Seçilmiş Əsərləri

Text
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Font:Smaller АаLarger Aa

Liftin qapısı açılıb-örtüldü. Sevda hərəkətsiz dayanıb qulaq asdı. Qapının zəngindən diksindi: “Zərifə!”

Zərifə içəri keçib, Sevdanı öpdü, yun koftası rəngində olan qızılgül dəstəsini qapı ağzından stulun üstünə qoydu, Gündüzü qucağına alıb tez sumkasından şokolad çıxartdı. Sevda şokoladı Zərifədən aldı:

– Hələ balacadır, yeyə bilməz, – dedi və uzaq keçmişi xatırladı: Sevdanın səkkiz yaşı olardı. Zərifə bir gün onu çağırdı, anasından gizlin, kamoddan iri qalın amerikan şokoladı çıxardıb yarısını Sevdaya verdi, yarısını özü yedi. Axşam anası evə qayıdıb qızını o ki var söydü, əlinə keçdiyi xəkəndazla Zərifəni vurmaq istəyəndə qız cəld həyətə cumdu. Davanın nə ilə qurtardığı Sevdanın yadında deyil…

– Nə əcəb səndən, Zərifə? Sən ki, şəhərdən köçmüşdün?

– Bir ay var gəlmişəm. Anam təcili teleqram vurdu. Xəstədir, Sevda. Sağalmaz dərddir… İki uşağın olduğunu bilmirdim. Nə yaxşı adı var – Gündüz! Bəs qızın hanı?

– Bağçadadır, indi gələrlər.

– Xoşbəxtsən, Sevda! Evin, ərin, uşaqlar…

– Sənə nə olub ki?

– Mən?.. Görünür, xoşbəxtlik başqaları üçün yaranıb, məndən qaçır… Ərimdən ayrıldım, Sevda.

– Yenə?

– Anamdan teleqram almasaydım da, qayıdacaqdım. Dünyanın qurtaran yeridir. Nə olsun ki, ayda filan qədər qazanır?!

“Sən əliboş qayıtmazsan, Zərifə!”

– Özün bilirsən ki, mən puldan korluq çəkməmişəm.

“Bilirəm. Atalığından, birinci və ikinci ərindən sənə az var-dövlət qalmayıb!”

– Bəs anan nə deyir, Zərifə?

– Nə deyəcək! Yazıq bu gün-sabahlıqdır… Elə məni bu kökə salan o oldu! Dedi, gələndə çamadan-çamadan pul gətirir… Nə olsun? Filan qədər varım idi, filan qədər də qazandım. Yüz il yaşasam bəsimdir. Əlimdə sənətim də var, amma… bəxtim yoxdur, Sevda, bəxtim!..

“Toyumuzda gördüyüm vaxtdan bəri Zərifə heç dəyişməyib. Daha da qəşəngləşib”.

Zərifə qalın hörüklərini tac kimi başına yığmışdı.

“Vücudu ehtirasla, eşq həvəsi ilə doludur. Gözləri yanır… Buna mən də vurulardım. Amma, nə edəsən ki, nə başqasını xoşbəxt eləyir, nə özü xoşbəxt olur… Görəsən, Süleyman haradadır? Bəlkə onunla xoşbəxtlik tapardı…”

– Sevda, heç mənə qulaq asmırsan! Fikrin hardadır?

– Bağışla, Zərifə, nə isə fikrim dağınıqdır… Xahiş eləyirəm, gedək mətbəxə, sən danış, mən də qulaq asa-asa işimi görüm.

– İnstitutu qurtardınmı?

– Soruşma, Zərifə, hələ də beşinci kursdayam.

– Oxumağın çox çəkdi.

– Uşaqlar qoyur ki… Amma bu il necə olur-olsun qurtaracağam. Ərim məni ötdü, keçən il dissertasiya müdafiə elədi.

– Bilirəm. Dünən televizorda ərini gördüm.

“Belə de! Görüb gəlmisən!”

– Mənə elə niyə baxırsan, Sevda? Yoxsa qısqanırsan? – Şaqqıltılı gülüşü pəncərədə cingildədi.

