Read the book: «Povestlər»

Font::

Kitab görkəmli yazıçımız Əlibala Hacızadənin əziz xatirəsinə ithaf olunur…



***
 
Nurdan yaranmısan, nurdu baxışın,
Ulduzlar göylərə gözündən düşüb.
Sevən ürəyimə bu atəş, bu od,
Sevən ürəyinin gözündən düşüb.
 
 
Səndən ayrı düşmək – ən böyük günah,
Ağaran saçıma baxıb çəkmə ah.
Yüz telim həsrətdən ağarıb, vallah,
Bircə dən bir acı sözündən düşüb.
 
 
Eşqinlə ucalan uca bir dağam,
Səni sevəcəyəm – nə qədər sağam.
Bir kəsi deməyə qoymayacağam –
Sevgilin qocalıb gözündən düşüb…
 
***
 
Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində.
Tək sənin adını yazmışam gülüm
Qəlbimə min gözəl adın içində.
 
 
Eşqinlə çağlayan bir bülbül oldum
Sənə nəğmə oldum, qızılgül oldum,
Sən məni yandırdın, yanıb kül oldum
Mən səni qoymazdım odun içində…
 
***
 
Sən Allah, yuxuma girmə gecələr,
Qorxuram sevincdən öləm yuxuda.
Yaman istəyirəm hamıdan gizli,
Mən özüm yuxuda gələm yuxuna.
 
 
Gələm tufan kimi, gələm sel kimi,
Öpəm gözlərindən, dodaqlarından.
Uyuyum qoynunda qızıl gül kimi,
Nə səhər açıla, nə sökülə dan.
 
 
Sənə nəğmə deyəm incədən incə,
Ürəyim qəşş edə xoşbəxtliyindən.
Sərxoş dodaqların hey pıçıldaya:
“Sənsiz neyləyirəm xoşbəxtliyi mən?”
 
 
Beləcə, yuxunda yaşayam sənin,
Görmək istəmirəm kimi-kimsəni.
Dünyanın xoşbəxti say özünü sən
Mənim tək kim sevər, axı kim səni?
 
***
 
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik – məhəbbət zirvəsindədi,
Məhəbbət – əbədi ömür deməkdi.
 
 
Hicranın yolları bitməz-tükənməz,
Vüsal yollarına qar ələnibdi.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdi.
 
 
Sızlama, ürəyim, sən dözümlü ol,
Dünya gah acıdı, gah da şirindi.
Bir gözünlə ağla, bir gözünlə gül,
Dünya əzabına dözənlərindi.
 

UNUTMAQ OLMUR…

İnsanlar, ayıq olun!

Y. Fuçik

PROLOQ

«Güllə onun alnından dəymişdi!» – Qırx üçüncü ilin şaxtalı yanvar günlərinin birində, qalın şam meşəsinin ətəyində, qucağımda can vermiş sevimli əsgər oğlum haqqında yazmaq istədiyim qəmli hekayəni, nəhayət bu gün səhər ürəyimin başı göynəyə-göynəyə, qəhərdən boğula-boğula belə başladım.

Bu hekayə uzun illər qəlbimdə dolanmışdı, ancaq yazmamışdım. Qorxmuşdum. Heç kəsdən yox, oğlumun anasından, mənim vəfalı ömür-gün yoldaşımdan, intizarla, saçları ağara-ağara oğul yolu gözləyən anadan qorxmuşdum. Ona: «oğlun artıq yoxdur!» – deməyə dilim gəlməmişdi, «öldü» yazmağa da əlim!!! Axı o, ana idi…

Mən ona necə deyəydim: «Ey gözləri yollarda qalan, həsrət ana, əbəs gözləmə, oğlun çoxdan ölüb, mənim, doğma atasının dizləri üstə «ana!» deyə-deyə canını tapşırıb!!!» Necə deyəydim?!!.

Ana üç həftə bundan irəli, əzgin və xəstə halda, yorğun gözləri dilsiz yollara baxa-baxa dünyadan köçəndə, astaca dedi:

– Mən onu görməmiş ölürəm. Bilirəm, o gələcək.

Harda olsa, gələcək. Qayıdanda… ona deyərsən, mənim qəbrim üstə gələr, ucadan deyər: – «Ana, gəlmişəm.» Mən onun səsini eşidəcəyəm… Onda… onda sakit olaram, ürəyim toxdar…

Bəli, indi ana yoxdur…

İndi illərdən bəri ürəyimdə dolanan, mənə rahatlıq verməyən hekayəni yaza bilərəm. Bəli, mən bu hekayəni oğul dağı görmüş bir ata təki bütün insanlara danışmaq istəyirəm, nahaq qan axıdanlara nifrinlər yağdıra-yağdıra danışmaq istəyirəm…

Budur, səhifələr bir-bir qaralır…

Hər şey-sanki indicə baş verir: oğlumun qana bulaşmış cod saçları, qar kimi ağarmış mehriban sifəti bu dəqiqə gözümün qabağındadır. Burnuma isti qan iyi gəlir. «Ana, ana!» deyən iniltili bir səs eşidirəm… Artıq çoxdan əridilib traktormu, kotanmı, kombaynmı düzəldilmiş o zəhmli, əjdaha kimi nərildəyən topların uğultusu qulaqlarımda səslənir… Kimsə «Atəş!» deyə çığırır, kimsə «Vətən uğrunda, irəli!» deyə səngərdən çıxıb qabağa – odun, alovun içinə atılır. Oğlum sanki qucağımda təzədən can verir…

Birdən… «Volqanın» səsi bircə anda məni o uzaq illərin ağrılı-acılı aləmindən ayırdı. Başımı qaldırdım: ah, evdəymişəm… Bunlar hamısı xəyalmış… Rahat nəfəs aldım… Qələmi yerə qoyub ayağa durdum, aynabənddən küçəyə baxdım…

Maşınla gələn kəndimizin cavan müəllimi Aydın idi. Ağıllı, əqidəli, həssas bir oğlandı. İyirmi beş, iyirmi altı yaşı ancaq olsa da, saçlarına dən düşüb… Kimi deyir bu, xaldı, kimi deyir yox, elə ağarıb… Onun ciddiliyi mənim xoşuma gəlir. Baxırsan, deyirsən. Möhkəm adamdı, çöp kimi tez sınan deyil… O, nədənsə, mənə əridilib zindanda döyülmüş dəmiri xatırladır…

Aydının gəlişi məni sevindirdi. Yaxşı oldu gəldi. Onunla söhbət etməyi, ürəyindəkiləri, düşündüklərini öyrənməyi xoşlayıram… Axı o mənim sabahkı hekayəmin qəhrəmanı olacaq!.. Mən onun həyatını beş barmağım kimi bilirəm.

Bəli, Aydının həyatı maraqlı bir hekayətdir! Mən bu barədə xeyli vaxtdır düşünürəm… Yazacağam… Oğlum haqqında hekayəni qurtaran kimi yazacağam!!!

Lakin, görünür, Aydının hekayəsini yazmaq mənə nəsib deyilmiş!!!

Aydın gəldi, görüşdük… Söhbət əsnasında… bəli, söhbət əsnasında məlum oldu ki, o hekayət artıq yazılıb, onu yazıçı yox, Aydın özü yazıb!..

– Həqiqətdi, müəllim, öz başımıza gələnlərdi, – deyib qalın dəftəri stolun üstünə qoydu. – Heç bir şey artırıb əskiltməmişəm… Necə var, eləcə də qələmə almışam… Xahiş eləyirəm, oxuyun, görün…

Mən bir təəssüf hissi ilə: «Yazıçılar gecikəndə qəhrəmanlar öz romanlarını özləri yazırlar!» – deyə ürəyimdən keçirdim və günəşdən sifəti mis rənginə çalan ciddi görkəmli, qaragözlü, çatmaqaşlı, enlikürəkli bu cavana baxıb gülümsədim…

– Oxuyaram, Aydın, – dedim, – oxuyaram…

O, razılıqla başını tərpətdi, tələsdiyini söyləyib çıxdı. Bir az sonra, bəzəkli gəlin otağına bənzəyən təzə «Volqa» kiminsə rahatlığını pozacağından qorxurmuş kimi kəndin çinarlı küçəsi ilə sakitcə süzüb getdi…

Maraq məni rahat buraxmadı. Aydının gətirdiyi dəftəri götürüb açdım. O, iri, səliqəli xətlə yazdığı hekayətin adını «Unutmaq olmur…» qoymuşdu. Aydının hekayətini oxumağa başladım…

Öz həyatını yazmışdı.

Əhvalat bütün təfərrüatına qədər mənə tanış olduğu üçün, onun yaddan çıxartdığı, yazmadığı bəzi mətləbləri, hekayət tam olsun deyə, mən, elə oradaca Aydının sözünü kəsib qara karandaşla səhifələrin qırağına, arxasına qeyd elədim. Beləliklə, bu hekayət Aydınla mənim söhbətim kimi meydana çıxdı…

Həmin hekayət budur…

A Y D I N – Dava qurtardı!!!

Əsgərlikdən qayıdandan sonra həmişə qaşqabaqlı olan, dodaqları nadir hallarda gülüş görən zəhmli-zabitəli Əli müəllim bir ilıq yaz günü, ucuna sarı patron gilizi taxılmış gödək çəliyini döşəməyə vura-vura, taxta ayağını çıqqıldada-çıqqıldada içəri girib yerə-göyə sığışmayan şadlıqla bu xəbəri sinifdə bildirdikdə, sanki arı yuvasına çöp uzatdın, uşaqlar ayağa durdu, qışqırıq, hıçqırıq, gülüş səsləri bir-birinə qarışdı. Elə bil o anda dünyanın bütün sevincini, gülüşünü, həyəcanını yığıb buraya, pəncərələri gündoğana baxan bu otağa tökdün…

Solğun, kədərli sifətlərimiz güldü, məhzun baxışlarımız sevinclə parladı, uzaqlarda, ancaq xəritədə gördüyümüz, adını eşitdiyimiz yerlərdə atamızın, qardaşımızın sorağında dolaşan pərişan xəyallarımız qayıdıb gəldi.

Yanımda oturan, saya çitdən tuman geyib başına süzük-süzük cuna örtən Nərgizin ayağa qalxıb mənə yol verməyini gözləməyərək partanın üstündən atıldım, qapıya elə bir çiyin vurdum ki, zərbindən divarın suvağı qopub döşəməyə töküldü. Buna fikir vermədən güllə kimi özümü çölə atdım.

Hava təmizdi, xoşdu. Havaya kim ətir səpmişdi?

Dünən o heç belə deyildi. Dünən günəş də bu cur nur saçmırdı!

Yox!

Əli müəllimin ağzından eşitdiyim o ikicə kəlməni ucadan deyə-deyə birbaş evə sarı qaçırdım. Uzun saçım gözümün üstünü örtəndə bildim ki, papağımı yadımdan çıxarıb sinifdə qoymuşam. Bu iki daşın arasında şişburun çarığımın eşmə bağı da açılıb tez-tez qıçıma dolaşır, məni yolumdan eləmək istəyirdi. Mənsə heç nəyə məhəl qoymadan, sol əlimlə saçımı dala ata-ata elə qaçır, qabağıma çıxanlara o iki sözü deyib ötürdüm.

