Read the book: «Əzilsəm də susmaram!»
CÜMHURİYYƏT DÖVRÜ VƏ ONUN POEZİYADA YADDAŞI – ƏHMƏD CAVAD
“İntibah” – deyəndə ilkin xatırlanan Nizami olur. “Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.
Üçrəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur.
Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzade 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında (1906-1912) davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Sur kimi görkəmli ziyalıların tələbəsi olmuşdur. Poeziya ilə də ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və təqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir.
Birinci dünya müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl (1913-cü ildən başlayaraq) və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun Xulux və Laqer kənd məktəblərində, həmçinin, Bakıda müəllimliklə məşğul olmuş, Ali Pedaqoji institutu bitirmiş (1926), ilk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir maarifçi-pedaqoq kimi yaxından iştirak etmişdir.
1922-ci ildə Bakıda (fəhlə fakültəsində), 1924-cü ildə isə Nərimanov adına texnikumda dərs demişdir. Ədəbiyyat cəmiyyətinini katibi (1924-1926), “İnqilab və mədəniyyət” dərgisinin məsul kitibi (1925), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin instutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində işləmişdir.
1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayına nümayəndə seçilən Ə. Cavad 1935-ci ildən ömrünün sonuna kimi Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.
Əhməd Cavad “Qoşma” (1916), “Dalğa” (1919), “Sinfi mübarizə” (1921), “Şeirlər” (1958), “Çırpınırdı Qara dəniz” (Ankara, 1991), “Seçilmiş əsərlər” (1992) kitablarının, külli miqdarda publisist məqalənin, onlarca nəsr əsərinin müəllifidir. Onun poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir.
Şairin bədii-siyasi ideya dünyası da təbiət və sevgi lirikası qədər çeşidli və zəngindir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şerini (1913) qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olub. Türklərlə birgə Balkan hərbində iştirak edib. Birinci dünya müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Şəhid məzarını və obrazını qələmə alıb; didərginlə, qaçqınla, girov düşənlə təmasda olmaq hələ 90-cı illərdən çox-çox əvvəl ilk dəfə onun taleyinə qismət düşüb.
Türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan biri olub. Elə bütün bunlara görə də onu hamıdan çox təqib ediblər, “xalq düşməni”, “müsavat şairi” anlamına və obrazına tuşlanan bütün zərbələr ona dəyib. Üç dəfə həbs olunub, həyat yoldaşını sürgünə, üç oğlunu koloniyaya göndəriblər.
Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub.
Əhməd Cavadın sovet dövrü poeziyası da fəal ideya məzmunu, inqilabi romantikası, lirizmi, obrazlılığı ilə seçilir. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi daxil olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Novikov-Priboyun “Sualtı səfər”, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Mənim darülfünunlarım”, “Çocuqluq”, V.P.Kinin “O tayda”, T.Şevçenkonun “Kobraz”, F.Rablenin “Qarqantua və Pantaqruel”, B.Ronin “Od uğrunda mübarizə” əsərlərinin bədii tərcüməsinin müəllifidir. 1930-cu ildə gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan azərbaycancaya çevirmiş və həmin tərcümə kitab halında Bakıda 1978-ci ildə nəşr edilmişdir.
Şəxsiyyətə sitayiş dövrünün zorakılığına məruz qalan Əhməd Cavadın həyatı 1937-ci ilin 9 oktyabrında – şair 45 yaşında ikən faciəli şəkildə qırılmışdır.
***
Milli suveren, müstəqil Azərbaycan dövlətdən, cəmiyyətdən əvvəl ideologiyada mövcud olmuşdur. Məhəmməd Əmin Rəsulzadəni, Yusif bəy Nəsibbəyovu, Fətəli Xan-Xoyskini bədii fikir ictimai təfəkkürdən daha əvvəl yaratmışdır. Onlardan biri, bəlkə də birincisi – Əhməd Cavaddır. “Poeziyanın Rəsulzadəsi” – mənə elə gəlir ki, Əhməd Cavada verilən ən dəqiq qiymətlərdən birisi belədir.
“İntibah” – deyəndə ilkin xatırlanan Nizami olur. “Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.
Üçrəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur.
Səma qövsi-güzehi, bədii spektr burada da üç boyadan ibarətdir: Göy-gölün mavisi, dan yerinin qızartısı və dini-mənəvi-milli ekologiyanın yaşılı! Bu üç rəng həyatda olduğu kimi, poeziyada da eyni məqsədlərə xidmət etmişdir.
Adətən, deyirlər: Ay da, ulduz da, mavi də, qırmızı da və yaşıl da səmadan, ucadan, zirvədən enib gəlib bayrağımıza. Doğrudur, səmadan, amma poeziyanın səmasından! Bu səmanı bədii, poetik kətanda yaradanlardan biri Əhməd Cavad və onun fırçası olub. Təsəvvür edin: gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb.
Azərbaycanda milli parlamentin də, milli poeziyanın da o illər müştərək simvolikası olub. O qədər müştərək ki, bəzən hətta qarışdırıblar: “Hilal” deyəndə Cavad nəyi nəzərdə tutub – üfüqdəki ayı, ya üçrəngli bayraqdakı emblemi? Yaxud şair “Bir ulduz parladı uzaq üfüqdə” – deyəndə söhbət hansı ulduzdan gedir: sökülən dan yerindən, sübh ulduzundan, yoxsa istiqbal və cümhuriyyət ünvanlı ulduzdan? O dövrdəki milli-rəsmi simvolikanın ayrılıqda hər rəmzini Əhməd Cavadın şeirlərindən tapmaq və toplamaq olar.
O zaman parlamanda yeganə müştərək bir kürsü də olub: öndər Rəsulzadə ilə, nazir Yusifbəylə birlikdə o kürsüdə bir də şair Əhməd Cavadzadə oturub.
“Cümhuriyyət şairi” kimi Ə, Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı və Vətən şərəfini tərənnüm edir. 1912-ci ildə azəri türkləri arasından toplanan “Qafqaz könüllüləri” tərkibində İstanbulun azad olunmasında iştirak etməsi ona səbəb olur ki, türk azadlığı miqyasında istiqlal mövzusu onun poeziyasında yeni vüsətli leytmotivə çevrilir. Həmçinin Batum, Qars, Ərdahan, Trabzon, Ərzurum, Anadolu, Bursa şəhərlərində olması (1914-1918) türklük ideologiyasının bu poeziyada daha da güclənməsinə səbəb olur:
Şerin sınıq bir türk sazı ağladaraq tellərini,
Addım-addım gəzmək istər gönlüm Turan ellərini.
“Dilimiz”, “Şəhid əsir”, “Oyan”, “Hərbzədələrə” kimi şeirlərində də eyni leytmotiv davam etsə də, Ə.Cavadın sonralar bütün Türkiyədə az qala milli himn qədər kütləvi şəkildə oxunan və sevilən əsəri “Çırpınırdı Qara dəniz” olur:
Çırpınırdı Qara dəniz
Baxıb türkün bayrağına.
Ah, diyərdik, heç ölməzdim
Düşə bilsəm ayağına!..
İncilər tək gəl yoluna,
Sırmalar düz sağ, soluna,
Fırtınalar dursun yana,
Salam türkün bayrağına.
Göy gölə, milli bayrağa, Qara dənizə və Dəli Kürə ən yaxşı şeirləri o illərdə Əhməd Cavad dəniz yazıb. “Azərbaycan” sözü ilk dəfə bu rübabda poetik mübtədaya, xəbərə dönüb, Əhməd Cavadın yazdığı nəğmədə təkrir və nəqərat olub.
Şairin təbiət və məhəbbət lirikasında “Göy göl”ü xüsüsi fərqləndirmək olar. Cəsarətlə demək olar ki, poeziyanın qədəhini Göy göldən doldurub içən ilk təbiət aşiqi və nəğməkarı Əhməd Cavaddır, sonralar da Göy gölün şeir payına şərik çıxanlar az olmayıblar. Və istisnasız, sonrakı bütün şairlər – hamısı, həmişə Göy-göl nemətini ilk dəfə məhz Əhməd Cavadın qaldırdığı o badədən, qədəhdən süzüb nuş ediblər. Birinci “Göy göl”ün kamillikdə, bədiilikdə də birinciliyini sonrakı bütün Göy göl vurğunları – Səməd Vurğun da etiraf edib.
Ümumiyyətlə, Əhməd Cavadda romantika və simvol, metafora və obrazlılıq çox qüvvətlidir. Yalnız iki roman, iki metaformanı fərqləndirmək kifayətdir: Qara dənizi və Dəli Kürü!
Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına! – bütünlükdə Əhməd Cavad şerinin simvolu burada Qara dəniz özüdür.
Nəsrin “Dəli Kür”ünü Azərbaycanda İsmayıl Şıxlı yaradıb. Şerin “Dəli Kür”ü Əhməd Cavadın həm özü, həm də poeziyası idi. Coğrafi baxımdan Araz nisbətən dar, məhdud sahilləri də əhatə edir. Əhməd Cavad poeziyası isə bütövlükdə Kürün əhatə etdiyi üfüqlərdən keçir və sahillərdən axır.
Cavadı Kürlə çox şey birləşdirir. Hətta şairin tərcümeyi-halını Kürün özünün yaxın bir əsrdə məruz qaldığı tale və ömür salnaməsində izləmək olar: ilk mərhələdə hələ Kürə qədərki dövr – “Göy göl” mərhələsi idi. Bu dövrdə şair Qafqaza Kəpəzdən boylanır, özünə və ölkəsinə ucadan və zirvədən, məğrur və nikbin nəzər salırdı:
Mən çeynənən bir ölkənin
haqq bağıran səsiyəm!
İkinci mərhələdə “Dəli Kür” sanki əbədi axdığı və axtardığı ünvanı artıq tapmışdır:
Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam.
Yaxud:
Sən ey coşan dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gəlir, bismillah.
