.

Bu vaxt Cəmil də gəldi. Qaynana-gəlin söhbətinə qulaq asdıqdan sonra, anasının dediklərini təsdiqlədi:

– Əlbəttə, gündüzlər yatanda qara-qura yuxular da görəcəksən də…

– Cəmilll!..

* * *

Bədirlənmiş ay işığında qoşa cütlük evin daş artırmasında durub gecənin dadını çıxarırdı. Evdəkilər bayaqdan yatdığından Cəmil yarının belində əllərini daraqlayıb, uzun saçlarını qoxlayırdı…  Gəlinin saçlarının qəribə ətri vardı, Cəmili bihuş edirdi. İstəyirdi saçları öpsün. Bu vaxt təzə gəlin onun qolları arasından yavaşca sivişib çıxdı. “Kobud! – dedi. – Gecəni əlindən alıblar?” – Sonra da Cəmilin əlindən tutub gəlin otağına çəkdi.

Bir-biri üçün yaranmış bu cütlük, sanki, məhəbbətin yaratdığı şah əsər idi.

Yatağa bayaqdan uzansalar da, “yatım, yuxum gəlir…” ifadələri onlara yaddı. Təzə gəlin Cəmilin sinəsinə sığınıb, nazik, uzun barmaqları ilə onun tüklü sinəsini sığallayırdı. Qəflətən tüklərdən birini çəkib çıxartdı və Cəmilin “Uff…” səsinə:

– Kobud, bax mən də səni belə incidərəm ha…  – dedi.

Yarının bu ehtiraslı sözündən sonra Cəmil onu daha möhkəm bağrına basdı:

– Həyatım mənim…  Bu “Həyat” adını sənə kim qoyub? – dedi.

– Sənə nə? – Təzə gəlin nazlandı – Mən həyatın dibindən doğulmuşam. Sənin həyatın olacağımı bildiyindən nənəm qoyub.

Beləcə, şirin söhbət edə-edə bir-birindən kam alırdılar.

Səhər tezdən Günəşin şəfəqləri Cəmilin gözlərini qamaşdırırdı. Təzə gəlinsə ərinin qolu üstünə baş qoyub uşaq kimi mışıl-mışıl yatmışdı. Cəmil yavaşca onun alnından öpdü. Başını qu tükündən olan yan yastığa qoyub ayağa durdu.

…Və birdən çaşqınlıqla geri çəkildi. Uzun bir ilan qabığı döşəyin kənarındaca dururdu.

– İlan gəlib yatağımıza! Qabığın burada çıxarıb gedib! – Cəmil təlaş içində otaqdakı lal sükutu pozdu.

* * *

Neçə gündü ilan söhbəti ailənin gündəlik həyat tərzini pozmuş, yeyib-içdiklərini zəqqutuna döndərmişdi. Hamı həyat-bacada ehtiyatla hərəkət edirdi.

Hərəsi bir söz deyirdi. Hər kəs bir cürə məsləhət verirdi. Həyətdə elə bir yer qalmamışdı ki, qayınana ora sarımsaq qoymasın. Neçə yerdə yarpız şitili əkdirmişdi. Deyirdilər sarımsaq, yarpız olan yerə ilan gəlmir.

Cəmil də Sofu (ilan tutan, ovsunçu) axtarışında idi. Kimsə dedi ki, qonşu kəndlərin birində Sofu Usub adlı kişinin dədə-babadan qalma ilan ocağı var. O, gəlsə çarəsini qılar.

Sofu Usub Arazqırağı kəndlərin birində – Diridağın ətəklərində yaşayırdı. Koroğlu kimi enli bığlı, müdrik, nurani kişiydi. Şəriət elmindən əhli-haldı…  Qara xallı gürzələr tutub, gözdən uzaq məskənlərə atır, ovsunu ilə yaralar sağalırdı, Mazannənə soyundandı.

Hər yaz, yay qara atıyla kəndləri gəzirdi. Atının tərkində də xurcunu. Deyirdilər xurcununda da torbalar var ki, içi ilanla dolu.

Sofu Usub atıyla gəldi. Atdan düşüb salaməleyk etdikdən sonra:

– Hə, buradan ilan iyi gəlir, – dedi. – Özü də gürzədir. Bu gürzə buralarda olmamalıdır axı. Necə gəlib çıxıb bura? – soruşdu.

Sofu həyətin aşağısındakı heyva ağacının yanındakı daş topasına qədər gəlib durdu. Zoğal çomağı ilə yerdə bir dairə cızdı. Çomağı dairənin ortasında yerə dirəyib ilan duası oxudu. Yavaş səslə, özü də avazla oxuduğu duadan ətrafdakılar yalnız hündürdən dediyi “Bər hökm Süleyman…” sözlərini eşidirdi. Daşlar arasından ilanın başı görünəndə o, yenə dua oxuyub: “Gəl, gəl!” – deyə ilana əmr etdi. İlan əsəbi halda tənbəl-tənbəl dairəyə qədər gəldi. Başını qaldırıb Sofuya baxdı. Elə yazıqlaşdı ki, sanki imdad diləyirdi. Və dairənin içinə girib zoğal çomağını dili ilə yaladı.

Sofu Usub bir neçə dəqiqə də ovsunlu duasını oxudu. Nəhayət, ilan başını torpağa tam əyib ram oldu. İlanın bayaqkı fısıltısından əsər-əlamət qalmamışdı. Sofu əyilib iki barmağı ilə ilanın qulaqcıqlarını sıxdı. İlan ağzını açdı; ağappaq ağzında dişləri göründü. İlanın haça qara dili çölə çıxdı. Sofu ilanı torbaya qoyub ağzını bağladı, gətirib aynabəndə qoydu.

Sofu bayaqdan içəri otaqlarda da ovsun duası oxuyurdu ki, ilan gəlməsin. Təzə gəlin fürsətdən istifadə edib torbaya yaxınlaşdı. İlan təzə gəlinin qoxusun duyduğundan torbada tərpəndi.

Təzə gəlin bir daha kimsənin olmadığını görüb torbanın yanında çöməldi:

– Üç dəfə sən mənim yatağıma gəldin. Hər dəfə də məni çalıb, öldürə bilərdin. Etmədin. Demək, sən mənə vurulmusan, hə? – deyib gülümsündi.

Torbanın üstündən ilana əllərini sürtdü. Ipək kimi yumşaq əlləri ilə sığalladıqca ilan da elə bil torbanın içində xumarlanırdı.

Ehmalca torbanın ipliyini açdı. İlan torbadan başını çıxarıb ətrafa baxdı. Tezcə də düşdüyü bu qəribə “qəfəs”dən azad oldu. Bir andaca aynabənddən aralanıb heyva ağacına tərəf getdi. Təzə gəlin ilanın arxasınca:

– Qaç, qaç! Uzaqlaş, mələyim! Sofu duyuq düşüncə buranı tərk et…  – dedi.

Hələ bu günə kimi Sofu Usubun ilan torbasına kimsə cürət edib yaxınlaşmamışdı. O ki, qaldı torbanı açıb ilanı oradan azad edəsən. Sofu Koroğlu bığına oxşar bığına sığal çəkdi. Boş torbaya baxıb düşüncəyə daldı. İlansa bu vaxt heyva ağacından onlara baxırdı.