Nəfəsim təngidiyindən çiyinlərim aramsız qalxıb-enir, ağzımdan sanki od çıxırdı. Sifətim alışıb yanırdı.

Ömrümdə heç belə sevinməmişdim. Bəli, on üçillik həyatımda, ağlım söz kəsəndən üzü bəri belə sevindiyim yadıma gəlmirdi. Düzdür, mən müharibə görməmişdim. Ancaq onu iri toy qazanımızı top, tüfəng, tank düzəltdirmək üçün müdafiə fonduna verəndə, tabağımızdan buğda çörəyi yoxa çıxanda, qara arpa çörəyi bal kimi şirin olanda, – gecələr işığımız bayıra çıxmasın deyə pəncərələrə qalın pərdə çəkəndə, nənəm intizarla poçtalyon Məhərrəmin yolunu gözləyəndə, anam fikirli gəzib dolananda, sinif yoldaşım Nərgizin atası Məciddən qara kağız gələndə hiss eləmişdim, duymuşdum…

Kəndin içində sakit-sakit axan çınqıllı çayın üstündəki körpüdən yenicə addamışdım ki, mazutlu kombinezonunun xışıltısı uzaqdan eşidilən ağır yerişli, traktorçu Əmrah kişinin kolxoz həyətinə sarı gəldiyini gördüm. O bu gün də-sən bir işə bax ha!-dava qurtaran gün də arxayın addımlarla yeriyirdi.

«Bəlkə davanın qurtardığını eşitməyib? Yoxsa, dava qurtara, Əmrah əmi də sevinməyə? Yox, yəqin eşitməyib»… – deyə fikirləşdim və ona beş-altı addım qalmış qaranəfəs qışqırdım:

– Dava qurtarıb ey!

Əmrah kişinin cod tüklü, uzun, qara sifətini bir təbəssüm işıqlandırdı.

– Əcəb oğlansan, vallah. Hələ indi eşidirsən? Bir saat bundan qabaq radio xəbər verib,-deyə qabaqdan bir dişi düşdüyünə görə fit çalırmış kimi fışıltı ilə cavab verdi.

«Demək eşidibmiş»! Ötüb keçdim. Qarnı dalına yapışmış Alabaş, tövləmizin böyründə qabağıma çıxıb şırvandı, heç özüm də bilmədim necə oldu, itə bir təpik ilişdirdim və bu sözləri ona da dedim:

– Dava qurtarıb ey!!

İt zingildədi, tüklü quyruğunu qısıb xəndəkdən o tərəfə tullandı. Səsə nənəm çıxdı:

– Kimdi o, ay uşaq? O iti niyə vurursuz durduğu yerdə? – Məni görüb:

– Boy, ədə, neynirsən? – deyə üzümə baxdı.

– Dava qurtarıb ey!..

– Nə? Nə dedin? – Lümə süpürgə arvadın əlindən düşdü.

– Deyirəm, dava qurtarıb!

Nənəm elə səkinin qırağındaca yerə çökdü. Nə qədər fikirləşdisə, nitqi batmış kimi bir söz tapıb deyə bilmədi. Gözlərini döyə-döyə qaldı.

– Nə oldu, ay nənə, sənə?!

Əlini içəri uzatdı. Güclə:

– Su! – dedi.

Mən dəhlizin küncündəki səhəngçədən bir parç su gətirdim. Bircə qurtum içib dodaqlarını islatdı və taqətsiz halda soruşdu:

– Kim deyir, ədə, davanın qurtardığını? Tövşüyə-tövşüyə dedim:

– Əli müəllim indicə sinifdə söylədi. Nənəmin canı üçün, gerçəkdi ey… Radio deyib!..

– İrado da deyib?

– Onda gerçək olar, bala!

Gülzar nənəmin, sanki ayağa durmağa taqəti yoxdu. Elə oturduğu yerdəcə titrək əllərini yuxarı qaldırıb, ürəkdən gələn bir səslə:

– Şükür sənin kərəminə, pərvərdigara, min şükür. Axır ki, qurtardı, – dedi, sonra üzünü mənə çevirdi: – İndi gedənlər gələr. – O, cunasının ucuyla yaşarmış gözlərini sildi.

– Atam da gələcək, hə?

– Boy, gedəyə bax a! Bə nədi, dərdin mənə? Orda ha qalmayacaq?!

Atam nənəmin bircəsiydi. Babam Talış dağlarında tüğyan eləyən partizan davasında ələ keçib Əsəd xan tərəfindən qətl olunanda o, beş yaşındaymış… Birçəyinin birini ağ, birini qara, hörən Gülzar nənəm, atamı ağır əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. Yazıq arvad, boğazından kəsib gözünün ağı-qarası olan təkcə balasını korluq çəkməyə qoymamışdı. «Dünyada sənətin oldu, ac qalmazsan!» – deyən babamın sözlərinə əməl edərək, nənəm atamı usta Ələsgərin yanında şagird qoyub dərzilik öyrənməsinə nail olmuşdu. Ələsgər kişi rəhmətə gedəndə atam əməlli-başlı dərzilik bacarırmış…

Onu Qüdrətlidə tanımayan yoxdu. Kənddə hamının paltarını o tikərdi. Uşağın da, cavanın da, qocanın da… Təkcə üç nəfər ona paltar tikdirməzdi. Kolxoz sədri Murğuz, hesabdar Cəlil, anbardar Məlik… Onlar atamın tikdiyi paltarları bəyənmirdilər, özlərinin şəhərdə xüsusi dərziləri vardı.

Gününün çoxunu tikiş maşınının arxasında keçirən atam, öz sənətindən zövq ala-ala işlər, yoruldum deməz, hər təzə paltar tikib qurtarandan sonra, yaxşı imarət ucaltmış memar kimi sevinər, sahibinə geyindirib kənardan fərəhlə baxarmış. Kənddə atamın tikdiyi kostyumlar haqqında indi də belə deyirlər: «İslamın əli qızıldı. Onun tikdiyi kostyumu bür, bük, əzişdir, at yerə, o yenə şax, ayaq üstə duracaq!»

Atadanqalma balaca, yastı-yapalaq daxmanı söküb yerində halalca zəhmətinin qazancı ilə bu ikigözlü, aynabəndli otaqları tikdirmiş, həyətində bağ salıb gül əkmiş, çardaq düzəltmişdi. Yaşlı adamlara məxsus bir adətlə o, boş vaxtlarının hamısını bağça-bağa qulluq etməklə keçirərdi.

Qüdrətlidə bir kişi barmağını qatlayıb deyə bilməzdi ki, İslam mənə iynə ulduzu boyda pislik eləyib, ya mənim toyuğuma daş atıb. Yox, deyə bilməzdi! Mənim könlümü qırıb, ürəyimə dəyib – belə deyən də tapmazdın!..

Kimi dindirsəydin, ondan ağızdolusu, ürəklə danışardı…

– Kimin oğlusan, a bala? – deyə bir adam məndən soruşanda, fərəhlə:

– Dərzi İslamın! – deyərdim.

– Yaxşı kişi idi, bala. Allah işinə fərəc versin, gözəl insan idi.

Bir-iki nəfər yox, hamı belə deyirdi. Çoxu bizə onun adına görə hörmət eləyirdi… Düzü, bu, bəzən mənim qüruruma toxunurdu. «Adam gərək özü hörmət qazansın, özgənin hörmətinə, ad-sanına sığınmaq, başqasının kölgəsində dincəlmək insanı hər necə olsa, sıxır, balacalaşdırır!» – deyən Əli müəllimin sözlərini xatırlayırdım. Bu sadə sözləri mən heç zaman unutmayacağam… Bəli, atam haqqında düşünəndə həmişə ürəyim gizli bir nəşə ilə dolurdu.

Deyirlər, yaxşı insan unudulmur, yaxşılıq itmir! Mən sevinirdim ki, atam barədə hamı, hamı xoş söz deyir. O, böyük, adlı-sanlı adam deyildi, adi dərzi idi. Ancaq mən onunla fəxr eləyirdim. İndi görün nənəm – onu böyütmüş, üstündə saçlarını ağartmış, gözlərinin nurunu əritmiş ana necə də yerə-göyə sığışmırdı.

Yadımdadır, bir yay axşamı idi. Hava elə bürkü idi ki, ağacda yarpaq belə tərpənmirdi. Ağcaqanadlar vızıltı ilə uçuşur, üzümüzə qonub sancmağa fürsət axtarırdı. Nənəm köhnə zibil vedrəsinə avarəncər yığıb od vurdu, eyvanın o başına qoydu, tüstüdən qorxan ağcaqanadlar bir az seyrəldi.

Anam yenicə süfrə salıb samovarı ortalığa gətirmişdi ki, atam kolxoz həyətindən gəldi. Papağını çıxarıb dirəyə vurulmuş mıxdan asdı və üzünü bizə tutub gülümsünərək dedi:

– Sabah kolxozda konsert olacaq. Sizi konsertə aparacağam.

O, yuxarı qalxıb süfrənin qırağında əyləşdi.

– Məni də, ata?

– Bəs nə, mənim balam? Heç sənsiz konsertə gedərik?

– Onda təzə paltarımı geyərəm, hə, ata?

– Əlbəttə, oğlum.

– Verərsən, ana?

– Bəs necə?

– Nə qənsertdi bu, ay İslam? – deyə nənəm söhbətə qarışdı.

– Bakıdan gəliblər. Kolxozçular üçün konsert verəcəklər.

Mən sevinirdim. «Sabah təzə paltarımı geyəcəyəm. Bir əlimdən atam tutacaq, bir əlimdən anam. Konsertə gedəcəyik. Bircə səhər tez açılsaydı», deyə düşünürdüm. Bu xəbər kefimi yamanca acmışdı. Bir yerdə qərar tutub dayana bilmirdim. «Hadı-Bıdının» nağılını öz bildiyim kimi danışıb evdəkiləri güldürürdüm.

Gecədən xeyli keçmiş yuxum gəldi, nənəm yerimi saldı, uzanıb yatdım. Atamı, anamı, nənəmi gülə-gülə qoyub yatdım.

Səhər gec oyandım. Duran kimi o biri otağa, anamın yanına qaçdım. Atam da, nənəm də buradaydı.

– Mənim təzə paltarımı sandıqdan çıxart. Konsertə…

Anam köksünü ötürdü. Atam başını aşağı saldı. Nənəm çaşqın halda mənə baxdı. Nə olmuşdu? Yoxsa axşam mən yatandan sonra bir hadisə üz verib? Atam sanki mənim heyrətimə, təəccübümə cavab vermək üçün kədərli bir səslə:

– Konsert… daha olmayacaq, bala! – dedi.

– Niyə, ata?..

Sualım cavabsız qaldı. O, gözlərini dolandırıb paltartikən maşının iynəsi ağzında yarımçıq qalmış kostyuma baxdı və fikrə getdi…

MƏN – Bu sözlərin yaralı yerimə toxundu, Aydın.

O kostyum oğlumunku idi. İslam ona bəylik kostyumu tikirdi. Payızda toyunu eləyəcəkdik. Qismət olmadı. Dediyin gün müharibə başladı. Müharibə hər şeyi yarımçıq qoydu. Bəli, o gün sən konsertə gedə bilmədin, mənim hekayəm yarımçıq qaldı, İslamın tikdiyi kostyum, oğlumun məhəbbəti yarımçıq qaldı…

A Y D I N – heç yadımdan çıxmaz… Qırx birinci ilin bürkülü yay səhəri idi. Rayon mərkəzində ikimərtəbəli binanın qənşərində dayanmışdıq. Mən o günəcən bu qədər çox adam görməmişdim. Həyətdə üç avto durmuşdu. Yan-yörəmə baxdım. Hamı qaşqabaqlı idi. Arvadlardan bəzisi ağlayırdı.