Bu – cümhuriyyət epoxası, Azərbaycanda demokratik respublika dövrü idi. Dövlət himninin mətni, həmçinin, “Can Azərbaycan”, “Al bayraq”, “Azərbaycan bayrağına”, “Qardaş”, “Mən bulmuşam” – həmin dövrün bədii sənədləridir:
Torpağına can demişəm,
Suyuna mərcan demişəm.
Canımı qurban demişəm.
Gəlib qızıl vaxtın sənin,
Açılıbdır baxtın sənin!
Gəncəm tacım, taxtım sənin,
Canım-gözüm, gözüm-canım
Azərbaycanım,
Can-can,
Can, Azərbaycan!
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Əhməd Cavad şerinin də ahəngi, ovqatı dəyişir, könlündəki rübabın da qürubu başlayır (“Nə yazım?”, “Unudulmuş sevda”, “Olsun qoy”, “Aya” və s.).
Əhməd Cavad fitri-təbii şair idi. Onun sənətkar fəhmini aldatmaq qeyri-mümkün idi. Odur ki, üçüncü mərhələdə şair öz məşhur xitabını:
Əyil Kürüm, əyil keç,
Dövran sənin deyil, keç!
– sözlərini həm Kürə, həm də özünə eyni vaxtda aid edib deyirdi. Dahi və dövran, Zaman və şair nisbəti burada “Kür” və “Mən” şəklində əyaniləşirdi. Dərdini, nisgilini şair açıqda bədii tülə bürüyür, gizlində isə ağlayaraq deyirdi:
Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum
Gizlicə ağlamaqdan.
Ən son ana qədər Əhməd Cavad elmin “dünyaya dediyi ən böyük yalana” uymur, mənəvi genosidə, ideya, vicdan terroruna duruş gətirir, haqqın sözünü, həqiqət silləsini tiranın və nadanın düz gözünün içinə çırpır:
Çoxdan dəyişdirib şəkki yəqinə,
Mən üsyan etmişəm məzhəbə, dinə,
Bilməm sənin böylə“Haqq” dediyin nə,
Hökm etmə fikrimə, vicdanıma, sus!
Adətən, deyirlər: “şair kimi doğulmurlar, şair kimi ölürlər”.
Əhməd Cavad xoşbəxt istisnalardandır – o, şair kimi doğulmuş, şair kimi yaşamış və şair kimi ölmüşdür. Puşkinə gülləni Dantes, Musa Cəlilə – faşizm, Əhməd Cavada – KQB, qırmızı taun “bolşevizm” atmışdır.
Bayılda, Nargində, “sosialist” məhbəs kamerasında ölənlərdən heç qəbir də yadigar qalmır. Xəzər özü bu zaman məzara, şəhidlər xiyabanı baş daşına çevrilir. Dağüstü meşəliyin şəhid xiyabanına çevrildiyi gündən Əhməd Cavadın da məzarı tapılıb. Torpağa və poeziyaya o, həm şair, həm də şəhid kimi xidmət edirdi, bu məzarlıqda mənəvi sakin olmağa bəşəri və ilahi haqqı çoxdan qazanmışdı.
Başqa bir qanadlı ifadə də var: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Məhz bu bayraqda Əhməd Cavadın da adı və imzası həkk olunub.
Yaşar Qarayev
*MƏDRƏSƏ ŞEİRLƏRİ*
GƏLDİM GƏNCƏYƏ
1906-cı ildə
Gəldim Gəncəyə AT ilində.
Qalxdım Dilbozun tərkinə mən,
Keçdim düzlərdən, boz çöllərdən;
Qotazlı atı sürdüm də, gəldim,
Gəncəyə könül verdim də, gəldim!
Oxumaqdı ancaq diləyim,
Şəmkirdə qalmışdı ürəyim.
Anam da mənlə köçdü gəldi,
Nə mən yatdım, nə o dincəldi.
Zərrabıda qaldıq ilk gündən,
Sahibi getmişdi öyündən.
Sanki düşmüşdük evimizə,
Dəyib dolaşan yoxdu bizə.
Anam işləyər, mən oxuyardım,
O, xalı, mən şeir toxuyardım.
Günümüz keçərdi ağlı, qaralı,
O, ərindən, mən atamdan yaralı.
Yadımdan heç çıxmaz, o gəldiyim gün,
Başlandı tarixi mənim ömrümün!..
Gəncə, 1908, 9 sentyabr
RÜBAİLƏR
Bükdü belimi firqətin, ey mahi cəhantab1,
Sən alıyor zinəti bil külli səmavat.
Etdim sana bən anə qədər hörməti mehrab,
Hər kəs eylər xaliqinə həsr ibadat!
Xəllaqi-cahan xəlq eyləyib bir güli-mümtaz2,
Bir cümlə ənadil3, o gülə xud4 nəzər əndaz5.
Etdi bəni suzan6, gözəlim, təneyi-əğyar,
Bax tənələrə, eylə bəni bircə sərəfraz!7
Şəhla gözünü etsəm əgər bir də ziyarət,
Qurban edərəm kəndimi8, dərbari9 – kərəmdə10.
Bu zəkavət, bu sədaqət, bu həlavət11 uğrunda,
Qurbanə nasıl12 layiqəm, ey mənbəi-rəhmət!13
Hər kipriyin bin14 ox kimi canan batırsan sinəmə,
Qaşlar da üdvan seyfi15 tək zərbət urar qan sinəmə!
Etdin bəni sən zərbi-şəst16, ey mənşəyi zülmü cəfa,
Fəth eylədin, qıldın hünər, oldun da sultan sinəmə!
Bitab edüb dilbər bəni əğyarə meyl etmək nədən?
Göz yaşımı ənhar17 tək etmək nümayan18 didədən?
Əşki19 bəşər20 tökmək nasıl yar, olmasın adət bana?
Gördüm fəraqın çox çətin, ey mahru, ey gül bədən?
Aman, ey bivəfa, zülmün bəni bizar edüb candan!..
Ümidim gəlməz idi böylə zülmə dəsti-xubandan.
Yəqin bilsəydim əvvəldən cəfadan əl götürməzsən,
Tapınmazdım sana əvvəlləri, ey büti-dil, təndən!
Ey xaliqi rəhmən, yenə rəhmin nə qədərdir?
Hər qədər edəm şükr, yəqinim ki, hədərdir!
Əhvalıma, əfkarıma21 sənsən xəbərin varmı?
Vardır xəbərim kim desə gər əhli-məfərdir!
Xudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmaz!
Gözüm görməzsə, rəsmi zehnimi eylər şən, ayrılmaz!
Dila22 rəsm ilə əsrin fərqi çoxdur labudəm, lakin,
Onun rəsmin görüb ruhum neyçün bu təndən ayrılmaz!
Nəqşi aləmidir keçmişəm dilü candan,
Yəqin olur ki, Bana bən bu yolda qətl oluram!
Bu yolda qətl olunur isə, özümdə məsudam!
Üzmərəm rahi-vəfdə əlimi canandan!
(Üzə bilməm əlimi əhli-vəfa canandan!)
Cana cavan ömrüm bənim rahində pir olmuş bu gün!
Artıq olan cövrü cəfa dərdikəsir olmuş bu gün
Səbr eyləməz Əyyub ola olsun qəsəm, ey bivəfa,
Tökdürdüyün göz yaşimə həm napəzir olmuş bu gün!
Könlüm yenə bir kasə qızıl qanə dönübdür,
Qan olsa böylə zülmlə hər yanə dönübdür!
Ey baisi-iftixari-canım, ey vəfasız,
Sən görmə rəva qanım axa, yar ola bənsiz!
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlim!
Pişi-çeşmi23 rüqabə yari dər24 aquş edəlim!
Badə içmək bana əlzəm25, sana qurban, ey Məhrəm,
Söhbəti-yar ilə əğyarı fəramuş26 edəlim!
Xəndeyi xunriziniz27 amadədir can almağa!
Kim əsirgər canını ləli-dirəxşan28 almağa!?
Vəqti-rehlət29, sevgilim, Əzrailə yox ehtiyac,
Ruhi-canım müntəzir ol şahi-xuban30 almağa!
Cəfayi yarə səbr etmək tükənməz bir səadətdir!
Olursa əksinə, ey mah, tələt31 bil ədavətdir!
Qüsur etmə cəfavü nazdan hər vəqtə qadirsən,
Təhəmmül32 eyləyərik əskidən bir adətdir!
Varınsa gər ədavət zahirən təcili qətlim qıl!
Sənin məqtulun33 olsa aşiqin müsbəti şəhadətdir!
Müləvvən çeşmlə etdin münəvvər xaneyi-könlüm,
Olub nail səfa bulmaq müzzəm bir ziyarətdir!
Dela əğyarə meyl ilə bəni məhrumi-can etdin!
Nasıl məhrumi-can bəlkə ziyadə hifz-can etdin?
Təşəkkür eylərəm bax, bəni xoşbəxt qıldın sən,
Bu xoşbəxt eyləməklə çün səvabi-bikəran34 etdin!
Aləm ağlar halimə, gəl sən də giryan olma heç!
Zülm qıl, eylə cəfa kim tabeyi – Quran olma heç!
Yarımı əhvalimə xəndanü dilşad eyləyən,
Ey rəqibi-ru siyəh ömründə xəndan olma heç!
Vəqti-nüsrətdir35 əya xaliqə-səttar36 oluram!
Əfv qıl cümlə qüsuratımı qəffar oluram!
Sahibi-hörmətü mənsəb qulunu qoy bana, yar,
Yəni ol şiri-xuda qatili-küffar37 oluram!
Bu qədər naleyi-cansuz38 edərəm rəhm eylə!
Qorx ki, Ahim tutacaq vəhm39 qılub rəhm eylə!
Bəni nalan edərək guşənişin olmaqdan,
Bir nəticə çıkamaz ərz edərəm rəhm eylə!
Sanma bihudə40 bənim, ey bivəfa, əqvalimi41!
Bax, şu qula bilmək istərsən əgər əhvalimi!
Bir günə saldın bəni bilməm sənin fikrin nədir?
Acizəm bu gündə kim tedad42 edəm əfalimi43!