Handan-hana sofu başını ağır-ağır qaldırıb ilanı gördü:

– O ilanı bir də tutmaq olmaz! – deyərək boş torbasını da götürüb, atının tərkinə qalxdı.

Getməmişdən əvvəl gəlinə ötəri göz yetirib başını buladı.

Cəmil də həyat yoldaşına qəribə baxışlarla baxıb nəyisə yadına salırdı…  Hə…  gəlin gələn gündən ev heyvanlarına; itə, pişiyə sayğı göstərirdi. O gün bağa gəlib çıxmış kirpini qucağına alıb əzizləyirdi. Bəlkə… elə ilanı da…  Nə isə…

* * *

Təzə gəlinin valdeynləri qızlarının ailəsində baş verən qəribə hadisədən təşvişə düşmüş və tez-tələsik haya gəlmişdilər. Anası kürəkəni kənara çəkib:

– Cəmil, oğlum, bu ilan başımızın bəlasıdır gəlib. İlan torbadaykən niyə öldürmədin axı? – deyə soruşdu.

– Nə bilim, ay xala. Elə bil bir sehirli əl gəldi, ilan olan torbanı açıb, ilanı oradan buraxdı…  Deyirlər, ilanlar yeddi qardaş olur. Birini öldürdünsə, o biriləri qisas alır.

Təzə gəlinin atası özüylə gətirdiyi “dəfə-dərman”ını həyətdə olan bütün deşiklərə, heyva ağacının yanında olan daş topasına belə səpdi.

Gəlinin isə içində ilanı bir də görmək istəyi yaranmışdı. Həyətə çıxanda gözləri onu axtarırdı.

İlana qarşı qəlbinin dərinliklərində qəribə bir hiss yaranmağa başlamışdı – özü-özündə deyildi elə bil…

* * *

Gəlinin valdeynləri üç gün qaldılar. Üç gündən sonra atası:

– Orada da işlərimiz tökülüb qalır, bizim getməyimiz məsləhətdir, izn verin, gedək. – dedi.

Anası isə qızını gəlin otağına çəkdi. Yenicə qalxan qarnına baxıb dedi:

– Hə, qızım, körpəni sağ-salamat dünyaya gətirmək üçün birinci növbədə özündən muğayıt ol. Yemək-içməyini gecikdirmə. Axı indi ikicanlısan. Bir də ki, qızım, bu ilan məsələsi yadıma ötən illəri saldı. Sofu Usub düz deyir: o gürzələr bizim həyətin aşağısındakı kəpirlikdə yaşayır. Yadıma gəlıir, sən altı-yeddi yaşlarında qonşu uşaqlarla kəpirliyin üstündə evcik qurub oynayardın. Rəhmətlik Vüqar da o oyunlarda həmişə sənin nişanlın olardı…  Həmin vaxt orada ilan yuvası tapmışdınız – yuvada da yeddi yumurta…  Uşaqlar yumurtaların altısını sındırsa da, sən sonuncu yumurtanı evə gətirmişdin. Mən sənə acıqlandım ki, yumurtanı apar, qoy yerinə. Sən də aparıb qoydun yuvaya. Mənə elə gəlir ki, bu həmin yumurtadan çıxan ilandı.

Anası danışdıqca uşaqlıq illəri kino lenti kimi Həyatın gözləri qarşısından ötüb keçirdi. Ağ, qara kadrlar xatirə işığında bərq vururdu.

…On beş yaşın içindəydi…  Gənclik yaşına qədəm basmışdı…  Nənəsi demişkən qızlar bulağından su içən vədəsiydi. Sinəsində qabaran şamamalar, sanki indicə qonçədən çıxmış gül dodaqları çoxlarının ağlını başından alırdı.

Osa yalnız qonşu oğlu Vüqar barədə fikirləşirdi. İçində bir sevgi toxumu cücərməyə başlamışdı. Onun fikir-xəyalını, diqqətini cəlb edən Vüqar yenicə hərbi xidmətdən dönmüşdü.

Vüqar iki il öncəki nərmənazik, utancaq oğlan deyildi. Əvvəllər söz deyəndə, yaxud bir qızla qarşılaşanda yanaqları qızaran bu oğlan hamıdan qaçaq gəzərdi. Nənəsi Nisə xala “gəlindən-qızdan həyalı balam” ifadəsini onun adı ilə qoşa çəkərdi.

İndi Vüqar boy-buxunlu, qamətli igidə dönmüşdü. Çatma qaşları onun sifətinə xüsusi yaraşıq verirdi. İki illik əsgəri xidməti Sovet ordusunda, Rusyanın uzaq şərqində – Xabarovski vilayətində keçirmişdi. Xidməti hərbi hava qüvvələrində keçirdiyindən çox sağlam, buz baltası kimi möhkəm idi.

Həyat bu qonşu oğluna indi əvvəlki kimi yanaşmırdı. Hər gecə yatmamışdan əvvəl Vüqarı düşünür, onunla qarşılaşdığı səhnələri təkrar xatırlayırdı.

Vüqarla üz-üzə gələndə yanaqları pörtər, həya adlı duyğusu yanaqlarına, gözünə qonardı. Vüqarın verdiyi “salam” sözünə də belə pıçıltı ilə cavab verərdi.

Həyatın dəniz kimi mavi gözləri, qıyqacı baxışı Vüqarı ovsunlayırdı.

Artıq məhəbbətin ovsununa düşmüşdülər…  Gizli görüşlər, gizli məktublar onları yerdən alıb göylərə qaldırmışdı. Onlar yer adamları deyildilər artıq. Əgər o hadisə olmasaydı…

Yazın sonuncu ayı idi. Səhər günəşli olsa da günortadan keçmiş birdən-birə göy üzünü qara buludlar aldı. Yelinli buludlar torpağın nuru olan yağışını yağdırmağa başladı. Arabir şimşək çaxır, harasa ildırım düşürdü.

Vüqar Quş Qayasının altındakı bostanlarına, atasına köməyə gedirmiş; yağış başlayanda yağışdan qorunmaq üçün yaxınlıqdakı dəmiryol körpüsünün altına keçmək istəyəndə…

Vüqarı ildırım vurmuşdu. Əlləri, üzü, gözü qapqara olmuşdu. Onu İsgəndər dayının ZİS yük maşınında xəstəxanaya gətirmişdilər. Şərqiyyə həkim onun bağlı göz qapaqlarını aralayıb demişdi:

– Keçinib. Allah rəhmət eləsin. Heyf cavan idi!

Vüqarın qəfil ölümü Həyatı sarsıtmışdı. Hər gün onunla görüşdüyü yerlərə baş çəkməklə, onlu xatirələri yada salmaqla təskinlik tapardı.

Bir axşam yenə ilk görüş yerləri olmuş, evlərinin arxasındakı ot tayasına yaxınlaşanda bir ilanın ot tayasına girdiyini gördü.