Biz atamı cəbhəyə yola salırdıq. O məni qucağına almışdı, tez-tez çənəmdən yapışıb üzümü özünə sarı döndərir, gözümün içinə baxırdı. Nənəmlə anam yanaşı dayanmışdılar. Özlərini saxlaya bilmədilər. Xısın-xısın ağlamağa başladılar. Atam dedi:

– Məni göz yaşıynan yola salırsız? Ağlasanız sizdən inciyə-rəm… Bu dar gündə, bu sınaq məqamında döşünü irəli verməyən kəs, gərək başına papaq qoymasın. Atamın bozardığını görəndə nənəmin çiyinləri daha titrəmədi, anam hıçqırığım uddu.

– Aydın mənim ümidimdir! – deyə o məni təzədən sinəsinə sıxdı. Nənəmə, anama baxdı:

– Onu sizə, sizi də bir-birinizə tapşırıb gedirəm. Özünüzdən muğayat olun. Yaman günün ömrü az olar. Gün gələcək, düşmən əziləcək, dava qurtaracaq, biz yenə görüşəcəyik.

Atamın bu soyuq sözləri məni heyrətə gətirdi. Axı o, hardan bilirdi ki, düşmən əziləcək, dava qurtaracaq!..

Anam dilləndi;

– Bizdən nigaran olma, İslam.

Nənəm dedi:

–Allah yolunu yüngül eləsin, oğul! Özünü soyuqdan-zaddan gözlə, bala!!!

Nədənsə atam nənəmin bu sözlərinə gülümsündü.

O, anasıyla, anamla vidalaşdı. Sonra yenə mənim gözlərimə diqqətlə baxdı. Elə zəndlə, elə məhzunluq və həsrətlə baxdı ki, elə bil, bu ayrılıq məqamında gözlərimin rəngini yadında saxlamaq istəyirdi. Bilmirəm bu, doğrudan da, belə idi ya yox! Amma mən onun gözlərini həmişəlik yadımda saxladım. O baxışlar gözlərimə, beynimə, ürəyimə həkk olundu. Atamı xatırlayanda həmişə o iki qara, zil qara göz xəyalımda canlanırdı. O gözlər yuxuda da, xəyalda da mənə baxırdı, məhəbbətlə, həsrətlə, kədərlə baxırdı. Elə sanırdım ki, o gözlər ömrümün axırına qədər kirpik belə çalmadan mənə baxacaq, baxacaqdı.

Üzümdən öpdü, yerə qoydu. Mən ancaq indi kövrəldim, qıçlarına sarmaşdım. Anam məni ondan zorla ayırdı. O, geri baxa-baxa bizə əl elədi. Maşına mindilər.

Dallarınca su atan da oldu. Yaylıqlar yelləndi, əllər tərpəndi. Maşın tini burulub uzaqlaşdı. Biz belə ayrıldıq…

…İndi bu şad xəbəri eşidən Gülzar nənəmin solğun üzü qızarmışdı. Seyrək kirpikli gözlərinə elə bil ayrıdan nur gəlmişdi.


O, əlini yerə dayaq verib ayağa qalxdı, qıvraq addımlarla evə girdi. Dalınca içəri keçdim. Gördüm ki, arvad həvəsnən, şövqnən otaqları yığışdırır, səliqə-sahman yaradır. O, quş kimi qol-qanad açmışdı. Çevik hərəkətlərlə həsiri çıxarıb çırpır, palazdan-xalçadan döşəyirdi.

Sandığın yanında qoyulan paltartikən maşının sarı rəngli qapağını qaldırdı. Maşının iynəsi pas atmış, qayışı çürümüşdü. Dörd il yarım əl vuran olmamışdı. Dörd il yarım səsi eşidilməmişdi. Onun sahibisə, kim bilir, haradaydı? Sağdımı? Gedəndən vur-tut bircə kağızı gəlmişdi. Əl boydaca bir məktub. O da Kerçdən. Vəssalam. Ancaq kəndimizin camaatı üçün onun tikdiyi paltarlar hələ də tez-tez gözümə dəyirdi. Cırılıb-süzüləni də olmuşdu, atılanı da… Bir kilo una, bir kasa dənə dəyişilərək uzaq-uzaq kəndlərə gedib çıxanı da vardı. Yamaq üstündən yamaq vurulanı, boxçada, sandıqda əziz yadigar, son nişanə kimi saxlanılanı da…

Nənəm həvəslə maşını silib təmizlədi, sonra neçə ildə bircə dəfə də öz qəribə nəğməsini oxumamış samovarı çölə çıxartdı.

–Ədə, a bala, dərdin mənə, baltanı götür, damdakı o köhnə yeşiyi qır, talaşadan-zaddan qayır. Mən də bu samovarı doldurub od atım. Gülrux da bu iki daşın arasında bilmirəm hara getdi. Evdə olsaydı, mağıl, o da bir işin qulpundan yapışardı.

M Ə N – Gülrux Aydının anası idi. O, gözəl qadındı. Qüdrətlidə ondan yaraşıqlı, gözəgəlimli ikinci bir gəlin tapmaq çətindi. Düz, mütənasib vücudu, uzun qara hörükləri, əsmər üzü, qara gözləri, o gözlərdəki gənclik təravəti, nuru insanın qəlbində qadın gözəlliyinə səmimi bir rəğbət oyadırdı. İslam əsgər gedəndən sonra o, çox da sınıxmamışdı. Gülzar arvad evin dayağı – evin kişisi olduğuna görə, nə gəlini, nə də Aydını xiffət eləməyə qoymamışdı. Bir balaca, əlləri aşağı düşən kimi, qara-çovğuna baxmamışdı. Həftəbazarına getmiş, evdən ayından-oyundan aparmış, una-dənə verib gətirmişdi. Gülzarın əlləşib-vuruşmağına baxmayaraq, ağır illər yenə öz işini görmüş, Gülruxun da, Aydının da üzündə bir pərişanlıq, məyusluq əmələ gəlmişdi.

İslam Gülruxun yadından çıxmırdı. Gecələr bəzən o, İslamı öz yanında sanırdı. Sevinirdi. Ancaq bu, uzun çəkmirdi. Xəyal aləmindən ayrılanda yorğan-döşəkdə özünü tək görür və məyus olurdu. Gecələr hamı yatandan sonra o, balışını azmı göz yaşı ilə islatmışdı? Səssiz-səmirsiz…

O, İslamdan əvvəlinci və sonuncu məktub gələn günü bütün ailə ilə birgə bayram elədi. Məktub kəsiləndə isə… Məktub kəsiləndə isə o, şübhələndi, qara, qorxunc fikirlər gözəgörünməz yollarla qəlbinə axıb doldu, onun yuxusunu ərşə çəkdi. Qəzetlər də, radio da, cəbhədən gələn bəzi məktublar da Kerçdə dəhşətli vuruşlar getdiyini və çoxlu insan tələfatı olduğunu xəbər verirdi.

Anbardar Məlikin məktubu da elə o günlərdə gəldi. Məlikin arvadı Səltənət bir gün Gülruxun qabağını kəsib:

–Ay Gülrux, başına dönüm, kişidən kağız gəlib, onu mənə oxu, sən allah, – dedi.

Gülrux da oxudu. Kaş heç oxumayaydı. O kağız onun qanadlarını qırdı, ümidlə, intizarla çırpınan ürəyinə inamsızlıq toxumu səpdi. Bu, Məlikin məktubundakı bircə cümlənin təsiri ilə yarandı. O yazmışdı: «Burada o qədər adam qırıldı ki, Qara dəniz dönüb qırmızı dəniz oldu, Səlti.

Həmin gecə Gülrux çox pis yatdı. Yuxuda qan gördü. Səhər qayınanasına dedi: «Qan görmüşəm yuxuda!» Gülzar arvad qüssəli-qüssəli yozdu: «Qan qovuşuqdu, bala». Yox, onun qəlbində yaranan ümidsizlik azalmadı. «Bəs niyə məktub gəlmir?! Sağ olsaydı, İslam kağız yazardı». Onun dərya ümidi damcı-damcı axıb harasa getdi. Getdi və ancaq bu zaman o Gülrux, özünü kimsəsiz və bədbəxt hesab elədi. Elə həmin günlərdə də İldırım Gülruxu tora sala bildi. İldırım, qüdrətlilərin kənd sovet sədri, caydaq bir adamdı. O qədər arıqdı ki, deyərdin bəs bu heç nə yeyib-içmir. Burnunu tutsan canı çıxar. Arıq, ətsiz sifətində, seyrək qaşları altda parlayan çuxura düşmüş gözləri, ağzının üstünə qədər uzanan iri burnu və yastı çənəsinin altında udqunan zaman tez-tez aşağı-yuxarı qalxıb-enən yumru hülqumu onu çox qəribə, göstərirdi. Baxanda özünü gülməkdən güclə saxlayırdın.

Amma caydaqlığına baxmayaraq həddən artıq cəld və çevikdi. Onu əsgər aparmamışdılar. Deyirdilər «xarab çıxıb». Bu o demək idi ki, yəni İldırım xəstədi.

Qüdrətlidə axar-baxarlı bir yerdə qəşəng imarət ucaltmışdı. Ailəsi dörd nəfərdən ibarətdi: arvadı Bikə, iki oğlu və özü. Bikə çox qara olduğuna görə kənd arasında ona Ərəb Bikə deyirdilər. Düzdü, yaxşı geyinərdi, boyun-boğazı, qulağı, ağzında dişləri bərq vururdu, ancaq bununla belə kişinin qızı qaraydı da.

İldırım Gülruxu çoxdan gözaltı eləmişdi. Onunla kəlmə kəsmək, atəşin gözlərinə baxmaq, ipək tellərini oxşamaq, – İldırımın indi yeganə arzusu bu idi. «Gülruxu ələ alsam, vijdan haqqı, elə bil faşist Almaniyasını qabağımda diz çökdürmüşəm» deyə düşünür, gecə-gündüz yollar, tədbirlər arayıb axtarırdı. Gülruxun, bu sadəlövh, bütün insanları İslam kimi təmiz qəlbli hesab eləyən bu qadının eşqinə düşəndən bəri o öz arvadı ilə yola getmir, hiss eləmədən yavaş-yavaş evdən soyuyurdu. Təkcə körpə uşaqlarını görəndə ata olduğunu, ailə başçısı olduğunu xatırlayırdı.

İldırım tez-tez atlanır, briqadalara çıxırdı; Gülruxu görmək üçün… Tez-tez kolxozçuları yığıb iclas eləyirdi, Gülruxa baxmaq üçün… Axşamlar camaat çöldən, kolxoz işindən qayıdıb gəldikdən sonra qapıları bir-bir döyüb evləri gəzirdi, Gülruxgilə gəlmək üçün…

O, çox usta tərpənirdi, məqsədini heç kəs, hətta uzun müddət Gülruxun özü də bilmədi. Səbəbi bu idi ki, o, bir xeyirxahlıq pərdəsinə bürünmüşdü, imkanı olduğu qədər hamıya yaxşılıq eləyirdi. Kənddə ondan narazı olan çox az adam tapardın.

