Seçilmiş Əsərləri

Text
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Font:Smaller АаLarger Aa

YADLAR

Maşinistin xırıltılı səsi sərnişinlərə xəbər verdi:

– “Turist” stansiyası.

Düşən düşdü, minən mindi, elektrik qatarı yoluna davam elədi. Vaqonun geniş pəncərəsindən şam, ağcaqayın meşəciklərinə baxırdım.

“Turist” Moskva yaxınlığında adicə kənddir, amma mənim üçün onun kədərli-sevincli tarixçəsi var. Qonşum David İsayeviçin dilindən düşməyən, onun arvadı Bella İosifovnanın bəzən şirin-şirin, bəzən acı-acı dediyi “Turist stansiyası” sözləri beynimin və qəlbimin hansı hüceyrəsindəsə heç bilmirəm nə cür yerləşən və şahidi olduğum bir dastanı işıqlandırdı.

Müharibə başlananda qonşum Bekkerlər on il olardı evlənmişdilər. Pis də dolanmırdılar: Bella İosifovna dərziliyini eləyir, David İsayeviç həm nəşriyyat mətbəəsində, həm də evdə atasından qalma dəzgahda cilidçi kimi işləyirdi. Bircə dərdləri var ilisə, o da uşaq dərdi idi. Bekkerlər ildən-ilə ümidlə yaşayırdılar. Bir istədilər ispan hadisələrindən sonra ispan uşağı böyütsünlər, nə isə mətləb uzandı, baş tutmadı. Sonra vəziyyət qarışdı, davalar başlandı.

Qəribədir: David İsayeviç dörd il düşmənlə üz-üzə gəldi, bombaların partlayışını qulağı dibində eşitdi, yuxusuz gecələrdə palçıqlı-bataqlı yollarla geri çəkildi, hücumlarda iştirak elədi, amma bircə dəfə nə xəstələndi, nə yaralandı, evinə sağ-salamat döşü nişanlı qayıtdı.

Bella İosifovnanın da işi az olmadı – tikiş fabrikinə girdi, cəbhə üçün əsgər paltarı tikdi…

Bir axşam gələcəkdən söhbət açdılar. Təklik hissi güc gəlmişdi. Müharibə dostların hərəsini bir yana atmışdı: əsgər gedənlərin çoxu qayıtmamış, arxaya köçürülənlər orda-burda ilişib kök salmışdı… Yaş qırxa çatdığından, gələcək də konkret libas geymiş, yaxınlaşmışdı. O axşam hava da tutqun idi, işıq kəsilmişdi, axşamlar bəzən zavodlara enerji çatmırdı. Lampa işığında yarımqaranlıq otaq da kimsəsiz görünürdü. Gündüz metroda cavan bir ataya rast gəlmişdilər. Qucağında iki-üç yaşlı oğlan uşağı vardı. Diqqətlə ətrafa boylanıb baxırdı. Sonra girdə, maraq dolu gözlərini onlara zillədi, gah arvada, gah kişiyə baxdı. Davidin ağlına qəribə bir fikir gəldi: “Oğlan qırx ildən sonra onun yaşına gəlib çatacaq. Qırx il sonra… eləyir səksən neçənci il! Bu ili nə özü görəcək, nə də arvadı. Bəs onları düşünən, yada salan olacaqmı? Deyəcəkmi, bir vaxt belə bir adam, belə bir fəhlə bu dünyaya gəlmişdi? Yox, deyən olmayacaq!”

Daha bəsdir, dedilər, bircə gün belə dözmək mümkün deyil!

Səhərisi öyrəndilər ki, həmin bu “Turist”də uşaq evi var. Bunu onlara şəhər idarəsində üzü cavan, saçı ağarmış arıq bir qadın dedi. Amma uzun sorğu-sualdan sonra. Əvvəlcə gələnləri diqqətlə süzdü. David İsayeviç kiteldə idi. Çiyinlərindəki poqon yerləri tünd yaşıl idi. Hərbi medalları, “sağdan sola hesablan!” əmrinə müntəzir duran əsgərlər kimi, bir-birinə qısılıb sıraya düzülmüşdü.

Qadın ev şəraitləri ilə maraqlandı. “Bəs qonşular? Uşaq böyüyəndə ona deməzlərmi?” – soruşdu.

Bella duruxdu, ərinə baxıb, “qonşularımızla pis dolanmırıq” dedi.

Qadın məsləhət verdi: “Həyatınızı kökündən dəyişərsiniz. Bəlkə başqa evə köçəsiniz? Fikirləşin.” Ağlabatan fikir idi. Maaşlarını soruşdu, adlarını, ünvanlarını yazdı, nəyi isə yadına salırmış kimi dərin fikrə getdi, sonra, sanki qəti qərara gəlib, “Turist”in adını çəkdi. Qəsdənmi uzağı dedi, yoxsa ən yaxını elə bu idi, demək çətindir. Hər halda ilk addım atılmış, ilk uğurlu söz deyilmişdi.

Savyolov vağzalına gəldilər, qatara mindilər. O zaman burada elektrik xətti hələ çəkilməmişdi; parovozda düz iki saat yol gəldilər. Stansiyada uşaq evini soruşdular.

Yayın son günləri idi. Bir saata yaxın yol gedib, axtardıqları evi tapdılar. Birbaş direktorun yanına gəldilər. Yekəpər, ucaboy bir qadın idi. Yaşı qırx da ola bilərdi, əlli də. Çünki şişman idi.