“Zərifə belə güləndə acığım gəlir. Süleyman yadıma düşür”.

– Qorxma! Ərin mənə lazım deyil!

Sevda, bir əlində bıçaq, o biri əlində kartof, Zərifəni tikanlı baxışla süzdü.

– Zarafat eləyirəm, Sevda!.. Yaxşı, de görüm ümumiyyətlə neynirsən, nə ilə məşğulsan? Kimnən oturub-durubsan?

– Diploma hazırlaşıram… Gülümsünürsən? Bu günə baxma, anam nasaz olmasaydı, məni indi evdə tapa bilməzdin. Laboratoriyada diplomu hazırlayıram. Anam xörəyimizi də hazırlayır, uşaqlara da baxır.

– Bəs siz kimlərlə oturub-durursunuz?

– Yoldaşımın dostları ilə. Evli olanı da var, subayı da.

– Ax, Sevda, mən isə özümü yaman tək hiss eləyirəm. Açığı, sevmək istəyirəm, bacım! Təmiz, ləkəsiz, dərin məhəbbət arzulayıram! Cavanam, gözələm, amma kimsəm yoxdur, arxam, canım-ciyərim yoxdur…

Sevdanın ona yazığı gəldi.

– Axı, mənim əlimdən nə gələr, Zərifə?

– Sən mənə kömək eləyə bilərsən.

– Necə?

Zərifə hava çatmırmış kimi dərindən nəfəs aldı, söz axtararaq qaşlarını çatdı, əllərini yumruqlayıb qabarıq sinəsinə apardı, sonra diqqətlə, yalvarıcı nəzərlərlə Sevdaya baxdı.

– Necəsini deyərəm. Ancaq xahişimi rədd eləmə, Sevda!

– Axı xahişini demədin.

Zərifə otaqda gəzindi.

– Ərinlə yanaşı bir cavan alim oturmuşdu. Hey sintetik sözünü işlədirdi. Adı da Süleyman…

“Belə de! Gör nəyi düşünürsən! Birini kasıbdır deyə rədd eləmisən, o birilərinin puluna tamah salmısan, indi də təmiz, ləkəsiz məhəbbət sahibi olmaq istəyirsən?”, “Sintetik sözünü işlədirdi?”

– Öz Süleymanın necə, heç yadına düşürmü?

– Süleymanım? – Zərifə çaşdı. – Necə bəyəm?

– Heç, elə-belə soruşdum.

Zərifə susdu.

“Fikrə gedərsən!.. Necə də onun ləkəsiz olduğunu duymusan! Bəs o Süleymanı niyə duymadın? Bəli, Süleyman subaydır! Bu da o biri Süleyman kimi ucaboyludur, ağıllıdır, nəzakətlidir. Amma mən səni onunla heç vaxt tanış etməyəcəyəm, heç vaxt!”

– Yenə nə fikirləşirsən, Sevda?

– Sən deyən oğlan evlidir. Gözəl ailəsi var.

– Heyif!.. Mən onu sevərdim…

“Qəribədir, elə bil ona inanıram. Yox, yox!..”

– Heyif… Mən demirəm ki, mütləq onunla tanış elə, qoy bir başqası olsun! Amma, Sevda, sizin dostlarınızdan, tanışlarınızdan olsun.

– Sevgi də tanışlıqla?

– Mənə gülmə, Sevda!.. Mən bilirəm ki, sizə gəlib-gedənlər, sizinlə tanış olanlar saf ürəkli adamlardır.

– Çox sağ ol!

– Düzünü deyirəm… Məni yaxşı bir adamla tanış eləsən, sənə ömrüm boyu minnətdar ollam.

Sevda tavanın qapağını götürüb, yağ içində fışıltı ilə qızaran kartofu bıçaqla qarışdırdı. Qırmızı dilimlər üzə çıxdı. Sevda nə desin? Xahişi rədd eləsin? Tavanı örtdü. Bıçağı stolun üstünə qoydu. Dinmədi.

– Amma ərinə bir söz demə.