…Bir dəfə o, payızın dodaq çatladan şaxtasında; çöldə pambıq yığan Gülruxa yanaşdı. Yığdığı çəngə pambığı gülə-gülə gəlinin önlüyünə qoyanda onun ətli buduna toxundu, ürəyi nanə yarpağı kimi titrədi. Bundan əvəzsiz nəşə alan İldırım ovcunu yenə doldurub əsə-əsə Gülruxa yaxın gəldi. Gəlin əlini açdısa da o, əvvəlki kimi pambığı önlüyə təpdi, əlinin arxasını yenə onun buduna toxundurdu… Özünə elə görkəm verdi ki, bu, guya təsadüfən oldu…

Sonra o, Gülruxun çaqqanaqların didib dağıtdığı barmaqlarına, çör-çöpün cırıb qanatdığı dolu ayaqlarına baxıb dedi:

– Sənə çöldə işləmək yaraşmır heç, vijdan haqqı. Neyniyəsən. Zəmanənin boynu sınsın… Gülrux əllərini önlükdə qurdalaya-qurdalaya:

– Camaat necə, mən də elə, ay İldırım qağa… – dedi.

– Yox, vijdan haqqı, sənə yaraşmır… Mən səni belə görəndə gecələr yuxum ərşə çəkilir. İlan vuran yatır mən yox… Neyniyim. Ürəyimnən bacarmıram. Dünyada ürəyiyumşaq olmaqdan da pis şey yoxdu, vijdan haqqı.

– Ömrün uzun olsun…

– Axırı o gün fikirləşmişəm, demişəm, balam, bizim idarəyə onsuz da bir adam lazımdır, yox? Vijdan haqqı, düz sözümdü, çöldə bu əziyyətlə işləməkdənsə, yenə sil-süpür eləmək asandır, bala. Arvad işidi. Elə gəlib gündə bircə saat gözə görünərsən, qalanıynan işin yoxdu.

– Ömrün uzun olsun, qağa.

Həmin gecə Gülrux çox gec yatdı. Gözünə yuxu getmirdi. İldırımın gündüzkü hərəkəti heç yadından çıxmırdı. Hərdən Gülruxa elə gəlirdi ki, İldırım: ölü əlinə bənzər qansız, damarları görünən əlini onun bədənində gəzdirir. «Deyəsən kişinin başqa niyyəti var, axı? Yaman canyananlıq eləyir! – Sonra bu fikrindən utandı. – Gör mən nələr düşünürəm? O mənə yaxşılıq eləmək istəyir, mən isə…», ürəyinə dammış bu şübhəni özündən uzaqlaşdırmaq istədi. O axşam bacarmadı. Ancaq sonra baş vermiş bir hadisə bu fikri onun beynindən çıxartdı. Əhvalat belə oldu:

…Günlərin birində kənd soveti sədrinin köməkçisi Murtuz hay-haray sala-sala Gülruxgilə gəldi. Kağız gətirmişdi. Vergi kağızı… Gülruxgil həyətyanı sahə üçün vergi verməli idi. Gülruxun gözləri böyüdü. Axı onlar indiyəcən bu qədər vergi verməmişdilər?! Bəlkə səhv düşüb?

Gülrux kağızı götürüb İldırımın yanına getdi. Gurhagur yanan peçin qırağında dayanıb pəncərədən çölə baxan İldırım onu gülərüzlə qarşıladı:

– Hə, buyur, buyur.

Gülrux kağızı irəli uzatdı.

– İldırım qağa, bizim bu kağız deyəsən səhv düşüb, axı…

– Əvvəl bir otur. De görüm necəsiz? Necə dolanırsız?

– Yaxşıyıq, İldırım qağa, ancaq bu kağız… İldırım kağızı alıb baxdı.

– Hə, bunu deyirsən? Yox vijdan haqqı, səhv-zad düşüb eləməyib,– o gülümsündü, sağ əlini yavaş-yavaş ağarmağa başlayan qalın saçlarına çəkdi, – necə yazılıb, elə heylədi. Sən ki uşaq döyülsən. Bilirsən ki, ağır zamandı, müharibədi. Adamlarımız düşmənlə ölüm-dirim davasına giriblər. Onlar üçün çörək lazımdı? Lazımdı… Bizim borcumuzdu, gərək… Bir də… hökumətin zakonudu da! Özün bilirsən ki, qanunu dəyişmək ixtiyarımız yoxdu bizim. Vijdan haqqı, olsaydı bu saat dəyişərdim. Yüz elə qanun qurban olsun…

– Çox sağ ol, İldırım qağa. Balaların sağ olsun. Siz bizi elə şirin dilnən dindirirsiz, adam…

– Borcumuzdu bizim, vijdan haqqı, mən o rəhbər işçilərdən döyüləm ki, camaatı hesaba almayım. Mənimki camaatdı, eldi, obadı.

Gülrux onun sözlərini eşitmirdi. Onu bu dəqiqə bir şey düşündürürdü. O, pulu hardan tapmalı. O da bilir, müharibə vaxtıdır, ancaq hardan?

– İldırım qağa, vallah, biz bu qədər verginin öhdəsindən gələ bilmərik. Gördüz də ki, bu il bağda-bağatda bir şey olmadı. Gül vaxtı hamısını dolu vurdu.

Söhbət bura çatanda İldırım əl atıb şalvarının dal cibindən bir dəstə qırmızı otuzluq çıxartdı və Gülruxun qənşərinə qoydu.

– Götür, bala, borcunu ver.

– Yox, yox.

–Yox nədi, qız? Götür, vijdan haqqı, inciyərəm səndən; götür, götür, vergini verərsən, qalanını da uşaq üçün xəm-xırd alarsan.

Gülrux inad elədi. İldırım dedi:

– Mən borc verirəm, bunu sənə. Nə vaxt pulun olar, verərsən. Hökumət vergisini gecikdirmək olmaz, amma mən özününküyəm. Nə vaxt olsa verərsən.

Gülrux əli əsə-əsə pulları götürdü, razılıq eləyə-eləyə vergiyığan Məmmədxanın oturduğu otağa keçdi. Pulu onun qabağına saydı.

İldırım çətin, ağır illərdə, doğrudan da, onlara çox əl tutdu. Al dili ilə özünə inam yaratdı. Gülrux ona inandı. Qırx beşinci ilin yanvarında Gülrux, nəhayət, kənd camaatının dediyi kimi «irəli çəkildi». Kənd soveti idarəsinin xidmətçisi oldu.

Gülzar arvad gəlininin bu qərarını eşidəndə narazılığını bildirdi:

– Ay Gülrux, – dedi, – adam gərək özünə bab işin qulpundan yapışsın, bala.

– Nə demək istəyirsən yanı?

– Yanı demək istəyirəm ki, sənin o idarədə-zadda sil-süpür eləməyin mənim heç xoşuma gəlmir. Məni görürsən? Qoca arvadam, amma o işə getmərəm. Axı sən cavansan, indi dava-şava vaxtıdı. Gərək sən qeyrətinə-arına sığışdırmayasan bunu, yox, gərək sığışdırmayasan. Mən yaşda arvad lapatka işi görürəm. Amma sən…

– Mənciyəz də çox görmüşəm. Sür-sümüyüm indi də sız-sız sızıldayır.

Qarı çox dedi, gəlin az eşitdi, arvad dişi bağırsağını kəsə-kəsə susub durdu. Neynəyə bilərdi?

Gülruxun işi yüngüldü. Hər gün obaşdan gedib idarəni açar, gecə saat birə-ikiyədək yanıb qaralmış lampanın şüşəsini silər, papiros kötükləri ilə dolmuş külqabını boşaldar, döşəməni süpürüb, vedrəni, qrafini təmiz su ilə doldurardı. Camaat işə gedəndə o evə qayıdar, mal-qaranın altını təmizlər, evi sahmana salar, Aydının yemək-içməyini verib məktəbə yollardı.

İldırım xeyli vaxt özünü tox tutdu. O, məqsədinə çatmaq üçün Gülruxa o qədər hörmət və yaxşılıq eləmişdi ki, bunun üstündən indi ona kənar heç bir şey deyə bilmir, daha doğrusu, utanır, içindən qırıla-qırıla qalırdı.

Arxayındı. Tələsmək lazım deyildi: ov artıq əlində idi. İldırım hərdən Gülruxun səliqəsini, təmizkarlığını tərifləyir, deyirdi:

–Sən bu idarəyə gələndən dər-divar adamın üzünə gülür, vijdan haqqı. Adam səhərəcən idarədə işləmək istəyir. Baxırsan, təmizlik adamı heyran eləyir.

Gülrux işıqlı, minnətdarlıqla baxan gözlərini təbəssümlə qıyaraq, onun qəribə bir parıltı ilə alışıb-yanan gözlərinə baxır, kirpiklərini endirib həyəcandan uçuna-uçuna bayıra çıxır, İldırım isə gəlinin ayaqlarını, kürəyini həris nəzərlərlə süzür, hələlik köks ötürüb susur, dadlı düşüncələrə dalırdı. Nəhayət, Gülrux bir qadın sövq-təbiisi ilə İldırımın baxışlarından, onunla titrəyə-titrəyə danışmasından başa düşdü ki, yanılıb. Bütün bu hörmətlərin, köməkliklərin nə üçün edildiyini indi anladı. İldırım onun gözlərində nə qədər də alçaldı «Vijdan haqqı, vijdan haqqı. Hər kəlməbaşı vijdan haqqı. Ay sənin vijdanın yerə girsin» – deyə o, İldırımın qarasınca deyindi. Dərdini kimsəyə deyə bilmirdi. Hiss eləyirdi ki, dərin bir uçurumun qırağındadır. Zəif bir yel, kiçik bir təkan onu bu uçuruma ata bilər və… O geri qayıtmaq, ayağı yer tutduqca qaçmaq istəyirdi. Ancaq elə bil əfsunlanmışdı, tərpənməyə özündə güc, cəsarət tapa bilmirdi. «Yox, buradan getməliyəm. Getməliyəm. Boyun-boğazıma, ayağıma, baldırıma baxır. Sabah aparıb açarını da atacağam üstünə, qoy cəhənnəm olsun», – deyə ürəyində qəti qərara gəldi.

Obaşdandı. «Bu gün axırıncı gündür. Deyəcəyəm, işləmirəm. Deyəcəyəm, sağ ol, hörmətin artıq olsun». Bu düşüncələrlə o, vedrəni çaydan doldurdu. İdarəyə gəldi. Cunasının ucuna bağladığı açarla qapını açdı, içəri girdi. Otaq alaqaranlıqdı. Nədənsə pəncərə açıq idi. «Yəqin yaddan çıxıb».

O, qrafinə əl atanda arxada hənirti duydu, səksəkəli halda geri çevrilmək istəyəndə kimsə onu qucaqladı. Gülrux ağzını açıb qışqırmağa macal tapmamış: – Qorxma, Gülrux, mənəm, – deyən kişi səsini tanıdı. İldırım… Gülruxun bədəni yarpaq kimi əsdi. O, İdırımın qolları arasında sudan çıxarılmış balıq kimi çırpındı, çabaladı. Ancaq xilas ola bilmədi.