Əvvəl direktor onları acıqlı qarşıladı. Bəlkə də bu, onun adi görkəmi idi. David, həmişə olduğu kimi, Bellanı irəli çəkib, ilk sözü ona vermək istədi. Amma rədd cavabı eşidəcəyindən qorxub özü dilləndi. Söhbəti uzatmadan sadəcə xahişlərini bildirdi. Direktorun eyni azca açıldı. Sonra məlum oldu ki, direktor söhbətin müqəddiməsiz başlanmasından razı qalıb, bəzən bu xahişlə gələnlər yalvarıb-yaltaqlanır, əzilib-büzülür, utanıb-sıxılırlar və bundan da direktorun qətiyyən xoşu gəlmir. Amma eyni açılsa da, direktor, demək olar ki, xahişlərini rədd elədi. Dedi ki, “uşaqlar burada özlərini çox yaxşı hiss edirlər”, “əsl ev şəraitində böyüyürlər”, “dünyada ən mürəkkəb, ən çətin iş varsa, o da uşaq böyütməkdir” və sairə bu kimi ümumi sözlər.

– Bunu bacara biləcəksinizmi?

– İndi demək çətindir.

– Gördünüz?!

David etiraz elədi:

– Hələ görməyə bir şey yoxdur.

– Həvəsdir, sönə bilər.

– Sizdən xəbərdarlıq etmək, bizdən eşitmək.

– Rəsmi göstəriş olmadan…

– Bu da rəsmi göstəriş! – David kitelinin düyməsini açıb əlini döş cibinə saldı, pasportun içindən şəhər idarəsindən aldığı kağızı çıxartdı, direktora uzatdı.

Direktor diqqətlə kağızı oxudu, “Bekker” sözünü ucadan deyib fikrə getdi.

David familiyası ucadan deyiləndə nədənsə özünü narahat hiss edir, səsin ahəngində başqasının sezə bilmədiyi qeyri-adi məna duyur. Bu hiss, görünür, Daviddə həssaslıqdan doğurdu. Hər halda familiyanın ucadan deyilməsi Davidin xoşuna gəlmədi. Üstəlik direktor “David İsayeviç” də dedi. Elə bil birinci dəfədir eşidirdi. Ya da çoxdan tanıyır, unutduğundan, harada və nə zaman eşitdiyini yadına salmaq istəyirdi. David köks ötürüb “buna da dözərik” fikirləşdi.

– Məsləhət görməzdim sizə.

– Məsləhət almaq dövrünü biz artıq yaşamışıq.

– Hər halda…

– … bilirik ki, xəbərdarlıq etmək borcunuzdur!

Söz direktoru tutdu:

– Bəli, borcumuzdur, – dedi.

David, sorğu-sualı birdəfəlik kənara atmağı qət edib, birbaşa mətləbə keçdi:

– Biz ata-anadan yetim iki-üç yaşlı oğlan uşağı aparmaq istərdik.

– Elə indi? Bu mümkün deyil!

– İndi niyə? Qoy bizə öyrəşsin, siz də bizi tanıyın, qışa yaxın apararıq.

Direktor bir də kağıza baxdı, siyirmədən siyahı çıxardıb gözdən keçirdi, birdən:

– Bəlkə oğlan yox, qız? – deyə soruşdu. – Oğlan köçəri quş kimidir, qız isə böyüyəndə ata-ananın yanında qalır.

Bella direktorun razı olduğunu görüb sevindi:

– Biz oğlan uşağı istəyirdik, amma neynək, qoy siz deyən olsun.

Qorxdu ki, direktor fikrini dəyişər.

Davidin, arvadına və direktora acığı tutdu:

– Biz oğlan istəyirik!

Bella:

– Axı, direktorun sözlərində həqiqət var, – dedi. Mənalı-mənalı ərinə baxdı. Sanki “höcət eləmə!” dedi.

David sözündən dönmək fikrində deyildi:

– Həqiqət oldu-olmadı!

– Axı qız…

– Görürəm, siz özünüz hələ qəti qərara gəlməmisiniz.

David arvadına baxdı: “Gördün? Deyirsən “höcət eləmə!” Bizi yoxlayır ey!”

– Qərarımız qətidən də qətidir! – dedi.

Direktor qalxıb “gözləyin” dedi və otaqdan çıxdı.

Çox gözləməli oldular. Bella pıçıltı ilə: “Yaşa, David İsayeviç! – dedi. – Qadınların dilini yaxşı bilirsən!”

“Sən də qəribəsən: axı, danışdıq, razılaşdıq…”

“Nə bilim…” – Bella kədərli-kədərli dilləndi.– Qız ya oğlan, özümüzkü olsaydı…”

“Yenə başladın?”

“Daha demərəm…”

Direktor ağ xalat gətirdi. Geydilər.

Uşaqlar təzəcə durmuşdular, çay içirdilər. Nəlbəki-stəkanlara dəyən qaşıqlar cingildəyir, çağa çığırtıları tərbiyəçilərin səslərinə qarışırdı. Səs-küydən qulaqları tutuldu. David də, Bella da otağa girən kimi nədənsə eyni tərəfə baxdılar – xidmətçi qadının qucağında alagözlü, sarışın bir oğlan uşağı oturmuşdu. Budağa qonmuş sərçəyə oxşayırdı. Dipdiri gilə gözlərini Davidə zilləyib, yumru barmağını ona sarı tuşladı, bədənini hərəkətə gətirib xidmətçinin qucağında atılıb-büküldü, gələnlər tərəfə atıldı. Xidmətçi qadın yaxın gəldi. Oğlan əvvəl Davidin qucağına gəlmək istədi, amma fikrini dəyişib xidmətçi qadına qısıldı, sonra Bellaya baxıb ona sarı əyildi. Bella uşağı qucağına aldı.

– Bax, belə!.. Tale üzümüzə güldü.

Direktor ucadan:

– Yura İvanovdur, – dedi.