Anasına, qardaşına ha desə də heç kəs inanmadı. Atasısa:

– Qızım kəpirlikdə olan gürzələr heç vaxt bizim həyətə gəlməzlər. Onlar eləcə kəpirlikdə yaşayırlar. Görünür gözünə görünən qaraltıymış.

Nə isə…  Həyat xəyaldan ayrılıb bərkdən dedi:

– Ana, sən fikir eləmə, hər şey yaxşıdır. Gedək, sizi ötürüm.

Cəmil bayaqdan təzə gəlinin ata-anasını yola salmağa getsə də hələ gəlib çıxmamışdı.

Həyat qaynanasının hamiləlik üçün aldığı iri donu əyninə keçirib həyətə düşdü. Həyətin kölgəlik yeri günün bu vədəsində heyva ağacının altı olduğundan ora getdi. Sərin meh əsirdi. Qurumuş ağac kötüyünün üstündə oturub Cəmili gözləyirdi.

Kimsə yanağından öpdü. İsti bir nəfəs boyun-boğazında dolaşdı…  Təzə gəlin huşsuz kimi oldu.

Və başını qaldırıb bunun nə olduğunu ayırd etmək istəyəndə gözü heyva ağacından ona baxan qara xallı gürzəyə sataşdı. İlan ağacdan sürüşüb düşdü. Təzə gəlinin ayaqlarına qədər gəldi. Başını qaldırıb haça dilini bir neçə dəfə çıxarıb oynatdı. Gəlin əyilib ilanın başını sığalladı.

– Mələyim!.. – dedi.

İçindən dəli bir hıçqırtı qopdu. Üzünü əlləri ilə tutub otağa qaçdı.

* * *

Neçə vaxt vardı Cəmilin içində ilana qarşı qısqanclıq toxumu cücərirdi.

Axşam yeməyini külfətlə birgə yedikdən sonra Cəmil gəlin otağına keçdi. Bir azdan Həyat da bir qab üzümlə otağa gəldi.

– Yuxuxor qocalar təkin axşam düşən kimi yatağa keçirsən.

Cəmil yoldaşının bu sözündən sonra tənbəl-tənbəl durub kresloya əyləşdi. Balaca mizə qoyulmuş üzümdən bir salxım götürüb yeməyə başladı. Həyatın ona diqqətlə baxdığını görüb gülümsədi.

Gəlin kreslonun dirsəkliyinə əyləşdi, pıçıltı illə:

– Nə gözəl ətrin var…  – dedi.

Cəmil onun incə belinə qolunu dolayıb özünə sarı çəkdi:

– Deyirlər qadın xoşbəxtliyini görmək istəyirsənsə onun üzünə hamiləliyinin beş-altı ayında bax.

– Niyə?

– Çünki o ana olmağa hazırlaşır. O nişanlı deyil ki, xoşbəxtliyini sabahlarda axtarsın. Uşaq dünyaya gətirmiş ana isə körpəsinin qayğısı ilə yaşayır. Hamilə qadın, özü də ilk hamiləliyini yaşayan xanım əsl xoşbəxtliyi duyur və yaşayır. Hətta bir çox məşhur rəssamlar hamiləliyin üç-altı aylarında olan gənc xanımları çəkiblər.

– Mən də sənin əsərinəm hə?..

– Hayıf ki, rəssamlığı bacarmıram. Rəsmini çəkib qocalığımıza saxlayardım.

– Biz qocalmayacağıq.

* * *

Təzə gəlin uzun bir yuxu görürdü: nuranı, ağsaçlı, əli əsalı, olduqca qoca bir kişi gəlin otağının qapısı ağzında dayanmışdı. Həyat onu içəri dəvət etsə də keçmədi. Seyid Mirsədi Babaya oxşayırdı. Qoca sirli baxışlarla ona baxaraq deyirdi:

– Qızım o ilan səndən kömək istəyir. Onun boğazında sümük qalıb. O ilan vaxtilə sənin qoruduğun yumurtada olan ilandı. Bu dəfə də ona kömək elə. Qorxma onun boğazını sığalla, o asqıracaq, sümük düşəcək…  O ilan Vüqarın ruhunu daşıyır. Beləcə sənin əlin şəfaya çevriləcək. İnsanlar sənin əlinlə şəfa tapacaq. Amma sən övlad sahibi olmayacaqsan…

Təzə gəlin qımıldanmır, eləcə ona baxırdı. Qoca gəldiyi kimi də qeybə çəkildi.

Həyat hövlanək, qan-tər içində yuxudan oyandı, ətrafına baxındı. Ona elə gəlirdi ki, qoca hələ də otaqdadır. Yuxu ilə gerçəyi qarışıq salmışdı.

Bir azdan yuxudan oyanan Cəmil qapını açaraq bayıra çıxmaq istədi. Və birdən əsəbi şəkildə geriyə – otağa dönərək divardan asılmış tüfəngi qapıb, lüləsinə güllə yerləşdirə-yerləşdirə qapıya cumdu. Təzə gəlin təəccüblə ərinə baxdı və:

– Cəmil! Neynirsən?! Səhər-səhər tüfəng nə üçün? – deyə qışqırdı.

– O, qapının ağzında durub. İlan!.. Öldürəcəm.

Gəlin cəld özünü irəli atdı, Cəmilin əllərindən tutub özünə sıxdı və yazıqcasına, imdad dilədi:

– Olmaz, olmaz…  Mən yuxu görürdüm.

Əlləri ilə tüfəngin lüləsini aşağı əydi.

Cəmil qəribə, süst baxışlarla ona baxırdı. Gəlinin gözlərindən gilə-gilə yaş axırdı…

– Övladımız doğulmayacaq…

Gəlin tüfəngi bərk-bərk özünə sıxmışdı, gözlərini Cəmilin gözlərinə zilləyib onun qəzəbini soyutmaq istəyirdi. Birdən güllə səsi otağı başına götürdü. Və…

Təzə gəlinin bir andaca əlləri boşaldı. Bir neçə addım geri çəkilərək, arxası üstə yerə yıxıldı. Şiddətli ağrıdan qıvrıla-qıvrıla yerdə uzanmışdı. Cəmilsə nə baş verdiyini ayrıd edə bilmədən, key-key ona baxırdı.

Gəlin al qan içində belə:

– Vurma, vurma ilanı! – deyə zarıyırdı.

Cəmilsə hələ də nə baş verdiyini anlamaq iqtidarında deyildi.

Haya əvvəlcə ailə üzvləri, ardınca da qonşular axışıb gəldilər. Bir azdan həyat-baca insan seli ilə doldu, təzə gəlini xalça qarışıq götürüb xəstəxanaya apardılar.

Cərrahiyyə əməliyyatı ilə təzə gəlinin qarnına dolmuş güllə qırmaları çıxarıldı. Uşaq da tələf oldu.

Hüquq-mühafizə işçiləri elə həmin gün Cəmilgilin həyətinə gələrək tüfəngi maddi subut kimi götürüb, Cəmilin əl-qolunuı yerindəcə qandalladılar.

Qısa bir vaxtda istintaq işi yekunlaşdırılıb məhkəməyə göndərildi. Cəmilə azadlıqdan məhrum edilməklə üç il həbs cəzası kəsildi, Şuşa həbsxanasına göndərildi.