Sən əgər ətfi44 nəzər etsən pərişan halimi,
Bil qəbul etmiş xuda ölgün bənim emalimi45!
Kim səni bu halə saldı sorsalar gər dostlar,
Söylərəm ol mahru ağlar qoyan əmsalimi46!
Biçarə dilcugöz47 yenə hüznlə məyal olur,
Qəm ləşkəri48 hücum ilə verməz məcal olur.
Bin dürlü qəm cünüdi49 edər xatirə xütur50,
Əmsalsız bahadürə müşkül bu hal olur!
UŞAQLIĞIM
Altı ya beş yaşında təxminən,
Tifli-məsumi, dilxərabi-həzin;
Gəziyor küçə içrə sərgərdan,
Bəni etməzmi dilkəbab qəmin?
Rişəsini tişeyi51 fələk kəsmiş,
Guya ki, bir nihali52 məzlumdur.
Acizəm vəsfinə qərib baxışın,
Arifanə, bu hal məlumdur!
Gediyor peşiman-peşiman.
Gəzir ətrafı çeşmi-xunbarı53.
Görüyor nazü neməti əlvan,
Lərzə içrə o çeşmi-gülnarı54
Onsız demək bu tifli-zəif,
Arayurmuş həqiqi valideyni;
Baxtı yar oldu, bəxtiyar oldu,
Pək55 sevər də şəfiqi-valideyni!
1909
LİRİK PARÇALAR
I
Nə gözəl giryədir, bu giryə56 xuda?!
Nə qədər dilfirib57 por sevda!
Giryeyi-qəmmi? Ya ki həsrətmi?
Hasili-hüzn, ya məsərətmi58?
Giryə həm xəndəyə edər mail,
Seyr edən kimsəyi qılar sail.
Bilməzəm ağlayummı bu halə?
Güləyim qoysə kətmi59 əhvalə?
İki sevdazadə bulub vəslət,
Hicr əlindən tutubdilər fürsət!
Ağlamaq hicrdən şikayətdir,
Xəndələr60 firqətə61 nəhayətdir!
1909, noyabr
II
Ya rəbb, nə lətif cismi-canan?!
Pur nuri-ziya camalı hər an!
Rəftarı sütudə62, yari-məsud.
Güftarı həzin, üyuni63 – xəndan!
Zülfi siyəhi kəmalə varmış,
Bir mah camal, şahi-xuban!
Növrəstə büti, pür işvə tənnaz64,
Oldu bana cilvəgər xuraman!
Ey yari-əzizi gülüzarım,
Seyr eylə bu halı şanlı sultan!
Bilməm bumu rəsmi dilbəranə?
Rəhm eyləmiyorlar aşiqanə!
III
Hər qonçəyi görməyə çoxdan həvəsim var,
Lakin sana məclub65 olub, ey şuxi-dilara, -
Bilmərrə həyatım uğrunda durub inlər!
Yalnız səni, sən qonçeyi-yekdaneyi bəklər!
Bilməm nə qədər tatlı66 keçənlərdəki didar67?!
Ruhim dəgil ehyamə68, səbəb şəkk edəməm bən!
Yalnız düşünürəm səni həp zindeyi-əsrim!
Sevdanə giriftar oləli başqa həyətə,
Malikini, təbdilə bin dürlü sifatə!
Eşqindir, əvət! Danmiyoram, danmayasan sən!!!
1909, dekabr
IV
Təvcihi-nigah etdikcə canım yaxıyor yar!
Yəni nəzər etdikcə, seyran bakıyor yar!
QƏZƏLLƏR
Mərhəmət etsən əgər varmı qüsuri bir gör,
Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!
Baisi-mövtüm olub, batma vəfasız qanə,
Bəsdir hicran yarası, bən ölürəm, rəhm eylə!
Çox cəfa eyləyərək tərki-cahan qılırdın,
Sonrakı aşiqinə, bən gedirəm, rəhm eylə!
Ey xudavəndi-kərəm, əhvalimə eylə güzər.
Taşa69 təsir eyləyən ahim sana etməz əsər!
Səngdil70 olmaq sana bilməm neyçün vacib kibi,
Sən hərami vacib etdin, çox dilə verdin kədər!
Sən bəni xar eylədin, Allah səni xar etməsün,
Hansı məzhəbdə rəvadır, böylə zülm, ey bixəbər!
Sən bəni nalan edərsən halimə xəndan olub,
Xəndeyi-rəhmət bana bəsdir təcəssüddən səmər.
Öz camalından əgər kəndin xəbərdar olmasan,
Bax də bir ayinəyi xofi-xudadan qıl həzər!
Ararkən yarə uğraşdı, dilim məhsuldar olmuş,
Nə məsudəm, xudavənda, müqabil gülüzar olmuş!
Gecə-gündüz şikayətlər umə ruyin fəraqindən,
Zəbanım lal olub hala: Müsadifi71-hüsni-yar olmuş.
Gəzim əma idi əşki təhəssür tökməkdən naşi72,
Münəvvər qıldı yarım lütflə ol bəxtiyar olmuş!
Nə gördim bir büti-zibayi-məh surət, hilal əbru,
Bənim nəqşim qədər, hüsni məzid73 girdigar74 olmuş!
Bükülmüş qamətim gördükdə ol sərvi-səmənsayı,
Düzəldi qəddi-məyubim75, hər qusum feyzbar76 olmuş!
1909, 3 noyabr
YAZIM, GƏL, BAHARIM, GƏL
Ürəyim döyünüb uçar quş kimi,
Düşər torpaqlara vurulmuş kimi!
Sellər, sular coşar qudurmuş kimi!
Vuruşar, döyüşər yorulmuş kimi,
Çəkilər yatağa durulmuş kimi!
Yazım, gəl, baharım, gəl!
Şəmsim, gəl, Nigarım, gəl!
Əsmər üzlü yarım, gəl, -
Gəl, yoxdur qərarım, gəl!
Əzəldən salmışam meylimi, meylimi sana!
Veribdir hüsnünü Leylimi, Leylimi sana?
Dönsəm, üzüm dönsün, dönmərəm səndən,
Sən dönsən mən neylim, mən neylim sana?!
Neylim gəl, ay neylim, gəl!
Sana düşüb meylim, gəl!
Məcnun qaçıb çöllərə, -
Leylim, gəl, ay Leylim, gəl!
Bu bağdan, bu dağdan keçmərəm sənsiz,
Bu sulu bulaqdan içmərəm sənsiz!
Ömür dedikləri bir göy zəmidir.
Bir dərz, oraq alıb biçmərəm sənsiz!
Mudum, mudum, ay mudum,
Sənsən mənim umudum!
Sən bəni unudubsan,
Mən səni necə unudum?!
YUXUMA GƏLMİŞDİN…
…Yuxuma gəlmişdin sən həzin-həzin,
İşvəli, qəmzəli, nazlı nazənin.
Sən coşqun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!
…Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!
Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!
Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodağın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!
Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbül?
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!
SEVGİ CANDAN AYRILMAZ
Sevən könlüm sevdi səni,
Sevgi candan ayrılmaz!
Rahibim ol, yolum göstər,
Din imandan ayrılmaz!
Pəncərəyə nə qonmusan?
Yoxsa bəni sən anmısan?
Yüzsən, minsən, milyonmusan?
Ruh gümandan ayrılmaz!
Gündüzüm tar77, gecəmsə yox,
Sevincim az, kədərim çox!
Dilim qabar, sözüm “ah”, “ox”,
Ah amandan ayrılmaz!
Məcnun çöldə, mən meşədə,
Canım div tək bir şüşədə.
Gözüm qalıb bənövşədə,
Quş ormandan ayrılmaz!
Kol dibində bitərəm mən.
Bülbül olub ötərəm mən!
Dağa qalxsam, itərəm mən,
Dağ dumandan ayrılmaz!
Dövran atar şeş-beşini,
Yelə verər peşkəşini!
İndisini, keçmişini,
Söz zamandan ayrılmaz!
Kimi ağlar, kimi gülər,
Göz yaşımı kimlər silər?
Balıq bilməz, xaliq bilər,
Gün cahandan ayrılmaz!78
OLMAZ
Yəhya bəy Dilqəmə oxşatma
Dəymə, dəymə, könlüm sana aşiqdir,
Aşiqin qəlbini sındırmaq olmaz!
Mənim sözüm bir ilahi eşqidir,
Kərəmi bu qədər yandırmaq olmaz!
Göydə şimşək kimi çaxdım, ölmədim,
Özümü yandırıb-yaxdım, ölmədim!
Yoluna, izinə baxdım, ölmədim,
Məcnunu bir belə sındırmaq olmaz!
Yalvarram, yaxarram yola gəlməzsən,
Axan göz yaşımı durub silməzsən!
Nə söz anlamazsan, nə dil bilməzsən,
Doğrudan uşağı qandırmaq olmaz!
Rüsvayi-cahanam Sənandan betər,
Sən tərsa deyilsən, bu zülmün yetər!
Sinəmdə bir bülbül göynəyib ötər,
Nə fayda, sözümü andırmaq olmaz!
Qəm çəkər, qəm yeyər Cavad nə vaxtdan,
Kəm oldum taledən, kəm düşdüm baxtdan!
Qarşında qul ollam, düşməzsən taxtdan,
Bu qanlı sevdanı dandırmaq olmaz!
SƏHƏR-SƏHƏR
Şəmkirli Hüseynə bənzətmə
Yarın bağçasında güllər açılıb,
Bülbüllər ötüşür, gəl səhər-səhər!
Çarhovuz başında bir telli sənəm
Baxıb güzgülənir, bil səhər-səhər!
Güllərin üstündə parlayan şehdi,
Qəlbimdən keçənlər nə sərin mehdi!
Gözümə görükən qövsü-qüzehdi,
Hicran qubarını sil səhər-səhər!
Çətirli ağaclar sanki ormandı,
Həyat göz qırpımı, ömür bir andı!