– Nə olar? Qoy Yura olsun.

Direktor daha nə isə demək istədi, amma susdu.

Bir həftədən sonra yenə gəldilər, bütün günü Yura ilə oynadılar, hətta geyindirib meşəyə gəzməyə apardılar. “A-na” deyəndə əli ilə Bellanı göstərirdi. Hey çalışdılar “a-ta” sözünü desin, bir şey çıxmadı. Uşaq Daviddən qorxurdu. Günün axırına tamam əldən düşdülər. Uşaq ora-bura dartınır, qaçır, yıxılır, atılıb-düşürdü. Bir an belə onu gözdən qoymaq olmazdı.

Daha bir həftədən sonra gələndə bildirdilər ki, bu günlərdə aparacaqlar. Hər dəfə uşaq “ata-anasına” təzədən öyrəşməyə başlayırdı, bir həftədən sonra onları tanıya bilmirdi.

Tələsmirdilər. Çünki evlərini dəyişirdilər. Təzə həyatı təzə evdə başlamaq istəyirdilər və bu təzə evə, söz-söhbət olmasın deyə, uşaqla köçmək istəyirdilər. Bir adam da bilməsin ki, uşaq onların deyil.

Çox axtardılar, nəhayət tapdılar. Düzdür, köhnə evləri “Dmitrovka” adlandırdıqları Puşkin küçəsində, metrodan beş addımlıqda, Böyük teatrın, Sverdlov meydanının yaxınlığında yerləşirdi, indi isə Usaçovka tərəfdə, “Kauçuk” zavodunun yanındakı qırmızı kərpicli evdə yaşamalı idilər. Mərkəzə köçənlər üstəlik pul da istədilər. Çünki mənzilləri ayrıca idi, Bekkerlərin isə həmxanaları vardı. Bella müharibə illərində belə satmadığı, nadir hallarda geydiyi şubasını satmalı oldu.

Təzə evə köçən günü “Turist”ə gedib, Yura ilə qayıtdılar. Yuriyə təzə metrik alındı. “Atası” bölməsində “David İsayeviç” yazıldı, “anası” bölməsində “Bella İosifovna”.

Hər sözün başında Yuranın adı deyilir, hər cümlələrini onun adı ilə bitirirdilər. Bahalıq idi. Qənd-yağ almaq, ağ çörək tapmaq çətindi. Bütün var-yoxlarını Yura üçün xərcləyirdilər. Pula qənaət etmədən, yeməyin yaxşısı Yuranın idi. Uşaq gündən-günə təzə sözlər öyrənirdi. Çöp kimi nazik, zəif ayaqları ətə-qana dolurdu.

Bella elə bil cavanlaşmışdı. Baxışından kölgələr, alnından qırışlar silinmişdi. Qollarına qüvvət gəlmişdi.

 

Yura yıxılanda ağlamırdı. Amma başı hey stol ucuna, qapı dəstəsinə dəyirdi. Onda səsi aləmi götürürdü. Başı gah orda, gah burda yumrulanıb şişir, qəpik boyda göy ləkələr alnından çəkilmirdi. Həyət qonşuları deyirdilər ki, “başı möhkəm olacaq”. Bella əlavə edirdi: “Doğrudan da dahi olacaq!” Davidin dili dinc durmurdu: “Ya dahi olacaq, ya da ağıldan kəm” – deyirdi. Bella belə hallarda ərinə acıqlı-acıqlı baxırdı: “Bunu deməkdənsə xarrat çağırtdır, qoy stolun uclarını kəssin!”

Yurinin öz dili var idi. David bir gün əlində iri top gətirdi. Topu Yuraya göstərib yerə vurdu. Top yerə dəyib göyə atıldı, düşüb qalxdı. Yura topu göstərib “dya-pa” dedi. Topun adı “dyapa” oldu. Kərpic evlərinin yanında o zaman, indi uçurulub dağıdılmış, ikimərtəbəli taxta evlər – baraklar uzanırdı. Evlərdə qaz yox idi. Hər gün at arabasında ağ neft gətirilirdi. Yura atı görüb barmağını uzadır, “bığ-bığ” deyirdi. Atın adı “bığ-bığ” oldu.

Yayda Moskva kənarında bağ tutub, şəhərdən köçürdülər. Kənd yerində Yuranın cansız bədəni bərkiyirdi.

Yura ər-arvada hamını unutdurmuşdu. Hətta Davidin ərdə olan və tez-tez onlara gələn qardaşı qızı Jenya əmisini və əmi arvadını Yuriyə qısqanırdı. Jenya Bekkerlərin sevimlisi idi. İndi aylarla da yada düşmürdü. Köhnə dostlar da unudulmuşdu. Bekkerlər nə bir yerə gedir, nə də qonaq görmək istəyirdilər: Yuranın yemək, gəzmək və yatmaq rejimi evin müqəddəs qanunu idi. Vaxt dəqiqəbədəqiqə bölünmüşdü və heç bir qüvvə bu topdağıtmaz rejimi poza bilməzdi.

Bella Yuraya elə öyrəşmişdi ki, desəydilər doğma deyil, inanmazdı. Qonşular bəzən deyəndə ki, “Yuranın gözləri elə bil sizinkidir”, inanardı, ürəyi dağa dönərdi.

Dərziliklə məşğul olan Bella qorxurdu ki, iynə Yuranın əl-ayağına batar. Odur ki, cəmisi üç iynə saxlamış, qalanlarını gizlətmişdi ki, işdə olanların sayını bilsin. Hər dəfə tikişi qurtarıb iynələri yoxlayırdı. Ən dəhşətli yuxusu iynə ilə bağlı idi – iynə gah Yuranın bədəninə sancılır və oradaca qalırdı, gah da… Bella hövlnak qalxıb bunun yuxu olduğunu görəndə asudə nəfəs alır, qalxıb Yuranın yanına gəlir, yorğanını düzəldir, saçını azca tərli alnından yana çəkirdi.