Ay yarım xəstəxanada yatan təzə gəlini bir gün evə buraxdılar. Körpəsini itirməsi, üstəgəl ərinin də həbs olunması ona ağır dərd olmuşdu.

Güllə qırmalarını çıxaran cərrah təzə gəlinə deməsə də anasına demişdi ki, o daha ana ola bilməyəcək.

* * *

Təzə gəlin xəstəxanadan evə gələndən sonra ər evində ona qarşı münasibət əvvəlki kimi olmadı. Ailə üzvlərinin şirin münasibətindən əsər-əlamət qalmamışdı. İndi ona tənəli baxışlarla baxır, tikanlı sözlərlə çalmağa çalışırdılar. Bir kərə qaynanası ona dedi:

– Ayağın düşərli olmadı, gəlin. Ev quran olmadın, ev yıxan oldun. Evimdə ərsiz gəlinin qalmasını istəmirəm. Get atan evinə. Ərin qayıdanda gəlib gətirər.

Onu günün şərqarışan vədəsində atası evinə gətirdilər. Sən demə, bu gəliş həmişəlik olacaqmış. Altı aylıq evlilik həyatı başa çatdı.

Gəlin bütün günü ağlasa da inanırdı ki, Cəmil həbsxanadan qayıdıb onu yenə xanım edəcək. Gəlin otağında “şah taxtı”na qalxacaq. Axı ilk gəlinlik gecəsində adlarına qurulmuş gərdəyə Cəmil “şah taxtı” deyərdi. Gərdəyin tül pərdəsini aralayıb, duvağı üzündən götürdüyü anlar xoşbəxtliyin zirvəsi idi.

…Həbsxanadan gələn boşanma haqqındakı ərizə təzə gəlinin bütün arzularının üstündən xətt çəkib, quyunun dibinə saldı. Amma…  içindəki ümid qığılcımı yaşayırdı. Müdrik insanlardan kimsə demişdi: “Ümid ağacı bar verməsə də o məğlub adına yaddır”.

Cehizinin ata evinə qayıtmasısa…  hər şeyə son qoydu sanki.

Dünənəcən hamı ona “təzə gəlin” deyirdi. Bəs indən belə? Yoxsa o da bir çoxları kimi artıq “dul gəlin” damğası ilə damğalanacaqdı?

Bir vaxtlar Cəmilinə “yuxuxor” deyib yuxudan oyadardı. Tüklü sinəsinə sığınar, şəhvani hisslərinin dadını çıxarardı. İndisə soyuq yorğan-döşəkdə dizlərini qarnına yığıb, göz yaşları ilə yastığını isladır…

“Eh…  Cəmil…  Axı günahım nə? İlana da qısqandın məni. Mən ki, səni qısqanmadım”.

Nə fikirləşdisə yatağından qalxıb yerin içində oturdu. “Mən Cəmilimi heç qısqanmadım. Axı niyə? Bəlkə o da şorgöz kişilər kimi başqa yerdə birini saxlayırmış…  Nə bilimək olar: bəlkə də uşağı var.

Ata nənəsi Şəkər nənənin ona danışdığı bir rəvayət yadına düşdü. Nənəsi danışırdı ki, elin su sonası kimi gözəl Taclısı varmış. Yaxın, uzaq ellərdən onun gözəlliyini eşidib gələn elçilərin ardı-arası kəsilmirmiş Taclı heç kəsə razılıq verməz, elçilər əli boş geri dönərmiş. Onun istədiyi, dərdindən dəli-divanə olduğu əmisi oğlu Rahib varmış. Rahib Taclının sevgisinə biganəymiş. Bir gün Taclı dilə gəlib deyir ki, gedəcəyim oğlan ya Rahib olmalıdır, ya da heç kim.

Valdeynləri onları evləndirirlər. Taclı Rahibin sevgisini qazanmaq, qəlbində yuva qurmaq üçün hər cəfaya dözür. Və elə hiss edir ki, daha ərinin baş tacıdır. Amma…

Bir gün eşidir ki, əri qonşu obadan bir çoban qızı ilə sevişir. Əvvəl inanmasa da içindəki şübhə ona güc gəlir, başlayır ərini izləməyə. Bir gün ərinin evə dönəcəyi yolda tut ağacına söykənib, gözlərini qonşu obaya uzanan yola dikir. Baxır ki, əri gəlir, yanında da çoban qızı. Qısqanclıq Taclını o qədər içdən yandırır ki, kürəyi qızır, söykəndiyi tut ağacının gövdəsi yanır və Taclı tut ağacının yanğıdan yaranmış koğuşunda qeybə çəkilir. Nənəsi deyirdi ki, ondan qalıb tut ağacındakı koğuş.

Nə isə…  Ata evinə dönüşdən sonra təzə gəlin – Həyatın baş verən zərbələrdən sarsılacağını deyənlər vardı. Amma…

Dərdlərini içində gizli saxlasa da, özünü şux aparmağa çalışırdı.

…İlk dəfə idi qara geyinmişdi. “Hər kişinin qəbrini ziyarət edən bir qara paltarlı qadın var” – deyən şairin sözlərini beynində təkrarlaya-təkrarlaya bədənnüma güzgü önündə durub bir xeyli özünə baxdı. Sınıxmışdı.

Gəlmişdi ilk sevgisinin – Vüqarının qəbrini ziyarət etməyə. Gətirdiyi çiçək dəstəsini sinə qəbir daşındakı mərmər güldana qoydu. Qara mərmərə həkk olunmuş şəkli ona sevgiylə baxırdı. Qara kəlağayısının altından çıxan saçının tellərini geri edib onun şəklini öpdü. Sonra da salavat çəkdi.

Qəribə bir səs eşitdi. Ətrafına boylanıb baxdı. Kimsə yox idi. Məzarlıqda hardandı bu səs? Qeybdəndirmi? Bəni-insan səsidirmi? Elə bil səs sahibi onun bir-iki addımlığındaydı.

– Xoş gəldin, Həyatım!

– Gəldim, Vüqarım! – deyə Vüqarın mərmər şəklinə üzünü tutub cavab verdi.

– Burada sənsizlikdən darıxıram. Gözlərim nə vaxtdır sən gələn yollara dikilib…

– Qara torpağın üzü soyuqdur. Tez unutdurur. Bir də ki, ərə getmişdim axı…  gələ bilmirdim…

– Bilirəm, əsgər yoldaşım Cəmilə ərə getmişdin. Dəyərli insandır.

– Heç mən bilməmişəm sənin əsgər yoldaşın olduğunu.

– Niyə qara geyinib gəldin? Elə bilirsən ölmüşəm? Mən hər zaman sənin yanındayam. Mən sənin çiçək rəngli donunu xoşlayırdım. O, səni çox gözəl göstərir.

– Nə bilim. Məzar üstünə gələnlər belə geyinir axı! – deyib çiyinlərini çəkdi.

– Dedim axı. Mən məzarda olsam da həmişə yanındayam. Özün bilirsən bunu. Mir Sədi Baba deyib – deyən səs yiyəsi qeybə çəkildi.