Bədəni gizildədi. Bu gizilti ötüb-keçməmiş İldırım gəlinin boynunu-boğazını isti öpüşlərə qərq elədi və o, Gülrux bu gözlənilməz hücumdan çaşqın halda müvazinətini itirib bayıldı.

…Həmin hadisə bu gündən – müharibə qurtaran gündən düz bir ay əvvəl olmuşdu, düz bir ay əvvəl…

A Y D I N – Qəribə idi. Nənəm elə bilirdi ki, bu gün dava qurtardı, elə bu gün axşama da atam hayanda olsa, gəlib çıxacaq. Elə bil toya getmişdi, iclasa getmişdi. Qurtaran kimi gələcəkdi. Elə bil, müharibəyə, odun-alovun içinə getməmişdi, döşünü qızıl güllə qabağına verməyə getməmişdi.

Gülzar nənəm bunların heç birini düşünmür, bir uşaq sadəlövhlüyü ilə oğlunun axşama gəlib çıxacağına inanırdı. Bu da gülməli idi ki, mən özüm də bunun belə olacağına, bəzən şübhə eləsəm də, inanırdım.

Otağın yuxarı başında divara vurulmuş zərli çərçivədən qarabuğdayı, çatmaqaşlı, gülərüzlü, saçları yana daranmış bir kişi baxırdı. Bu, atam idi, doyunca görmədiyim, ürək dolusu sevə bilmədiyim, ancaq xatirimdə qalmış nişanələri ilə xəyalımda böyüdüb yaşatdığım, həsrətini çəkdiyim atam…

Gülzar nənəm öz-özünə danışa-danışa gəlib şəklin qənşərində dayandı, xeyli baxdı. Sonra ucadan:

–Ay bala, başına dönüm, ay bala, gəl çıx, gözümüz bu yollardan yığışsın, – dedi.

***

Mən kolxoz həyətinə gələndə neçə il bundan qabaq bünövrəsi qoyulmuş, müharibə başlandığına görə yarımçıq qalmış klub binasının qabağında, açıq havada kənd camaatının toplaşdığını gördüm. Məmə yeyəndən pəpə deyənəcən hamı buradaydı. Adamların əlində bel, külüng, dırmıq, yaba vardı. Kim nəylə işləmişdi, elə əlindəcə gətirmişdi… Onlar bu vəziyyətdə silahlarından ayrılmaq istəməyən əsgərə bənzəyirdilər. Əslində onlar da əsgər idilər, arxa cəbhənin əsgərləri. Boyum balaca olduğundan, barmaqlarımın ucuna qalxıb ha boylandımsa, bir şey seçə bilmədim, yandan irəli keçdim.

Qırmızı mizin arxasında kəndin hörmətli adamları oturmuşdular.

Camaata baxdım, bütün üzlər gülürdü. Sevinc insanları necə də xoşbəxt edərmiş! Xoşbəxtlik nə yaxşı şey imiş! Əli müəllim mizin böyründə, çəliyinə söykənərək ağırlığını salamat qıçının üstə salıb, özünə xas təmkinlə danışırdı. (Ondan qabaq kim danışmışdı, bilmədim.)

Müharibə qurtardı! Bizim doğma Sovet dövlətimiz, namuslu, qüdrətli xalqımız qalib gəldi. Çünki bu bizim üçün haqq-ədalət müharibəsi idi. Bu müharibədə böyük vətənimizin bütün xalqları əl-ələ tutub, çiyin-çiyinə verib, tək ölkəmizi deyil, bütün yer üzünü faşizm taunundan xilas elədi. Belə ordu, belə xalq pərəstişə layiqdir.

Əziz həmkəndlilərim, müharibə iştirakçısı kimi, sizi, bu sınaq illərində xeyli əzab-əziyyət çəkmiş Qüdrətli camaatını ürəkdən təbrik edirəm.

İndi biz ürəklərimizə, bədənlərimizə vurulmuş yaraları sağalda bilməsək də, vətənimizə dəymiş yaraları sağaltmalıyıq. Yarımçıq qalmış klubumuzu tikməliyik, yarımçıq hörgülərimizi dikəltməliyik..

Hamımız əl çaldıq. Sonra Nərgizə söz verildi. Mənim sinif, parta yoldaşıma… O, qəti addımlarla irəli yeridi, Əli müəllim danışan yerə gəldi. Danışmadı, şeir oxudu. Təsirli bir şeir idi.

Nazik dodaqları tərpənir, düyünlənmiş yumruğu havada titrəyirdi. O oxuyurdu. Mən isə onun haqqında düşünürdüm: «Bizim kimi o da sevinir, biz yol gözləyirik, o qara kağız isə Nərgizin gözlərini yollardan həmişəlik yığdı».

Yığıncaq xeyli çəkdi, axırda konsert də oldu… Beş il bundan qabaq gedə bilmədiyim konsert yadıma düşdü. Atamı xatırladım. Səsi qulağıma gəldi: «Konsert daha olmayacaq, bala…»

Anam axşam saat on birdə gəldi. Qapının astanasında görünəndə nənəm də, mən də heyrətdən donub qaldıq. Gözləri hədəqəsindən çıxmışdı, qızarmışdı, saçları üzünə tökülmüşdü. Rəngi kağız kimi ağarmışdı. İçəri keçib pəncərənin tuşunda dayandı… salamsız-kəlamsız… Ev-eşiyə baxdı; mən onu heç vaxt belə görməmişdim. Qorxdum, tez durub nənəmə sığındım. «Allah, özün saxla!» – deyə nənəm astaca pıçıldadı və çəkinə-çəkinə:

– Ağız, sənə nə olub? – deyə soruşdu.

Anam dinmədi.

M Ə N – Gülrux müharibənin qurtarması xəbərini eşidəndə İldırımın yanında idi. Bir neçə an heç nə dərk etmirmiş kimi hərəkətsiz dayandı. Gözləri yol çəkdi, düşündü. Birdən sarsılmış halda:

– Aman allah, dava qurtardı, dava qurtardı, – dedi.

Bu sözləri elə dedi, sanki özünün də, milyonlarla insanın da həsrətlə gözlədiyi müharibə qurtarmamışdı, təzədən böyük bir fəlakət baş vermişdi. – Ədə, niyə dillənmirsən, niyə ağzına su alıbsan? Ədə, qurtarıb, ey… Kaş… ox, ay allah…

İldırım bir «Vostoçnı» yandırıb damağına qoydu.

– Gülrux…

– Ox, alçaq, əclaf… – Şillə beşaçılan gülləsi kimi səsləndi, – vicdansız…

– Gülrux....

Bir şillə də.

– Gül…

Biri də… Sonra o, hönkürtü vurub ağladı.

– Ay allah, öldür məni, öldür məni… Ox, İslam… İldırım təəccüblə:

– Ə, bu arvadın başına hava gəldi nədi, ə?-dedi.

A Y D I N – Anam quru, gur səslə soruşdu:

– Bu nə dəm-dəsgahdı, belə?

Nənəm ürəkləndi:

– Bıy, ağız, bilmirsən, dava…

– Ha, ha… – o, başını silkələyib, əlini-əlinə çırpdı və şaqqanaq çəkib ucadan güldü. .

– Bıy, başıma xeyir, – deyə nənəm əl-ayağa düşdü.

– Ana! – deyə mən qışqırdım.

– Deyirsiz dava qurtarıb? – Birdən ciddiləşdi, gülüşünə ara verdi, əl atıb nalçanı, mütəkkəni götürüb tolazladı. – Dava qurtarıb. Cəhənnəmə qurtarıb, gora qurtarıb. Kaş heç qurtarmayaydı. Biz də qurtardıq. Biz də məhv olduq…

– Ay qız, Gülrux. Bıy, ay allah. Sənə nə olub? Hamı şadlıq eləyir, sevinir. Gedənlər gələcək. Bu gün, səhər… İslam da gələcək.

– Yox, lazım deyil. Gəlməsin, gəlməsin… istəmirəm. Ya o gəlməsin, ya mən ölüm, yerə girim.

Əvvəlinci sözləri qışqıra-qışqıra, son sözləri göz yaşları içində boğula-boğula dedi.

Anam axır vaxtlar mənə çox qəribə görünürdü. Odla-su arasında qalmış adamlar təki tez-tez öz-özünə danışır, bəzən bir dəqiqə bundan əvvəl dediyi söz yadından çıxır, ağzında danışdığını unudub qocalar kimi: «Mən indi nə dedim?» – deyə gözlərini döyə-döyə adamın üzünə baxıb dururdu.

Evə-eşiyə, əvvəlləri çox istədiyi mənə qarşı elə laqeyd olmuşdu ki, adam təəccüb eləyirdi. Bəzən heç bir şeyin üstə hirslənər, nənəmə ağır sözlər deyər, məni söyər, vurar, tezcənə də peşman olub, o biri otağa keçər, hönkür-hönkür ağlayardı. Nənəm isə çaşıb qalar, onun bu anlaşılmaz hərəkətlərindən baş aça bilməz, məyus-məyus gəzib dolanar, «Allah dava salanın evini yıxsın!» – deyib qarğıyardı.

…Biz müharibənin qurtardığı o unudulmaz günün axşamını belə keçirdik…

***

Sağ qalanlar bir-bir qayıdırdılar. Şad xəbər şad xəbər üstündən gəlirdi. Biz, gələnlərdən atamı soruşurduq, ancaq gördüm deyən yoxdu…

Mayın ortalarında gözlənilməz bir hadisə baş verdi və bütün ümidlərimizi, arzularımızı bircə anda alt-üst elədi.

Xəbər çıxdı ki, anbardar Məlik gəlib! Özü də bədəninin yarısını qoyub gəlib, iki qıçı da yoxdur. Camaat danışırdı ki, top aparıb. O boyda bədən, deyirdilər, dördtəkərli balaca bir kolyaska üstündədir, yazığın əlləri dönüb ayaq olub…

Məlikgilin evi kəndin yuxarı başında, çayın lap qırağında idi. Hündür eyvanlı, həyəti bağça-bağlı, dövrələmə hasarlı bir evdi…

Kəndin adamları Məlikə dəyməyə gedirdilər. Mən də onlara qoşuldum…

Eyvana paltar-palaz salınmışdı. Yuxarıda adam əlindən yer olmadığına görə, bəziləri pilləkənin üstündə, bəziləri də yerdə dayanmışdı. Mən əsgərlikdən gələn hər adama yaxından baxmağı sevirəm. Onların papaqlarındakı qırmızı ulduzlardan, sinələrindəki orden və medallardan, aşırmalı, iri toqqalı qayışdan xoşum gəlir. Məhəccərdən yapışıb eyvana qalxdım, yavaş-yavaş lap yuxarı başa keçib özümə yer eləyə bildim.

Məlik nalça üstündə oturmuşdu. İki qıçı da yoxdu… Beynimə gələn ilk sual bu oldu: «Bəs o belə hündür eyvana necə çıxıb?» Özüm-özümə cavab verdim: «çıxardıblar!!»

Məlikin otuz beş yaşı ancaq olardı. Arıq bir kişi idi. Yanındakı adamlar pıçıldaşırdılar ki, əsgər getməmişdən qabaq çox kök imiş. İndi isə yarı canı qalmayıb.