Sevda divardakı saata baxdı. Eyni vaxtda qapının zəngi çalındı. Bir, iki, üç.

Sevda yüyürdü. Zərifənin gətirdiyi güllər paltarasılanın yanındakı stulun üstündə yaddan çıxıb qalmışdı. Sellofanla örtülmüş zərif qızılgüllər solmuşdu.

Sevda gülləri götürdü, qapını açdı.

– Salam! Yoxsa məni güllə qarşılayırsan? Bu, pis olmazdı. Amma, deyəsən, güllər… – Fərhad istədi desin “solub”. Sözünü yarımçıq kəsib Zərifəni və Gündüzü koridorda gördü, ciddiləşdi. Sevda qızını soyundurdu. Fərhad kepkasını çıxarıb asdı.

– Xoş gəlmisiniz.

Gündüz bacısını görüb Zərifənin qucağından düşmək istədi. Zərifə yaxına gəlib uşağı yerə qoydu, dikəlib əlini Sevdanın ərinə uzatdı, gülümsündü.

Sevda üzünü turşutdu: qızın çəkmə bağları düyün düşmüşdü.

Əri Zərifəyə baxmadan ona sarı uzanmış əli astaca sıxdı və üzünü Sevdaya tutub:

– Zərifə xanım heç dəyişmir, – dedi.

Fərhad bunu hörmət xatirinəmi dedi, yoxsa həqiqəti söylədi, amma Sevda nədənsə qaşlarını çatdı, elə bil soyuq dəmir parçasını ürəyinin üstünə qoydular. Sevdaya elə gəldi ki, ərini və onun yoldaşlarını, “tez-tez sintetik sözünü işlədən” Süleymanı nə isə xoşagəlməz hadisələr gözləyir… Yox, Sevda bu təhlükənin qabağını alacaq!

Çəkmə bağının düyününü açdı.

Əri Gündüzü qucağına alıb otağa keçdi.

Zərifə Sevdanın qolundan tutub:

– Mən gedirəm. Görürəm ərin yorğundur, naharınızı eləyin, – deyə pıçıldadı.

Sevda dalan pıçıltılarını xatırladı, “qal qonağımız ol” demək istədi. Deyə bilmədi.

Sevda tələsik qapını açdı.

– Hə, yadımdan çıxmışdı deyəm. Sevda, mərtəbəniz niyə qaranlıqdır?

Sevda Zərifəgilin gur işıqlı balkonlarını yadına saldı.

– Lampamız xarab olub.

– Dəyişmək lazımdır.

Zərifəni yola salıb Sevda qapını bərk-bərk bağladı, bir müddət dayanıb fikrə getdi.

“Düz deyirsən, Zərifə”.

…Ertəsi günü, axşamüstü yenə eyni vaxtda lift Sevdagilin mərtəbəsində dayandı. Gözətçi qadın zəngi basdı:

– Sizi telefona çağırırlar!..

NƏ QALACAQ?

Solipsistə nə var ki?.. Deyir varam – dünya da var, yoxam – dünya da yoxdur.

Məndən sonra nə qalacaq?

Dəniz qalacaq.

Xoş pıçıltısını, qoç nərəsini, qəzəbli fəryadını eşitdiyim dəniz; göylə həmrəng – gah bozumtul, gah mavi, gah alabəzək, gah süd parıltılı, dupduru və bulanlıq, hamar və çopur, gah yorulub dincələn, gah yatıb aramla nəfəs alan, geniş qəlbini duyduğum dəniz!

Qayalar qalacaq.

Üstündə oturduğum, birindən o birisinə hoppandığım, ətrafında xırda balıqlar üzən, təpələri və yanları mamırlı, alınları açıq, küləyi veclərinə almayan, yağışdan qorxmayan, fırtınalara sinə gərib güclü dalğaları parçalayan, irili-xırdalı, yastı, şiş uclu qayalar.