Xərcləri artmışdı. David axşamlar işdən sonra cilidçiliyini eləyirdi. Bella tikiş fabrikindən çıxsa da, axşamlar, uşaq yatandan sonra, fərdi sifarişlə pal-paltar tikirdi. Yatmaq vaxtı gələndə qollarında, dizlərində güc qalmırdı.

Bella xəstələndi. Bir-iki gün Jenya gəlib-getdi, sonra David həkim çağırıb işə getməmək üçün icazə vərəqəsi aldı. Yenə ortalığa bağça söhbəti çıxdı. Gördülər ki, olmur, uşaq bağçaya getməlidir. Fabrikdən kömək elədilər, uşağı bağçaya düzəltdilər.

David Yuranı tramvaya mindirib bağçaya aparır, oradan mətbəəyə gedirdi. Davidlə gedəndə Yura ağlamır, həvəslə uşaqlara qoşulurdu. Bella sağalıb aparanda isə ağlayır, anasından ayrılmaq istəmirdi.

Yura bağçadan təzə söhbətlər, təzə sözlər gətirdi.

Küçə ilə gedirdilər. Gördülər ki, bir arvad öz uşağını döyür. Yura dayanıb: “Balacaları vurmaq olmaz!” dedi. Arvad dönüb heyrətlə Yuraya baxdı: “Bunun bir boyuna bax, yekə-yekə danışmağına tamaşa elə!” – deyib Bellanı kinayə ilə süzdü. Amma daha uşağı döymədi, hirsli-hirsli qabağına qatıb apardı.

Bağçadan evə gətiriləndə yolda məzəli əhvalatlar danışırdı. həmişə də heyrətlə:

– Bilirsənmi Saşa Orlov nə dedi?

– Nə dedi?

– Dedi, südümü içmişəm, bir stəkan da verin!

– Nə olar ki? Sən də istə.

Bir dəfə isə David heyrətlənməli oldu.

Yura:

– Bilirsənmi, – dedi, – Yola Feygel yəhudidir, Alik Xabubullin isə tatar! Uşaqlar dedilər!

– Nə olsun ki?! Biri rusdur, biri tatardır, biri də erməni. Həyətimizdə bir oğlan var ey, səninlə oynayır, adı nədir?

– Sandro.

– Bax o gürcüdür.

– Bəs mən kiməm?

– Sən?.. – David duruxub bir anlığa fikrə getdi.

– Atan-anan kimdirsə, sən də ondansan.

Yura daha bir söz demədi. Tramvaya çatmışdılar.

Amma söz Yuranın ağlına batdı. Gələn dəfə Davidi bağçaya çağırdılar, dedilər ki, Yura bir oğlanı döyüb. David tərbiyəçiyə bir söz demədi, yolda Yuranı danladı, hətta döymək istədi, amma əlini saxladı – hələ bir kərə də nə özü, nə də Bella uşağı döyməmişdilər. Biləndə isə Yura Yola Feygelə sataşan oğlanı döyüb, daha danlamadı, ürəyində oğluna “əhsən!” dedi.

Həyətdə uşaqlarla oynayanda görürdülər ki, Yurada başçılıq hissi güclüdür. İstədiyini eləyirdi, Bəlkə ərköyün böyüməsinin nəticəsi idi? Qonşular tez-tez şikayətə gəlirdilər: şuluqluq edir, uşağımızı yelləncəkdən qovur, filan meydançaya qoymur, hər yerdə birinci olmaq istəyir…

Bir dəfə Jenyanın yanında şikayətləndilər. Jenya:

– Qudurdursunuz uşağı, – dedi, – cilovunu yığın! Quruca danlamaqdan nə çıxar?

Bella:

– Vura bilmirəm, – dedi. – Qəlbini incitmək, istəmirəm.

– Özünkü olsaydı vurardın?

– Yura mənə doğmadan da doğmadır.

– Yaddan doğma olmaz.

Bu sözlər iynə olub Bellanın ürəyinə sancıldı.

– Elə demə, Jenya. Namərd tapılmasa, uşağı öyrətməsələr, bizə şübhəsi olmaz.

– Kim bilir ki, desin?

– Xainə nə gəlib!

– Qorxma, deməzlər… Elə bilirsən vurmasan, döyməsən, sizi daha da çox istəyəcək?

– Bilsə-eşitsə, fikirləşər ki, yad idi, ona görə döyürdük, qəlbi sınar.

– Əzizləyin, qoy başınızda otursun! Bunun zərərini həm siz dadacaqsınız, həm də ətrafdakılar.

Bir dəfə eşitdilər ki, Usaçovka bazarının yanındakı hamamın qabağında uşaqlar dalaşır, Yura da oradadır. Demə, uşaqlar yekəpər, qarabığlı çəkməçiyə sataşmış, Yura da sataşanlardan ikisini tutub döymüşdü. Uşaqlar sözləşib Yuranı təkləmiş, o ki var vurmuşdular. Nə isə, Yura dinc durmurdu. Həmin gün Bella Yuraya bərk acıqlandı, heç özü də bilmədi nə təhər ona əl qaldırdı, üzündən vurdu. Və elə bildi ki, indicə Yura küsüb gedəcək. Amma Yura silləyə əhəmiyyət vermədi. Hətta bir neçə dəqiqədən sonra heç nə olmamış kimi, yenə gülüb-oynamağa başladı. Bella isə uzun müddət özünə gələ bilmədi. Fikirləşdi: “Oğlan uşağı dəcəl olar. Yaşa dolduqca ağıllanar, sakitləşər”.