Cavad, düşündüm ki, bu nə fərmandı,
Danış səhər-səhər, gül səhər-səhər!79
MƏRSİYƏ
Abdulla Surun xatirəsinə
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın.
Əfsus ki, fikrinə nail olmadın,
Ağla qardaş! Ağlamalı günündür!
Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları;
Tanrı qəbul etsin belə qurbanları!
Ağla, qardaş! Ağlamalı günündür!80
Gəncə, 1912
MİRZƏ ABDULLA (SUR) MƏMMƏDZADƏ
…Gənc və nəcib şairimiz Cavad Əfəndi, həzin və ahəngdar bir tövr ilə yazmış olduğu gözəl və yanıqlı şerini söyləməyə başladı:
Ey qardaşlar! Bir zamanlar elimsizlik dumanı,
Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən Vətən xarab olmuşdu!
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular bizdən uzaq qaçırdı.
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı;
Quran nədir? Anlamazdıq.
Vətən nədir? Bilməzdik.
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu Vətənin bunu görən südü təmiz övladı,
Bir qaç kişi o gün bizim qara günü anladı!
Ağladılar, sızladılar, yalvardılar Allaha,
Ulu haqqın rəhmi gəldi könlü qırıq onlara!
O gün bizim dağlarımız bir az güldü şehləşdi,
Bacarıqlı bir qaç qollar zülmətlərlə əlləşdi!
Ey qardaşlar! Yurdumuza Günəş yeni doğmuşdu,
Bir azacıq – demək olar – dostlar deyən olmuşdu!..
Ancaq dünən başımıza kölgə salan bir bulud,
Önümüzdə!.. Haqqın varsa, ey daş ürək, gəl unut!..
Yox, yox… Sizin məzarınız qəlbimizin ən dərin
Bir yerində saxlanmışdır, o pak ruhun için!
Bütün dünya alt-üst olsa, mən ki, səni unutmam,
Ay qardaşlar! “Amin!” deyin, Allah bunu əfv etsin!81
Gəncə, “İqbal”, 1912, 17 may
“ŞÜKRİYYƏNAMƏ”DƏN SƏHİFƏLƏR*
KEÇƏR
Bəzən yosmalar alayı,
Əllərində nurdan ayı
Dağdan, arandan keçər!
Bəzən elin bir qadını,
Bildiyin yoxkən adını,
Gülümsər, yandan keçər!
Hərdən yumuşaq bir ipək,
Dalğalanar ətək-ətək,
Ürəkdən, qandan keçər!
Görürsən bir telli yıldız,
Şimşəyi andıran bir qız
Süzülüb, qandan keçər.
Şümşad boylu, gözü almaz,
Salam verrəm, salam almaz!
Cavadı heç saya salmaz.
Gedib, biyabandan keçər!
GÖZÜM GÖRDÜ, KÖNLÜM SEVDİ
Yağış tökdü üstümüzə
Göylər birdən, bir kərəm, hey!
Güllər baxıb güldü bizə,
İy su oldu o Sənəm, hey!
Şehli bağa bənzədi o!
Göy yarpağa bənzədi o!
Şux zanbağa bənzədi o!
Yan, ey Qərib, Şahsənəm, hey!
Batum əski Qız qalası,
Batum yurdun göz qalası!
Xaqanımın öz qalası,
Səndə doğub Şükriyyəm, hey!
Torpağında, daşındaca,
Gördüm bulaq başındaca!
“Sevdim” on beş yaşındaca,
Bundan sonra kükrəyəm, hey!
Bu ləpirlər izi imiş,
Bəy Süleyman qızı imiş!
Dilək imiş, arzu imiş!
Körük oldu bu sinəm, hey!
O Əslidir, mən də Kərəm,
Mən bu sirri gizlətmərəm!
Yarı burda gözlətmərəm,
Car eyləsin qoy aləm, hey!
Həp ağlını, kamalını,
Həp hüsnünü, camalını;
Sən Cavadın Qumralını
Yaz, ey qələm, ey qələm, hey!..82
Batum, 15 mart, 1915
MƏN TAPMIŞAM
Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam!
Aramaqdan bezdiyiniz yolları
Axtarmadan mən sevdada tapmışam!
Oxşayaraq ulduzunu, ayını,
Necə sayım cənnətimin sayını?!
El deyən cənnətin mən bir tayını
Açıq gözlü bir röyada tapmışam!
Eşitmədən, anlamadan yerini,
Dərvişlərin çağırdığı pirini;
İnandığım ərənlərin birini
Uc-bucaqsız bir səhrada tapmışam!
Daşıyanlar vicdanların darını,
Bucaqlarda gəzər gözəl yarını!
El cəfada diləndiyi varını,
İmanını mən səfada tapmışam!
Ürəkdən neylərə çəkdirən “yahu”!
Aşığın inləyən telə sorduğu,
Böyüklərin sanıb heyran olduğu
Nüktəyi mən macərada tapmışam!
Şərqin gülü, neyi, meyi, nəvası!
Qərbin könül sıxan ağır havası!
Rahiblərin, keşişlərin duası
Umduğunu masəvada tapmışam!
Çıxmışkən günahı vaizin dizə,
Vəz edib, durmaqda bax yenə bizə!
Söylənəcək sözü dinə, dinsizə,
Vicdanımda bir sədada tapmışam!
Mən ki, hindin sufisinə, sözünə,
Qulaq verməm, Qərbin baxdım üzünə!
Büründüyü tülə deyil, gözünə
Neydəkini mən nəvada tapmışam!
Ağlamazsa qara bəxtin buludu,
Bəsləyir vicdanım bir böyük duyğu!
Hər iki dünyanın hardadır sonu?
Cavabını intiyada tapmışam!
İnandım ki, hər fəryadın sonu var!
Bir gün gələr: Yer üzündə yaz olar!
Gələn günü düşünənlər, yazanlar,
Duyduğunu bu xülyada tapmışam!
Batum, “Açıq söz”, 1917, 20 iyun
SURƏTPƏRƏSTƏM
N.Y.-yə
Bir şeir qoşmuşam dillərdə gəzir,
Uçub oba-oba ellərdə gəzir.
Könlüm Məcnun kimi çöllərdə gəzir,
O mənim şərqimdir, o mənim bəstəm,
Mən şeir aşiqi, mən sözpərəstəm!
Cananın buxağı dümağ, ağ ola,
Eşqi buludlarda, kefi çağ ola!
Dərdi nazü-qəmzə, canı sağ ola,
Mən çoxdan sərxoşam, mən çoxdan məstəm,
Gözəllik vurğunu, gözəlpərəstəm!
Bir şəkil çəkmişəm, dünyada təkdi,
Canlanıb ilk dağı sinəmə çəkdi.
Burdan gəlib keçən o qız mələkdi,
Mən söz ovçusuyam, söhbətpərəstəm!
Mən üz dəlisiyəm, surətpərəstəm!
Mənim gördüyümü, Vaqif görməyib,
Mənim hördüyümü, Vaqif hörməyib.
Mənim dərdiyimi, Vaqif dərməyib,
İnci zərgəriyəm, naxışpərəstəm!
Mən göz xəstəsiyəm, baxışpərəstəm!
Kim deyir “düz gəzir”, “əyilməzəm mən
Dosta dost, yada yad “deyilməzəm mən”
Demirəm, poladam, “yiyilməzəm mən”;
Yarın qabağında lalam, şikəstəm,
Məhəbbət əsiri, sevgipərəstəm!
Sinəmdə yer tutub gözəllər bir-bir,
Sinəmdə bağ salıb, gəzərlər bir-bir
Sinəmi tapdalar, əzərlər bir-bir,
Çinaram, palıdam, sərv kimi şəstəm,
Aşiqəm, məşuqla sevdapərəstəm!
Ömrümü etmişəm bu yolda fəda,
Qoy gəlsin onlardan canıma qada!
Neyləyim birisi çatmayır dada;
Özümə yağıyam, özümə qəsdəm,
Leylisiz Məcnunam, Leylipərəstəm!
Onun dodağında gülüş görürəm,
Onun gözlərində öpüş görürəm.
Onun yerişində görüş görürəm;
Onların önündə acizəm, pəstəm,
Gülüş, öpüş, görüş, duruşpərəstəm!
… Bir gözəl sevmişdim altı yaşımdan…
Şəkili getməyib hələ başımdan!
O məndən utandı, mən göz yaşımdan…
Fars demiş, əzəldən “nistəm ki, nistəm”!
Mən ürkək, mən dəli ceyranpərəstəm!
Sevgi işığında gözüm qamaşır,
Xəyalım titrəyir, fikrim dolaşır.
Tanrım, o gözələ Cavad yaraşır;
Bu ilahi ziya, qüdrətpərəstəm!
Gözəl üz, gözəl göz, surətpərəstəm!!
SURƏTPƏRƏSTƏM!!!
Gəncə, 1918
BİR BİLƏN YOX Kİ…
Bir bilən yox ki, nə çəkər sənsiz,
Sənin eşqinlə yaşayan könlüm?!
Sən keçən yolda görərək bir iz,
İzin üstündə ozana döndüm!
Çəkdiyim dərdi saza anlatdım,
Dərdli barmaqla teli ağlatdım!
“Bizə gəl!” dedin, bir addım atdım,
Bir addım yolda min cənnət gördüm!
Bulaq üstündə yığışır qızlar,
Geciksən bir az, ürəyim sızlar!
Soruşdum, bulaq dedi məndə var,
Suda əksini axtarıb tapdım!
Hacıkənd, 1918
QALDI
Mən dünyanın qucağında,
Vətən adlı bucağında;
Yandım fəraq ocağında,
Közüm söndü, külüm qaldı!
Gözlərimi açan gündən
Uzaq oldum toy-düyündən!
Nələr umdum mən bu gündən,
Neçə ayım, ilim qaldı.
Nəğmə deyən bir quş oldum,
Ürəklərə qonmuş oldum.
Məhəbbətə uymuş oldum,
Şirin-şirin dilim qaldı.
Belə imiş zaman demək?
Nə düşünmək, nə qəm yemək?