Məndən sonra qalanları sadalasam, gərək qumlu sahili də yazam, dəniz qırağında ucalan şam ağaclarını da, dəniz qoxulu, meşə ətirli, ciyər dərmanı havanı da, qaqqıldaşan, çığıran, bağıran qağayıları da, nə bilim nəyi və nəyi yazam, həyatın şirin nemətləri siyahısında azam, yazam ki, məndən sonra bunlar da qalacaq.

Qalacaqmı?!

Bəlkə…

Bəlkə:

toz altında şəhər;

zəhərli dənizdə ağ çiçəklərə oxşar, qarnı yuxarı üzən ölü balıqlar;

qayalarda, yanıb külə dönmüş insan və qağayıların əksləri;

bəşər dəfnində şamlar kimi yandırılmış iri şam ağacları!

Məndən sonra nə qalacaq?

Solipsistə nə var ki?!.

ZƏR

N. B.-yə


Üzürdüm – qabağıma taxtadan yonulmuş zər çıxdı. Şeş üstə.

Əlimi atıb zəri tutdum: Baltika hara, zər hara? Elə bildim doğma Bakıdayam.

Dostumun üstüaçıq geniş balkonunda oturmuşam, armudu stəkanda çay içirəm, nərd oynayırıq.

Dostum qoşa şeş atdı.

Zərin birisi nərdtaxtada qaldı, o birisi dənizə düşdü.

Və mən suya düşən o zəri tutdum: onda da şeş, məndə də…

Nə həvəslə uduzardım sənə! İstər adicə oyun, istər mars…

ABŞERON – FİN KÖRFƏZİ

Abşeron.

Avqust…

Sinəni ver günə – ürəyin kabab kimi bişsin.

Uzan qum üstə, cızdaq kimi qovrul.

Nə bir bulud.

Nə bir meh.

Nə bir kölgə.

Fin körfəzi.

Avqust…

Səhərdən səhərədək yağış.

Gecədən gecəyə bulud qovur buludu.

Sinəmdə isinə bilməyən ürək.

Əynimdə yun köynək.

Dənizdə soyuqdan titrəyir balıq.

Allah! Keç alverçiliyə, xeyrini göstər!

 

Bu göydən buludu meyvə tək dər, yığ gen şalvarının gen ciblərinə.

O göydən gün şüalarını sap kimi barmaqlarına dola.

Göy yollarını döndər, canım sənə desin, Bakı-Buzovna elektrik xəttinə, belədən belə, elədən elə, daşı ki, daşıyasan!

Ay səni tanrı qədər yaşayasan!..

QAĞAYI

Uçuşun xoşdur mənə, qağayı!..

Qaya məskənin, dəniz meydanın, göy üzü dünyan.

Kefin istəyən qədər səmalarda uç – qanadın yorulmaz, dənizə qonub uzun dimdiyini suya sal, balıq ovla, könlün doyunca daşlarda dincəl, sahilə bax, meşəyə bax, göyə bax – gözün yorulmaz.

Səsin xoşdur mənə, qağayı!..

Səsində qürur, azadlıq ruhu, ilham coşqunluğu. Dilini bilmirəm, amma səsində gah sevinc nidaları, gah qəzəbli çığırtı duyuram. Səsin tufandan xəbər verir, suyun dərinliyindən, balığın çoxluğundan, küləkdən, yağışlı-yağışsız buluddan deyir.

Yoxsa özünü hamıdan xoşbəxt sanırsan?

İnsandan da?

SƏNSİZ

Sənsiz məni nə isidir?

Göydə yanan günəşmi?

Günəş də.

Ürəyimdə yanan eşqimmi?

Eşqim də.

Dəniz mənzərəsimi?

İri budaqlı, günəbaxan başlı, tünd qırmızı təzə açılmış çiçəklərmi?

Ayaqları yandıran sarı qummu?

Səni görmək ümidi.

Səni öpüb bağrıma basmaq istəyim.

Sənin gözlərinə doyunca baxmaq arzum.

Bunsuz məni nə isidər?

Nə günəş, nə eşqim, nə dəniz, nə qum, nə də iri budaqlı, günəbaxan başlı, tünd qırmızı təzə açılmış, mənə baxan çiçəklər!