Həyat bir də yan-yörəsinə, göyə, sonra da Vüqarın qəbrinə baxıb gülümsədi.

Bir kimsənin olmadığından tam əmin oldu. Sonra neçə gündən bəri bir vərəqə yazdığı məktubu sinəsindən çıxartdı, mərmər güldandakı güllərin altına qoyub tezcə də oradan uzaqlaşdı. Yol boyu hiss edirdi ki, kimsə onu dabanqırma izləyir.

* * *

Ata evinə qayıdandan bəri anası onu tək qoymaz, gecələr qızıyla yatardı. Həyat gecələr qəribə yuxularla sayıqlayardı. Qızı sayıqlayanda ana onu yuxudan oyadar, üç dəfə “bissimillah” – dedizdirib bir stəkan su içirdərdi. Yastığı altına çörək, bıçaq qoymuşdu ki, pis yuxular ondan kənar olsun. Anası da bunları qoca nənəsindən öyrənmişdi. Deyirlər bir vaxtlar anası da möhkəm sayıqlayardı. Hətta yuxulu-yuxulu durub hara gəldi gedərmiş. Arx üstündəki körpüdən keçəndə ayılarmış.

Məzarlıqdan qayıdandan sonra gecə anasına dedi ki, gecələr tək yatmaq istəyir. Anası:

– Elə niyə, qızım? Qorxarsan. – deyib etirazını bildirdi.

– Narahat olma, ana. Atamın tək yatmağı məni üzür. Bir də ki…

Çimib, krem vurub, ətirləndi. Yatağının döşək üzünü dəyişib yatağına uzandı.

Gözlərini yumsa da, yuxusu ərşə çəkilmişdi. Qəbir üstündə Vüqarın ruhu ilə etdiyi söhbəti düşünürdü…  Birdən hiss etdi ki, gecə köynəyi sığallanır. Ona xoş gəldi. Heç gözlərini açmaq istəmirdi. “Kamına çat, əzizim” deyə-deyə pıçıldayırdı…  Qadın ehtirasının son həddinə çatanda artıq özündə deyildi.

Qapının səsindən gözlərini açdı. Kölgə kimi gördü arxadan. O qapını örtüb getdi.

* * *

Səhəri günü atasının “Alapaqı”dan gətirdiyi xəbər üzücü oldu. Cəmil Şuşa həbsxanasında yataq mələfəsi ilə özünü asmışdı. Həyat bu xəbəri eşidib hönkür-hönkür ağladı. Onun ölümündə hardasa özünü günahkar sayırdı…

Kənd adamlarının əksəriyyəti kolxozda çalışırdı. Kolxozun qoyun sürüləri hər ilin aprel ayında dağa – yaylağa qalxar, oktyabr ayında dağdan enər – kəndə, kolxoza dönərdi. Atası ferma müdiri olduğundan bu vədələr vaxtaşırı dağa gedər, bir neçə gün qalardı. Bu dəfə də atası qardaşı ilə getmişdi.

Evdə kişi xeylağı olmadığından Həyat bu günlərdə anasına qoşulub evin bütün işlərini görürdü. Dünən əkin sahəsinin alağın etmişdilər. Bu gün isə anası:

– Qızım təndir qalamalıyam. – dedi. – Odun-ocaq yoxdu. Bağın ayağında quru çırpı var, bəlkə bir şələ gətirəsən…

Bağ ilə evin arası xeyli məsafəydi. Həyat toxunma yaylığını başına çalıb, kəndir də götürüb yola düzəldi.

Yol boyu Cəmilin həbsxanada intahar etməsini düşünürdü. Onunla keçirdiyi yarım illik ailə həyatı, indi yadına düşdükcə nisgilə çevrilirdi. Belə…  zalım həyat Vüqar kimi onu da əlindən aldı. Görünür, ərli olmaq qismətimdə yoxmuş…

Bəs atası, qardaşı Cəmilin yasına niyə getmədilər. Yoxsa?.. Eşitmişdi ki, həbsxanada ölənlərin meyidini sahiblərinə vermirlər. Onlar üçün hardasa məzarlıq var. Qəbirlərə ad da yazılmır. Eləcə nömrələyirlər. Bəlkə o heç ölməyib, şaiyədi yayılıb? O qədər belə hadisələr olur ki. Axı ölən məhbusun sahibinə ölüm haqda arayış göndərilir – özü də rus dilində. Rus dilini bilməyən qaynatasıgildə kim oxumuşdu o arayışı. Nə bilim…

Bir də onda ayıldı ki, gəlib durub odun topasının yanında. Kəndirin arasına gücü çatacaq qədər odun yığıb kəndirlə sıxıb kürəyinə şəllədi. Gəldiyi kimi də evlərinə gedən yola düzəldi.

Yenə də başında min bir fikir dolaşırdı. Xeyli yol gəlmişdi. Birdən hiss etdi ki, bədəninə nəsə toxunur. Əhəmiyyət vermədi, fikirləşdi: şələdəki odunlardan hansısa toxunur yəqin. Bir az da getmişdi ki, qarın nahiyəsindən onu sıxan canlını aydınca duydu. İlan!..

İlan onun bədəninə dolanmışdı. Arxadan çiyni üstündən durub ona baxırdı. Həmin andaca düşündü ki, ilan odun şələsi arasına necə düşüb? Necə olmuşdu ki, onu görməmişdi? Demək ilan hər yerdə onu dabanqırma izləyir. “Bu nə zülmdür çəkirəm?” öz-özünə dedi. Həyat ağlamaq istəyəndə ilan haça dilini çıxarıb onun boyun-boğazını yaladı.

Odun şələsini təndirxananın yanında yerə qoydu. İstədi ilanı da bədənindən aralasın, ondan azad olsun. O, ilanı aralamaq istədikcə ilan onu daha da möhkəm sıxırdı. Az qalırdı ağrıdan nəfəsi kəsilsin. Qəribəydi…

Sanki Həyat bir qızılgüldü, ilan da sarmaşıq gülü. Bir-birinə yaraşıq qatırdılar.

Anası qızına dolaşan ilanı gördükdə vahimələndi. Cikkə çəkib çığırdı. Həmin andaca qonşular haya gəldilər.

İnsanlar bu qəribə mənzərədən donub qalmışdılar. Hamı susurdu. Handan-hana kişilərdən kimsə dilləndi:

– Gəlin ilanı güllələyək.

– Bəs qız? Nə bilirsən güllə dəyəcək-dəyməyəcək?

Kimsə ona yaxınlaşmaq istəyəndə ilan Həyatı sıxır və Həyat ağrıdan tezcə qışqırırdı:

– Uzaq durun. O, sizi təhlükə sanır.

Neçə gün olardı yaxın-uzaq el-obadan eşidənlər bu möcüzəni görmək üçün axın-axın Həyatgilin evlərinə gəlirdilər. İstəyirdilər Həyat çölə çıxsın, bu qeyri-adi hadisənin canlı şahidinə çevrilsinlər.