Məlikin xırda, qonur gözləri parlayırdı, o hamını bir-bir nəzərdən keçirirdi. Tez-tez tükü tökülmüş başını sığallayır, adamlara baxıb gülümsəyirdi. Balaca qızı Xalidə sağında, mənimlə yaşıd olan oğlu Vaqif solunda oturmuşdu. Məlikin arvadı Səltənət həyətdə çay qoyur, qazan yeri qayırırdı.

Gələn adamlar Məliklə görüşür, öpüşür, hal-əhval tuturdu. Kənd soveti sədri İldırım gələndə Məlik elə bil qılçalarının olmadığını unudaraq ayağa qalxmaq üçün əlini yerə dayadı, lakin elə həmin an səhv etdiyini başa düşdü və vaxtı ilə boylu-buxunlu bir adam olduğunu xatırlayıb öz həmkəndlilərinin yanında şikəstliyi üçün qızardı. İldırım tez özünü irəli verdi:

– Otur, otur.

Onlar çox səmimi görüşdülər…

Məlik arada İldırımdan xəbər aldı:

– İndi anbardarınız kimdi, İldırım?

– Anbardarımız? – İldırımın dodağı qaçdı, qızıl dişləri göründü. Kimsə pıqqıldayıb güldü. Böyrümdəki yaşlı arvad astaca pıçıldadı: «Öl ha. Öz yeriynəndi işi. Acgöz oğlu acgöz?!» Sonra yenə pıçıltı ilə dedi:

– Ağız, ay Hürü, bu qurumsağın davaya gedəndə Səltiyə dediyini eşidibsən?

– Yox. Nə deyib ki, ay Güləbətin?

– Sarı barədə ey, qızıl barədə…

– Yox, eşitməmişəm!

– Günü qara gəlmişin, sən demə, qızılı varmış. Davaya gedəndə hardasa gizləyibmiş. Əsgər gedən gün lap o qəmsəriyətin qabağında Səlti yazıq deyib ki, ay kişi, gedirsən, heç olmasa, sarının yerini de, dar gündə karımıza gələr. Dava vaxtıdı, uşaqları dolandıraram. Məlik camaatı göstərib deyib ki, Səlti, qulağını bura gətir. O yazıq da elə bilib ki, qızılın yerini deyir, odur ki, qulağını lap kişinin ağzına söykəyib. Amma kişi deyib:

– Səlti, burada deyərəm, eşidib eləyən olar. Səlti cavab verib ki: – Bunun əvəzinə elə qızılın yerini desəydin, heç kəs eşitməzdi, necə ki, indi dediyini eşidən olmadı, – Yox! Arvad, atalar deyib ki, igid ehtiyatlı gərək. Gedərəm, frontdan kağız yazaram, kağıznan deyərəm. Nə dil bilər, nə dodaq. Səlti də biçarə ha gözləyib ki, kişi evə yazdığı kağızlarda o sarı zəhrimarın yerini deyəcək… Məlik ola, sarı yeri deyə? Ölmüşdü elə! Uşaqları burda elə korluq çəkdi ki…

– Cəmdəgüvə lənət sənin, belə kişi!

Mən bu söhbəti eşidəndən sonra Məlikə bir az da zəndlə baxdım.

Əmrah kişi Məlikin sualına qımışa-qımışa cavab verdi:

– Sən gedəndən sonra, Məlik, camaat yığışıb Ərkinaz arvadı anbardar qoydu… Anbar deyəndə ki, bir anbarlığı da yox idi… Bom-boş idi.

Məlik kişi əlini başına çəkdi və sözü dəyişdi:

– Pa atonnan, heç gözlərimə inanmıram, adə, inanmıram ki, mən gəlib çıxmışam. Allah göstərməsin, odun-alovun içindən gəlmişik. Bu, ölüb təzədən dirilmək kimi bir şeydi. Əşi, düşmən bir yandan öz topuynan, tüfəngiynən, bit də bir tərəfdən… aclıq da o biri yandan. Gəl buna döz də…

– Aclıq da çəkirdiniz? – deyə Səltənət soruşdu.

–Aclıq, özü də necəsindən! Allah göstərməsin..

Bay-bay. Keçən il qışda meşədə on beş gün ac qaldıq.

Bu canım ölsün, itin əziyyətini çəkdik. Hər tərəf nemeslərnən dolu idi. Bitin sayı vardı, nemesin yox. Göz açmağa imkanımız yox idi. On beş gündən sonra birtəhər mühasirədən çıxdıq. Amma, ay qırdıq ha, bu köpək uşağından. Elə tək mən özüm altmış beş nemes öldürdüm, hələ yoldaşlarımı demirəm. Hə, nə başınızı ağrıdım. Getdik bir xaraba kəndə çatdıq. Altı adam idik. Yerüvüz məlum, bir az yemək, içmək var idi, nemeslər qoyub qaçmışdılar. Day hara aparacaqdılar, özləriynən yığıb aparmayacaqdılar ki? Daraşdıq, nə daraşdıq. Ağzımda deyirəm, on beş gün ac qalmışdıq. Arvadlardan kimsə: – Vay, vay! – dedi.

– Yanımda bir qarabağlı oğlan vardı. Həkimdi. Dedi, ə, Məlik, az ye, ay uşaqlar, az yeyin, partlayarsınız, bağırsaqlarınız quruyub… Dedik, yox, ay kişi, sən nə danışırsan?! Ölürük acından. Yeyəcəyik. Bu yazıq çox dedi, biz az eşitdik. Axırda o, çörəyi-filanı mənim qabağımdan götürüb atdı… O birilər baxmadılar, yedilər. Nə başınızı ağrıdım, gecə yatdıq. Səhər… üç nəfər yoldaşımız ölmüşdü. Qarabağlı balası dedi:

– Canın üçün, bunların bağırsaqları partlayıb… –Aclığı sən nə bilmişən…

Əli müəllim dedi:

– Onları aclıq öldürməyib, acgözlük öldürüb…

– Hə. Necə ki, deyirsən, elə elədi! – Əmrah kişi təsdiq elədi…

– Əgər o kişi, allah onun balalarını saxlasın, olmasaydı, mən də rəhmətlik olub getmişdim.

Məlik bu cür əhvalatlardan xeyli danışdı. Yol gözləyən, nigaran olan, cəbhədən gələn xəbərlərlə yaşayan adamlar, Məlik söhbətinə ara verən kimi, öz qohum-əqrəbalarını, əzizlərini soruşmağa başladılar.

Birinci sualı Məlikin qənşərində oturmuş yaşmaqlı qadın verdi. Mən boylandım: bu, Nərgizin anası Reyhan xala idi.

– Məlik qağa, o tərəflərdə, ayıb olmasın, bizim qızın atasına rast gəlib eləmədin ki? Məcidi deyirəm…

Məlik heç fikirləşmədən cavab verdi:

– Yox, Reyhan bacı! Heç rast gəlmədim.

Mən fikir verdim: Məlik belə deyəndə Reyhan xala da, o yanda qapının ağzında dayanmış Nərgiz də başını aşağı saldı… Mən heyrət eləyirdim; axı Məcid əmidən keçən il bu vədə qara kağız gəlmişdi. Reyhan əməlli-başlı yas saxladı, Nərgiz üç gün dərsə gəlmədi, biz ona təsəlli verdik…

Görünür, Reyhan xala o qara kağıza inanmır! Yenə yol gözləyir.

Gördüm hər kəs öz adamını soruşur, özümü saxlaya bilmədim.

– Məlik qağa, davada atamı görmədin ki?

O mənə sarı çevrildi. Üzümə fəhmlə baxdı. Yaxşı ayırd eləyə bilmədiyi üçün:

– Maşallah, yeniyetmələr əmələ gəlib. Tanımıram, – dedi və məndən soruşdu:

– Kimin oğlusan, a bala?

Mən o saat:

– Dərzi İslamın! – dedim.

– Dərzi İslamın??!

Bu sözü elə təəccüblə, elə heyrətlə dedi, dərhal başa düşdüm ki, atamı görüb. Az qalmışdı, qalxıb özümü onun üstünə atam, boynunu qucaqlayıb üzündən-gözündən öpəm. Ancaq yaxşı ki, bunu eləməmişəm. O, «dərzi İslam»,–deyərək içərisini zəhər doğrayan adamlar təki yerində qıvrıldı. Mənə sarı elə baxdı ki, bədənimə lərzə düşdü. O, cəmi iki-üç saniyə davam edən bu gərginlikdən sonra kəskin, acıqlı səslə:

– İtil burdan, düşmən oğlu düşmən?!–deyə üstümə bağıranda (bəli, bağıranda) heç özüm də bilmədim nə vaxt ayağa qalxdım. – İtil burdan, gözlərim səni görməsin, müzürr oğlu müzürr!..

Nə hala düşdüyümü söyləməyə qələmim acizdir!!!

İşığımız yanmırdı. Bizim işığımız söndürülmüşdü. Nənəm qapının ağzında dizlərini qucaqlayıb oturmuşdu. Ağlayırdı. Elə bil Məlikin gətirdiyi bu dəhşətli xəbər onun belini qırmışdı. Yazıq arvad heç bilmirdi nə eləsin? Daha bundan da bəd xəbər olmazdı ki?

Gözlərim ağlamaqdan qan çanağına dönmüşdü. «İşə bax, –deyirdim,–mən atamı axtarırdım, kitablardan, kinolardan axtarırdım. Bəzən yuxuda da onu axtarırdım. Elə bilirdim, tapacağam. Özü də o, adi bir əsgər deyil, qəhrəman olacaq. Həzi əmi kimi böyük qəhrəman olacaq. Şəkilləri dərs kitablarına düşəcək. Həzi əmi Tofiqə məktub yazan kimi, atam da mənə yazacaq. Mən də ona cavab göndərəcəyəm. Amma gör nələr oldu?.! Məlik məni qovdu. «Düşmən oğlu düşmən», dedi. «Düşmən oğlu düşmən!»

Mən bunları düşündükcə qeyri-iradi olaraq göz yaşlarım axırdı…

– Dava qurtarıb… Bundan sonra…

Nənəm qaranlıqda mənə sarı dönüb sözümü kəsdi:

– Yox, bala, – dedi, – dava hələ qurtarmayıb, bizim davamız hələ qurtarmayıb. – Susdu. Vaysına-vaysına başını tərpətdiyini güclə seçdim. Xırıltılı səsi yenidən eşidildi.

– Əgər xəbər gəlsəydi, oğlun ölüb, bu məni bəlkə o qədər də yandırmazdı. Amma satılıb, düşmən tərəfə keçib, naxələf çıxıb… Buna dözmək çətindir. Ürək istər ki, bu dərdə tablasın. Üz istər ki, bundan sonra kirpik qaldırıb birinin gözünə dik baxsın…

Yenə susdu, fikirləşdi. Yenə sözünə davam elədi:

– Bu nə söz-söhbətdir, oğul, kaş qulaqlarım kar olaydı, bu xəbəri eşitməyəydim. Sən satılıbsan? Sən bizi düşmənə satıbsan? Sən bu namərdliyi eləmisən yəni? Axı sən mənim döşümdən süd əmmisən, bala? Ox, ay bala, bu nə müsibətdir bizim başımıza gətirdin? Bizim ocaqdan indiyəcən naxələf adam çıxmayıb… sən…

Qaranlıqda bağın içində ayaq səsləri eşidildi. Əvvəl kim olduğunu ayırd eləyə bilmədim. Yaxınlaşdı. Tanıdım. Gələn anam idi. O, səkinin qırağında ayaq saxladı.