BALACA BALIQ

Balaca balıq bir qurtum hava udub…

Qarnında – işıltılı hava kürəciyi…

Nə yeyə bilir, nə üzə bilir – hava qarnını yuxarı çəkir…

Balaca balığı tutdum.

Qarnını astaca deşdim.

İstədim hava kürəciyindən azad edəm, istədim azad yesin, azad üzsün, azad dolansın… hava da çıxdı, canı da…

Dilemma!..

ANAMA

İyirmi ildir yoxsan…

İyirmi ildir varsan…

Duyğularımda.

Qanımda.

Baxışımda.

Çünki gözlərimi səndən almışam, ürəyimi şirə ilə sən doldurmusan.

İyirmi ildir yerin altı pəncərəsiz, havasız qaranlıq evin, ağır daş – açılmaz qapın.

İyirmi ildir şəhərbəşəhər, ölkəbəölkə dünyanı gəzirsən: doğma Bakı, doğma Moskva, Orta Asiya, Qara dəniz, Baltika, Belçika, Praqa, Berlin, Paris, London… Meydanlar, küçələr, evlər… Təyyarələr, qatarlar, gəmilər… Gəzirsən, uçursan, üzürsən… Baxırsan… Mənim yerişimlə, mənim gözlərimlə.

İyirmi ildir yoxsan?

İyirmi ildir varsan!

SƏRHƏD

Sahil boyu qumu tapdalayaraq gedirdim…

Solum – meşə və ağaclara qısılmış evlər, sağım dəniz və suyun altında gizlənib qaralan, sudan boylanıb bozaran qayalar…

Birdən lap ayaqlarımın altından suya qaqqıldaya-qaqqıldaya iri ördək atıldı. Qaqqıltısında həm qorxu, həm çağırış, həm həyəcan vardı, qaçmırdı, uçmurdu, üzmürdü, sahildən gözlərini çəkmir, boğazına güc verib hey çağırır, bağırır, səsində fəryad gah yalvarır, gah da şivən qoparıb qəzəblənirdi.

Birdən arxadan civilti səsləri eşitdim; boylanıb, ağcaqayın ağacından yuvarlana-yuvarlana yerə düşən və ayaqları yerə dəyən kimi hansı bir qüvvənin təsiri iləsə mənə tərəf, sahilə doğru, dənizə sarı tələsən ördək balalarını gördüm.

Balalardan biri kolluqda ilişib çıxa bilmirdi, əyilib ördək balasını ovcuma aldım: elə bil bir çəngə tük idi – yüngül, incə, yumşaq, istiydi; ürəyi bərk döyünürdü; ovçumdan dartınıb çıxmağa can atırdı, yaman tələsirdi; çünki o biri balalar artıq sudaydı, çünki o biri balalar artıq üzürdü.

Ördək balasını suya buraxdım…

Sahil – sərhəd. Dar yuvadan dərya dünyasına…

APOFEOZ

…Gecədir.

Dəniz uğuldayır. Uğultuda vahimə.

Projektorun işığı hərdən dəniz səthində üzür– sərhədçinin gözü itidir, baxışı gurdur.

Qaranlıq otağımın tavanı və divarları bir anlığa alışıb-yanır, sönür, zülmət daha da qatılaşır, vahimə daha da artır.

…Geniş, üstüörtülü, dəniz boyda meydan.

Zülmət.

Adamlar. Səslərini çıxarmayan, nəfəslərini dərən adamlar.

Təntənəli musiqi.

Projektor qaranlıqdan narahat üzləri qoparıb göstərir.

Daş, mərmər, tunc heykəllər. Başları əyilmiş kədərli heykəllər.

Qulağıma kim isə pıçıldayır: “Apofeoz!”

Məni görməsinlər deyə, divara yapışıb nəfəsimi uduram.

Yenə pıçıltı: “İndi başlanacaq!”

Və birdən musiqi susur.

Tam sükutda meydanın ortasından, heykəllər baxdığı yerdən mərmər tabut qalxır.

Projektorun xəncər zolağı tabuta sancılıb.

Tabut hey qalxır, qalxır.