Onun-bunun nazını çək,
Özüm getdim, elim qaldı!
Batum, 1916, sentyabr
DÖNÜR
Eşqindən güc alıb bu ilhamım da,
Duyğular qəlbimdə sellərə dönür!
Ellərin verdiyi arzu-kamım da
Yenidən baş alıb ellərə dönür!
Nə böyük bir qüdrət varmış sənətdə,
Ömürlük bağlıdır söz də, söhbət də;
Çəkilən əzab da, iş də, zəhmət də
Çiçəklərə dönür, güllərə dönür!
Fikirlər içində fikrim var deyə,
Tuturam torpaqdan, qalxıram göyə!
Xəyalım uçduqca hey gələcəyə,
Gah da ötüb keçən illərə dönür!
Batum, 1916, 11 oktyabr
BİR GÜN
Hicranlar, ələmlər, tufanlar içrə
Qısıq bir səs kimi eləcəyəm bən!
Böylə göz yaşıyla keçən ömrümün
Sonunda bir acı güləcəyəm bən!
Eşqimin nə imiş bilməm günahı?
Yıxıldı qəlbimin istinadgahı.
Nəsibim olsa da dünyanın ahı,
Bir gün göz yaşımı siləcəyəm bən!
Yaxında didarın nəsib olmasa,
Ümidsizlik bəni düşürməz yasa!
Alaraq əlimə dəmirdən əsa
Bir gün hüzuruna gələcəyəm bən!
Tutuldum tufana, sarıldım sana,
Sən ey qırıq qələm, gəl bir tüğyana!
Dözmək güc olarsa böylə hicrana,
Səninlə dərdimi böləcəyəm bən!..
QİTƏLƏR
Sən bəni bircə an gözləməsən də
Səni ömrüm boyu gözləyəcəyəm!
Sən bəni bircə yol səsləməsən də
Səni ömrüm boyu səsləyəcəyəm!
Min dəfə gülsən də, demərəm sağ ol,
Sən ey həyatıma, ömrümə qənim!
Qonmasa, gülmərəm, gülmərəm bir yol
Dodaqdan-dodağa gülüşüm mənim!
Demişdin: “Ölüm də ayırmaz bizi!”
Sənə kim demişdi, de, bu cümləni?
Demişdin: “Sən qoru, saf eşqimizi!”
Aldadıb, aldadıb oynatdın bəni?!
Sənə kim demişdi, de, bu cümləni?
Məhəbbət gələndə insan ömrünə,
Sanırsan hər yerə ilk bahar gəlib,
Məhəbbət gedəndə – lənət o günə,
Sanırsan dünyaya boran, qar gəlib!
Sanki varlığımı salırlar bəndə,
Sevən könüllərdə qəm ötüşəndə!
Alışıb yanıram səməndər kimi
Məhəbbət yanılıb oda düşəndə!
Mənə nə lazımdır gündə bir gözəl,
Onları dişimə çox vurmuşam mən.
Dost, tanış çox dedi, bir sən də düzəl,
Bu yolda özümü çox yormuşam men,
Onları dişimə çox vurmuşam mən!
Nə çoxdur dünyada qədir bilməyən,
Hər Leyli üzlüdə sədaqət olmaz!
Nə çoxdur məhəbbət nədir bilməyən,
Hər Şirin gözlüdə məhəbbət olmaz!
Hər Leyli üzlüdə sədaqət olmaz!
Səndən dövlətlisi gələndə ona,
Bir su qiymətinə satacaq səni!
Səndən şöhrətlisi güləndə ona,
Əlüstü bir yana atacaq səni,
Bir su qiymətinə satacaq səni!
Deyirlər, gözəllik gəldi-gedərdir,
Gözəllik odur ki, duyanı olsun!
Gözəllik odur ki!.. Yoxsa, hədərdir,
Başını bu yolda qoyanı olsun!
Gözəllik odur ki, duyanı olsun!!
Sevda yollarında ağlamayan kəs,
Dünyanın zövqünü duya bilərmi?
Sevda yollarında çağlamayan kəs,
Dağları, daşları oya bilərmi?
Dünyanın zövqünü duya bilərmi?!
Könül bir budaqdır, cavan yaşında
Gündə çiçək açan gülə bənzəyir!
Yarımın sevdası gəzir başımda,
Min səsli, sədalı telə bənzəyir!
Gündə çiçək açan gülə bənzəyir!
Hicran istəyənə vüsal nə lazım?
Qəm, kədər çəkənə gün nə gərəkdir?
Həqiqət sevənə xəyal nə lazım?
Nalə qoparana ün nə gərəkdir, -
Qəm, kədər çəkənə gün nə gərəkdir?!
Sən güldükcə mən ağlaram, mən ağlaram!
Sən susduqca mən çağlaram, mən çağlaram!
Sən atdıqca mən saxlaram, mən saxlaram!
Məhəbbəti, etibarı!
Məhəbbəti, etibarı!
Dünyaya yas tutdum ürəyimdə mən,
Axan göz yaşımı silən olmadı!
Cahanı güldürüm, diləyimdə mən,
Özümün dərdimi bilən olmadı, -
Axan göz yaşımı silən olmadı!!
Batum, 1916, sentyabr-oktyabr
SEVMƏSƏYDİM SƏNİ MƏN?
İnanmadın sözümə,
Bir gülmədin üzümə.
İllər məni ucaltdı,
İllər məni qocaltdı.
Deyirəm öz-özümə:
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Bağda çiçək dərəndə,
Dosta töhfə verəndə;
Hey düşürsən yadıma,
Yanıram öz oduma!
Bir gözəl gül görəndə,
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Yaylağa çıxanda da,
Dost əli sıxanda da;
Yollar çənə bürünür,
Dağdan duman sürünür!
Bir qıza baxanda da,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!
Quşlar qanad çalanda,
Çölə haray salanda;
Yenə səni anıram,
Andıqca da yanıram?
Könlüm ilham alanda,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!
Gəzib çölü, çəməni.
Ən gözəl bir nəğməni,
Durub dinləyəndə mən
Yadıma düşürsən sən.
Rahat qoymursan məni!
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Hər gün söküləndə dan,
Oğrun-oğrun uzaqdan
Gözlərimə baxırsan,
Ürəyimə axırsan!
Hər şeir yazan zaman:
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən!
Sevməsəydim səni mən?!
ŞÜKRİYYƏM ÜÇÜN
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz!
Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!
Nə çoxdur dünyada qənirsiz pəri!
Gözümə görükməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz!
Məndən xoşbəxt varmı dünyada, deyin?
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən, yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kərəm sənsiz!
Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz;
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kirpiyin oxdur,
Ürək qubar olar – can vərəm sənsiz!..
Şerimin sözüsən, sözün – ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, camalın gözəl çələngi!
İlham yetim qalar, ağıl – kəm sənsiz!
Gəncə, 1917
QURBAN OLDUĞUM
Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
İstədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!
Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adına, sanına qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)
Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!
Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!
O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanına qurban olduğum!
Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!
Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.
Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!
Səsimə oyandım, bomboş bir otaq,
Dağların qarına dönmüşdü yataq.
Eşqimə, duyğuma yoxdu bir ortaq,
Bu iyi dünyada ixtilat qataq!
Batum, 1916
GƏNCƏDƏN GƏLİRƏM…
Gəncədən gəlirəm, yüküm üzümdü,
Gəncənin əsgəri düzüm, düzümdü.
Bir əmim qızı var, iki gözümdü,
Özgəyə vermərəm, mən özüm allam,
Şirin qadasını canıma sallam!
Aşıq şerindən
Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yollan burma, burmadı.
Gəncədə bir qız var, teli durnadı,
Günəşə sən çıxma, mən çıxım deyir!
Gəncədən gəlirəm, yüküm çiçəkdi,
Gəncənin gülləri ləçək-ləçəkdi.
Gəncədə bir qız var, adı Çiçəkdi,
Quşlara sən uçma, mən uçum deyir!
Gəncədən gəlirəm, malım nə maldı,
Gəncədən aldığım ipəkdi, şaldı.
Gəncədə bir qız var, adı Maraldı,
Ceyrana sən qaçma, mən qaçım deyir!
Gəncədən gəlirəm, yüküm xınadı,
Könlüm dəli quşu ona qonadı.
Gəncədə bir qız var, adı Sonadı,
Sulara sən axma, mən axım deyir!
Gəncədən gəlirəm, sözə bənd olub,
Gəncənin meyvəsi şəkər, qənd olub.
Gəncədə bir qıza gözüm bənd olub,
Cavada sən baxma, mən baxım deyir!
“Səhər zamanıydı əsərkən yellər”
Səhər zamanıydı əsərkən yellər,
Düşərkən jalələr oyatdı səni.
Çatıldı qaşların, darıldın bana,
İslatdı jalələr nazik bədəni.
Bütün bir səhəri yanılıyordum,
Boş qalmış qoynuna çiçək doldurdum.
Gülzarına Quran deyə əl vurdum,
İnanmadın niyə, bilmədin yəni?
And içdim ki, könlüm sənsiz yaşamaz.
Ağlar sənsiz, sınıq, o bir telli saz.
Qollarına verdin o dəm bir pərvaz,
Oxşadın sinənə cansız düşəni!
Şimdi sənsiz xəstə könlüm sərsəri,
Dolaşıyor, durur qürbət elləri.
Ey məni bir dəfə güldürən pəri,
Ağlar neçin qoydun illərcə məni?
BƏNZƏRDİ
Bayılırkən gözlərindən, qaşından,
Sevirkən onu pək gənc yaşından;
Bənim çaldı ürəyimin başından,
Bir yılan ki, göyərçinə bənzərdi!
İtirdim hədəfi, qırıldı yayım,
Bu şikardan bənim yoxdur bir payım.
Başqa Tanrı göstər, ona tapayım,
Sənin eşqin, çünki dinə bənzərdi!
Keçirdim dərd ilə çox qışı, yazı,
Həsrətlə bəklərkən o sərvinazı!
Uzatdı əlimə qırılmış sazı,
Çaldım… nəğməm bir ölümə bənzərdi.