Elə də oldu. Yura ildən-ilə ağıllanırdı, ciddiləşirdi.

Bellanın canından ögey-doğmalıq hissi də yavaş-yavaş yoxa çıxırdı. “Hərə öz işindədir, bizimlə kimin düşmənçiliyi var?..” – bu fikir gücləndikcə Bella sakitləşirdi.

Köhnə tanışlarla əlaqə kəsilmiş, hətta Jenya il yarımdı şəhərdən köçmüşdü, əri ilə Orta Asiyada olurdu. Hərdən “qardaşı Yuraya” nar göndərirdi.

Məktəbdə Yura pis oxumurdu. Yaxşı da demək olmaz: bəzən “beş” alır, hərdən “dörd” gətirir, çox zaman isə “üç”lə kifayətlənirdi. Müəllimlər deyirdilər: “İstedadlı uşaqdır, amma tən-bəllik edir, diqqətini toplaya bilmir”. Çox kitab oxumuşdu. Hətta beşinci sinifdə bir dəfə ədəbiyyat müəlliminin səhvini düzəltmişdi: müəllimə dedi ki, iki Tolstoy olub – Lev Nikolayeviç və Aleksey Nikolayeviç. Yura əlini qaldırıb dedi:

– Klavdiya Timofeyevna, biri də var – Aleksey Konstantinoviç. Mən onun “Knyaz Serebryanı” romanını oxumuşam.

Bella İosifovna təqaüdə çıxmışdı. Ərinə nisbətən qoca görünürdü. Oğlu ilə gedəndə, deyərdin nəvəsidir. Amma Yura ata-anasının qoca olduğunu ağlına belə gətirmirdi: övlad üçün ata-ana həmişə cavandır.

Sakit, mehriban yaşayırdılar. Səmaları buludsuz idi, gölləri dupduru.

Bəla, həmişə olduğu kimi, lapdan gəldi.

Yura məktəbdən gəlib çörəyini yemiş, həyətə oynamağa çıxmışdı. David işdə idi. Bella paltar yuyurdu.

Həyətdəki futbol meydançasında iki ev yarışırdı. Yuri də durub tamaşa edirdi. Qonşu məhəllənin uşaqları, papiros damaqlarında, Yuriyə yaxınlaşdılar, onu itələyib irəli keçdilər. Yuri ilə həmyaşıd idilər. Onları yaxşı tanıyırdı. Yuri onu itələyənlərə bir söz demədi, amma iti dirsəyini axırıncısının böyrünə vurdu, qəzəbli-qəzəbli dəstəni süzdü.

Oyun qurtardı. Yuranın evi qalib gəldi. Camaat dağılışmağa başladı. Yuri də evlərinə sarı yönəldi.

Qonşu məhəllənin uşaqları onu arxadan çağırdılar:

– Heç bizi saymırsan, nə olub?

Yuri dönüb uşaqlara baxdı, dinmədi. Hiss elədi ki, sataşırlar.

– Gəl papirosumuzdan bir qullab vur!

Yuri bu dəfə heç dönmədi.

– Qudurasan səni, Abram!

Yuri həyəcandan ağappaq ağardı. Cəld geri dönüb uşaqların üstünə atılmaq istədi, amma kim isə çiynindən tutdu. Süpürgəçi qadın idi. Üzünü uşaqlara tutub:

– Elə niyə deyirsiniz? O da sizin kimi rusdur, yetimxanadan oğulluğa götürüblər!

Uşaqlar deyilən sözlərə etiraz etmədən, quruyub mat-mat Yuriyə baxdılar. Süpürgəçi qadının inamla deyilən sözləri Yurini qılınc kimi kəsdi.

– Necə-necə? Yetimxanadan?!

Yurini yalnız müdafiə etmək fikrində olan süpürgəçi qadın böyük günah işlətdiyini duyub qorxa-qorxa inildədi, əlini ağzına yapışdırdı.

Yuri, qapı ağzında dinməz durub ona yazıq-yazıq baxan qonşuları dəli kimi süzdü. Qonşular başlarını aşağı saldılar. Sanki süpürgəçi qadının sözlərini təsdiq etdilər. “Deməli, düzdür! Düzdür!” Yuri bunu qəti yəqin etdi, evə cumdu, başı alovlu, pillələri iki-bir, üç-bir dırmaşmağa başladı, qapılarını açıb təngnəfəs otağa keçdi, masa siyirməsini açıb velosiped üçün yığdığı pulu götürüb çıxdı, qapını çırpıb, eyni sürətlə küçəyə atıldı.

Hamamxanada paltar yuyan Bella qapı örtüləndə diksinən kimi oldu, sabunlu əllərini qaldırıb “kimdir?” soruşdu, hay verən olmadı, fikirləşdi ki, “görünür, yanılmışam”, əllərini yenə sabunlu suya saldı.

Yuri xeyli yüyürdü, tramvaya çatanda dayandı, nəfəsini dərdi. Beyni qaynayırdı. “Deməli, hamı bilirdi ki, ögeyəm! Məndən gizlədiblər!” Ürəyində acı qəzəb oyandı. Böyük, sönməz, odlu bir qəzəb. Atalığına da, analığına da. Bütün dünyaya qarşı qəzəb.

Tramvaya mindi. Tramvaydan düşüb Qorki parkı metrosuna girdi. Kursk vağzalında metrodan çıxdı. Kassaya yaxınlaşdı:

– Sevastopola bir bilet.

– Hansından?

– Ucuzundan.

– Yarım saatdan sonra qatar yola düşür. Yalnız yumşaq vaqona var.