Yenə musiqi. Daha təntənəli, daha həyəcanlı, daha gurultulu.

Tabut dayandı. Elə bil göydən asılıb.

Tabutun ağır qapısı yavaş-yavaş açılır.

Və hamı onun şəkillərdən tanıdığı üzünü görür.

Məni soyuq tər basdı. Nəfəsim çatmır. Boğuluram.

…Gecə, dəniz, uğultu.

Sərhədçilərin iti, gur projektor gözü. Yaxşı ki, yuxudur!..

DƏNİZ VƏ MƏN

Qəzəbini də gördük, dəniz!..

Ağzı köpüklü dalğalarını sahilə çırpırsan. Yoxsa tək qalmaq, dərin düşüncələrə dalmaq istəyirsən?

– Bəs necə?!

Yoxdurmu dərdin?!

Bəsdir günlərini ömür ağacından alma tək dərdin!

– Nəfəsin nə ağırdır, dəniz!

İtələyirsən, yıxırsan, boğursan məni!

Olmaya qovursan məni?

On adam boylu ağaclar yıxılmamaq üçün, sınmamaq üçün bir-birinə arxalanır. Mən kimə arxalanım, dəniz?

– Bəsdir günəş bədənini oxşadı!

Avara-avara sahilimi gəzdiyin bəsdir!

Külüngünü al, qayalardır qarşında, onları parçala, ömrün mənasını axtar!

Çəkil yolumdan, çəkil!..

Uu- u!

Uu… u!

– Bəs mən kimə arxalanım, dəniz!

– Uu-uu-u…

XAL

Almalar yerə tökülür.

Tapp…

Tupp…

Dəyməmiş tökülür.

Cavan ağacın ətrafına səpələnmiş sarı almalar səhər günəşinin çəpəki şüaları altında, axşam isə ay işığında qızıl parçalarına oxşayır.

Hər almanın yanağında qara xal.

Mahnılarda təriflənən xaldan yox, ürəyə düşən, ciyəri deşən xaldan…

Almaya bal alması deyirlər.

Bağban sağlam ağacdan mənə dəymiş alma uzadır. Əlimdə iri girdə kəhraba. Elə bil bir ovuc balı işıldayan pərdə ilə örtmüşlər. Azca sıxsan, bal dağılar. Almanın qabığı elə nazikdir ki, qırmızı-qəhvəyi tumu görünür…

Bu ağac isə…

Almalar dəyməmiş yerə tökülür.

Torpaq xəcalət çəkir, ağrını unudub sinəsini yumruqlayan almaları otlar arasında gizlətməyə çalışır.

Bağban yerdəki üzü saf, içi çürük almalara baxıb fikrə gedir.

– Ağaca qurd düşüb…

Dərmanlayın.

Gecdir… Tamam çürüyüb… Kökündən baltalamaq gərək!

Ürəyə düşən xal, ciyəri deşən xal!.. Səni necə silim?

“YAVA” XANIM

Səhər çox erkən, otağımda çiçək axtaran arıların iynə ucu kimi nazik və iti vızıltısı yuxumu pozur. Durub pəncərəni taybatay açıram, kiçik pəncərə gözündən otağa dolmuş arılar qonşu bağa uçur…

Mikayıl əsgi ilə, tələsmədən, döşüqırmızı, irigözlü “Yava” motosiklinin par-par parıldayan spidometrini bir daha silir, təmizləyir.

– Sabahın xeyir, Mikayıl!

Mikayıl, onu hər səhər tezdən oyanıb yola salan, bağlarına təzə köçmüş cavan qadını görüb azca qızarır. Ürəyi şiddətlə döyünməyə başlayır. Həyəcan boğazını qurudur.

Qadın aynabənddən çıxıb həyətə düşür. Gözlərində qaynayıb-daşan sevinc. Duruşu oynaq, səsi şən.

– Yenə gözəl-göyçək “Yava” xanımını əzizləyirsən?

Mikayıl utana-utana gülümsəyir.