– Qaranlıqda niyə oturubsunuz? Nənəm onu görən kimi ürəkləndi:

– İşığımız söndü, bala.

– Hə, oğlunun üzü ağ olsun, üzümüzü ağ elədi.

Anamın belə dediyini eşidən kimi nənəm dikəldi:

– Sən də inanırsan bu deyilənlərə?

– Niyə də inanmayım?

– Yox, Gülrux, yox, bala. Yox! O belə eləməz. Mənim oğlum belə eləməz. Sən inanma, kim inansa da sən inanma. Məlik yalan deyir. – Nənəmin bayaqkı sözləriylə indi dedikləri arasında heç bir əlaqə yox idi. Bayaq nə deyirdi, indi nə?

Lakin anamın cavabları sərt və öldürücü idi.

– Can şirindir deyirlər. Su meymunun boğazına çıxanda balalarını ayağının altına qoyur. – Bunu deyib o biri otağa keçdi. Bir az sonra məni çağırdı. Getdim.

– Yığış! Yığış sənə deyirəm!

– Niyə axı?

– Gedirik.

– Hara?

– Cəhənnəmə. – Ayağının yanında bir çamadan vardı.

«Demək gedir!»

– Səninlə deyiləm?

– Mən getmirəm.

– Necə?

– Deyirəm, mən getmirəm.

O, boz-boz danışdığımı görüb gözlərini qıydı, dişlərini xırçıldadaraq qəzəblə:

– Cəhənnəmə get, gora get, – dedi. – Dədəmin, nənəmin ayağının altına get!

Səs-küyə nənəm özünü yetirdi. Çamadanı görən kimi:

– Bıy, ağız, bu nədi, bu nə pəstahadı? – dedi. Anam bircə anlığa çaşdı, yerə baxdı, sonra:

– Gedirəm! – dedi.

Elə bil, bu bir söz nənəmin bütün taqətini əlindən aldı. Başı gicəlləndi, yıxılmamaq üçün divara söykəndi.

Anam örpəyinin ucunu didişdirə-didişdirə deyirdi:

– Mən getməliyəm. Mən burda qala bilmərəm. Sən elə bilmə ki, mən İslam düşmənə satıldığına görə gedirəm. Yox. O, sabah gələ də bilər. Ancaq gəlsə də mən burda qala bilmərəm. Mən… getməliyəm…

Niyə? Axı nə olmuşdu? Mən başa düşmürdüm. Anam bu sözlərini çox sakit, bir az da kədərlə dedi. Nənəm də soyuqqanlılıqla dinlədi. Ancaq arvad sanki hər şeyi birdən dərk elədi, divardan aralandı. Ley cücə üstə şığıyan kimi anamın üstünə cumdu. Vurmaq istədi, lakin qıymadı. Hiss elədim, onun ürəyi gəlmədi. Ancaq çox ağır sözlər dedi:

– Bihəya, ləçər?! Hələ bir danışır da?!

– De, nə deyirsən, de.

İki gün sonra məktəbimizdə Məliklə görüş vardı. Məktəbin bütün şagirdləri, müəllimləri bizim iri sinif otağımıza yığışmışdı. Bu qonaq üçün tribuna, stol, stul lazım deyildi. O öz alçaq kolyaskasının üstündə, üzünə qırmızı örtük çəkilmiş və təzə gül dəstəsi qoyulmuş mizin böyründə dayanmışdı.

Hamı sevinir, fərəhlənirdi. Ancaq tək mən… tək mən sıxılırdım. Əlimdə tutduğum karandaşı əsəbiliklə nə zaman sındırmışdımsa xəbərim olmamışdı.

Karandaşı niyə qırırsan, Aydın? – deyə Nərgiz qoluma toxunanda ayıldım.

Heç…

Mən kimsənin üzünə baxmırdım. Bu dəqiqə, nə danım ki, Məliki görməyə gözüm yoxdu. Həm də qorxurdum. «Yenə görəsən atamdan danışacaq? Heç olmasa burada danışmaya»… – deyə düşünür, düşündükcə də bədənim od tutub yanırdı.

Heç bilmədim yığıncağı kim açdı; söz Məlikə veriləndə hamı əl çaldı. Tək məndən başqa… Məlik qabaq cərgədə oturanlara göz gəzdirdi, (arxada oturanları görmürdü), boğazını arıtdı, sonra sözə başladı. Onun sözlərinə qulaq asırdım, səsini eşidirdim, bilirdim ki, müharibədən danışır. Amma heç bir şey dərk eləmirdim. Beynim uğuldayırdı. Birdən nədənsə mənə elə gəldi ki, indicə o yenə çığıracaq: «itil burdan, düşmən oğlu düşmən!»

Məlik xeyli söhbət elədi. Nəhayət, mənim qorxduğum şey baş verdi. O, sözü dağdan-dərədən dolandırıb axır ki, atamın üstünə gətirdi.

– Biz can qoyduq, özümüzü oda-suya vurduq. Bu müqəddəs sovet torpağını, əziz balalarım, sizi, ailələrimizi canımız, qanımız bahasına qoruduq. Öldük də, yaralandıq da, bədənimizin yarısını qoyduq da, ancaq bu çətin, şərəfli yoldan dönmədik.

– Öldü var, döndü yoxdur! – Bu müharibədə bizim şüarımız belə idi. Ancaq niyə gizlədək ki, bu ağır sınaq illərində aramızda elələri də oldu ki, tülkü kimi qorxaq çıxdılar. Öz canlarını vətənlərindən, ailələrindən, övladlarından, namuslarından çox istədilər, yüksək tutdular. Mənim əlimdə ixtiyar olsaydı, belələrini elə oradaca güllələrdim. Mən çox heyfsilənirəm ki, elə şərəfsizin biri də bizim bu qeyrətli Qüdrətlidən çıxıb… Dərzi İslamı deyirəm.

Aman allah, yer yarılsaydı, yerə girərdim, ya Məlik bu sözləri deyincə məni öldürsəydi, bundan min dəfə yaxşı idi, söz adamı güllədən bədtər öldürərmiş. İndi anladım. Bircə anın içində mən qüvvətli bir maqnit parçası kimi bütün otaqdakıların nəzərini özümə cəlb elədim. Müəllimlərim də mənə baxırdı, şagird dostlarım da…

Onların baxışları altında mən balacalaşdım, yumağa döndüm. Az qaldım partanın altına girəm. Kimsə ucadan dedi:

– Satqınlara ar olsun!! – Hamı (bəlkə də hamı yox) təkrar etdi: «Ar olsun!» Yox, deməyən oldu. Əli müəllim bu zaman üzünü yana çevirdi, dalğın halda pəncərədən bayıra baxmağa başladı. Bir də mənim yanımda oturan Nərgiz bu sözləri dilinə gətirmədi.

Lakin dözmədim, dayana bilmədim. Mənə zillənmiş baxışlar altında əzilə-əzilə, qılçalarım bir-birinə dolaşa-dolaşa, dəhşətə gəlmiş halda sinfi tərk elədim. Kimsə güldü, kimsə içini çəkdi. Dalımca fit çalan da oldu. Ancaq heç nəyə fikir vermədim. Gözüm ayağımın altını görmürdü. Mənə elə gəlirdi ki, üstündə yeridiyim torpaq da deyir: «Ar olsun, ar olsun!»

Nənəmin o gecə, qapı ağzında dediyi sözləri sanki indi-indi dərk eləyirdim: «Yox, bala, dava hələ qurtarmayıb, bizim davamız hələ qurtarmayıb…»

Gəlib çayın qırağında, əldən-ayaqdan kənar yerdə – çayırlıqdakı daşın üstündə oturdum… Sular bulanıq axırdı, suların rəngi qırmızıya çalırdı, elə bil yuxarılarda, Arazın mənbəyində suya çoxlu qar qatmışdılar.

Çay axır, mən kirpik çalmadan baxırdım. Gözüm qaraldımı? Mənə elə gəldi ki, çay dayanıb, mən özüm: üzüyuxarı axıram. Sürətlə, ildırım sürəti ilə…

Arxamda hənirti səsi eşitdim. Qanrılıb ürkək nəzərlərlə baxdım. Gələn Nərgiz idi. Yadımdan çıxarıb sinifdə qoyduğum papağımı, çantamı gətirmişdi. Ağ üzündə bir məhzunluq vardı. Nazik qaşlarını çatmışdı…

– Ciyəri yansın onun! – deyə o, Məlikin dalınca söyləndi, papağımı başıma qoydu, çantamı yanıma…

Nərgizlə birinci sinifdən, lap birinci gündən bir partada oturmuşdum. Düz altı ildi. Mürəkkəbqabımız bir, rəngli karandaş qutumuz bir olmuşdu. Çox zaman evdən gətirdiyimizi də bir yemişdik. Məsələ həll eləyəndə mən onun, inşa yazanda o mənim dəftərimə oğrun-oğrun baxmışdı… Bəzən qiymətlərimiz də eyni olmuşdu…

Deyib-gülən, zarafatcıl Nərgiz keçən il atasının ölüm xəbəri gələndən qaradinməz bir qıza dönmüşdü. Atasının xiffətini çəkirdi. Poçtalyon Məhərrəm kolxoz həyətinə gələndə, biz dəstə ilə məktub üçün onun yanına qaçanda Nərgiz də yüyürərdi, ancaq hamıdan axırda… Biz «məktub var?» deyə soruşanda, o heç nə deməz, sual dolu nəzərlərlə poçtalyona baxıb susar, kağız alan yoldaşımıza qoşulub sevinərdi. Məhərrəm də sanki utandığından onun üzünə baxa bilməzdi.

Anası Reyhan xala Nərgizi çox istərdi. Onları can deyib can eşidən görəndə istər-istəməz tutulurdum. «Bəs mənim anam…»

Nərgiz astaca qoluma toxundu:

– Dur gedək evə, Aydın – dedi.

– Dur gedək, burada niyə oturubsan?.. – Qolumdan yapışdı, mən könülsüz durdum… evə gəldik… Yol uzunu bir kəlmə də danışmadıq…

***

Dilimiz gödək oldu, başımız aşağı. Gələndən də soruşa bilmə-dik. Səsimizi ürəyimizə salıb susurduq. Elə bil bizim İslam adlı adamımız yoxdu. Onun ancaq kədəri, dərdi bizə qalmışdı. Adı bir lənət damğası olmuşdu, ağır, dözülməz bir çəkic olmuşdu. Tərpənirdik, dəyirdi başımıza. Onu uşaq da vururdu, böyük də…

Bir gün kənd soveti sədri İldırımın köməkçisi çopur Murtuz bizə gəlmişdi… Vəzifəsi onu-bunu idarəyə çağırmaqdan, cürbəcür kağız-kuğuz paylamaqdan ibarət olan bu adam ürəyində özünü kəndin rəhbərlərindən hesab eləyir, oturub-durub onların sözünü danışır və ancaq bununla qürrələnirdi.