Sofu Usub da gəlmişdi. Oxuduğu ilan duası ilk dəfə idi kara gəlmirdi. Sofu üzünü Həyatın ata, anasına tutub:

– İlan tilsimlidi. Bu ilan cildinə girmiş bəni-insandı. – dedi və qara atın tərkinə qalxıb, gəldiyi kimi də getdi.

Gecələr ilan Həyatın sinəsi üstündə uzanar, ya da yanında qıvrılıb qalardı. Eləcə Həyatın keşiyini çəkərdi.

Bir ay olardı ki, onlar bir yerdə yaşayırdılar. Həyat indi ilanı canının bir parçası sanırdı. Səhərlər yuxudan duran kimi mürgülü gözlərini açmamış əli ilə ilana toxunardı. Hətta ilanın nəfəsini üzündə, boyun-boğazında hiss etməyəndə darıxardı. Sanki aşiq-məşuq idilər.

Anası hər gün ilana mis camda süd bişirirdi. Qızına isə yemək bişirib qapı ağzına qoyurdu. Həyat yeməkləri götürər, ilanla birgə yeyərdi.

Atası, qardaşı isə ilanı heç görmək istəmirdilər. Kolxozun baytar həkimi Telman Həyatın atasına belə təklif etdi:

– Bu ilan ömürlük qıza dolaşıb qalmayacaq ki, gəlin südün içinə zəhər qatıb verək ilan yesin. İlan ölsün. Qızın da bu bəladan qurtulsun.

Atası, qardaşı razıydı. Amma…

İlan, elə bil, onların bu bəd niyyətindən duyuq düşmüşdü. Neçə gündü camdakı südə yaxın durmurdı. Həyat da ilanın süd içməməsini min bir yerə yozdu.

Nəhayət, köhnəlmiş südü götürüb tut ağacının koğuşuna tökdü. Üstündən bir neçə gün keçməmiş ağacın yarpaqları qurudu. Onda Həyat barmağını dişləyib hər şeyi başa düşdü.

Bir gecə Mir Sədi Baba yenə yuxusuna gəldi:

– Qızım, dedim axı onun boğazında quş sümüyü qalıb. Onu yalnız sən çıxara bilərsən. İlanın boğazını sığalla, sümük düşəcək.

– Baba, mən çöpçü deyiləm axı…

– Dedim elə. Sənin əlin şəfalıdır. Sən ilan ocağısan. Özünün xəbərin yoxdur. Sofu Usub sənin qeyri-adi insan olduğunu bildiyindən bir söz demədi.

Həyat yuxudan qan-tər içində ayılıb sinəsi üstündəki ilanın başını sığalladı. Sonra ilanın boğaz hissəsinə iki barmağı ilə sığal çəkdi. O, sığalladıqca ilan başını dik qaldırıb gözlərinə baxırdı. Sanki Həyatdan razı olduğunu bildirirdi. Həyat hər dəfə barmaqları ilə ilanın boğazını sığalladıqca ilan da ağzını gen açırdı. İlan bircə dəfə asqırdı. Həmin andaca sümük ağzında göründü. Həyat sümüyü götürən kimi ilan haça dilini çıxarıb onun əlinə sürtdü. Xilaskarına minnətdarlıq edirdi.

İlan həmin andaca onun sinəsindən düşdü. Sürünə-sürünə pəncərə ağzına getdi, sonra bir də çevrilib Həyata baxdı və pəncərədən sürüşüb düşərək oradan uzaqlaşdı. Həyat ilanın arxasınca xeyli baxdı. İlan kəpirliyə enib yox oldu.

Həyat yenidən yatağına uzandı. Səhərin şirin yuxusunun dadını çıxarırdı. Mir Sədi Baba yenidən yuxusunda göründü:

– Hə, qızım, o mənim qoruyucu mələyimdi. Sən onu xilas etdin. İnnən belə hər kəs səndən şəfa tapacaq. Sən də yarına yetişəcəksən.

* * *

Poçtalyon Hüseyn dayı son aylar tez-tez onların həyət çəpərində qardaşına məktub verirdi. Qardaşı da məktubu alan kimi cibində gizlədir, tezcə dam evinə girirdi. Məktubu oxuyar, sonra ocaqda yandırardı. Həyat dəfələrlə görsə də qardaşından soruşmurdu ki, o məktublar kimdəndir.

Bir gün qardaşı evdə olmayanda poçtalyon Hüseyn dayı yenə çəpərin o üzündə göründü:

– Ay ev yiyəsi! – deyən kimi anası hayına hay verdi.

– Məktub var, məktub.

Anası məktub əlində evin artırmasına qalxanda Həyat dilləndi:

– Ana, o nə məktubdu?

Məktubun nə məktub olduğunu anası bildiyindən istədi gizlətsin. Onsuz da bu illər ərzində qızının başı çox qovğalar çəkmişdi. Bu məktub da yeni bir dərdə qapı açırdı.

Həyat israr edincə ana qəmli görkəmlə, əli əsə-əsə məktubu könülsüz qızına uzatdı.

– Heç nə qızım, heç nə! – deyib hönkür-hönkür ağladı.

Həyat məktubu alıb üstündəki yazıları görən kimi çaşıb qaldı. Bu onun xəttidir. O, sağdırmı?

Həyat öz otağına keçib məktubu açdı. Məktubda yazılmışdı: “Həyat, əzizim, salam. Artıq neçənci məktubdur ki, yazıram. Özüm də bilmirəm ki, niyə cavab vermirsən?

Mənim məhkəmə işimə yenidən baxıldı. Cəza müddətim qalmaqla məcburi əməyə təhkim olundum. Şuşa həbsxanasından azad oldum. İndi cəzamı xüsusiləşdirilmiş komendaturada çəkirəm. Qaradağda yerləşir. Burada daş karxanasında işləyirəm.

Yataqxanada qalıram. Səhər də, axşam da milis yoxlamasından keçirik. Məhdud ərazidə hərəkət etmək imkanımız var. Kənar yerə getməyimiz qadağandır. Ona görə də kəndə gələ bilmirəm.

Həbsimdən sonra ailəmin, doğmalarımın sənə olan ögey münasibətindən üzüldüm. Üstəgəl sənin ata evinə dönüşünü eşidib məyus oldum. Əzizim, mən sənsiz bu dünyada tənhayam, təkəm.

Eşitmişəm ki, atan, qardaşın mənim həbsxanada intahar etdiyimi yayıblar. Bu şaiyədir. Mən elə də ağılsız deyiləm ki, özümü öldürəm. Bu müvəqqəti çətinlikdir. Mən azad olub yenidən xoşbəxt həyatımızı davam etdirəcəyəm.

Mən hələ də bilmirəm ki, atanın, qardaşının mənə bu qədər kini, kudurəti haradan qaynaqlanır? Onlar həbsxanaya gəlib, zorla mənə ərizə yazdırıblar ki, səni boşayım. Məni buna məcbur ediblər. Yazmasaydım “xüsusi cəllad” əliylə öldürüləcəkdim. Həbsxanada belə işləri görmək üçün xüsusi məhbuslar saxlanılır…”

Həyat məktubu sonacan oxuya bilmədi. O, oxuduqca həyəcanlanırdı. Göz yaşları məktuba töküldükcə məktubu isladırdı. Özünə toxtaqlıq verib məktubu sonacan oxudu. Sonra anasının yanına gəlib:

– Ana, qurbanın olum. Poçtalyonun məktub gətirdiyini atama, qardaşıma demə. – dedi.