Cavan qadın altdan yuxarı fərəhlə ucaboy, enlikürək gəncə baxır. Günəşin şüaları qadının ağappaq dişlərinin ziyası ilə, qapqara gözlərinin şəfəqi ilə toqquşub oynaşır.

– Dayan, yaxanı düymələyim.

Qadının nazik, cəld qolları Mikayılın qabarıq sinəsini güclə sığışdıran və az qala sökülüb-parçalanan qırmızı yun köynəyinin açılmış üst düyməsinə sarı uzanır. Mikayıl qulağının dibinəcən qızarıb, lal-dinməz yerə mıxlanır. Qanı birdən-birə istiləşib ürəyini odlayır…

Mikayıl motosiklə minib darvazadan asfalt yola çıxır. Təkərlər sürətlə fırlanıb maşını uçurmağa qanad istəyir. Motosiklin qulaqbatırıcı fəryadı get-gedə azalıb yox olur.

…Qonşu aynabənddən bağa işıq düşür, Mikayıl maraqla ondan gözlərini çəkməyən cavan qadını dinləyir. Səhərəcən dinləməyə hazırdır. Lakin daha gecdir, yatmaq vaxtıdır. Cavan qadın balaca əli ilə Mikayılın iri fəhlə əlinə toxunub qalxır, Mikayıl da durur.

– Gecən xeyrə qalsın, Mikayıl!..

İşığı söndürüb ulduzlu göyə baxıram. Mikayılı, “Yava” xanımı, cavan qadını düşünüb kədərlənirəm. Çoxdandır “sabahın xeyir!” sözlərini eşitmirəm. Çoxdandır mənə “gecən xeyrə qalsın!” demirlər. Mikayıl eşidən kimi, Mikayıla deyilən kimi.

GÜLLƏ

– Sən bu dünyada nə gördün? Bu dünyaya niyə gəldin? Kimi sevindirdin? Nə yaratdın?

Hər anın qorxu, hər sözün yalan, hər addımın xəyanət olub.

Yolun əyriydi, düzəlmədi. Məqsədin pul idi, dəyişmədi. Qulağın kar idi, qohum-qardaşın nəsihətlərini eşitmədi, kar qaldı.

Qaranlıq, yuxusuz gecələr. Küçədə ayaq səsləri eşidəndə diksinirdin, qapın döyüləndə ürəyin üzülürdü.

“Dalımca gəliblər! Aparacaqlar!”

İçki məclisləri, qumar məclisləri, adları yadda qalmayan qadınlar. Moskva, Bakı, Odessa, Riqa, Tbilisi şəhərləri. Naməlum şəxslər, cürbəcür gözlər: həyasız, acı, iti, xırda, yağlı. Baxışlar murdar, vəhşi, qanlı. Sənin baxışın kimi. Və qızıl pullar, yüzlüklər – sənin əlinlə satılan, yeyilən, itən varımız, sənin əməlinlə dollarlara, franklara dəyişilən sərvətimiz.

Və nəhayət sənin əlində insan qanına bulaşmış bıçaq.

Sabah səni güllələyəcəklər.

Qara və mənasız ömrün altından ədalətli bir xətt çəkiləcək.

Dünyada çox adam güllələnib: müqəddəs amal uğrunda, inqilab uğrunda, işıq uğrunda… Bacarsaydım, o güllələrin qabağına deşilməz qalxan tutardım. Sənə atılan güllə isə həm də mənim gülləmdir.

İnsan kimi dünyaya gəldin. İt kimi dünyanı tərk edəcəksən.

Nə qəbrin bilinəcək, – onu torpaq qəzəbindən itirəcək, nə də adın qalacaq – lənətlər onu əridəcək.

Ad var fəxrlə yad olunur, sənin adın bu adlardan deyil.

Ad var ağır yük olub, övladların boynundan asılır, çiynini əzir, qəlbi incidir, sənin adın kimi.

Sən bütün ata-baba qol-budağını ləkələdin. O ləkəni yumaq üçün nə qədər zəhmət lazım, nə qədər tər lazım!

Səni yaradan köklər…

Baban kişi olub, quyu qazıb, su çıxarıb, üzüm bağı salıb.