– Verin.

Qiymətini eşidəndə ürəyi düşdü: illərlə yığılan pulu verməli idi. Bileti aldı. Perrona çıxdı. Vaqonunu tapıb mindi, yerinə keçib oturdu.

Kupedə ucaboy, kök, hərbi geyimli bir kişi vardı. O, kitelinin yaxasını açıb yaylıqla tərini silirdi. İki xətli poqonunda üç ulduz var idi. Yuri dərhal müəyyən etdi: “Birinci dərəcəli kapitan!” Sonra, iki nəfər də gəldi. Görünür, ər-arvad idilər. Oğlanın yüksüz olması kapitanı şübhələndirdi. Amma geyimindən, davranışından qət etdi ki, tərbiyəli ev uşağıdır.

Qatar tərpənəndə Yurini ağlamaq tutdu. Yumşalan kimi oldu. Tərəddüd elədi. Atalığına, analığına yazığı gəldi, amma dərhal kin, acı bir duyğu qəlbini incitdi: “Hamı bilirdi!.. Mən kiməm? Əsl atam-anam kimlərdir? Bəlkə adımı da dəyişiblər? Hamı, hamı bilirdi!..”

Bələdçi biletləri yığanda biletini uzatdı. Kapitan: “Aha, biletsiz deyil!” düşündü. Bələdçi yorğan-döşək pulunu istəyəndə Yuri qızardı. Dedi ki, yorğan-döşək istəmir. Bələdçi “yorğan-döşəksiz olmaz” dedi. Yuri xırda pulunu çıxarıb saymağa başladı. Kapitan hiss etdi ki olan-qalan pulu elə budur. Yenə şübhələndi: “Pulu yoxdursa, niyə yumşaq vaqonda gedir? Yola salanı var idisə, niyə yorğan-döşək pulu verməyib? Heç əl çantası da yoxdur!.. Çox qəribədir!..”

Kapitan:

– Bunun da yorğan-döşək pulunu məndən çıxın, – dedi və bələdçiyə pul uzatdı.

– Çox sağ olun, pulum çatır! – Yuri xırda pulu bələdçiyə verdi. Cibində bir şahı da qalmadı.

Kupedəkilər yeməyə hazırlaşanda kapitan da kolbasa, bişmiş cücə, çıxartdı, Yuriyə “yaxına gəl!” dedi. Yuri “mən toxam” deyib kupedən çıxdı. Qayıdanda kupedəkilər artıq yeyib qurtarmışdılar.

– Deməli, qaçdın!

Kapitanın bu sözündən Yuri çaşdı, amma “yeməyimizi bəyənmədin!” eşidəndə sakitləşdi.

– Adını da demirsən ki, bilək,

Yuri öz adını gizlədib başqa bir ad demək istədi, dili gəlmədi.

– Mən də Andrey Andreyeviçəm… Sevastopoldansan?

– Moskvadan.

– Bəs ilin bu vaxtında… yoxsa məktəbdə oxumursan?

– Yunqa olmaq istəyirəm.

Fikirləşdi: “Evdən qaçıb”, amma bildirmədi – sərt söz, kobud sual oğlanı yalan deməyə məcbur edər, daha yanlış hərəkətlərə gətirib çıxarar.

– Nə olar, yunqalıq da pis sənət deyil.

Kupedəki arvad söhbətə qarışdı:

– Məktəbi qurtarıb həkimlik sənətini seçmək daha yaxşı olardı.

– Məndən həkim çıxmaz.

– Niyə?

– Qan görəndə ürəyim bulanır.

Qəribədir: ata-anası da Yurinin gəmiçi olmaq istədiyini eşidəndə demişdilər ki, ən yaxşı sənət həkimlikdir.

– Yunqalıq elə bilirsən asandır?

– Mən yaxşı üzürəm. Qollarım da güclüdür. Hətta… hətta düyün bağlamağı bacarıram.

Andrey Andreyeviç bir müddət susdu, sonra:

– Daha gecdir, – dedi. – Gəl kupedən çıxaq, qonşularımız uzansın, sonra biz də yatarıq.

Kupedən çıxan kimi Andrey Andreyeviçin ilk sualı:

– Bəs ata-anan nə deyir? – oldu.

– Heç kimim yoxdur. Yetiməm.

– Bəs kiminlə olursan?

– Tanışların evində olurdum.

Andrey Andreyeviç daha bir söz demədi.

 

Səhər, həmişəki kimi, tez oyandı. Kupedəkilər hələ yatırdı. Pəncərədən çölə xeyli baxdı. Teleqraf dirəkləri geriyə qaçır, uzaqdakı ağaclar isə qatarla irəliyə cumurdu.

Qapını astaca açıb çıxdı. Əl-üzünü yudu. Ta kupedəkilər duranacan koridorda dayandı.

Səhər yeməyindən yenə boyun qaçırmaq istədi. Bu dəfə Andrey Andreyeviç qolundan tutub oturtdu, amiranə “ye” dedi. Hamı diqqətlə Yuriyə baxırdı. Yuri hiss etdi ki, kim olduğunu bilirlər.

Kapitan Yuriyə:

– Şahmat gətir, oynayaq, – dedi.

– Şahmatı bacarmıram. Dama oynamaq bilirəm.

– Qoy dama olsun.

Oynadılar. Hesabları “bir-bir” oldu.

– Deməli, yunqa olmaq… O ölkədən bu ölkəyə, o limandan, bu limana… İstanbul, Afrika, Marsel… Eləmi? – gülümsündü.

Yuri başı ilə “hə” dedi.