– Yaxşı, qızım, demə deyirsən, demərəm.

Ana qızını qucaqlayıb bağrına basdı. Qızının yenicə dən düşmüş saçlarını oxşayıb “şirin, şəkərim” – deyib içdən ah çəkdi.

Bir il olardı qızını bu qədər sevincək görməmişdi. Bir vaxtlar şirin gülüşü evi, həyət-bacanı başına götürərdi. Qonum-qonşunun qəlbində sevgi yuvası quran qızı indi ilan kimi soyuq olmuşdu. Hamıdan qaçır, az danışırdı.

– Mehriban balam, hansı ana istəməz ki, qızı xoşbəxt olmasın? Onunla yenidən xoşbəxt olacaqsansa, mən razı.

Həyat anasını bir də öpüb yenidən öz otağına tələsdi. O yerimirdi, sanki quş olub göydə uçurdu. İstəyirdi Cəmilinin nəfəsi dəymiş, qoxusu hopmuş o bir vərəqli məktubu yenidən oxusun.

Məktubun gəldiyindən bir xeyli vaxt ötmüşdü. Anası poçtalyona tapşırmışdı qızına məktub verdiyini ərinə, oğluna deməsin.

* * *

Cəmilin gəlməsinin hələlik mümkün olmadığını bilən Həyat gecə-gündüz onun yanına getmək üçün özlüyündə plan qururdu. O, gedib yarına qovuşmalıydı. Bunun üçün fürsət gəzirdi. Hətta özü üçün boxça da hazırlamışdı. Bir gün…

Həyat anası ilə halallaşdı, boxçasını da götürüb yola çıxdı. Anası arxasınca bir qab su atıb “Aydınlığa çıxasan, balam!” – dedi.

Magistral yola xeyli vardı. Özü də gizlin yerlərlə getməliydi ki, kimsə onu görməsin. Vay onda qardaşı, atası qarşısına çıxa…

Magistral yola çıxıb şəhərə gedən avtobusa minəcək, oradan da Qaradağ daş karxanasında yerləşən komendatura yataqxanasına gedəcəkdi. Mənzil başına yetişmək ona elə asan gəlirdi ki…

Gizlin yerlərlə; kol-kos arasıyla, arx qırağıyla, dar cığırlarıyla keçib magistrala çıxasıydı.

Elə bil kimsə dedi: sağ tərəfə bax. Çiçəklərin arasında iki ilanın bir-birinə sarıldığını görüb yerində dondu. Ağ ilana qara xallı gürzə dolaşmışdı. Bu o idi…

Həyat ilanların sevişməsinə elə maraqla baxırdı ki, sanki Cəmillə şəhvani bir gecə yaşayırdı. İlanlar sevişdikcə onun bədəni gizildəyirdi. Az qalırdı huşu başından çıxsın.

…Birdən ayılan kimi oldu. Qara xallı gürzə ayaqlarına dolaşmışdı. Ağ ilan çəmənlikdə görünmürdü. “Budu eh…  yenə başladı. Dəli sevgilim” – deyib gülümsədi.

İlanlar yolu üstünə təsadüfən çıxmamışdılar. Qara xallı gürzə hətta özünə sevgili də tapmışdı…  Yoxsa insan ruhu ilan cildində təcəlla etmişdi? Ağ ilan da Həyatın ruhunu daşıyırdımı? Axı bayaq ağ ilanla özü arasında bir bağlılıq-rabitə olduğunu hiss etdi.

İlanlar bilirmişlər o, el yolu ilə yox, bu dar, əyri-üyrü cığırla gələcək. Demək, qara xallı gürzə Həyatın nə düşündüyünü də oxuya bilir. Görünür, onu da bilir ki, Həyat buralardan birdəfəlik gedir. Ərinə – Cəmilinə qovuşsun deyə. Yoxsa…

“Getmə…  getmə! Sənsiz mən məhv olaram. Bir də ki, Mir Sədi baba deyib axı. Sən şəfa ocağı – ilan ocağı olacaqsan. Mən sənin o şəfa ocağında yaşayacağam. Həkimlərin, loğmanların bacarmadıqlarını sən əlinlə sığal çəkməklə bacaracaqsan”.

Həyat bu tilsimli sözləri eşitdi. Eynən Vüqarın qəbri üstündəki qeybdən gələn səsin özü idi. Özü-özündən xoflandı. Həmin andaca “Bəlkə dəli oluram, özümdən xəbərim yoxdu. Qulağımı deşən, beynimi, ürəyimi oynadan bu sözlər məni qeyri-adi dünyaya səsləyir. Bəlkə, mən heç yer adamı deyiləm. Başqa dünyadan gəlib anamın bətninə düşmüşəm, o da məni bu dünyaya gətirib”.

Bu düşüncələrdə olduğu anda əli boşalıb boxçası yerə düşdü. Əyildi ki, boxçasın yerdən alıb yoluna davam etsin. Əlisə boxça əvəzinə ilanın par-par parıldayan yastı başına dəydi. İlanın bumbuz, soyuq başı əli dəydikcə istiləşirdi. İlan başını, dilini onun əllərinə sürtür, onları oxşayırdı.

– Yaxşı, deyirsən həyat yoldaşıma yetişməyim? Ömür boyu ərsiz qalım? Sən bilirsən ərsiz qadınların arxasınca nə danışırlar? Hər addımına bir şər-şəbədə qoşurlar…  Qəbrinə getmişdim. Orada necə də sevgiylə danışırdın. Lap əsgərlikdən gələndən sonra kəndimizin qızlarının ağlını başından alan sözlər düzüb-qoşduğun kimi. Sənə olan eşqimi məktub halında yazıb mərmər güldana qoymuşam.

Düşüncəsində yeni bir dünya səhifələnirdi. Yeni-yeni fikirlər, duyğular doğulmağa başlayırdı. Üzünün cizgilərində suallar, nidalar işarələnirdi. “Cəmilə qovuşmaqla nə əldə edəcəyəm axı?! Ailəm olacaq ona görəmi? Özü də nə tez-tez “ərim”, “həyat yoldaşım” deyirəm. Axı biz rəsmən boşanmışıq. Bəlkə molla kəbini kəsdirək? – deyib özünə güldü.

Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa…

Bilirdi ki, bir daha dünyaya uşaq gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdursa, o ailə körpüsü yanıb kül ola bilər. Uşaqsız evlərin divarları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə uçura bilmir…  Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun.

Axı Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırdı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.

Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın.

Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayacaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?..

Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı.

Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. İllər keçir, Surxay həkimin yaşı ötürdü…

Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qıza Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar.

Evlilikdən aylar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.

Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir.

Surxay həkim deyir ki, mənə bu qədər bağlısansa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm.

Qadın buna da razı olur.

Onlar qocalıb öz əcəlləri ilə ölənə kimi birgə yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar.

…Həyat:

– Cəmil!!! – deyə ah çəkib sızıldadı.