Çopur Murtuz atamın şəklini divarda görən kimi kirpiksiz, xırda göy gözlərini arvadın üzünə ağartdı:

– Bu nədir, ay Gülzar? Hələ bu şəkil çox qalacaq burada? Yuxarılarda eşidib bilsələr ki, sən burada İslamın şəklini başının üstündən asıbsan, bizim də atamızı yandırarlar, sizin də…

– Ay bala, şəkildi…

– Yox, arvad, götürsən məsləhətdi… Böyük sözünə qulaq as, ziyan görməzsən…

Çopur Murtuz gedəndən sonra, nənəm tərəddüd içində, istəməyə-istəməyə atamın şəklini divardan çıxartdı. Göz yaşları içində boğula-boğula qara bir parçaya büküb özünün gəlinlik sandığında gizlətdi. Açar cingildəyib susdu, şəkil dustaq oldu…

***

Bəs anam necə oldu! Hara getdi? Məndən qabaqda iki arvad gedirdi. Biri Badam arvaddı, biri də Sümbüldü. Danışırdılar.

– Xəbərin var təzə xəbərdən, ay Sünbül?

– Nədən, ağız?

– Deyirlər, Gülrux İldırıma ərə gedib.

– Yox ağız, nə danışırsan?

– Hə, haçandı…

– Canın yansın, qız. Lap qudurmuşmuş ki, bu?

– Amma heyf İslamdan. Bu ciyəri yanmış heç o gədəyə layiq olmadı.

– Yoxsa elə gədə başıbatmış ondan geri qaldı? Su suyu tapar, su da çuxuru. Tapıblarmış bir-birlərini!

– Demək, deyirsən Gülrux İldırımın arvadıdı, hə? Bəs niyə İldırım onu öz evinə aparmır?

– Dəlidi, ağız? Evində arvadı, uşaqları. Ərəb Bikə onu evə qoyar heç? Saçlarını yolub yelə verər, vallah! Əvvəl kişi deyib səni alıram, evə aparacağam, otağın birində sən yaşarsan, ikisində də qara arvad. Sonra da deyib yox, bunu bacara bilmərəm. Aparıb Sənəm qarının daxmasında qoyub. İndi Gülrux orda yaşayır. İldırım da yadına düşəndə gedir baş çəkir, düşməyəndə yox! Srağagün Ərəb Bikə eşidib gedib oradaca Gülruxu saçlayıb yaxşıca əzişdirib. Gücnən əlindən alıblar. Hə, Bikəni nə bilmişən?

– Amma o gün Gülruxu gördüm. Quru nəfəsi qalıb. Yazığım gəldi.

Mən dayandım… Ayaqlarım elə bil yerə yapışdı.

***

Tezdən naxır örüşə, kolxozçular tarlaya gedəndən azca sonra Əli müəllim kəndin ortasında göründü. O heç kəsi çağırmadı, haraylamadı. Evlərdən bir-bir uşaqlar çıxır, gözlərini ovxalaya-ovxalaya onun yanına gedirdi, çox çəkmədi, iyirmiyəcən uşaq yığışdı. Nərgiz də buradaydı, Vaqif də, mən də…

Bu, artıq adət halına düşmüşdü. Hər il imtahanları verib yay tətilinə çıxanda kolxozçulara köməyə gedirdik. Ot qotmanlayırdıq, kərpic daşıyırdıq, alaq vururduq, sovka yığırdıq…

Bu gündən sovka yığmağa başlayırdıq. Boğazına kəndir bağlanmış, içinə yarıyacan su tökülmüş şüşələr götürmüşdük. Qızlar əllərində tutmuşdular, oğlanlar böyürdən kəmərlərinə bağlamışdılar.

Əli müəllim çəliyini qıçına söykəyib bir maxorka eşdi. Yandırıb acgözlüklə sümürdü, tüstüsünü havaya buraxıb dedi:

– Hə, daha bir adam qalmadı deyəsən?

– Hamı burdadı, – deyə Vaqif dilləndi.

– Onda, haydı, gedəyin. Özü də bilirsiniz kimin manqasının sahəsinə gedirik? Nərgiz dedi:

– Yox, müəllim…

– Ananın sahəsinə gedirik.

– Nə yaxşı oldu, müəllim. Anam axşam danışırdı ki, yamanca qurd əmələ gəlib. Deyirdi, əgər vaxtında öhdəsindən gəlməsək çox ziyan vuracaq. Yazıq arvad oturub-durub bunun fikrini çəkir. İndi bizim köməyə gəldiyimizi görəndə bilirsiz necə sevinəcək, müəllim?..

– Hm.. Gərək sən hamıdan çox işləyəsən də…

– Həlbət ki, müəllim…

Reyhan xalanın sahəsinə çatanda orda əməlli-başlı iş gedirdi… Kolxozçular cərgə-cərgə düzülmüşdülər. Dallarına ağusəpən aparat götürmüşdülər, sağ əlləri tez-tez qalxıb-enir, aparatın körüyü basılır, ağ, narın pambıq zəhəri tüstü kimi ətrafa yayılır, kolların üstünə qonurdu. Elə bil, cərgələrin üstünə qar səpələnirdi – ağarırdı.

Onlardan xeyli aralı, üstü pələməli bir universal nərildəyə-nərildəyə yaşıl cərgələr arasında o baş-bu başa şütüyürdü. Tanıdım, bu qonşumuz Əmrah kişinin traktoru idi. O, ilin on iki ayını traktordan düşməzdi: şum vaxtı «ÇTZ», kultivasiya vaxtı «Universal» sürərdi. Qarda, çovğunda öküz, at, kəl arabaları işləməyə çətinlik çəkəndə o iri lafeti traktorunun dalına qoşar, işlərdi… Əmrah kişi traktorun üstə həmişə fit çalardı…

Tarlanın qırağında bizi Reyhan xala qarşıladı. Arvad doğrudan da bizi görəndə xeyli sevindi. Nərgiz anasının qabağına qaçıb dedi:

– Ana, sənə köməyə gəlmişik.

– Xoş gəlibsiniz, bala. Hamınız xoş gəlibsiniz. Əliniz-qolunuz var olsun… Əli müəllim irəli yeridi:

– Hə, Reyhan bacı, partizanları gətirmişəm hüzuruna.

– Sənin partizanlarına bu canım qurban, ay Əli müəllim.

O, mehriban nəzərlərlə bizi süzdü, gülümsündü…

– Hə, vaxt keçir. Reyhan bacı, hardan məsləhət görürsən ordan başlayaq.

– Elə bu cınaqdan düşüb, yanaşı işləyin. Ancaq başınıza dönüm, amandı, kolları əzib-sındırmayın, heyfdi.

– Yox, ay ana, birinci dəfə deyil ki, bu işdə işləyirik…

Cərgələrə düzüldük…

Gecə bərk şeh düşübmüş… Yaşıl yarpaqların üstü, ağlı-qırmızılı pambıq güllərinin içi dumduru şeh damcıları ilə dolmuşdu. Elə bil yağış yağmışdı, yaxud uzun bir boyunbağının sapı qırılıb mirvariləri çöllərə – bu pambıq kollarının üstünə səpələnmişdi. Kola toxunurdun, yerə su tökülürdü… Onca dəqiqə sonra artıq üst-başımız islanmışdı… Nərgiz məndən iki cərgə o yanda idi. Açıqlığa çıxanda onun da tumanının ətəyinin islanıb qılçalarına yapışdığını gördüm. Çox keçmədi ki, gün şaxıdı, hava qızdı, kollar da, üstümüz də qurudu…

Ağır-ağır irəliləyirdim. Kolun, demək olar, hər gülünün içinə, qozaların qıraqlarına diqqətlə baxırdım. Bir koldan bəzən dörd, beş qurd, on-on beş xırdaca kəpənək yumurtası tapırdım. Şüşəm yarıya qədər dolmuşdu. Öz cərgələrimdə bircə dənə də qurd qoyub keçməyə ürəyim gəlmirdi. Qalsa çoxalacaq. Qalsa nə qədər ziyan vuracaq!!! Yox, bircəciyini də gözdən qaçırmaq olmaz. Olmaz!!!

Mənim sol cınağımdakı cərgəylə irəliləyən Vaqif bizim həmişə zarafatla oxuduğumuz məzəli mahnını zümzüməyə başladı;

– İsti düşdü, ay balam, Başım şişdi, ay balam.

Bu, istirahətə çıxmaq üçün işarə idi. Ancaq Vaqif vaxtından qabaq başlamışdı. Odur ki, Nərgiz onun sözünü kəsdi:

– Hələ tezdi, Vaqif. Camaat gör nə şirin işləyir? Sən də başlamısan ki…

– Mən elə belə… – deyə Vaqif mızıldandı və mahnını yarımçıq qoydu.

Vaqifin səsini eşitdim, atası Məlik gəlib yadıma düşdü. Ürəyimə hardansa qəribə bir qorxu axıb doldu. Mənə elə gəldi ki, indicə Məlik öz kolyaskasının üstündə peyda olacaq, mənim cərgəmin ayağında dayanacaq və uzun dimdikli kepkasını yuxarı qaldırıb ucadan çığıracaq:

– Ay camaat, gəlin bura, bura gəlin, bu dərzi İslamın oğlu Aydının cərgələrinə baxın. Görün nə qədər qurd tapacaqsınız.

Əgər bir qurd tapsa deyəcək:

– Gördünüz? Daha buna sözünüz yoxdu ki? – Sonra qəzəblə üstümə bağıracaq: – Düşmən oğlu düşmən! Özün qəsdən təmiz yığmırsan, qəsdən. Atan kimi…

Bu fikrin təsiri ilə üşürkənib qeyri-iradi olaraq dönüb geri, cərgələrin ayağına fikir verdim. Yox, Məlik yoxdu, ancaq Əli müəllim mənə sarı gəlirdi… Ürəyim sakit oldu…

O, çatıb soruşdu:

– Hə, bir şey tapılır, Aydın?

Mən qayışıma bağladığım şüşəni yuxarı qaldırıb silkələdim.

– Oho, az qalıb şüşə dolsun ki… – O, şüşəyə gözucu baxıb nəzərlərini üzümdə saxladı.

– Aydın – deyə qəribə bir tərzdə adımı çəkdi. – Gözümə bikef dəyirsən? Nə olub?!!

– Heç, müəllim! – dedim. Səsim özümdən asılı olmayaraq titrədi. Dilim: «heç, müəllim!» dedi: Səsim: «Daha nə olacaq, müəllim ?» deyə yalanımı çıxartdı.

Bir neçə an araya sükut çökdü.

Əli müəllim yenə bir maxorka eşdi. Yandırıb damağına qoydu. Mehriban, nəvazişkar səslə:

– Mən səni başa düşürəm, Aydın. Bilirəm, sən xiffət eləyirsən, fikir çəkirsən. Ancaq, yox, nahaq yerə. Sən dözümlü olmalısan, Aydın. Sən oturub ah-uf eləməməlisən. Axı sən, maşallah, yekə kişisən… Sən gərək nənənə təsəlli verəsən, evdə-eşikdə ondan muğayat olasan. Sən belə fikirli gəzib-dolansan nənənə də pis təsir elər… O da darıxar… – dedi.

The free sample has ended.

Age restriction:
16+
Release date on Litres:
29 October 2022
Volume:
171 p. 2 illustrations
ISBN:
978-9952-8451-9-4
Copyright Holder::
JekaPrint
Download format:

Similar books