– Mən də vaxtı ilə yunqalıqdan başlamışam. Çox ağırdır!.. Amma mənim ayrı çarəm yox idi, məktəb üzü görməmişdim. Balıqçı atam dənizdə batandan sonra anam məni atamın matros dostunun yanına apardı, dedi, qoy yanında yunqa işləsin… Çox ağırdır! Ora dırmaş, bura qaç, oranı yu, buranı sil, parıldayanacan sürt. Yuxu kəsir, yorğunluq üzür, əllər qabar-qabar! Dənizçilik gözəl sənətdir, amma oxuyub şturman olasan, mühəndis olasan!.. Neçənci sinifdəsən?

– Yeddidəyəm.

– Deməli, Naximov məktəbində oxuya bilərsən. Sonra, həvəsin olsa, dənizçilik məktəbinə girərsən, ya gəmi qurarsan, ya da gəmi sürərsən. Elə deyilmi? – Yuri “elədir” – dedi.

– Deyirsən, elədir, amma tələsmisən! Məktəbdən sənədin varmı? – Yuri başını aşağı saldı. – Yoxdur!

– Metrikin varmı?.. Onu da evdə qoymusan! Sevastopolda qalmağa yerin də yoxdur!.. Düzdürmü? Düzdür!.. Amma bəxtin bu dəfə də gətirib! Çünki mənə rast gəlmisən!

Bu ümidlə də Yuri sakitləşdi.

Andrey Andreyeviçi arvadı qarşıladı. Yuri adicə “bu da Yuradır” kimi təqdim olundu. Arvadı heç soruşmadı “Hansı Yuri? Nəyimizdir? Kimimizdir?” Çünki bu iyirmi ildə ərinin belə hərəkətlərinə öyrəşmişdi. Həmişə bir hoqqa çıxarırdı. Səfərdən gah görürsən “yaxın dostunun” oğlu ilə qayıdır, deyir “yeməyini ver, acdır, cibinə də beş-on manat qoy, bizim məktəbdə oxuyacaq…” İndiki oğlan da, kim bilir, hansı “qohumunun” uşağıdır. Andrey Andreyeviç elə bil arvadının fikrini tamamladı:

– Yuri mənim köhnə tanışımın oğludur, üç-dörd gün bizdə qalacaq, sonrasına baxarıq.

Doğrudan da bəxti gətirmişdi. Andrey Andreyeviç onu Naximov məktəbinə apardı, biliyini yoxlatdırdı. Onun xahişi ilə Yurini məktəbə yazdılar, anket doldurdular. Adını dedi. Atasının adını soruşanda tərəddüd etdi, bilmədi nə desin, sonra ürəyində nəyi isə qət edib “Andreyeviç” yazdırdı. Familiyasını soruşdular. Yuri təzə familiya uydurmaq istədi, bacarmadı. Uşaqlar məktəbdə ona “Bek” deyirdilər; “Bekker”in kiçildilmiş variantı; elə də yazdırdı: Yuri Bek. Yataqxanada yer aldı. Pal-paltar, ayaqqabı verdilər. Kursant həyatı başlandı.

Moskvada isə…

Dastanlarımızda deyilən kimi, Yuri Sevastopolda dolanmaqda, kursant kimi yaşamaqda olsun, sizə kimdən deyim, Bekkerlərdən.

Axşam düşdü, David işdən gəldi, Yuri isə gəzməkdən qayıtmadı. Bellanın bu on-on iki ildə bircə günü də rahat keçməmişdi. Təkcə Yura yatanda asudə nəfəs alırdı. Yuri az yedi – narahatlıq, gəzməkdən gec qayıtdı – həyəcan, məktəbdən pis qiymət gətirdi – qanqaralıq… Uşaqlar, tramvay, maşın… Yurinin hər addımı Bellanın ürəyindən keçirdi. O, Yurinin həyatı ilə yaşayırdı.

Adət etdikləri adi həyəcan şiddətləndi. David həyəti gəzdi, uşaqlardan Yurini soruşdu. Güman gələn uşaqların evlərinə zəng vurdular. Qonşu həyətləri, yaxın küçələri gəzdilər… Davidi üstəlik Bellanın özü narahat etməyə başladı – arvad az qalmışdı dəli olsun. Uşaqlardan birisi Yurinin futboldan sonra kiminləsə sözləşdiyini dedi. Qonşular yığışdı. Təsəlli verdilər. Bella deyilənləri eşitmirdi, Davidə tez-tez “bir çarə tap!” deyirdi. David də məəttəl-məəttəl ətrafa boylanır, nə deyəcəyini bilmirdi. Yaxın milis idarəsinə xəbər verdilər. Təcili yardıma zəng elədilər, xəstəxanalarla danışdılar, yenə milis idarəsinə gəldilər. Nə bilən var idi, nə də görən-eşidən. Nəhayət, gecəyə yaxın, qonşular dağılışandan sonra, süpürgəçi qadın onlara yaxınlaşdı:

– Vurun, öldürün, günah məndədir! – dedi.

Və bütün olanı danışdı. Kəsilə-kəsilə, yana-yana. Neçə ildən bəri qorxa-qorxa saxladıqları sirr demə sirr deyilmiş! Bella taqətdən düşüb divara söykəndi, boynunu büküb əlini alnına apardı. Sifəti qapqara qaralmışdı.

Bekkerlər hər yerə xəbər verdilər. Yura quyuya atılan daş oldu, samanlıqda itən iynəyə döndü.