Qara xallı gürzə bayaqdan getmişdi.

* * *

Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yenidən qovuşacağına tələsirdi.

Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı.

Əsas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki…

Arxadan kimsə donunun ətəyindən dartdı. Arxaya çönüb baxdı, kimsə yox idi. Bir neçə addım da atmışdı ki, yenidən donunu dartışdırdılar.

İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi.

– Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də…  Ərim məni çağırır axı…  Burax, gedim.

Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək.

Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırdılar. Elə bil eyni ruhun daşıyıcılarıdırlar.

Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözlər az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qıvrılıb, açılır, fısıldayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi.

Həyatsa ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin.

…İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dolanan bədəniylə onu sıxmağa başladı.

Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düşdü. İlan etdiyi hərəkətindən utanırmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi.

İlan onu sancmışdı, ayağından sısqa qan axırdı.

Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmışdı. Handan-hana ayılan kimi oldu. “Bu da ilanın etibarı…” – deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: “Bala, ilanın ağına da lənət, qarasına da…”

Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırdı. Tez evlərinə qayıdıb bu acı xəbəri doğmalarına çatdırmaq…

…Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. “Bu gələn kim ola, bəlkə, qızımdı?” – deyib pıçıldadı. Qaraltı yaxınlaşanda yanılmadığına sevindi.

Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı.

Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörtmüşdü.

– Məni ilan çaldı! – deyib anasının qucağına yıxıldı.

Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi:

– Səbirlə danış! De görüm nə baş verib?!

– İlan!.. İlan topuğumdan çaldı.

Bir andaca anası qıyya çəkdi.

Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 “Volqa”sı həyətdə göründü. Tez Həyatı “Volqa”nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər.

Bəhmən müəllimin “Volqa”sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmasın.

Həyat şişmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırdı; başı gicəllənir, ürəyi bulanırdı.

Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlanın dişləri topuqdakı sümüyə toxunduğundan, zəhər də sümüyü, qanı çürüdürdü.

Bayaqdan İsgəndər dayının “Zis” maşınının kuzovunda gələn qohumlar xəstəxananın həyətində toplaşıb təşviş içindəydilər. Hər içəridən çıxan həkim, tibb bacısını görcək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnanırdılar, həkimlər çarəsini qılacaqlar.

…Həkimlər konsiliuma yığışmışdılar. Son qərarı baş həkim Soltan Həsənli verdi:

– Dərhal Cərrahiyyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.

Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı.

Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi.

Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çəkdi. Gecə-gündüz ağladı. İlana lənətlər yağdırdı. Taleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu.

* * *

Yatdığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahıl yaşda şux qalmasının səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır.

O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürüdə bilər. Məsrəfli bir işin qulpundan yapışıb özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib.

Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir.

Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır.

Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağaclarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı.

Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlaşar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi.

Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da:

– Qızım, səbirli ol. – dedi. – Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan deyirlər bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyanı bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza.

– Nə deyirəm, ay baba? – deyib gülümsədi.

Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıb çarpayısına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi:

– Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? – Qoltuqağacları canlıymış kimi sual etdi.

* * *

Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın bağında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasiləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri – tut ağacının dibi olduğundan pəncərədən görünmürdü.

Həyat qayıdıb yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındakı cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasilə verib səsinin cavabın almadığından aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü.

Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırdı ki, çıxmırdı.

– Ay yazıq, sən də mənim kimi yar sorağındasan? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh…  bülbül, ilan məni çalmasaydı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, paltarlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım…  İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaq doğa bilməyən arvada kim sahib durar?

* * *

Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündən yumru qarnı, qabaran döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastığa yayılmışdı. Başını sağ tərəfə – qapı tərəfə əyib mışıl-mışıl yatırdı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam fırçası gərək idi bu halı çəkə. Dahiyanə əsər yaranardı.

Həmişə çox oyaq yatırdı. Adi bir pıçıltıya, xışıltıya da oyana bilirdi. Amma bu dəfə elə bil əcəl yuxusuna getmişdi…

Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzı-tamarzı baxırdı. Yanaqlar, dodaqlar, qaşlar, gözlər, saçı…  – hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç…  Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağrına basıb atəşli eşqin dadını çıxarardılar…

Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı.

…Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlərini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi.

– Kimsən? Niyə gözlərimi bağladın? – deyib yazıq-yazıq dilləndi.

Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü.

– Ürəyim üzüldü axı…  kimsən?

– Mənəm, gülüm, sənin Cəmilin! Gəldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular görürdüm. Sən demə, nigarançılığım əbəs deyilmiş…  – deyərək əllərini gözlərindən çəkdi.

Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çaşqınlıq içində Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsin.

– Cəmilim!.. – deyib qollarını onun boynuna sarıdı.

Tibbi bacıları, həkimlər qapı ağzında durub heyran-heyran onlara baxırdılar.

Həyatın amansız sınaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdıqları anlar idi. Sanki indi uçub göylərin ənginliklərinə qalxacaqdılar – sonsuzluqlarda yaşamaq üçün.

* * *

Daş karxanasındakı ağır iş şəraiti Cəmili çox arıqlatmışdı. Dolu sifətindən, bəstə boyundan əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi.

Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda dururdu. Hər bir nazını çəkməkdən zövq alırdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə güllər alıb gətirir, sevgilisini oxşayırdı.

Hardansa tapıb gətirdiyi kolyaskada – əl arabasında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz.

Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi.

– Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin şikəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar – sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..

Həyat çiyinlərini çəkdi. Cəmil həmin an yarının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çevrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılgüllər olan yerə sürdü. Qızılgüllərdən dərib onun saçlarına düzdü.

Həyat Cəmilin bu dəcəlliyindən şaqqanaq çəkib güldü.

– Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! – deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırdı, sonra da güclə eşidiləcək səslə pıçıldadı. – Darıxmırsan ki, bunlara yetişmək üçün?..

– Şahzadəm…  sən özün elə gülsən də. Görmürsən, güllər də sənə qısqanclıqla baxırlar?! – deyərək onun dodaqlarından öpdü.

– Bəsdir də…  – Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola.

* * *

Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. “Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq”.

Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi.

Qoca bağban bayaqdan qızılgül kolları arasına başın soxub eşələndikcə nəsə danışırdı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı.

– Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. – deyərək kiminsə qarasına acı söyüşlər yağdırdı.

– Baba, o nədi elə?

– Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar.

– Uyy…  baba, yazıq, binəva. Nə günahın sahibidir o…

Həyat içindən bir ah çəkdi. Tamarzı qaldığı uşaq…

– Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!..

– Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən?

– Ver, baba, ver, bağrıma basım. Mən də sinəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin.

Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi.

– Allahın bəxşişidi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim gələcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq.

Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı.

17.03. 2018.
Atakənd (Bakı). Gözətçi Odası

The free sample has ended.

$1.36
$2.72
−50%
Age restriction:
18+
Release date on Litres:
29 October 2022
Writing date:
2019
Volume:
190 p. 1 illustration
ISBN:
978-9952-8360-0-4
Copyright Holder::
Köhlən Nəşriyyatı
Download format:

Similar books