Atan kişi olub, gəmidə dənizə çıxıb, balıq tutub, sonra əlinə tüfəng alıb, düşmənin yolunu kəsməyə gedib, doğma yerlər uğrunda canını verib.

Sən də kişi ola bilərdin. Köklər sənin xəbis, murdar qəlbindədir.

Ana xəstədir. Bəlkə bu gün-sabahlıqdır. Fərsiz övlad dərdi ananın ömründən günlər, aylar, illər qopara-qopara can mülkünü söküb dağıtdı. Ana nə oğlunu, nə də oğul dərdini ürəyindən ata bilir.

Oğlunun qazamata düşdüyünü eşitsə də, caniliyindən xəbərsizdir.

Anaya deyirlər: oğlun sağ-salamatdır.

Yalan deyirlər, ana, oğlun dünən güllələnib.

Anaya deyirlər: oğlunla görüşdük, yemək apardıq.

Nə gedən var, nə də görən, hamısı quru yalandır, ana.

Ana dinmir. İnandı-inanmadı, əvvəl-axır həqiqəti biləcək. Biləcək ki, oğlu, cani oğlu güllələnib.

Mən yazdım ki, tez biləsən, ana. İstəmirəm bunu bilməmiş gedəsən. İstəyirəm bunu bilib ömrünün son çağında ürəyindən cani övlad məhəbbətini qoparasan, “sağ səni doğmayaydım!” deyəsən.

Bu sözlər sənin gülləndir.

Hökm gülləsindən, qələm gülləsindən daha iti, daha öldürücü, daha qəzəbli – ana gülləsi.

ANA

Hündür daş hasarlar arası sakit, ensiz kənd küçəsi ilə gedirəm.

İstidir.

Kölgəyə həsrət bağ küçələri…

Dənizə sarı gedirəm…

– Məxfirət!..

Diksinib geri dönürəm. Anamın adını çağırdılar. Çoxdandır bu qədim və nadir adı eşitmirdim. Göy qapıdan qarasaç, ayaqyalın qız çıxır, səs gələn tərəfə qaçır. “Məxfirət…” Biz də bir vaxt belə hasarlı bağda olurduq…

İstidir…

Qara tut ağacına dırmaşıb, oradan dənizi görürəm. Dəniz gömgöy, ləpəsiz. Tutu dərəndə tutun qan şirəsi ovcuma dolur, qırmızı damcılar açıq sinəmi xal-xal eləyir. Şirin, dadlı tut…

Anam başını qaldırıb mənə baxır. İri tut dənələrini anam üçün qulplu qaba yığıram.

İstidir…

Dənizin dalğalı dibi görünür. Anam iri xalçanı dəniz qırağında yaş quma sərib sabunlayır, yuyur, yuduqca günün altında zərif ipək naxışlar işıldayır. Su ilıqdır, adam dənizdən çıxmaq istəmir. Anam: “Bəsdir, çıx!” qışqırır. “Hələ bir az da!” deyib suya baş vururam. Əlim quma çatır, bir ovuc qum götürüb qalxıram. Qum qaradır, elə bil palçıqdır – qum suda təmizdir, dənizdən ayrılan qum gözəlliyini itirir.

Dənizə hələ xeyli var. Dəniz quruyur, sahildən çəkilir, uzaqlaşır…

Müharibə başlanan ildən bağ unuduldu. Daha bağa köçmədik.

 

Atam müharibədə ölən il anam dövlətə qan verməyə başladı.

Atam tankın içində, tankla bərabər yanmışdı…

Anam qanını verib evə çox üzgün gələrdi, döşəyi palaz üstə sərib, hərəkətsiz uzanardı. Mən dərsliyimi kənara qoyub, anama baxardım: onun nazik göz qapaqları titrər, arıq, zəif sinəsi astaca qalxıb-enərdi.

Sənin indi altmış yaşın olardı. Amma mən səni qoca təsəvvür edə bilmirəm. Sən mənim yadımda cavan qalmısan. Cavan və gözəl. Hamıdan gözəl.