Səhərisi də həmçinin, o biri gün də…

Bella nə işdən yapışırdısa, yarımçıq qoyub, saatlarla fikrə dalırdı. Əlində iynə, çörək tikəsi, birdən görürsən fikir onu aparırdı. Bilmək də olmurdu, huşu özündədir, ya yox. Pəncərə məhəccərinə qoyulmuş balışa dirsəklənib, saatlarla küçəyə boylanırdı. Ta qaş qaralanacan baxırdı. Çağırmasaydın, heç pəncərədən ayrılmazdı. Evdən çölə addım atmaq istəmirdi. Deyirdi çıxaram, birdən gələr, bizi evdə tapmayıb küsər… Stol yeşiyini açıb yoxlayanda pulu görmədilər. David əvvəlcədən yəqin etmişdi ki, Yuri Moskvada deyil. İndi lap yəqin elədi.

Bella birdən-birə qocalmışdı. Baxışında həvəs sönmüşdü. Davidin işi-peşəsi Bellaya ürək-dirək vermək olmuşdu. Deyirdi, gec-tez qayıdacaq, çünki biz onun üçün həqiqətən ata-ana olmuşuq.

Jenya da hey yazırdı: “Yenə mən deyən oldu! Ögeydən doğma olmaz!…” “Siz onun yolunda canınızı çürütdünüz, o isə bircə anda yaxşılığınızı yerə vurdu!…”

Jenya qışda Davidin xahişi ilə beş-on günlüyə Moskvaya gəldi. Bellanı evdə tək qoymaq olmazdı. Həkimlərin məsləhəti də bu idi.

Yaz qabağı Bella xəstələndi. Əsəb gərginliyinin nəticəsi idi. Tez-tez ölümdən danışırdı və Davidə tapşırırdı: “Ölsəm, onu ev dəftərindən sildirmə”. Bir dəfə də dedi notarius çağır, vəsiyyətnamə yazdıraq, olan-qalan şeylərimizi Yuriyə vəsiyyət eləyək. O qədər dedi ki, David notarius çağırmalı oldu. Vəsiyyətnamə yazdılar. Bella xahiş elədi: “Jenya bunu bilməsin!” David səbəbini soruşmadan “yaxşı” dedi. Jenya bilsə deyərdi: “Ah sizi, başsız idealistlər!.. Həyat sizə dərs olmadı!..”

Oğul dərdi Bellanı öldürdü.

Bella ilə bərabər Davidin canı da basdırıldı. Tabut qapağı mıxlananda David elə bildi ki, mıxı beyninə vururlar. Mıxvuranın qara, tutqun sifəti gözləri önündən çəkilmirdi. Bir mıx bura, bir mıx ora… Tələsə-tələsə! Bu da bir növ sənətdir, peşədir.

İnsana lazım. Əvvəl-axır mıxlar vurulmalıdır. Tabut yerin yeddi qatına endiriləndə qapaq açılmasın deyə. Sonra David tappıltı səsi eşitdi, torpaq tappatap tabuta dəyirdi… David tək qaldı. – Oğul vəfasız çıxdı. Bella da ki, belə, şam kimi əriyib yox oldu.

Günlər gözəlliyini itirdi. Maraqsız, mənasız oldu. Səhər durub geyinir, son vaxtlar alışdığı qəhvəsini içir, mətbəəyə gedirdi. Bellanın sağlığında təqaüdə çıxmaq istəyirdi, indi isə işdən ikiəlli yapışmışdı. Mətbəədə Davidin fikrini yayındırmaq üçün ona əlavə iş tapşırmışdılar. Elə David özü də bir bəhanə axtarırdı ki, mətbəədə qalsın. Heç kim bircə söz, yaxud baxışla dərdini yadına salmaq istəmirdi.

Həftədə-ayda David evlər idarəsinə dəyir, Yurinin ev dəftərindən silinməməsini xahiş edirdi. Ev idarəsində onun qəribəliyinə yavaşca gülürdülər.

Jenyagilin Moskvadakı taxta evlərini sökmüşdülər. İndi Jenya Orta Asiyadan köçüb, əri ilə Uzaq Şərqdə olurdu. Bir oğlu vardı. Səkkiz ya doqquz yaşında. Hələ Bella sağ ikən yayda Moskvaya gəlmişdilər. Davidgilə düşdülər. Uşaq Bellanı nədənsə əsəbiləşdirirdi. Sözə baxmırdı, dəcəl idi, ha çalışdılar uşağa isnişsinlər, olmadı.

Jenyadan hərdən məktub gəlirdi. Qardaşı qızı yazırdı ki, “korluq çəksən, bildir, pul göndərək”. Şikayətlənirdi: “Dünyanın qurtaracağındayıq; havalar sərt keçir, çovğun-boran ara vermir, insan üzünə həsrətik…” Bir ilə qayıtmalıydılar.

Yayda Davidə həmkarlar ittifaqından putyovka verdilər. Gedəndə açarları evlər idarəsinə verdi. Qapıya kağız yapışdırdı: “Yuri, açar evlər idarəsindədir”.

Yapışdırılan kağızı divardan qoparmaq özünə qismət oldu.

Sentyabrda Jenyadan teleqram aldı. Sonra özləri gəldilər. Hələ məktublarında Jenya təklif edirdi ki, bir yerdə qalsınlar. David qocalır, ona baxan lazımdır, Jenya da yad deyil, heç kimi yoxdur. Jenyanın təklifi ağlabatan olsa da, Davidin ürəyindən deyildi. İndi də bu barədə söhbət olanda David ya durub gedir, ya da özünü eşitməməzliyə qoyurdu. Bütün söz-söhbətləri ilə bildirirdi ki, gözüm üstə yeriniz var, amma qonaqsınız… Ancaq evin ixtiyarını Jenyaya vermişdi.

May ayında Jenyagil təzə mənzilə köçdülər. Moskvanın Cənub-Şərq adlanan təzə rayonuna. Bir-birindən uzaq olsalar da metronun eyni xəttində yaşayırdılar…