Hörürdüm saçını bir qəzəl kimi,
Çıxırdın qarşıma bir gözəl kimi!
Əski şair yazmış bir məsəl kimi
Baxışların bir şahinə bənzərdi.
Bilməm ki, şəfəqsən, ruhsan, xülyasan?
Həqiqətmi parlar, yoxsa röyasan?
Saçında çiçəklər, sən Ofelyasan!
Onun saçı, səninkinə bənzərdi!
Hamlet, “Azərbaycan", 1919, 19 oktyabr
LEYLA
Deyirlər Qarabağ bir cənnət imiş,
Bəslərmiş qoynunda gözəllərini!
Məndə qüdrət yoxdur qələm çalmağa,
Tərif eyləməyə ancaq birini.
O gərgin qaşların kölgəsindəki,
Can alıb, can verən gözlərə qurban!
Bugünkü Leylanın xoş səsindəki
Mənalı, mənasız sözlərə qurban!
Qurban qəbul edib töksə qanımı,
Nəyi var şairin, verər canını?!
Qəmzəsi qan olan, gərdişi əla,
Doğrudan gözəldir, göyçəkdir Leyla!
Çiçəklər qoynunda bəsləmiş əndam,
Çıxdı dodağında badənin canı.
Gözəlsən, incəsən, qur yeni bir dam,
Əsir et, qul eylə mahi-tabanı.
Böylədir önündə hər yeni şair,
Yeni bir yol bular, bir əməl bəslər.
Mənim təbiətdən istəyim budur,
Çoxalsın yurdumda böylə gözəllər!
Könül tazalandı sitayişindən,
Könüllər sultanı, ellər gözəli!
Qorxum var dünyanın bircə işindən,
Mümkünsə dəyişdir qələm-əzəli!
Söylə ki, çiçəklər solmasın, Leyla!
Mənim qorxduğum hal olmasın, Leyla!
Dolansın başına ulduzlar, aylar,
Bu köhnə dünyanın Leylası da var!
Gözəllər toplaşıb olsunlar bacı,
Leyla da onların başının tacı!
1934
BEYTLƏR, ÜÇLÜKLƏR VƏ DÖRDLÜKLƏR
Ovçu bilməz, xəyalının öz səsidir,
Öz qəlbinin, öz eşqinin nəşəsidir?!
Bu səs bəzən bir quş olur,
Bir budağa qonmuş olur,
Ötür yoncalı bağda!
Bəzən baxarsan bir maral,
Əndamının hər yeri xal, -
Gəzər dumanlı dağda!..
İlk baharın ilk nəfəsi,
Coşan eşqin bir həvəsi;
Nə olursa, olsun adı,
Səsdir ruhumun qanadı!
Ancaq mənim duyduğum səs,
Bu səslərə heç bənzəməz.
SƏSLƏR
1. Bu səsi mən duymadım,
Ağlayan dərdli neydən.
2. Bu səs bambaşqa şeydi
Qəzəldəki gileydən.
3. Bu səsi duyammadım
Mövləvi dərgəhindən.
4. Bu səsi duyammadım
Bağrı yanıq bülbülün
Sızlayan cəh-cəhindən.
5. Mən bunu eşitmədim
Bəzmin ayaqlarından
Mey soran saqilərin
Gülgün dodaqlarından.
6. Mən bunu dinləmədim
Hicranı vüsalından
Daha çox sürən yardan.
Sızıldayan kamandan,
Qüssəli, qəmli tardan.
7. Nə mümkündür durulsun
Böylə imanlı bir səs.
Xayır, mənim duyduğum səs
Bunlara heç bənzəməz.
Bu səsi mən duymadım
Əski dövr ozanından.
Küsəgən camelərin
Titrəyən əzanından.
Bunun yanında söndü
“Ərkinəqon” nağılı.
Bundan bir şeymi anlar
Ərənlərin ağılı?!
Tarixə sordum bir gün
Haqqında əbəs, əbəs.
O da heç görməmişdir
Böylə uğurlu bir səs.
8. Çox danışdım könlüm ilə,
Birdən gəldi qəlbim dilə,
Dedi: bəzən keçmişdə;
Böylə səslər doğulmuş.
O yalınqat səslər də
Beşiyində boğulmuş.
Mən özüm də doğrusu
Bu səsin heyranıyam.
Cansızlara can verən
Nəfəsin heyranıyam!
Bu səsin Məcnunudur
Musiqi, sənət, şeir.
Çünki bu qoç döyüşlü
Bir sinifin səsidir.
Budda böyük adı ilə,
Musa öz inadı ilə;
İsa qanlı xaçı ilə
Xaçilə, torpağilə;
Məhəmməd Quranilə,
Qılıncı, qalxanı ilə;
Dinlədiyim səsdir, o səs,
Heç bir səsə bənzəməz!
Bən səninçün bəzəmişəm yolları,
Sənin üçün sevdim qürbət elləri!
NƏ YAZIM
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
İşıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!
Dərbənd, 3 may, 1920
BUNUMU İSTƏRDİN
Çoxdan bəridir ki, bu zavallı könlüm,
Mən səndən aldığım nur ilə yaşayır.
Sənin yadigarın ruhumdakı bu ölüm,
O coşmaq istəyir də, yazıq ki, coşmayır.
Qaranlıq bir yolda söndürdün çırağımı,
Öylə zənn etdin ki, bir daha yanmayacaq.
İndi bir nazənin almaqda sorağımı,
O keçən yolların qurbanıyam ancaq!..
Mən and içmişdim ki, o gün səndən sonra
Yalvarmayacağam artıq heç bir gözələ.
Ancaq günlər keçdi, sağaldı köhnə yara,
Bax onun qəlbimdə yox bir nişanı belə!
Mən artıq əvvəlki sərsəri deyiləm ki,
Sənin dizlərində tökəm göz yaşımı?!
Bu kəskin üsyanı, sən anlamazsan bəlkə?
Bir başqa mehraba əyməkdəyəm başımı!
İstədiyim kimi, sən qalx, onları dara,
Artıq nə mənası vardır, ağarmış tellər?!
Qaldır şu güzgünü, vur dilsiz divara!
Və sonra üzünü qaranlıqlara göstər.
O QIZA
Əli Nəzmiyə
Ömür dedikləri, çarpaşıq bir yol,
O çarpaşıq yolun yolçusuyam mən.
Gəl, yolum üstündə bir sözüm vardır,
Gözəl qız, bu yolda Xızırım ol sən!
Sevda dedikləri çılğın bir dəniz,
Bən çıxdım dənizə, qaldım yelkənsiz.
Bən ölmək, qurtarmaq istəməm sənsiz,
Sənsiz hər ikisi nə gündür bilsən?!
Söylərsəm dərdimi göydə yıldıza,
Olur pək pərişan dərd yaza-yaza…
Bir soran yoxdur ki, o gözəl qıza -
Verdiyi dərdlərin dərmanı kimdən?!
Çılpaq omuzlara pərişan tellər
Tökülər, aşiqi pərişan eylər.
Neyləyim, dərd bilən deyil bu ellər,
Ağla, yazıq könlüm, yoxdur bir kimsən.
Gəncə, 1919, 5 mart
SƏN AĞLAMA
Bən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa;
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, bən ağlayım, gözəlim!
Uğurunda olmuş ikən sərsəri,
Bən öpmədən o qıvırcıq telləri;
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, bən ağlayım, gözəlim!
Nerdə sənin hər aşiqə, hər gəncə,
Eşq oxuyan qəlbin, sönmüş o, bəncə;
Bulmayırsa qəlbin artıq əyləncə.
Sən ağlama, bən ağlayım, gözəlim!
Bir qul idim gecə-gündüz sizlərə,
Yazıq, bəni güldürmədin bir kərə…
Baxıb şimdi əlindəki izlərə,
Sən ağlama, bən ağlayım, gözəlim!
Bən baxarkən sən vurduğun yaraya,
Şimdi zalim fələk girdi araya.
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, bən ağlayım, gözəlim!
Əhməd Cavad"Maarif və mədəniyyət”, fevral, 1923, №2
AŞAĞI-LƏNGƏR XULUQDA
Soyuq bir cəhənnəm, bir yaman ölkə.
Soyuq güc gətirdi, sığındım kürkə.
Bu kürk olmasaydı, gəlməzdi bəlkə
Bu imansız qışın yazı Xuluqda.
Bir məktəb verdilər, eyni buzxana,
Ayaqlarım məni doydurdu cana.
Gecələr saldılar kirli yorğana,
Dedilər ol buna razı Xuluqda.
On beş gün istədim bir qalın corab,
Bir müsəlman oğlu vermədi cavab.
Mən necə söyləyim, kim çəksin hesab?
Yoxdur ki, bir adil qazı Xuluqda.
Gecə qar, gündüz qar, axşam, sabah qar,
Deməzlər ki, burda bir müəllim var…
Bağlamış qapını cüt arvadlılar,
Qızdırıb söhbəti-sazı Xuluqda.
Yığıldı hamısı – ağsaqqal, hampa,
Boyun oldu hər şey, bir də bir lampa.
Gəldilər, lampa var, şüşə yox amma,
Yandıraqmı hava qazı Xuluqda?!
Bu kənddə nə çoxdur “baş üstə”, “bəli”,
Beləliklə işlər getməz irəli.
Qorxum budur əsə bir Şimal yeli,
Müəllimin sına sazı Xuluqda?!
Yorğanlar kirlidir, basmayır yanım,
Qışda yalqız yatdım, qızmadı canım.
İşlər düzələndə, olsa bir xanım,
Haqq verə bir sərvinazı Xuluqda!
Xuluq kəndi, 1920,Pəşrin sani
MADONNAYA
A.F.
Mən doğrusu, bu boşluqda dolaşan
Məfkurəsiz, sərsərinin biriyəm.
Sən deyirsən – masallarda duyduğun,
Eşitdiyin əfsanəvi pəriyəm.
Nə lüzum var dəlil, sübut bulmaya?
Mən hazıram sənin qulun olmaya.
Heç deyildir gözlərin də bəşəri;
İnandım ki, sən pərisən, sən pəri!
Tök alnına o avara telləri,
Qoy olayım, bundan betər sərsəri!
Ağlataraq əski, qırıq sazımı,
Canlatayım bir az, sönük yazımı!
Bu doğrudur, sevda olur əzəli;
Mən şairəm, həyatımdan bezəli.
Ancaq mən bu fırtınada üzəli,
Görməmişəm sənin kimi gözəli!
Qoy başına gözəlliyin tacını!
Könlümdən al qulluğunun bacını!
1922, 17 kanun sani
“Bir səs tutdu tarixin ”
Bir səs tutdu tarixin
Sirkəli yaxasından.
Baxaraq gözlərinə,
Sordu onun yaşını.
Tarix özü utandı
Kürkündən, çuxasından.
“Fərman sənindir” deyib,
Dikdi yerə başını.
“Sil” dedi əndamından
Yöndəmsiz ləkələri!
Ağır keçmiş, bilirsən,
Ömürün, günün sənin.
Göstər düzgün yolları,
Dolaşıram sərsəri.
Bu ancaq sənin haqqın,
Başına dönüm sənin!
"Yeni aşıq"imzası ilə
NƏ ÜÇÜNDÜR
Nə üçündür bu keşməkeş… bu qovğa?..
Nə üçündür tərs yaranmış bu dünya?
Nə üçündür sabah, axşam oluyor,
Açan güllər bu tezliklə soluyor?
Bu sızlayan qəhqəhələr nədəndir?
Neçin belə son yaraşıq kəfəndir?
Kim yaratmış bu yerləri, göyləri?
Kim eləmiş məni belə sərsəri?
Neçin çoxdur yarayandan yaramaz?
Neçin belə arayandan bulan az?
Nə olmuşdur neyi gəlmiş nəvayə?
Onundamı bəxti uyğun cəfayə?
Ey ağlayan beşikdəki biçarə?
Bəxtin gəlmiş, düş beşikdən avarə!
O ki, belə məhv eləyir dünyayı,
Qıran yoxmu o uğursuz ox-yayı?
Bu hər zaman olacaqdır, eləmi?
Gül yanaqlar solacaqdır, eləmi?
Əskilərin fəlsəfəsi, hikməti,
Dünyalarca elmi-ürfan lüğəti;
Alimlərin çıxardığı haşiyə.
Zahidlərin yapışdığı haqq deyə;
Rahiblərin dindaranə ədası,
Sofilərin meti, meyi, sədası;
Bunlar hamı qurularçün əcəba?
Bu müəmma, yenə əski müəmma!
Hamı deyir inan mənə sözüm haqq!
Qarışmışdır bir-birinə haqq-nahaq.
Deyirlər ki, yerdə din var, kitab var,
Hər bəndədən sorulacaq hesab var.
Mən dedim ki, kim soracaq və nerdə?
Dedilər ki, o qəlbində, hər yerdə?
– O var isə, yalnız vicdan olacaq!
Fəqət bundan ölüm çıxmaz, mühaqqah.
Fəqət solan ortalıqda gülümdür,
Mənim dərdim ayrılıqla, ölümdür!
Mən doğrusu, daim gülmək istərəm,
Nə öldürmək, nə də ölmək istərəm!
Artıq yetər Yer üzündə axan qan,
Yetər artıq bu göz yaşı, bu hicran!
Mən istərəm yaşıllıqlar solmasın!
Sevdaların sonu hicran olmasın!
Qurumasın gözəl üzdə tər danə,
Nə ağlasın bülbül, nə də pərvanə!
Dilindəki aşiqanə qəzəli
Qoy oxusun o qəlbimin gözəli!
Ürəyində nə dərd qalsın, nə qayğı,
Mən görməyim səadətin sonunu!
Ölüm getsin, qalmasın da kölgəsi,
Olsun dünya – o bir sevinc ölkəsi!
Ah, bu günlər könül belə umunca,
Dəyişsəydi bir göz açıb yumunca!
Ey uçarkən düşüb ölən kəpənək,
Sən də gözlə, elə bir gün gələcək!
Qusar, 1921, 3 mayıs
ADSIZ ŞEİR
Kolxozlu ellərin bərəkətindən,
Bərəkətli elin hərəkətindən,
Kim deyərdi bu gün donduran bir qış
Şərəflə bəhs edib, aldılar alqış!
Zəfərlər bayramı, bir qurultayı,
Dondura bilməz ki, bu yanvar ayı!
Ölkənin bir başqa hərarəti var,
Ona neyləyəcək göydən yağan qar?
Qorxunc əjdahalar boğan bir ölkə,
Qızğın günəş kimi doğan bir ölkə;
Borandanmı qorxar, qardanmı qorxar?
Bu tərlan yığnağı sardanmı qorxar?
Bu cuna yaşmaqlı qadınlara bax,
Qoy onlar söyləsin, onların bu haqq!
Sözləri səmimi, fikirləri saf,
Hanı bəs, ay bacı, dediyin çarşaf?!
BEŞİK
Yeni doğmuş bir körpəyə
Qul olur, qollanır beşik!
Neçin sevinməsin, nəyə
Sevinir, sallanır beşik!
Bizi gülüb dindirməyə,
Gələn körpə ağlar niyə?
Bir at istər mindirməyə,
At olur, çullanır beşik!
Uzaq bir yol, yalnız ana…
Könül kömək umar ona.
Yalvarmadan ona-buna
Yar olur, yollanır beşik!
Babanın alnının təri
Qurumazsa, vardır yeri.
Məmədən süd əmənləri
Aldadır, allanır beşik!
Bacamızdan çıxan duman
Deyir halım deyil yaman.
Evdə uşaq doğan zaman
Şən olur, dallanır beşik!
Beşik baxmaz heç bir kəsə,
Qulaq verir gələn səsə.
Nənə bir nəğmə söyləsə,
Yel olur, yellənir beşik!
Çakva, 1917, iyul
GƏLİN
Ey süzgün gözləri səhər yıldızı,
Pərişan telləri yasəmən gəlin!
Gözəllər səcdəsi gətirdiyin din,
Girdim sizin dinə bir də mən, gəlin!
Hər yetən naz etdi, qatlandım naza,
Könül verdim hər boş söhbətə, saza!
Sallan ki, can quşu çıxsın pərvaza,
Pərişan olsun qoy hər görən, gəlin!
“Sənsizlikdir” bənim bitməyən dərdim!
Bitməyən dərdimlə mən sənə gəldim!
Gülən dodaqlardan mən bir gül dərdim,
Saxlanmış qəlbimdə istərsən, gəlin!
Sığmaz ikən ruhum geniş torpağa,
Gəlmiş hüzuruna bir qul olmağa!
Gözəllik bir çiçək, məhkum solmağa,
Soldurma boş yerə onu sən, gəlin!
Gəncə, 1916, 6 iyun
AND OLSUN
And olsun dağların ağ suyu kimi
O qırıq dalğalı gülüşlərinə;
Vüsal vədə verən, ümid allahı -
Müxtəlif mənalı gülüşlərinə;
And olsun nazlanıb nazla əzilən,
Telli ulduz kimi bəzən süzülən,
Gahi rəhmət, gahi zülmət sezilən -
O qanlı-qadalı gülüşlərinə;
And olsun axşamlar nəşədən daşan,
Ürkək ceyran kimi dağlardan aşan,
Kəklik olub səkən, qan kimi coşan -
Dərbədər sevdalı gülüşlərinə;
And olsun səsinin ipəklərinə,
Bu xəstə könlümün diləklərinə.
Parlayıb can verən bəbəklərinə -
İşvəli, ədalı gülüşlərinə;
And olsun könlümün dərdli çağında,
Cilvələr yaradıb gül yanağında,
“Al” deyən, “Öl! ” – deyən al dodağında -
Şəfəqli, şəfalı gülüşlərinə;
Mən sənə ömürlük bir qulam, gülüm,
Sən əmr eyləyincə, nə imiş ölüm!
İstərsən ağlayım, istərsən gülüm,
Şərh eləyim halı gülüşlərinə!
1934, 25 noyabr
GÖZƏL QADIN
Sən kimdən öyrəndin belə ədanı,
Ey xəstə şairin ilhamı gözəl?
Solğun dodağından cami-sevdanı
İçirmişdir mənə saqiyi-əzəl.
Gözəllik tacını qoydun başına,
Dünyaya çəkmədin kabusi-ələm;
Sən bir mələksən ki, baxıb qaşına
Əlində şairin titrəmiş qələm!
Söz yox ki, hüsnünə xilqət günündə
Qüdrət qələm çalmış, susmuş mələklər…
Əvvəl cansız ikən, sonra önündə
Quşlar gəlmiş dilə, gülmüş çiçəklər.
Anıldıqca sənin sevgili adın
Bulmuş kamalını şerin hünəri;
Qarşında diz çökmüş, ey gözəl qadın,
Dünyanın ən böyük sənət ərləri.
1924
ÇOBAN QIZI
Bəzəndikcə çiçəklərlə, ey çoban qızı,
Nə cənnətdir sığındığın dağların qoynu?
Qaş-göz oynar gözlərinlə göyün yıldızı,
Şair olur seyr edənlər bu coşqun oyunu.
Sanki gəldin bu cənnətə, təxtini qurdun,
Bir qat daha gözəlləndi sevgili yurdun.
Çoban qızı, eşitmişəm bir sevdiyin var,
Onun dərdi bu düşdüyün, gizlətmə məndən.
Doğru söylə onunçünmü gözlərin ağlar,
Müjdə umar hər vəch ilə gəlib keçəndən?
Sıxıldınsa, çağır gəlsin, o qalsın bir az,
Onsuz, əlbət, heç bu dərdə dəva tapılmaz.
Çoban qızı, “o” gəlmişdir, könlü də xəstə,
Qaldırma, gəl, ağlayacaq sazın telləri.
Nə ruh olur görüb səni coşmayan səsdə!
O bir şəhər yavrusudur cılız, sərsəri.
Çox başqadır incəliklər onun gözündə,
İnanma gəl, gəldi-gedən durmaz sözündə.
Anlaşılan, ayrılarkən bir boya verdi,
Verirkən də yalvardı ki, sürtülsün qaşa.
Üç günlükdür onun, quzum, sevgisi dərdi,
Can verdiyi bu sevdayı çıxarmaz başa.
Bax nə deyir eşqin üçün mən açdığım fal:
– Sürtmə onu qaşlarına, sən boyasız qal!..
UNUDULMUŞ SEVDA
Soruyorsan: səni sevdaya salan
Nerdədir şimdi o qızlar gözəli?
Bən unutmuşdum o sevdayı inan,
Duyğusuz qəlbi dövranın əli;
Bəni sarsıtdı, unutdum adını,
Bana gəl sorma o solğun qadını?!
Bəni pək gənc ikən ağlatdı zaman,
Çəkərək pərdə o xoş mənzərəyə.
Bənim ilk eşqimi ilk əldə haman,
Kümdülər, bilmədim əmma nerəyə!
Onu döndərdi xəzan yaprağına,
Nə deyim bən o yerin toprağına?!
Anlaşılmaz düşünüb, söylədiyim,
Nə durur qəlbim, o gündən, nə duyar!
Bən ki, hala yenə sərsəm kibi,
Yenə qəlbimdə o dərdin izi var!
Lənət ömrün bu ağır illərinə!
Qıydı bir şuxun ipək tellərinə!
Bir soran yoxmu o zalim fələyə,
Bu bənim gəncliyimin qatilinə;
Niyə qıydın sən o solğun mələyə?
Bu vurub yıxmağının qayəsinə?
Nə deyim, böylə bu mənasız işə?
Sonu yox, sıtmalı, sərsəm gedişə?!.
Əhməd Cavad.“Maarif və mədəniyyət”, may, 1924, №5
GÖZÜM YOLDADIR
Şükriyyə xanıma
A dostlar, bir qumral tərlanım uçdu,
Yollarda yolçum var, gözüm yoldadır.
On beş gün ayrılıq, on beş il keçdi,
Öldürdü intizar, gözüm yoldadır.
Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?
Qardaş bərabəri, gözəl arvadım,
Söyləyin, durnalar, gözüm yoldadır!
Getmişdi on günə, çıxdı on beşə,
Neçin saldı məni belə təşvişə?
Demədimmi saqın, könül bir şüşə,
Gec gələrsən, sınar, gözüm yoldadır.
O ki, verdi sənə həm var-yoxunu,
Qəlbimə sapladın hicran oxunu,
Yastığından aldım gözəl qoxunu
Yastığın gül qoxar, gözüm yoldadır.
Ey vəfasız, sənin ürəyin daşdan,
Neyçin söyləmədin, gülüm, bu başdan:
“Yarı az sevirəm qohum-qardaşdan”.
Qohumlu baxtavar, gözüm yoldadır!
Slavyanka, 20 iyul, 1930
Y.P.ORBELİANİ
Altun gəncliyimin dəyərli dostu,
Ay gözəl Yelena, xanım Yelena!
Vəfasız deyiləm, ölüncəyədək,
Hazıram başına dönüm, Yelena!
Neyləyim ki, fələk çox yaman sıxdı,
Onsuz da viranə qəlbimi yıxdı.
Dostlarımın çoxu vəfasız çıxdı,
Heyrətdə qurudu qanım, Yelena!
Gürcüstan qəşəngdir, buna yox sözüm,
Gəzərkən yurdunda sevinir gözüm.
Gürcü yaxşı dostdur görmüşəm özüm,
Onlardan birinci canım, Yelena!
Qəlbim kimi qəlbin bilirəm safdır,
Var olsun gözlərin yaxşı sərrafdır!
Deyənlər var: “dostluq bir quru lafdır”,
Onları insanmı sanım, Yelena!
Doğrudur, dostluqda keçən bu on il,
Sevən bir qəlb üçün çox ömür deyil.
Ancaq mən istərdim, onu yaxşı bil,
Ağarsın tellərin, yanım, Yelena!
1935, 10 iyul
KÜSƏYƏNLƏRƏ
Qoy nə deyir desin hər yetən çaqqal,
Bir yerdə yaşadıq, ağardı saqqal.
Bal-mal istəmərəm, deyiləm baqqal,
Şəkərim də sənsən, balım da sənsən!
Başdan zor görürəm, bezdim ayaqdan,
Bezikmişəm vallah, könül almaqdan.
Görünür bizimki əyilmiş haqdan,
Anamız küsəyən, arvad küsəyən.
Əqrəba küsəyən, övlad küsəyən.
“Can” dedim, ömrümdə eşitmədim “can”,
Biçarə qəlbimi üzdü həyəcan.
Müxtəsər, könlümə neştərlər sancan
Hər qohum küsəyən, hər yad küsəyən!
Əqrəba küsəyən, övlad küsəyən!
Fələk polad kimi qəlbi yenərmiş,
İnsanın iqbalı yaman dönərmiş.
İndi anladım ki, ocaq sönərmiş,
Ev əhli küsəyən, övlad küsəyən!
Əqrəba küsəyən, arvad küsəyən!
“Dünya dəyişmişdir artıq”
(Şükriyyə xanıma)
Dünya dəyişmişdir artıq,
Bilməm varmı xəbərin?
Dəyişməyən bir şey varsa
O da sənin səfərin.
Bu səfər, uzun səfər,
Getdikcə uzun səfər.
Dərin boşluqdan gəlir,
Sənin kimi bir nəfər.
Nə çıxsın ki, göylərdə;
Varlığın bir yaraşıq;
Bu solğunluq yaraşmaz
Bizə işıq ver, işıq!
İşıq ver görünməmiş,
Bir dünya quranlara!
Dünyadakı boşluqdan,
Haqq-hesab soranlara!
Yoxsa bu gen boşluqda,
Tək gəzməkdən nə çıxar?
Yalqız deyilsən çox da,
Sənin də öz yerin var!
1935, 14 dekabr
AT BU ÇADRANI
Səni gözdən eləyən,
Gözdən iraqlaşdıran;
Bu uğursuz çadranı
Fırlat qaranlıqlara.
Keçdi qaranlıq gecə,
Söndü zülmət, atdı dan.
Nə gizlənmək vaxtıdır,
İş hara, çarşaf hara?
Dörd divarın içində,
İşıq, Günəş görmədən;
Bəsdir qulaq verdiyin
Qədirbilməz səslərə.
Bir yeni hiylə tapdı
Məhvin üçün hər yetən.
Dost ikən düşmən oldun
“Can!” dediyin kəslərə.
“Namusu” zindanlarda,
Zəncirlərdə görənlər;
Ölməmiş əndamına
Kirli kəfən taxdılar.
Bir çox qanlı əsrlər,
Bilmədin ki, həyat var;
Cəhənnəm qorxusilə
Gül vücudu yaxdılar.
Nə idin, zavallı, sən:
Canlı, yaylı bir bəbək;
Güldüyün görünürdü,
Göz yaşıın bilinməzdi.
Yağıydı hər kəs sənə,
Bilərək, bilməyərək.
Çökərdin bucaqlara,
Tozların silinməzdi.
Yer üzündə insanlar,
Tapınırkən sevgiyə;
Nə sevincək oldunsa,
Nəsibin oldu bir ah!
Hər dəfə sevdiyində
“Qadına haqq yox” dedi;
Müctəhidlə, padişah.
Eşitdim ta əsgidən,
Daş bütlərin önündə;
Qurbanlıq qoyun kimi
Baş əyirdin bıçağa.
Deyirlər, elə şeylər
Var dünyada, bu gün də:
Nə günlər keçirdin sən
Yetişincə bu çağa…
Bir dilsiz quzu kimi
Palaz bığlı tacirə;
– İstəməz, xatırlama -
Satıldığın günləri.
Şirvanın bazarından
Sürürdülər hər yerə;
Bağlananlar zülfünə -
Misirdən, Hinddən bəri.
Qaranlıq gecələrdə
Karvanlar keçir ikən.
Yurdunun əfsanəli,
Yoncalı yollarından;
Qaçmaqmı istəyirdin,
Ya nədən də qəflətən?
Əsirçilər yapışdı
Saçından, qollarından?
Bir az sonra Bağdadda,
Buxurdanlı sarayda;
Dərdli qəlbin qanından,
Mey sorardın vəzirə.
Dalğadan kəfəninlə
Dəclə adlı bir çayda;
Qanlı bir toy etdilər
Sən sevdiyin əsirə.
Aç tarixi vərəqlə,
Qanlı səhifələrdə;
Axıtdığın qanı gör
Əsirlər karvanında.
Eyni dərdlə inləmiş
Boğuq səsin hər yerdə.
Dünyanın hər yerində,
Misrində, İranında.
Deyirlər, qısqanclıqdan
Bilməm hansı peyğəmbər;
Bir əbədi intiqam
Almaq üçün qadından -
Demiş ki: “Gizlənməli
Bütün çirkin, gözəllər;
Əmrdir çarşaf sizə
Allahımın adından”.
O qanlı gündən bəri,
Dodaqlarında yox qan;
O qanlı gündən bəri
Hıçqırıqla boğuldun.
Şah olsun, dərviş olsun,
Nankor imiş bu insan;
Süd verdin insanlığa,
İnsanlıqdaq qovuldun.
İndi artıq yıxıldı,
Batdı qanlı saraylar.
Devirdilər taxtını
Qan içən padişahın.
İndi dinin dilində
Bambaşqa bir zikr var;
Fərqini anlayan yox
Savab ilə günahın.
Gəl, gecikmə, çıx artıq,
Çıx, qarış insanlara!
Vur başına zahidin
Eşqini, imanını;
Bir nəhayət qoy artıq
Verdiyin qurbanlara;
İnsanlığın yolunda,
Qurtar, əvvəl canını!..
1929
The free sample has ended.